Geosiyasət və idarəetmə: yeni baxış zərurəti

15:47 / 04.08.2014

Əbülhəsən Abbasov,
Fəlsəfə üzrə elmlər doktoru,
professor

Bəşəriyyət uzunmüddətli dərin böhrandadır. Bunun nüvəsini qlobal kapitalizmin və onun əsas ideoloji dayağı olan liberalizmin (modifikasiyalarından asılı olmayaraq!) böhranı təşkil edir. Dünyanı fəlakət astanasında saxlayan bu böhran günbəgün artan xaos, destruksiya, deqradasiya əlamətləri ilə müşayiət olunur. Durmadan davam edən iqtisadi, sosial-siyasi, mənəvi sarsıntılar, dünya miqyasında sosial təbəqələşmənin və inhisarçılığın dərinləşməsi, xalqların rifah halında, maddi durumunda kəskin fərqlərin bütün hədləri keçməsi, sərvətlərin ədalətsizcəsinə bölüşdürülməsi və insafsızcasına talan edilməsi, heç bir hüquqa, əxlaqa sığışmayan qeyri-bərabərlik, istismar, insana və insanlığa qarşı aparılan səlib yürüşləri, mənəvi-ruhi aləmə edilən məqsədyönlü qəsdlər və faktiki olaraq, İnsanın, onun Ruhunun çökdürülməsi, tənəzzülə və çürüməyə məruz qoyulması, etno-milli-dini rəngarəngliklərdən, xalqların çoxçeşidliyindən məkri, qeyri-insani məqsədlər üçün sui-istifadə, siyasi-hüquqi institutların, media şəbəkələrinin, QHT-lərin, hətta elm və incəsənətin qlobal güc mərkəzlərinin, hegemon superelita deyilən nəsnənin xidmətçisinə çevrilməsi, idarəetmə sistemlərinin yalnız və yalnız onların maraqlarının təmin olunması müstəvilərində qurulması, eyni zamanda, həmin bu vektor üzrə formalaşdırılan idarəetmə fəlsəfəsinin dünya ölkələrinə, o cümlədən, postsovet “respublika”larına transfer edilməsi və bu qlobal hiylə vasitəsilə milli dövlətləri, onların rəsmi şəxslərini, siyasi elitasını ikili basqı altında saxlaması (yəni, bir tərəfdən, əzilən, hüquqları total surətdə pozulan xalqın-vətəndaşların artan narazılığı və nifrətindən yaranan üsyan-inqilab qorxusu, digər tərəfdən, “başbilən”, “ürəkləri-qəlbləri insan haqlarına görə od tutub yanan” beynəlxalq təşkilatların, onların arxasında dayanan hegemon qüvvələrin, ABŞ-ın Dövlət Departamenti, Senatı və Konqresi, Avropa İttifaqının Parlamenti və Komissiyası kimi qurumların, Avropa Şurasının, ATƏT-in hədə və təhdidləri) – bütün bu bədnam əlamətlər zülmləri ərşə qalxmış qlobal böhranın, bəşəri burulğanın əlamətləri olmaqla yanaşı, maliyyə-sələmçi kapitalizmin və onun yüzilliklər boyunca gəlir-mənfəət-istismar naminə toxuduğu, biçib-tikdiyi ideoloji konseptin mənfur məhsuludur. Oliqarxik qlobal kapitalizm bu gün o dərəcədə haqqa və ədalətə qarşı köklənib ki, hətta “hüquqi dövlət” deyilən konsepsiya nə Con Lokkun, nə də Şarl Monteskyenin doğma vətənlərində artıq əməlli-başlı işləmir.
Ukrayna ilə bağlı proseslərin daha da mürəkkəbləşməsi, hətta bəzi analitiklərin fikrincə (3, s7), III Dünya müharibəsinin başlaması ehtimalını vurğulanması indiki vəziyyətin nə qədər ciddi olduğunu göstərir. Bəli, qlobal fəlakətə aparan böhrandan çıxış yolu – dünyanın yenidən formatlaşmasındadır və bu proses, deyərdim ki, artıq başlayıb. Aydındır ki, hər bir proses enerji-yanacaq tələb etdiyi kimi, yenidən formatlaşma da “yem”, alovlanan sobaya atmaq üçün qurbanlar tələb edir. Qurbanlar isə, belə qlobal prosesdə, - xalqlar, cəmiyyətlər, dövlətlər və onların maddi-mənəvi sərvətləri olur. Əlbəttə ki, hər bir xalq və dövlət yox, yalnız onlar ki, korrupsiya, sosial ədalətsizlik və qeyri-bərəbərlik, yalan-böhtan burulğanında onsuz da can verməkdədirlər və üstəlik də, “demokratiya beşikləri”nin fitnə-fəsadına uyaraq daxildən bir-birini didib-tökməkdə, qirıb-çatmaqdadılar. Son illərin “narıncı inqilab”ları, “qızılgül çevrilişləri”, nəhayət Liviyanı, Misiri, Suriyanı viranə qoymuş “ərəb baharı” deyilənlərin sübutu deyilmi!? Bununla belə, hegemon mərkəzlərin dünya xalqlarına qarşı yönəlmiş fəndgirliyini, onların məkrli “geosiyasi təfəkkür”ünün mahiyyətini dövlət və millət səviyyəsində anlamayanlar növbəti qurbanlara çevrilməkdədir – yenidən parçalanmış, mitili atılmış Ukrayna kimi! Bədbəxt ölkə! Bir tərəfdən, başda V. Yanukoviç olmaqla oliqarxiyanın milli sərvətləri uzun müddət talaması, insanları haqsızlıq qazanında bişirməsi, vətəndaşları korrupsiya maşınının ağzına verməsi, digər tərəfdən, xalqın artan narazılığından bəhrələnən və ABŞ-Avropa öndərlərinin “pas”ından, “top ötürməsi”ndən cuşa gələn demokratların (zara gəlmiş oliqarxiya nümayəndələri ilə birgə!) “qızıl onluğa” vurmaq həvəsi, eyni zamanda, faktiki olaraq oliqarxik kapitalizmin dəyirmanına su tökən “hiylə dağarcığı” Putinin həm Ukraynaya, eləcə də Rusiyanın özünə qənim kəsilmiş siyasəti. Bütün bunlar Ukraynanı Zbiqnev Bjezinskinin çoxdan planlaşdırdığı bataqlığa sürüklədi. Ukrayna, etiraf edək, “demokratiya”, “insan haqları”, “liberal dəyərlər”, “avropalaşma” tipli hədəflər uğrunda uzunmüddətli və ağılsız daxili savaşa girişməklə, ehtiyatı əldən verməklə müasir imperializmin geosiyasətinin ağır “dəyirman daş”ının altında çabalamaqdadır. Söz yox, Putin Rusiyası da bu tələdən böyük itkilər vermədən çıxası deyil. İddiasına uyğun iqtisadi-intellektual-mənəvi-hərbi-demoqrafik-ideoloji gücü-qüdrəti olmayan, idarəetmə fəlsəfəsində, nəzəriyyə və praktikasında hətta son onilliklərdə ortaya bir müsbət nümunə, bəşəri sayılaçaq dəyər-sərvət qoymayan, ancaq və ancaq əlində olan təbii sərvətlər (qaz, neft və s) vasitəsilə və işğalçı tarixi ənənəsi ilə yaxın və uzaq qonşuları təhdid edən, onlara qarşı hər cür yaramaz üsullardan istifadə edən, əvvəlindən, yəni, 90-cı illərdən üzü bəri, oliqarxik kapitalizmin ən səmərəsiz, israfçı, korrupsiya içində batan həlqəsi olan Rusiya dünyanın yenidən formatlanmasında geopolitik ocağa atılacaq ən böyükhəcmli resurs ola bilər. O Rusiya ki, siyasi məfkurəsi, ədəb-ərkanı, mədəniyyəti, etibarı dünyanın bir nömrəli təlxəyi, fəndgiri olan Jirinovskinin məzmun-mahiyyət tutumuna sığışır. O Rusiya ki, şovinizm, pafoslu vətənpərvərlik hay-həşirində alışıb-yansa da, xəyalında tutduğu Yeni İmperiyanın bel sütunu olmalı etnos – “rus” – hər bir cəhətdən can verməkdədir. Yazıq rusun özü ki, addımbaşı etiraf edir: bu alkaşlıq, bu pozğunluq və mənəvi korroziya bizim axırımıza çıxıb! Görünür, yenidən formatlaşma proyektini işləyənlər bu amili də əvvəlcədən düşünüb-planlaşdırıblar.
Belə olduqda, hikkəsindən, Merkel demişkən, “ağlını itirmiş” Rusiya ilə necə davranmalı?- Ağıllı və məsuliyyətli postsovet siyasətçilərindən olan
Nazarbayev və Lukaşenko Putinlə birgə 29 may 2014-cü il tarixində Avrasiya İqtisadi İttifaqını təsis etdilər. Ona görə yox ki, Putin Rusiyasının gələcəyi barədə nikbin fikirdədirlər, xeyr, çox ehtimal ki, əsasən bu iki səbəbdən: birincisi, davranışında artıq “qırmızı xətti” keçmiş və günbəgün itkiləri, yaraları artan, buna görə də daha da azğınlaşan, quduzlaşan “böyük qonşu”dan özünü qorumaq, mənasız qurbanlar verməmək, eyni zamanda, elə indinin özündə də müəyyən iqtisadi fayda əldə etmək; ikincisi, çox da uzaq olmayan perspektivdə dəlilər əlində məhv olan ölkənin sərvətlərindən bəhrələnmək, rusun itirdiyinə, o cümlədən, mümkün olarsa, bəzi ərazilərinə sahib çıxmaq. Ölkələrinin sosial və tarixi zaman baxımından səciyyəvi xüsusiyyətlərini nəzərə alsaq, onların bu addımını düzgün milli siyasətin üzvi təzahürü kimi anlamaq və dəyərləndirmək olar. Fikrimcə, Belarus (xüsusən!) və Qazaxıstan bu gedişlə nəticədə öz gözləntilərinə yiyələnəcəklər.
Müasir geosiyasi davranışın tələbləri baxımından, əlbəttə, məntiqli olar ki, Azərbaycan bu İqtisadi İttifaqa münasibətini özü üçün aydınlaşdırsın, qoşulub-qoşulmamaq barədə düşünsün, qoşularsa, konkret nə zaman və milli maraqlara cavab verən hansı şərtlər daxilində (ilk növbədə, Qarabağ probleminin həllini nəzərə almaqla!) zəruri addım atmaq fikrindədir. Prezident İlham Əliyevin Azərbaycan dövlətinin dünya birliyində layiqli və özünəməxsus yer tutması üçün göstərdiyi siyasi iradəni, israrlı və qətiyyətli cəhdlərini, təşəbbüslərini ardıcıl və məmnunluqla izləyərək düşünürəm ki, respublikamız bu məsələdə də optimal çıxış yolunu müəyyənləşdirərək öz milli maraqlarını həyata keçirə biləcək.
Mövcud şəraitdə ən vacib vəzifələrdən biri odur ki, geopolitik müstəvidə həyata keçirilən xarici siyasət daxildən güclü dəstək qazansın, bütövlükdə vətəndaş cəmiyyəti, ayrı-ayrı sosial qrup və təbəqələr, etno-dini-mədəni-siyasi birliklər tərəfindən müdafiə olunsun. Bu istiqamətdə də son illərdə xeyli işlər görülmüş və görülməkdədir. Mən əsasən korrupsiya və rüşvətxorluğa, vəzifədən sui-istifadə hallarına qarşı mübarizəni, idarəetmədə şəffaflığın, operativliyin artırılmasını, rəhbər kadrlar şəbəkəsində islahatların aparılmasını nəzərdə tuturam ki, son nəticədə sosial ədalətin, qanunçuluğun təntənəsinə xidmət edir, cəmiyyət – dövlət münasibətlərini optimallaşdırır, xalqla hakimiyyət arasında üzvi birliyi möhkəmləndirir. Yalnız xarici və daxili siyasətin bir-birini tamamlaması, canlandırıcı sinergizmdə olduqları şəraitdə ölkəmizin milli maraqları öz təminatı üçün dayanıqlı, etibarlı zəmin qazanmış olar. Bununla belə, hələ ki, narahatlıq doğuran bəzi problemlər var. Fikrimcə, bu problemlərin kökünü siyasi aktorların və idarəetmə sisteminin fəaliyyətindəki xroniki xarakter almış ciddi qüsurlar təşkil edir. Konkret olaraq, söhbət istər hakim elitanı, istərsə də müxalif düşərgəni təmsil edən şəxslər, qruplar tərəfindən özlərinin “təkcə”, “xüsusi” statuslu maraqlarını ümummilli və dövlət maraqlarından üstün tutmasından gedir. Aydındır ki, idarəetmədə, siyasi fəaliyyətdə təkcə, xüsusi və ümumi maraqlar uzlaşdırılmırsa, hətta bəzən “tam” hansısa “hissə”yə qurban verilirsə, dövlətə və cəmiyyətə ciddi ziyan yetirilir.
Yalnız özü və əhatə dairəsində olan şəbəkə (klan) üçün əlləşən-çalışan, yaxud başlıca qayəsi hər cür vasitələrlə, dövlətin ziyanına olsa belə, özünüqorumadan ibarət olan məmur düşmən qüvvələrin əlində alətə çevrilmiş müxalifət təmsilçilərindən də betərdir. Onun özü üçün cızdığı “sərfəli yol” naminə, hər şeydən əlavə, cəmiyyət-dövlət deyilən məkanda hiyləgərliyə, bicliyə, acgözlüyə, vicdansızlığa, hər cür xəyanətkarlığa meydan açılır. Böyük mütəfəkkir Hegel əbəs yerə demirdi: “Dövlət – mənəviyyatlı həyatdır” (5, с. 37, 47). Onun bu fikirlərini də çatdırmaq istərdim: “Dövlət o vaxt güclüdür ki, vətəndaşların xüsusi maraqları onun ümumi məqsədilə birləşir” (5, s.24); “Dövlət – ruhun öz möhtəşəm varlığında tam reallaşmasıdır” (5, s.17); “Dövlət, azadlığı təmin edir” (5, s.40); “Dövlətə aid suallar mədəniləşmiş idrakın predmetidir” (s.42); “Dövlət – özünü dərk edən azadlığın ağıllı həyatıdır” (4, s.300).
Bəşər tarixinin bütün mərhələlərində cəmiyyətlərin idarə olunması məsələsi mühüm bir problem kimi qarşıya çıxmışdır. İnsanların yaşayışını təşkil etmək, onların fəaliyyətini müəyyən istiqamətə yönəltmək və tənzimləmək obyektiv zərurət olmuşdur. Bu problem, ölkə və dövlət başçıları ilə yanaşı, daim görkəmli mütəfəkkirləri, elm xadimlərini düşündürmüş, müxtəlif nəzəriyyə və konsepsiyaların yazılmasına, idarəetmənin üsul və formalarının axtarılmasına yol açmışdır. Cəmiyyətin ayrı-ayrı strukturlarını, səviyyələrini, ünsürlərini əlaqələndirən mexanizmlər, meyarlar, qanun və normalar işlənib hazırlanmışdır.
Lakin müxtəlif dövrlərdə idarəetmənin təsir dairəsi və sahəsi eyni olmadığı kimi, idarəetmə metodologiyaları, üsul və formaları da bir-birindən fərqlənmişdir. Məsələn, cəmiyyətdə natural təsərrüfat iqtisadiyyatı hakim olduğu dövrdə idarəetmə, demək olar ki, ümumi fəaliyyət sahəsinə çevrilməmişdir. Əslində buna o qədər ehtiyac da yaranmamışdır və bu dövrdə idarəetmə aparatının özü də sadə və primitiv idi. Yalnız ictimai əmək bölgüsünün inkişafı gedişində idarəetmə insan fəaliyyətinin digər növlərindən ayrılmış və müstəqil fəaliyyət növünə çevrilmişdir. Bununla yanaşı, cəmiyyətin mürəkkəb bir sistem kimi təkamülünə müvafiq olaraq, spesifik idarəetmə nəzəriyyələri, metod və formaları meydana çıxmışdır. İdarəetmə yanaşmalarının, prinsip və üsullarının, vərdiş və üslublarının formalaşması uzunmüddətli yol keçmiş, tarixi dövrlərin, ictimai-siyasi quruluşların, etnopsixoloji məxsusluğun və milli-mədəni ənənələrin, iqtisadi sistemlərin səciyyəvi xüsusiyyətlərini özündə ifadə etmiş, elmin və bütövlükdə ictimai şüurun təsirini üzərində daşımışdır. Öz növbəsində, idarəetmə xüsusiyyətləri sosial-siyasi quruluşların və iqtisadi sistemlərin, ictimai münasibətlərin və ictimai psixologiyanın, ideoloji, hüquqi, etik baxışların formalaşıb fəaliyyət göstərməsinə ciddi təsir göstərmişdir.
İdarəetmə xüsusiyyətləri ilə cəmiyyətin digər atributlar sisteminin qarşılıqlı əlaqəsi qlobal sarsıntılar, ictimai rekonstruksiya və keçid dövrlərində daha böyük əhəmiyyət kəsb edir. Ənənəvi stabilliyini itirmiş və yeni struktur-funksional səviyyəyə yüksəlmək uğrunda mübarizə aparan cəmiyyət küllü miqdarda mürəkkəb, adətən də qeyri-ənənəvi problemlərlə üzləşdiyindən daha çox yeni sosial idarəetmə dünyagörüşünə ehtiyac duyur. Yeni idarəetmə metodologiyasına, müvafiq funksiyaları yerinə yetirən idarəetmə orqanlarına, bu orqanların səmərəli münasibətinə, zamanın və konkret tarixi şəraitin tələblərinə cavab verən qanun və normativlərin fəaliyyətinə obyektiv zərurət yaranır.
Bu gün Azərbaycan çox məsuliyyətli tarixi bir inkişaf mərhələsini yaşayır. Cəmiyyətimiz, müasir elmi dildə desək, yaranmış geopolitik şəraitdə mürəkkəb polibifurkasion vəziyyətə uyğun olaraq ardıcıl seçimlər etməli, çevik və inadlı addımlar atmalıdır. O, “köhnə stabillik” halını əvəzləməli, dünyanın yenidən formatlaşması müstəvisində, qlobal transformasiyalar axarında qarşıya çıxan problemləri həll etməli, rasional zəminlər üzərində yeniləşərək Yeni Dünyanın layiqli “sakini” olmalıdır. Respublikanın geosiyasi cəhətdən mühüm yer tutması, enerji mənbələrinə və coğrafi mühitinə görə zənginliyi, etno-milli, dini-mədəni rəngarəngliyi, Ermənistanla uzunmüddətli münaqişə vəziyyətində olması, ərazilərinin erməni qəsbkarları tərəfindən işğalı aktual problemləri daha da dərinləşdirir və kəskinləşdirir. Bir sıra obyektiv və subyektiv, daxili və xarici səbəblər üzündən ictimai həyatın müxtəlif sahələrində bəzi çatışmamazlıqlar özünü göstərməkdədir. İqtisadi durumda, sosial-mədəni sahədə, ictimai şüurda və fərdi psixologiyada xoşagəlməz təzahürlər hiss olunmaqdadır. Başlıca həqiqət isə ondan ibarətdir ki, ölkə yaşayıb, öz etibarlı perspektivini təmin etmək üçün mütləq zamanın və tarixi dövrün tələblərinə cavab verən tərzdə yeniləşməlidir. Layiqli mövcudluq ağıllı yeniləşməsindədir. Bu, dəfələrlə sübut olunmuş bir həqiqətdir.
Lakin yeniləşmənin nədən ibarət olması, onun necə və nə cür aparılması, hansı vasitələrdən və taktiki gedişlərdən istifadə edilməsi, kimlərlə müttəfiqlik edilməsi məsələsi özlüyündə çox problematikdir. Problematikliyi, subyektiv amillərlə yanaşı, obyektiv səbəblər də bir daha ciddiləşdirir. Belə ki, hər bir cəmiyyət qlobal sarsıntılar və keçid dövrlərində öz təkamülündə, obyektiv olaraq, müxtəlif reallaşma kanalları ilə üzləşir. Necə deyərlər, «imkanlar diaqramması» qarşısında qalır. «Hansı yolu getməliyəm?» sualı üzərində düşünməyə məcbur olur. Beləliklə, müxtəlif fəallıq və fəaliyyət istiqamətləri, cürbəcür ideya-siyasi, sosial-fəlsəfi konsepsiyalara meylli cərəyanlar, qruplar, təşkilatlar, şəxslər meydana çıxır. Hər birinin də öz həqiqəti, öz məramnaməsi!
Fərqli və oxşar cəhətlərindən, bütün ideya-siyasi və ictimai mövqeyindən asılı olmayaraq, hər bir cərəyan, partiya və birlik siyasi hakimiyyət uğrunda mübarizə aparır (ayrı-ayrı istisnaları nəzərə almasaq), deməli, cəmiyyətin idarə olunmasına iddia edirlər. Lakin bu idarəetmənin nədən ibarət olması, onun mahiyyəti, tələb və tələbatları, daşıyıcı ideya və prinsipləri, müvafiq meyar və qanunları, bir qayda olaraq, əksər iddiaçıların özü üçün də qaranlıq qalır. Belə durumu, bütövlükdə, bizim cəmiyyətə də şamil etmək olar. Cəmiyyətin idarə olunmasına iddiaçıların çoxluğuna şübhə yeri qalmadığı halda, müasir idarəetmə dünyagörüşünün və metodologiyasının məzmun-mahiyyəti haqda biliklər yetərli deyil. Ümumiyyətlə, ictimai şüurda problemlə bağlı az-çox qaneedici təsəvvürlər, anlayışlar öz yerini çox ləng tutur. Əslində, məsələnin zəruriliyi ictimaiyyətin diqqətinə yetərincə çatdırılmır da, hətta elmi ictimaiyyət qarşısında, problem lazımi səviyyədə və bütün vacibliyi ilə qoyulmur.
Yeniləşən dünyanın tələblərinə cavab verən və milli səciyyə daşıyan mükəmməl elmi idarəetmə nəzəriyyəsinə olan ehtiyac, demək olar ki, daimidir. Söhbət elə baxış və təsəvvürlər, ideya və prinsiplər, üsul və yanaşmalar, hətta leksika və prosedurlar sistemindən gedir ki, özlüyündə məhsuldar və yaradıcı olduğu üçün ictimai praktikanın tələblərinə və cəmiyyətin mütərəqqi perspektivlərinə cavab versin. Bir həqiqətdir ki, belə gücə-qüdrətə malik nəzəri sistem yalnız müvafiq (adekvat) epistemologiya vasitəsilə yaradıla bilər. Belə ki, idraki silahın (qnoseoloji və metodoloji zəminlər, aksioloji məqamlar, təfəkkür üslubu, düşüncə refleksiyası və s) özü yeni, innovativ, yəni, müasir olmalıdır. Necə deyərlər, köhnə alətlərlə, bütün cəhdlərə baxmayaraq, müasir gəmi yox, yalnız ağacdan qayıq düzəltmək mümkündür.Fikrimcə, Prezident İlham Əliyevin uğurla həyata keçirdiyi siyasi kursun başlıca qayəsi məhz bundan ibarətdir: güclü iqtisadiyyata və intellektə, milli-mədəni və bəşəri dəyərlərə söykənən məhsuldar idarəetmə vasitəsilə Azərbaycanın bugününü və gələcəyini layiqincə təmin etmək, ölkənin qabaqcıllar sırasında yerini möhkəmləndirmək, nüfuzunu və sanbalını artırmaq.
Müasir tələblərə cavab verən idarəetmə nəzəriyyəsinin adekvat epistemologiyası, fikrimcə, postneoklassik epistemologiyadır ki, onun da nüvəsini mürəkkəblik fəlsəfəsi, təfəkkür üslubunu isə tənqidi-sinergetik təfəkkür təşkil edir (7, s.34-47). Postneoklassik epistemologiya, mürəkkəblik fəlsəfəsi, tənqidi-sinergetik təfəkkür barədə mən bir çox yazılarımda ətraflı məlumat vermişəm. Hörmətli oxucular, məsələn, bu kitablara müraciət edə bilərlər: “Yeniləşən cəmiyyət. Müasir elmi paradiqma və idarəetmə” (1998), “Yeni iqtisadi təfəkkür və keçid dövrü” (2001), “Демократия: наличная и должная” (2005), “İdarəetmənin sinergetik fəlsəfəsi: yeni dialoq naminə” (2006), “Философия сложности» (2007), “Общество и государство” (2007), “Müasir fəlsəfə, elm və mədəniyyət: postneoklassik epistemologiya” (2011), “Milli maraqlar və milli ideologiya” (2012).
Bir-birilə sıx bağlı olan və bu gün əsas tədqiqat obyekti kimi cəmiyyəti, qlobal dünyanı seçən kibernetika, sistem yanaşma, mürəkkəb sistemlər nəzəriyyəsi, sinergetika, xaos nəzəriyyəsi, xüsusiyyətlər və fəlakətlər nəzəriyyəsi, yenidənqurmalar nəzəriyyəsi, fluktuasiyalar və bifurkasiyalar nəzəriyyəsi, qeyri-səlis riyaziyyat və məntiq, təkəmül hesablamalar, ehtimal hesablamalar kimi elm sahələri postneoklassik epistemologiyanın idraki arsenalını təşkil edirlər. Ümumi bilgilər sistemində mötəbər yer tutaraq, onlar müasir elmin inkişafını təmin edir, deməli, sosial düşüncənin və ictimai praktikanın tələbatlarını ödəyirlər. Danılmaz bir faktdır ki, bu gün cəmiyyət mürəkkəb sistem kimi ayrı-ayrı elmlər tərəfindən təhlil olunur, onun təşkilinin və idarə olunmasının mümkün variantları araşdırılır, sosial inkişafın müxtəlif yolları modelləşdirilir və «optimum»a doğru axtarışlarında müəyyənlik əldə edilir. Bütün bu işlərin uğurlu gedişi və səmərəliliyi, yekunda yararlı məhsulun əldə edilməsi məhz postneoklassik elmi düşüncə, qeyri-ənənəvi epistemologiya vasitəsilə mümkün olur.
Yeni idarəetmə nəzəriyyələrinin əsasında,
tarixi təcrübənin nailiyyətləri ilə yanaşı, yeni (postneoklassik) funksional elmi paradiqma dayanır. Bu funksional elmi paradiqmanın məntiqini, məzmununu, prinsipcə, yeni elmi dəyərlər təşkil edir. Burada əhəmiyyət kəsb edən “köhnə” nəzəriyyə və konsepsiyalar da öz yerini və ifadəsini tapır. Funksional paraqdiqmada riyazi elmlərin, təbiətşünaslığın və sosial idrakın nailiyyətləri, qabarıq xüsusiyyətləri, sanki, üzvi vəhdət əldə edir, müxtəlif səpkili biliklərin simbiozu, sinergizmi baş verir. Məhz bu zəmində ayrı-ayrı sahələrə aid mürəkkəb sistemlərin idarəetmə prinsipləri, üsul və formaları tədqiq edilir. Mürəkkəb sosial və qlobal sistemlər də bu yönümdə öyrənilir, onların idarəolunma metodologiyası işlənib hazırlanır. Qeyd edim ki, postneoklassik epistemoloji sistem özünəməxsus formada digər işlək epistemologiyaları da ehtiva edir. Mən D. Sempbell, K. Popper və St. Tulminin təkamül, T. Kunun tarixi-təkamül, J. Piajenin genetik, M. Polaninin antropoloji, C. Holtonun tematik, U. Kuaynın naturallaşdırma epistemologiyalarını, həmçinin, hipotek-deduktiv, kumulyativ epistemologiyaları nəzərdə tuturam.
Postneoklassik epistemologiya, göstərdiyim epistemologiyaları ehtiva etsə də, onların “cəbri cəmi” deyil. O, keyfiyyətcə yeni mahiyyətdir. Belə mahiyyət ki, birincisi, göstərilən epistemologiyalardan fərqli olan başqa epistemologiyalar da törədə bilər, yəni, prinsipcə evristik və öz-özündə inkişaf edəndir, habelə, həm hazırda mövcud olanlara, həm də gələcəkdə mümkün olunan “hissə”lərə münasibətdə vahid “tam”dır. İkincisi, intişar mənbələrinə və təşəkkül cərəyanına görə o, ibtidaisindən fənlərarası səciyyədədir, başqa sözlə, universaldır. Üçüncüsü, postneoklassik epistemologiya, təkcə universallığına deyil, həm də idraki konkretliyinə, instrumentallığına və tolerantlığına görə daha praqmatik və məhsuldardır. Tolerantlıq dedikdə, ilk növbədə, obyekt və subyekt, reallıq və təfəkkür arasındakı yaxından razılaşmanı, anlaşmanı nəzərdə tuturam. O, klassik və neoklassik epistemologiyalarla müqayisədə, gerçəkliyə çox-çox yaxındır.
Yeni sosial idarəetmə epistemologiyasının strukturunda iki prinsip (özünütəşkilatlandırma və sinergizm) xüsusi yer tutur. Şübhəsiz, özünütəşkilatlandırma və sinergizm effektləri sistemlərdə monoprinsiplər qismində fəaliyyət göstərmirlər. Onların mahiyyəti digər atributlarla birgə reallaşır. Burada biz superpozisiyaya qoşulma, kooperativ təsir və əlaqə, kogerent fəallıq, fluktuasiyaların və bifurkasion (polibifurkasion) vəziyyətlərin yaranması, aktorların funksional rollarının dəyişməsi və sairə xüsusiyyətləri nəzərə almalıyıq. Özünütəşkilatlandırma və sinergizm effektlərini dərindən öyrənmək üçün məhz bu xüsusiyyətlərin hərtərəfli tədqiq edilməsi gərəklidir. Bu zərurətin ödənilməsi müvafiq vəzifələri də qarşıya qoyur: mürəkkəb sistemlər nəzəriyyəsi və yeni funksional elmi paradiqma ilə bağlı mümkün biliklərin öyrənilməsi; sosial sistemlərdə özünütəşkilatlandırmanın tədqiqi; kooperativ mexanizmlərin və xüsusi təkamül «nöqtələrinin» sosial sistemlərin inkişafında rolunun açıqlanması; sinergetik xassələrin sosial idarəetmədə yerinin və mahiyyətinin müəyyənləşməsi.
Pozitiv özünütəşkilatlandırma, özünüidarə və sinergetik xüsusiyyətlər, məlumdur ki, açıq sistemlərdə reallaşır. Bu səbəbdən Azərbaycanda açıq cəmiyyətin qərarlaşma xüsusiyyətləri, prinsip və vasitələri, demokratiyanın legitimləşməsi və konsolidasiyası, vətəndaş cəmiyyəti və hüquqi dövlət məsələləri, ictimai proseslərin sərbəst cərəyanı və cəmiyyətdə nizam problemləri də bir vəzifə kimi daha dərindən tədqiq edilməlidir. Müasir idarəetmə fəlsəfəsinə uyğun təfəkkür tərzinin mühüm əhəmiyyət kəsb etməsini nəzərə alsaq, müvafiq idarəetmə təfəkkür tipi xüsusi problem kimi öyrənilməlidir. Mən bu təfəkkürü tənqidi - sinergetik təfəkkür adlandırıram. Bütövlükdə götürdükdə, problemlərin hərtərəfli, dolğun araşdırılması ümumi bir işdir və ümidvar olmaq istərdim ki, elmi ictimaiyyətimiz onlara xüsusi diqqət yetirəcək. Vacibdir ki, müasir elmi paradiqmanın formalaşmasında müstəsna xidmətləri olmuş görkəmli alimlərin baxışları, nəzəriyyələri dərindən öyrənilsin və gənc nəslə çatdırılsın.
Bilavasitə özünütəşkilatlandırma və sinergizm ilə əlaqədar yazılar, demək olar ki, azdır. Mövzunun ayrı-ayrı aspektlərini işıqlandıran yazılara daha çox son onilliklərdə rast gəlirik. Müəlliflərin əksəriyyəti təbiətşünaslıq və riyazi elmlər sahəsində çalışanlardır; sosial sistemlərin idarə olunmasında sinergizmin və özünütəşkilatlandırmanın rolu onlar tərəfindən əsasən bir ideya kimi verilir. Düzdür, bəziləri sinergizmin dünyagörüşü əhəmiyyətini daha geniş əhatəli verməyə çalışıblar. Bir sıra əsərlərdə isə özünütəşkilatlandırma və sinergizm xüsusiyyətləri bilavasitə «mürəkkəblik» fenomeni kontekstində araşdırılır. Sosial sistemlərin təkamülündə mühüm rol oynayan «xaos»larla bağlı da bir sıra diqqəti cəlb edən əsərlər yazılmışdır. Bu əsərlərdə xaosun yeni nəzəriyyəsi verilmiş, sistemlərin qeyri-tarazlığında və yaxud dayanıqlığında xaosun rolu açıqlanmışdır. Bütün mürəkkəb sistemlər üçün səciyyəvi olan böhranlı hallara dair də bir neçə sanballı əsərlər yazılmışdır. Böhranların, qeyri-stabilliyin, xaos vəziyyətlərinin öyrənilməsi və idarəetmədə qeyri-xətti metodların mənimsənilməsi, qeyri-ənənəvi metodologiyaların işlənib hazırlanması, həm müasir elmi idrak sərhədlərinin əsaslı surətdə genişlənməsi, həm də qlobal evolyusionizmin və yaranmış indiki bəşəri böhranın, geopolitik durumun tədqiqi nöqteyi-nəzərindən çox əhəmiyyətlidir. Ən başlıcası, indiki qorxulu zəmanədə bu biliklər Azərbaycanın “idarəolunan xaos” nəzəriyyəsinin məkrli qüvvələr tərəfindən ölkəmizə qarşı reallaşdırılmasından qorunması üçün lazımdır.
Özünütəşkil və sinergizmə diqqəti yönəldərək, heç də son həqiqətlərin yalnız bu məfhumlarda cəmləşdiyini düşünmürəm, xüsusən də cəmiyyətlərin, geopolitik durumun yenidən formatlaşması kimi məsələlərdə! Ümumiyyətlə, hansısa monometodologiya tərəfdarı deyiləm. Dünyanın, həyatın özü də «mono»nu qəbul etmir və onun qanunları ilə yaşamaq istəmir, baxmayaraq ki, bu qüsurlu mövqe tarix boyu bəşəri gedişatı müşayiət etmişdir. Bəlkə də, ona görə vaxtaşırı despotiyalar meydana çıxmış, yarışma – vuruşmaya, rəqabət - amansızcasına təkzibetməyə, qarşılıqlı məhvetmə cəhdinə çevrilmişdir. Həmrəylik, qardaşlıq şüarları altında gilyotinlər qurulmuş, başlar kəsilmiş, çıxış yolu kimi isə hökmən bir «fürer»in, «fövqalədə insan»ın ətrafında sıx birləşmək göstərilmişdir. Belə gedişlə də xalqlar yaşamaq naminə elə hey dahilərin gəlişini gözləmişlər. Bu yerdə canlı klassik Lütfi Ə.Zadənin bir fikrini xatırlatmaq istərdim: «Məncə, rəqabət deyil, kooperasiya vasitəsilə hər hansı bir metodologiyanın üstünlüyünün təsdiqi və ya təkzibindən danışmaq olar» (6, s.3). Yaxşı metodologiyanın üstünlüyü müxtəlif metodologiyalar koalisiyasında və ya konsorsiumunda üzə çıxır. Yaxşılıq da xeyli dərəcədə birgəyaşayış mədəniyyətinə riayət etməklə reallaşır!
Sinergetik fəlsəfəyə əsaslanan və sağlam birgəyaşayışı təmin edən idarəetmədə insan «Mən»i öndə tutulur və tam dolğunluğu ilə ifadə olunur. Yalnız belə halda demokratiyanın mümkünlüyündən danışmaq olar və xalq hakimiyyətin mənbəyi kimi çıxış edə bilər. Burada başlıca cəhətlərdən biri odur ki, enerji və güc mənbəyi kimi maddi olan yox, ideal olan (ruh, şüur, təfəkkür, intellekt) götürülür və bu mənbə cəmiyyətin əsas məhsuldar qüvvəsi rolunu oynayır. Maddi nemətlərin qıtlığından və yaxud tükənməsindən yaranan məhdudiyyətlər dəf olunur, milli inkişaf və ictimai tərəqqi bilavasitə maddi sərvətlər amilinə bağlanmır, çünki intellektual istehsal və istehlak vektoru cəmiyyətdə aparıcılıq təşkil edir, insanların yaradıcılıq qabiliyyətlərinin və onların təşəbbüskarlığının tam yeni səviyyədə reallaşması üçün geniş imkanlar açılır. İnsan hüquq və azadlıqlarının həqiqi mənada təmin olunması da elə ilk növbədə bundan asılıdır. Söz və fikir azadlığı eqoistik motivlərdən doğan və subyektiv istəkləri ödəyən fenomen kimi yox, dərin ictimai məna daşıyan və tərəqqiyə xidmət edən dəyər qismində gerçəkləşir .
Mürəkkəblik haqqında təsəvvürlərin dəyişməsində iki fənnin xüsusi rolu olmuşdur. Bunlardan birincisi qeyri-tarazlıq vəziyyətlərinin fizikası, ikincisi – dinamik sistemlərin müasir nəzəriyyəsidir. Birincidə ən gözlənilməz nəticələrdən biri tarazlıq vəziyyətindən güclü uzaqlaşma şəraitində yeni fundamental xassələrin kəşfi, ikincidə isə, aparıcı ideya qeyri-dayanıqlığın sistemlərin təkamülündə mühüm yer tutması ilə bağlı idi. Bu iki zəmin bir sıra gözlənilməz qanunauyğunluqların, irimiqyaslı fluktuasiyaların, bifurkasiya silsilələrinin, qeyri-xətti determinasiya əlaqələrinin, dinamik xaos hallarının və s. tam yeni səviyyədən dərk olunmasına yol açdı (2). Hələ XIX əsrdə, Furye və Klauzisin əsərlərindən başlayaraq, maraq doğurmuş dissipativ sistemlər barədə təsəvvürlər sıçrayışlı qaydada yeniləşdi, belçikalı alim İlya Priqojin geridönməz proseslərin sirlərinə varan dissipativ sistemlər nəzəriyyəsini irəli sürdü. Ənənəvi təsəvvürlərin sərhədlərini ciddi surətdə genişləndirən, hətta çox anlarda klassik elmi prinsipləri şübhə altına alan bu nəzəriyyənin nəticələri elə İ. Priqojinin özü və başqaları tərəfindən qeyri-fiziki obyektlərə də şamil olunmağa başladı. Alman fiziki German Hakenin sinergetikası ilə birgə dissipativ sistemlər nəzəriyyəsi bioloji və sosiohumanitar obyektlərin tədqiqində idraki fəzanı xeyli yenişləndirdi. Artıq riyazi elmlər sahəsində əsaslı dərəcədə işlənilmiş bifurkasiya nəzəriyyəsi bu idraki fəzanın təsiri altında sosial və bioloji sistemlərin tədqiqi nöqteyi-nəzərindən tam yeni dəyər qazanmağa başladı. Biososial sistemlərin təkamülündə obyektiv olaraq yaranan xüsusi «nöqtələr», böhranlı vəziyyətlər bifurkasiya nəzəriyyəsi prizmasından tədqiqat predmetinə çevrildilər; simmetriya və asimmetriya, dayanıqlıq, nizam və korrelyasiya, ehtimal və təsadüf, hətta zaman və məkan məsələləri yenidən nəzərdən keçirildi. Tədqiqat dalğası kritik halların, sistemlərin təşkilatlanmasında və davranışında təkamüli parametrlərin mahiyyətinə dair yeni biliklərin formalaşmasını stimullaşdırdı, kritik hadisələrin müasir nəzəriyyəsi meydana çıxdı, xaosların roluna dair baxışlardan uzaqlaşma baş verdi, ehtimal nəzəriyyəsinin müxtəlif təbiətli mürəkkəb sistemlərin mövcudluğu və fəaliyyəti ilə əlaqədar hüdudları genişləndi, lazerlər və bərk cisimlər fizikasından, kimya və meteorologiyadan tutmuş bioloji, ekoloji, psixoloji inkişaf modelləri də daxil qeyri-xətti mürəkkəb proseslərin dinamikasının daha dolğun izahı məqsədilə fəlakətlər nəzəriyyəsi təşəkkül tapıb formalaşdı.
Bir sözlə, yeni elmi dünyagörüşünə nəfəs və qida verən fundamental əsaslar, nəzəriyyə və ideyalar bazisi yarandı ki, yeni funksional elmi paradiqmanın qərarlaşması obyektiv zərurət xarakteri aldı. Həqiqət naminə deməliyəm ki, bu obyektiv zərurət yalnız təbiət elmlərinin və riyaziyyatın inkişafı ilə şərtlənmir. Funksional (postneoklassik) elmi paradiqmanın qərarlaşmasında sosiohumanitar elmlərin də rolu əhəmiyyətli olmuşdur. Xüsusən XX əsrin ikinci
onilliyindən başlayaraq görkəmli sosioloq, psixoloq, filosof və politoloqların yaradıcılıq istiqaməti, necə deyərlər, «sinergetik anlama» tuşlanmışdır. İnsan fenomeninin açıqlanmasında, cəmiyyətin təhlilində, sosial və psixoloji proseslərin şərhində bu və ya digər formada sinergizmə yönüm özünü göstərirdi.
Cəmiyyət və insanın şərhində sinergetik anlama doğru gedişatda L.Dyüqi, C.P. Sartr, B.Kroçe, N.Losskiy, İ. Şmalhauzen, K. Popper, E.Fromm, A.Adler, H. Markuze, Y. Habermas, V. Frankl, Ü. Bakli, A.Şeroziya, E. Dyürkheym, V. Vernadski kimi alimlərin adını çəkmək olar. Ümumən, müasir funksional elmi paradiqmanın və təfəkkür tərzinin formalaşmasında texnokratik biliklər sisteminin təsiri daha önəmli olmuşdur. Texnokratik biliklər sistemi, yeni paradiqmanın qərarlaşmasını müəyyən etməklə yanaşı, sosial idrakın özünü köklü yeniləşmə zərurəti qarşısında qoymuşdur. Söhbət heç də bəsit mənada sosial idrakın və sosiohumanitar fənlərin «fizikalizasiya»sından getmir. Məsələnin məğzi kəşf olunmuş yeni ümumelmi qanunauyğunluqların, universal prinsip və anlayışların sosial idrakda, cəmiyyətşünaslıqda və insanşünaslıqda qərarlaşmasındadır. Bir sözlə, söhbət ümumelmi epistemologiyadan və vahid elmi dünyagörüşündən gedir. Sadəcə, bir çox universal xarakterli qanunauyğunluqlar və prinsiplər ilkin etiraflarını fiziki-kimyəvi və riyazi fənlər sahəsində tapıblar. Həqiqətən də, mürəkkəb sistemlərdə mikroskopik elementlərin qeyri-xətti əlaqəsi nəticəsində müxtəlif makroskopik hadisələrin yaranma prosesinin və bir sıra digər halların izahı ilkin olaraq fiziki-kimyəvi və riyazi elmlər tərəfindən daha dəqiqliklə verilib, müəyyən yeni prinsiplər əsaslandırılmış qaydada irəli sürülüb.
Ümumiyyətlə, tarix boyu sosiohumanitar elmlər öz üzərlərində fiziki nəzəriyyələrin, texniki-riyazi, fiziki-kimyəvi biliklərin təsirini hiss ediblər. Mexanikanın hökmranlığı dövründə Tomas Hobbs dövləti maşina («Leviafan») bənzədirdi ki, bu maşının ünsürləri rolunda vətəndaşlar çıxış edirdi. Lametri insan qəlbini avtomatı fəaliyyətə gətirən qüvvəyə oxşadırdı. Adam Smit bazar mexanizmini Nyutonun ümumdünya cazibə qüvvəsinə bənzər «görünməz qüvvə» ilə izah edirdi.
Əsrlər boyu bütün elm sahələrində səbəbiyyət məsələsi klassik mexanikanın deterministikası prizmasından şərh olunurdu ki, burada da Qaliley-Laplas determinasiya əlaqələri aparıcılıq təşkil edirdi. Klassik mexanikada səbəbiyyət Nyutonun və yaxud Hamiltonun hərəkət tənlikləri mənasında deterministikdir, sistemlər isə bir qayda olaraq konservativdirlər. Bəzən, haqlı olaraq, konservativ sistemlərə inteqrallaşan sistemlər də deyirlər. Bunun da başlıca mənası ondadır ki, sistemin ilkin verilmiş göstəricilərindən çıxış edərək onun gələcək hərəkətini, yəni, vəziyyətini əvvəlcədən hesablamaq (öncəgörmək) mümkündür. Konservativ (inteqrallaşan) sistemlər zamana nəzərən dönümlülüklə (yəni simmetriya, yaxud invariantlıqla) və enerjinin saxlanılması ilə xarakterizə olunurlar. Səma mexanikasından tutmuş biososial obyektlərə qədər məhz bu təsəvvürlər hakim baxışlar toplusunu, mülahizə əsaslarını təşkil edirdi, Təbiətin özü nəhəng konservativ deterministik sistem kimi öyrənilirdi ki, ilkin (başlanğıc) şərtlər dəqiq məlum olduğu halda həm keçmiş zamanda, həm də gələcəkdə hadisələr müəyyənliyini əldə etmək mümkün idi («Laplas demonu»).
Anri Puankare ilkin şəxslərdən idi ki, bu fövqəladə mümkünlüyü şübhə altına alır (1, s.21). O, anlayır ki, hətta səma mexanikası, saat mexanizmi kimi, bütünlüklə «hesablanan» sistem deyil. Planetlərin, ulduzların və səma cisimlərinin səbəb-nəticə əlaqələri o mənada qeyri-xətti və inteqrallaşmadan uzaqdır ki, bu qarşılıqlı əlaqə nəticəsində xaotik trayektoriyalar yarana bilər («üç cisim məsələsi»ndə olduğu kimi). Puankarenin kəşfindən təxminən altmış il sonra istedadlı riyaziyyatçılar A.N. Kolmoqorov (1954), V.İ.Arnold (1963) və Y.K.Mozer sonralar KAM-teorem adlanan teoremi isbat edirlər: klassik mexanikanın keçidlər fəzasında trayektoriyalar nə müntəzəm, nə də tam qeyri-müntəzəmdir və başlanğıc vəziyyətlərin seçiminə çox həssasdırlar; kiçik fluktuasiyalar da xaotik rejimlər doğura bilər («kəpənək effekti»).
Beləliklə, müasir elmi anlamın və nəzəriyyələrin mərkəzi bir sütunu formalaşırdı: qeyri-tarazlıq şəraitlərinin axtarışı və qeyri-xətti dinamikanın sirlərinə varmaq; konservativ sistemlər «məntiqindən» kənara çıxmaq və geridönməməzlik, ehtimali, emercent xüsusiyyətləri ilə, qeyri-dizyünktiv səbəbiyyət əlaqələrilə şərtlənən dissipativ (açıq) sistemlər «məntiqinə» yiyələnmək. Yeni paradiqmanın mərkəzi daşıyıcılarından olan bu sütunun qərarlaşmasında İ. Priqojinin, İ. Stengersin, G. Hakenin və digər tədqiqatçıların (Mesaroviç M., Takaxara Y., Nikolis Q., Feygenbaum M., Forrester C., Eygen M., Ebelinq V. və başqaları) rolu danılmazdır.
Funksional paradiqmada mühüm yer tutan daşıyıcılardan biri də kvant mexanikasının irəli sürdüyü qeyri-müəyyənlik prinsipi olmuşdur. V. Heyzenberq tərəfindən formulə edilmiş bu prinsip, N.Borun tamamlıq prinsipi ilə birgə, hazırda müasir elmin tədqiqat obyekti olan müxtəlif təbiətli sistemlərin öyrənilməsində universal vasitədir. Hər iki prinsip (neoklassik töhfələr olsalar da!) postneoklassik elmdə - sosial, iqtisadi, ekoloji, bioloji, qlobal proseslərin tədqiqində, proqnozlaşmasında müstəsna əhəmiyyət kəsb edirlər. V. Heyzenberqin qeyri-müəyyənlik prinsipinə görə, hansı dəqiqliklə impulsu (deməli, həm də sürəti) müəyyənləşdirmək mümkün olursa, bir o qədər də koordinatın müəyyənləşdirilməsində qeyri-dəqiqlik alınır. Mikroobyektlərin ziddiyyətli, korpuskulyar-dalğa (dualizmi) təbiəti səbəbindən eyni vaxtda koordinatının və impulsunun dürüst müəyyən edilməsinin mümkün olmadığı aşkarlanır. Mikroelementin koordinatının qeyri-müəyyənliyi nə qədər azdırsa, onun impulsunun qeyri-müəyyənliyi bir o qədər çox olur və əksinə. Buna bənzər nisbət müəyyən zaman anında zərrəciyin enerjisinin təyinində də mövcuddur. V. Heyzenberqin qeyri-müəyyənlik prinsipi ilə N.Borun tamamlıq prinsipi, mahiyyətcə, bir-birini doğuran qanunauyğunluqlardır (1, s.22-23).
Bu prinsiplərin tətbiqi yalnız nəzəri baxımdan əhəmiyyətli deyil, artıq çoxdan onlar öz praktiki dəyərlərini sübut ediblər. Məsələn, Corc Soros dəfələrlə öz əsərlərində qeyri-müəyyənlik prinsipinin müasir sosial-siyasi və iqtisadi fəaliyyətdə rolunu qeyd edib. «Maliyyənin alkimyası» kitabında özünün investisiyalar nəzəriyyəsini verən C.Soros, başlıca zəminlərdən biri kimi məhz qeyri-müəyyənlik prinsipini götürüb. Müəllimi olmuş Karl Popperin fəlsəfi baxışlarından, ilk növbədə, onun açıq cəmiyyət konsepsiyasından bəhrələnən C.Soros, mürəkkəb sistemlər nəzəriyyəsindən irəli gələn ideyaları inkişaf etdirir və qeyri-müəyyənlik prinsipinin mahiyyətini dərindən anlayaraq, orijinal refleksivilik nəzəriyyəsini yaradır (8). Bu nəzəriyyə inkişaf edən iqtisadi sistemin, bazar münasibətlərinin dərk olunması üçün böyük faydaya malikdir. Soros klassik iqtisadi nəzəriyyəni fundamental tərzdə yenidən baxışdan keçirir, qeyri-müəyyənliyin xüsusi elementlərini dövriyyəyə daxil edir, bazar iştirakçılarının məqsəd-niyyətləri ilə onların fəaliyyətlərinin real nəticələri arasında yaranan fərqlənməni aşkarlayır və onun mahiyyətini göstərir. Onun fikrincə, bu fərqlənmə ümumilikdə tarixi proseslərin və, xüsusi halda, maliyyə bazarlarının dərk olunması üçün bir açardır.
Ümumən qəbul olunmuş nöqteyi-nəzərə görə, maliyyə bazarları tarazlıq vəziyyətində olurlar. Bu baxış, Sorosa görə, Nyütonun fizikasından qidalanan səhv analogiyaya əsaslanır. O, tam başqa mövqedən çıxış edir – maliyyə bazarlarının qeyri-tarazlıq vəziyyətində olmasından. Maliyyə bazarlarının qeyri-tarazlığı iştirakçıların təsəvvürləri və hadisələrin real gedişi arasında baş verən fərqlənmə ilə xarakterizə olunur. Bəzən bu fərqlənməni nəzərə almamaq olar, lakin elə hallarla rastlaşırıq ki, onu nəzərə almadan hadisələri anlamaq mümkün deyil. Hadisələrdə iştirakçılar hərəkət etdikdə, tədqiqat predmeti artıq faktlarla məhdudlaşmır, o, həm də iştirakçıların nəyi və necə qavramasını ehtiva edir. Səbəb-nəticə əlaqələri birbaşa faktdan fakta doğru aparmır, bağlılıq faktdan qavrayışa və qavrayışdan fakta keçməklə reallaşır. Bu, dəfolunmaz çətinliklər yaratmazdı, əgər faktlarla qavrayışlar arasında hansısa uyğunluq, yaxud ekvivalentlik olardısa. Təəssüf ki, bu, mümkün deyil, çünki iştirakçıların qavrayışı faktlarla yox, situasiya ilə nisbətdə olur, o isə, onların şəxsi qavrayışlarından asılıdır və beləliklə, fakt kimi şərh oluna bilməz.
“İqtisadi nəzəriyyə, rasional davranış haqqında güman daxil etməklə, bu sualdan yan keçmək istəyir. Hesab olunur ki, insanlar mümkün alternativlərdən ən yaxşısını seçərək hərəkət edirlər. Ancaq alternativlərin qavranılması ilə faktlar arasındakı fərqlər nədənsə nəzərə alınmır. Nəticədə eleqant nəzəri konstruksiya ortaya çıxır ki, təbiət elmlərini xatırladır, ancaq reallığı əks etdirmir. O, iştirakçıların kamil bilik əsasında davrandıqları ideal dünyaya aiddir və nəzəri tarazlığa gətirib çıxarır, burada isə resursların bölgüsü optimal olur. O, real dünyayla yalnız zəif münasibətdə olur. Real dünyada insanlar qeyri-kamil anlam əsasında davranırlar, tarazlıq isə əlçatmazdır»” (8, s.20).
Yalnız dövrün tələblərinə, gerçəkliyə adekvat olan təfəkkür vasitəsilə insan mövcud olanı dərk etməklə yanaşı, “nə baş verə bilər?” sualı ətrafında düşünə bilər. Nəyin necə yaranması, əvvəlcədən məlum olmayan hansı hadisənin baş verməsi məsələsi pandeterminizm və mütləq müəyyənlik prinsiplərinin imkanları daxilində həll olunmur, daha doğrusu – qeyri-mümkündür. Müxtəlif təbiətli qlobal, sosial, siyasi, iqtisadi sistemlərin təkamülünü bu prinsiplərdən çox, digər qanunauyğunluqlar, ehtimali, emercent, qeyri-müəyyənlik effektləri xarakterizə edir. Ümumiyyətlə, o hadisələri dəyişikliklər adlandırmaq olar ki, onların baş verməsini mövcud biliklər əsasında əvvəlcədən dəqiqliklə söyləmək mümkün deyil. Dəyişikliklərə, həqiqi yeniliklərə yol alternativlərdən keçir. Dəyişiklik «imkanlar diaqramması» təsiri altında baş verir, sistemlər isə öz mövcudluqları naminə ardıcıl olaraq seçim qarşısında qalırlar. Və heç də seçim məsələsi ənənəvi səbəbiyyət prinsipi əsasında həyata keçmir. Klassik deterministika burada gücsüzdür.
Gördüyümüz kimi, müasir dünya yeni elmi təsəvvürlər, baxışlar və nəzəriyyələr dalğasının təsiri altında yaşayır. Bu gün yeni, inqilabi mahiyyətli elmi təsəvvürlər artıq riyazi-fiziki, kimyəvi fənlərin hüdudlarını aşaraq ictimai həyatın digər sahələrində özlərini göstərməkdədir. Belə olduqda, sosiohumanitar elmlərdə idraki fəzanın yeniləşməsi zərurətini dərk etmək o qədər də çətin deyil. Azərbaycanda sosial idrakın müasirləşməsi, funksional elmi paradiqmaya müvafiqliyi elmi ictimaiyyətimiz qarşısında mühüm bir məsələ kimi dayanır. Bu da, ən azı, zəruri anlayışların və prinsiplərin sosiohumanitar, politoloji və iqtisadi elmlər sahəsində, təfəkkürdə qərarlaşmasını tələb edir. Bu gün mürəkkəb polibufurkasion vəziyyətdə ölüm-dirim mübarizəsi aparan, yeni struktur-funksional səviyyəyə yüksəlmək üçün çalışan cəmiyyətimiz özü bu sifarişi veribdir. Sadəcə, verilmiş sifarişə müvafiq olaraq geniş əhatəli, ciddi, sistemli tədbirlər görülməlidir.
İnsana və cəmiyyətə məxsus məhsuldar fəaliyyət nəzəri əsassız olmur. Hər bir insani, ictimai fəaliyyətin əsasında ideya, fikir, mülahizə, əqlinəticə, təfəkkür dayanır. Kortəbii davranış, ideya-nəzəri əsası olmayan fəaliyyət insana yox, başqa canlılara xasdır. İnsan fəaliyyəti – fikrin övladıdır. İndiki sosial-siyasi, iqtisadi, beynəlxalq vəziyyəti, ictimai prosesləri və dünyanın inkişaf dialektikasını təhlil edib anlamaq üçün, cəmiyyətə və dövlətə ziyan verə biləcək hadisələrin qarşısını almaq və işləri düzgün məcraya yönəltmək məqsədilə müasir sosial idraka, müasir təfəkkür tərzinə yiyələnmək vacibdir. Müasir fizikanın problemlərini klassik fizikanın riyazi aparatı, məntiqi və prinsipləri çərçivəsində həll etmək mümkün olmadığı kimi, müasir cəmiyyəti, sosial-siyasi həyatı, geopolitik durumu yalnız köhnə idraki vasitələrə, ənənəvi təfəkkürə, üsul və vərdişlərə arxalanmaqla təhlil edib mənimsəmək qeyri-mümkündür. Azərbaycanın hüquqi dövlət, vətəndaş cəmiyyəti və sərbəst bazar iqtisadiyyatı istiqamətində inkişafı açıq cəmiyyət tələblərini ödəməklə mümkündür. Onun reallaşmasında isə özünüidarə, özünütənzimləmə, özünütəşkilatlandırma, tolerantlıq və sinergizm effektləri mühüm əhəmiyyət kəsb edir. Bu effektlərin ödənilməsi müasir elmi paradiqmadan kənarda mümkün deyil.
Müasir idarəetmə nəzəriyyəsinin məğzini, J.-J.Russonun təbirincə desək, «insan olmaq elmi» təşkil etməlidir. Belə olduqda, özünütəşkil və sinergizm effektləri pozitiv məna daşıyar, milli maraqlara xidmət edər, deməli, xalq mənafeyi ifadə olunar və həqiqi demokratiya reallaşar. Demokratiya – xalqın, bütün sosial qrupların mənafelərinə xidmət edən sinergizmdir, elə bir birgəyaşayış mədəniyyətidir ki, fərdin özünütəsdiqinə şərait olur və şəxsiyyətin ləyaqətinə hörmət edilir. Dövləti idarəetmənin ali məqsədi şəxsiyyətin şərəf və ləyaqətinin qorunmasından, onun həyatının mühafizəsindən, vətəndaşların əminamanlıqda yaşamasını təmin etməkdən ibarətdir. İdarəetmə humanistik, mənəvi-mədəni tutuma malik olmalıdır!

Ədəbİyyat:

1. Abbasov Ə.F. İdarəetmənin sinergetik fəlsəfəsi: yeni dialoq naminə. Bakı: “MBM”. 2006.
2. Аббасов А.Ф. Философия сложности. Баку: «МВМ». 2007.
3. Adıgözəlov Kamal. Azərbaycan-Aİ: strateji əməkdaşlığın yeni modelinə doğru // “Yeni Azərbaycan” qəzeti. 04 iyun 2014-cü il.
4. Гегель Г.В.Ф. Философия права. М.: Мысль, 1990.
5. Гегель Г.В.Ф. Философия истории. М.-Л., 1035.
6. Əliyev R.Ə., Əliyev R.R. Soft Kompütinq (nəzəriyyə, texnologiya və praktika). Bakı: Çaşıoğlu, 2004.
7. Müasir fəlsəfə, elm və mədəniyyət: postneoklassik epistemologiya. Bakı: “Təknur”. 2011.
8. Сорос Дж. Алхимия финансов. Рынок: как читать его мысли. Москва: ИНФРА-М. 1999.


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM