Müasir dövrdə Türkiyə- Rusiya münasibətləri

08:23 / 22.01.2018

Türkiyə-Rusiya münasibətlərinin yeni çalarları bütövlükdə regionda baş verən siyasi proseslərə bilavasitə təsir edən mühüm amillərdəndir. İki dövlət arasında mövcud olan siyasi, iqtisadi əlaqələrin təhlili kifayət qədər böyük maraq kəsb edir. Ənənəvi olaraq ziddiyyətli olan münasibətlərin son dövrdə istiləşməsi müşahidə olunur.
Məlum olduğu kimi, 2015-ci ildə Rusiyanın Suriyadakı hərbi aviasiya qrupuna məxsus “Su-24” döyüş təyyarəsinin Türkiyənin hava sərhədini pozduğundan vurulması ilə bağlı insidentdən sonra münasibətlər gərginləşir. Rusiya bu hadisəyə olduqca kəskin reaksiya verərək, Türkiyəyə qarşı müxtəlif sanksiyalar qəbul edir, vizasız rejimi ləğv edir. Bu tədbirlərlə yanaşı, bütövlükdə iki dövlət arasında mövcud olan siyasi məsləhətləşmələr mexanizmi dondurulur. Eyni zamanda, Yüksək səviyyəli əməkdaşlıq Şurası və İqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiyanın fəaliyyəti dayandırılır.
Münasibətlərin tədricən bərpası 2016-cı il 27 iyun tarixində Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın rusiyalı həmkarı Vladimir Putinə məktub yazaraq, “Su-24” pilotunun ölümünə görə başsağlığı verib, təyyarənin vurulmasından təəssüf hissi keçirdiyini ifadə etdikdən sonra baş verir. İkitərəfli əlaqələrdə mövcud olan böhrana baxmayaraq, həm Ankara, həm də Moskva öz maraqlarından irəli gələrək, yaxınlaşmaq qərarına gəldilər. 9 avqust 2016-cı ildə Sankt –Peterburqda Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və Rusiya prezidenti Vladimir Putin arasında münasibətlərdə baş verən böhrandan sonra ilk görüş baş verdi. Görüşdə hər iki dövlət başçısı əməkdaşlığın bütün istiqamətlərdə bərpa olunmasının vacibliyini qeyd etdilər. Həmçinin, Suriya məsələsi və “Türk axını” layihəsi müzakirə olundu. Bütövlükdə, hər iki tərəf müdriklik nümayiş etdirərək, olduqca mürəkkəb bir vəziyyətdən çıxmağa müvəffəq oldu.
Məhz, 2016-cı ilin sonundan Türkiyə və Rusiya Suriyadakı münaqişənin tənzimləməsi ilə bağlı qarşılıqlı fəaliyyət göstərməyə başlayırlar. Belə ki, Türkiyə və Rusiya uzun danışıqlardan sonra 30 dekabr 2016-cı ildə Suriya ərazisində atəşkəs haqqında razılaşmanın imzalanmasına nail oldular (3). Nəticədə üç sənəd imzalandı: birinci –Suriya hökuməti və silahlı müxalifət arasında Suriya ərazisində atəşkəs haqqında, ikinci- atəşkəs rejiminə nəzarətlə bağlı tədbirlər haqqında, üçüncü- Suriya münaqişəsinin həlli ilə bağlı danışıqlar prosesinin başlanması ilə bağlı. Suriyada hərbi əməliyyatların dəyandırılması rejiminin monitorinqini həyata keçirən Türkiyə- Rusiya komissiyası (Barışıq komissiyası) təsis olundu.
Beləliklə, danışıqlar prosesinin yeni formatı yaradıldı və bu prosesə, həmçinin, Suriya müxalifəti də cəlb edildi. Suriya müxalifətinin danışıqlarda təmsil olunmasını məhz Türkiyə təmin edir.
Türkiyə-Rusiya əməkdaşlığı nəticəsində Suriyada vəziyyətin qismən normallaşması baş verdi. Lakin, məsələnin olduqca mürəkkəb olduğunu nəzərə alsaq, atəşkəs rejiminə riayət olunmasının təmin edilməsindən tutmuş, gələcəkdə postmünaqişə mərhələsində- Suriya Ərəb Respublikasının təsir sferalarına bölünməsi prosesi də daxil olmaqla, iki ölkə arasında gərginliyin yaranması ilə bağlı böyük ehtimal var. Bir çox rusiyalı ekspertlər bu məqamları nəzərə alaraq, Türkiyədə böyük enerji layihələrinin reallaşdırılmasına və investisiyaların yatırılmasına tələsməməyə çağırırlar.
Suriya Ərəb Respublikası vaxtilə Türkiyə və Rusiya arasında ziddiyyət mənbəyi olduğu səbəbindən, hal hazırda iki dövlətin münasibətlərinin istiləşməsi həm ekspertlər, həm də əhali tərəfdən bir qədər şübhə ilə qəbul olunur. Bu həm Şərqi Aleppoda həyata keçirilən əməliyyat, həm də “Efrat qalxanı” adlı əməliyyatın reallaşdırılması prosesində əhalinin reaksiyasından müşahidə olunurdu.
Lakin, bununla yanaşı, qeyd etmək lazımdır ki, hər iki tərəf çox böyük səy göstərərək, danışıqlar prosesini yenidən fəallaşdırmağa və müəyyən dərəcədə vəziyyətin stabilləşdirilməsinə nail olmuşdur.
İndiki vəziyyətdə bu müəyyən irəliləyiş kimi qiymətləndirilə bilər. Ankara və Moskva Suriya münaqişəsi ilə bağlı “ağrılı nöqtələri” neytrallaşdıra bilməsələr də, onları donduraraq, konsensus əldə ediblər. Türkiyə və Rusiyanın Suriya kimi mürəkkəb məsələyə dair müəyyən razılıq əldə etmələri olduqca böyük nailiyyətdir. Bununla yanaşı, qeyd etmək lazımdır ki, bu kontekstdə elə bir təəssürat yaranır ki, sanki iki dövlətin liderləri bu məsələ ilə bağlı əməkdaşlıq edərkən, onların daxili auditoriyası bu əlaqələri hələ tam adekvat qəbul etməyə hazır deyildir.
Türkiyə və Rusiya arasında digər ziddiyyət doğuran məqam Krım məsələsidir. Ankara Krımın Rusiya tərəfindən anneksiyasından sonra bəyan etmişdir ki, heç bir zaman beynəlxalq hüququn normalarının pozulması nəticəsində Krımın Rusiyaya birləşdirilməsini tanımayacaq və yarımadanın türk-tatar əhalisinə dəstək göstərməyə davam edəcəkdir. Bununla yanaşı, Türkiyə hökuməti İstanbul və Krım arasında mövcud olan parom reyslərinin ləğv edilməsi ilə bağlı qərar qəbul etdi. Sevastopol, Kerç, Yalta, Feodosiya və Evpatoriyadan keçən gəmilərin Türkiyə limanlarına daxil olmaları qadağan edildi. Parom reysləri yalnız 2016-cı ilin oktyabr ayında bərpa olundu.
Bütövlükdə, Krımın Rusiya tərəfindən anneksiyasından sonra, Türkiyə tərəfindən səsləndirilən kəskin bəyanatların mövcud olmasına baxmayaraq, qeyd etmək lazımdır ki, ölkənin iqtisadi maraqları kontekstində Türkiyə hökuməti Rusiyaya qarşı əlaqələri məhdudlaşdıran heç bir qərar qəbul etməyibdir. Qərb dövlətlərinin Rusiyaya qarşı müxtəlif sanksiyalar qəbul etdiyini nəzərə alsaq, Türkiyə bu kimi tədbirlər həyata keçirməyibdir. Əksinə, bu amil Türkiyənin Rusiya ilə müxtəlif iqtisadi əlaqələrinin gücləndirilməsi ilə bağlı danışıqlar prosesinə də təsir etməmişdir.
Ümumilikdə, qeyd etmək lazımdır ki, son zamanlar iki dövlət arasında siyasi səviyyədə hər hansı bir mübahisə yarandığı zaman, iqtisadi maraqlar ön plana çəkilir və biznes strukturları hökumətə təsir edərək vəziyyətin stabilləşməsinə müvəffəq olurlar.
Beləliklə, Türkiyə və Rusiya arasında iqtisadi əlaqələrin rolu həlledici amil olaraq, bilavasitə digər sahələrdə əməkdaşlığa təsir edir.
İlk növbədə qeyd etmək lazımdır ki, Rusiya Almaniyadan sonra Türkiyənin ən böyük ticari tərəfdaşıdır. 2013-cü ildə Türkiyədən Rusiyaya malların və xidmətlərin ixracı 7 milyard dollar təşkil edirdi. Rusiyadan idxalın həcmi isə 25 milyard dollara bərabər idi. Türkiyə və Rusiya arasında ticarət dövriyyəsinin həcmi 32 milyard dollar təşkil edirdi. 2014- cü il ərzində isə Türkiyəyə idxalın həcmi 25,3 milyard, Rusiyaya ixracın həcmi isə 6 milyard dollar təşkil etmişdir. 2016–cı ildə idxalın həcmi 20,4 milyard təşkil etdiyi halda, 2016-cı ildə bu göstərici 13, 8 milyard dollara endi. Təbii, ki bu məlum hadisələrdən sonra Türkiyəyə qarşı iqtisadi məhdudiyyətlərin qəbul edilməsi ilə bağlı idi (4).
Bütövlükdə, Türkiyə biznes strukturlarının Rusiyanın ticarət və biznes mərkəzlərinin tikintisi və onların idarə edilməsi sahəsinə, qida sənayesi, mebel və təchizat, şüşə istehsalı sferasına, bank sektoruna yatırdıqları investisiyaların ümumi həcmi 10 milyard dollar təşkil edir. Bununla yanaşı, qeyd etmək lazımdır ki, Rusiya Türkiyənin tikinti şirkətləri üçün çox əhəmiyyətli ölkədir. Belə ki, 1989-cu ildən 2014-cü ilədək Türkiyənin tikinti şirkətləri Rusiyada 1923 layihə həyata keçiriblər. Bu layihələrin ümumi dəyəri 61,7 milyard dollar təşkil edir. Rusiyanın Türkiyədəki sərmayələrinin həcmi 10 milyard dollara çatır. Eyni zamanda, son zamanlar Rusiya vətəndaşları Türkiyədə daşınmaz əmlak əldə etməyə meyillidirlər. Belə ki, Türkiyədə Rusiya vətəndaşlarına aid olan daşınmaz əmlakın sayı 8000-ə çatır (4).
1992-ci ildən yaradılan ticari-iqtisadi əməkdaşlıq üzrə Türkiyə-Rusiya birgə hökumətlərarası komissiyasının fəaliyyəti sözügedən sahədə əlaqələrin tənzimlənməsi və stimullaşdırılmasına istiqamətlənir. Komissiyanın həmsədrləri hər iki dövlətin energetika nazirləridir.
Təbii ki, Türkiyə Rusiya münasibətlərinin ən önəmli komponentlərindən biri turizm sektorudur. Almaniyadan sonra Türkiyəni ən çox Rusiya turistləri ziyarət edirlər. 2014-cü ildə Rusiyadan Türkiyəyə 4,47 milyon, 2015-ci ildə isə 3,65 milyon turist səfər etdikləri halda, 2016-cı ildə bu göstərici məlum hadisələrdən sonra 0,8 milyon təşkil etmişdir (4).
İki dövlət arasında həmçinin, enerji sahəsində də əməkdaşlıq həyata keçirilir. Belə ki, Türkiyədə ilk atom elektrik stansiyanın tikintisi layihəsi məhz Rusiya tərəfindən həyata keçirilir. “Akkuyu” adlandırılan atom elektrik stansiyasının tikintisi haqqında saziş iki dövlət arasında 2010-cu ildə imzalanmışdır. Layihə hər biri 1200 Mbt gücü olan dörd enerji blokunun tikintisini nəzərdə tutur. Layihənin baş sifarişçisi və investoru “Akkuyu nuklear” aksioner cəmiyyətidir. Cəmiyyətin 95% aksiyaları “Rosatom” dövlət korporasiyası və onun bölməsi olan “Rosenerjiatom”a aiddir. Layihənin ümumi dəyəri 22 milyard dollar civarındadır. Tikinti işləri artıq 2015-ci ilin aprel ayından başlanmışdır. Atom elektrik stansiyasının ilk enerji blokunun istismara verilməsi 2020-ci ilə planlaşdırılır. Gələcəkdə atom elektrik stansiyasında müvafiq profil üzrə Rusiyada təhsil alan türkiyəli mütəxəssislərin çalışması nəzərdə tutulur.
Eyni zamanda, Türkiyə ilə Rusiya arasında münasibətlərin normallaşması iki ölkə arasında bir sıra layihələrin yenidən gündəmə gəlməsinə səbəb oldu. Bu həmçinin, Rusiya qazının Qara dənizdən və Türkiyədən keçməklə, Avropaya nəqlini nəzərdə tutan “Türk axını” layihəsinə aiddir.
Rusiya və Türkiyə 10 oktyabr 2016-cı ildə qaz sahəsində bütün mübahisəli məsələləri tənzimləyərək, razılıq əldə etdilər. Prezidentlər Vladimir Putinin və Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə sazişi Rusiya energetika naziri Aleksandr Novak və Türkiyənin energetika və təbii ehtiyatlar naziri Berat Albayrak imzalamışdırlar.
Saziş Qara dənizin dibi ilə qaz kəmərinin iki qolunun çəkilməsini nəzərdə tutur. Onların hər birinin gücü 15,75 milyard kubmetr olacaqdır. Bunlardan biri Türkiyə bazarına, digəri Avropaya tranzit üçündür.
Xatırladaq ki, “Türk axını”nın dəniz hissəsinin uzunluğu təxminən 900 km olacaqdır: Anapada başlanğıc götürən boru kəməri İstanbuldan 100 kilometr qərbdə sahilə çıxacaqdır. Borunun çəkilişi zamanı maksimum dərinlik 2200 metr nəzərdə tutulur.
Boru kəməri 2019-cu ilin sonunda istismara verildikdən sonra 2020-ci ildən başlayaraq Türkiyə Rusiya qazının idxalını tam həcmdə heç bir ölkədən tranzit olmadan ala biləcəkdir. Qeyd edək ki, hazırda Türkiyə birbaşa olaraq Rusiya qazını yalnız 2002-ci ildən istismarda olan “Mavi axın” boru xətti ilə idxal edir. Onun gücü ildə 16 milyard kub metrdir (1).
Təbii ki, “Türk axını” yalnız enerji faktoru ilə məhdudlaşmayan layihədir. Onun geosiyasi əhəmiyyəti olduqca böyükdür. İlk növbədə məlumdur ki, Rusiya Ukraynanın qərbə inteqrasiya meyillərini nəzərə alaraq, həmçinin iqtisadi və geosiyasi maraqlardan irəli gələrək, ixrac marşrutlarını şaxələndirməyə başlamışdır. Kreml ixrac xətlərini şaxələndirməklə, bir layihədən asılı olmaq istəmir, eyni zamanda, Qərbi özündən asılı saxlamağa çalışırdı. Türkiyə üçün də layihənin müsbət tərəfləri az deyildir. Belə ki, 2020-ci ilə kimi Azərbaycan, Yaxın Şərq ölkələri və Rusiyadan enerji marşrutları Türkiyədə cəmləşməlidir. Bu o deməkdir ki, faktiki olaraq cəmi bir neçə ilə Türkiyə dünyanın nəhəng enerji marşrutlarının keçdiyi tranzit ölkəyə çevriləcəkdir.
Azərbaycanın təşəbbüskar kimi çıxış etdiyi TANAP layihəsinə gəldikdə, Türkiyənin energetika naziri Taner Yıldız iki paralel xəttin bir-birinə mane və rəqib olmadığını bildirib. Türkiyə hər iki layihədə iştirak edərək, yalnız udur.
Prezident T.Ərdoğan Rusiya ilə əməkdaşlıqdan Avropaya təzyiq vasitəsi kimi istifadə edərək müəyyən mənada Moskvanı da öz təsirində saxlayır. Eyni zamanda, bununla Türkiyə də enerji mənbələrini şaxələndirmiş olur. Bütün qeyd olunan məqamların fonunda “Türk axını” layihəsi çox ciddi əhəmiyyətə malikdir.
Beləliklə, Türkiyə və Rusiya münasibətlərinin son dövrdə inkişafına nəzər yetirdikdə, aşağıdakı məqamları qeyd etmək məqsədəuyğun olardı:
1. Mövcud olan gərginlikdən sonra Türkiyə-Rusiya münasibətləri kifayət qədər stabil inkişaf edir. Hətta Türkiyədə Rusiya səfirinin öldürülməsi kimi ciddi bir insidentin üzərindən nisbətən “ağrısız” keçilməsi bunun bariz nümunəsi kimi qəbul oluna bilər.
2. Tərəflər arasında mövcud olan olduqca ziddiyyətli problemlərə baxmayaraq, hər iki dövlətin liderləri siyasi iradə nümayiş etdirərək, onların bir çoxunu tamamilə həll etməsələr də, müəyyən razılığa gəlməyə müvəffəq olmuşdurlar;
3. Türkiyə və Rusiyanın ayrı-ayrılıqda qərb dövlətləri ilə kifayət qədər mürəkkəb münasibətlərini nəzərə alsaq, onların bir-biri ilə əməkdaşlıqlarının inkişafı üçün ümumi platforma formalaşır;
4. Türkiyə və Rusiyanın siyasi elitası əməkdaşlığın inkişafında bilavasitə maraqlı olduqları halda, hər iki dövlətin daxili auditoriyası üçün münasibətlərin sürətlə istiləşməsi bir qədər gözlənilməzdir;
5. Siyasi elitanın mövqeyini dəstəkləmək məqsədi ilə Rusiyanın bəzi akademik dairələri son zamanlar çox irəli gedərək, Türkiyənin “avrasiyaçılıq” ideologiyasına yaxın olduğunu və Avrasiya inteqrasiya strukturlarına inteqrasiyasının zəruriliyini əsaslandırmağa çalışırlar;
6. Çox güman ki, hər iki dövlətin liderləri və siyasi elitası maraqlarına uyğun olaraq, tərəflər arasında mövcud olan münaqişəli məqamları neytrallaşdırmaq sahəsində səy göstərməyə davam edəcəklər.

 

Ədəbiyyat
1. Rusiya “Türk axını” boru kəmərinin tikintisinə başladı.08.05.2017. Caspian Barrel. http://caspianbarrel.org/az/2017/05/rusiya-turk-axini-boru-k-m-rinin-tikintisin-basladi/
2. Türk Akımı Haberleri. http://www.sabah.com.tr/haberleri/turk-akimi
3. Türkiye - Suriye Siyasi İlişkileri. Türkiye Cumhuriyyeti Dışişleri Bakanlığı. http://www.mfa.gov.tr/turkiye-suriye-siyasi-iliskileri-.tr.mfa
4. Торгово-экономические отношения Турции и России, 09.01.2017. Посольство Турецкой Республики в Москве. http://moscow.emb.mfa.gov.tr/ShowInfoNotes.aspx?ID=220069

Açar sözlər: Türkiyə, Rusiya, əməkdaşlıq, “Türk axını”, Suriya münaqişəsi
Ключевые слова: Турция, Россия, сотрудничество, «Турецкий поток», Сирийский конфликт
Key words: Turkey, Russia, collaboration, “Turkish stream”, Syrian conflict

Резюме
Отношения между Турцией и Россией в современный период
Нафиля Рагимова
В статье исследуется современное состояние взаимоотношений между Турцией и Россией в различных областях. В частности, рассматривается сотрудничество между Турцией и Россией по урегулированию Сирийского конфликта, отражается позиция Турции по Крымскому вопросу. Помимо этого, освещается сотрудничество между двумя государствами в экономической и энергетической сфере. В данном контексте оценивается строительство первой турецкой атомной электростанции «Аккую» и участие России в данном проекте. Также в статье находит отражение проект строительства газопровода «Турецкий поток» и оценивается его геополитическое значение.

Summary
Relation between Turkey and Russia in contemporary period
Nafile Rahimova
In the article relations between Turkey and Russian in contemporary period in different areas have been investigated. Particularly, article reflects the collaboration between Turkey and Russia on Syrian conflict, position of Turkey on Crimean problem. In addition, cooperation between two states in economic and energy fields has been studied in the article. Author investigates the collaboration between Turkey and Russian on construction of first Turkish atomic power station “Akkuyu”. The article also contains information on “Turkish stream” project.

 

"GEOSTRATEGİYA" jurnalı №06 (42) NOYABR-DEKABR 2017


Nafİlə Rəhİmova
Siyasi elmlər üzrə fəlsəfə doktoru



Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM