Din və siyasət münasibətlərinin nəzəri məsələləri

12:39 / 27.11.2014

Vüsal Xəlİlov,
Azərbaycan Turizm İnstitutunun dissertantı

Siyasət – fərdlər və qruplararası münasibətlərdə ümumi dünyəvi maraqları ifadə edən dövlət hakimiyyəti, dövlət quruluşu və dövlətlərarası münasibətlər ilə səciyyələnirsə, din – fərdin və cəmiyyətin dünyəvi həyat tərzini, davranışlarını, dünyagörüşünü tənzimləyən mənəvi həyat sahələrini əhatə edir. Dini şüur birbaşa və ya dolayı yolla (təhtəlşüur səviyyəsində) siyasətin yönləndirilməsinə və siyasi mədəniyyətin formalaşmasına təsir göstərdiyi kimi, siyasət də dindarların, dini qurumların idarə olunmasında mühüm rol oynayır.
Dini mənbələr və elmi araşdırmalar göstərir ki, din ilk insan cəmiyyətinin varlığı ilə paralel şəkildə mövcud olmuş, ilk insan cəmiyyətini idarə edənlər isə ilk siyasi ənənələrin təməlini qurmuşlar.
Peyğəmbərlər tarixinə nəzər yetirəndə görürük ki, peyğəmbərlərin böyük bir qismi inqilabçı və dövlət rəhbərləri olmuşlar (Hz. Davud, Hz. Süleyman, Hz. Zülqərneyn, Hz. Məhəmməd). Onlar bir inqilabçı kimi mövcud rejimlərdə ilahi ədalətə zidd olan zülm və haqsızlıqlara qarşı insanları öz ətraflarında toplamış və bir dövlət rəhbərləri kimi ilahi ədaləti, yəni Allahın hakimiyyətini cəmiyyətdə qurmağa çalışmışlar. Məhəmməd peyğəmbər siyasi lider kimi cahil ərəb cəmiyyətinin bir qismini irşad edərək cahiliyyə rejiminə qarşı üsyana qaldırmış və ilk müsəlman icması vasitəsilə Mədinədə qurduğu dövlətdə ilk İslam dövləti modelinin təməlini qoymuşdur. Yaxud Hz. İbrahimin diktator Nimrud rejiminə, Hz. Musanın Misirdə Firon rejiminə qarşı çıxmaları və onlara qarşı sosial-siyasi hərəkatlara rəhbərlik etmələri, peyğəmbərlərin və onların təmsil etdikləri dinin cəmiyyətin sosial-siyasi həyatından ayrı olmadığını göstərir.
Din ilə dini qurumları bir-birindən fərqləndirmək lazımdır. Tarixi və cəmiyyəti yaradan passionar inqilabçı qüvvələr tədricən yeniləri ilə əvəz olunanda ilkin anlayışlar təhrif olunmağa başlayır, haçalanır və onları zahirən təmsil edən qurumlar mahiyyət etibarilə dəyişir, vahid sistem halında olan sosial-siyasi qüvvə və ya siyasəti və dini təmsil edən siyasi və dini qurumlara çevrilirlər. Nəticədə din, dini qurum və siyasət arasında ziddiyyətlər meydana çıxır. Bu səbəbdən din, dini qurumlar və siyasi qurumlar bir-birindən fərqli anlayışlar kimi tədqiq olunmalıdır. Bununla bağlı olaraq prof. S.Xəlilov yazır: “Din haqqında elmin dinə heç bir aidiyyəti olmadığı kimi (dinşünaslıq elmə daxildir), dinlə bağlı yaradılmış sosial qurumun da heç bir aidiyyəti yoxdur. Dini hissdən kənarda din yoxdur. Dinin sosial infrastrukturu hələ din deyil” [1, s.77].
Cəmiyyətin siniflərə bölünməsi mərhələsinə, yəni dövlətin yaranmasına qədər din və siyasət münasibətləri vahid idarəetmə sisteminin tərkib hissəsi olmuşdur. Dövlətin yaranması ilə meydana çıxan siniflərdən hakimiyyətə iddia edən məmurlar və ruhanilər arasındakı fərqli tarixi münasibətlər din və siyasət münasibətlərinin xarakterini müəyyənləşdirmişdir.
Din və siyasət münasibətləri tarixinin peyğəmbərlər və siyasət aspektindən tədqiqi, onun dini qurumlar və siyasət aspektində aparılan tədqiqindən fərqləndirilməlidir. Məlum olduğu kimi, məhz dini qurumlar peyğəmbərlərin irsini və ənənəsini təhrif edərək, dini mövcud siyasi rejimin ideoloji alətinə çevirən əsas təbəqə olmuşlar. Təsadüfi deyildir ki, peyğəmbərlərin sosial-siyasi mübarizələrinin əsas hədəflərindən biri dini zümrələr və dini qurumlar olmuşlar. Lakin bu sosial təbəqə və onların qurumları əksər cəmiyyətlərdə dini inhisarçılığı öz əllərində saxladığı üçün cəmiyyətin bu ənənələrə sahib çıxması tarixən mümkün olmamışdır. Bu cür tarixi inkişaf dini qurumların və onların həyata keçirdikləri fəaliyyətin dinin özünə qarşı yönəlməsinə səbəb olmuşdur. Məhz bu baxımdan, din və siyasət münasibətlərində bu məsələlərə diqqət yetirmək lazımdır.
Kilsə dini bir qurum kimi xristianlıq dinini təmsil etsə də, onun orta əsrlərdə səlib yürüşlərində və Avropa cəmiyyətinin cəhalətə yuvarlanmasında oynadığı aparıcı rolu ilkin xristianlıqla eyniləşdirmək düzgün olmazdı. Çünki müsəlman cəmiyyətlərində İslam dini və müsəlmanlarla heç bir problemləri olmayan Şam və Misir xristianları müsəlman mədəniyyətinin inkişafında latın və yunancadan tərcümə etdikləri antik fəlsəfə nümulərinin yayılmasında mütərəqqi rol oynadıqları halda, Avropa mühitində buna nail ola bilməmişlər. Halbuki, hər ikisi xristianlığı təmsil edən dini qurumlardır. Bu gün Avropanın mərkəzində yerləşən xristian dini qurumları dünyada baş alıb gedən ədalətsizliklərə susurlarsa, onda onların təmsil etdikləri din xristianlıq dini ola bilməz. Çünki xristianlıq dini məzlum insanların və cəmiyyətlərin Roma imperiyasının diktatura rejiminə qarşı mübarizəsinin əsas sosial-siyasi ideologiyası olmuşdur. Bu gün bu dini təmsil edən qurumlar bu funksiyanı yerinə yetirməkdən boyun qaçırırlarsa və Qərb imperalizminin beynəlxalq səviyyədə törətdiyi zülmə boyun əyirlərsə, onda xristianlığın və bütün ilahi dinlərin təməl prinsiplərinə qarşı çıxırlar. Əlbəttə, bunu birmənalı şəkildə söyləmək düzgün olmazdı. Məsələn, Şimali Amerikadan fərqli olaraq, Cənubi Amerikada yaranan “azadlıq teologiyası” konsepsiyasından çıxış edən bəzi katolik kilsələri ilkin xristianlığın passionarlığına istinad edərək qloballaşmaya, müstəmləkəçiliyə, zülmə qarşı çıxır və Vatikan kilsəsinin etirazlarına baxmayaraq öz mübarizələrini davam etdirirlər. Onlardan kilsəni tərk edən keçmiş katolik ruhanisi Leonardo Boff yazır: “Azadlıq ilahiyyatçıları bəşəriyyətin böyük bir hissəsinə ölüm gətirən bazar iqtisadiyyatı təlimini qəbul edə bilməzlər... Qloballaşma, Qərb dəyərlərini yayaraq insanları yeknəsək etməyə cəhd edir... Bizim vəzifəmiz – müxtəlif əqidəli və çox mədəniyyətli cəmiyyətləri dəstəkləmək və onların fərqli ictimai-siyasi quruluşlarına hörmətlə yanaşmaqdır” [2, s.195].
Tarixdə dini və siyasi qurumlar arasında bəzi ziddiyyətlər və qarşıdurmalar meydana çıxsa da, din və siyasət münasibətləri bu və ya digər şəkildə qorunub saxlanılmışdır. Onları bir-birinə yaxınlaşdıran ümumi funksiyalar qarşılıqlı münasibətlərin daimiliyini və zəruriliyini təmin edir. Hər ikisi cəmiyyəti idarəetmədə öz funksiyalarını əxlaq və cəza normaları əsasında həyata keçirirlər. Dini qurumlar siyasi hakimiyyətin ilahiləşdirilməsində və ya onun şər başlanğıcı kimi səciyyələndirilməsində mühüm rol oynadıqları üçün, din və siyasət qurumları siyasi hakimiyyətin idarə olunmasında əməkdaşlıq etmişlər. Dini qurumlar dövlət siyasətində mühüm rol oynadığı kimi, imperialist siyasəti yürüdən dövlətlər vasitəsilə beynəlxalq münasibətlər sisteminə də öz təsirlərini göstərmişlər. Biz bunu beynəlxalq münaqişələrdə din faktorunun oynadığı rolda, yaxud ikili standartlarda müşahidə edə bilərik.
Din və siyasət münasibətləri tarixin keçid mərhələlərində daha qabarıq şəkildə üzə çıxır. Çünki bu mərhələlərdə dünyagörüşü paradiqmaları iflasa uğrayır və cəmiyyət yeni bir mərhələyə qədəm qoymağa çalışır. Təbii ki, cəmiyyəti və bəşəriyyəti bu qeyri-müəyyənlikdən müəyyənliyə çıxarmaq üçün yeni bir dinə və ya geniş miqyaslı siyasi ideologiyaya ehtiyac yaranır. Bu inqilabın yanlız siyasi müstəvidə həyata keçirilməsi mümkün deyildir. Buna görə də, bu mərhələdə din və siyasət inqilabın ideologiyasının formalaşmasına təsir göstərir. Məsələn, Avropada kapitalizmə keçid mərhələsində liberalizm ideyaları ilə yanaşı, protestantlığın oynadığı rol hamıya məlumdur. Lakin bu gün protestantlıq ilkin xristianlıqdan daha çox liberalizm və kapitalizm ideologiyasının tərkib hissəsidir. Çünki o, dini ideologiya kimi liberalizm və kapitalizm dəyərlərinin inkişafına zəmin hazırlamış və tədricən siyasi ideologiyanın tərkib hissəsinə çevrilmişdir.
Şərq cəmiyyətlərində adətən siyasi ideologiyalar dini təriqətlər şəklində, Qərb cəmiyyətlərində isə dini ideyalar siyasi ideologiya şəklində ortaya çıxır. Buna görə də bəzi dinlər öz transsendental mahiyyətindən uzaqlaşaraq, sosial-siyasi ideologiyaya çevrilirlər. Məsələn, yəhudilik tarixdə tədricən yəhudilərin milli birliyini və mövcudiyyətini təmin edən milli-siyasi ideologiya kimi formalaşmışdır. İsa peyğəmbərin yəhudilər üçün təbliğ etdiyi ilkin xristianlıq sonralar Roma imperiyasında inqilabi hərəkatların başladılması üçün siyasi-ideoloji vasitə kimi istifadə olunmuşdur. Yəni ilkin xristianlığı dini təlim kimi təkzib edən yəhudi cəmiyyəti, sonralar ondan siyasi ideologiya kimi yararlanmağa çalışmış və nəticədə xristianlıq xalqların Roma imperiyasına qarşı milli-azadlıq mübarizəsinin dini-siyasi ideologiyasına çevrilmişdir. Yaxud ermənilər öz kimliklərini qorumaq üçün xristianlığın qriqoryanlıq qolunu, ingilislər isə anqlikan kilsəsini yaratmışlar. Həmçinin Əməvi hökmdarı Müaviyə öz hakimiyyətini təmin etmək üçün ərəb irqçiliyinə, monarxiyaya əsaslanan və həqiqi sünnə ilə əlaqəsini itirən siyasi sünnilik ideologiyasını ortaya qoymuşdur. Din və siyasət münasibətlərinin bu çərçivədə inkişafı psevdodinin yaranmasına, yanlış dini kimliyin ortaya çıxmasına və onun həqiqi dinə qarşı qoyulmasına şərait yaradır.
Din və siyasət münasibətlərinin mənfi təzahür formalarından biri etnik münaqişələrdir. Adətən bu cür münaqişələrdə din faktorundan həm səfərbərlik, həm də qarşı tərəfə nifrət duyğularının formalaşdırılmasında istifadə olunur. Münaqişələrin etnik zəmindən dini müstəviyə qaldırılması, onların daha qəddar və barışmaz mövqedə olmasını təmin edir. Çünki din faktoru ortaya qoyulduqda rasional siyasət yerini irrasional münasibətlər sisteminə buraxır. Bu tip münaqişələrdə iştirak edən dini qurum və dini liderlər münaqişələrin daha da gərginləşməsinə və münaqişə qurbanlarının daha çox olmasına səbəb olurlar. Biz müasir dövrdə baş verən bir çox etnik və etnokonfessional münaqişələrdə (erməni-azərbaycan, serb-müsəlman, xorvat-müsəlman, ərəb-yəhudi, katoliklər ilə protestantlar, şiə və sünnilər) bunun bariz nümunələrini görə bilərik. Əslində, bu münaqişələrin həqiqi din ilə heç bir əlaqəsi ola bilməz. Məsələn, ermənilərin müsəlman-türklərə qarşı düşmənçilik ruhunda tərbiyə olunmasında, münaqişələrin yaradılmasında və sonra bu münaqişəyə dini don geyindirərək, onun dünyada müsəlman-xristian münaqişəsi kimi qələmə verilməsində aparıcı rol oynayan erməni qriqoryan kilsəsinin və ya buna bənzər digər dini qurumların, yaxud bu və ya buna bənzər münaqişə ideologiyalarının din ilə heç bir əlaqəsi ola bilməz.
Siyasi və ya dini liderlər tarixdə dindən sosial-siyasi ideologiya kimi yararlanmışlar. Çox vaxt siyasi və dini ideologiyalar bir-birindən yalnız zahiri xüsusiyyətlərinə görə fərqlənmişlər. Əksər hallarda dini ideologiya mahiyyət etibarilə siyasi, siyasi ideologiya isə dini xarakter daşıyır. Çünki dini ideologiya artıq dinin fövqünə çıxan siyasi fenomendir.
Dini siyasətə alət edən sosial-siyasi qüvvələrin məqsədi dini təlimləri bir-birinə zidd olan ideologiyalara çevirərək münaqişələr yaratmaq və nəticədə əsl siyasi-iqtisadi məqsədlərə yetişməkdir.
Məsələn, bu gün Yaxın Şərqdə “ərəb baharı” adı ilə tanınan hadisələrdə müsəlmanları bir-birinə düşmən mövqedə dayanan sünni-şiə cəhbələrinə bölən və onların qarşıdurmasını təmin edən separatçı dini ideologiyalar ortaya atılır. Bu siyasəti həyata keçirənlərin arasında müsəlman ölkələrinin siyasi və dini liderlərinin olması bir daha onu göstərir ki, din ilə dini ideologiyaları bir-birindən fərqləndirilməsi zəruridir.
Din və siyasət münasibətlərinin dörd növü müəyyən olunmuşdur: onların birliyi və bölünməzliyi; onların bir-birindən ayrılaraq müstəqil şəkildə mövcud olması; dinin siyasətə və ya siyasətin dinə tabe olması [3, s.76].
Din və siyasətin birliyi hadisəsinə əsasən şəriət qanunları ilə idarə olunan müsəlman cəmiyyətlərində təsadüf etmək olar. İslam dinində ayrıca səlahiyyətlərə malik olan xüsusi ruhaniyyət təbəqəsi və din qurumu olmadığı üçün, onların ayrıca bir zümrə və siyasi qurum kimi siyasətdə təmsil olunma imkanları məhduddur. Yaxud, hər hansı siyasi partiyanın və ya siyasi liderin din adından çıxış etməsi yolverilməzdir. Çünki müsəlman dövlətinin rəhbəri şəriətə görə dövlətin həm siyasi, həm də dini rəhbəridir. Onun timsalında din və siyasət bir-birindən ayrılmaz anlayışlardır. Bu ənənə Məhəmməd peyğəmbərin yaratdığı ilk müsəlman dövlətində həm dini, həm də siyasi lider olmasına bağlanır. Lakin XIX-XX əsrlərdə müsəlman aləmində baş verən sosial-siyasi hadisələr mövcud prinsiplərin fərqli aspektlərdə şərh olunmasına və bu məsələlərə fərqli yanaşmaların ortaya çıxmasına səbəb olmuşdur.
Din və siyasətin bir-birindən ayrılaraq müstəqil şəkildə mövcud olması hadisəsini daha çox Qərb sivilizasiyasında müşahidə etmək mümkündür. Qərb cəmiyyətlərində İntibah dövründən başlayaraq din və siyasət münasibətlərində yeni bir mərhələ başlandı. Bu cəmiyyətlərdə din və siyasət tədricən bir-birindən ayrılaraq dünyəvilik və ruhaniyyətin müstəqil şəkildə formalaşmasına şərait yaratdı. Bu proses müstəqil dini dövlətin (Vatikan) yaranmasına, dünyəvilik və ruhaniyyəti bir araya gətirən sinkretizmin formalaşmasına (protestantlıq), liberalizmə qarşı konservatizmi və ya konservatizmə qarşı liberalizmi dəstəkləyən radikal qrupların ortaya çıxmasına şərait yaratdı. Cəmiyyətdə bir-birindən fərqli və zidd qrupların vahid bir sistem çərçivəsində mövcudiyyəti demokratik prinsiplər vasitəsilə təmin olundu.
Qərb dövlətlərində din və siyasət bir-birindən ayrılsa da, əsas dövlət bayramları sırasında milad və pasxa bayramları da qeyd olunur, dövlət rəhbərləri and içərkən əllərini müqəddəs kitablara basır, bir çox siyasi partiyalar dini yönümlü olduqlarını açıq şəkildə bəyan edirlər. Hətta bu cəmiyyətlərdə (katolik ölkələrdə) kilsə xadimlərinin siyasətlə məşğul olması rəsmi şəkildə 1984-cü ildə katolik kilsəsi tərəfindən imzalanan “kanonik kodeks” ilə qadağan olunsa da, qanun və qərarların qəbul olunmasında kilsənin mövqeyi dövlət tərəfindən nəzərə alınır. Belə çıxır ki, kilsənin dövlət işlərinə qarışmadığını elan etməsi, onun dünya işlərinə laqeyd olduğu və axirət işləri ilə məşğul olduğu barədə ictimai rəy yaratmağa yönəlmişdir. Braziliyanın keçmiş katolik ruhanisi Leonardo Boff yazır: “Təbii, aramızda siyasətlə məşğul olanlar vardır. Bu gün Vatikan onları ittiham etsə də, unutmaq olmaz ki, onun özü əsrlərlə siyasi güc olmuşdur və bu gün də elədir” [2, s.194] .
İctimai şüuru nəzərə alan siyasətçilər çox zaman dini məsələlərdən seçkiqabağı öz mənafeyi üçün istifadə etməyə çalışır və ya birbaşa din və siyasəti vahid ideologiya şəklində təmsil edən siyasi partiyalar şəklində ortaya çıxırlar (Almaniyada Xristian-Demokrat Birliyi, Xristian Sosial Birliyi, Finlandiya və Niderlandda Xristian Birlik, Belçikada Xristian-Sosial Partiyası, İtaliya və İsveçdə Xristian-Demokrat Partiyası və s.). Çünki siyasətçilərin və siyasi qurumların nüfuzu dini lider və dini qurumlardan fərqli olaraq daha tez tənəzzülə uğrayır. Eyni zamanda, əksər Qərb dövlətləri dini təşkilatların maliyyələşdirilməsinə və vəsaitlərin xərclənməsinə xüsusi diqqət yetirirlər. Bu sahədə böyük tarixi təcrübə əldə edən Qərb cəmiyyətləri din və siyasət münasibətlərinin sistemli tənzimləmə xətti üzrə inkişafını təmin edən ictimai inkişaf modelindən (vicdan və əqidə azadlığı, plüralizm, individualizm) maksimim şəkildə yararlana bilirlər. Bu baxımdan din və siyasətin bir-birindən ayrılması məsələsi nisbi xarakter kəsb edir. Lakin nədənsə Qərb KİV-də xristianlığın siyasiləşməsindən, siyasətin xristianlaşmasından və ya siyasi xristianlıqdan bəhs olunmur [5, s. 35-36]. Qərb dövlətlərində vicdan azadlığı, demokratiya, multikultiralizm, tolerantlıq prinsiplərinə əməl olunsa da, yerli müsəlmanlar digərləri ilə müqayisədə diskriminasiyaya məruz qalırlar. Bu baxımdan, Qərbin ortaya qoyduğu sekulyarizm modeli də tam mənada həyata keçirilə bilməmişdir.
Müsəlman cəmiyyətlərindən fərqli olaraq, Xristian-Qərb cəmiyyətlərində sekulyarizmin ortaya çıxmasını təmin edən amillərdən biri liberalizm dəyərləri idisə, digər tərəfdən kilsənin dünyəviliyə və dünyəvi dövlətçiliyə qarşı çıxması, həmçinin fərdin şəxsi həyat tərzinə müdaxilə etməməsi idi. Yəni ilkin xristianlıq tədricən öz passionar sosial-siyasi xüsusiyyətini itirərək, orta əsrlərdə öz varlığını və hakimiyyətini səlib yürüşləri ilə qoruyub saxlamağa, sonrakı dövrlərdə isə liberalizm dəyərləri ilə ayaqlaşmağa çalışmış və bunun nəticəsində cəmiyyətdə sosial-siyasi güc funksiyasını itirmişdir.
Xristianlıqdan fərqli olaraq liberalizm yeni yaranan Qərb hadisəsi idi. Xristianlıqda olduğu kimi, bir çox Şərq cəmiyyətlərində də din tədricən siyasətdən və dövlət həyatından ayrılaraq fərdin daxili aləminə çəkilir və yalnız fərdin mənəvi-əxlaqi həyatını tənzimləmək funksiyası ilə məhdudlaşdırılır.
Digər Şərq dinlərinin də ilkin variantda sosial-siyasi mübarizə zəminində formalaşdığını bilirik. Qərb cəmiyyətlərindən fərqli olaraq bu cəmiyyətlərdə din və siyasət münasibətlərini tənzimləyən sosial inkişaf modelləri olmamışdır. Buna görə də, bir çox Şərq ölkələri dini separatçılıq, terror, ekstremizm hallarından qurtulmaq üçün liberalizm modelini qəbul etmək məcburiyyətində qalmışlar.
Dinin siyasətə təsirinin təzahür formaları müxtəlif ola bilər. Din siyasi mədəniyyətə dünyagörüşü, mənəvi dəyərlər, ənənəvi normalar, rəmz və mərasimlər, dini konsepsiyalar, həmçinin təşkilatlanmış dini qurumlar və dini liderlər vasitəsilə təsir göstərir. Hər bir fərd cəmiyyətin sosial-siyasi qurumları ilə ünsiyyətə girənədək ailədə tərbiyə alır. Təbii ki, ailədə valideynlərin milli-mənəvi dəyərlərə və cəmiyyətdəki sosial-siyasi sistemə olan münasibəti tədricən uşaqların dünyagörüşünün formalaşmasına təsir göstərir. Şərq cəmiyyətlərində dinin, dini qurumların və dini liderlərin ailə və cəmiyyətdə böyük nüfuzlaranı nəzərə alsaq, cəmiyyətin siyasi həyatının formalaşmasında onların yerini və rolunu təsəvvür edə bilərik. Mütləq xarakter daşıyan dini ehkamların siyasiləşdirilməsi cəmiyyətdə siyasi alternativlərin mövcudluğunu istisna edir. Eyni zamanda, səmavi dinlərin zaman keçdikcə ayrı-ayrı məzhəb və təriqətlərinin yaranması ilə istər dindaxili, istərsə də dinlərarası münasibətlərin daha da mürəkkəbləşməsi, həmçinin Qərblə Şərqin siyasi müstəvidə bərabərhüquqlu tərəflər olaraq tanınması və mədəniyyətlərarası dialoqun sabit əsaslarının müəyyənləşdirilməsi istqamətində xüsusi bir irəliləyişin əldə olunmadığı bir şəraitdə müxtəlif siyasi qüvvələrin dini ideologiya ilə çıxış edərək dini separatçılığa zəmin yaratması yekunda cəmiyyətin bir-birinə qarşı duran qruplara bölünməsinə, ekstremizmin, fanatizmin və terrorizmin əl-qol açmasına səbəb olur.
Sovet dövlətinin süqutundan sonra qloballaşma adı ilə formalaşmaqda olan yeni dünya nizamında din faktoru xüsusi rol oynayır. Bu tendensiya özünü SSRİ-nın süqutundan sonra dini identikliyin aktuallaşmasında və milli hərəkat liderlərinin milli və dini şüarlarla önə çıxmasında, müasir Qərb və Şərq cəmiyyətlərində dini-siyasi partiyaların seçkilərdə yüksək səs toplamasında və hakimiyyətə gəlmək əzmində aydın göstərmişdir. Buna görə də XXI əsr tarixin postsekulyar mərhələsi kimi səciyyələndirilir [5, s.35-36]. Bu gün beynəlxalq aləmdə dinlər qlobal siyasi birliklərdə təmsil olunmağa başlamışdır. Üç yüzdən artıq protestant və pravoslav kilsəsi Dünya Kilsələr Birliyində, çoxsaylı buddizm məbədləri Ümumdünya Buddist Alyansında, 50-dən çox müsəlman ölkəsi İslam Konfederasiyası Təşkilatında təmsil olunurlar. Bu təşkilatlar beynəlxalq aləmdə baş verən hadisələrə təsir etməklə din və siyasət münasibətlərinin qlobal müstəviyə gəlməsinə şərait yaradırlar. Lakin bu təşkilatlara daxil olan ölkələrin və dini qurumların fərqli iqtisadi durumu və fərqli görüşləri, onların vahid konsepsiyadan çıxış etməsinə, beynəlxalq hüquq və siyasətə güclü təsir göstərməsinə mane olur. Çünki bu təşkilatların beynəlxalq aləmdə nüfuzunun artması formalaşmaqda olan qlobal dünya nizamının prinsiplərinə ziddir.
Siyasətin dinə təsiri müxtəlif formalarda ortaya çıxa bilər: dövlət ərazisində konfessiyalararası münasibətlərin və etnokonfessional qruplararası əlaqələrin tənzimlənməsində, dövlət və din münasibətləri (dünyəvi və ya teokratik dövlət) prinsiplərinin müəyyənləşməsində, dini təşkilatların fəaliyyətinin konstitusiya və qanunvericilik çərçivəsində hüquqi tənzimlənməsində, vətəndaşların hüquq və azadlıqlarının təmin olunmasında (vicdan azadlığı, başqa dindən olanlarla nikah, dini mərasimlərin yerinə yetirilməsi), yaranan konkret tarixi-siyasi şəraitin dini qurumları və ruhanilər təbəqəsini öz təsiri altına almasında, kütləvi xalq hərəkatı ideologiyasının (azadlıq teologiyası, antikommunist cihad) və siyasi partiyaların (xristian-demokrat, islam partiyaları) formalaşması üçün dini və siyasi konsepsiyaların bir araya gətirilməsində (demokratiya, inqilab, milli azadlıq, antiimperalizm, antikommunizm), dinin inteqrativ funksiyasından yararlanmaq üçün qurulan əməkdaşlıq formalarında, dövlət üçün təhlükə təşkil edən dini təşkilatların nüfuzunu zəiflətmək sahəsində aparılan tədbirlərdə, dinə alternativ olaraq siyasi icma kultu funksiyası daşıyan yalançı dinlərin (liberal demokratiya kultu və ya marksizm-leninizm) yaradılmasında siyasətin dinə təsirini müşahidə etmək mümkündür [5, s.34].
Bəzən siyasətçilər cəmiyyətin sosial-mədəni durumundan çıxış edərək öz siyasi fəaliyyətlərinə dini don geyindirməyə çalışırlar. Əksər hallarda zahirdə dini şüarlar ilə ortaya atılan siyasi fəaliyyətlərin mahiyyətini siyasi-iqtisadi mənafelər və bəzən dövlətin varlığını təhlükəyə atan çirkli niyyətlər təşkil edir. Tarixi müşahidələr göstərir ki, dini duyğu insanın təbii hisslərinə aid olan təhtəlşüur xüsusiyyətdir. Cəmiyyəti uydurulan yanlış stereotiplərlə idarə etməyin və mövcud sosial-siyasi sistemi qoruyub saxlamağın ən optimal yolu dinin siyasətə alət edilməsidir. Din və siyasət münasibətlərinin bu neqativ zəmində inkişaf etməsi həm dinin mahiyyətinə, həm də onun düzgün dərk olunmasına mənfi təsir göstərir və nəticədə din siyasiləşir və siyasət də dini xarakter almağa başlayır.
Son dövrdə siyasətin dinə müdaxiləsini və ya dinin siyasiləşdirilməsi hadisəsini daha çox müşahidə etmək mümkündür. Müasir KİV-də “siyasi İslam”, “İslamın siyasiləşməsi”, “siyasətin islamlaşması” terminlərinin tez-tez gündəmə gəlməsi, “dinlərarası dialoq” kimi anlayışların beynəlxalq səviyyədə ortaya çıxması bu sahədə ciddi tədqiqatların aparılmasını zəruri edir. Bu məsələlər artıq dünyada aktual olan qlobal ekologiya, təhlükəsizlik, insan hüquqları məsələlərinin strateji tərkib hissəsi olmuşdur. Bu gün dünyada müxtəlif irq və dini əqidələrdən olan insanların sərbəst şəkildə öz dini inancını yaşaması və ayrıseçkiliyə məruz qalmaması üçün təhlükəsiz və tolerant sosial-siyasi mühitin yaradılmasına, beynəlxalq təhsil-tərbiyə sistemi siyasətinin bu problemlərin həllinə istiqamətləndirilməsinə böyük ehtiyac vardır.
Beləliklə deyə bilərik ki, müasir cəmiyyətimizdə din ilə siyasətin qarşılıqlı münasibətləri daim inkişafda olan, labüd bir prosesdir. Sadəcə, bu münasibətlərin bu və ya digər cəmiyyətdə təzahür dərəcələri və formaları müxtəlifdir. Siyasi hakimiyyət tərəfindən düzgün məcrada inkişaf etdirildiyi təqdirdə bu münasibətlər hər iki tərəfin maraqlarını təmin etməklə ümumilikdə cəmiyyətin tərəqqisinə xidmət etmiş olurlar. Bunu Azərbaycanın timsalında aydın görmək mümkündür. Belə ki, məhz dövlətimizin dini qurumlarla əlaqələrinin tənzimlənməsi və dini qurumların, dindarların dövlətçiliyə yanaşmalarında müsbət tendensiyanın əldə edilməsi Azərbaycanın dünyada tolerantlığın, o cümlədən dini dözümlülüyün hökm sürdüyü nadir ölkələrdən biri kimi qəbul edilməsini şərtləndirmişdir.


Ədəbİyyat:

1. Xəlilov S. Şərq və Qərb: Ümumbəşəri ideala doğru. “Azərbaycan Universiteti” nəşriyyatı, Bakı 2004, 624 səh.
2. Политический ислам в XX веке. Boff L. Liberation Theology and Globalisation // Kritisches Christentum. No. 225, February,1999.
3. Нуруллаев А.А., Нуруллаев А.Ал. Религия и политика. М.: КМК, 2006, 355 c.
4. Ермакова С.С. Исламоведение. 18 c., 2013. № 2.
5. Почта Ю.М. Ислам и политика: Учеб. пособие. – М.: РУДН, 2008, 135 с.


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM