M.Ə.Sabirin türk dili müəllimliyinə uzanan əzablı yolları və yaxud "Molla Nəsrəddin"in attestatlı molla müxbirlərindən biri

09:58 / 29.05.2019

Nazim Nəsrəddinov

Azərbaycan Respublikasının Əməkdar müəllimi

May ayının 30-u türk dünyasının ən böyük şairlərindən biri, Azərbaycanın bədii-ictimai fikir tarixində yeni ədəbi məktəbin banisi, görkəmli maarifpərvər Mirzə Ələkbər Sabirin təvəllüd günü hesab olunur.
Mirzə Ələkbər Sabir Tahirzadə 1278-ci sənə-hicridə zilhiccə ayının əvvəlinci günündə Şamaxıda təvəllüd etmişdir və rəcəb ayının 28-də, 1329-cu ildə vəfat etmişdir.
Sabir çoxəsrlik Azərbaycan poeziyasının ənənələrini öz yaradıcılığında əks etdirməklə yanaşı, ictimai fikrin formalaşmasında da öz rolunu göstərən söz ustalarından biri olub. “Molla Nəsrəddin” jurnalı ətrafında formalaşmış ədəbi cərəyanın ən parlaq simalarından olan Sabirin yaradıcılığının əsas mövzusu maarifə, elmə çağırışdır.
***
Görkəmli söz ustası Mirzə Ələkbər Sabirin məktəb həyatından söz açan tədqiqatçıların çoxu onun əvvəlcə bir neçə il mollaxanada, sonra isə 1874-cü ildə Şamaxıda açılmış “Məclis məktəbi”ndə oxuduğunu yazır.
“Məclis məktəbi” Şamaxıda fəaliyyət göstərən ruhani idarələrinin himayə etdiyi təhsil ocağı idi. Məktəbin açılmasının təşəbbüskarı Şamaxıda yerləşən Bakı Quberniyası Əhli-Təsənni İdarəsinin sədri Hacı Səid Əfəndi Ünsizadə idi. (1859-cu ildə paytaxt Şamaxıdan Bakıya köçürülərkən bir sıra idarələr Şamaxıda saxlanılmışdı -N.N). Məktəbin açılmasına Bakı qubernatoru D.S.Staroselski (15.05.1832- 11.03.1884 ) icazə vermişdi.
M.Ə.Sabirin oxuduğu “Məclis məktəbi”nin yaradıcısı Hacı Səid Əfəndi Ünsizadə sonralar Şamaxı şəhərində əsassız təzyiqlərə məruz qalır, müxtəlif cinayətlərlə günahlandırılır, lakin heç bir fakt təsdiq olunmur. Sonralar S.Ünsizadə doğma yerlərdən baş götürüb, türk dünyasının baş şəhərinə-İstanbula köçmüş, əqidə dostlarından biri olan Münif paşanın köməkliyi ilə maarif sahəsində rəhbər vəzifəyə işə düzəlmiş, 1905-ci ilin yazında İstanbulda ömrünün 80-ci ilində dünyasını dəyişmişdir. S.Ünsizadə Quranın Azərbaycan dilində ilk təfsirini yazanlardan biridir.
M.Ə Sabir zəngin pedaqoji ənənələri olan, güclü zəlzələdən sonra paytaxt statusu əlindən alınan qədim bir şəhər mühitində-Şamaxıda pərvazlanmış, buradakı zəkalı müəllimlərdən dərs almış, həm Şərq, həm də Qərb pedaqoji fikrini dərindən öyrənmişdir. Bunu onun Uşinskidən və Mozdolevskidən etdiyi tərcümələr ə təsdiq edir.
***
“Məclis məktəbi”ndə Sabirə Cəlaləddin Ünsizadə, Seyid Əzim Şirvani kimi milli qeyrətli, elmə, təhsilə bağlı olan aydın düşüncəli müəllimlərin dərs deməsi gələcək şairin mənəvi aləmini xeyli zənginləşdirib. Onlarin hər ikisi Şamaxının ən savadlı müəllimlərindən sayılır, Şamaxı pedaqoji mühitinin aparıcı qüvvələri kimi tanınırdı.


M.Ə.Sabirin müəllimləri yaradıcı müəllimlər idi: onların hər ikisi dərslik yazmış, dövri mətbuatın formalaşmasında və inkişafında, xalqın maariflənməsi yolunda fəal iştirak etmişdir. Cəlaləddin Ünsizadə sonralar “Ziya” və “Ziyayi-Qafqasiyyə” qəzetlərinin, “Kəşkül” jurnalının və “Kəşkül” qəzetinin redaktoru olmuş, S.Ə.Şirvani iki dərslik yazmış, bütöv bir elmi-tədqiqat institutunun kollektiv şəkildə çətinliklə bir il ərzində görə biləcəyi işi təkbaşına yerinə yetirmişdir: o, 300-dən artıq şairin həyat və yaradıcılığını əks etdirən təzkirə-ədəbiyyatşünaslıq əsəri yaratmışdır. C.Ünsizadənin Sabirə və onun şagird dostlarına dediyi hesab dərslərinin konspektləri əsasında 1884-cü ildə Tiflisdə öz şəxi mətbəəsində çap etdirdiyi “Hesab” dərslıyi uzun müddət Zaqafqaziyanın türkdilli ibtidai məktəblərin əsas dərs vəsaiti olmuşdur.


M.Ə.Sabirin “Məclis məktəb”ində ana dili və şəriət müəllimi S.Ə.Şirvani olmuşdur. Sabirin şair və tərcüməçi kimi yetişməsində Seyid Əzimin böyük rolu danılmazdır.
M.Ə.Sabir hələ məktəb illərindən Şərqin Ömər Xəyyam, Nizami Gəncəvi, Sədi, Xacə Hafiz, Bəhaiddin kimi şairlərinin yaradıcılığına yaxşı bələd imiş. Onun farsdilli poeziyadan ilk mükəmməl tərcümələri məhz məktəb illərinə təsadüf edir.
M.Ə.Sabirin ən yaxın şagird yoldaşı və dostu S.M.Qənizadənin yazdığına görə, Ələkbər “Məclis məktəbi”ndə cəmi iki il oxuyub. O, uşaqların hamısından talantlı imiş, hələ şagird olanda Nizami Gəncəvinin ”Xəmsə”sini fars dilindən Azərbaycan dilinə tərcümə edirmiş.
Atasının təkidi ilə iki ildən sonra “Məclis məktəbi”ndən uzaqlaşan Sabir atasına ticarət işlərində kömək edir. O, bir müddətdən sonra atasının icazəsi ilə Səbzəvar, Xorasan, Nişapur, Buxara kimi şəhərlərə səyahətə çıxır. Səfərdə olarkən atasının ölüm xəbərini eşidən Sabir Şamaxıya qayıdır və böyük qardaşı ilə birlikdə böyük ailənin qayğılarını çəkməli olur: hər cür ağır işin qulpundan yapışır, çətinliklə çörəkpulu qazanır.
Evlənəndən və yeddi qız atası olandan sonra Sabirin həyatı daha da çətinləşir. O, 1907-ci ilin sonlarında o vaxt Zaqafqaziya Müəllimlər Seminariyasında inspektor (müfəttiş) işləyən məktəb dostu S.M.Qənizadəyə giley dolu məktub yazır, düşdüyü çətin vəziyyətdən şikayətlənir.


Dostu cavab məktublarının birində Zaqafqaziya Müəllimlər Seminariyasında yaxın vaxtlarda bir müəllim yeri boşalacağını və müəllimlik kağızı olacağı təqdirdə Sabirin bu vəzifədə işləyə biləcəyini ona xəbər verir. (Seminariyada şiə məzhəbindən olan tələbələrə ana dili və şəriətdən dərs deyən F.Köçərlinin daha yüksək vəzifəyə (müfəttiş vəzifəsinə) təyin olunacağı gözlənilirdi-N.N.).


Məsələ burasındadır ki, o vaxtlar savadlı adamların Quberniya Ruhani idarələrinin birində yüksək səviyyəli komissiya qarşısında imtahan vermək yolu ilə attestat alması mümkün idi. Sabir bu əlverişli imkandan istifadə etmək qərarına gəlir. O, bu məqsədlə 1908-ci il fevralın 12-də Bakı Quberniya Şiə Ruhani İdarəsinə ərizə ilə müraciət edir. Rəsmi dairələrdə Mirzə Ələkbər Məşədi Zeynal oğlu kimi tanınan Sabir aprelin 11-də Bakıda Came məscidində imtahan verir. Onunla imtahan verənlərin demək olar ki, hamısı yaşadıqları ərazilərin tanınmış din xadimləri idi, yazı-pozu əhli idi, lakin heç birinin Zaqafqaziya Ruhani İdarəsində təsdiq olunmuş “prixod mollası və müəllim” attestatı yox idi.


Aydınlıq üçün deyək ki, “prixod mollası və müəllimlik attestatı” imtahanları Qafqaz Canişininin 5 mart 1876-cı ildə təsdiq olunmuş Əsasnaməsinə uyğun olaraq aparılırdı. Əsasnamə əsasında tərtib olunmuş proqrama görə, attestat almaqdan ötrü imtahan verən hər bir şəxs müəzzin (azançı) üçün tələb olunan sözləri düzgün tələffüz etməli, namaz qaydalarını, təlqin (ölü basdırıldıqda qəbir üzərində oxunan dua- N.N.) və dəfn qaydalarını bilməklə yanaşı, müəllimlik vəzifəsinin üsullarına da bələd olmalı idi. İddiaçıdan Azərbaycan və fars dillərini mükəmməl bilmək, yaxşı xətlə yazmağı bacarmaq tələb olunurdu. Quranın oxusunda orfoepik normalara əməl etmək, cümə günü və dini bayram günlərində tələb olunan dini mərasim tədbirlərini icra və təşkil etməyi bacarmaq, kəbin (nikah ) və boşanma qaydalarını yaxşı bilmək, qan və süd qardaşlığı qohumluq dərəcəsini müəyyənləşdirmək bacarığı proqramın əsas tələblərinə aid idi.Prixod mollası və müəllimin öz fikrini tatar (Azərbaycan-N.N. ) dilində yazılı şəkildə ifadə etməyi bacarması da vacib şərtlərdən biri kimi qiymətləndirilirdi.
Rus və fars dilərində yazılmış imtahan protokollarının sonunda iddiaçının prixod mollası adına layiq olub-olmaması xüsusilə vurğulanırdı.
Mirzə Ələkbər Məşədi Zeynal oğluna və onunla bir yerdə imtahan verənlərə aid imtahan sənədlərini Bakı Quberniya Ruhani Məclisinin sədri, Quranın Azərbaycan dilinə ilk tərcüməçilərindən biri olan Hacı Mir Məhəmməd Kərim Hacı Mircəfərzadə, məclis üzvləri Axund Ağa Rəsulzadə (M.Ə.Rəsulzadənin atası-N.N.) və Axund Ağa Əlizadə imzalayıblar. Sənədlər baxılmaq və təsdiq olunmaq üçün aprelin 19-da Tiflisə-Zaqafqaziya Ruhani İdarəsinin sərəncamına göndərilmişdi.

O vaxt artıq bir neçə ay idi ki, Zaqafqaziyada şeyxülislam vəzifəsi boş idi: 1879-cu ildə Qori Müəllimlər Seminariyasının müsəlman (Azərbaycan-N.N.) şöbəsi açılan gündən burada oxuyan şiəməzhəb tələbələrin ana dili və şəriət müəllimi olmuş, sonralar uzun müddət ruhani idarəsinə rəhbərlik etmiş Əbdüssəlam Axundzadə 1907-ci il noyabrın 18-də ömrünün 64-cü ilində vəfat etmişdi.


Aprelin 22-də Tiflisə çatdırılan imtahan sənədlərinə Zaqafqaziya Ruhani İdarəsinin üzvləri tərəfindən dövlət nümayəndələrinin iştirakı ilə mayın 5-də baxılır. 1908-ci il mayın 7-də Bakının Qobu kənd sakini Molla Abdulla Hacı İsmayıl oğluna, qalalı Molla Əbdülhəmid Kərbəlayı Hacı Vəli oğluna, Göyçayın Alpoud kənd sakini Mehdi bəy Molla Əbdülhəsən Kərbəlayı İsmayıl oğluna və şamaxılı Mirzə Ələkbər Məşədi Zeynal oğluna prixod mollası və müəllimlik attestatı (diplomu yox- N.N.) verilir.


Mirzə Ələkbərin bəxtinə 944 nömrəli attestat düşür.
M.Ə.Sabir müəllim işləmək üçün attestatı Şamaxı Əhli-Təsənni Ruhani İdarəsinin xəttilə də ala bilərdi. Şeirlərinin birində yazdığı kimi, onun babası sünni, nənəsi isə şiə idi. O, sünni ruhani məclisinin sədri Hacı Məcid Əfəndi Əfəndizadə ilə səmimi dostluq münasibətində idi. 1908–ci il fevralın 29-da vəfat edən Məcid Əfəndinin matəminə Sabirin iki mərsiyə yazması bu münasibətdən irəli gəlirdi.


Mirzə Ələkbər Məşədi Zeynal oğlu Bakı Quberniya Şiə Ruhani İdarəsinə müəllimlik attestatı almaqdan ötrü göndərdiyi ərizəni Məcid Əfəndinin ölümündən 17 gün əvvəl – fevralın 12-də yazmışdı.Sabirin Bakı Quberniyası Şiə Ruhani İdarəsindən attestat almaq istəyi onun Zaqafqaziya Müəllimlər Seminariyasında şiəməzhəb uşaqlara dərs deyən Firudun bəy Köçərlinin yüksək vəzifəyə gedəcəyi təqdirdə boşalacaq yerdə işləmək arzusundan irəli gəlmişdi. Təəssüf ki, bir neçə kitab müəllifi olan, ədəbiyyatımızın tarixini həm rusca, həm də azərbaycanca yazan, Sokratın təlimini “Təlimati- Sokrat” adı ilə tərcümə edərək pedaqoji elmimizi zənginləşdirən, bacarıqlı tərcüməçi olan F.Köçərlinin ali təhsili olmadığı üçün nəzərdə tutulan istək reallaşmadı. Başqa sözlə, Sabirin Qərbə istiqamətlənmiş yürüşü də məhz buna görə baş tutmadı.Əhvali-ruhiyyəsi gərginləşən, artıq səkkiz övlad atası olan şair (yeddi qızdan sonra Sabirin bir oğlu da dünyaya gəlmişdi) ailəni müəllim işləmək yolu ilə saxlamaq qərarında israrlı olur.M.Ə.Sabir 1908-ci ilin iyun ayında “Tazə həyat” qəzetində Bakıda təzə açılan “Səadət “ adlı məktəbə iki müəllim tələb olunduğunu oxuyur. O, tərəddüd etmədən məktəbin rəhbərliyinə yazılı şəkildə müraciət edir, lakin Sabirin müəllim işləmək, cəhalət qaranlığında əzab çəkən vətən övladlarına dərs demək, onlara maarifin işıqlı yollarını göstərmək arzusu baş tutmur: attestatlı şairin ümid dolu məktubu cavabsız qalır.1908-ci ilin sentyabrında Şamaxıda “Ümid məktəbi“ adı ilə bir təhsil ocağı açılır. Sabir çətinlik çəkmədən bu məktəbə işə düzəlir. Bu işdə M.Ə Sabirə o vaxtlar Bakı-Dağıstan Məktəblər İdarəsinin inspektoru (müfəttişi) S.M.Qənizadənin kömək etdiyi şübhəsizdir. Məktəbdə Sabirlə yanaşı, Hacı Baba Zamanov soyadlı gənc bir müəllim də işləyirdi. O, Zaqafqaziya Müəllimlər Seminariyasının məzunu idi.

Təəssüf ki,ZMS-nın məzunu  Hacı Baba Zamanov haqqında geniş məlumat toplaya bilmmişik.


Bu faktları da xatırlamaq yerinə düşür ki,  Sabirin dostu S.M.Qənizadə Qərb təmayüllü ali pedaqoji təhsil almış ilk azərbaycanlılardan biridir:


S.M.Qənizadə, onun həmşəhərlisi Həbib bəy Mahmudbəyov, qutqaşınlı (indiki Qəbələ-N.N.) Süleyman bəy Əbdürrəhmanbəyov 1887-ci ildə Tiflisdəki Aleksandrovski Müəllimlər İnstitutunu bitirmişdilər. S.M.Qənizadə H.Mahmudbəyovla birlikdə 1887-ci ildə Bakıda yeni tipli təhsil ocağı-“Rus-Müsəlman məktəbi“ yaratmış, qısa bir müddətdə belə məktəblərin sayı xeyli artmışdır. “Məktəb“ jurnalının 1912-ci ildəki 21-ci nömrəsində S.M.Qənizadənin türk dünyasının görkəmli ziyalılarından biri olan məşhur pedaqoq və mühərrir İsmayıl bəy Qaspralı ilə maarif cəbhəsindəki işbirliyindən söz açılır. Yazıdan aydın olur ki, S.M.Qənizadə və İ.Qaspralı Türküstanda-Səmərqəndə “Rus- Müsəlman Məktəbi“ yaratmışdılar. 1910-cu ilin əvvəllərində Sabir Bakıya gəlir, S.M.Qənizadənin köməyi ilə, “Nəşri-maarif” cəmiyyətinin xətti ilə açılan Balaxanı kənd məktəbində işə düzəlir. Sabir bu məktəbdə bir ildən artıq işləyir. Bir neçə ay xəstə yatan Sabir 1911-ci il iyulun 12-də dünyasını dəyişir. Hələ attestat almamışdan əvvəl xalq içində Mirzə Ələkbər kimi tanınan, ana dili ilə yanaşı, fars və ərəb dillərini də şeir yazmaq dərəcəsində mükəmməl bilən, dövrün vacib və qaçılmaz tələbi ilə rus dilini də öyrənməyə məcbur olan Mirzə Ələkbər Məşədi Zeynal oğlu Tahirzadənin (Sabirin, Hop-hopun, Ağlar-Güləyənin, Çayda çapanın, Nizədarın, Din dirəyinin, Dindarın, Ə.S.Şirvaninin…) məktəbdəki müəllimlik fəaliyyəti cəmi üç il  davam edir. Yaxşı müəllimlərin yaxşı şagirdi olan, xalq pedaqogikasının incəliklərini mükəmməl bilən, Azərbaycan dilinin musiqi və təranələrini bu dili bilənə də, bilməyənə də sevə-sevə sevdirən M.Ə.Sabirin ictimai-siyasi həyatımızdakı, mənəvi dünyamızdakı müəllimliyi isə dünya durduqca, ağıllı sözə ehtiyac duyulduqca davam edəcəkdir.


P.S.Hər dəfə M.Ə.Sabirin ziyarətinə gedndə  mənə elə gəlir ki, 1958-ci ildən-yeni heykəli qoyulandan-  Sabir gecə-gündüz MONOLİTƏ- şair dostu Ağa Əli  bəy Nasehin  oğlu Şamaxılı  ədəbiyyatşünas alim Hidayət Əfəndiyevin ( 01.08.1908-29.04.1979 ),  heykəlin  üzünə açılan  pəncərələrinə baxır və elə bil onunla hal-əhval tutmaq istəyir. Şair haradan bilsin ki,onun gördüyü 3 yaşlı Hidayət  40  ildir ki, dünyasını  dəyişib. Nə yaxşı ki,dahi söz ustasının heykəli şəhərin ən yaxşı yerlərindən birində ucaldılıb və şairin  görüşünə  hər gün yüzlərlə  ziyarətçi gəlir.



Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM