Dünyada mövcud olan qlobal enerjİ böhranı

09:00 / 05.11.2017

Zəngin iqtisadi enerji ehtiyatları müasir sivilizasiyaların həyat mənbəyidir. Statistikaya əsasən 2008-ci ildə neft, kömür və təbii qaz dünyanın enerji təchizatının 85%-ni təmin etmişdir. Aydındır ki, biz neft erasında yaşayırıq, lakin neft erası sona yaxınlaşır. Bəşəriyyət qlobal enerji böhranı ilə üzləşmək təhlükəsi qarşısında qalıb. Son 100 il ərzində texnologiyanın və sənayenin sürətli inkişafını təmin etmək üçün planetimizin enerji ehtiyatları intensiv şəkildə istismar edilmişdir. Bir çox hallarda bu enerji sərfiyyatı plansız şəkildə, gələcək nəsilləri düşünmədən, həmçinin planetin ekoloji tarazlığını pozaraq enerji resurslarının istismar edilməsi hesabına aparılmışdır. Bütün bunların sayəsində XXI əsrdə bəşəriyyət növbəti dəfə taleyüklü problemlə üzbəüz qalmış, öz gələcəyini təmin etmək baxımından son dərəcə kritik vəziyyətə düşmüşdür. Tarix sübut edir ki, artıq insanlar dəfələrlə bu tipli problemlə qarşılaşmalı olmuşlar. Lakin indiyə qədər bu tip problemlər adətən lokal xarakter daşımış və qısa müddət ərzində həll edilə bilirdisə və yaxud insanlar digər vasitələrlə problemin həlli üsullarını tapırdılarsa, artıq XX əsrin ikinci yarısında problem tamam başqa xarakterdə özünü göstərməyə başladı [1]. XX əsrin 70-ci illərində baş verən enerji böhranı ilə birdəfəlik olaraq ucuz neft epoxasına son qoyuldu və Qərb ölkələri, xüsusilə də bu ölkələrin qabaqcıl və inkişaf etmiş sənayesi artıq başqa şərtlər altında fəaliyyət göstərmək məcburiyyətində qaldı. Həmin dövrdə baş verən enerji böhranı bütün dünya iqtisadiyyatına təsir edərək onu dərindən sarsıtdı və indiyə qədər enerjiylə bağlı mövcud olan təsəvvürləri kökündən dəyişdi. Düzdür, müəyyən müddətdən sonra müxtəlif faktorların birbaşa və ya dolayı təsirləri ilə neftin qiyməti bir qədər ucuzlaşdı, lakin artıq qlobal enerji böhranının nə demək olduğunu hamı dərindən anlayırdı, həmçinin nəzərə almaq lazımdır ki, qlobal səviyyədə enerji təchizatı və təminatı problemi bu gün də öz aktuallığını qoruyub saxlamaqdadır. Məhz bu səbəblərdən də bəşəriyyət indidən bu problemin qarşısını almaq, onu gələcək nəsillərin öhdəsinə vermək istəmir, davamlı, sabit və fasiləsiz enerji təchizatının təmin edilməsi yollarının tapılmasına çalışır [2]. Qlobal enerji böhranının yaranma səbəblərindən danışarkən, ilk növbədə bu enerji mənbələrinin sürətli istismarını və tükənməsini nəzərə almaq və başlıca səbəb olaraq görmək lazımdır. Mineral yanacağın sürətli, bəzi hallarda düşüncəsiz istismarı, yanacağın yer qatlarından çıxarılması nəticəsində enerji mənbələri tükənməyə başlamışdır. Yanız bir faktı nəzərə almaq kifayətdir: təkcə XX əsrin əvvəllərində həmin əsrin 80-ci illərinə qədərki dövr ərzində hasil edilən yanacağın miqdarı, bəşəriyyətin bütün tarixi ərzində istehsal etdiyi mineral yanacağın həcmindən daha artıq olmuşdur. Bir faktı da xatırlatmaq yerinə düşər ki, 1960-1980-ci illər ərzində, əsrin əvvəlindən çıxarılan kömürün 40, neftin 75 və təbii qazın 80 faizi istehsal edilmişdir [3].
Maraqlıdır ki, həmin dövrdə enerji istehsalıyla bağlı verilən proqnozlarda enerji istehsalının gələcəkdə azala bilməsi nəzərə alınmırdı. Hesab edilirdi ki, hər 20 il ərzində enerji istehsalı 1,5-2 dəfə artacaq, beləliklə bəşəriyyətin artmaqda olan enerji ehhtiyacları tmin ediləcək. Lakin bu istehsalın hansı mənbələr hesabına təmin ediləcəyi heç kimi maraqlandırmırdı. Düzdür, sonradan bütün bu plan və proqnozların tərtib edilməsində, enerji mənbələrinin tədricən tükənməsi faktoru nəzərə alınmağa başladı, zaman keçdikcə enerji resurslarının azalmağa doğru getməsi labüd təhlükə kimi tədqiqat obyektinə çevrildi. Bu resursların düşüncəsiz formada istismarı hal-hazırda özünü büruzə verən enerji böhranının başlıca səbəbi hesab edilə bilər.
Qlobal enerji böhranının özünü göstərdiyi formalardan biri dağ-mədən işlərinin aparılmasında yaranan çətinliklər və bunun sayəsində də hasilatın xərclərinin artmasıdır. Beləliklə, getdikcə enerji istehsalı daha çətin şərtlər altında aparılır və müvafiq olaraq, daha böyük maliyyə vəsaitləri tələb edir, bu isə enerjinin qiymətindəki artımla müşayiət olunur. Xüsusilə də Avropanın, Şimali Amerikanın, Rusiyanın, Ukraynanın, o cümlədən də Azərbaycanın enerji mənbələrinin istismarı getdikcə çətinləşir, daş kömür şaxtaları, neft və qaz quyuları daha dərin qazılır və bahalı texnologiya tələb edir [4]. Bu səbəbdən də yeni enerji yataqlarının axtarılması, daha əlverişli dağ-mədən şəraitinə malik regionlarda enerji istehsalı aktuallıq kəsb etməkdədir. Qlobal istehsalçılar bu zaman yanacağın istehsal xərclərini azaltmağa çalışır, bunun üçün yeni regionların daha münasib olacağını düşünürlər. Lakin yeni regionların istismara daxil edilməsi də böyük maliyyə vəsaitləri tələb etməkdədir.
Qlobal enerji böhranının özüylə gətirdiyi problemlərdən biri də ekoloji vəziyyətin pisləşməsidir. Müasir kapitalist və sənaye inkişafının artmasına uyğun olaraq bu proses XVIII əsrdə başlamışdır. Kapitalizmin inkişafı və digər sosio-mədəni dəyişikliklər ekoloji böhranla nəticələnən böyük ekoloji problemlərin yaranmasında əsas amil hesab edilir. Həm qurudakı ənənəvi yataqlarda, həm də şelfdə faydalı qazıntı yataqlarının işlənməsi zamanı müxtəlif qəzalar baş verir, eyni zamanda istehsalın genişlədilməsi mövcud ekosistem üçün bəzən faciəvi nəticələrə gətirib çıxarır [5].
Qlobal enerji böhranı bir çox hallarda siyasi məqsədlər üçün alət rolunu oynayır, enerji ehtiyatlarına nəzarət məsələsi iqtisadi siyasətin və geopolitikanın predmetinə çevrilir. Enerji və yanacaq resursları uğrunda qlobal rəqabət aparılır, nəhəng transmilli korporasiyalar bu resursların ədə edilməsi və bölüşdürülməsi üçün mübarizə aparırlar. Bütün bu faktorlar qlobal enerji böhranının planetimizin gələcək inkişafında nə qədər vacib rol oynadığını göstərir [6].
Nəzərə almaq lazımdır ki, hazırki enerji böhranının həm obyektiv, həm də subyektiv səbəbləri mövcuddur. Bəzi hallarda enerji resurslarını nəzarətdə saxlamaq məqsədilə böyük dövlətlər tərəfindən atılan addımlar heç də enerji böhranının aradan qaldırılmasına xidmət etmir. Zəngin karbohidrogen yataqlarına malik ölkələrlə bağlı NATO-nun apardığı siyasət, bu siyasətin nəticəsində yaranan beynəlxalq ziddiyyətlər, boru kəmərləri və onların təhlükəsizliyinin təminatı kimi müxtəlif yeni anlayışlar meydana çıxmışdır.
Müasir dövrdə neft-qaz resurslarıyla bağlı aparılan layihələrdə iştirak uğrunda qlobal mübarizə də getdikcə artmaqdadır. Enerji idxalından asılı olan dövlətlər, özlərinin siyasi və hərbi güclərindən istifadə edərək, öz korporasiyalarının belə layihələrdə daha böyük paya malik olması uğrunda rəqabət aparırlar. Beynəlxalq layihələrdə bu tipli korporasiyaların müəyyən paya malik olması üçün bütün siyasi və diplomatik resurslardan istifadə edilir. Bu məqsədlə zəngin karbohidrogen resurslarına malik olan dövlətlərə müxtəlif güzəştlər təklif edilir, belə dövlətlər üçün ucuz kredit xətləri açılır, böyük investisiyalar yatırılır. Burada yalnız bir məqsəd güdülməkdədir - rəqibləri həmin layihələrdən sıxışdırıb çıxarmaq, digər dövlətləri qabaqlamaq və neft-qaz layihələrində daha böyük paya malik olmaq.
Enerji resurslarının daşınması da kifayət qədər siyasiləşmiş məsələlərdən hesab edilə bilər. Məhz bu sahədə atılan addımlardan biri kimi 2006-cı ildə işə salınan Bakı-Tbilisi-Ceyhan boru kəməri Azərbaycanın ümummilli lideri Heydər Əliyevin əsasını qoydugu neft strategiyasının tərkib hissəsi olaraq Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində, Xəzər regionunun karbohidrogen resurslarının dünya bazarına çıxarılmasında böyük bir addım oldu [7]. Bundan sonra Bakı-Tbilisi-Ərzurum qaz kəmərinin tikintisi başa çatdırıldı. İndi isə Transxəzər qaz magistralı aktuallıq qazanmaq üzrədir, üstəlik TAP və TANAP boru kəmərləri layihələri uğurla icra edilir. Bütün bunların sayəsində Avropanın enerji təchizatında tamamilə yeni bir səhifə açıldı.
Müasir dünyada mənafelərin toqquşması ilə müşayiət edilən bir çox hallar enerji təhlükəsizliyindən də yan ötməmişdir. Qeyd etmək lazımdır ki, bu baxımdan Avropanın enerji siyasəti və qlobal enerji təhlükəsizliyində oynadığı rol diqqəti daha çox cəlb edir. Qitənin enerji təlabatının yüksək səviyyədə olması, eyni zamanda enerji resursları, xüsusilə də ənənəvi mineral yanacaq ehtiyatları ilə nisbətən az təmin olunması, bununla yanaşı sənaye inqilabı ərzində bu yanacaq ehtiyatlarının sərf edilərək tükənməsi Avropanın enerji təhlükəsizliyinin təminatını ön plana çıxarır [8].
XXI əsrin ilk onilliyində stabil və davamlı enerji təminatı problemi Avropa İttifaqının üzv ölkələri arasında əsas yerlərdən birini tutmuşdur. Burada biz iki başlıca səbəb göstərə bilərik. Birinci səbəb planetin resurs bazasının tükənməsi ilə izah edilə bilər, ilbəil enerji istehlakı artdığı halda, enerji resursları tükənməyə doğru gedir. Bu baxımdan alternativ enerji mənbələrinin tapılması, ənənəvi enerji resurslarının qitəyə cəlb edilməsinin diversifikasiyası kimi problemlər ön plana çıxmaqdadır. Digər tərəfdən problem siyasi çalarlara da malikdir. Belə ki, enerji faktorundan siyasi məqsədlərə nail olunması məqsədilə istifadə edilir; Rusiya Federasiyası ilə Ukrayna və Belarus respublikaları arasında baş verən konfliktlər zamanı bu özünü qabarıq şəkildə biruzə vermişdir [9].
Avropa İttifaqı dövlətlərindən yalnız 12-sinin ərazisində ənənəvi neft, təbii qaz və daş kömür ehtiyatları mövcuddur. Lakin bu ehtiyatlar da iqtisadiyyatın təlabatını ödəmək baxımından ciddi resurs bazası hesab edilə bilməz. 2004 və 2007-ci illərdə Avropa İttifaqının genişlənməsindən sonra neft və təbii qazdan asılılıq 10-17% artmışdır. Əgər 1999-cu ilə bu asılılıq neftdən 72, qazdan isə 48 faiz idisə, artıq 2009-cu ildə həmin asılılıq müvafiq olaraq 83.5 və 64.2 faiz təşkil edirdi. Bu müddət ərzində Avropa dövlətlərinin əsas enerji təminatçısı rolunda Rusiya Federasiyası çıxış edirdi. 2000-ci ildə idxal edilən təbii qazın 49, nefti isə 22.1 faizi Rusiyanın payına düşürdü ki, bu da kifayət qədər ciddi rəqəmdir. 2009-cu ildə də Rusiya enerji təmminatçıları arasında aparıcı mövqeyini qoruyub saxlayırdı, təbii qazın 34.2 və neftin 33.1 faizi yenə də bu ölkə tərəfindən təmin edilirdi. Avropa Birliyinə təbii qaz idxalçıları arasında ikinci və üçüncü yerləri isə müvafiq olaraq Norveç (30.7 faiz) və Əlcəzair (14.1 faiz) tuturdular. Bu rəqəmlər enerji daşıyıcılarının diversifikasiyasının Avropanın enerji siyasətinin əsas məsələlərindən biri olduğunu əyani surətdə göstərir.
2000-ci illərin ilk onilliyinin ikinci yarısından etibarən enerji təhlükəsizliyi məsələsi daha da aktuallaşdı və artıq nəinki Avropa İttifaqı, eləcə də ABŞ bu məsələnin həlli üçün səylərini artırdı. Həmin müddətə qədər Avropa Komissiyası, Avropa Parlamenti və Avropa Şurası üzv ölkələrin enerji təminatı ilə bağlı müəyyən məsələlərin tənzimlənməsini həyata keçirən sənədlər qəbul etmişdilər. Avropa Parlamentinin və Avropa Şurasının 26 iyun 2003-cü il tarixli qərarına əsasən vahid elektrik enerjisi bazarı yaradılmalı, üçüncü ölkələrin bu bazarda iştirak qaydaları işlənib hazırlanmalı idi. Həmçinin vahid qaz bazarı və onun qaydaları, təbii qazın idxalının təhlükəsizliyinin təmin edilməsi qaydaları da işlənib hazırlanmışdı [10].
Bundan başqa, 2003-cü ilin dekabrında Avropa Şurası özünün Brüssel sammitində Avropanın təhlükəsizlik strategiyasını qəbul etdi. Bu sənəddə göstərilən hərbi münaqişələr, aclıq, xəstəliklər kimi təhlükəli tendensiyalarla yanaşı, dünya yanacaq - energetika kompleksinin vəziyyəti və inkişafı da öz əksini tapmışdr. Çünki dünya yanacaq-energetika kompleski nəinki regional, hətta ümumdünya miqyasında hadisələrə təsir etmək iqtidarında olan faktorlardan hesab edilir. 2007-ci ildə Avropa Komissiyası “Avropa üçün energetika siyasəti” adlı sənəd işləyib hazırladı, burada Birlik üzvlərinin hamısının inteqrasiyası ilə bağlı qısamüddətli və uzunmüddətli perspektivdə görüləcək tədbirlər öz əksini tapmışdır. Həmçinin Avropa İttifaqının enerji siyasətinin məqsədləri də bu sənəddə əks olunmuşdur. Sənədin müəllifləri qeyd edirlər ki, enerji təhlükəsizliyinə nail olmaq üçün kompleks tədbirlərin görülməsi zəruridir; bura iqlim dəyişikliyi ilə mübarizə, Avropa İttifaqının idxal edilən karbohidrogen mənbələrindən asılılığının azaldılması, iqtisadi inkişafın təmin edilməsi və yeni iş yerlərinin yaradılması daxildir. Avropa İttifaqının enerji təhlükəsizliyinin təminatına yönəldilmiş tədbirləri özündə əks etdirən “Avropa üçün energetika siyasəti” proqramı tövsiyyə xarakteri daşıyır və dəyişən beynəlxalq vəziyyətlə bağlı müəyyən düzəlişlərin edilməsini də istisna etmir.
2010-cu ilin noyabrında dərc edilmiş “Energetika-2020” strategiyası ilk dəfə olaraq Avropanın enerji təhlükəsizliyinə həsr edilmişdir, burada Avropanın enerji siyasətinin başlıca istiqamətləri öz əksini tapmışdır: “bazarda bütün istehlakçılar (şəxsi istifadəçilər və müəssisələr) üçün əlverişli qiymətə enerji məhsullarının daimi və fasiləsiz təchizatının təmin edilməsi” [11].

Nəticə
Enerji böhranı tələb artdıqca sənaye cəmiyyətini gücləndirmək üçün istifadə edilən məhdud təbii enerji ehtiyatlarının azalmasına dair dünyada yaranan narahatlıqdır. Bu təbii ehtiyatlar məhdud təchizatlıdır. Dövlətlər və əlaqəli şəxslər bərpaolunan ehtiyatların istifadəsini prioritetə çevirməyə və bu ehtiyatların məsuliyyətsiz şəkildə istifadəsini azaltmağa çalışırlar. Lakin global enerji böhranının həll olunmasına yönəlmiş səbəblər və həll yolları üçün kompleks yanaşma mövcud deyildir. Fasiləsiz istismar nəticəsində neft, qaz və kömür kimi fossil yataqlarında gərginlik yaranmışdır ki, bu da kirliliyə səbəb olaraq su və oksigen qaynaqlarımızda təzyiqə səbəb ola bilər. Böhranın digər səbəbi dünya əhalisinin və onun yanacaq və məhsula olan ehtiyacının sürətlə artması olmuşdur. Bərpaolunan enerji hələ də çox ölkələrdə istifadə olunmur. Neft, qaz və kömür kimi tükənən ehtiyatlar enerji istehsalı üçün hələ də ən yaxşı seçim kimi qiymətləndirilir. Tükənməz enerji qaynaqlarından istifadəyə ciddi yanaşılmazsa enerji böhranının həlli çətin proses kimi görünür.

Ədəbiyyat:


1. Аттали Ж. На пороге нового тысячелетия: Пер. с англ. — М.: Международные отношения, 1993.
2. Антропов П.Я. Топливно-энергетический потенциал Земли. М., 1994.
3. Одум Г., Одум Е. Энергетический базис человека и природы. М., 1998.
4. Энергетика и ТЭК: Официальный сайт. - Режим доступа: <http://www.energetika.by/>
5. Will Steffen et al., “The Anthropocene: Conceptual and Historical Perspectives,” Philosophical Transactions of the Royal Society 369, no. 1938 (2011): 842–67.
6. Energy security: economics, politics, strategies, and implications / Carlos Pascual and Jonathan Elkind, editors. Brookings Institution Press. – Washington, D.C., 2010, pg. 279.
7. Heydər Əliyev adına Bakı-Tbilisi-Ceyhan əsas neft ixrac boru kəməri: Faktlar və rəqəmlər //Dirçəliş-XXI əsr. 2006. № 100-101. s. 71-75.
8. Антропов П.Я. Топливно-энергетический потенциал Земли. М., 1994.
9. Безопасная Европа в мире, который должен стать лучше. Европейская стратегия безопасности// Совет Европейского союза - Режим доступа: <http://www.consilium.europa.eu/uedocs/cmsUpload/031208ESSIIRU.pdf>
10. Conclusions of the European Council: Doc. EUCO 2/1/11 REV 1, Brussels, 8 March 2011// Council of the European Union: <http://www.consilium.europa.eu/uedocs/cms_data/docs/pressdata/en/ec/119175.pdf
11. Energy 2020. A strategy for competitive, sustainable and secure energy: Communication from the Commission to the European Parliament, the Council, the European Economic and Social Committee and the Committee of the Regions: Doc. COM (2010) 639 final. Brussels, 10.11.2010 // EUR-Lex. Access to European Union law: <http://eur-lex.europa.eu/LexUriServ/LexUriServ.do?uri=COM:2010:0639:FIN:EN:PDF>

Açar sözlər: enerji böhranı, iqlim dəyişikliyi, neft böhranı, enerji təminatı

Keywords: energy crisis, climate change, oil crisis, energy supply

Ключевые слова: энергетический кризис, изменение климата, нефтяной кризис, энергоснабжение

Summary
The global energy crisis means primarily a reliable and uninterrupted supply of humanity with energy and fuel resources. Abundant and economical energy is the life blood of modern civilizations. Over the last 100 years, energy resources have been intensively exploited to ensure rapid development of technology and industry. All these causes lead to destabilizing problem that mankind has faced which has become extremely critical for its future in the 21st century.

РЕЗЮМЕ
Глобальный энергетический кризис означает прежде всего надежное и бесперебойное снабжение человечества энергетическими и топливными ресурсами. Обильная и экономичная энергия - это жизненная кровь современных цивилизаций. За последние 100 лет энергетические ресурсы интенсивно эксплуатируются для обеспечения быстрого развития технологий и промышленности. Все эти причины приводят к дестабилизирующей проблеме, с которой столкнулось человечество, которая стала чрезвычайно важной для ее будущего в XXI веке.

 

Günay FEYZİYEVA
Azərbaycan Milli Elmlər Akademiyası

 

"GEOSTRATEGİYA" jurnalı №04 (40) İYUL- AVQUST 2017


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM