Küçədəki qız, 50 manat, masaj, zorlama

11:03 / 08.02.2014

Kulis.az Samir Sarının “Comunun saf niyyəti” hekayəsini təqdim edir.

 

Gənc və istedadlı proqramçı-dizayner Comərd Cahangirli kirayədə qaldığı mənzilin 150 addımlığındakı supermarketdən axşam yeməyi üçün sosiska, yumurta, çörək və sair ərzaq malları alıb tələsə-tələsə evə qayıdanda beynində yalnız bir şey vardı və o şeyin adı nə qadın idi, nə axşam macərası, nə də qanunla cinayət əməli sayıla biləcək başqa bir şey. Gənc proqramçı tezliklə evə çatmaq, eynəyini silib yenidən gözünə taxaraq kompüterinin qabağında oturmaq, iki həftə öncə onun işlədiyi firmaya sayt sifariş vermiş, hazırda hər gün zəng edib zəhlələrini tökən adamların sifarişini yerinə yetirmək fikrindəydi. Bu gün o, tezbazar sosiskalı yumurtasını yeyəndən sonra azı 4-5 saat kompüterində əlləşəcək, partnyoru, müdiri və sifarişçi ilə yazışacaq, yığılmaqda olan saytın əyər-əskiklərini müzakirə edəcək, nələrisə söküb-təzədən yığacaqdı.

 

Əksər proqramçılar kimi, onun da xasiyyətiydi, işləməyə başlayanda ətraf dünyadan təcrid olunurdu. O vaxt onun yanında olan adamın yerinə daş olsa çatlardı, çünki Comərd onun heç bir sualına cavab verməyəcəkdi, nə də ona özü müraciət etməyəcəkdi.

 

Əlbəttə, o da gənc idi, təbiətcə utancaq olsa da, onun da zərif cinsin mərhəmət və şəfqətinə, eləcə də, nəvaziş və təmasına ehtiyacı vardı. Düzdür, iş yoldaşları onun haqqında “Comu noutbukunu sevir, onunla yatır” kimi şit-şit zarafatlar edirdilər, amma gənc proqramçı öz işini gerçəkdən də dünyada hər şeydən çox sevirdi. Onun virtual şəkildə sevdiyi, daha dəqiqi, müntəzəm yazışdığı qız da vardı, amma onlar hələ görüşməmişdilər. Fəqət yer, göy, ulduzlar da şahiddir ki, gənc və istedadlı proqramçı əlindəki ərzaq dolu sellofan torbalarla supermarketdən çıxanda ağlında eşq həyəcanı və ya romantik gecə həsrəti yox idi, adam yığmaqda olan saytın funksiyaları, bölümləri, təhlükəsizlik sistemi barədə düşünürdü.

 

Bu düşüncələr içində o sağa-sola baxaraq yolu adladı, həmişə avtobusdan düşüb evinə getdiyi yerə, dayanacağa çatdı. Bu yerdə o, sırf instinktiv olaraq şüşə dayanacağın içinə baxdı. Əlbəttə, sonradan başına gələnlərin hansı proqram üzrə inkişaf edəcəyini bilsəydi, gənc proqramçı dayanacağın içinə baxmaz, hətta onun arxasından düz gedər, içəridə büzüşüb oturmuş gənc qızı görməz, görsə də dindirmədən evinə gedib sosiskasını bişirərdi.

 

Amma Comərd bəy öz peşəsini incəliyinə qədər bilən peşəkar olsa da, prinsipcə, saf uşaq idi. Ona görə də o, dayanacağın içində tək-tənha, həm də büzüşüb oturmuş qızı görəndə birdən-birə ona elə gəldi ki, bu qızın getməyə yeri yoxdur, özü də acdır. Comərdin onsuz da yuxa olan ürəyi bir az da nazildi və o, özündə heç vaxt duymadığı cəsarətlə qıza dedi:

 

- Axşamın xeyir, bacı. Gecənin bu vaxtı burda niyə tək oturmusan? Getməyə yerin yoxdur, eləmi?

 

Aprelin əvvəliydi, hava soyuq idi, ona görə də əyninə ağ rəngli nazik və qısa plaş geymiş qız gecə saat 10-da, idman kostyumunda ona yaxınlaşan və bu sayaq yanımcıl sözlər deyən gənci yalnız bir neçə saniyə müşahidə etdi və dərhal ayağa duraraq boynunu bükdü:

 

- Hə, getməyə yerim yoxdur. Qaldığım yerdən çıxarıflar, qalmışam küçədə.

 

Comərd bəyin bir qadın uğruna canını fəda edəcək genetik cəngavər damarı yoğunladı və o, düşünmədən, beynində hər hansı pis fikir olmadan, təmiz niyyətlə təklif etdi:

 

- Heylədirsə, gedək bizə. Gecəni qalarsan, sabah açılar, bir yer taparsan.

 

Qız ona yenə bir neçə saniyəlik sınayıcı nəzərlərlə baxdı və tərəddüdlə cavab verdi:

 

- Bilmirəm... Bəs evdəkilərə nə deyəssən? Demiyəssən ki, bu qız kimdir, nəçidir?

 

- Mən tək oluram. Odey, o binada,  - gənc proqramçı əli ilə işıqları yanan doqquzmərtəbəli binanı göstərdi.

 

Qız bir az dirçəldi. Əslində o, prinsipcə, “tək oluram” deyən bu cantaraq gənclə gecəni bir damın altında keçirmək perspektivini dərhal rədd etməliydi, amma o, razılaşdı və bununla da göstərdi ki, tək kişilərdən qorxan qızlardan deyil.

 

Bu yerdə bir daha və üstünə basa-basa təkrar etməkdə yarar var ki, gənc proqramçı qızı evə dəvət edərkən sırf humanizm prinsiplərindən çıxış edirdi və o, bu təklifi heç də canının yox, vicdanının rahatlığı üçün dilə gətirmişdi. Comərd hesab edirdi ki, bu sarı saçlı qız “yox, sağ olun” deyəcək və bununla da onun vicdan əzabı çəkməsinə səbəb olmayacaq.

 

Amma budur, qız təklifi qəbul etdi və durub onun böyrünə düşdü. Tanış oldular: Comərd, Zərinə, qısaca Zara. Comərd sözarası evdən qovulmuş qızdan işlədiyi yeri xəbər aldı və belə bir cavab eşitdi:

 

- Əvvəl masaj salonunda işləyirdim, indi ordan çıxmışam.

Gənc proqramçı buna görə ayrıca dilxor oldu və Zaranın nəyə görə işdən çıxdığını da soruşdu. Qız dedi:

 

- Ağır iş idi. Yarım saatdan bir ayı boyda bir kişi... Çoxu da məni seçirdi.

 

Comərd tam səmimiyyətlə etiraf etdi ki, qızın işi gerçəkdən də ağır iş olub, ayı boyda kişiləri massaj eləməyə adamda güclü qol, fiziki qüvvə lazımdır. “Heç qadın işi deyil bu” – Comərd mövzuya dair öz qənaətini bildirdi.

 

Onlar binanın qarşısına çatdılar. Əgər Comərdin yerində başqa birisi, könlündə biclik olan şəxs olsaydı, qıza deməliydi ki, bloka bir yerdə girməsinlər, o çıxıb qapını açacaq, açıq qoyacaq, o da dalınca gəlsin. Ancaq öncədən deyildiyi kimi, Comərdin ağlında heç bir pis niyyət yox idi, ona görə də binanın qarşısında dayanmış bir neçə qeyrətli gəncin yanından qızla bərabər keçib bloka girdi.

 

Normalda onlar Comərdlə qızın qabağını kəsməliydilər və deməliydilər:

 

- Qaqaş, ayıbdır axı, camaatın anası-bacısı var, məhəlləyə qızla gəlirsən...

 

Ancaq onlar iki ildən bəri bu binada kirayənşin olan Comərddən heç vaxt belə hərəkət görməmişdilər, ona görə də qızın kimliyi barədə fikirləşə-fikirləşə qaldılar.

 

Comərd liftdə fikir verdi ki, havanın sərinliyinə baxmayaraq, qızın geyimi çox nazikdir, üstəlik, sifətindən heç də məsumluq yağmır, əksinə, gözlərindən cin çıxır. Qız isə fikir verdi ki, qaranlıqda yekəpər görünən bu oğlan təxminən onunla eyni yaşda olsa da, sifətcə uşaqdır, üstəlik üzündən də avamlıq, sadəlövhlük, əfəllik yağır.

 

Cütlük yeddinci mərtəbədəki birotaqlı mənzilə daxil olan kimi Comərd əlindəki ərzaq dolu torbanı mətbəxə apardı ki, vaxt itirmədən yemək bişirsin. Saytın işi qalırdı. Qız isə yuyunmaq istədiyini bildirərək, hamama keçdi. O çimib çıxana qədər istedadlı proqramçı yumurtalı sosiskanı bişirib hazır etdi və masanın üstünə qoydu.

 

Zara hamamdan çıxanda onun geyiminin radikal şəkildə ixtisar olunması Comərdin xoşuna gəlmədi, dedi:

 

- Bacı, əyninə bir şey geyin, üşüyərsən, xəstələnərsən.

 

Bu xitab və təklif qızın xoşuna gəlmədi, hiss olundu ki, o öz vücudu ilə gənc proqramçının beyin proqramını qarışdıracağını gözləyirmiş.

 

- Yubkamı yudum, batmışdı, - deyə o, soyunmasına bəraət qazandırdı.

 

Ancaq çocuq sifətli yekəpər gənc gözlərini döyə-döyə ona baxmaqda olan qızı evin ortasında çılpaq qoymaq istəmədi, otağa keçib özünün köynəklərindən birini gətirib ona verdi.

 

- Gey! – dedi.

 

Qız istər-istəməz köynəyi geyindi və onun içində itib-batdı.

 

Onlar süfrə arxasına keçdilər. Qız dərhal soruşdu:

 

- İçməyə bir şey yoxdur?

 

- Niyə yoxdur, - Comərd təəccübləndi və masanın qırağındakı içkiləri göstərdi. - Kola da var, limonad da. İstəsən, sonra çay, qəhvə də dəmlərik.

 

Qız üzünə saldı:

 

- Mən araqdan, çaxırdan danışıram ey.

 

Comərd sakitcə:

 

- Məndə elə şey olmur, içən deyiləm, - deyə yeyə-yeyə cavab verdi.

 

Zara əl çəkmədi:

 

- Gedib ala bilərsən? İçkili gecə çox romantik olur.

 

Gənc proqramçının yerində onunla yaşıd başqa bir cavan olsaydı, üzə düşər, bəlkə də dərhal, həm də qaça-qaça gedərdi, amma Comərd utanıb-eləmədən dedi:

 

- Yox. İşim var. Dərhal işə başlamalıyam.

 

Bundan sonra qız könülsüz-könülsüz yeməyə başladı.

 

Cütlüyün qeyri-romantik şam yeməyi qurtaran kimi Comərd həm yataq, həm qonaq, həm də iş otağı olan otağa keçdi, küncdəki masaya qoyduğu kompüterin arxasında oturdu. Qız pultu götürüb divanda əyləşdi, maraqlı bir veriliş tapmaq ümidi ilə kanalları çevirməyə başladı.

 

Comərd arada iş ortaqları və sifarişçilərlə telefonla, daha sonra skaypla danışdı, “feysbuk”da müdiri ilə yazışdı, bir az işlədi, sonra yenidən skaypla uzun-uzadı danışmağa başladı. Bu müddət ərzində qız ona maraqla baxırdı və onun danışdıqlarından bir şey başa düşmürdü. Comərd sanki öz ana dilində danışırdı, ancaq onun işlətdiyi sözlərin tam əksəriyyəti qıza tanış deyildi. Ona görə də Zara “harda gicqulu var, mənə rast gələr” deyə fikirləşməkdəydi.

 

Arada o, Comərdin telefon və skayp danışıqlarının səngiməsindən istifadə edərək onu söhbətə tutmaq istədi, soruşdu ki, o, ilk baxışdan məhəbbətə inanırmı. Comərd gözünü kompüterin monitorundan ayırmadan elə bir cavab verdi ki, qız onun ilk baxışdanmı, ikinci baxışdanmı məhəbbətə inanıb-inanmadığını başa düşmədi. Ancaq Zara xanım pəs etməyi düşünmədi, dedi ki, o, həmişə elə bir oğlanla tanış olmağı arzulayıb ki, onu müdafiə etsin, hər cür hücumdan qorusun. Comərd bu söhbətə də belə cavab verdi ki, müasir dövrdə bu çox çətindir, çünki hakerlər müxtəlif proqramlardan istifadə edərək hücuma keçirlər, spam göndərirlər, “ddos-atak” yapırlar, indiki zamanda serverin salamatlığını qorumaq çox çətindir, gərək provayderin, hostinqin etibarlı olsun.

 

Qız yenə bir şey başa düşmədi, amma qərara aldı ki, təklifini konkretləşdirsin. Bu məqsədlə o, gənc proqramçıya yeganə yaxşı bacardığı xidməti təklif etdi:

 

- Soyun gəl uzan səni masaj eləyim.

 

Əslində bu məqamda onun yerində minlərlə digər yaşıdı olsaydı və onlar nə qədər utancaq olsaydılar, heç biri şairanə görkəm alıb, “masaj zamanı deyil, afət” deməzdilər, o saat köynəklərini çıxarar üzüqoylu divana uzanardılar. Amma Comərd minlərlə yaşıdından fərqli düşüncəyə malik idi. O, tanımadığı bir qızın qarşısında soyunmaq variantını özünə bir santim də yaxın buraxmayaraq, hətta bundan çox utanıb-sıxılaraq təklifdən imtina etdi:

 

- Yox, yox, bacı, işim çoxdur.

 

Bir neçə saat keçdi. Comərd yenə öz işindəydi, danışır, yazışır, işləyirdi. Qızın yuxusu gəlirdi və intizarla gözləyirdi. Nəhayət, o dözmədi, yatmaq istədiyini dedi. Comərd “ıhı” dedi və bir neçə dəqiqə də işləyəndən sonra kompüterini götürüb mətbəxə keçdi, qayıdıb divanı açdı, üstünə döşək, mələfə, yastıq, yorğan saldı və dedi:

 

- Sən yat, mən işləyəcəm.

 

Qız nazlana-nazlana:

 

- Bəs sən harda yatassan? – deyə soruşdu və enli divanın digər yarısını ürək açıqlığıyla ev yiyəsinə təklif etdi:

 

- İşini qurtarandan sonra gəlib burda yata bilərsən.

 

- Yox, bacı, mən işləyəcəm. İşim çoxdur.

 

Qız işığı söndürüb, yerinə girdi, Comərd mətbəxə getdi, kompüterinin arxasına əyləşdi. Onun işi doğrudan da çox idi, saytı təhvil verməliydi.

 

Səhər açılanda qız yerindən qalxıb mətbəxə keçdi və Comərdi elə kompüterin arxasındaca yatmış gördü. O, işini qurtarmış, elə buradaca yuxulamışdı, utandığından, ya nədənsə gəlib onun üçün ayrılmış guşəyə girməmişdi. Zara hirsli-hirsli başını buladı və proqramçı gəncin şərəf və ləyaqəti, eləcə də sağlamlığı barədə qara-qura fikirlərə daldı.

 

İki saatdan sonra o, qonağıyla bir yerdə evdən çıxmağa hazırlaşanda qız ayağını sürüyərək dedi:

 

- Mənim haqqımı da versən, üzülüşərik.

 

“Haqq” sözü gənc proqramçıya əvvəlcə qəribə gəlsə də, hesab etdi ki, söhbət avtobusa veriləsi gediş haqqından gedir. O, cibindən onluq, beşlik, təklik əsginaslar çıxardı, onları bölmək istəyəndə qız üzünü bozartdı:

 

- Bu nədi əə? Uşax başı alladırsan? 50 manat verəssən.

 

- Nə əlli manat? Nəyə görə? – Comərd Cahangirli səmimiyyətlə təəccübləndi.

 

Qız çımxırdı:

 

- Özünü gijdiyə qoyma, adə. Bilmirsən, nəyə görə? Məni noçefkaya gətirmisən? Gətirmisən. Davay, düş bura əlliliyi.

 

Comərd yaman yerdə axşamladığını, daha dəqiqi, səhərin yaman pis açıldığını anladı, amma situasiyadan danışıqlar yoluyla xilas olmağı üstün tutdu:

 

- Ay bacı, mən sənə pislik elədim? Gördüm, büzüşüb oturmusan, dedim, küçədə qalmayasan. Gəldin, çimdin, yedin-içdin, yerimdə də yatdın, hələ bir sənə pul da verim? Verərəm ey, iyirmi manatım var, bölərik.

 

Qız sifətini elə qırışdırdı ki, Comərd cırmaqlanacağından qorxdu.

 

- Ta nə pisdik eliyəssən. O yekə burnunu dayanacağa soxmasaydın, bir kişi oğlu kişi gəlib maşını saxlayacaqdı, götürüb aparacaqdı, pulumu da verəcəkdi. “Bacı” deyə-deyə zanit elədin, gecə saat 1-ə qədər də hostinq-bastinq, haker-maker deyə-deyə zəhləmi tökdün.

 

Söhbət uzandı. Comərd rayonda yaşayan və revmatizmdən əziyyət çəkən anasının canına and içdi ki, bundan artıq pulu yoxdur, özünü təhqir olunmuş sayan qız əl çəkmədi, ağzını açıb, gözünü yumdu, Comərdə elə pis-pis sözlər dedi ki, o 25 illik ömründə bu qədər söyüşü nəinki öz ünvanına, heç başqasının qarasına da eşitməmişdi.

 

Comərd çox əsəbiləşdi, amma indiyədək heç vaxt əlbəyaxa dalaşmadığı üçün nə edəcəyini də bilmədi, eləcə, dişini qıcadı, yumruğunu düydü, amma sonra tez də yumşalıb dedi:

 

- A bacı, məndən nə istəyirsən?

 

- Pulumu ver! – qız çığırdı.

 

- Yoxumdur! Olan pulum budur!

 

- Eləmi? Onda gününü görəssən! Səni verəjəm polisə, dərini soyajaxlar, ağlın başına gələjək!

 

Qız onu hədələyəndən, qarğıyıb-söyəndən sonra qapıdan çıxdı və evin ünvanını yadında saxlayıb getdi.

 

Comərd hansı ittihamla üzləşəcəyini, polis təcridxanasına aparılacağını, orda necə hədələnəcəyini, qorxacağını bilsəydi, əlbəttə, qızın tələb etdiyi 50 manatı işdə müdirindən, ya da iş yoldaşlarından alıb verərdi. Amma o, stulda, kompüterin arxasında yatmağı bəs deyilmiş kimi, hələ evində qonaq etdiyi bir qıza pul ödəməyi öz proqramçı beyninə sığışdıra bilmirdi.

 

Ancaq Comərdin hirsi soyudu və o, yolboyu özünə bir daha heç kimə bənzər yaxşılıq etməyəcəyi barədə söz verə-verə işə getdi. Təbii ki, gənc proqramçı başına gələn pəstəhanı işdə yoldaşlarına danışdı. Onlar onsuz da ona həmişə lağ edirdilər, bu əhvalatı da eşidəndən sonra gün bitənə qədər onu araya qoyub hırıldaşdılar: “Comu ömründə birinci dəfə evə qız gətirib, nəyə gətirdiyi yadından çıxıb”, “Qız deyib, gəl gir yanıma, Comu deyib, sağ ol, internetə girmişəm”. Heç biri də nəzərə almırdı ki, Comu qızı evə saf niyyətlə, humanizm prinsiplərini əldə rəhbər tutaraq gətirib.

 

Axşam saat 8-də Comərd evə gəlib çıxanda qapısının ağzında iki polis əməliyyatçısı onu gözləyirdi. Onlar gənc proqramçını evə girməyə də qoymadılar, “Fiat”a basıb yaxınlıqdakı bölməyə, ordan da polis idarəsinə apardılar.

 

Comərd anladı ki, qız sözünün üstündə durub, ondan polisə şikayət edib. Ancaq o, heç cür başa düşə bilmirdi ki, qız onun nəyindən, hansı hərəkətindən şikayət edib. Bunu ona bölmədə müstəntiq Mürsəlov dedi. Məlum oldu ki, Zərinə Sübhanverdiyeva dünən gecə Comərd Cahangirli tərəfindən zorlanıb, bir neçə dəfə döyülüb, üstəlik, zorakılıq edən şəxs qapını bağlayaraq, onu evində girov saxlayıb. Hələ o da məlum oldu ki, qızın verdiyi şikayət ərizəsi barədə polis idarəsinə məlumat ötürülüb, idarənin növbətçi hissəsindən isə məlumat istəyən informasiya agentliklərinə zorlama cinayəti barədə informasiya verilib, hətta bir neçə sayt artıq xəbəri “Şok! Şok! Şok! Gənc qız manyak tərəfindən zorlandı!” başlığı, “Zorakılıq edən şəxs ona işgəncə də verib” yarımbaşlığı və “Hazırda təhlükəli seksual manyakın yaxalanması üçün tədbirlər görülür” qeydi ilə yayıblar.

 

Gənc proqramçının bu kimi məsələləri heç cür qavramayan, internetdə eşələnməkdən robot beyni kimi işləyən ağlı o qədər qarışdı ki, o, bu informasiyaları aldığında özünü yüksək gərginlikli cərəyan zərbəsi almış montyor kimi hiss etdi. Comərdin boğazı qurudu, bütün bədəni titrədi, müstəntiqin masasının qabağındakı stula çökdü və beş-altı saniyəliyə özündən getdi. Mürsəlov əvvəlcə qorxdu, ancaq Comərdin özünə gəldiyini və əlləri ilə üzünü qapayıb zırın-zırın ağladığını görəndə sevindi, elə bildi ki, gədə artistlik eləyir. O, belə fəndləri çox görmüşdü. Ancaq Comərdin sonrakı reaksiyasına – gözündən bıldır-bıldır axan yaşa, dodağının səyriməsinə, özünü öldürəcək qədər depressiya girməsinə baxa-baxa düşündü ki, qız düz danışmır, bu əfəldən manyak çıxmaz.

 

Comərd şərə məruz qalmasından çox, türməyə pis maddə ilə düşəcəyindən qorxurdu. O, zorlama maddəsi ilə türməyə düşənlərin başına gələn oyunlar barədə çoxlu söhbətlər eşitmişdi və həmişə belə hesab etmişdi ki, bundansa adam özünü öldürsə, yaxşıdır.

 

O, ağlaya-ağlaya günahsız olduğunu, dünən gecə başına gələnləri bircə-bircə, artırıb-azaltmadan müstəntiqə danışdı, axırda da dedi ki, zorlama maddəsi ilə türməyə düşməkdənsə özünü öldürəcək. Mürsəlov məcbur qalıb ona təsəlli verdi, dedi, hələ rəsmi ittiham elan olunmayıb, tələsməsin, məhkəmə iş kəsməyincə, qorxulu heç nə yoxdur.

 

Məhkəmə söhbətini eşidəndə gənc proqramçı daha bərk hönkürdü. Mürsəlov rəisin otağına keçdi, qısa şəkildə ona məruzə etdi ki, zorlandığını iddia edən qadını yenidən dindirmək lazım gələcək, çünki bu bədbəxt uşaq Allahın malıdır. “Ortada namus məsələsi var” deyə sifətini bozardan rəis də dedi ki, hələ bilmək olmaz, bu günlük təcridxanada saxlayın, sabah görək, kimi var, nəyi var.

 

Cömərdi ağlada-ağlada təcridxanaya saldılar, kəmərini də çıxardılar ki, özünü asmasın. Orda bir nəfər də vardı. O adam əvvəllər bir neçə dəfə mühakimə olunmuş telefon oğrusuydu. Comərd başına gələnləri ona da danışdı və ən böyük qorxusundan – pis maddə ilə türməyə düşməkdən də bəhs etdi. Residivist oğru ona təskinlik verdi:

 

- Qormaginən, alə. Şərə düşmüsən də. İçəridə belə dögül. Orda işə düz baxıllar. Mınnar səni tutsa da, onnar hessad eləmiyəcəklər.  

 

Comərd bir az toxtadı, ancaq o, yenə də məhkum olunmaq istəmirdi.

 

Ertəsi gün ona müdirinə - Baxış müəllimə zəng etməyə icazə verdilər. Gənc proqramçı ağlamsına-ağlamsına başına gələnləri müdirə xəbər verdi. O, eşitdiyi xəbərdən şoka düşdü və yanındakı adama “Comunu zorlama üstdə tutublar” deyə xəbər verdi, sonra həmin adamın işlətdiyi sözə cavab olaraq “mən də bilirəm, ola bilməz, amma içəridədir” dedi və Comərdə söz verdi ki, saat 12-yə qədər dalınca gələcək, onu qurtaracaq.

 

Zorlandığını iddia edən qızı da çağırıb idarəyə gətirdilər. Onları üzləşdirdilər. Qız Comərdin onun başına gətirdiyi oyunu çılpaqlığıyla yenidən təsvir elədi və bu, ifadə bir gün əvvəl yazdığından çox fərqləndi. Comərd onun söhbətinə “oy Allah” deyə-deyə qulaq asdı, sonra özü hadisəni olduğu kimi danışdı. Müstəntiq onları dinlədi, qeydlər apardı, axırda tərəfləri kompromisə gəlməyə çağırdı, dedi ki, çıxış yollarından biri odur ki, gərək barışıb evlənəsiniz, bu iş məhkəməyə çıxsa, xanımın adı bədnam ola bilər. Prinsipcə, Comərd ağır maddələrlə türməyə düşməkdənsə Zara ilə evlənməyə razıydı. Zara isə məsələni qəti qoydu, dedi, bunun kimi impotentə gedincə, gedib sirkə içib özünü öldürər.

 

Mürsəlov “impotent” sözünü göydə tutdu, dedi, xanım, impotent dediyin nədir, onu zorlamada şərləməyin nədir.

 

Zara başına gələnləri yenidən danışdı. Bu dəfə ortaya çıxdı ki, Comərd onu zorlamağa cəhd göstərib, paltarını cırıb, döyüb, qapını bağlayıb, evdən çıxmağa qoymayıb. Müstəntiq “yaxşı, onda gedək tibbi ekspertizaya” dedi və qızı bir az da sıxdı, Zara hər şeyi etiraf etdi və halal pulunun (yəni boşdayanmaya və umsuq olmağa görə ona düşən 50 manatın) veriləcəyi təqdirdə ərizəsini geri götürməyə razılaşdı. Ondan şikayətindən imtina barədə daha bir ərizə aldılar. Amma Comərdi buraxmadılar. Bir azdan onun müdiri gəldi. Comərd müdiri görcək kövrəldi və ürəkləndi, iki daşın arasında başına gələnləri ona da danışdı, hətta axırda utana-utana pıçıldadı ki, müstəntiq onu o qızla evləndirmək istəyir.

 

Müdir güldü. Sonra o, müstəntiqin otağına keçərək uzun-uzadı danışdı, bazarlaşdı, qiyməti öldürməyə çalışdı. Müstəntiq kompüteri açıb təhlükəli seksual manyak barədə xəbərləri göstərdi, dedi, bu məsələ birbaşa nazirliyin nəzarətindədir. Müdir dedi, axı siz də bilirsiniz ki, bu yetim uşaq o qıza barmağını da toxundurmayıb, zorlamaya təşəbbüs olubsa da, əksinə olub və onun işçisi zərərçəkəndir. Müstəntiq çox yuxarıdan gedəndə Baxış müəllim zorlama xəbəri verən saytların hamısı ilə tanış olduğunu, bu məsələnin ictimailəşəcəyi təqdirdə əlavə başağrıları olacağını dedi (hərçənd o da firmasının adının belə bir işdə hallanmasını istəmirdi). Bu arqument Comərdin azadlığı üçün tələb olunan məbləğin 200 manatını ixtisar elədi. Nəhayət, o, müstəntiqlə razılığa gəldilər. Comərd keçmiş kişilərin “məkri zənən” dedikləri şeydən, qadın şərindən qurtuldu.

 

Comərd müdirin maşınının qapısını açıb oturanda müdir başını bulaya-bulaya avtomobili işə saldı və əlini sükana çırpıb dedi:

 

- Comu, bəs o qızı evə niyə aparmışdın, qaqa?

 

Gənc proqramçı mızıldanaraq olanı dedi:

 

- Saf niyyətlə. İnsanlıq üçün.

 

Müdir davam etdi:

 

- Comu, xəbərin olsun ki, gecə o saytdan qazandığımız pulun 800 manatı sənin saf niyyətinə qurban getdi. Amma niyyətin murdar olsaydı, Comu, əlli manatla qurtarardıq. Gedək.

 


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM