PESCO: vahid Avropa ordu quruculuğunun ilk mərhələsi?

10:14 / 29.03.2018

Ötən il noyabrın 13-də Brüsseldə Avropa İttifaqına (Aİ) daxil olan 23 ölkə müdafiə və təhlükəsizlik sahəsində daimi strukturlaşdırılmış əməkdaşlıqla (PESCO) bağlı sənəd imzalayıblar. Onu təşkilata üzv ölkələrin xarici işlər və müdafiə nazirləri imzalayıblar. Tədbirdə Aİ-nin xarici məsələlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Federika Moqerini də iştirak edib. Hadisədən sonra həm rəsmi şəxslər, həm də ekspertlərin bunun geosiyasi-hərbi təsirləri haqqında irəli sürdükləri tezislərdə ümumən bu olay müsbət qiymətləndirilir, Avropada inteqrasiya proseslərinə təkan verəcəyi bildirilir. Konkretliklərə gəldikdə isə hər bir ölkənin bu prosesdə özünəməxsus rolu olacağı proqnozlaşdırılır. Həmin kontekstdə də vahid ordunun liderlərinin Fransa və Almaniya olacağı barədə fikir bildirilir. Bütün bunların fonunda imzalanan sənədin hansı geosiyasi yeniliklərə təkan verəcəyinin analizi əhəmiyyət kəsb edir. Bütövlükdə Aİ-də hansı proseslər baş verir? Onların başqa regionlara təsiri necə ola bilər? Qlobal miqyasda qüvvələr nisbəti necə dəyişə bilər? Bu kimi suallara cavab tapmaq üçün imzalanan sənədin analizi üzərində geniş dayanmaq lazım gəlir.

Avropanı təhdid edən təhlükələr: çıxış yolu axtarışları

Avropa İttifaqının geosiyasətinin qlobal miqyasda əhəmiyyətinin daha da artdığı hiss olunur. Ekspertlər bunun bir neçə səbəbini vurğulayırlar. Öncə ABŞ-ın yeni rəhbərliyinin "Qoca qitə"yə münasibəti qeyd edilir. Donald Tramp prezident seçiləndən NATO-da islahatlara ehtiyac olduğunu daim vurğulayır. Bunun fonunda o, Avropanın təhlükəsizliyi ilə bağlı Vaşinqtonun üzərinə götürdüyü öhdəliklərə də bir qədər fərqli münasibətini bildirir. Konkret olaraq, Vaşinqton artıq əvvəlki kimi Avropanın müdafiə və təhlükəsizliyi üçün maliyyə xərcləmək fikrində olmadığını bəyanlayır.

Brüsseldə bu informasiyalar Aİ-nin öz təhlükəsizliyinə daha geniş miqyasda yanaşmalı olduğu qənaəti yaradıb. Təbii ki, məsələ yalnız ABŞ-la məhdudlaşmır. Aİ-ni narahat edən digər faktor Yaxın Şərqdə baş verən hadisələrdir. Həmin regiondan miqrantlar Avropaya axışırlar. Bundan başqa, terror təhdidləri artıb. İŞİD-in dağıdılması ilə terrorçuların Avropaya istiqamətlənəcəyi ehtimal edilir. Bu da təhlükəsizliklə bağlı əlavə tədbirlərin görülməsini aktuallaşdırır. O cümlədən Aİ-ni əhatə edən müdafiə tədbirlərinə ehtiyac artır.

Aİ rəsmiləri Rusiya faktorunu da vurğulayırlar. Ukraynada cərəyan edən proseslərin fonunda Moskvanın Baltikyanı ölkələri, İsveç və Norveçi dolayısı ilə təhdid etməsi Brüsseli narahat edir. Belə hesab olunur ki, daha çevik və səmərəli reaksiya verə biləcək orduya ehtiyac yaranıb.

Nəhayət, Aİ-nin geosiyasi dinamikasına təsir edən faktorlardan biri kimi təşkilatın öz daxilində müşahidə edilən prosesləri də vurğulamaq lazımdır. Məsələnin bu tərəfi analitikləri daha çox düşündürür. Etiraf edilir ki, Aİ-nin gələcək taleyi haqqında birmənalı proqnoz vermək mümkün deyildir. Çünki kifayət qədər ciddi ziddiyyətlər mövcuddur. Ona görə də fərqli ssenarilərdən bəhs edilir və onların sırasında xarici təhdidlər nəticəsində təşkilatın xeyli zəiflədilməsi ssenarisi də istisna edilmir. Hətta Aİ-nin dağıla bilməsindən də danışılır. Həmin prosesə iki səviyyədə reaksiya vermək təklif edilir. Birincisi, Şengen zonasında müəyyən təhlükəsizlik tədbirlərinin görülməsidir. Buraya gediş-gəlişin hansısa qaydada nəzarət altına alınması da aiddir. Həmin bağlılıqda miqrantların yerdəyişməsinə xüsusi diqqət yetirilməsi barədə düşünülür. Digər məqam Aİ-yə daxil olan ölkələrin vətəndaşlarının miqrasiyasına nəzarətlə əlaqəlidir. Təbii ki, Aİ hansısa sərt qaydanı deyil, demokratik çərçivədə nəzarət mexanizmlərini həyata keçirə bilər.

İkincisi, Şengen məkanına daxil olan ölkələrin xarici sərhədlərinin daha mükəmməl qorunması qayğısı ilə bağlıdır. Təşkilat daxilində məhz bu məsələ ilə bağlı fikir ayrılıqları vardır. Bir qisim ölkələr yumşaq tədbirlərin həyata keçirilməsini dəstəkləyir. Digərləri isə ordu yaratmağa qədər ciddi addımların atılmasına üstünlük verir. İkinci mövqenin tərəfdarları içərisində Aİ-nin xarici məsələlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Federika Moqerini də vardır. O belə bir fikir bildirib: "Yalnız bir yerdə ittifaq halında zəmanəmizim təhlükəsizlik problemlərinin öhdəsindən gələ bilərik" (1).

Bütün bu proseslər Aİ-yə daxil olan 23 ölkənin xarici işlər və müdafiə nazirlərini müdafiə və təhlükəsizlik sahəsində daimi strukturlaşdırılmış əməkdaşlıq müqaviləsi (PESCO, Permanent Structured Cooperation) imzalamağa gətirib çıxardı. PESCO üçün 5 milyard avro həcmində büdcə ayrılıb. Böyük Britaniya, Danimarka, Malta, Portuqaliya sənədi imzalamaqdan imtina ediblər. İrlandiya bitərəf qalıb.

Fransa daha az sayda ölkələrin buraya daxil olmasını istərdi, lakin təşkilatın kiçik üzvləri asılı vəziyyətdə qalmaqdan qorxaraq, son anda sənədə imza atmağa qərar veriblər. Bu da Almaniyanın marağına uyğundur. Hər bir ölkə öz üzərinə 20 öhdəlik götürməlidir. Bunlara ümumi məqsəd naminə müdafiə xərclərini müntəzəm olaraq artırmaq öhdəliyi də daxildir. Hər bir ölkə müdafiəyə ayırdığı vəsaitin 20%-ni sərmayə şəklinə salmalı, 2% isə strateji potensialdakı zəif yerlərin müəyyənləşməsini nəzərdə tutan tədqiqatlara sərf edilməlidir.

Bundan başqa, sənədi imzalayan ölkələr Aİ-nin silahlı qüvvələrinin gücləndirilməsinə əhəmiyyətli töhfə verməli və birgə təlimlərdə iştirak etməlidirlər. İlkin mərhələdə təlim işlərinə, hərbi kəşfiyyat qurumları arasında əlaqələrin intensivləşməsinə, hərbi texnikanın bütün Avropa üzrə sürətli hərəkət etməsi imkanlarına daha çox diqqət ayrılacaq (1).

"Le Figaro"nun yazdığına görə, imzalama mərasimindən sonra Almaniyanın xarici işlər naziri Ursula fon der Lyayen deyib: "ABŞ-da Donald Trampın prezident seçilməsindən sonra çox vacibdir ki, biz avropalılar kimi müstəqil olaraq təşkilatlana bilək. Avropanın yaxınlığında təhlükəsizlik problemlərini bizim yerimizə heç kəs həll etməyəcək. Bunu biz özümüz etməliyik" (2).

NATO bu hadisəyə müsbət reaksiya verib, D.Tramp isə Şimali Atlantika Alyansına üstünlük verdiyini bəyanlayıb. Ekspertlər noyabrın 13-də Brüsseldə imzalanan sənədin reallaşa bilməsi ilə bağlı fərqli fikirlər ifadə edirlər. Hər şeydən əvvəl, söhbət hələ vahid ordunu real olaraq yaratmaqdan getmir. Qərb KİV-i bunu "Aİ-nin vahid hərbi güc yaratmaq yolunda irəliləyişi" kimi qiymətləndirir (3).

"Yatmış pərinin oyanışı": hərbi ittifaq yolunda

İtaliyanın "La Stampa" qəzeti daha maraqlı məqamlara diqqət yetirir. Bu nəşrin müəllifi yazır ki, Jan-Klod Yunker "Avropa müdafiəsini Lissabon müqaviləsinin yatan pərisi" adlandırmışdı, lakin noyabrın 13-də bu "gözəl pəri oyandı" (4). Məqalə müəllifi bunun aşağıdakı iki tarixi səbəbinin olduğunu vurğulayır: birincisi, "Brexit", ikincisi, Ağ Evə D.Trampın gəlişi. Lakin o, bunlarla yanaşı, "Yeni Rusiya təhlükəsi"ni də vurğulamağı unutmur. F.Moqerini bütün bunlara görə, sənədin imzalanmasını "yeni tarixin başlanğıcı" kimi qiymətləndirib (4). Lakin Fransa prezidentinin arzuladığı ordunu yaratmaq xeyli zaman tələb edir.

Vurğulanan məqamlar göstərir ki, avropalıların vahid ordu yaratmaq arzuları vardır. PESCO onun ilkin mərhələsidir. Ancaq mütəxəssislər bu mərhələdən konkret orduya keçidin bir sıra çətin məqamlarının olduğunu qeyd edirlər. Onlar hansılardır?

Buraya siyasi, maliyyə-iqtisadi, təşkilati-idarəetmə, hərbi-texnoloji xarakterli səbəblər aiddir. Avropa inteqrasiyasının mövcud vəziyyəti vahid Avropa ordusu yaratmağa yetərli deyil. Siyasi aspektdə xeyli fikir ayrılığı var ki, onlar aradan qaldırılmadan hansısa yeni hərbi inteqrasiya modelini reallaşdırmaq çox çətindir. Ordu komandanlıq, məxsusi hərbi güc, öz maliyyəsinin varlığını tələb edir. Aİ isə nə federasiyadır, nə də milli dövlətlərüstü qurumdur. Ona görə də vahid ordu yaratmaq xeyli problemli görünür.

Mütəxəssislərin diqqət yetirdiyi başqa məsələ NATO ilə münasibətlər olacaq. Məsələ ondan ibarətdir ki, Aİ öz silahlı qüvvələrini yaradıb güclənsə, avtomatik olaraq NATO-ya rəqib ola bilir. Bu halda ümumi komandanlıq kimin əlində olacaq? NATO Avropa ordusuna güzəştə gedəcəkmi? Bu suallara cavab vermək çətindir. Əksəriyyət hesab edir ki, kifayət qədər ziddiyyətli durum yarana bilər.

Başqa çətinlik vahid ordunun başlıca məqsədləri ilə bağlı fərqli mövqelərin olmasından qaynaqlanır. Bu ordu münaqişə zonaları ilə məhdudlaşa, Rusiyaya qarşı durmaq məqsədi daşıya, terrorizm və miqrasiya məsələsində Aİ-nin xarici sərhədlərini qorumaq məqsədi üçün yaradıla bilər. Bütün hallarda Aİ rəsmiləri hesab edirlər ki, vahid ordu klassik hücum ordusu olmayacaq.

Digər məsələ bu orduya NATO üzvlərinin daxil edilməsi ilə bağlıdır. Bu halda türk ordusu üzv ola biləcəkmi? Bunlardan başqa, daimi olaraq həmin ordu hansı maliyyə hesabına mövcud olacaq? Bu kimi suallar az deyil. Ancaq avropalı siyasi liderlər atdıqları addımın doğru olduğuna əmindirlər və onu inkişaf etdirmək niyyətlərini gizlətmirlər.

Beləliklə, PESCO Aİ tarixində yeni mərhələnin başlanğıcı ola bilər. İndi təşkilata daxil olan ölkələr hərbi-müdafiə sahəsində əməkdaşlığı genişləndirmək və dərinləşdirmək qayğısına qalacaqlar. Bunun fonunda Aİ-nin iki böyük dövlətinin – Fransa və Almaniyanın PESCO daxilində vəzifələri necə bölüşdürəcəkləri maraq doğurur. Sirr deyil ki, Paris liderliyi ələ almağa çalışır. Fransa hərbi-müdafiə sferasında Aİ-nin öndə gedən dövləti olmağı hədəfləyib. Onun qarşısında ən ciddi əngəl isə Almaniyadır.

Almanlar uzun illərdir ki, Aİ-də aparıcı rol oynayırlar. Berlin getdikcə daha geniş sahələrdə nəzarəti ələ almaq xətti yeridir. Buraya hərbi-müdafiə sahəsi də aiddir. Çünki Almaniya özünün və müttəfiqlərinin təhlükəsizliyinin təminində əsas rol oynamaqla növbəti dəfə məğlub olmaq istəmir. İkinci dünya müharibəsindən sonra Qərb Almaniyanı hərbi aspektdə həmişə arxa planda tutub. İndi isə Berlin Qərbin müdafiəsində başlıca rol oynamaqla həmin bədbin hadisənin bir daha təkrarlanmamasını təminat altına almaq istəyir.

İki böyük Avropa dövlətinin hərbi liderlik uğrunda gizli mübarizəsi bütövlükdə PESCO-ya, sonra isə vahid ordu yaradılsa, ona komandanlıq etməkdə ciddi problemlər meydana gətirə bilər. Mütəxəssislər məsələnin başqa aspektini də vurğulayırlar. Onlar Aİ-yə daxil olan kiçik dövlətlərin vahid ordu yaradıldığı halda tamamilə Fransa və Almaniyadan asılı hala gələcəklərini ifadə edirlər. Bu baxımdan Şərqi Avropa ölkələri daha çox zərər görə bilər. Deyək ki, Rumıniya, yaxud Bolqarıstan müdafiə məsələlərində nə dərəcədə müstəqil hərəkət edə bilərlər? Onlar uzun müddət başqasının hərbi potensialına arxalansalar, vəziyyət köklü şəkildə dəyişdiyi halda, nəyə arxayın olacaqlar? Yaxud Polşanın maraqlarını PESCO nə dərəcədə ödəyir?

Avropa, ABŞ və Çin: geosiyasi münasibətlərin mümkün dinamikası

Bu sualların fonunda ekspertlər Böyük Britaniya və ABŞ faktorlarına da diqqət yönəldirlər. Böyük Britaniya PESCO-nu imzalamayıb. London müdafiə və təhlükəsizlik məsələlərində NATO-ya üstünlük verir. Konkret olaraq isə Amerika ilə hərbi əməkdaşlığı önə çəkir. Belə olan halda vahid Avropa ordusundan nə dərəcədə danışmaq mümkündür?

Amerika məsələsi də başqa problemdir. Təbii ki, Vaşinqton güclü və vahid Avropa ordusunun yaranmasında maraqlı deyil. Çünki bu halda avropalıların ABŞ-a ehtiyacı qalmır. Brüssel öz təhlükəsizliyini təmin edə biləcəksə, onda okeanın o tayından göstərişlər almaq lazım gəlmir. Bu da Amerikanın geosiyasi aspektdə mövqeyinə müsbət təsir etməz. Bu səbəbdən D.Tramp NATO-ya daha çox diqqət ayrılmasını tələb edir. Maliyyə məsələsində burada bir sıra suallar meydana çıxır.

Məsələ ondan ibarədir ki, D.Tramp NATO-ya daxil olan ölkələrdən təşkilata daha çox maliyyə ayırmağı tələb etmişdi. O, Amerikanın artıq kimsənin əvəzinə pul xərcləməyəcəyini bəyan etmişdi. Bu, avropalıların xoşuna gəlmədi. Ancaq hələlik NATO-dan başqa, onları hərbi sahədə birləşdirən təşkilat yoxdur. Deməli, Aİ üzvləri istər-istəməz Şimali Atlantika Alyansına maliyyə ayırmalıdırlar. Bu yükü Aİ-nin bütün üzvləri daşıya biləcəkmi? Bir sıra şübhələr vardır. Çünki iqtisadi-maliyyə cəhətdən zəif olan ölkələr (məsələn, Yunanıstan) xərc məsələsində xeyli ehtiyatlı davranmalıdırlar.

Belə çıxır ki, vahid ordu məsələsi ideya kimi maraqlı olsa da, onun indiki mərhələdə reallaşması şansı çox azdır. Qərbin özündə problemə vahid mövqe yoxdur. Bunlara Amerika faktoru da əlavə edilir. Eyni zamanda, Moskvanın reaksiyasını da qulaqardına vurmaq doğru deyil. Brüsseldə gizlətmirlər ki, Avropa "yeni rus təhlükəsi" ilə üz-üzədir. Bu o deməkdir ki, Aİ Rusiya sərhədləri yaxınlığında hərbi varlığını gücləndirməyə çalışacaq. Bəs Kreml buna necə cavab verə bilər? Təbii ki, yeni silahlar və əsgəri gücünü artırmaqla. Onda vahid Avropa ordusu nəinki mövcud təhlükəsizlik problemlərini həll etmir, həm də yenilərinin meydana gəlməsinə təkan verir. Onda həmin ordunu yaratmaq nə dərəcədə səmərəlidir?

Bütün bunlar vahid Avropa ideyasının bir neçə geosiyasi sualı meydana gətirdiyini deməyə əsas verir. İlk növbədə, aydın olur ki, Avropa təhlükəsizlik və müdafiə məsələlərində müstəqil davranmağa meyllənib. Qərbin daxilində həmin istiqamətdə müəyyən parçalanma özünü göstərir – avropalılar amerikalılara əvvəlki kimi inanmırlar. Avropalıların bu istəyi öz daxillərində parçalanmaları stimullaşdıra bilər. Belə ki, "Qoca qitə"də Vaşinqtonun tərəfdarları az deyil. Onlar Amerikadan ayrı hərbi sistemin yaradılmasını istəməzlər. Bu da qeyri-ixtiyari olaraq Aİ daxilində silkələnmələr yarada bilər.

Bundan başqa, qlobal geosiyasi proseslərdə yeni çalarların meydana gəlməsi ehtimalı da yüksəlir. Çünki vahid Avropa ordusunun yaradılması ilə Qərbin təhlükəsizliyini təmin etməyin konkret nədən ibarət olduğunun nəzəri və praktiki izahı mürəkkəbləşir. Əgər geosiyasi-hərbi aspektdə vahid Qərb yoxdursa, onda, ümumiyyətlə, Qərbin təhlükəsizliyi nə demək olur? O cümlədən energetik təhlükəsizlik məsələsi qeyri-müəyyənliyə çevrilir. Sonuncu məqam özü ilə xeyli sayda geosiyasi problemlər meydana gətirə bilər. Burada ilk olaraq ABŞ-Rusiya-Çin "geosiyasi üçbucağı" və Avropanın geosiyasi statusu üzərində düşünmək lazım gəlir. Çünki Aİ-nin müstəqil geosiyasi gücə çevrilməsi bütövlükdə geosiyasi balansda düzəliş edilməsini tələb edir. Brüssel yuxarıda vurğulanan güclərdən hansına necə münasibət göstərəcək? Deyək ki, Rusiyaya qarşı sərt mövqe olsa, Çinlə münasibətin dinamikası necə ola bilər? Yaxud ABŞ Avropanın Çinlə hansısa ciddi geosiyasi yaxınlaşmasına necə reaksiya verə bilər? Bütövlükdə dünyanın ən güclü dövlətləri olan ABŞ və Çin Avropanın yeni yüksəlişini həzm edə biləcəklərmi?

Təbii ki, burada bir paradoks da özünü göstərə bilər. Belə ki, ABŞ Avropanı və Çin də yenə Avropanı öz tərəfinə çəkməyə çalışacaqlar. Bu mübarizənin fonunda isə Brüsselin tam müstəqil oyunçu olmaq planı öz təsirini göstərməlidir. Bundan başqa, Avropa heç bir halda Rusiyanın maraqlarını nəzərə almaya bilməz. Deməli, böyük güclər arasında mürəkkəb bir oyun başlaya bilər ki, burada da risk faktorunun rolu yüksəkdir.

Bütün bunlarla yanaşı, vahid orduya malik Avropanın İslam ölkələri ilə münasibətləri son dərəcə maraqlıdır. Məlumdur ki, miqrant axını ilə avropalıların müsəlmanlara münasibətində bir sıra qeyri-insani məqamlar meydana gəlib. İslamofobiya güclənib. İnsan haqları ciddi surətdə pozulur. Təsadüfi deyil ki, avropalılar PESCO-nu həm də "hərbi Şengen" adlandırırlar ki, burada Aİ-nin xarici sərhədlərini ilk növbədə radikal düşüncəli müsəlmanlardan qorumaq nəzərdə tutulur. Deməli, əslində, yaradılacaq Avropa ordusunun mayasında antimüsəlman məzmun çaları vardır. O halda dünya yeni "səlib yürüşləri"nin şahidi olmayacaq ki?

Hər bir halda, belə görünür ki, Avropada hərbi sahədə inteqrasiya zərurətinin yarandığını düşünürlər. 23 ölkənin hərbi gücü bir yerə qoymaq qərarı geosiyasi aspektdə kifayət qədər təsirli hadisə ola bilər. Onların vahid ordu halına gəlməsi isə birmənalı dünya meydanına növbəti super hərbi gücün daxil olması anlamına gəlməkdədir. Həmin ordunun hücum xarakterli olmayacağı bəri başdan deyilirsə, onun əsas olaraq regional təhlükəsizliyə üstünlük verəcəyini proqnozlaşdırmaq olar. Yəni vahid ordu Avropanı qorumağı başlıca vəzifə olaraq qəbul edir. Ancaq müasir dünyada qloballaşma hər şeyi nisbi xarakterli edib. Məsələn, Avropada hansısa radikal dini qrupu neytrallaşdırmaq üçün Aİ onun qaynağına zərbə vurmaqdan niyə çəkinsin? Deməli, istər-istəməz bu ordu harayasa hücum etməli olacaq. Həmin səbəbdən vahid Avropa ordusunun fəaliyyət dairəsi hələlik qeyri-müəyyəndir.

Beləliklə, 2017-ci il noyabrın 13-də avropalılar Brüsseldə növbəti tarixi addım atıblar. Onların əsas məqsədi Aİ-nin mövcudluğunu qorumaqdan ibarətdir. Bunun üçün problemin hərbi aspektini önə çəkirlər. Bu, yetərli olacaqmı? Bunu, heç şübhəsiz, zaman göstərəcək. Lakin onu unutmaq olmaz ki, Aİ-də antiinteqrasiya meylləri ordunun yoxluğundan meydana gəlməyib. Bu hadisənin mürəkkəb siyasi, geosiyasi, ideoloji və mədəni səbəbləri vardır. Ona görə də əsas sual bundan ibarətdir: ordu, səbəbləri müxtəlif olan antiinterqsiya prosesini dayandırmağa kifayət edəcəkmi? Bu suala cavabda nikbin olmaq olduqca çətindir. Bəlkə də heç mümkün deyil!

Kamal Adıgözəlov

Ədəbiyyat

1) Новый военный альянс – прорыв или провал? / Глобальная авантюра, 13.11.2017 // https://glav.su/forum/12/3134/threads/1258676/.

2) Le Figaro: Европа хочет осуществить старую мечту и освободится от США в вопросах обороны / Хвиля, 14.11.17 // http://hvylya.net/news/digest/le-figaro-evropa-hochet-osushhestvit-staruyu-mechtu-i-osvoboditsya-ot-ssha-v-voprosah-oboronyi.html. 

3) Steven Erlanger. E.U. Moves Closer to a Joint Military Force / The New York Times, 13.11.2017 // https://www.nytimes.com/2017/11/13/world/europe/eu-military-force.html. 

4) Marco Bresolin. Nasce la Difesa europea, che cosa prevede e come funziona / 13.11.2017 // http:// www.lastampa.it/2017/11/13/esteri/nasce-la-difesa-europea-che-cosa-prevede-e-come-funziona-UeaKn5TWqNTJGdRME6oqyK/pagina.html


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM