AZƏRBAYCAN XALQININ DAŞLA BAĞLI İNANCLARINDA TARİXİ DEMOQRAFİYA MƏSƏLƏLƏRİ

11:00 / 29.05.2018

İnsan onu əhatə edən ətraf mühitdən daima, müntəzəm olaraq informasiya alır və əldə etdiyi məlumatları zaman-zaman beynində saf-çürük edir, həyatı və yaşayışı üçün ən vacib olanlarını isə gələcək nəsillərə ötürmək üçün yaddaşında qoruyub saxlamağa cəhd edir. Məhz yaşadığı mühitlə fəal informasiya mübadiləsi minilliklər və əsrlər boyu ulu əcdadlarımızın düşüncə tərzinin, yaşam fəsləfəsinin formalaşmasında misilsiz rol oynamış, gündəlik həyatda baş verən hadisələrlə bağlı olan inanclar yaratmasına ciddi təsir göstərmişdir.
Ulu əcdadlarımızın hələ bəşər tarixinin ən qədim dövrlərində müxtəlif məişət məsələləri, təbiət hadisələri, o cümlədən bitki və heyvanat aləmi ilə bağlı inancları da, təbii ki, ətraf mühitlə müntəzəm surətdə qurduqları informasiya mübadiləsi nəticəsində meydana gəlmişdir. Bəşər övladı həmişə özünü və insan nəslini baş verə biləcək hər hansı bir təhlükədən sığortalamaq üçün qoynunda yaşadığı təbiətin sirlərindən agah olmağa, diqqəti cəlb edən hadisələrin səbəbini aramağa cəhd etmişdir. Ulu əcdadlarımızın bu cəhdləri təbii ki, hər şeydən öncə təbiət qüvvələrini ram etmək, normal həyat və məişətlərini təmin etmək ehtiya-cından, yaşamaq uğrunda apardıqları çox çətin, mürəkkəb mübarizədən irəli gəlirdi.
Təbii ki, insanların yaşamaq uğrunda apardıqları mübarizə çox çətin, mürəkkəb və çoxcəhətli bir prosesdir. Belə ki, burada söhbət insan həyatının, onun daxili mənəvi aləminin tükənməzliyindən, potensial imkanlarının nəhayətsizliyindən gedir. İnsan özü ilə ətraf mühit, xəyal və istəkləri və təbii reallıqlar arasında körpü yaratmağa çalışır, özünü sirli-sehrli dünyanın ayrılmaz varlığı kimi dərk edirdi. Ulu əcdadlarımızın göyə, yerə, dağlara, daşlara, suya, oda, ocağa tapınması, onları müqəddəsləşdirməsi də beləcə baş verirdi.
Ulu əcdadlarımızın ətraf mühitlə, təbiət hadisələri ilə bağlı inanc və mərasimləri əslində onların yaşayış və düşüncə tərzinin inikası kimi meydana gəlir, milli folklorumuzda, ibtidai incəsənətimizdə öz əksini tapırdı.
Məsələn, Azərbaycanda orta tunc dövründə meydana gələn boyalı qablar mədəniyyətinə məxsus naxışların əksəriyyəti ulu əcdadlarımızın gündəlik məişəti, astral-dini baxışları, inanclar sistemi, ümumiyyətlə təbiətə, ətraf mühitə olan münasibətləri ilə bağlıdır. V.Əliyevin təbirincə desək: “Bu rəsmlər Azərbaycanın qədim əhalisinin günəşə, ulduzlara, aya, oda, suya, dağlara və s. təbii qüvvələrə sitayiş etdiklərini sübut edir (7,46).
Azərbaycanlıların ən qədim inanclarında odla, ocaqla bərabər, torpaq, dağ və daşlar da ən müqəddəs təbiət elementlərindən biri olmuşdur. Çünki, qədim insanların sığınacaq tapdıqları, pənah gətirdikləri ilk məskən sal qayalar, daşlar arasındakı mağaralar olmuşdur. İnsanların həyatında mühüm rol oynayan mağaralar: “onları soyuqdan, istidən saxlamış, həm də əldə etdiyi qida məhsullarının saxlanmasına imkan yaratmışdır” (2,404).
Daşlara pənah gətirən insan məhz onun qoynunda özünə daimi yaşayış yeri tapmış, məişət və güzəranını sahmana sala bilmişdir. Lakin, qışda soyuq olan mağaraları əcdadlarımız odla, alovla qızdırırdılar. Belə olan tərzdə daşlara inam necə yarana bilərdi. İnsanın şüur və təfəkkürü inkişaf etdikcə, oddan təsadüfi istifadə halları da aradan qalxır, odun süni yolla əldə edilməsi isə, insan mədəniyyətinin ayrılmaz hissəsinə çevrilirdi (16,26).
Elə qədim əcdadlarımızın daşların insanlara həyat bəxş etməsi ilə bağlı inam və inanclar da məhz bu dövrdən, yəni insanın daşları bir-birinə vuraraq od əldə etməyi öyrənməsi ilə eyni vaxtda başlamışdır.
Ə.Cəfərovun təbirincə desək, iki çaxmaqdaşını bir-birinə vurub, qəlpə qoparmaq istəyən insanı bu zaman əmələ gələn qığılcım mat qoymuşdu: “Bu nə ola bilər? Belə bir hadisə ilk dəfə idi ki, onların diqqətini cəlb edirdi. Hamı bu hadisəni təəccüblə qarşıladı və onun necə baş verməsi səbəbi ilə maraqlandı. Daşları bir-birinə vurdular. Bu dəfə də daşlardan qığılcım qopmağa başladı (5,33).
Ulu əcdadlarımızın ən qədim inanclarında Günəşin yerdəki bəlgəsi kimi müqəddəsləşdirilən odun daşdan yaranması, yaxud daşın odu, ocağı “doğması” təbii ki, bu təbiət elementinə də ehtiram və rəğbət qazandırmalı, onu müqəd-dəsləşdirməli idi.
Ulu əcdadlarımız Günəşə və onun simvolu olan oda, ocağa həmişə onları bəd hadisələrdən, şər ruhlardan qoruyan himayədar kimi baxmışlar: “Azərbaycanlıların qədim inamına görə, od təbiətin ən təmiz və ən müqəddəs ünsürlərindən biridir. Təsadüfi deyildir ki, bir çox pərəstiş yerləri pir-ocaq adlandırılırdı (8, 238).
Ulu əcdadlarımız Günəşi və onun bəlgəsi olan odu-ocağı doğum, törəmə və artım əqidəsi ilə də bağlamışlar: “Məhz ocağın müqəddəsliyinə görədir ki, onu qəbilə ilə, nəsillə eyniləşdirirdilər”. (8.238)
Günəşə, oda, ocağa aid demoqrafik xüsusiyyətlərin müqəddəs daşlara da transifikasiyası təbii ən əski çağlarda heç də bir qrup seçilmiş adamın daxili hissinin təzahürü olmayıb, bütün xalqa məxsus mənəvi prosesdir. Qədim əcdadlarımızın daşların doğum və artımla bağlı inanclarını əks etdirən folklor nümunələri ilk növbədə real gerçəklikdən alınmış təsəvvürlər üzərində yaradılmışdır. Lakin, bu təsəvvürlərdə gerçəklikdə biləvasitə əlaqə tələb olunmur. Çünki, işığı, istini “doğan” daş insanın həyat şəraitini, məişətini yaxşılaşdırmaqla, qışın məhvedici şaxta-sazağından, vəhşi heyvanların pəncəsindən qurtarmaqla yaşamasına, nəslini artırmasına misilsiz töhfə vermiş olurdu. Yaşamaq və öz nəslini artırmaq arzusu və onu reallaşdırmaq istəyi ulu əcdadlarımızın dini inanclar sistemində daşların da uca statusunu müəyyənləşdirir, onlara pərəstişin əsasını qoyurdu: “...Qədim əcdadlarımız daşları, suları, dağları, ağacları fetişləşdirməklə sonrakı dövrlərdə müqəddəs yerlər hesab edilmiş pirlərin əsasını qoymuşlar (12,88-89; 13, 57).
Başqa sözlə desək, ulu əcdadlarımız onların gündəlik ehtiyaclarını aradan qaldırmağa kömək etmiş müqəddəs daşları öz mifoloji təsəvvürlərində xeyirxah element kimi rəzmləşdirmiş, ona doğuma və artıma yardımçı ola bilən xüsusiyyətlər şamil etmişdir. Xalq inamına görə, daşlar da ana ola bilir, yəni artım nəsil verərək çoxala bilirlər.
Şabran rayonunun Leyti kəndində ətrafında çoxlu kiçik daşlar olan iri daşa “balalayan daş” deyirlər. Hətta indinin özündə belə xalq inanclarına ehtiram göstərən həmin kəndin sakinləri, hər il həmin iri daşın ətrafındakı xırda daşların çoxalmasını guya ana daşın balalaması ilə izah edirlər. Eyni inam və inancla Azərbaycanın digər guşələrində də rastlaşırıq.
Vaxtı ikən Culfa rayonunun Xanağa kəndində yaşayan 106 yaşlı Hüseynova Səkinə Əli qızının dediklərindən: “Qızılca kəndinin yaxınlığında bir təpə var. Adına Daban təpəsi deyirlər. Orada olan daşlar ocaxdı. Onlar göydən düşüblər, keçmişi də bilirlər, gələcəyi də. Adamların dərdini də bilirlər, dərmanını da. Orada olan daşlardan biri qalanından çox böyükdü. El arasında həmin daş o birilərinin anası hesab olunur. Balaca daşlar da onun balalarıdı. Ana daş həmişə balalayır...” (4,82).
Hələ çox qədimlərdə adamlar göy gurultusunu göydə yaşayanlar arasında baş verən toqquşma ilə izah edər və deyərdilər ki, göydəkilər iri, nəhəng daşları buludların arxasında bir-birinə tərəf diyirlədirlər. Daşlar bir-birinə dəyəndə qulaqbatırıcı səs çıxarırmış. İnanclara görə, birdən bu daşlardan biri göydən yerə düşərsə, bədbəxtlik olmasın deyə, adamlar qorxu içində komalara, mağaralara girib gözlərmiş. Gurultu kəsilənə qədər mağaradan çıxmazmışlar. Deyərmişlər: “Yenə, göydəkilərin nəyə görəsə sözləri çəp düşüb, ona görə də, aralarında dava başlanıb” (1,29).
Bu mifoloji mətnlərdə daşların göydə qərar tutması, yaxud göydən düşməsi təbii ki, əcdadlarımızın qədim astral baxışları ilə bağlıdır. Axı xalqımızın qədim astral baxışlarına görə Göy də müqəddəsdir. Belə ki, Göylə bağlı çoxsaylı folklor nümunələrindən birində deyilir ki, “Göydəki ulduzların sayı yer kürəsində yaşayan insanların sayı qədərdir. Hər adamın bir ulduzu var. Adam öləndə onun ulduzu da batır ki, buna ulduz axması, ya uçması deyilir. İnsan anadan olan günü onun ulduzu da göydə doğulur” (3,282).
Başqa bir folklor nümunəsində isə, hər adamın iki ulduzu olmasından bəhs edilir. İnanca görə, bu ulduzlar insanın bütün ömrü boyu, həmişə onun çiyinlərində olur, yalnız adam öləndə yoxa çıxırlar. (3.283) Başqa sözlə, xalqımızın mifik kosmoqonik baxışlar sistemində bir növ göy insanların nəinki artım, eləcə də ölüm dinamikasını əks etdirən demoqrafik göstərici rolunda çıxış etmişdir.
Ulu əcdadlarımızın gecə göy üzündə çoxsaylı nöqtələr kimi görünən, bərq vuran ulduzlara doğum və ölüm kimi demoqrafik xüsusiyyətləri aid etməklə, bir növ insan nəslinin artma və azalma səbəblərini anlamağa çalışmışlar. Digər tərəfdənsə, insan nəsillərinin artması – çoxalması və azalması kimi təbii demoq-rafik proseslərin sanki göydən idarə olunduğunu təsdiq etmişlər. Əlçatmaz göylərdə hər bir varlıq, hadisə göründüyü qədər də asan deyildir, aydın şəkildə görünən hər şeyin arxasında bir sirr, bir müəmma vardır.
Qədim inanclara görə bu ulduzlardan bəziləri hətta nə vaxtsa yerdə yaşayan insanlar imiş, həmin insanlar guya nə vaxtsa bu və ya digər arzuedilməz hadisələrdən özlərini qorumaq üçün səmaya üz tutaraq yalvarmış və ulduz olub göylərə çəkilmişlər. Ülkər adlı ulduzla bağlı mifoloji folklor nümunəsi buna əyani misaldır: “Ülkər ulduzu guya bir gözəl qız imiş. Süleyman peyğəmbər ona aşiq olur və zorla hərəmxanasına aparmaq istəyir. Ülkər Süleyman peyğəmbərə getmək istəmir, bir uzaq yerə çəkilib dua edir. Onun duası qəbul olunur, qız ulduz olub göyə çəkilir” (3,283).
Bu mətndə Ülkərin duasının qəbul olunması ilə insan haqqının, ləyaqətinin göylər üçün nə qədər önəmli olması aydın şəkildə özünü göstərir. Məhz bu baxımdan qədim əcdadlarımızın daşların da göydən yerə enməsi kimi astral, kosmoqonik baxışları onlara olan inamı təbii ki, artırmalı idi. Məhz ona görə də xatırladığımız mifoloji mətndə deyildiyi kimi həmin daşlar keçmişi də, gələcəyi də bilirlər, onlar ocaqdırlar: “Oda and içərlər: “Bu od haqqı!”, “Ocaq haqqı!”, “Ocağın sönsün!”, “Gözün köz kimi qızarsın!”, “Çıraq haqqı!”. Hətta piri ocaq hesab edərlər. Pirə, imamzadəyə gedənə “ocağa gedib” deyərlər (3,282).
Daşlara ocaq kimi səcdə edən insanlar onları yerindən tərpətməyi belə günah sayıblar: “Ana daş həmişə həmişə balalayır. Onu öz yerindən götürüb başqa yerə aparanda o, gecə ikən qayıdıb gəlir, balalarının içində olur” (4,82).
Elə xalqımızın: “Bir daş da yiyəsiz deyil, hər daşın bir sahibi var” deyimi də bu inancla bağlıdır. İnsanlar inanırdılar ki, müqəddəslik məqamı qazanan daşların yerindən tərpədilməsi belə onlara bədbəxtlik və fəlakət gətirər. Mifoloji mətnlərdən birində evinin zirzəmisində qoca bir daşı yerindən tərpətmək istəyən qadının üzləşdiyi bədbəxt hadisədən bəhs olunur. Daşı evinin zirzəmisindən bayıra çıxarmaq istərkən: “...Daşın xofu onu basır, qayıdıb tez gedir mollanın yanına. Molla deyir ki, zirzəmini təmiz saxla, əgər natəmiz olsa, sizə ziyanlıq gətirəcək (4,81).
Həmin arvadın nəvəsi zirzəmidəki daşı murdarladığına görə xəstələnərək ölür. Mollanın göstərişi ilə arvad həmin daşı məscidə gətirir: “Amma səhər durub görür ki, daş yenə zirzəmidədi. Ondan sonra neçə dəfə daşı aparırlar məscidə, daş yenə də qayıdıb gəlir öz yerinə” (4,81).
İstər Ülkər ulduza, istərsə də zirzəmidəki daşla bağlı mifoloji mətndə ulu əcdadlarımızın minilliklərdən üzü bəri yol gələn astral mifoloji baxışları ilə təkallahlılığa söykənən dini əqidələri sanki, eyni məfkurə meydanını, səhnəsini bölüşürlər, lakin bir-birini inkar etmir, əksinə rəğbətlə yanaşırlar.
Yeri gəlmişkən, daşlara ehtiram, onların yerini dəyişməyin qəbahət və babal olmasına inam hətta XVIII əsrə dair tarixi qaynaqlarda da öz əksini tapmışdır.
Teymurun qəbri tünd-göy rəngli nifrit daşından düzəldilmişdir. Bu daş 1425-ci ildə Uluqbəy tərəfindən monqolların məğlubiyyəti dövründə qənimət alınmışdır. 1740-cı ildə İran şahı Nadir Buxara xanlığını aldıqdan sonra Səmərqəndə daxil olur və əmr edir ki, Teymurun qəbirüstü nifrit daşını söküb Məşhəd şəhərinə aparsınlar. Söyləyirlər ki, daş çıxarılıb aparılarkən Nadir şahın yeganə oğlu ölür. Odur ki, o, Allahdan qorxub daşı Səmərqəndə qaytarır (11, 128).
Deyilənlə görə, Böyük Vətən müharibəsi Əmir Teymurun qəbrinin üzərindəki sinə daşı götürüləndən sonra başlanmışdır. Milyonlarla insanın ölümü ilə nəticələnən bu müharibədə sovet qoşunlarının uduzaraq geri çəkilməsini görən generallardan biri (ehtimala görə, bu G.K.Jukov olub – A.M.) İ.Stalinə Əmir Teymurun nəşini yerinə qaytarmasını tövsiyə edir. Elə sovet qoşunlarının Böyük Vətən müharibəsi illərində ilk dəfə müdafiədən hücuma keçməsi də Əmir Teymurun sinə daşının yerinə qaytarılması ilə başlanır.
Gətirilən misallardan daşların bu və ya digər səbəbdən insanların ölümünə təsir göstərməsi bəlli olur. Əslində, mühüm demoqrafik proseslərdən biri olan ölüm hadisəsi insan artımı ilə dialektik vəhdət təşkil edir. Bu baxımdan, Şərqin və bütün dünyanın ən böyük mütəfəkkirlərindən biri olan İbn Sinanın demoqrafik baxışları maraq doğurur. O, ölümü həyatın məntiqi davamı, yer üzündə canlıların və onların nəsillərinin bir-birini əvəz etməsi prosesi kimi qiymətləndirirdi. İbn Sinanın fikrincə, insan nəsli yaranır, inkişaf edir və müəyyən zaman fasiləsindən sonra yerini digər nəsillərə verir, əgər belə olmasaydı, o zaman quru sahəsi məhdud olan Yer üzündə insanlar ifrat dərəcədə artar, yaşamaq dözülməz həddə çatardı.
İbn Sinanı öz əsərlərində “ustad” adlandıran görkəmli Azərbaycan alimi N.Tusi də ölüm hadisəsinə eynilə İbn Sinanın mövqeyindən yanaşaraq yazırdı:” Fəlsəfədə deyilir ki, hər yaradılan məhv edilə bilər; deməli məhv olmaq istəməyən yaradılmamasını istəmiş olur” (14, 136).
N.Tusi İbn Sinanın gətirdiyi bu iqtibasda onun adından danışaraq yazır: “Bizim ata-babalarımız ölməsə idilər, növbə bizə çatmazdı, əgər həmişə yaşamaq mümkün olsaydı, bizdən əvvəlkilərə də mümkün olardı. Əgər indiyə qədər doğulub ölmüş bütün adamlar sağ qalsaydı, yerə sığışmazdılar. Fərz edək ki, ata-babaları və övlad-nəvələri məlum və məruf olan keçmiş adamlardan birinin nəslindən törəmiş bütün adamlar sağ qalsaydılar, onların sayı çox olardı. Ondan əvvəl və sonra doğulub-ölmüş adamları da bunun üstə gəlsən, gör onların sayı neçə minə çatar? (14,136-137)
Azərbaycanın orta əsrlərdə (XIV-XV) yaşamış görkəmli alimi Ə.Bakuvi planetimizdə müxtəlif təbii zonaların yaranmasını müxtəlif keyfiyyətli daşların mövcudluğu ilə izah edirdi. O yazırdı: “Günəşin təsiri, yağışların yağmağı və küləklərin əsməsi nəticəsində Yer kürəsinin hər bir guşəsini bir-birindən ayıran fərqlər əmələ gəlir. Onların bəziləri möhkəm daşa döndü, digərləri bərəkətli torpaq oldu, üçüncüsü də şoranlığa çevrildi. Hər bir guşənin öz xüsusiyyəti var: daşlıqlarda yaqut və zümrüd yaranır, bərəkətli yerlərdə taxıl və meyvə bar verir, şoranlıqlarda isə, duzla zəy əmələ gəlir və hər bir guşəni özünəməxsus insan nəsli fərqləndirir. Bu, ya alimdir, ya dini xadimdir, ya da ki sənətkardır” (6,8).
Göründüyü kimi, əl-Bakuvi tarixi demoqrafiyanın mühüm tədqiqat sahələrindən biri olan məskunlaşma hadisəsini daşların və torpağın xüsusiyyəti ilə sıx şəkildə əlaqələndirmişdir.
İnanclara görə, daşlar insanlara övlad da bəxş edir. Mifoloji folklor nümunələrindən birində, daş ölü uşaq doğan qadına analıq sevincini yaşamaq səadəti bəxş edir. Belə ki, həmin ana ərinin qorxusundan ölən uşağını gizlədib onun yerinə beşiyə daş qoyaraq yırğalamağa başlayır: “Əri evə qayıdanda arvadının bar - yükünü yerə qoyduğuna çox sevinir. Beşiyə tərəf gedir ki, övladına baxsın. Gəlin tez yerindən qalxır, dili tutar-tutmaz deyir ki, təzəcə yuxuya gedib oyadarsan. Kişi bir qədər gözlədikdən sonra səbri çatmır. Arvadının sözünə baxmır, özünü salır beşiyə. Görür ki, beşikdə gözəl bir uşaq var. Amma hər ikisini heyrət bürüyür. Arvad görür ki, beşiyə qoyduğu daş uşaq olub. Kişi də çaşır ki, bir günlük uşaq “nə atam var, nə anam, yaranmışam daşdan mən” deyə, mahnı oxuyur” (4,81-82).
Yunanların baş tanrısı Zevs dünyaya gələndə anası Rey onu əri Kronosdan gizlədir. Kronos arvadının dünyaya gətirdiyi övladları udduğuna görə, Rey oğlu Zevsin əvəzinə bələyə daş bükür. Rəvayətə görə, daşa övladını zalım Kronosdan qurtarmağı xahiş edən ana istəyinə nail olur. Kronos oğlunun əvəzinə daşı udduğuna görə, Krit adasındakı mağarada gizləyir. Burada Zevsi ana südü ilə Amalfeya adlı keçi bəsləyir. Nəzərə alsaq ki, keçi dünyanın demək olar ki, bir çox xalqlarında, o cümlədən türkdilli xalqlarda yazın, günəşin, törəmənin, artımın bəlgəsi, simvoludur (9,267-272; 10,327-331.). Onda Zevsi ölümün labüd pəncəsindən qurtaran, daşın da insan nəslinin artıb-törəməsinə yardımçı etməsi bəlli olar. Burada daş Zevsi ölümdən qurtarır, keçi isə onu öz südü ilə bəsləyir, yaşadır. Bu mənada, daşın artıq irəlidə söylədiyimiz kimi Günəşlə, artımla ilişgili olması, əlaqəsi bir daha öz təsdiqini tapır (15, 560).
Bu folklor nümunələrindən birində, daş ölən övladı əvəz edir, digərində isə, təzə doğulan körpəni real ölüm təhlükəsindən xilas edir. Hər iki halda daş nəsil artımının himayədarı kimi çıxış edir.
Yazın carçısı olan Xıdır İlyasın yolunu nəhəng əjdaha kəsəndə daş yenə də kara gəlir. Belə ki, Xızır İlyasın atı şahə qalxır, əjdahaya bərk bir təpik vurur. Əjdaha daha yerindən birdə qalxmır, daş olur qalır (4,82).
İnanclara görə, əjdahalar da cinlər kimi Günəşin, yazın düşməni olduqlarına görə, ona hücum edib, boğmağa çalışırlar. O zaman Günəşlə cinlər, əjdahalar arasında bərk dava düşür. Günəşin gücü bu davada tükənməyə başlayır, Günəşin tək olduğunu görən adamlar ona kömək etməyə çalışırlar (4,38).
Bu folklor nümunəsində də, əjdahanın Xızır İlyasın yolunu kəsməsi əslində Günəşin, istinin, işığın yolunu kəsməsi anlamına gəlir. Təsadüfi deyildir ki, Azərbaycanın bəzi bölgələrində, iri buludlar Günəşin qabağını kəsəndə, yaxud uzun müddət quraqlıq olarkən insanlar daşlardan istifadə etməklə bir sıra ayinlər icra edirdilər. Soydaşlarımız yağışlar uzun müddətli ara verəndə insanlar müqəddəs ocaqlardan götürülmüş daşları, ortadan dəlib suya salardılar. Məsələn, Quba – Qonaqkənd zonasında Babadağından gətirilmiş yeddi daşı ortadan dəlib bir ipə düzər və ananın ilki olan qız uşağı onu suya salıb ipin başını sahildəki ağaclardan birinə bağlayardı. Daşlar suya salınarkən insanlar xorla oxuyardılar: “Daş başım, yaş başım. Yaş oldu üst-başım”. Sonra daşı suya salardılar və bu vaxt əsas əfsunçu oxuyardı: “Suda daşım, quda daşım, baba daşım. Gələr. Getməz yağışım” (12,12).
Günəşin çıxmasını arzulayan insanlar da Babadağından gətirilmiş daşı ocaqda, küldə basdırır və ocaqda xəşil bişirirdilər. Xəşili ananın ilki çalmalıdır. Əfsunçu basdırılan daşın üstünə közləri yığa-yığa oxuyardı: “Qodu, odu daşı. Qodu kəssin yağışı” (12,13).
Ulu əcdadlarımızın mifoloji inanclarında daşların insanlara şəfa verərək ömürlərini uzatması əqidəsi də mövcud olmuşdur. Şabran rayonunun Leyti kəndində kənd sakinlərinin uzun illərdən bəri inam bəslədikləri dalaq piri, yel piri, dişağrısı piri və s. bu kimi ziyarətgahları mövcuddur. Adı çəkilən pirlərin hamısında forması ilə insanda təəccüb və heyrət doğuran sal daşlar mövcuddur. İnanca görə, dalağı ağrayan, sancan insan dalaq piri daşına toxunaraq şəfa diləyir. Yaxud, yel xəstəliyinə tutulan insanlar yel piri daşına nəzir-niyaz gətirərək müəyyən ayinlər yerinə yetirərək, muradlarına çatacaqlarına inanırlar.
Təbii ki, bütün bu ayinlərin yerinə yetirilməsinin kökündə ulu əcdadla-rımızın daşlara dair inancları durur.
Ulu əcdadlarımızın ətraf mühit haqqında bilikləri zaman-zaman artdıqca, təbiət hadisələrinə dair təsəvvürləri dərinləşdikcə inancları ilə gerçəklik arasında olan məsafə də azalır, yaxud üst-üstə düşürdü. Çünki, təbiət hadisələri haqqında elmi biliklərin formalaşması, elmi mücərrədləşdirmənin özü də insanın ətraf mühitlə ünsiyyəti zamanı əldə etdiyi uzun inkişafının nəticəsi olmaqla yanaşı həm də gerçəklik hadisələrinin real inikasıdır. Bu gün elmi-texniki tərəqqinin dayanmadan, sürətlə inkişaf etdiyi dövrdə belə uzaq keçmişdə yaşayan əcdadlarımızın təbiət haqqındakı bilgiləri, onu əhali artımı və azalması ilə müşayiət olunan proseslərlə əlaqələndirə bilmələri, tarixi-demoqrafik düşüncə mədəniyyəti insanı heyrətləndirməyə bilmir.
Xalqımızın minilliklərdən üzü bəri yol gələn daş inancı ilə bağlı milli folklor nümunələri bizə nəinki əcdadlarımızın düşüncə və təfəkkür tərzi ilə tanış olmaq, o cümlədən tariximizin dərin qatlarında qalan həyat həqiqətlərini olduğu kimi öyrənməyə imkan verir.
İnanırsan ki, Azərbaycan xalqının milli və bəşəri dəyərlər üzərində kök-lənmiş dərin zəkası, böyük yaradıcı gücü müstəqil dövlətçiliyimizi qüdrətlən-dirmək yolundakı addımlarımızı daha qətiyyətli edəcək, dünya dövlətləri içərisində layiqli yerimizi tutmaqda önəmli rol oynayacaqdır.

Ədəbİyyat
1. Ağalı L. Sözlü, nağıllı gecələr. B., 1991.
2. Azərbaycan etnoqrafiyası. Üç cilddə. III cild. B., 2007
3. Azərbaycan folkloru antologiyası. B., 1968.
4. Azərbaycan mifoloji mətnləri. B., 1988.
5. Cəfərov Ə. Quruçay dərəsində. B., 1990.
6. Əbdürrəşid əl-Bakuvi. Abidələrin xülasəsi və qüdrətli hökmdarın möcüzələri. B., 1992
7. Əliyev V. Tarixin izləri ilə. B., 1975
8. Həvilov H. Azərbaycan etnoqrafiyası. B., 1991.
9. Məmmədov A. Azərbaycan xalqının qədim inancları tarixi tədqiqatlarda. Tarix və onun problemləri №3, 2015.
10. Məmmədov A. Xalqımızın Novruz Bayramı ilə bağlı inancları. Tarix və Onun problemləri. №2, 2016.
11. Mirzəyev M. Doğma yurdu gəzə-gəzə. B., 1990.
12. Nəğmələr, inanclar, alqışlar. B., 1986.
13. Rzayev N. Əsrlərin səsi. B., 1974.
14. Tusi N. “Əxlaqi Nasiri” B., 1989.
15. Мифы народов мира. Энциклопедия. М., 2008. с. 560
16. Первобытное общество. Основные проблемы развития. М., 1975.

Açar sözlər: əhali artımı, əhali məskunlaşması, demoqrafik baxışlar, daş inancı, hami ruhlar, Azərbaycan folkloru
Ключевые слова: рост населения, народонаселения, демографические взгляды, культ камня, покровительствующие духи, азербайджанский фольклор
Keywords: population growth, settlement of population, demographical views, patronizing spirits, stone beliefs, Azerbaijan folklore

Вопросы исторической демографии в Азербайджанского народа связанный с культом камня
Резюме
Жители Азербайджанской земли – наши предки, с древнейших времен принимали разные меры, чтобы противостоять а также, подчинить при-родные явления. Меры, которые предпринимались, далее носили стабильный характер. Позже эти меры воспринимались как вера и верования. Чтобы обезопасить себя и всех своих близких от всяких бед, нечистых сил и несчастий наши предки просили помощь от камня. По убеждениям наших предков Солнце и огонь является основным источником тепла, света и противником тьма - зимы. С развитием человечества огонь, очевидно, перестал использоваться случайно, и искусственное с помощью двух камня вошло в культуру. Вот почему, обряды и ритуалы связанные с культом камня, вместе с Солнцем также были приурочены к важнейшим событиям происходящим в жизни наших предков, таким как свадьбы, новоселья, сбор урожая, похороны, собрания общин для решения каких-либо вопросов и т.д.

Issues of historical demography of the Azerbaijan
people related to the stone cult
summary
Inhabitants of the Azerbaijan land - our ancestors, since ancient times took various measures to resist and also to subordinate natural phenomena. The measures that were taken were then of a stable nature. Later, these measures were perceived as faith and belief. To protect ourselves and all our loved ones from all kinds of troubles, unclean forces and misfortunes our ancestors asked for help from the stone. According to the beliefs of our ancestors, the sun and fire is the main source of heat, light and the enemy of darkness - winter. With the development of mankind, the fire, obviously, stopped being used by chance, and the artificial fire with the help of two stones entered the culture. That is why, ceremonies and rituals related to the cult of stone, together with the Sun, were also timed to the most important events taking place in the life of our ancestors, such as weddings, housewarming, harvesting, funerals, community meetings to resolve any issues, etc.

 

Aydın Məmmədov
BDU-nun Mənbəşünaslıq, Tarixşünaslıq və metodika kafedrasının müəllimi, dosent


"GEOSTRATEGİYA" jurnalı №02 (44) MART-APREL 2018


Etiket:

Strategiya.az

Xəbərlər
09.12.2019

“Goldman Sachs”: 2020-ci ildə neftin orta topdansatış qiyməti yüksələcək

09.12.2019

Bakıda keçmiş arvadını və onun qardaşını bıçaqlayan şəxs saxlanıldı

09.12.2019

Payız imtahan sessiyasının təşkili barədə ƏMR

09.12.2019

Yağıntılı hava şəraiti sabah da davam edəcək

09.12.2019

Bu sahibkarlar mənfəət vergisindən azad olacaqlar

09.12.2019

Yol polisi hava şəraiti ilə əlaqədar olaraq sürücülərə müraciət etdi

09.12.2019

Bəzi ərazilərdə elektrik kəsiləcək

09.12.2019

Qeyri-sabit hava ilə bağlı XƏBƏRDARLIQ - Sürüşmə təhlükəsi var

09.12.2019

NATO Baş katibi: Rusiya düşmənimiz deyil

09.12.2019

Gələn ildən ali məktəblərə qəbul yeni təsnifat əsasında aparılacaq

09.12.2019

Günəş tutulacaq - Bakıdan izləmək mümkün olacaq

09.12.2019

Azərbaycan Prezidenti İlham Əliyev Rusiyanın İqtisadi İnkişaf nazirinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib

09.12.2019

HEYDƏR ƏLIYEV ideyaları əbədiyaşardır

09.12.2019

Faktiki hava şəraiti açıqlandı - İntensiv yağış olan ƏRAZİLƏR

09.12.2019

Kiyevdə GUAM-a üzv ölkələrin hökumət başçılarının görüşü keçiriləcək

09.12.2019

Xələf Xələfov: Azərbaycan-Gürcüstan sərhədinin delimitasiyası üzrə ekspertlərin görüşü ilin sonuna qədər keçiriləcək

09.12.2019

İran ABŞ hərbi bazasını raket atəşinə tutub

09.12.2019

Bolqarıstanlı qapıçı Azərbaycanda oynaya bilər

09.12.2019

“WhatsApp” yeni funksiyasını işə saldı

09.12.2019

Dəhşətli qətlin təfərrüatı: Dostunu evinə çağırdı, odunla və bıçaqla öldürdü, evi yandırdı

09.12.2019

İpoteka, yoxsa kirayə yolu ilə mənzil almaq... - VİDEO

09.12.2019

Ağ Adada yerləşən vulkan püskürüb

09.12.2019

Cəhbədə atəşkəs rejimini pozuldu - 22 dəfə

09.12.2019

Aeroport yolunda zəncirvari qəza - 3 avtomobilə görə yol tıxandı

09.12.2019

Dekabrın 9-da xarici valyutaların manata qarşı məzənnələri

09.12.2019

Neft yenidən ucuzlaşıb

09.12.2019

ABŞ ərəb hərbçinin Floridadakı hərbi bazaya hücumunu terror aktı kimi dəyərləndirib

09.12.2019

Suriyada “Su-35”lər İsrail təyyarələrini ələ keçirdi

09.12.2019

Bakıda metro yaxınlığında gənc amansızlıqla qətlə yetirildi

09.12.2019

Mourinyonun transfer hədəfi

09.12.2019

Yollarda sürət həddi azaldıldı

09.12.2019

Tramp Koreya liderinə “hər şeyi itirmək” təhlükəsi haqqında xəbərdarlıq etdi

09.12.2019

Milli Məclisin deputatları AŞPA-nın büro və komitə iclaslarında iştirak edirlər

09.12.2019

Yumurta alarkən aşağıdakı qaydalara diqqət etmək lazımdır

09.12.2019

Türkiyədən Yunanıstana qanunsuz yolla keçmək istəyən 87 nəfər saxlanılıb

09.12.2019

Gəncədə faciə

09.12.2019

Elşən Məmmədov ağır atletika üzrə Avropa birinciliyinin ikiqat qalibi olub

09.12.2019

Hacı Zeynalabdin Tağıyevin Türkiyədəki malikanəsi satışa çıxarılır

09.12.2019

Lənkəranda zəlzələ olub

09.12.2019

Kimlər deputatlığa namizəd ola bilər?

08.12.2019

"Həzi Aslanov" metrostansiyası bağlanır? - RƏSMİ cavab

08.12.2019

Azərbaycan BMT-yə növbəti dəfə müraciət etdi

08.12.2019

Sabah intensiv yağış gözlənilir

08.12.2019

Bakıda minik avtomobilinin banında qadın meyiti aşkarlanıb

08.12.2019

Cəbhədə atəşkəs 23 dəfə pozuldu

08.12.2019

İsrail ordusu "Həmas" obyektlərinə hücum etdiyini deyib

08.12.2019

Şimali Koreya “olduqca vacib” sınaq keçirib

08.12.2019

Çox yatmaq yuxu çatışmazlığından təhlükəlidir – Yeddi illik tədqiqatın nəticəsi

08.12.2019

Bu gün SAT imtahanı keçirilir

08.12.2019

Putin və Lukaşenko arasında danışıqlar 5 saatdan çox davam edib