Türkiyənin Azərbaycan Xalq Cümhuriyyətinə ictimai asayişin qorunması sahəsində yardımları

13:20 / 04.06.2014

İsa Arslan,
Bakı Dövlət Universitetinin doktorantı

Azərbaycan Xalq Cümhuriyyəti yarandıqdan sonra ictimai asayişin qorunması, qaçaq-quldurlara, qayda-qanunu pozanlara qarşı mübarizədə, nizam-intizamın möhkəmləndirilməsi sahəsində Nuru paşanın başçılığı ilə Türkiyə hərbçiləri, Azərbaycana göndərilmiş Osmanlı ordu hissələri mühüm rol oynamışdılar. Bununla bağlı arxiv sənədlərində, o dövrdə çıxan qəzetlərdə, yaşlı adamların xatirələrində olduqca maraqlı, bir çox hallarda isə ibrətamiz faktlar qalmışdır.
Osmanlı hərbi qüvvələri Azərbaycan ərazisinə qədəm qoyduğu andan, təkcə ölkəni erməni-rus qüvvələrinin işğalından azad etməklə kifayətlənmir, bütövlükdə ictimai-siyasi vəziyyətin normallaşması üçün gərəkli tədbirləri görürdü. Bu tədbirlər içərisində dinc əhalinin həyatının və əmlakının qorunması, quldurluğa və soyğunçuluğa qarşı mübarizə xüsusi yer tuturdu. 1918-ci ilin yazında müdhiş bir anarxiyaya məruz qalmış Gəncədə qayda-qanun yaradılmasında Nuru paşanın başçılığı ilə Azərbaycana göndərilmiş hərbi qüvvə mühüm rol oynadı. Ona görə də, Gəncə əhalisi, M.Ə.Rəsulzadənin qeyd etdiyi kimi, “Nuru paşanı göydən enmiş mələk kimi tələqqi etmişdi” [7, s.39].
1918-ci ilin yayında Qafqaz İslam Ordusu Azərbaycanın qərb bölgələrində qayda-qanun yaradılmasına ciddi töhfə vermişdi. Gəncə dairə məhkəməsi prokuroru 24 avqust 1918-ci il tarixində Ədliyyə Nazirinə göndərdiyi məlumatda bildirirdi ki, Qazaxda, Tovuzda, Gəncədə hərbi nizam-intizamı pozan şəxslər türk jandarm zabitlərinin göstərişi ilə həbs edilmişlər [1, siy. 2, iş 11, v. 4, 42].
Türkiyə Azərbaycanda qaçaq-quldurlara qarşı mübarizədə mühüm yardım göstərmişdi. Bununla bağlı, 1920-ci il fevralın 16-da Bakı Polismeysterinin köməkçisi Məcid ağa Şıxlinskinin Daxili İşlər Nazirliyinə göndərdiyi raportda maraqlı məlumat əks olunmuşdur. Raportda həmin vaxt Gürcüstanda Qarayazı meşəsində gizlənən Heydər Sadıx oğlunun başçılıq etdiyi quldur dəstəsi haqqında məlumat verilmişdir. Raportda bildirilirdi ki, “Qazax qəzasının Şıxlı kəndinin sakinləri – Sadıxlılar 1917-ci ildən quldurluqla məşğuldurlar. Yalnız türklər (Osmanlı hərbi hissələri – İ.A.) gəldikdən sonra quldurların hərəsi bir tərəfə dağılışdılar. Lakin türk hərbi qüvvələri bölgəni tərk etdikdən sonra quldurlar yenidən öz əməllərinə təkrar başlamışlar” [3, siy. 1, iş 22, v. 152].
Raportda daha sonra qeyd edilirdi ki, Qazax qəzasına Əmir xan Xoyski general-qubernator təyin edildikdən sonra, onun çağırış yaşında olanların orduya göndərilməsi tələbi ilə əlaqədar olaraq, Sadıxlılar Gürcüstan Respublikasının ərazisindəki Qarayazı meşəsinə köçmüş və özlərini Gürcüstan təbəəsi elan etmişlər. Lakin bu dəstə öz quldur əməllərini davam etdirməkdədirlər [3, siy. 1, iş 22, v. 152].
Qafqaz İslam Ordusu 1918-ci il sentyabrın 15-də Bakını azad etdikdən sonra şəhərdə zorakılığın, oğurluq və qarətlərin qarşısının alınması üçün sərt qaydalar tətbiq edildi. Azərbaycan yazıçısı Manaf Süleymanov həmin dövrdə yaşamış adamların xatirələri əsasında maraqlı faktlar qeyd etmişdir. Yaşlı bakılıların söylədiklərinə görə, Osmanlı ordusu Bakıya daxil olduqdan dərhal sonra şəhərin Quba (indiki Füzuli) meydanında, Quru bağda – Parapetdə (indiki Fəvvarələr meydanında), Vağzal qarşısındakı meydanda, Bulvarda, Qaraşəhər körpüsü qabağında və bir çox məhəllələrdə dar ağacları quruldu. Soyğunçuluqla, quldurluqla məşğul olanlar dar ağacından asılmaq cəzasına məhkum edildi. Edam edilənlərin təqsiri taxta lövhəyə yazılıb boynundan asılır, qarət etdiyi, oğurladığı mallar dar ağacının yanına əşyayi-dəlil kimi qoyulurdu [9, s.258].
Qafqaz İslam Ordusu komandanlığı Bakıya daxil olduğu zaman şəhər əhalisinə, xüsusən də 1918-ci ilin mart-aprel aylarında müsəlmanlara qarşı soyqırıma görə intiqamdan qorxan xristian əhaliyə müraciət edərək, hər kəsin can və mallarının əmniyyət altına alınacağına və heç kimə yamanlıq edilməyəcəyinə təminat verdi [8, s.200]. Şəhərdə asayişi təmin etmək üçün Nazim bəy Bakı komendantı təyin edildi. O, zorakılıq və soyğunçuluq edənlərə qarşı amansız mübarizəyə başladı. Qarət edilmiş əşyaların dərhal sahiblərinə qaytarılmasına göstəriş verdi [6, 25.IX.1918г., №4].
Osmanlı komandanlığının əmri ilə şəhərin hər yerində divarlara xüsusi elanlar – xəbərdarlıq asıldı, qayda-qanunu pozanlara şiddətli cəza veriləcəyi bildirildi: “... özünə aid olmayan əşyaları yerdən götürənlər, qarət edənlər, zor işlədənlər dar ağacından asılacaqdır. Dükanlarda, həyət-bacada, küçələrdə bir kəsin malına,var-sərvətinə əyri baxan yox idi. Oğurluğun kökü kəsilmişdi. Əliəyrilər, peşəkar oğrular belə cürət edib başlı-başına qalmış qiymətli şeyləri götürmürdülər” [9, s.259].
Bakının azad edilməsindən dərhal sonra Qafqaz İslam Ordusu komandanı Nuru paşa İstanbula – Ənvər paşaya göndərdiyi raportda təhlükəsizliyi təmin etmək, baş verən soyğunların qabağını almaq və qayda-qanun yaratmaq üçün qətl və qarətlə məşğul olan 100-dən çox adamın edam edildiyini bildirdi. Raportda qeyd edilirdi ki, “alınan tədbirlərlə şəhərdə asayiş və təhlükəsizlik tamamən təmin edilmiş və bu vəziyyətdən məmnun qalan xalq orduya öz təşəkkürünü bildirmişdi” [11, s.146].
Həmin haisələrin şahidi olmuş yaşlı bakılılar sonralar danışırdılar ki, Osmanlı komandanlığı qanunu pozan, oğurluq, quldurluq edən heç kəsə aman vermir, mərhəmət göstərmirdi. Dar ağacından asılanlar arsında qanunu pozmuş türk əsgəri də vardı. Bir zamanlar Bakıda özbaşınalıq edən qoçular, dələduzlar qaçıb gizlənmişdilər [9, s.259].
Bakının meydan və küçələrində üç nəfərlik qrup – çavuş və iki əsgər gəzir, şuluq salan, qayda qanunu azca pozan adamı görəndə dərhal cəzalandırırdı. Şərab satmaq, içmək, tiryək çəkmək qadağan edilmiş, meyxanalar və tiryəkxanalar bağlanmışdı. Küçədə sərxoş və ya tiryək çəkmiş adamı tutduqda zopalayırdılar. Ən yüngül cəza qırx zopa idi [9, s.259].
1908-ci ildən Xəzər dənizində gəmi kapitanı kimi çalışmış F.K.Pankovun xatirələrində Osmanlı hərbçilərinin 1918-ci ildə Bakıda asayişi necə peşəkarlıqla qoruduqları aydın görünür. Qocaman rus kapitanı xatirələrində yazmışdı: “1908-ci ildən Xəzər dənizində işləyirdim. Gəmilər körpüyə yan alıb dayananda, adətən matroslar sahilə düşüb meyxanalara gedib o ki var içər, sərxoş olardılar. Sonra da tökülüşərdilər bulvara, başlayardılar adamlara sataşmağa, əziyyət verməyə, dava salmağa. ... Qorodovoylar (Çarlıq Rusiyası dövründə asayiş qoruyucuları – İ.A.) aradan çıxardılar... 1918-ci ildə türklər Bakıda ikən qəribə bir hadisənin şahidi oldum. Oktyabrın ortalarında Bakıya varid olmuş üç gəminin matrosları sahilə çıxıb, girirlər meyxanalara, restoranlara, qadağan edilmiş araq və şərabı zorla çıxartdırıb içirlər, lül-qənbər gəlirlər bulvara. Əvvəllər elədikləri sayaq başlayırlar şuluqluq salmağa, adamlara sataşmağa. Türk səhra polis şöbəsi xəbər tutan təki hadisə yerinə əsgərlər göndərdi.
Vuruşma başlandı... Əsgərlər ayıq, matroslar sərxoş. Əsgərlər matrosların biləklərindən necə qamarlayırdılarsa, o saat matros kəlləsi üstə gəlib sərilirdi yerə. Əsgərlər başlayırdılar çəkmələrinin nal vurulmuş ucu və dabanı ilə matrosların lülə sümüklərinə döyməyə. Matros ... uzandığı yerdən qalxa bilmirdi... İki-üç saat sonra zor-bəla ilə birtəhər qalxıb yollandılar gəmilərinə. Türklər gedənə qədər bir daha şəhərdə görünmədilər” [9, s.268].
Bakının azad edilməsindən sonra şəhərdə yaradılan əmin-amanlıqdan, qayda-qanundan, iqtisadi vəziyyətin yüngülləşməsindən bütün əhali, o cümlədən xristianlar da çox razı qalmışdılar. İqtisadi vəziyyətin normallaşması üçün görülən sərt tədbirlər də tezliklə öz bəhrəsini verdi. Bolşeviklərin və Sentrokaspi diktaturasının hakimiyyətdə olduğu dövrdə ərzaq mallarının qiyməti sürətlə bahalaşdığı halda, Bakıdakı türk komendaturası və Azərbaycan hökumətinin birgə səyləri ilə bazar-dükanlar normal fəaliyyət göstərməyə başlamış, gündəlik tələbat mallarının qiymətləri əsaslı şəkildə ucuzlaşmışdı. Məsələn, Osmanlı ordusu şəhərə girmədən əvvəl 16 kq un 800 rubla satılırdısa, Bakı azad edildikdən sonra qiyməti 100-150 rubla düşdü. 20 rubla çətin tapılan qoyun əti 6 rubla düşdü. Əvvəllər heç tapılmayan qovun, qarpız, üzüm, göyərti və tərəvəz qəzalardan gətirdilərək, ucuz qiymətə bazarlarda satılmağa başlandı [11, s.149].
Bununla bağlı, yaşlı bakılıların xatirələri olduqca maraqlıdır. M.Süleymanovun qələmə aldığı xatirəyə görə, bahalığın qarşısını almaq üçün “türklər ərzaq mallarına nırx qoydular. Nırxı pozanlara şiddətli cəza verilirdi. ... Bir çörək satanın bir şahı artıq aldığına görə qulağını dükanın qapısına mıxlamışdılar” [9, s.268].
Qafqaz İslam Ordusu komandanlığı Bakı azad edildikdən dərhal sonra şəhərin ərzaqla təminatını yaxşılaşdırmaq üçün göstəriş verdi ki, gətirilən bütün yüklər heç bir maneəçilik törədilmədən şəhərə buraxılsın [6, 18.IX.1918г., №2]. Artıq, senyabrın sonunda Bakıda çörəyin qiyməti 20-22 manatdan 5 manata düşdü, Şollar su kəməri normal fəaliyyətə başladı [6, 25.IX.1918г., №4]. Osmanlı ordusu təkcə Bakıda deyil, qədəm qoyduğu hər yerdə dinc əhalinin təhlükəsizliyini təmin etmək üçün gərəkli tədbirləri görürdü. 1918-ci ilin sentyabr ayında Gəncə komendantı polkovnik Cavad bəy Şıxlinski və müavini Osmanlı ordusunda minbaşı olan Süleyman əfəndinin səyi ilə anarxiya dövründə quldurluqla məşğul olmuş Həsən Adıgözəlov (Tat oğlu) və onun dəstə üzvləri həbs edilmişdi [6, 18.IX.1918г., №2].
Qafqaz İslam Ordusu hissələri 1918-ci ilin oktyabr ayının başlanğıcında Qarabağda dinc əhalinin təhlükəsizliyini təmin etmək üçün hərbi əməliyyata başladıqdan dərhal sonra yerli azərbaycanlılara qarşı qətl və qarətlərlə məşğul olan dəstələr silahlarını təhvil verməyə, aman diləməyə başladılar. Quldurların bir hissəsi isə Andronikin başçılığı altında İrəvan tərəfə qaçdı [6, 7.X.1918г., №6].
Ordubad Milli Şurasının sədri Mir Hidayət Seyidzadə 1918-ci il dekabr ayının 22-də AXC Nazirlər Şurasına ünvanladığı bəyanatda qeyd etmişdi ki, Andronikin quldur dəstəsi Osmanlı ordusunun Naxçıvana gəlməsindən sonra bu yerləri tərk etmək məcburiyyətində qaldı: “Andronikdən sonra bizə türklər gəldilər və üç aya yaxın qəzada hamı sakit yaşadı. Türklər Qafqazdan getdikdən sonra bizim vəziyyətimiz əvvəlkindən də pis oldu” [10, s.32]
Osmanlı hərbi qüvvələri gənc respublikanın iqtisadi sahədə təhlükəsizliyinin qorunmasına da öz töhfəsini vermişdi. Bu baxımdan, Nuru paşanın 1918-ci il noyabrın 6-da Ədliyyə Nazirinə göndərdiyi məlumat maraqlıdır. Məlumatda bildirilirdi ki, erməni qadın Babayeva və gürcü Sakanelidze həbs edilmişlər. Onlar saxta pul kəsilməsinə görə günahlandırılırlar və bu işə Hərbi-səhra məhkəməsində baxılır [1, siy. 2, iş 14, v. 31].
Arxiv sənədlərindən aydın olur ki, Osmanlı ordusu Mudros barışığı şərtlərinə uyğun olaraq Azərbaycanın hüdudlarını tərk etdikdən sonra da, türk hərbçilərindən bir çoxu Azərbaycanda qalaraq milli ordu quruculuğu və ictimai asayişin qorunması və digər sahələrdə işlərini davam etdirməkdə idilər. Məsələn, Qazax komendantı Səbri bəy 1918-ci ilin noyabr-dekabr aylarında bu vəzifəsini icra etməkdə davam edirdi [1, siy. 2, iş 11, v. 101, 103].
Gəncə dairə məhkəməsi prokuroru Ədliyyə Nazirinə ünvanlandığı 24 noyabr 1918-ci il tarixli başqa bir məlumatda Qazax komendantı Səbri bəyin qanun-qaydanı pozmuş bir neçə şəxsi həbs etdirməsindən bəhs etmişdi [1, siy. 2, iş 11, v. 99].
Gəncə dairə məhkəməsi prokuroru 18 dekabr 1918-ci ildə Ədliyyə Nazirliyinə məlumat vermişdi ki, Gəncə həbsxanasında Osmanlı ordusu hərbi prokuroru və müstəntiqinin göstərişi ilə həbs edilənlərlə bağlı 100-ə qədər iş vardır [1, siy. 2, iş 667, v. 1].
Bu faktlar aydın göstərir ki, Osmanlı dövlətinin hərbi yardımı ilə Azərbaycanın şərq hissəsinin, xüsusən də Bakı şəhərinin daşnak-bolşevik qüvvələrindən azad edilməsi nəticəsində bütün ölkədə əmin-amanlıq bərqərar olmuş, ictimai asayişin qorunması sahəsində sərt tədbirlər müsbət nəticələr vermişdi. Dilindən və dinindən asılı olmayaraq, Azərbaycan Cümhuriyyətinin bütün vətəndaşlarının şəxsi təhlükəsizliyinin təmin edilməsi, iqtisadi vəziyyətin normallaşdırılması istiqamətində mühüm nailiyyətlər əldə edilmişdi.

  

 

Ədəbİyyat

1. Azərbaycan Respublikası Dövlət Arxivinin 100 saylı – AXC Ədliyyə Nazirliyinin fondu
2. Azərbaycan Respublikası Dövlət Arxivinin 894 saylı – AXC Daxili İşlər Nazirliyinin fondu
3. Azərbaycan Respublikası Dövlət Arxivinin 970 saylı – AXC Xarici İşlər Nazirliyinin fondu
4. Азербайджанская Демократическая Республика (1918-1920). Законодательные акты (Сборник документов) Баку, изд. «Азербайджан», 1998, 560с.
5. Азербайджанская Демократическая Республика (1918-1920). Внешняя политика (Документы и материалы). Баку, изд. «Азербайджан»,1998, 632 с.
6. газ. «Азербайджан», 1918 г.
7. M.Ə.Rəsulzadə. Azərbaycan Cümhuriyyəti. Bakı, Elm, 1990, 116 s.
8. Kaymakam Rüştü. Büyük Harpte Baku yollarında. Askeri Mecmua, Sayı 34, 1934 – Qafqaz Universiteti. Qafqaz Araşdırmaları İnstitutu Nəşriyyatı, Bakı, “Nurlar” Nəşriyyat-Poliqrafiya Mərkəzi, 2008, 216 s.
9. Süleymanov M.F. Eşitdiklərim, oxuduqlarım, gördüklərim. Bakı: Azərnəşr, 1989, 376 s.
10. N.A.Əliyev. 1917-1920-ci illərdə Azərbaycanda Türk-müsəlman soyqırımı ilk mənbələrdə. Bakı, “Nurlan”, 2009, 204 s.
11. Nəsir Yücəər. Birinci dünya müharibəsində Osmanlı ordusunun Azərbaycan və Dağıstan əməliyyatı. Bakı: Qafqaz Universiteti nəşriyyatı, 1999, 196 s.


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM