AZƏRBAYCANDA “İSLAM HƏMRƏYLİYİ İLİ”NİN MÜHÜM NƏTİCƏLƏRİ

08:00 / 27.05.2018

Qədim tarixə malik Azərbaycanın ərazisində yaşayan əhali müxtəlif dövrlərdə fərqli dinlərə etiqad bəsləmişlər. İslam dininin təşəkkül tapdığı VII əsrdən bu günə qədər isə Azərbaycan xalqı müsəlman xalqların cərgəsində durur.
İslam dini Ərəbistan Yarımadasının hüdudlarından kənara çıxaraq çoxsaylı millətlərin ümumi dininə çevrilmişdir. Azərbaycanın böyük alim və mütəfəkkirləri öz qiymətli əsərləri ilə daim Şərq xalqlarının elm və mədəniyyətini zənginləşdirmiş, həmin xəzinəyə qiymətli töhfələr vermişlər. Azərbaycanlı mütəfəkkir, alim, şair və ədiblərdən Bəhmənyar, Xətib Təbrizi, Şəhabəddin Sührəvərdi, Nizami Gəncəvi, Nəsirəddin Tusi, Mahmud Şəbüstəri, Məhəmməd ibn Hinduşah Naxçıvani, Seyid Yəhya Bakuvi, Həsən bəy Rumlu, Hacı Zeynalabdin Şirvani və yüzlərlə digərləri qiymətli əsərləri ilə ecazkar islam mədəniyyətinə bənzərsiz incilər bəxş etmişlər. İslam mədəniyyətinin, xüsusilə hədisşünaslığın məşhur nümayəndələri arasında ərəb dilində altı əsərin müəllifi, hədisşünas alim, öz dəst-xətti, elmi üslubu və metodu ilə hədis tarixinin “Qızıl dövrü” adlandırılan hicri III (miladi IX) əsrə yenilik gətirməyə nail olmuş Əhməd bin Harun əl-Bərdici (Bərdəli) [3] kimi azərbaycanlı alimin olması və uzun illər keçməsinə baxmayaraq, İslam üləması və tədqiqatçıları tərəfindən hörmətlə anılması, təqdir edilməsi Azərbaycanın İslam aləminin elm və mədəniyyətinə verdiyi töhfələrin bariz nümunələrindən biridir.
Qədim tarixə malik Azərbaycan əsrlər boyu öz milli-mənəvi dəyərlərini qoruyaraq yaşatmışdır. İslam dəyərləri Azərbaycanın milli-mənəvi dəyərlərinin tərkib hissəsidir. Əhalisinin 96 %-ni müsəlmanlar təşkil edən Azərbaycan İslam həmrəyliyi işinə böyük önəm verir. Bu məsələ ölkə rəhbərliyinin qarşısında duran prioritet məsələlərdən biridir. Ölkədə dini sahədə hökm sürən əmin-amanlıq, qarşılıqlı anlaşma, müsəlmanlar arasında mövcud olan birlik, dinlərarası münasibətlərin yüksək səviyyədə tənzimlənməsi bu gün Azərbaycanı gücləndirən amillərdən biridir.
Azərbaycan 1991-ci ildə müstəqilliyini bərpa etdikdən sonra milli, dini ənənələrinə diqqət və qayğını artırdı. Şübhəsiz, bu, dövlətin həm daxili, həm də xarici siyasətində aydın şəkildə müşahidə olunmaqda davam edir. Bununla əlaqədar olaraq, Azərbaycan Respublikasının Prezidenti zati-aliləri cənab İlham Əliyev Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, İslam həmrəyliyinin bərqərar olmasında Azərbaycanın özünəməxsus mövqeyinin möhkəmləndirilməsini təmin etmək məqsədi ilə 10 yanvar 2017-ci il tarixli qərarı ilə 2017-ci ili “İslam Həmrəyliyi İli” elan etdi. Ölkə rəhbərinin bu qərarı Azərbaycanın uzun əsrlərdən bəri İslam sivilizasiyasının əsas mərkəzlərindən biri olması, İslam dininin yayılmasında və eyni zamanda Müsəlman İntibahının bərqərar olmasında mühüm rol oynaması, eləcə də Azərbaycan ərazisinin ilk vaxtlardan İslam dininin maddi və qeyri-maddi irsinin formalaşmasına zəmin yaratması ilə sıx bağlıdır.
Tariximiz, dəyərlərimiz, milli kimliyimiz ilə sıx bağlı olan İslam dini daim Azərbaycan dövlətinin diqqət mərkəzində olmuş və İslam dininin dəyərləri dövlət qayğısı ilə əhatə olunmuşdur. Dinlə bağlı sərt qadağaların mövcud olduğu sovet dövründə Azərbaycanda cəmi 17 məscid fəaliyyət göstərdiyi halda, hazırda onların sayı 2000-i ötüb keçmişdir. Həmin məscidlərin 300-dən çoxu tarixi-mədəni abidə kimi qorunur. Bibiheybət, Təzəpir, Əjdərbəy, Şamaxı Cümə məscidləri və Gəncə şəhərindəki “İmamzadə” kompleksi dövlət tərəfindən əsaslı şəkildə yenidən qurularaq təmir olunmuş, ölkəmizin paytaxtında Cənubi Qafqazın ən möhtəşəm məbədi Heydər məscidi inşa edilmişdir.[14]
Bütün bunlar bir daha təsdiq edir ki, Azərbaycan İslam mədəniyyətinə aid zəngin maddi və mədəni irsə malik müsəlman ölkəsidir. O, tarixən olduğu kimi, bu gün də İslama öz töhfəsini verir və bu ali dinin sülhsevər missiyasını yaşadır.
Buna görə də təsadüfi deyildir ki, XX əsrin əvvəllərində müstəqilliyini elan edən Azərbaycan Xalq Cümhuriyyətinin Nazirlər Şurasının təsdiq etdiyi və təxminən 70 illik əsarətdən sonra müstəqilliyini bərpa etmiş müasir Azərbaycanın rəsmi simvollarından biri olan üçrəngli dövlət bayrağında göy rəng türkçülüyü, qırmızı rəng müasir azadlıq ideologiyasını, yaşıl rəng isə məhz islamçılığı tərənnüm edir. [2]
XX əsrin sonlarında qan bahasına bərpa edilən müstəqilliyin ilk illəri çətin müharibə şəraitində keçdi. Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasətinin genişlənməsi nəticəsində Azərbaycan ərazisi sürətlə işğal olunur, şəhidlərin sayı getdikcə artır, sağ qalan əhali isə qaçqın və məcburi köçkün həyatı yaşamağa məcbur olurdu.
1993-cü ildə dünyada tanınmış siyasətçi Heydər Əliyevin hakimiyyətə gəlməsi ilə Azərbaycan yeni və müasir inkişaf mərhələsinə qədəm qoydu. Nəticədə, xalqın böyük oğlu Heydər Əliyev müasir Azərbaycanın banisi və ümummilli lider kimi yaddaşlarımıza həkk olundu. Heydər Əliyev Respublikanın maddi imkanlarından, o cümlədən mənəvi dəyərlərindən ölkənin mənafeyi üçün məharətlə istifadə edir, Azərbaycanın nüfuzunun artması, onun beynəlxalq səviyyədə daha yaxşı tanınması üçün səylə çalışırdı. Heydər Əliyevin həyata keçirdiyi səmərəli və uzaqgörən siyasət nəticəsində Azərbaycan enerji ehtiyatlarının ticarəti sahəsində dünyanın qabaqcıl şirkətləri ilə əməkdaşlıq etməyə başlayır. Bununla da, Odlar Diyarı Azərbaycanın enerji məhsulları dünya bazarına çıxarılır və ölkə yüksək məbləğdə gəlir əldə edir.
Bu gün dünyanın 67 ölkəsində silahlı münaqişələr və müharibələr davam edir. Münaqişələrdə 750-dən çox qrup və dövlət iştirak edir. Təəssüflə qeyd edilməlidir ki, bu münaqişələrin əksəriyyəti ya müsəlman dövlətlərində baş verir, yaxud da müsəlmanlar həmin münaqişələrdə bu və ya digər şəkildə iştirak edirlər. Bir fakt da qeyd edilməlidir ki, müsəlmanların iştirak etdiyi əksər münaqişələrin kökündə məzhəb fərqliliyi dayanır. Aparılan tədqiqatlar göstərir ki, müsəlman ölkələrində hökm sürən radikal məzhəbçilik onları bölən əsas məqamlardan birincisidir. Bəzi ölkələrdə İslamın bir məzhəbinin nümayəndələrinin 50 faizdən çoxu digər İslam məzhəbinin nümayəndələrini müsəlman hesab etmir. Yəni Quran və İslam dəyərlərinin Afrikada, Yaxın Şərqdə və Cənub-şərqi Asiyada müxtəlif şəkildə və fərqli interpretasiyası aparılır. Nəticə etibarı ilə İslam dəyərləri Yaxın Şərqdə ərəb dövlətləri və İran arasında, Yaxın Şərqlə Türkiyə arasında, eləcə də müsəlman Pakistanı və müsəlman Hindistanı arasında özünü fərqli göstərir. Keçirilən sorğuların nəticəsi göstərir ki, 39 müsəlman ölkəsindən 32-də insanların böyük əksəriyyəti İslamda bir doğru yolun olduğu, digər alternativ izahların isə məqbul hesab edilmədiyi qənaətindədir. [4]
Belə olduqda İslam həmrəyliyinin gücləndirilməsi həm dünyada layiqli yer tutmaq, eləcə də insanlara əlverişli həyat bəxş etmək baxımından çox vacibdir.
Nəzərə almaq lazımdır ki, Azərbaycan müxtəlif azsaylı xalqlarla yanaşı müxtəlif din və eyni din daxilində müxtəlif məzhəb, təriqət və əqidə nümayəndələrinin yaşadığı bir ölkədir. Buna baxmayaraq, tarix boyu dini zəmində ciddi problemlərlə qarşılaşmamağımız yenə də xalqımızın müdrikliyi, sülhsevərliyi, insanpərvərliyi və uzaqgörən dövlət rəhbərlərinə sahib olmasından irəli gəlir.
İslam mədəniyyəti Azərbaycanın milli mədəniyyətinin ayrılmaz hissəsidir. Azərbaycanın coğrafi mövqeyi İslam mədəniyyətinin inkişafında və təbliğində mühüm yer tutur. Qafqazda İslam məhz Azərbaycan vasitəsilə yayılmışdır. Buna görə də təsadüfi deyildir ki, Qafqazın ən qədim iki məscidindən biri Azərbaycanın Şamaxı rayonunda yerləşən Cümə məscididir. Müxtəlif təbii fəlakətlərə, erməni vəhşiliklərinə məruz qalmış bu məscid xalqımız tərəfindən qorunub saxlanılmış və müasir Azərbaycan hökuməti tərəfindən əsaslı təmir edilərək müsəlmanların istifadəsinə verilmişdir. Orta əsrlərin memarlıq üslubunu özündə əks etdirən bu qədim məscid Azərbaycanda İslam həmrəyliyi prinsipinin kökünün İslamın özü qədər qədim olduğuna dəlalət edən orijinal nişanələri ehtiva edir. Belə ki, Cümə məscidində tarix boyu eyni günbəz altında İslamın fərqli məzhəb və əqidə sahibləri qarşılıqlı hörmət və anlaşma şəraitində Allaha ibadət etmişlər. Şamaxı Cümə məscidi, bəlkə də, dünyada nadir ibadət ocaqlarından biridir ki, məscidlərin qiblə tərəfdəki divarında yerləşən və namaz qılanların üzlərini çevirdikləri oyuq yer (mehrab) bir deyil, üç dənədir. Bu, tarix boyu ölkəmizdə fərqli məzhəb və təriqətlərin bir-birinə yaxın, əmin-amanlıq şəraitində ibadət etməsinin bariz nümunəsidir.
Azərbaycanın çoxəsirlik mədəniyyətinin təməlində İslam faktoru aparıcı yer tutur. Bununla da, müstəqil dövlətimizin müsəlman aləminə diqqətinin artması çox təbiidir. Bunu Prezident İlham Əliyevin müsəlman dövlətlərinə ardıcıl səfərləri, İslam Əməkdaşlıq Təşkilatı, Türkdilli Dövlətlər Şurası, İqtisadi Əməkdaşlıq Təşkilatı və digər bu kimi universal və regional beynəlxalq təşkilatlarda Azərbaycanın fəal iştirakı da təsdiqləyir. Etiraf olunmalıdır ki, bir çox hallarda məhz Azərbaycanın təklifləri bu təşkilatlar çərçivəsində əməkdaşlığın yeni formalarının müəyyən edilməsində başlıca rol oynayır.[1]
Azərbaycanda tətbiq olunan dövlət-din modelinin ən böyük uğuru ondan ibarətdir ki, dünyada dinlərarası və məzhəblərarası qarşıdurmaların baş verdiyi müasir dövrdə Azərbaycanda bu sahədə hansısa gərginlik yaşanmır. Bir faktı söyləmək kifayətdir. Belə ki, əsrlərdən bəri İslam dünyasının iki böyük – şiə və sünni məzhəblərinin nümayəndələri ibadətlərini fərqli şəkildə və fərqli məkanda həyata keçirirlər. Tarixdə bir neçə dəfə onların birliyinə, həmrəyliyinə təşəbbüslər göstərilsə də, indiyədək bu təşəbbüslər davamlı xarakter almayıb. İslam aləmində məzhəb məsələsinin ön plana çıxdığı bir dövrdə 2016-cı ilin yanvar ayının 15-də Bakıdakı Heydər məscidində məzhəbindən asılı olmayaraq, ölkə müsəlmanları ilk dəfə bir araya gələrək eyni vaxtda, bir yerdə, bir sırada vəhdət namazı qıldılar və bu, ənənəyə çevrilərək digər məscidlərdə də tətbiq olunmağa başladı.[5]
Harmoniya və həmrəylik əldə etmiş müsəlmanlar ayrı-seçkiliyə məruz qalmadıqca başqa dinlərə də yalnız barış və hörmət nümayiş etdirəcəklər. Bu baxımdan 2017-ci ilin Azərbaycanda “İslam Həmrəyliyi İli” elan edilməsi ölkəmizi bu prosesin avanqardına çevirir. “İslam Həmrəyliyi İli” yalnız din sahəsində deyil, eyni zamanda müsəlman ölkələrinin həm sosial-iqtisadi, həm siyasi, həm də mədəniyyət sahəsində bir-birinə dəstək olması, həmrəylik nümayiş etdirməsidir və onların arasında nifaq salmaq istəyənlərə tutarlı cavabdır.[4]
Dövlət başçısı bu addımı ilə islam aləmini müxtəlif aktual məsələlərə dair həmrəyliyə, qarşılıqlı anlaşmaya nail olmağa və vahid mövqedən çıxış etməyə çağırdı. Bu təşəbbüs Azərbaycanın müsəlman ölkələri ilə dünyanın digər ölkələri arasında əlaqələri və əməkdaşlığı möhkəmlətmək istəyini əks etdirirdi. Bu, həm də ölkəmizin gücünü, onun müsəlman dünyasında oynadığı rolu göstərirdi. Prezident İlham Əliyev hər zaman vurğulayır ki, bu gün islam dünyasının birliyə və həmrəyliyə daha çox ehtiyacı var. Ona görə də 2017-ci ilin ölkəmizdə “İslam Həmrəyliyi İli” elan olunması İslamın həm də sülh və mədəniyyət dini olduğunu bütün dünyaya göstərmək məqsədi daşıyırdı.[13]
2017-ci ilin sonunda Bakıda Qafqaz Müsəlmanları İdarəsi və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən, 40-a yaxın ölkədən tanınmış dövlət, din və elm xadimlərinin, 8 beynəlxalq təşkilatın rəhbərlərinin və təmsilçilərinin, müxtəlif ölkələrin dövlət başçılarının xüsusi nümayəndələrinin, dini konfessiya rəhbərlərinin, hökumət, ictimaiyyət və parlament üzvlərinin, diplomatik korpusun nümayəndələrinin iştirak etdiyi “İslam Həmrəyliyi İli-2017: Dinlər və mədəniyyətlərarası dialoq” mövzusunda konfrans təşkil olundu. Konfransda iştirak edən müsəlman və qeyri-müsəlman məruzəçilərin birmənalı şəkildə Azərbaycanın İslam həmrəyliyi istiqamətindəki səylərini yüksək qiymətləndirdilər. Belə ki, İran Prezident Aparatının rəhbəri Mahmud Vaezi İran prezidenti Həsən Ruhaninin konfrans iştirakçılarına müraciətini səsləndirdi. Müraciətdə 2017-ci ildə Azərbaycanın islam həmrəyliyi istiqamətində gördüyü böyük işlər vurğulandı, Bakıda baş tutan 4-cü islam həmrəyliyi oyunlarının əhəmiyyəti qeyd edildi.
Türkiyə Dəyanət İşləri rəhbəri, Türkiyə prezidentinin xüsusi nümayəndəsi Əli Erbaş isə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın müraciətini tədbir iştirakçılarına çatdırdı. Müraciətdə konfransın işinin müsbət nəticələr verəcəyinə əminlik bildirildi, dünyada münaqişələrin, zorakılığın artdığı bir dövrə təsadüf edən bu konfransın əhəmiyyəti qeyd edildi, 2017-ci ili islam həmrəyliyi ili elan etdiyinə görə Prezident İlham Əliyevə minnətdarlıq ifadə olundu.
Özbəkistanın dövlət müşaviri və prezidentin xüsusi nümayəndəsi Rüstəm Kamilov Prezident Şavkat Mirziyoyevin müraciətini səsləndirdi. Müraciətdə Azərbaycanın irəli sürdüyü bu təşəbbüs dəstəkləndi və bu konfransda təmsil olunmağın Özbəkistan üçün böyük şərəf olduğu vurğulandı.
Vatikanın xüsusi nümayəndəsi Xaled Akaşeh çatdırdığı Papa Fransiskin müraciətində isə dinlərarası dialoqun önəmi vurğulandı, ədaləti təşviq etmək üçün sülhün əhəmiyyəti qeyd edildi.
Fransa Mitropoliti və Eküminik patriarxlığın ekzarxı Emmanuel Adamkis səsləndirdiyi Konstantinopol Patriarxı birinci Varfolomeyin müraciətində bu mühüm təşəbbüsə verdiyi dəstəyə görə Azərbasycan Prezidenti İlham Əliyevə xüsusi minnətdarlıq bildirildi, konfransın sülhün təşviqinə töhfə olduğu vurğulandı.
Moskva və bütün Rusiya patriarxı Kirilin müraciətini Novqorod və Starorusun mitropoliti, patriarx Kirilin xüsusi nümayəndəsi Lev oxudu. Müraciətdə son illərdə Azərbaycanın Qafqazda dinlər və mədəniyyətlərarası dialoqun mərkəzi kimi özünü təsdiq etdiyi qeyd edildi, bu sahədə Azərbaycan dövlətinin xidmətləri vurğulandı.
Bütün Gürcüstanın katalikos-Patriarxı ikinci İlyanın müraciətini Axaltsiki və Tao-Klarcet Mitropoloti, Katalikos-Patriarx 2-ci İlyanın Vikarisi və xüsusi nümaynədəsi Teodor oxudu. Müraciətdə bildirildi ki, bu görüş dünyada sülh və sabitliyi təmin edən tədbirlərdən biridir.
Konfransda çıxış edən İSESKO-nun baş direktoru Əbdüləziz Osman əl- Tüveycri bu tədbirin təşkilinə görə Azərbaycan Prezidentinə təşəkkürünü bildirdi, islam aləmindəki həmrəliyin gücləndirilməsində Azərbaycanın dövlət başçısının səylərini vurğuladı. İSESKO-nun baş direktoru Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tezliklə həll olunmasının vacibliyini bildrdi.[13]
Milli-mənəvi dəyərlərin qorunmasından və bu məsələyə dövlət qayğısından danışarkən “İslam Həmrəyliyi İli”ndə ölkə başçısı cənab İlham Əliyevin “Mənəvi Dəyərlərin Təbliği Fondu” nun yaradılması haqqında 10 oktyabr 2017-ci il tarixli fərmanını qeyd etmək vacibdir.[10]
Xalqımızın zəngin milli-mənəvi dəyərlərinə böyük həssaslıqla yanaşan Azərbaycan Respublikasının Birinci Vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və ISESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın bu dəyərlərimizin qorunması istiqamətindəki fəaliyyəti xüsusi vurğulanmalıdır. Mehriban xanım Əliyeva hər zaman Azərbaycan həqiqətlərini beynəlxalq tədbirlərdə ən yüksək tribunalardan xarici ölkə nümayəndələrinin diqqətinə çatdırıb. Onun rəhbərliyi ilə fondun “Tolerantlığın ünvanı – Azərbaycan” layihəsi çərçivəsində Mərdəkan qəsəbəsindəki XVI əsrə aid “Pir Həsən” ziyarətgahında, Binə qəsəbəsindəki “Möhsün Səlim” və “İmam Rza”, Gəncədəki “Həzrəti Zeynəb”, Buzovna qəsəbəsindəki “Cümə” və s. məscidlərdə əsaslı təmir və bərpa işləri aparılıb, o cümlədən yeni məscidlər istifadəyə verilib.[5]
2013-cü il iyulun 24-də Səudiyyə Ərəbistanının Ciddə şəhərində İslam Həmrəyliyi İdman Federasiyasının VIII Baş Assambleyasında səsvermə zamanı Azərbaycanın 2017-ci ildə IV İslam Həmrəylik Oyunlarına ev sahibliyi etməsi haqqında qərar qəbul edilmişdir. Səsvermədə 57 üzv ölkənin nümayəndələri iştirak etmişdir. Qərar yekdilliklə qəbul edilmişdir.[11]
Hələ qədim zamanlarda olimpiya idman oyunları keçiriləndə müharibələr, qarşıdurmalar dayandırılırdı, insanlar bir araya gəlib idman yarışları keçirirdilər. Bu baxımdan ümidvarıq ki, İslam Həmrəyliyi ilində Azərbaycanda keçirilən IV İslam Həmrəyliyi Oyunları bir daha insanları birliyə, barışa, əməkdaşlığa dəvət etmək baxımından mühüm əhəmiyyət kəsb etmişdir.
Bu mötəbər yarışa ciddi hazırlaşmış Azərbaycan öz işini yüksək səviyyədə tamamlayaraq dünya, xüsusilə də İslam ölkələrinin rəğbətini qazandı.
İslam Həmrəyliyi idman oyunları idman ilə yanaşı başqa ali məqsədlərə də xidmət edirdi. Ölkə başçısının sözləri ilə desək: “Kimsə düşünürsə ki, bu yalnız idman tədbiridir, səhv edir, bunun böyük ictimai-siyasi əhəmiyyəti var”.[1]
“İslam Həmrəyliyi İli”ndə yadda qalan mühüm hadisələrdən biri də 13 dekabr 2017-ci il tarixində İstanbulda İslam Əməkdaşlıq Təşkilatının (İƏT) fövqəladə Zirvə toplantısı oldu. Toplantıda iştirak edən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Prezident Ərdoğanın təşəbbüsü ilə keçirilən bu Zirvə görüşünün Türkiyənin İslam həmrəyliyi işinə verdiyi töhfənin növbəti təzahürü kimi qiymətləndirdi. [12] Azərbaycanın ardıcıl olaraq Fələstin-İsrail münaqişəsinin sülh yolu ilə, Şərqi Qüdsün Fələstin Dövlətinin paytaxtı olmaqla iki dövlət prinsipi əsasında həllini dəstəklədiyini bildirən cənab İlham Əliyev qeyd etdi ki, “Bir neçə il bundan əvvəl Azərbaycan Fələstin Dövlətinə yardım məqsədilə İslam Maliyyə Təhlükəsizlik Şəbəkəsinin təsis konfransına və Qüds şəhərinin inkişafına dəstək məqsədilə donor konfransına ev sahibliyi etmişdir. 2017-ci ilin iyul ayında Azərbaycanda BMT-nin Fələstin xalqının ayrılmaz hüquqlarının həyata keçirilməsinə dair komitəsinin, BMT-nin humanitar məsələlər üzrə əlaqələndirmə ofisinin, İƏT və müxtəlif qeyri-hökumət və vətəndaş cəmiyyəti təşkilatlarının iştirakı ilə Qüds məsələsinə dair beynəlxalq konfrans keçirilmişdir. Konfransda Şərqi Qüdsün işğalı və Əl-Aqsa məscidində ibadət edənlərə qarşı tətbiq olunan məhdudiyyətləri qınayan bəyanat qəbul edilmişdir. Biz hər zaman olduğu kimi, bu gün də Fələstin xalqının yanındayıq”.[12]
Öz çıxışında diqqəti Azərbaycanın ən böyük probleminə çəkən cənab İlham Əliyev iyirmi ildən artıqdır ki, Ermənistanın Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsi və ətraf 7 rayonu daxil olmaqla, 20 faiz torpağını işğal altında saxlamasını növbəti dəfə diqqətə çatdırdı. O, bildirdi ki, Ermənistanın təcavüzü nəticəsində 1 milyondan artıq azərbaycanlı qaçqın və məcburi köçkün vəziyyətinə düşmüşdür. İşğal olunmuş ərazilər tamamilə etnik təmizləməyə məruz qalmış və talan edilmişdir. Ermənistan məscidlər və İslam abidələri daxil olmaqla, bütün mədəni abidələri məhv etmişdir.[12]
İslam həmrəyliyi işinə böyük önəm verən, eyni zamanda bu istiqamətdə səylərini əsirgəməyən Azərbaycan bütün müsəlman ölkələrinin bu məsələyə ciddi yanaşmalarını vacib hesab edir. Azərbaycanın 20% ərazisini işğal etmiş Ermənistanla müsəlman ölkələrinin dostluq əlaqələri qurması qəbuledilməzdir. Ölkə Prezidenti cənab İlham Əliyevin sözləri ilə desək: “Ermənistan müxtəlif müsəlman ölkələri ilə dostluq münasibətləri qurmaq istəyir. Bu ən böyük riyakarlıqdır. Dünya müsəlmanları bilməlidirlər ki, müqəddəs məscidlərimizi dağıdan Ermənistan müsəlman ölkələrinin dostu ola bilməz”.[12]
İslam dininin sülh, əmin-amanlıq, insanpərvərlik və həmrəylik dini olması mədəniyyətlərarası və dinlərarası münasibətlərin hazırkı dövründə xüsusi aktuallıq kəsb edir. Azərbaycan Respublikası Prezidentinin “2017-ci ilin Azərbaycan Respublikasında “İslam Həmrəyliyi İli” elan edilməsi haqqında” 2017-ci il 10 yanvar tarixli Sərəncamının icrası ilə əlaqədar 2017-ci ildə Azərbaycanda və onun hüdudlarından kənarda silsilə tədbirlər təşkil edilib, o cümlədən Bakı şəhərində “2017 – İslam Həmrəyliyi İli: Dinlər və mədəniyyətlərarası dialoq” mövzusunda mötəbər beynəlxalq konfrans keçirilmişdir. İslam həmrəyliyinin möhkəmləndirilməsinə böyük töhfə verən həmin tədbirlər müsəlman aləmində özünəməxsus mövqeyə və nüfuza malik Azərbaycanın dini-mənəvi dəyərlərə dərin ehtiramının ifadəsinə çevrilib, həmçinin ölkəmizin tolerantlıq mühitinin və multikulturalizm təcrübəsinin təbliği baxımından böyük əhəmiyyət kəsb edib. Buna görə də “İslam Həmrəyliyi İli”nin davamı kimi 2018-ci ildə əlavə tədbirlərin keçirilməsi planlaşdırılıb.[14]


Ədəbİyyat
Azərbaycan dilində:
1. Gövhər Baxşəliyeva, akademik, “İslami dəyərlərin böyük təəssübkeşi Prezident İlham Əliyevin bu təşəbbüsü uzaqgörən ictimai-siyasi qərardır”, Azərbaycan.- 2017.- 28 yanvar.- s. 5.
(http://www.azerbaijan-news.az/index.php?mod=3&id=114748)
2. İqrar Əliyev, Elmar Məhərrəmov, “Azərbaycan Respublikasının Dövlət Rəmzləri”, Bakı, Nurlan, 2008.
3. İlkin Əlimuradov, “IX-X əsrlər azərbaycanlı hədisşünas alim Əhməd Harun oğlu əl-Bərdici (Bərdəli)”, “Araz” nəşriyyatı, Bakı, 2016.
4. Rəfi Qurbanov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Xarici Əlaqələr şöbəsinin müdir müavini, “İslam həmrəyliyi müsəlman dünyasının xilasıdır”, www.salamnews.org, 28 Mart 2017
(http://salamnews.org/az/news/read/264097/islam-hemreyliyi-muselman-dunyasinin-xilasidir--dovlet-komitesi/)
5. Siyavuş Novruzov, Azərbaycan Respublikası Milli Məclisinin komitə sədri, YAP İcra katibinin müavini, “Heydər Əliyev Azərbaycanı multikulturalizmin və İslam həmrəyliyinin mərkəzinə çevirdi”, Azərbaycan.- 2017.- 9 may.

Ərəb dilində:
6. البرديجي، الحافظ أبو بكر أحمد بن هارون البرديجي (المتوفى 301/914)، كتاب الكبائر، تحقيق: د. محمد بن تركي التركي
7. السمعاني، أبو سعيد عبد الكريم بن محمد السمعاني(المتوفى 562 هـ)، الأنساب، تعليق عبدالله البارودي، الطبعة الأولى، بيروت: دار الكتب العلمية، 1408 – 1988م
8. ياقوت الحموي، شهاب الدين أبو عبد الله ياقوت بن عبد الله الحموي (المتوفى 626 هـ)، معجم البلدان، تحقيق فريد الجندي، الطبعة الأولى ، بيروت: دار الكتب العلمية، 1410ﻫ
İnternet resursları:
9. http://multiculturalism.preslib.az/az_a1.html
10. https://azertag.az/xeber/Menevi_Deyerlerin_Tebligi_Fondunun_yaradilmasi_haqqinda_Azerbaycan_Respublikasi_Prezidentinin_Fermani-1101382
11. https://az.trend.az/azerbaijan/politics/2436713.html
12. https://azertag.az/xeber/Istanbulda_Islam_Amekdasliq_Teskilatinin_Quds_meselesi_ile_bagli_fovqelade_Zirve_toplantisi_kechirilib_Azerbaycan_Prezidenti_Ilham_Aliyev_Zirve_toplantisinda_istirak_edib_YENILANIB_VIDEO-1120633
13. http://www.aztv.az/readnews.php?lang=az&id=31123
14. https://azertag.az/xeber/Islam_Hemreyliyi_Ilinin_davami_kimi_2018_ci_ilde_elave_tedbirler_kechirilecek-1129824
15. https://azertag.az/xeber/2017_ci_ilin_Azerbaycan_Respublikasinda_Islam_Hemreyliyi_Ili_elan_edilmesi_haqqinda_Azerbaycan_Respublikasi_Prezidentinin_Serencami-1025448

Açar sözlər: Həmrəylik, islam, islam həmrəyliyi, birlik, Azərbaycan
Ключевые слова: Солидарность, ислам, исламская солидарность, единство, Азербайджан
Key words: Solidarity, islam, Islamic solidarity, unity, Azerbaijan


Резюме
Важные результаты “Года Исламской солидарности”
в Азербайджане
Исламский фактор занимает ведущее место на основе культурного наследия Азербайджана. Поэтому для независимого и современного Азербайджана естественно является актуальным поддерживать отношения с мусульманским миром. В 2017 году президент Азербайджанской Республики Ильхам Алиев объявил этот год Годом исламской солидарности, что и укрепила позицию Азербайджана в установлении исламской солидарности. В Азербайджане, где многокультурная и толерантная обстановка обеспечивается на высоком уровне, «исламская солидарность» рассматривается как новый пример исламского единства, а также других религий. Год исламской солидарности запомнился большим общественно-политическим, международным и идеологическим значением. Принимая во внимание, что исламский мир нуждается в солидарности в наше время, очень важно установить эту солидарность и предпринять определенные шаги в этом направлении.

Summary
The important results of Islamic Solidarity in Azerbaijan
The Islamic factor occupies a leading place on the basis of Azerbaijan’s cultural heritage. Therefore, it is natural for independent and modern Azerbaijan to maintain and develop relations with the Muslim world. In 2017, President of the Republic of Azerbaijan, His Excellency Mr. Ilham Aliyev declared the Year of Islamic Solidarity as the year of 2017 to ensure the strengthening of Azerbaijan’s position in the establishment of Islamic solidarity. The multicultural and tolerant environments are provided at a high level in Azerbaijan and the «Islamic Solidarity» was regarded as a new example of the Islamic unity, as well as for other religions. The year of Islamic Solidarity was remembered by great social-political, international and ideological importance. Taking into account that the Islamic world needs solidarity in modern times, it is of great importance to establish this solidarity and to take certain steps in this regard.

 

 

İlkin Əlimuradov
Fəlsəfə üzrə fəlsəfə doktoru


"GEOSTRATEGİYA" jurnalı №02 (44) MART-APREL 2018


Etiket:

Strategiya.az

Xəbərlər
27.01.2021

Aydın Kərimov Prezidentin Şuşa rayonunda xüsusi nümayəndəsi təyin edildi - Sərəncam

27.01.2021

Yoluxma aşkarlanan məktəblər distant təhsilə keçəcək

27.01.2021

Bakı, Sumqayıt və Abşeronda ibtidai siniflərdə dərslər həftədə 3 dəfə olmaqla bərpa olunacaq

27.01.2021

Ermənistan silahlı qüvvələrinin minaladığı ərazilər Dövlət Sərhəd Xidmətinin mühəndis-istehkam bölmələri tərəfindən təmizlənilir

27.01.2021

İşğaldan azad edilmiş ərazilərdə yaşıl enerji zonasının yaradılması üçün investorlarla müzakirələr aparılır

27.01.2021

AŞPA Ermənistanın qətnaməyə düzəlişlərini rədd etdi

27.01.2021

Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzi fəaliyyətə başlayır

27.01.2021

Xarici muzdluların Qarabağda Azərbaycan tərəfdən iştirakına dair heç bir dəlil yoxdur - Almaniya XİN

26.01.2021

Rusiyanın Bakıdakı səfirliyinin müvəqqəti işlər vəkili XİN-ə çağırılıb

26.01.2021

Ramin Quluzadə yeni vəzifəyə təyin olundu - SƏRƏNCAM

26.01.2021

Azərbaycan Prezidenti: Müharibə bir çoxlarına Azərbaycanın potensialının nədən ibarət olduğunu göstərmişdir

26.01.2021

Prezident: Biz texnoloji inkişaf sahəsində daim qabağa hədəflənməli, hərbi sahədə yenilikləri Azərbaycana gətirməliyik

26.01.2021

Prezident: Həm müharibə dövründə, həm müharibədən sonrakı dövrdə peyklərdən istifadə bizə çox böyük üstünlük təmin etdi

26.01.2021

Yeni nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri təyin edildi - SƏRƏNCAM

26.01.2021

Ramin Quluzadə vəzifəsindən azad edildi

26.01.2021

Hikmət Hacıyev: Qarabağda yaşayan ermənilər Azərbaycan Konstitusiyasının aliliyini qəbul etməyə borcludurlar

26.01.2021

Dövlət Xidmətindən sahibkarlara XƏBƏRDARLIQ

26.01.2021

Neft ucuzlaşıb

26.01.2021

Dünyada COVID-19 infeksiyasına yoluxanların sayı 100 milyon nəfəri ötüb

26.01.2021

Prezidentin köməkçisi: ABŞ Azərbaycan və Ermənistan arasında sülh quruculuğu prosesinə töhfə verə bilər

26.01.2021

Yer kürəsi iqlim dəyişiklikləri nəticəsində 28 trilyon ton buz itirib

25.01.2021

Nazirlər Kabineti Prezidentin tapşırıqları əsasında 2021-ci il üçün prioritetləri müəyyənləşdirib

25.01.2021

Birinci vitse-prezident Mehriban Əliyeva yenidən Azərbaycan Gimnastika Federasiyasının prezidenti seçilib

25.01.2021

Ceyhun Bayramov İranın xarici işlər naziri ilə görüşüb

25.01.2021

Prezident İlham Əliyev müharibə əlilləri və şəhid ailələrinin evlə təmin olunması ilə bağlı sərəncam imzalayıb

25.01.2021

Prezident İlham Əliyev İranın xarici işlər nazirini qəbul edib - YENİLƏNİB

25.01.2021

“İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 105-ci kitabı çapdan çıxıb

25.01.2021

Baş Prokurorluqda 62 cinayət işi üzrə 21 şəxs barəsində axtarış elan edilib

25.01.2021

Xəzərdə suyun enməsi prosesi daha da intensivləşib

25.01.2021

Ombudsman Ermənistanın əsir və girovlarla rəftarı ilə bağlı beynəlxalq təşkilatlara hesabat göndərib

25.01.2021

Türkiyə Prezidenti girov götürülən dənizçilərin xilası üçün səylərin davam etdiyini bildirib

25.01.2021

Bu gündən bərbərxana və gözəllik salonları açılır

25.01.2021

5 şəhər və 12 rayona giriş-çıxış bərpa olunub

24.01.2021

DİN Şəmkir polisi haqqında yayılan iddialara aydınlıq gətirdi

24.01.2021

Almaniyalı alim Ermənistan cəmiyyətinə qisas barədə fikirlərdən əl çəkməyi məsləhət görür

24.01.2021

Dəniz quldurları basqına məruz qalan gəminin kabel və texniki hissəsinə ciddi zərər vurublar

24.01.2021

Ceyhun Bayramov Türkiyə gəmisinə edilən hücumla bağlı Mövlud Çavuşoğlu ilə telefon danışığı aparıb

23.01.2021

Azərbaycan nefti 56 dollardan baha satılır

23.01.2021

“Keşikçidağ”da tunc dövrünə aid insan qalıqları aşkar edilib

23.01.2021

Ostinin Pentaqon rəhbəri vəzifəsinə namizədliyi təsdiqlənib

23.01.2021

AMEA-da direktor və direktor müavini nöqsanlara görə işdən azad edilib

23.01.2021

Azərbaycanda bu şəxslərə də hərbi xidmətdən möhlət veriləcək

22.01.2021

500 manatlıq əskinasla bağlı RƏSMİ AÇIQLAMA

22.01.2021

İqtisadi Zonaların İnkişafı Agentliyi yaradılır - Fərman

22.01.2021

Bütün təhsil müəssisələrində əyani tədris mərhələli şəkildə bərpa olunacaq - Nazir

22.01.2021

Nazirlər kabineti təhsil müəssisələri ilə bağlı qərar verdi

22.01.2021

Şuşada yeni yarimstansiya tikilir 

22.01.2021

Xəzərin səviyyəsinin aşağı düşəcəyi barədə proqnozlara rəsmi aydınlıq gətirilib

22.01.2021

Bakıda yol buz bağladı, hər iki istiqamətdə zəncirvari qəza oldu 

22.01.2021

İşğaldan azad edilmiş ərazilər minalardan təmizlənir