İnsan və sivilizasiya (ikinci hissə) Anqlosakson liberalizmi və qloballaşma

15:58 / 07.02.2014

Strategiya.az saytı  "Geostrategiya" jurnalına istinadən fəlsəfə elmləri doktoru, professor Əbülhəsən Abbasovun məqaləsini sizə təqdim edir

 Reallıqları obyektiv və tənqidi dəqiqliklə təhlil etsək görərik ki, anqlosakson “hüquq-azadlıq” sisteminin hökmranlığı şəraitində heç bir bazar iqtisadiyyatı bəşəriyyət və insan üçün vacib olan böyuk (ali) prinsipləri təmin edə bilməz, istər elə ABŞ-ın özündə prezident seçkiləri olsun, istərsə də Azərbaycanın ərazi bütövlüyü məsələsi olsun və yaxud da nəsə başqa bir mühüm problem. Anqlosakson qlobalizasiyasının “iqtisadi adamı” və onun dəhşətli silahı rolunda çıxış edən transmilli korporasiyalar, şirkətlər, banklar, maliyyə bazarları insaniliklə, həyatın və iqtisadiyyatın humanistləşməsi ilə ziddiyyətə girir. Bir sözlə, anqlosakson ənənə və onun bəşəriyyətə sırıdığı qlobalizasiya o dərəcədə disharmoniya, disproporsionallıq, asimmetriklik yaradıbdır ki, dünyanı məhvedici bir partlayış, vulkan püskürməsi gözləyir, əgər təcili və qlobal dəyişikliklər (pozitivə doğru) olmasa, lazımi tədbirlər həyata keçirilməsə.

Belə dünyada heç bir adam, xalq, ölkə özünü xoşbəxt hesab edə bilməz. Ən azı ona görə ki, aclıq, yoxsulluq, iztirablar içində yaşayanların, hətta minimum səviyyədə bioloji mövcudluqlarını təmin edə bilməyən xalqların varlılara, maddi cəhətdən zəngin ölkə və xalqlara nifrəti artmaqdadır, xüsusən də - ABŞ-a və onun əlaltılarına. Anqlosakson qlobalizminin bəhrəsindən dadanlar daim bu nifrətlə və ondan törəyən fəsadlarla üzləşməli olacaqlar. Dünyada genişlənən terrorun da bir səbəbi elə bununla bağlıdır. Əfsuslar olsun ki, bu səbəb lazımınca nəzərə alınmır və deməli, adekvat tədbirlər də görülmür.

Müasir insanın günbəgün yaşadığı çətinliklər içərisində yüksək mənəvi-psixoloji gərginliyi, insani münasibətlərdə təəssübkeşliyin və istiliyin itməsini, oriyentir rolunu oynayan bir çox ənənəvi dəyər və meyarların sarsıntıya uğramasını, həyat tərzində instrumental-maddi amillərin təsirinin artmasını və s. qeyd etməmək mümkün deyil. Bunlar son nəticədə psixotokslara, ağır keçən stresslərə gətirib çıxarır, insan həyatının keyfiyyətini aşağı salmaqla onu daha da dəyərsizləşdirir.

Gərginlik, müxtəlif növ stresslər həm yoxsulu, həm də varlını müşayiət edir. Maddi cəhətdən təmin olunmuşlar başqaları ilə rəqabət vəziyyətində olurlar və əldə etdiklərini itirmək qorxusu ilə yaşayırlar, perspektivin qeyri-müəyyənliyindən təlaş, həyacan keçirirlər. Yoxsullar isə, öz növbəsində, təminatsızlıqdan irəli gələn qorxu altında yaşayırlar, son dolanışıq yerlərini itirməkdən, xəstəliklərə düçar olmaq ehtimalının böyüklüyündən, əsl mənada, cəhənnəm əzabı çəkirlər. Ümumi götürdükdə, müasir insanların əksəriyyəti gələcəyə inam hissinin yoxluğu halında yaşayırlar.

Əlbəttə ki, ölkədən ölkəyə fərq var. Təsadüfi deyildir ki, gəlir səviyyəsi, ümumi rifah halı yüksək olan ölkələrdə orta yaş həddi 77,7 ildirsə, insan potensialı az inkişaf etmiş ölkələrdə bu rəqəm 50-yə bərabərdir (5, s.171,181,189,193,201). Məsələn, 1998-ci ildə Şərqi Avropada və MDB ölkələrində orta yaş həddi 68,7 il olmuşdur.

Anqlosakson ənənəsinin təşəkkül tapıb zirvələnməsi nəticəsində bazar fundamentalizmi, “kapital ideologiyası” elə bir maddiləşmiş dünya və elə “iqtisadi adam” yaratmışdır ki, hər bir individ kiməsə rəqibə, düşmənə, yaxud da kimin üçünsə qurbana çevrilmişdir. Biri o birisindən daha çox mənfəət götürmək, onu öz quluna çevirmək istəyir. Biri digərini özünə tabe etmək, sındırmaq, nəyəsə məcbur etmək, kiminsə müstəqilliyini əlindən almaq ovqatı, sanki, ümumi bir marağa çevrilmişdir. Bunun üçün hər cür üsullar və vasitələr işə salınır: açıq-aşkar və birbaşa zorakılıqdan tutmuş üstüörtülü təzyiqlərə qədər. Faktiki yanaşdıqda, əksər insanlar maddiləşmiş dünyanın girovudurlar, kapital diktəsi altında həm azadlıqlarını, həm də həqiqi seçimlərini itirmişlər. Bütün bunlar müasir insan həyatının qeyri-hümanistliyinə, “Mən” ən tənəzzüldə olmasına dəlalət edir; özgələşmə bir kütləvi ictimai hadisə kimi bu həyatın atributuna çevrilmişdir, ona qənim kəsilmişdir.

Tamahkarlıq, eqoizm və başqa mənəvi-əxlaqi qəbahətlər, fəsadlar mövcud olan belə mühitdə daha da stimullaşır. “İqtisadi adam” ruhi fəzilətlərdən imtina edir, onun üçün maddi dəyərlər (göstəricilər), iqtisadi status (prestij ) hər şeydən yüksəkdə durur. Həyatın mənası və gözəlliyi əşya-əmlak toplamaqdan, sərvət yığımından ibarət olur.

Anqlosakson ənənəsindən törəmiş qlobalizasiyanın nəticəsi olaraq formalaşan absurd həyat tərzində və dinamikasında hətta elm, incəsənət və bədii ədəbiyyat bu əşya-əmlak toplusuna, maddi sərvətlərə və onların sahiblərinə tabe etdirilir. Belə olduqda, daha çox məzmunsuz, ideyasız, ictimai yükünə görə mənasız və hətta birbaşa ziyanlı “əsərlər” bolluğu bütün sərhədləri aşır, get-gedə onlar daha çox zövqləri ibtidailəşən istehlakçı tələbini ödəməyə başlayır. Etiraf edək ki, bu gün heç bir sosial-fəlsəfi, elmi yükü, bədii orijınallığı olmayan bayağı, bəsit “əsərlər” həqiqi yaradıcılığı, mədəniyyəti ortadan çıxartmaqdadır. Mənfəətdar, cır təfəkkürün məhsulu olan bu fəlakətgətirici  “əsər”lər  yalnız bir məqsəd güdür - kommersiya maraqlarını təmin etmək, öz mahiyyətinə uyğun “bazar mühiti”ni formalaşdırıb idarə etmək. Yeni, güya mütərəqqi iqtisadiyyatın pretorları sayılan bu “əsər”lərin müəllifləri artıq müxtəlif mötəbər vəzifələri tutmaqdadırlar. Azərbaycanda da bu yanaşma, necə deyirlər, dəbdədir. Elmdə, incəsənətdə, mədəni sahədə yalnız kommersiya maraqları ilə yaşayan və fəaliyyət göstərən adamların vəzifə başına keçməsi o deməkdir ki, vəziyyət daha da pisləşə, qarşısıalınmaz ola bilər, çünki, istər-istəməz, bu adamlar həmin sahələrdə aparılan siyasətə bilavasitə təsir etmək imkanı qazanırlar. Belə təsirin nəticəsində həyata keçirilən siyasətin nədən ibarət olması isə, yəqin ki, düşünən insanlar üçün əvvəlcədən məlumdur.

Amerikasayağı ekspansionist qloballaşmanın bütün dünyaya yaymaq istədiyi homoqen, daxilən boş, əxlaqi-mənəvi vektoru olmayan “monstr-mədəniyyət”in istilası nəticəsində tarixi-irsi ənənələrimiz, ictimai dəyərlərimiz faktiki olaraq müdafiəsiz qalmışdır. Avropalaşma adı altında ibtidai, bəsit stereotiplər, instinktlər aqressiyası mənəvi-ruhi həyatımızı fəth etməkdədir. Hesab edirəm ki, belə vəziyyətə - milli özünüifadədən, intellektin mənəvi-əxlaqi gücündən, ruhlandırıcı enerjidən, məsuliyyət və vicdan hissindən xali “mədəniyyət”ə dözümlülük göstərmək heç də düzgün yanaşma deyil. Əks halda, heç şübhə yoxdur ki, insanlarımızın ruhi, mənəvi-psixoloji inkişafının sağlam əsasları dağıdılacaq, onların insani potensialının durmadan tükənməsinə, yox olmasına yol açılacaq. İnsani intellektual-ruhi-mədəni  resurslar dağıdıldıqdan sonra isə hansısa milli maraqların, milli mənafenin reallaşmasından söhbət gedə bilməz. Mütərəqqi modernləşmə və tərəqqi hər bir zaman və hər bir yerdə yalnız milli maraqların reallaşması, milli özünüdərkin pozitiv inkişafı zəminində mümkündür.

Qlobalizmin ABŞ patronajlığı altında səlib yürüşü yalnız insanlara, xalqlara zülm gətirmir. Onun formalaşdırdığı “iqtisadi adam”, acgöz korporasiya və şirkətlər, transmilli mafiya şəbəkələri təbiətin özünə durmadan ölümcül zərbələr endirməkdədir. Təbiətə amansız, yırtıcı və istismarçı anti-rasional münasibət irrasional şüuru, düşüncəni doğurur, və əksinə, irrasional şüur epidemiyası təbiətə olan anti-rasional münasibəti daha da kəskinləşdirir. “Ana təbiət” adlandırdığımız varlıq heç təqib və şikəst edilən qul yerinə də qoyulmur.

Hələ vaxtilə Frankfurt məktəbinin görkəmli nümayəndəsi Maks Horkhaymer (1895-1973) göstərirdi ki, industrial sivilizasiyanın əsasında dayanan rasionalizm kökündən qeyri-sağlamdır. Təbiətə münasibətdə insan dərrakəsinin xəstəliyindən söhbət gedirsə, bilmək lazımdır ki, bu xəstəlik hansısa tarixi mərhələdə yaranmayıb, o, necə deyərlər, anadangəlmə, əvvəlcədən təməli qoyulmuş xəstəlikdir. M.Horkhaymerin bu fikri ilə razılaşmamaq qeyri-mümkündür. Məhz dərrakənin xəstəliyi, onun fikrincə, təbiət üzərində insanın hökmranlıq etmək istəyini törətmişdir. Fateh iradəsi “qanun”-ların öyrənilməsini, anonim bürokratik təşkilatın qurulmasını və nəhayət, insanın özünün alətə çevrilməsini tələb etmişdir ki, industrial və müasir postindustrial cəmiyyətlər bu tələbə uyğun da fəaliyyət göstərmişlər. 1947-ci ildə yazdığı “Zəkanın tutulması. İnstrumental zəkanın tənqidi” əsərində M.Horkhaymer o dövrə müasir olan instrumental cəmiyyətə məxsus defektləri aşkarlayır, onların əsasında dayanan rasionallıq anlamını təhlil edir və bu tip “rasional”-lığın hansı fəsadlar törədə biləcəyini öncədən söyləyir. Apardığı təhlili o, “Maarifçiliyin dialektikası” əsərində davam etdirir; burada qərb sivilizasiyasının tarixi məntiqinin tədqiqi oxucunu belə bir nəticəyə gəlib çıxmaqa yaxınlaşdırır: emansipasiya olunmuş bəşəriyyətin yuxuya dalması yeni barbarlıq epoxasının qərarlaşması ilə yekunlaşa bilər (7, s.564-565;21) .

M.Horkhaymer bu qənaətdədir ki, texniki imkanların tərəqqisi dehumanizasiya prosesilə müşayiət olunur, beləliklə əsas məqsəd - insan ideyası dağılır. İndustrial cəmiyyət “sistemi” məqsədləri vasitələrlə əvəzlədikcə, insanilik, emansipasiya, yaradıcı fəallıq, tənqidi qabiliyyət təhlükə ilə üzləşir. Onun fikrincə, industrial cəmiyyətin fəlsəfəsi obyektiv dərrakə fəlsəfəsi deyil. Burada özlüyündə və özü üçün heç bir ağıllı məqsəd yoxdur. Təfəkkür istənilən hər bir məqsədə (fəzilətli və yaxud qəbahətli) qulluq edə bilər. O, bütün sosial hərəkətlərin alətidir, sosial və şəxsi həyat normalarını təsbit etmək ona verilməyib, çünki artıq başqaları tərəfindən qərarlaşdırılıb. Ağıl artıq obyektiv və universal həqiqətlər axtarmır ki, onlara istiqamətlənsin, onun işi - verilmiş məqsədlər üçün alətlərlədir. Hər şeyi “sistem”, yəni hakimiyyət həll edir. Formalistik aspektdə, pozitivizmdə göstərildiyi kimi, subyektiv dərrakənin obyektiv məzmundan asılılığı momenti vacibdir. Subyektiv dərrakənin instrumental aspekti və heterom məzmunu isə praqmatizmlə vurğulanır. Ümumilikdə, Horkhaymerin fikrincə, dərrakə tamamilə sosial proses tərəfindən əsarət altına alınıb. İnstrumental məqsəd yeganə meyar olubdur ki, onun da başlıca funksiyası insanlar və təbiət üzərində hökmranlıqdır. Beləliklə, “sistem” və “administratorçuluq” insanı sərt bir blok-sxemin elementinə çeviribdir ki, onun öz taleyini müəyyənləşdirib həyata keçirmək imkanı xeyli dərəcədə problematikləşib. Təbiət isə bütövlükdə bizim tərəfimizdən istifadə olunan xalis materiyaya müncər edilib, zira məqsəd də bundan ibarətdir: təbiəti ram etmək və onun üzərində hökmranlığı həyata keçirmək.

M.Horkhaymer obyektiv dərrəkadan subyektiv dərrəkaya keçidi təsadüfi hesab etmir. Səbəb kimi isə əsasən bunu qeyd edir: zəminləri dözmədiyindən obyektivist fəlsəfə çökmüşdür. Və hazırda, onun fikrincə, nə “xidmətdə duran fəlsəfə”-yə çevrilmiş fəlsəfəni, nə də reallığı əks etdirmək iqtidarında olmayan incəsənəti xilas etmək mümkün deyil. O, haqlı olaraq göstərir ki, bir vaxtlar incəsənət, ədəbiyyat, fəlsəfə güc qoyurdular ki, varlıqların və həyatın özünün mənasını ifadə etsinlər, onların sükutunu səsləndirsinlər, təbiətə elə bir orqan versinlər ki, onun iztirabları anlaşılsın; bu, reallığı öz adı ilə çağırmaq imkanı verirdi.  Bu gün təbiətin əlindən onun özünün danışmaq qabiliyyəti alınıb. Bir vaxtlar insanlar inanırdılar ki, hər bir ifadə, söz, nalə və jest daxili məna ilə zəngin və dolğundur, bu gün isə onlar keçici şəraitlə izah və qəbul olunur. Elm, taleyüklü problemlər barədə susaraq, nəinki fəlsəfənin xarabalıqları üzərində şadyanalıq edir, həmçinin şeytani qüvvələrə xidmət etməyə hazırlaşıb.

Horkhaymerin gəldiyi nəticələr ürək açan deyil:

1.   Təbiət – insan əlində adi alətdir, obyektivist məqsədin olmadığı şəraitdə heç bir hədd bilməyən istismarın obyektidir.

2.   Müəyyən qrup maraqlarına xidmət etməyən təfəkkür xeyirsiz, səmərəsiz sayılır.

3.   Bu cür əqli deqradasiya hakimiyyət-iqtidar sahiblərini tamamilə qane edir; əhliləşdirilmiş “mütəfəkkir”-lərin köməyilə kapital və əmək bazarına nəzarət edib idarəçilik həyata keçirmək əlverişlidir.

4.   Kütləvi mədəniyyət elə həyat tərzi aşılayır ki, onu qəbul edib sözdə alqışlayanların özləri bu həyat tərzinə nifrət edirlər.

5.   Fəhlələrin məhsuldar qabiliyyəti texniki tələblərə tabe etdirilib, şəhər hakimiyyəti isə standartları öz istədiyi kimi müəyyənləşdirir.

6.   Sənaye fəaliyyətinin ilahiləşdirilməsi sərhəd tanımır; fəaliyyətsizlik (asudə) vaxtı qüvvənin bərpasına lazım olan vaxtı keçməməlidir.

7.   “Məhsuldarlığın” əhəmiyyəti ümumi zərurətlə yox, hakim strukturların nöqteyi-nəzərilə müəyyənləşən “xeyir”-lə uzlaşmalıdır.

Belə situasiyada, filosofa görə, əqlin bəşəriyyətə təklif etdiyi səmərəli qulluq ondan ibarət ola bilər ki, zəfər çalan əql-dərrakə ifşa olunsun. Həqiqi mənada epoxanı o insanlar təmsil edirlər ki, cəhənnəm odunda alışıb-yanıblar, zülm-zillət çəkiblər və istər-istəməz, cəlladlarla qeyri-bərəbər mübarizədə deqradasiyaya uğrayıblar. Belə adamlar pop-mədəniyyət qanunlarına uyğun şişirdilmiş personajlara ən az oxşayanlardır. Bu adsız-sansız insanlar Tanrı işığına can atan bəşəriyyətin simvolu olublar. “Fəlsəfənin vəzifəsi - bütün bunları sözlərin dilinə çevirməkdir ki, insanlar tiraniyanın sükuta döndərdiyi səsləri eşidə bilsinlər” (7, s.567).

M.Horkhaymerin fikirlərilə bütovlükdə razılaşmaq olar, lakin onun mülahizələrində mübahisəli məqamlar da az deyil. Biz qətiyyən hesab edə bilmərik ki, zəminlərinin dözümsüzlüyündən obyektivist fəlsəfə çökmüş və bu səbəbdən də subyektiv (subyektivist) əql-dərrakə hakim mövqe əldə etmişdir. Əsla yox, obyektivist fəlsəfə heç vaxt çökməmiş və indinin özündə də onun zəminləri olduqca qüdrətli, məhsuldar və gələcək üçün perspektivlidir. Hegel fəlsəfəsinin nümunəsində biz bunu dərindən əsaslandırmağa çalışmışıq. O başqa məsələdir ki, obyektivist fəlsəfədən, xüsusən də Hegel fəlsəfəsindən və onun ayrı-ayrı problematik xarakterli hissələrindən müxtəlif ideya-siyasi, fəlsəfi cərəyan daşıyıcıları müxtəlif cür və özlərinin maraqları istiqamətində istifadə ediblər. Məsələn, marksizm Hegelin yaradıcılığında möhtəşəm qoyuluşunu və həlletmə istiqamətini tapmış ağa-qul problekmatikasından, demək olar ki, gen-bol istifadə etmiş, hətta bir “istinad nöqtəsi” kimi böyük mütəfəkkirin yaradıcılığını kommunizmin yaradılması yolunda tam istismara məruz qoymuşdur. Hegelin fəlsəfəsi varlıqların, dünyanın, həyatın mənasını məhz Mütləq Ruhun özünüifadəsində obyektivləşən idraki fəzada açıqlamış və bu axarda da hüquq, azadlıq, ədalət və s. məsələlərə dərindən və sistemli surətdə nəzər-diqqət yetirmişdir. Sol totalitarist nəzəriyyələrə alternativ olan sağ totalitarist nəzəriyyələr, xüsusən də Fridrix Nitşenin timsalında, həmin ağa-qul problematikasına tam başqa, marksizmdən fərqli mövqedən yanaşmış və özlərinə məxsus formada dövlət, cəmiyyət quruluşu ilə bağlı məsələləri, azadlıq və müstəqillik, ədalət və bərəbərlik fenomenlərinə münasibət bildirmişlər. Bildiyimiz kimi, hər iki alternativ - həm sol totalitarizm, həm də sağ totalitarizm bir nəzəriyyə, siyasi doktrina səviyyəsini aşaraq artıq XX əsrdə ictimai praktika kimi özlərini göstərmiş və yekunda iflasa uğramışlar. Tarixi zaman baxımdan hər ikisinin də ömrü kifayət qədər qısa olmuşdur.

Uzunömürlülük baxımından, həm də müxtəlif sahələrdə əldə etdiyi nailiyyətlər nöqteyi-nəzərindən qərb liberalizmi tarixin sınağından daha uğurla çıxmış və bu gün də öz üstünlüyünü saxlamaq istəyindədir, baxmayaraq ki, ciddi problemlərlə üzləşmiş və əməlli-başlı böhran keçirməkdədir. Bu böhranın da başlıca səbəbləri ruhi-mənəvi amillərlə bağlıdır.

Alman filosofu və tarixçisi Osvald Şpenqler (1880-1936) Qərbi Avropa mədəniyyətinin süquta uğrayaraq böhranlı, dramatizmlərlə dolu sivilizasiya fazasına daxil olduğunu öncədən söyləyənlərdən biri olmuşdur. O, “Avropanın qürubu” əsərində (1918-1922) göstərir ki, artıq yenilik işığında, yüksək bədii və metafizik məhsuldarlıqdan məhrum olan təmiz ekspansionist fəaliyyət əsri başlamış (1, s.10), çılpaq texnisizm hökmranlığa keçmişdir. Şpenqlerə görə, xarici ekspansiya bütün xalqlar üçün əhəmiyyətli olan iki imperialistik formada təzahür edir - ingilis liberalizmində və alman sosializmində; dövlətlərdə birləşmiş köhnə millətlər əvəzinə yeni dünya nəhəngləri - dövlətləri yaranır ki, bunlarla müqayisədə başqa ölkələr əyalət rolunda çıxış edir. Dünya hökmranlığı uğrunda müharibələr aparılır ki, həqiqi mədəniyyəti mənasızlaşdırır. Nəticə: çoxmilyonlu şəhərlər və ümumi kütləviləşmə; mədəni təsisatların və fenomenlərin psevdo elmləşdirilməsi; insanın və dünyanın maşınizasiyası; bəşəriyyətin banklara tabe etdirilməsi. Şpenqler, demək olar ki, çox da uzaq olmayan gələcəyin sosial-siyasi, mənəvi-psixoloji formalarını və durumlarını irəlicədən görmüşdür. 1920-ci ildə yazdığı “Prussiyaçılıq və sosializm” kitabında o, Prussiya dövlətini yüksək qiymətləndirərək qeyd edir ki, burada “idarəetmə - qulluq, məsuliyyətli siyasətçi isə məmur idi, tama xidmət edirdi” (2, s.35).

O.Şpenqler ingilis liberalizminə qarşı müxalif mövqedən çıxış etmiş və onu alverçi ruhun ifadəsi kimi qiymətləndirmişdir. Qeyd edək ki, biz anqlosakson ənənəsi dedikdə, burada ingilis liberalizminə xeyli “pay” düşdüyünü nəzərdə tuturuq, ancaq, eyni zamanda, ABŞ-ın nəzəri-praktiki təcrübəsinin də bu mənada mühüm və xüsusi rola malik olmasını yaddan çıxarmırıq. Onu da vurğulayaq ki, O.Şpenqler heç vaxt şovinist mövqeli filosof-tarixçi olmayıb. O, yalnız davamlı olaraq Almaniyanın milli dirçəlişi uğrunda çalışıb. Bu cəhdində də o, ingilis liberalizminin Yeni dövr siyasi fəlsəfəsinin son paradiqması rolunda çıxış etməsi fikrini yanlış qənaət sayıb. Ümumən götürdükdə, Şpenqlerin yaradıcılığı nəinki ingilis liberalizminə, bütövlükdə anqlosakson millətçiliyinə ziddir.

Haşiyə. Anqlosakson millətçiliyinin təməlində, ilkin məzmun-mahiyyət tutumunda ingilis millətçiliyi dayanır. İngilis millətçiliyi ilk protestant müharibələri zamanı ictimai qarışıqlarla, vətəndaş müharibəsi və radikal kalvinist islahatlarla parçalanmış icmanın vahidliyini saxlamaq aləti kimi Oliver Kromvel dövründə yaranmışdır (6, s.335). (Kalvinizm - əsası C.Kalvin tərəfindən qoyulmuş protestant cərəyandır. O, Cenevadan Fransaya (quqenotlar), Niderlanda, Şotlandiyaya və İngiltərəyə (puritanlar) yayılmışdır. Kalvinizm təsiri altında XVI əsrdə Niderlandda və XVII əsrdə İngiltərədə inqilablar baş vermişdir). İngilis millətçiliyi müasirlik ruhuna cavab verirdi və mahiyyəti etibarı ilə liberal idi. O, burjua cəmiyyətinin konsolidasiyası aləti kimi formalaşır və burjua dövlətinin əxlaqi-mənəvi dayanıqlığını təmin etmək məqsədi daşıyır. İngilis millətçiliyi nə individualizmə, nə də fritreyderçiliyə qarşıdır, onları tamamlayır, müdafiə edir. (Friderçilik ingilis “free” – “azad” və “trade” – “ticarət” söz birləşməsi olaraq, ticarətin bütün təzyiq-məhdudlaşdırıcı faktorlarda (dövlət, cəmiyyət, etika, estetika və s.) maksimum azadlığını ifadə edən liberal prinsipdir).

Gördüyümüz kimi, ingilis millətçiliyi mahiyyəti etibarilə liberal səciyyə daşısa da, əvvəlcədən özünü etik, yəni ümumbəşəri, Mütləq Ruhun tələblərindən irəli gələn əxlaqi qanunlardan kənarda saxlayır. Dövlətin dayanıqlığı üçün işə saldığı “əxlaq” qaydaları isə, sadəcə olaraq, Şpenqlerin təbirincə desək, alış-veriş, ticarət liberalizminin bazis nümunəsidir. Bu “əxlaq”-da Hegelin hüquq fəlsəfəsində açıqladığı azadlıqdan və ədalətdən əsər-əlamət yoxdur.

Anqlosakson variantında ingilis millətçiliyi daha da mexanistik xarakter alır. Burada pozitivist və praqmatik fəlsəfi cərayanlar da, bütün müsbət töhvələrinə baxmayaraq, az rol oynamır. Anqlosakson liberal millətçiliyi təbliğatın və sosial mifologiyanın köməyilə kütlələri hakim elitanın əmlaki və siyasi maraqlarının müdafiəsinə səfərbər edir.

Müasir anqlosakson millətçiliyi birbaşa nə mədəniyyətlə, nə etnosla, nə dinlə, nə irqlə (dərinin rəngi ilə) bağlı deyil. O, aydın məzmuna malik deyil və kollektiv identifikasiya funksiyasını sanki ötəri daşıyır: onun məqsədi vətəndaş cəmiyyəti üzvlərinin səfərbərliyi hesabına bu cəmiyyəti potensial xarici təhdiddən müdafiə etməkdir. Müstəqil məzmun, avtonom məna kəsb etmədiyindən, xarici təhlükə uzaqlaşdıqca və yaxud ortadan çıxdıqca anqlosakson millətçiliyi yox olmalıdır - adi məntiqə görə! Lakin “soyuq müharibə”-nin sonu, sosialist düşərgəsinin dağılması praktikada tam başqa “məntiq” ortaya çıxardı. Anqlosakson millətçiliyi yox olmadı, əksinə daha da eybəcər (etik-əxlaqi və mənəvi baxımdan) mahiyyət alaraq bütün dünyaya hegemonluq etmək cəhdinə girişdi, müxtəlif yerlərdə “şər mərkəzləri” axtarıb aşkarlamağa başladı. Mahiyyətcə özü ən başlıca “şeytan əməli” olan müasir anqlosakson millətçiliyi insan hüquq və azadlıqlarının qorunması şuarı altında bütün dünyada qanlı, məkrli əllərini soxmadığı yer qoymadı. İlk hədəf seçilənlər də müsəlmanlar, islam ölkələri oldu. Onların bir qismi, digərlərinin üstünə qısqırıldı, “yaxşı” müsəlman “pisə” qarşı qoyuldu (anqlosakson meyarları çərçivəsində!). “Qlobal sülh” yaratmaq adı ilə tonlarla müasir ağırçəkili bombalar insanların başına yağdırıldı, yüz minlərlə adam ardı-arası kəsilməyən partlayışlarda məhv edilib külə döndərildi… Adını da İslam fundamentalizmindən bəhrələnən terrorizm qoydular. İndi də anqlosakson epidemiyasının başbilənləri və onların müttəfiqləri, yırtıcı xislətli əlaltıları iki gündən bir yığışıb dünyada baş alıb gedən terrora qarşı birgə əməliyyatlar, fəndlər axtarırlar. Heyf ki, Tanrının hökmü ilə dalbadal Amerikanı viranə qoyan incə adlı (“Katrin”, “Ofeliya”, “Rita” və s.) qasırğalar “dünya kovboyları”-na maneələr yaradır və bu “şərəfli” işləri görməyə imkan vermir!

Üstəlik də deyirlər: gəlin qloballaşaq, universallaşaq. Soruşulur: hansı hüquq, ədalət, qarşılıqlı hörmət əsasında? Dünyanın gözü qarşısında işğal olmuş Qarabağın zülmünə, xəritədən silinmiş Yuqoslaviyanın acı aqibətinə, Əfqanıstanın, İraqın, Liviyanın, Misirin, Suriyanın, çeçen və fələstinlilərin məhv edilməsinə biganə qalan anqlosakson hüququ və etikası əsasındamı?!

Bütün bunlar azmış kimi, anqlosakson qlobalizminin pretorlarından olan bədnam Z.Bjezinski “Seçim. Qlobal hökmranlıq, yoxsa qlobal liderlik” kitabında utanıb-çəkinmədən yazır: “Son nəticədə Amerikanın milli təhlükəsizlik maraqları tələb edir ki, müsəlmançılığın ardıcılları formalaşan qlobal cəmiyyətin eyni hissəsi kimi özlərinə baxsınlar, necə ki planetin indi də çiçəklənən və başqa dini ənənələrə malik demokratik ölkələri. Vacibdir ki, islam dünyasının siyasi aktiv elementlərinin gözündə Birləşmiş Ştatlar islam sivilizasiyasının dirçəlişi yolunda fundamental maneə kimi görünməsin…” (4, s.85).

Həmin adını çəkdiyimiz əsərdə Z.Bjezinskinin “dünya terrorizmi”, “beynəlxalq terrorçuluq” ilə bağlı xeyli fikirləri vardır. Bu də təsadüfi deyildir. Professor Yusif Rüstəmov son əsərlərinin birində onunla qiyabi dialoqa girərək, Bjezinskinin bu problemlə bağlı birtərəfli, ikili standartlı mövqeyini haqlı olaraq tənqid edir: “Lakin qərbin başqa tanınmış adamları kimi Z.Bjezinski də erməni terrorizmi üzərindən sükutla keçir, onların yüz ildən çoxdur azərbaycanlılara qarşı apardığı soyqırım haqqında danışmaq istəmir, bir milyondan çox azərbaycanlı məcburi köçkün və qaçqının taleyi onu maraqlandırmır” (2, s.37). Y.Rüstəmov daha sonra belə bir vacib məqamı da vurğulayır: “Terrorçuluq dövlət siyasətinə çevriləndə daha qorxulu və uzunmüddətli olur. Bütün dünya, beynəlxalq təşkilatların gözü qarşısında törədilən erməni dövlət terrorizmi bu qəbildəndir” (2, s.39).

Azərbaycana qarşı aparılan terrordan danışmayan Bjezinski, bununla belə, müəyyən səmimi etiraflar da etməyə məcbur olur ki, bu etirafların məğzinə varanda bir çox mətləblər daha da aydın olur, həmçinin anqlosakson “azadlıq və sülh məktəbinin” nə qədər məkrli, riyakarcasına fəaliyyət göstərdiyi aşkarlanır. Özünüz fikir verin:

Z.Bjezinski yazır: “İsrail demokratik və mədəni cəhətdən Amerikaya qohum ölkə olaraq, avtomatikcəsinə onun hüsn-rəğbətindən faydalanır. Biz hələ Amerika yahudi icmasının böyük təsiredici siyasi və maliyyə dəstəyindən danışmırıq… Təxminən 1960-cı illərin ortalarından başlayaraq İsrail Amerikadan faizsiz maliyyə yardımı (1974-cü ildən sonraki dövrdə 80 mlrd. dollar) alaraq onun xüsusi himayəçiliyindədir. ABŞ, praktiki olaraq, təkbaşına hərəkət edərək, BMT-nin narazılığına və sanksiyalarına zidd gedərək ona müdafiə təqdim etmişdir” (4, s.91).

Başqa bir etiraf: “Geniş mənada bu gün öz xarici siyasət prioritetləri ilə ən fəal, təsirli və varlı etnik lobbilər bunlardır: yəhudi, kubalılar, yunan və ermənil lobbisi. Onların hər biri xarici siyasət məsələlərində öz iştiraklarını hiss etdirirlər, istər ərəb-israil konflikti, Kastro Kubasına qarşı embarqo, Kiprin status məsələsi, yaxud da Azərbaycana yardımın edilməsinə qadağa olsun” (4, s.246).

Yenə bir maraqlı etiraf: “Seçki kampaniyalarının pul vəsaitləri açıq surətdə bu və ya digər etnik problemlərin Konqres tərəfindən dəstəklənməsi üçün istifadə olunur, istər bu Azərbaycana yardımın göstərilməsinə rədd cavabı verilməsi olsun, yaxud da İsrail üçün əlverişli maliyyə rejiminin yaradılması. Etnik fraksiyaların Konqresdə fəaliyyəti adi hadisə olub. Konkret etnik lobbilərin maraqlarının ifadəçisi və hətta onların itaətkar alətləri olan konqresmen və senatorlar artıq az deyil. Və bu praktika, hər şeyi götür-qoy etdikdə, genişlənə bilər…” (4, s.250).

Amerikanın sayılıb-seçilən politoloqunun yalnız bu məqsədyönlü, yaxud da qeyri-iradi etiraflarından o qənaətə gəlmək olar ki, “demokratiyanın beşiyi” saydığımız ABŞ-ın özündə heç bir təminatlı nə azadlıq, nə də ədalət var. Həqiqi demokratiya isə insanların və etniklərin çeşidlənməsindən, onların hansınasa yerli-yersiz önəm, imtiyaz verilməsindən çox-çox uzaqdır. Amerikanın alıb-satılan konqresmenlərini, senatorlarını görəndə keçmiş SSRİ-nin Ali Sovetinə və onun “xalq deputatları”-na şükürlər oxumalı olursan. Üstəlik də xalqın pulu, enerjisi havayı israf olunub yalançı “demokratik seçkilər” adı ilə göylərə sovrulmurdu! Belə olduqda, Leninin “rədd olsun burjua parlamentarizmi!”, “rədd olsun burjua demokratiyası!” kimi ifadələri, istər-istəməz, adamın yadına düşür.

Anqlosakson ənənəsi, onun “hüquq”, “azadlıq”, “ədalət” paradiqmasının bu cür və bu qaydada zəfər çaldığının şahidi olduqda bir çox vicdanlı intellektualların (həm ABŞ-ın özündə, həm də Qərbi Avropada!) ümumi bir fikrini xatırlamamaq qeyri-mümkündür: ABŞ və Avropa nəhəng çökmə astanasındadırlar; parıltılı fasad arxasında stresslər, dəli olma, intiharlar, ruhi xəstəliklər, pozğunluq, narkomaniya, alkoqolizm və saysız-hesabsız cinayətlər gizlənir; iqtidar sahibləri isə bu vəziyyətdən çıxış yolu tapa bilmirlər. Görünür, həqiqətən də, dünyanın xaosdan çıxıb yenidən nizamlanması naminə Mütləq Ruh özü işə qarışası olacaq. Fikrimcə, artıq bu Möhtəşəm Fəaliyyət başlayıb!


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM