“Azərbaycanın geosiyasəti” əsərinin tipoloji-kontent analizi

12:00 / 02.11.2017

Müasir dünyanın geosiyasi mənzərəsi, dünya siyasətində qüvvələr balansı, böyük və kiçik dövlətlərin dünyanın geosiyasi mənzərəsinin formalaşmasında yeri və əhəmiyyəti, dünya siyasətinə təsir göstərən amillər, beynəlxalq qaydanın elmi-nəzəri və siyasi aspektlərinin araşdırılması mövcud tədqiqatların və KİV-in gündəmindən düşməyən məsələlərin sırasındadır. İçərisində olduğumuz əsrin ilk onilliyi ərzində beynəlxalq aləmdə elə qlobal dəyişikliklər baş vermişdir ki, bunların nəticəsində bipolyar dünya nizamının ancaq adı qalmış, dünyanın geosiyasi mozaikası əsaslı şəkildə dəyişilmiş və beynəlxalq münasibətlər daha anarxiyalı və xaotik xatakter almışdır. Beynəlxalq aləmdə baş vermiş əsaslı dəyişikliklərin mühüm nəticələrindən biri də XX yüzillikdə Azərbaycan Respublikasının ikinci dəfə dövlət müstəqilliyi əldə edərək dünya birliyinin sıralarına qoşulması, özünü dünyaya tanıtmaq və qəbul etdirmək üçün geosiyasi mübarizə meydanına çıxması olmuşdur.
Ümummilli lider H.Əliyеv Azərbaycan Rеspublikasının хarici siyasət priоritеtlərindən bəhs еdərək qеyd еdirdi ki, “dəyişən dünyamızda Azərbaycanın siyasi missiyası dоst və tərəfdaş aхtarışına, blоk və İttifaqların çохvariantlılığına yönəlmişdir. Bu, Azərbaycanın dünya dövlətləri ailəsində statusunu, suvеrеnliyini möhkəmləndirəcək, həm də müхtəlif dövlətlərlə yaхınlaşmasına kömək еdəcəkdir”(2, 31). Məhz bununla da Azərbaycan dünya birliyinin sıralarına inteqrasiya olunmağa, rеgiоnal və bеynəlхalq təhlükəsizlik sistеminin fəal iştirakçılarından birinə çevrilməyə başlamışdı.
Dünya siyasətində baş verənlərin araşdırılması və qiymətləndirilməsi, ümumiləşdirmələrin aparılması mövcud elmi-siyasi fikrin, o cümlədən də milli siyasətşünaslığın daima diqqət mərkəzindədir. Bu baxımdan Ə.M.Həsənovun 4 bölmə, 15 fəsil, 60 alt fəsildən ibarət min səhifəlik “Azərbaycanın geosiyasəti” kitabı Azərbaycan siyasi fikrinə mühüm töhfədir. Bu sahədə indiyə qədərki tədqiqatlardan fərqli olaraq bu kitabın tipoloji xarakteri ayrıca maraq doğurur. Əsər müasir dövrdə dünyanın geosiyasi reallıqları, dünya güclərinin Avrasiya siyasətinin gerçəklikləri, regionda nüfuz üstünlüyü uğrunda mübarizənin görünən və görünməyən tərəfləri nəzərə alınmaqla ərsəyə gətirilmişdir. Hazırda dünyanın geosiyasi mozaikası elə dəyişikliklərə uğramışdır ki, cərəyan etməkdə olan hadisə və prosesləri digər geosiyasi epoxalara tətbiq edilən tədqiqat üsul və vasitələri ilə araşdırmaq mümkün deyildir. Təsadüfi deyil ki, müəllif məhz bu amildən çıxış edərək kitabın elə ilk səhifələrində müasir geosiyasi konfiqurasiyanın xarakteristikasını verir: “Hazırda təzahüretmə miqyasından və məkan amilindən asılı olaraq beynəlxalq münasibətlər sistemi və planetar maraqların arxitekturası əvvəlki dövrdə olduğu kimi sosializm və kapitalizm düşərgələrinin ideoloji qarşıdurması çərçivəsində” nə dərk oluna, nə də izah edilə bilməz (3, 11). Məlum olduğu kimi, hazırda geosiyasət müstəqil elm sahəsi və dünyada baş verənlərin qavranılması üsulu olaraq dövlətlərin, regionların, bütovlükdə beynəlxalq münasibətlərin inkişaf yolları və proesseslərini araşdırmaq, onların hansı qanunauyğunluqlar əsasında fəaliyyət göstərdiyini öyrənmək baxımından xüsusi elm sahəsidir, elə elm sahəsidir ki, burada buraxılan səhv və ya yanlışlıq dövlətçiliyin itirilməsi bahasına başa gələ bilər. Təsadüfi deyildi ki, müasir elmi-siyasi fikirin nümayəndələri geosiyasətin planetar xarakter daşıdığını, dünyada baş verən münaqişə və müharibələrin, qarşıdurma və çəkişmələrin səbəbi olduğunu, habelə yeni dünya qaydasının formalaşmasında rolunu xüsusi qeyd edirlər (9, 12-14).
“Azərbaycan geosiyasəti” yeni geosiyasi reallıqların dərk edilməsi əsasında, ilk növbədə Cənubi Qafqazın dünyanın bir-birinə qarşı duran güc mərkəzlər arasında nüfuz dairələrinə bölündüyü çox məsuliyyətli zamanda meydana gəlmişdir. Azərbaycan və Cənubi Qafqaz üçün zamanın incəliyi ondadır ki, “xalqlar müzeyinin” nüfuz dairələrinə bölgüsü hələ başa çatmayıb, dünya siyasətinin nəbzini ən zərif yerdən tutan ümummilli lider Heydər Əliyev Azərbaycanın dövlət müstəqilliyini gələcək uzun illər üçün təmin etmək məqsədilə nəinki respublikamız, bütövlükdə regionumuz üçün taleyüklü “balans geosiyasətini” bu siyasətlə geosiyasi “super oyunçuların” razılaşacağı dövrdə işləyib hazırlamış və qəbul etdirmişdi. Fikrimizcə, təkcə müəlliflərinin H.Əliyev və Gürcüstan lideri E.Şevarnadze olduğu və Cənubi Qafqazın təhlükəsizliyinə köklənmiş Tbilisi (1996) və Kislovodsk (1997) bəyənnamələrini xatırlamağa dəyər. Ə.Həsənov kamil tədqiqatçı və formalaşmış siyasətçi kimi, Azərbaycanın yürütdüyü milli, regional və beynəlxalq siyasətin mahiyyətinə aydınlıq gətirir: “Bu siyasətin əsas istiqamətlərindən biri ölkənin regionda gedən əksər geosiyasi və geoiqtisadi proseslərdə fəal iştirakının təmin edilməsi və bütün sahələr üzrə milli maraqlarının qorunmasıdır”(3, 14).
Müasir geosiyasət elminin məlum həqiqətlərindən biri siyasi institutlar, xüsusilə dövlətlər və dövlətlərin ittifaqları tərəfindən konkret məkanın idarə olunması imkanlarının, mexanizm və formalarının öyrənilməsidir. Dövlətin və ya onların ittifaqlarının nəzarət etdiyi və ya nəzarət etməyə can atdığı ərazi əgər rəqabətsizdirsə, orada sabitliyin mövcudluğu birmənalıdır. Təsadüfi deyildir ki, hazırda Cənubi Qafqaz metasahəyə, yəni, eyni zamanda bir neçə dövlətin nəzarəti altında olan ərazi çevrilmişdir ki, burada «yeni dünya nizamı»nın formalaşması prosesi xaos və kataklizmlərin mövcud olduğu şəraitdə gedir. Bu mənada dərslikdə müəllifin regionda üç geosiyasi aktorun – Rusiya, ABŞ və Avropa Birliyinin öz milli maraqlarını maksimum formada reallaşdırmağa çalışması fikri (3, 14) obyektiv reallıqla səsləşir.
Avrasiyanın olduqca əhəmiyyətli Xəzər-Qara dəniz hövzəsində yerləşən Azərbaycan SSRI-nin varlığı dövründə dünya üçün qapalı idi, lakin onun süqutu və Qərb - Şərq qarşıdurmasında yaranmış fasilə kontinental dünyanın enerji ehtiyatlarının toplandığı bu məkana sahiblənmə uğrunda rəqabətin yeni fazasının başlanmasına start verməklə göstərdi ki, qarşıdurma erası nəinki başa çatmamışdır, əksinə, yeni forma və məzmun almaqla daha böyük müstəviyə yayılmışdır. Bunu XX əsrin son onilliyində dünyada cərəyan edən hadisə və proseslər əyani şəkildə göstərirdi. İlk növbədə geosiyasi nüfuz dairələrinin ələ keçirilməsi uğrunda rəqabət və regionun enerji resurslarına sahiblənmək uğrunda mübarizə tədricən vüsət götürməyə başladı ki, nəticədə regionda Rusiya ilə yanaşı, ABŞ-ın, Avropa İttifaqının, Türkiyənin, İranın və s. dövlətlərin simasında Cənubi Qafqazda “yeni oyunçular” peyda oldular. Milli politoloji fikrin baş verənləri dərk etməsi, analizi və sistemləşdirməsi regionun geosiyasi mozaikasının aydınlaşdırılmasında mühüm rol oynadı. Qərb və rus geosiyasətçilərinin regionu necə görmək istəmələri ilə bağlı tədqiqatlarından fərqli olaraq milli siyasətşünaslıq daha obyektiv qiymətləndirmə bacarığı nümayiş etdirirdi. Tədqiqatçılardan M.Haqverdiyev yazırdı ki, “Avropa evinin Şərq sütunlarının çökməsi (QİYŞ-ın və Varşava Müqaviləsi Təşkilatının buraxılması) nəticəsində yaranmış boşluğun doldurulması Avropa strukturlarından, ilk növbədə Avropa İttifaqı, NATO və ATƏT-dən sürətli yeni strateji kurs götürməyi tələb edirdi. Məhz bu zəmində Aİ-nin və NATO-nun start verdiyi genişlənmə siyasəti ilk növbədə təhlükəsizlik məkanının genişlənməsi idi ki, bu prosesə Cənubi Qafqaz respublikalarından dərhal qatılan Azərbaycan və Gürcüstan respublikaları oldu (1, 2).
Minilliklərin qovşağında baş verənlər - “məxməri inqilablar” və onların ardınca başlanmış Balkan müharibəsi, ABŞ-Rusiya qarşıdurmasinin konturlarının görünməsi, Yaxın Şərqdə beynəlxalq vəziyyətin kəskin şəkildə pisləşməsi və İraqda hərbi əməliyyatlar, 2001-ci il 11 sentyabr faciəsindən sonra beynəlxalq terrorizmə qarşı ABŞ-ın başçılığı altında genişlənən antiterror əməliyyatları, beynəlxalq terrorizmin qlobal miqyas alması, Əfqanıstanda Taliban rejiminə qarşı müharibə, NATO-nun Şərqə doğru genişlənməsi ilə Rusiyanın açıq şəkildə sıxışdırılmağa başlanması, davamlı iqtisadi böhranlar və enerji mənbələrinin ələ keçirilməsi uğrunda mübarizənin həddindən artıq kəskinləşməsi, “ərəb baharı” nəticəsində Yaxın Şərq regionu ölkələrində ciddi sistem dəyişiklikləri, Rusiya ilə Gürcüstan arasında “beşgünlük müharibə”, Rusiya-Ukrayna qarşıdurmasının nəticəsi görünməyən perspektivləri – bütün bunlar Avrasiyanın geosiyasi mozaikasını müəyyənləşdirirdi və bunların arxasında dünyanı qlobal şəkildə dəyişmək və «yeni dünya nizamı»na tabe etmək istəyinin durduğu tədricən özünü aydın şəkildə göstərirdi. Dərslikdə aparılan çoxşaxəli təhlillərdən sonra belə qənaətə gəlinirdi ki, “Avrasiya XXI əsrin əsas alternativ enerji və digər transmilli layihələrinin həyata keçirildiyi region hesab olunduğuna görə” “üçüncü” minilliyin başlanğıcından həm də beynəlxalq sülh və təhlükəsizlik üçün kəsb etdiyi hərbi-geostrateji əhəmiyyət, regionda dünya güclərinin və böyük dövlətlərin geoiqtisadi, geosiyasi və hərbi-strateji maraq dairələrinin kəsişməsi, fərqli dillərin, dinlərin və sivilizasiyaların intensiv təmas nöqtəsinə çevrilməsi, tolerantlığın səviyyəsi və s. üstünlükləri Avrasiyanı sözün həqiqi mənasinda dünya geosiyasətinin əsas mərkəzlərindən birinə çevirmişdir”(3, 210-211).
Müasir dövrdə Avrasiya elə bir geosiyasi məkana çevrilmişdir ki, bu məkanda həm çoxlu “oyunçular” var, həm də regional problemlərin nizamlanması zamanı hərbi gücdən istifadə olunur ki, bunu Rusiya-Gürcüstan “beşgünlük müharibəsi” və Rusiya-Ukrayna qarşıdurması aydın şəkildə göstərir, habelə baş verməkdə olan “lokal müharibələr” burada nüfuz dairələri uğrunda mübarizənin hələ başa çatmadığına işarədir, bu isə hərbi gücün dualist xarakterini: real və potensial statusunu müəyyənləşdirir. Qeyd etməyə dəyər ki, enerji ehtiyatlarının azalmağa doğru getdiyi yaxın gələcəkdə dünya düzəni, xammal mənbələri və satış bazarları uğrunda mübarizə, habelə iqtisadi qarşıdurmalar bu regionda hərbi gücün daha tez-tez tətbiqini proqnozlaşdırmağa imkan verir. Müəllifin Avrasiyanın dünya siyasətində yeri və əhəmiyyətinə verdiyi qiymət obyektivliyi ilə seçilir: “Avrasiya... dünyanın gələcək geosiyasi taleyinin müəyyənləşdiyi və beynəlxalq münasibətlərin dinamik cərəyan etdiyi əhəmiyyətli bir məkan rolunu oynayır”(3, 212).
Dərsliyin II fəsli bütünlüklə postsovet məkanının ümumi geosiyasi səciyyəsinin verilməsinə həsr olunmuşdur. Müəllif Rusiyanın maraqları kontekstində dünyanın 1/6-ni əhatə edən bu nəhəng məkanın dünya siyasətində yerinə aydınlıq gətirir, toqquşan və kəsişən maraqların kombinasiyasını yaradır və əsas inkişaf meyllərinin mahiyyətini açıb göstərməyə müvəffəq olur. Bütün metod və vasitələrlə ABŞ, Avropa İttifaqı və NATO-nun hərbi-geostrateji sahədə Şərqə - postsovet məkanına doğru genişlənməsinin qarşısını almaq istəyən Rusiya müəllifin qənaətinə görə, “itirilmiş onillikdən” sonra Prezident postunu əldə edən V.Putinin hakimiyyəti illərində qeyd edilən məqsədlərə əsasən nail olur, çünki Rusiya “Orta Asiya, Xəzər hövzəsi, Qara dəniz ətrafı və Cənubi Qafqazı itirməklə bütün Avrasiyanı, o cümlədən dünyanın enerji, nəqliyyat-kommunikasiya sistemindəki mövcud təsirini itirəcəyi” müasir politoloji fikirdə birmənalı şəkildə dəyərləndirilmişdir (3, 226-227).
Təsadüfi deyildi ki, amerikan politoloqu Z.Bjezinski 90-cı illər Rusiyasını və Çinini “region dövləti”, kiçik Yaponiyanı isə “dünya dövləti” kimi təqdim edirdi (7). Halbuki İraqda Səddam Hüseyn rejimini “bir zərbə” ilə çökdürən ABŞ Rusiyanın müdafiə etdiyi Suriyada illərlədir ki, ilişib qalmışdır və görünür ki, buranı “üzü sulu ikən tərk etmək” vaxtı artıq keçmişdir. Analoji vəziyyətin simptomları Qərbin qızışdırdığı Ukrayna-Rusiya müharibəsində də özünü göstərməkdədir. Avropa öz sərhədlərindəki bu münaqişənin uzağagedən nəticələrini dərk etməkdə və etiraz səsini ucaltmaqdadır.
Beynəlxalq aləmdə yaranmış vəziyyətin təhlilini verərkən istər-istəməz müasir dövrün geosiyasi nəzəriyəçilərindən olan Y.Lohouzenin «Körfəzdə müharibə Avropaya qarşı müharibədir» adlı əsərindən götürülmüş aşağıdakı fikrə diqqət yetirmək lazım gəlir: «ABŞ neftli torpaqlara sahib çıxmaqla, bütün dünyanı, xüsusilə də Avropa və Yaponiyanı həmişə özündən asılı vəziyyətdə saxlamaq istəyir». Bu deyim ABŞ-ın Yaxın Şərqdəki “oyunlarının” izahı üçün kifayətdir və əlavə şərhə yer qoymur. Bir qədər əvvələ qayıtsaq, “soyuq müharibə” illərinin dünya nizamındakı qaydalarının müasir qaydasızlıqlardan nə qədər üstün olduğunu aydın görərik. Həmin dünya nizamını isə SSRİ-ABŞ pariteti müəyyənləşdirmişdi. Müəllif SSRİ-nin dağılması nəticəsində Rusiyanın itirdiyi mövqeləri tədricən bərpa etməsinə diqqəti cəlb edir: “Rusiya hazırda bütün mümkün vasitələrlə Qərbin Cənubi Qafqaza, Xəzər-Qara dəniz hövzəsinə və Mərkəzi Asiyaya geosiyasi, geoiqtisadi və hərbi-geostrateji müdaxiləsinin, AB-nin iqtisadi tərəfdaşına çevrilməsinin, NATO-nun Şərqə doğru genişlənmə təhlükəsinin və bölgə ölkələrinin müxtəlif sahələrdə bu qurumlara meyllənməsinin qarşısını almaq istiqamətində fəaliyyət göstərir”(3, 235). Hazırda baş verməkdə, cərəyan etməkdə olan hadisə və proseslərin analizi göstərir ki, Rusiya addım-addım qeyd edilənləri gerçəkləşdirməkdədir.
Müasir Rusiyanın xarici siyasətində Cənubi Qafqazın əhəmiyyəti olduqca böyükdür. Rus geosiyasətçilərindən İ.Panarin, N.A.Nartov və başqaları dəfələrlə Rusiya Prezidenti V.Putinin səsləndirdiyi “biz Qafqazı ona görə fəth etməmişik ki, onu belə asanlıqla tərk edək” deyimini diqqətə çatdırmaqla Cənubi Qafqaz dövlətlərinin şimal qonşusunun regionla bağlı niyyətlərini açıq şəkildə ortaya qoymuşdu (11, 138; 10, 26-31; 8, 23-27). Məsələ burasında idi ki, Cənubi Qafqazı Avrasiyanın “qəlbi” hesab edənlər yanılmırdılar. Qərb geosiyasi fikrinin bir çox nümayəndələri, müxtəlif geosiyasi məktəblər XX yüzilliyin əvvəllərindən etibarən öngörücülük edərək Avrasiyanı “gələcək imperiya və müstəmləkə müharibələrinin əsas hədəfi” adlandırmışdılar. Bu gün XXI əsr geosiyasətinin əsas hədəfinin Avrasiya qitəsi olduğu heç kəsdə şübhə doğurmur. Təsadüfi deyildi ki, ABŞ politoloqu Z.Bjezinski də sələfləri kimi, «kim Avrasiyaya sahib olacaqsa, o bundan sonra dünyaya sahib olacaqdır» fikrini səsləndirmişdi(6, 51). Dərslikdə klassik şəkildə müasir dövrdə Avrasiyanın ümumi geosiyasi səciyyəsi verilir, onun hüdudları göstərilir, yeri gəldikcə müxtəlif fikir və nəzəriyyələrə aydınlıq gətirilir, habelə təzahür etməkdə olan hadisələrin inkişaf perspektivləri proqnozlaşdırılırdı. Məlum olduğu kimi, hal-hazırda dünya əhalisinin 75 %-dən çoxu Avrasiyada yaşayır, dünya ümumi daxili məhsulunun 60 %-i Avrasiyaya məxsusdur (12, 79-81), üstəlik bu regionun konturlarının genişlənməsi və onu əldə etmək uğrunda mübarizənin necə kəskinləşməsi gözlərimiz önündə baş verir.
Müasir dövrdə yaranmış beynəlxalq şərait təkqütblüyün uzun müddət davam etməyəcəyini göstərir. Halbuki dərslikdə qeyd olunduğu kimi, ABŞ və onun müttəfiqləri təkqutbluyə əsaslanan yeni dünya qaydasının bərqərar edilməsinə çalışırlar, baxmayaraq ki, buna ilk növbədə «avroatlantizm» blokundakı daxili ziddiyyətlər imkan vermir. Avrasiyanın yeni güc mərkəzinə çevirməyə çalışan Rusiya, Fransa, Hindistan kimi ölkələr Çinin də buraya daxil edilməsi yolu ilə alternativ kontinental blokun formalaşdırılması uğrunda mübarizə aparırlar. Müəllifin qənaətinə görə, XXI yüzilliyin əvvəllərindən etibarən formalaşmaqda olan dünya nizamının gələcəyi bu iki qütb arasındakı ziddiyyətlərdən asılı olaraq transformasiya proseslərini yaşayacaqdır, bu Qərb politoloji fikrinin ehtiyatlandığı başlıca məqamdır.
Beynəlxalq münasibətlərin inkişafı gedişində toplanmış təcrübənin analizi birmənalı olaraq aşağıdakı nəticəyə gəlməyə imkan verir: yeni dünya qaydasının yaradılması üçün vacib şərtlərdın biri kimi “xaos” müxtəlif səviyyələrdə hələ xeyli müddət davam etdiriləcəkdir. Tətbiqi metodların köməyi ilə hazırda dünya siyasətin təsir göstərməkdə olan lokal konfliktlərdən olan İsrail - Fələstin, Dağlıq Qarabağ, Yuqoslaviya, İraq, Əfqanıstan və s. kimi konfliktlərin ssenariləşdirildiyini, məhz yeni dünya qaydasının yaradılmasına xidmət edəcək xaosu şərtləndirmək üçün həll edilmədiyi və “konservləşdirildiyi” nəticəsini almış oluruq. Müəllif obyektiv olaraq qeyd edirdi ki, müasir dövrün xarakterik xüsusiyyəti geosiyasi vəziyyətin daha az davamlı olmasında təzahür edir, çünki yaranmış vəziyyətin başlıca səbəbi əvvəllərdə olduğundan fərqli olaraq dünya nizamına indi daha çox aktorun təsir gücünə malik olmasını nəzərə almaq və bununla hesablaşmaq lazımdır.
Avrasiyada dominatlığa iddialı dövlətlərin sırasında Rusiya ilə yanaşı, region dövlətlərindən Türkiyə və İran, regiondankənar dövlətlərdən ABŞ, Çin və bir sıra Avropa dövlətləri iddialıdır ki, bunların sayı şəraitdən asılı olaraq artır. Dərslikdə bu dövlətlərdən hər birinin maraqları, niyyətləri, əldə etməyə çalışdıqları və itirdikləri elmi-praktiki təhlil süzgıcindən keçirilir. Ümumiyyətlə, fikrimizcə, XXI yüzilliyin əvvəllərinin geosiyasəti heç də bir sıra müəlliflərin iddia etdiyi kimi, mahiyyətcə terrorizmə qarşı mübarizədən ibarət deyildir, dərindən diqqət yetirdikdə bunun hadisələrin görünən tərəfi olduğuna şübhə yeri qalmır. Hazırda mübarizənin başlıca geosiyasi konturları ABŞ başda olmaqla «atlantizm bloku» ilə Avrasiyanı güc mərkəzi kimi görmək istəyən «kontinental blok» arasından keçir. Bu mübarizənin nəticəsi dünyaya nəzarəti ələ almaqdan ibarətdir, bunu hadisələrin inkişaf meylləri aydın şəkildə göstərir. Müəllifin ümumi geosiyasi fonla yanaşı, region uğrunda geosiyasi rəqabətdə Türkiyə və İran faktoruna xüsusi yer ayırması yaranmış situasiyanın obyektiv dəyərləndirilməsidir: “Türkiyə... Avrasiyada daha çox türkdilli xalqlar və dövlətlərin dəstəyinə, eyni zamanda, Avropaya ən yaxın və Avropa dəyərlərini daşıyan bit modern dövlət statusu ilə regionun qərbyönlü ölkələrinin etimadına iddia edir”(3, 215). Bu XXI əsrin ilk onilliklərində Türkiyənin izlədiklərinə, gözlədiklərinə, əldə etdiklərinə haqq qazandırmaqla yanaşı, umduqlarının perspektivlərinə nikbinliklə yanaşmağa imkan verir.
Azərbaycan Respublikasının xarici siyasət strategiyasında və fəaliyyətində geosiyasi amillərin əhəmiyyəti, problemin beynəlxalq, regional, hərbi və milli təhlükəsizliklə bağlı aspektləri dərsliyin 4-cü bölməsində nəzərdən keçirilir. Cənubi Qafqazda aktorların çoxluğuna baxmayaraq, buradakı rəqabət meydanında iki supergüc – Rusiya və ABŞ, biri region, digəri qeyri region dövləti qarşı-qarşıya durmuşdur. Məhz bu qarşıdurma regiondakı münaqişə ocaqlarının vaxtdan-vaxta qaynamasını şərtləndirir. Vaxtilə ABŞ hərbi-dəniz nəzəriyyəçisi A.Mexen Yer planetinin 30-cu və 40-cı paralellər arasındakı zonasını “münaqişələr zonası” adlandıraraq belə vəziyyətin səbəbini həmin zonada dəniz imperiyalarının maraqlarının toqquşması ilə izah etmişdi. Aradan xeyli illər keçdikdən sonra Azərbaycan geosiyasətçisi həmin paralellər arasında yerləşən regionlardakı vəziyyəti aşağıdakı kimi səciyyələndirmişdi: “1990-cı illərdən sonra dünya miqyasında müxtəlif etnik-seperatçı, milli, dini və digər münaqişələrin sayı kəskin şəkildə artdı. Baxmayaraq ki, bu münaqişələrin çoxu daxili, lokal və regional xarakter daşıyırdı, lakin mahiyyət etibarı ilə onların hər birinin arxasında (o cümlədən də Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin – müəl.) müxtəlif dövlətlər dayanırdı ki, bu da həmin münaqişələrin regional və beynəlxalq təsirindən xəbər verirdi.”(3, 739) Təsadüfi deyildi ki, amerikalı politoloqlardan Pol Qobl Cənubi Qafqazdakı münaqişələrin hamısının “üçlü təbiətə malik olması” fikrini (yəni arxasında üçüncü dövlətin dayandığını) hələ ötən əsrin 90-cı illərinin əvvəllərində səsləndirmişdi(4, 53) ki, zaman bu ideyanın obyektivliyinə haqq qazandırmış oldı.
Məlum olduğu kimi, müasiri olduğumuz bu günlərədək dünyada iki dünya müharibəsi istisna olunmaqla beynəlxalq aləmdə liderlik və nüfuz dairələri uğrunda mübarizə özünü əsasən lokal müharibələrdə təcəssüm etdirmiş, bu zaman baş verənlər dünya ölkələrinin deyil, konkret regionun həyatı ilə bağlı olmuşdur. Bununla belə, əvvəlki regional və lokal münaqişələrdən fərqli olaraq “yaradılan” müasir konfliktlər uzunmüddətli planlar üzrə ssenariləşdirilmiş və reallaşdırılmışdır. Yaranmış vəziyyət böyük-kiçikliyindən, beynəlxalq mövqelərindən asılı olmayaraq hər bir dövlətdən situasiyanın tələblərinə cavab verən strateji kursun hazırlanmasını və həyata keçirilməsini tələb edirdi. Məhz bu zaman siyasi liderin yeri və rolu gündəmə gəlir, onun nəyə qadir olduğu üzə çıxırdı. Dərsliyin müəllifi yazır: “Azərbaycanın təhlükəsizlik sahəsində praktiki xarici siyasət fəaliyyətinin qurulması və formalaşması, onun əsas vəzifələrinin müəyyənləşdirilməsi Prezident Heydər Əliyevin adı ilə bağlıdır. Məhz onun dövründə Azərbaycanın beynəlxalq münasibətlər sistemində iştirakı və özünəməxsus mövqelər qazanması üçün lazımi tədbirlər həyata keçirildi, ölkənin xarici aləm üçün kəsb etdiyi maraqlar dairəsi, geosiyasi və geoiqtisadi əhəmiyyəti düzgün dəyərləndirildi, beynəlxalq aləmin Cənubi Qafqazda, Xəzər regionunda və Azərbaycanda üst-üstə düşən, kəsişən maraq dairələri müəyyənləşdirildi”(3, 751).
XXI yüzilliyin əvvəllərindən etibarən dünya nizamının yeni – daha qlobal modelə keçidi bizi bir sıra reallıqlarla üz-üzə qoymuşdur. Bu nizamın səciyyəvi xüsusiyyəti adaptasiya – uyğunlaşma, eyniləşmə proseslərinin ümumplanet miqyasında baş verməsidir ki, bunun nəticəsində dini və milli spesifiklik tədricən itəcək, adət və ənənələr, coğrafi və mənəvi sərhədlər şəffaflaşacaqdır. Artan templə genişlənməkdə olan bu proseslər dərslik müəllifinin qeyd etdiyi kimi, yüksək elmi potensiala, texnologiya və maliyyə gücünə malik olan kiçik dövlətlərin dünya siyasətidə rolu və əhəmiyyətini artırmaqla bərabər, rəsmi dairələri, dövlət xadimlərini, diplomatları, siyasətçiləri, iqtisadçıları və ictimai fikri bu yönümdə fəaliyyətə istiqamətləndirəcəkdir.


Ədəbiyyat:
1. Haqverdiyev M.B. Müasir dövrdə ümumavropa təhlükəsizliyi və Azərbaycan. B.: Elm və təhsil, 2011, 232 s.
2. Heydər Əliyev Azərbaycanı dünyaya tanıdır. B., Azərnəşr, 1994, 176 s.
3. Həsənov Ə.M. Azərbaycanın geosiyasəti. B.: Zərdabi LTD MMC, 2015, 1056 s.
4. Hüseynova H. Azərbaycan Avropa inteqrasiya prosesləri sistemində. B.: Hərbi nəşr., 1998, 280 s.
5. Quliyeva G.M. Azərbaycan yeni geosiyasi münasibətlər sistemində. B.: Elm, 2011, 423 s.
6. Бжезинский 3. Великая шахматная доска. Господство Америки и его геостратегические импе-ративы. М.: Международные отношения. 1999, 256 с.
7. Бжезинский Зб. Геостратегия для Евроазии / Независимая газета, 1997, 14 октября
8. Геополитика. Учебник / Под общ. ред. В.А. Михайлова. М.: РАГС, 2007, 476 с.
9. Международные отношения: теория, конфликты, организации. Учеб. пособия / Под ред. П.А.Цыганова. М.: Международные отношения, 2004, 286 с.
10. Нартов Н. А., Нартов В. Н. Геополитика. Изд. 4-е. М.: Юнити, 2007, 537 с.
11. Панарин И.Н. Информационная война и геополитика. М.: Прогресс, 2006, 465 с.
12. Южный Кавказ в реалиях меняющегося мира. М.: изд. МГИМО, 2007, т. 8, 132 с.

Açar sözlər: Azərbaycan, Cənubi Qafqaz, beynəlxalq münasibətlər, dünya nizamı, geosiyasət, diplomatiya, milli maraqlar, “balans siyasəti”, deosiyasi “oyunçular”, geosiyasi mozaika, inteqrasiya, münaqişə.

Xülasə
Müasir dünya siyasətində baş verənlərin araşdırılması, təhlil edilməsi və qiymətləndirilməsi, ümumiləşdirmələrin aparılması, beynəlxalq münasibətlərin inkişaf istiqamətlərinin müəyyənləşdirilməsi və müvafiq elmi-nəzəri proqnozların verilməsi milli siyasətşünaslığımızın daima diqqət mərkəzindədir, çünki bu xalqımızın taleyi və gələcəyi, dövlət müstəqilliyimizin qorunması məsələsidir. Bu baxımdan Ə.M.Həsənovun 4 bölmə, 15 fəsil, 60 alt fəsildən ibarət min səhifəlik “Azərbaycanın geosiyasəti” kitabı təkcə vaxtında meydana gəlməyib, həm də zamanın tələbidir.
“Azərbaycanın geosiyasəti” müasir dövrdə dünyanın geosiyasi mozaikası və reallıqları, dünya güclərinin Avrasiya siyasətinin gerçəklikləri, regionda nüfuz üstünlüyü uğrunda mübarizənin görünən və görünməyən tərəfləri nəzərə alınmaqla işlənmişdir.
Məqalədə əsərin geniş təhlili əsasında hazırda geosiyasətin dünyada baş verənlərin qavranılması üsulu olaraq dövlətlərin, regionların, bütovlükdə beynəlxalq münasibətlərin inkişaf yolları və proesseslərini araşdırmaq, onların hansı qanunauyğunluqlar əsasında fəaliyyət göstərdiyini öyrənən müstəqil xüsusi elm sahəsi olduğu vurğulanır, həm də elə elm sahəsi olduğu qeyd edilir ki, burada buraxılan səhv və ya yanlışlığın dövlətçiliyin itirilməsi bahasına başa gəldiyi diqqətə çatdırılır.
Məqalədə “Azərbaycanın geosiyasəti” əsərinin yeni geosiyasi reallıqların dərk edilməsi əsasında, ilk növbədə Cənubi Qafqazın dünyanın bir-birinə qarşı duran güc mərkəzlər arasında nüfuz dairələrinə bölündüyü çox məsuliyyətli zamanda meydana gəlməsinin elmi-siyasi əhəmiyyəti xüsusi qeyd edilir.
Məqalə tarix elmləri doktoru, professor Əli Həsənovun “Azərbaycan geosiyasəti” fundamental əsərini müasir dünya düzəni sisteminə elmi baxışını təhlilə cəlb etmişdir.

 

Pərvanə İbrahİmova
Siyasi elmlər üzrə fəlsəfə doktoru

Könül Niftəliyeva
Filologiya üzrə fəlsəfə doktoru

 

"GEOSTRATEGİYA" jurnalı №04 (40) İYUL- AVQUST 2017


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM