XVIII əsrin ikinci yarısında Qarabağ xanlığının Osmanlı İmperiyası ilə münasibətləri (BOA, Xətti-Humayun sənədləri əsasında)

10:30 / 17.08.2015

Süleymanova Xəyalə

Nadir şah Əfşarın 1747-ci ildə sui-qəsd nəticəsində öldürülməsindən sonra onun yaratdığı böyük imperiya parçalandı. İmperiyanın parçalanması nəticəsində Azərbaycan ərazisində xırda dövlətlər – xanlıqlar yarandı. Yaranmış müstəqil feodal dövlətlərdən – xanlıqlardan biri də Araz və Kür çayları arasındakı geniş ərazidə yerləşən Qarabağ xanlığı idi. Qarabağ xanlığı İrəvan, Şəki, Gəncə, Naxçıvan, Qaradağ, Cavad və Şamaxı xanlıqları ilə həmsərhəd idi. Xanlığın əsasını Cavanşir oymağının Sarıcalı tayfasından olan Pənahəli xan (1747-1763) qoymuşdur [6, 19, 122, 243; 7, 127; 20, 302]. Pənahəli xan Cavanşir Qarabağ xanlığının yarandığı ilk illərdə ilk növbədə xanlığın möhkəmləndirilməsinə diqqət yetirmiş, digər tərəfdən isə qonşu xanlıqların hücumunun qarşısını almaqla yanaşı öz nüfuzunu artırmaq istəmiş və əsasən də buna nail olmuşdur. Qarabağ xanlığı qonşu dövlətlərlə münasibətlərə də diqqət vermişdir. Osmanlı imperiyası ilə münasibətlər 60-cı illərin sonundan əsasən canlanmağa başlamış və getdikcə daha da genişlənmişdir. Tarixşünaslıqda Azərbaycan xanlıqları ilə Osmanlı imperiyası arasındakı münasibətlərə müxtəlif yanaşmalar olmuşdur. Sovet dövrü tarixşünaslığında Osmanlı imperiyası ilə xanlıqlar arasındakı münasibətlərdən bəhs olunarkən Osmanlı işğalçı bir dövlət kimi qeyd olunub və əsas fikir belə idi ki, xanlıqlar Rusiyaya meyilli olublar [15, 497]. V.N.Leviatova görə XVIII əsrin sonunda İran və Türkiyə işğalından ən uğurlu çıxış yolu Rusiyaya birləşmək idi [17, 165]. İran və ya Türkiyə istənilən vaxt öz qüvvələrini bu zəngin diyara yönəldə bilərdi [16,173]. Lakin ilkin mənbələr olan Türkiyə Cumhuriyyəti Başbakanlıq Osmanlı Arxivinin (BOA) “Xətti-Humayun” sənədlərinə əsasən belə demək olar ki, bu yanlış yanaşma olub. Əlbəttə hər bir dövlətin xüsusi ilə böyük imperiyaların özünün maraqları öndə gəlir və bu da təbiidir. Bu baxımdan Osmanlı imperiyası Qafqaz regionunda öz nüfuzunu genişləndirmək üçün xanlıqlarla münasibətlərə xüsusi diqqət yetirirdi. Qarabağ xanlığının da xarici siyasətində Osmanlı imperiyası mühüm yer tuturdu. G.Nəcəfli də haqlı olaraq qeyd edir ki, Azərbaycan xanlıqlarını Osmanlı dövləti ilə dil və din birliyindən başqa, əsasən şimal təhlükəsi daha çox yaxınlaşdırırdı [10, 33]. İ.Yücelə görə də Osmanlı imperiyası Qafqazda Rusiya-Gürcüstan blokuna qarşı müsəlman dövlətlərinin ittifaqını yaratmağa çalışırdı [10, 27]. Həqiqətən də sənədlərdən də aydın olur ki, Osmanlı tərəfi regionda baş vermiş hadisələri diqqətlə izləyirdi. 1749-cu ilə aid olan sənəddə regiona göndərilən casusun xəbərlərinin alındığına dair məlumatlar vardır [BOA, HH 6/205, bax: 1, 457]. Sultan regiondakı vəziyyəti nəzarətdə saxlamaq üçün öz elçilərini göndərirdi. Sultan III Mustafanın (1757-1774) elçiləri 1769-cu ildə Gəncə, Təbriz, Dərbənd, Şuşa və İrəvanda olmuş və Sultanın məktublarını yerli hakimlərə çatdırmışlar. Osmanlı hakim dairələri Azərbaycan xanlıqları ilə münasibətdə din birliyini ön plana çəkir və onları kafir ruslara qarşı mübarizəyə çağırırdılar [8, 140]. Osmanlı hökuməti mövcud vəziyyətdə xanlıqla əlaqələr saxlayır və ilkin yardımlarını da göstərirdi. 1771-ci ildə İbrahimxəlil xanın adamı Hacı Ağaya xələt, kürk və xərclik verilməsi haqda məlumat verilir [BOA, C.DH 11041, bax: 13, 95]. T.Müstafazadəyə görə 1768-1774-cü illər Rusiyа-Оsmаnlı mühаribəsindən sonrа Аzərbаycаn хаnlıqlаrınа diqqəti аrtırаn Оsmаnlı hökuməti Rusiyа ilə münаsibətlərin yenidən kəskinləşəcəyi təqdirdə onlаrdаn istifаdə etmək niyyətində idi [9, 165]. Mənbələr də bunu təsdiq edir, belə ki, 1776-cı ildə İbrahimxəlil xan Osmanlı hökumətinə yazdığı məktubda qeyd edilir ki, Rusiyaya arxalanan II İrakli Azərbaycan sərhədlərinə hücum edir, xanların və Dağıstan hakimlərinin birgə çıxması lazımdır. Bu məsələdə isə sərhədyanı Osmanlı qüvvələrinin köməyi lazımdır [BOA, HH 3/73, bax: 1, 435-433]. G.Nəcəfli arxiv materialları əsasında qeyd edir ki, 1776-cı Qarabağ xanı İbrahimxəlil xan (1763-1806) öz sədaqətli vəziri Molla Həsəni Türkiyə sultanının yanına göndərərək ona bildirirdi: "Mərhəmətli Sultanım, əgər sizdən gözlədiyimiz köməyi alsaq biz düşmənlərimizi məhv edərik" [10, 37]. Sənədlərdən də aydın olur ki, Sultan regionun müsəlman dövlətlərinin birləşməsini istəyirdi: Ən bəyəniləni müsəlmanların əl-ələ verib bir-birinə kömək etmələridir. Və bir daha ərzimiz odur ki, dövlətli Şəki xanı Şirvan və Qarabağ sərkərdələri, Alicanlı Məhməd Səid xan və İbrahim xan və Ağası xan və başqaları sol tərəf kafirlərdən gələn əsgər və təhlükəyə qarşı birlikdə kömək edəsiz. Belə etsəniz İnşallah Allahın köməkliyi ilə fayadasız və qarşılıqsız qalmayacağı bəllidir [BOA, HH 94/G, bax: 11, 61]. Bu məsəldə Osmanlı dövlətinin əsas məqsədi sərhədlərinin təhlükəsizliyini təmin etmək idi, əlbəttə ki, birlikdə çıxış etmək Azərbaycan xanlıqalrı üçün də faydalı ola bilərdi. 

Məlumdur ki, 1779-cu ilin martında Kərim xan Zəndin ölümündən sonra regionda vəziyyət daha da mürəkkəbləşir. Osmanlı imperiyası da bunu nəzərə alaraq xanlıqlarla münasibətləri intensivləşdirir. Mənbələrdən aydın olur ki, Osmanlı imperiyası Azərbaycan xanlıqları arasındakı münasibətləri də diqqət mərkəzində saxlayaraq xanlıqlar arası münasibətlərdə birlik görmək istəyirdi: Sabiq Qars mühafizi İbrahim paşanın Osmanlı hökumətinə göndərdiyi məktubunda Şuşa xanı İbrahimxəlil xanın Qaradağ xanlığı üzərinə hücumu, Qaradağı tamamı ilə ələ keçirdiyi və Qaradağ xanı Mustafa xanın Xoy xanının yanına qaçdığı haqqında məlumat verilir [BOA, HH 29/1387, bax: 1, 420-419]. 1780-ci il oktyabrda Çıldır valisi Süleyman paşa Dərbənd, Şirvan, Şəki və Qarabağ xanlarının münasibətləri haqqında məlumat verir. Qeyd edilir ki, Dərbənd, Şəki, Şirvan və Qarabağ xanları arasında narazılıqlar davam edir. Həmçinin baş verən hadisələr haqında davamlı məlumat veriləcəyi də bildirilir [BOA, HH 6/203A, bax: 1, 412-411]. Tarixdən də məlumdur ki, müəyyən vaxtlarda Qarabağ xanlığı ilə Quba xanlığı və Xoy xanlıqları arasında narazılıqlar var idi. Bu məsələ Osmanlı hakim dairələrinə də məlum idi və bu soyuqluğun ardan qaldırılmasını istəyirdi. 1781-ci ildə Ərzurum valisi vəzir Mustafa paşa tərəfindən mərkəzə göndərilən məlumatda qeyd edilir ki, Qarabağ xanı İbrahimxəlil xanla Quba xanı Fətəli xanın münasibətləri soyuqdur və bəzən düşmənçilik vəziyyətində olmaları Dəmir-Qapı və Ərdahan tərəfindən məlumat almağa mane olur. Sənəddə qeyd olunur ki, Xoy xanlığı ilə Urmiya xanlığı arasında olan ittifaq Naxçıvan və Qarabağ xanlıqlarının birləşərək Çorsda müharibəyə başlamsına səbəb olub [BOA, HH 17/733, bax: 13, 111].
Bu dövrdə Gürcü çarı II İrakli özünün işğalçılıq planlarını həyata keçirmək üçün Rusiya imperiyasından istifadə etməyə çalışırdı. O Azərbaycanda baş verən hadisələr haqında Rusiyanı məlumtlandırdığı kimi Osmanlı imperiyasına da bəzi məlumatlar verirdi. 1782-ci ildə II İrakli Osmanlı dövlətinə göndərdiyi məktubda Ərdəbil xanı Nəzərəli xan Şahsevən, Sərab xanı Əli xan Şəqaqi və Qarabağlı İbrahimxəlil xanın birləşərək Təbrizi ələ keçirmək üçün oraya yürüş etməsindən, Təbriz xanı Nəcəfqulu xan Dumbulinin məğlub olaraq Xoy xanı Əhməd xan Dünbülünün yanına Xoy qalasına qaçmasından, müttəfiqlərin Təbriz şəhərini ələ keçirməsindən bəhs olunur [BOA, HH, 6/203D. bax: 1, 409]. Rusiya da regiondakı vəziyyəti diqqətlə izləyərək II İraklidən və ermənilərdən də bu məsələlərdə istifadə edirdi. O.P.Markova qeyd edir ki, çar Rusiyasının Qаfqаz işləri üzrə səlаhiyyətli nümayəndəsi generаl P.S.Potyomkinə tapşırmışdı ki, İrаkli və ermənilərlə əlаqə yаrаtsın və 1783-cü il аprelin 17-də onа yаzmışdı: Çаr İrаkli ilə əlаqələri möhkəmləndirib Şuşаlı İbrаhim хаnı devirməli, Qаrаbаğdа Rusiyаnın himаyəsi аltındа müstəqil erməni vilаyəti təşkil edilməlidir [18, 161]. Aydındır ki, Rusiyanın bölgədəki əsas rəqibi Osmanlı imperiyası idi, buna görə də xanlıqlarla Osmanlı imperiyası arasındakı münasibətləri pozmağa çalışırdı. T.Mustafazadəyə görə Rusiya hökuməti İbrahimxəlil xana inanmırdı və çalışırdı ki, xanlar tamamilə osmanlıların tərəfinə keçməsin [8, 139]. Müəllif qeyd edir ki, Rusiyadan fərqli olaraq Osmanlı dövləti Qafqazın müsəlman əhalisinin, ilk növbədə Azərbaycan xanlarının köməyinə böyük ümid bəsləyirdi [8, 139]. Osmanlı hökuməti Rusiyanın bölgədəki fəallığını diqqət mərkəzində saxlayaraq bunun qarşısını almağa çalışırdı. Çıldır valisi Süleyman paşa 1783-cü ilin aprelində Gürcüstanın Rusiya ilə ittifaqından və Azərbaycandakı vəziyyət və Rusiyanın regionda fitnə-fəsad törədiyi haqda məlumat verir [BOA, HH 9/324D, bax: 2, 357].
1783-cü il iyunun 24-də bağlanmış Georgiyevsk müqaviləsinə əsasən Kartli-Kaxetiya çarlığı Rusiya dövlətinin təbəəliyini qəbul etdi. Georgiyevsk müqaviləsinin imzalanmasından sonra Rusiya Kartli-Kaxeti çarlığı vasitəsi ilə Azərbaycan xanlıqlarına təzyiqlərini artırırdı. Yaranmış yeni təhlükə qarşısında Azərbaycan xanlıqları Osmanlı imperiyası ilə daha sıx münasibətlər saxlamağa çalışırdı. 1783-cü ilin sonlarında Qarabağ xanı İbrahimxəlil xanın Osmanlı dövlətinə göndərdiyi məktubunda digər xanlarla birlikdə Osmanlı hökmdarı tərəfindən göndərilən hədiyyələr və şərafətli məktublara görə məmnun olduqlarını bildirirlər. Həmçinin Tiflis xanının rus əsgərləri ilə birlikdə Dağıstan və Azərbaycan xanlarına qarşı müharibədə məğlub olduqları bildirilir. Bundan əlavə, aralarındakı dostluğun əbədi olmasını arzulayırdı [BOA, C.D. 15122, bax: 11, 83-84]. Azərbaycan xanlıqları Rusiya hərbi hissələrinin Gürcüstan ərazisinə toplanmasından çox narahat olurdu. 1783-cü ilin payızında İbrahimxəlil xanın Osmanlı hakim dairələrinə göndərmiş olduğu məktubunda bölgədə baş verən hadisələrdən bəhs edərək “Rusiyaya tabe olan Tiflis xanının yanında 3 min rus əsgərinin toplandığı haqda məlumat verirdi” [BOA, HH 9/324C, bax: 13, 120-121]. Həmin ildə isə Şəki xanı Əbdülqadir xanının Ərzurum valisi Teymur paşaya yazdığı məktubunda artıq Tiflisdə rusların 12 minlik qoşununun olduğu və sərhəddə 80 minlik qoşun topladığı haqqında məlumatı verilir [BOA, HH12/448İ, bax: 1, 395]. Osmanlı xəfiyyəsinin Çıldır valisi Süleyman paşaya göndərmiş olduğu məktubunda Rusiya imperiyasının Azərbaycan xanlarından onun himayəsini qəbul etmələrini tələb etdiyi və təslim olmayacaqları təqdirdə onların üzərinə qoşun göndərəcəyi, Moskva (Rusiya dövləti nəzərdə tutulur – X.S.) sərhədlərindən Tiflisə geniş hərbi yolun çəkilməsi, Moskvanın Tiflisdə hərbi sursat anbarı tikdirməsi haqda məlumatlar verilmişdir [BOA, HH 10/339, bax: 1, 381-380]. Rusiyanın bu tədbirlərinin qarşısının alınması üçün Osmanlı hökuməti də Cənubi Qafqazda öz mövqeyini gücləndirməyə səy edirdi. O.P.Markovaya görə 1783-cü ilin pаyızındа Хəlil pаşаnın bаşçılığı ilə Cənubi Qаfqаzа göndərilən Оsmаnlı nümаyəndə heyətinin məqsədi Аzərbаycаn və Dаğıstаn feodаllаrı ilə Rusiyаyа və Kаrtli-Kахeti çarlığına qаrşı ittifаq yaratmaq idi [18, 203]. 1784-cü ilin yanvarında toplanış mərkəzi olan Şuşaya artıq 8 min döyüşçü yığılmışdı, lakin Rusiyanın əks tədbirləri nəticəsində Azərbaycan xanları və Dağıstan hakimlərinin Rusiya və onun əlaltısı Gürcüstana qarşı birgə çıxışı baş tutmamışdı. Xəlil əfəndinin təşviqi ilə bir sıra Azərbaycan xanları, o cümlədən Qarabağlı İbrahimxəlil xan yardım üçün Sultana müraciət etmişdi [4,125]. Sultan həm İran həm də Rusiyaya qarşı Azərbaycan xanlarının ittifaq təklifini qəbul edib koalisiyanın formalaşması üçün səylərini artıracağını bildimişdi [14, 80]. Hatti-Humayun sənədlərinin verdiyi məlumatı həmin dövrün rusdilli qaynaqları da təsdiq edir. Moskva şəhərində yerləşən Rusiya Hərbi Tarix arxivinin sənədlərinə əsaslanan T. Mustafazadə yazır: “Osmanlı sarayı bütün Azərbaycan və Dağıstan hakimlərinə müraciət edərək onları Kartli-Kaxeti çarlığına və Rusiyaya qarşı birgə mübarizəyə çağırdı. 1783-cü ilin sonlarında Xəlil əfəndinin başçılıq etdiyi nümayəndə heyətinin Cənubi Qafqaza səfəri də bu məqsədi güdürdü. Qarabağda, Şamaxı, İrəvan və Dağıstanda olan Osmanlı nümayəndələri bu vilayətlərin hakimlərinin Rusiya və Kartli-Kaxeti çarlığına qarşı hərbi ittifaq bağlanmasına nail olmağa çalışırdılar. Sultan hökuməti Rusiya əleyhinə bağlanacaq ittifaqda Qarabağ xanlığına böyük əhəmiyyət verirdi. Heç də təsadüfi deyil ki, Şuşa şəhəri Xəlil Əfəndinin bir növ qərargahına çevrilmişdi. Yuxarıda adları çəkilən bütün yerlərdə olduqdan sonra o, 1784-cü ilin qışında məhz Şuşaya dönmüşdü [8, 145-146]. Rusiya və Osmanlı imperiyalarının Qarabağ xanlığına münasibəti eyni deyildi. Əgər Osmanlı dövləti xanlığa qarşı heç bir ərazi iddiası irəli sürməyib, yalnız onun hərbi gücündən öz siyasi maraqlarını həyata keçirmək üçün istifadə etməyə çalışırdısa, Rusiya Cənubi Qafqazı, o cümlədən Qarabağ xanlığının ərazisini tutmaq niyyətində idi [8, 139]. 1784-cü ildə Osmanlı dövləti tərəfindən bir sıra xanlara o cümlədən İbrahimxəlil xana göndərilən məktublarda II İrakli və onun havadarı olan Rusiya tərəfindən gözlənilən təhlükəyə qarşı daim diqqətli olmaları, Osmanlı imperiyasından lazımi köməyi almaları və real təhlükəyə qarşı həmrəylik nümayiş etdirmələri bildirilirdi [BOA, A.DVNS.NMH.d,9_160, bax: 13, 124-128]. Sənədlərin verdiyi məlumatlardan aydın olur ki, Azərbaycan xanları Rusiya imperiyasının işğalçılıq planlarının nə qədər real olduğunu görə bilirdi və buna görə də Osmanlı imperiyasına daha çox meyl edirdi. Çıldır valisi Süleyman paşanın 1784-cü ilin sentyabrında Osmanlı hakim dairələrinə göndərdiyi rəsmi məlumatında da Rusiya imperiyasının Azərbaycan xanlıqlarına olan işğalçılıq planlarından danışılır. Məktubda Rusiyaya tabe olan II İraklinin bir neçə min rus əsgəri cəlb edərək Azərbaycan xanlıqlarına təcavüzə hazırlaşması, Azərbaycan xanlarının Rusiyadan üz çevirərək Osmanlı dövlətinə meyl etməsi, xanlıqlarının bu istila qarşısında davam gətirməsi üçün sərhəddəki Osmanlı paşalarına onlara yardım etməsi əmrinin verildiyi və s. məsələlərə dair məlumatlar verilmişdir [BOA, HH 16/720, bax: 1, 328-325]. Hətta, 1784-cü ilə aid digər bir sənəddə isə Rusiya və gürcü çarının təcavüzünə qarşı Dağıstan, Şirvan, Gəncə və Qarabağ xanlarının bir ittifaqda birləşdirilməsi haqqında məlumat verilmişdir [BOA, HH 4/94K, bax: 1, 347]. Həmin ilə aid olan Azərbaycan xanları və Dağıstan hakimləri tərəfindən Çıldır valisi Süleyman paşaya göndərilmiş məktubların içərisində Qarabağ xanı İbrahimxəlil xanın II İrakliyə qarşı müharibədə iştirak edəcəyinə və iştiraka hazır olduğuna dair iki məktub da yer almaqdadır [BOA, HH 3/79, bax:1, 302-300]. II İrаkli Rusiyаnın himаyəsinə аrхаlаnаrаq çох güclənmişdi. Bu məsələ Qаrаbаğ хаnını nigаrаnçılıqdа qоymuşdu [4,125]. Osmanlı imperiyası da Rusiyanın işğal təhlükəsindən narahat idi və buna qarşı müəyyən tədbirlər görürdü. Osmanlı dövləti Rusiyaya qarşı müharibədə Azərbaycan xanlarının da hərbi qüvvəsindən istifadə etmək istəyirdi [5, 136]. 1784-cü ildə Qubalı Fətəli xana xitabən yazılmış məktubun bir surətinin də İbrahimxəli xana göndərilməsi buyurulmuşdur. Burada İbrahimxəlil xanın katibi Məhəmməd və Çıldır valisinin xəzinə katibi İbrahim vasitəsi ilə İstanbula göndərdikləri məktublarında birlik, bərabərlik ifadələrindən məmnuniyyət duyulduğu bildirilir. Qeyd olunur ki, rusların əsl məqsədi xanları bir-birinə qarşı qoymaqdı. Buna görə də daim sayıq olmalı və hər hansı bir hücum olardısa Osmanlı sərhəd valiləri ilə əlaqə saxlanmalıdır [BOA, A.DVNS.NMH. d, 9-165, bax: 13, 134-139]. Həmin ildə Osmanlı tərəfi bir sıra Azərbaycan xanlarına, o cümlədən Qarabağlı İbrahimxəlil xana hədiyyə olaraq saat və müəyyən məbləğdə pul göndərir [BOA, C.SM, 132/6610, bax: 13, 139-140]. 1785-ci ildə İbrаhimхəlil хаn sultаnа məktub yаzаrаq Оsmаnlı himаyəsinə kеçmək istədiyini bildirmişdi. Sultаn bu məktubа müsbət cаvаb vеrmişdi [4, 125]. Münasibətləri daha da möhkəmləndirmək üçün həmin ildə İbrahimxəlil xan özünün etibarlı bir nümayəndəsini İstanbula göndərmək istədiyini bildirir [BOA, HH 4/110, bax: 13, 144]. T.Mustafazadəyə görə Osmanlı sarayı Qafqazda öz mövqelərini möhkəmləndirməkdən daha çox Rusiyanın burada möhkəmlənməsinin qarşısını almağa çalışırdı [8, 140]. Əslində bunun yetərli səbəbləri də var idi, çünki, Rusiyaya arxalanan II İrakli də xeyli təhlükəli olmuşdu. Sənədlərdən görünür ki, artıq II İraklinin işğalçı meylləri İran şahı olmaq qədər böyük idi. Belə ki, 1786-cı ilin iyun ayında Osmanlı tərəfi yenə də bir sıra xanlara, o cümlədən İbrahimxəlil xana məktub göndərərək bildirir ki, II İrakli əvvəllər Osmanlı dövlətinə tabe ikən indi artıq İran şahı olmaq iddiası ilə müxtəlif hiylələrə əl atır. Əgər II İrakli və digər düşmənlər sərhədlərimizə hücum edərlərsə Ərzurum sərəsgəri və Çıldır valisi ilə əlaqə saxlayaraq birgə mübarizə aparılısın [BOA, A.DVNS.NMH. d, 9-200, bax: 13, 147-150]. İbrahimxəlil xanın göndərdiyi növbəti məktubunda Rusiya ilə ittifaq edən gürcü çarı II İraklinin Osmanlı dövlətinin sərhədinə hücum etmək niyyətində olduğu vurğulanır. Bu səbəbdən istənilən zaman Şərq Sərəsgərliyinin əmri altında II İrakli və Rusiya ilə müharibə edəcəklərinə hazır olduqları bildirilir [BOA, HH 2/35A, bax: 1, 260]. II İraklinin digər xanlara qarşı açıq işğalçılıq siyasəti Qarabağ xanlığını ciddi narahat edirdi. Elə bu səbəbdən də 1787-ci ildə İbrahimxəlil xan Məhəmməd Əfəndi vasitəsilə Osmanlı dövlətinə göndərdiyi məktubunda gürcü çarı II İraklinin Gürcüstan və Rusiyadan topladığı qoşunla Naxçıvan üzərinə hücumu, qətl və qarətə başlaması və Qarabağ xanının öz qüvvələri ilə onunla müharibə edərək gürcü çarını məğlub etdiyi və s. hadisələrə dair məlumatı verilmişdir. Çıldır valisi Süleyman paşanın Sədarətə məktubunda isə II İrakli ilə Qarabağ xanı arasında ədavətin olması və bu səbəbdən də Qarabağ xanının Dağıstan xanları ilə birləşərək II İrakli üzərinə hücum edəcəyi xəbərinin alınmasına dair məlumatlar verilmişdir [BOA, HH 17/739, bax: 1, 254-253]. Görünür ki, bu məsələ Sultanı ciddi narahat etmişdi, buna görə də Sultаn I Əbdülhəmid 1787-ci ilin fеvrаlındа Qаrаbаğ хаnı İbrаhimхəlil хаnа göndərdiyi məktubundа İbrаhimхəlil хаnа Rusiyаyа qаrşı vuruşmаğа hаzırlаşmаq təklif оlunur və еyni zаmаndа оnun bu məqsədlə Şəki хаnı Məhəmmədhəsən хаnа, Təbrizli Хudаdаd хаnа, Ərdəbilli Nəzərəli хаnа, Qubаlı Fətəli хаnа, İrəvаnlı Məhəmməd хаnа, Mаrаğаlı Əhməd хаnа, Хоy хаnınа və bаşqаlаrınа mürаciət еtməsi təkid еdilirdi. Sultаnın İbrаhimхəlil хаnа 1788-ci il 17 fеvrаl tаriхli fərmаnındа оnun Оsmаnlı himаyəsində оlduğu хаtırlаnırdı. 1789-cu ildə Оsmаnlı tərəfdən Qаrаbаğа Şirvаn хаnlаrıın övlаdlаrı Əsgər bəy, Qаsım bəy və Mustаfа bəy еlçi kimi gəlmişdilər [4, 126]. A.A.Bakıxanov da Osmanlı ölkəsindən Qarabağa gəlmiş Əsgər bəy, Qasım bəy və Mustafa bəy haqqında yazmışdır [3, 168-169]. İbrahimxəlil xan mütəmadi olaraq Osmanlı sərhəd valilərini Rusiyanın himayəsi sayəsində Azərbaycan torpaqlarında qarət törədən gürcülərin hərəkətləri haqa məlumat verir və kömək istəyirdi. Qarabağ xanından Ərzurum və Çıldır valilərinə, Qars mühafizinə və Bəyazid mütəsərrifinə yazılan məktubda Azərbaycan və Dağıstan xanlarının müttəfiq olduqlarına, II İraklinin Gürcüstan və Rusiyadan topladığı qoşunla Naxçıvanda qətl və qarət törətdiyinə və buradan qaçqınların gözlənildiyinə dair məlumatlar verilmişdir [BOA, HH 17/765, bax: 1, 251-248]. 1787-ci ilə аid olan sənədlərin birində Çıldır vаlisi Süleymаn pаşаnın Аzərbаycаn və Dаğıstаna göndəriləcək əsgərlər üçün hərbi təchizаt tədаrükü ilə məşğul olması аydınlаşır [BOA, HH 1290, bax: 11, 117]. 1787-ci ilin oktyabrında artıq Qarabağ xanı İbrahim xanla Car-Balakən hakimi Ömər xanın gürcü çarı II İraklinin üzərinə hücüm etmsəinin uyğun görüldüyü bildirilirdi [BOA, HH 27/1307, bax: 1, 245]. Əslində isə 1781-1791-ci illər Rusiyа-Оsmаnlı mühаribəsində хаnlıqlаrın Оsmаnlı dövlətinə bilаvistə hərbi yаrdım edilməsi hаqqındа məlumаt yoхdur. Göründüyü kimi sənədlər sübut edir ki, həqiqətən də 1787-1791-ci illər müharibəsi zamanı xanlıqlar Osmanlı ilə birgə çıxış etmək istəyiblər. Lakin bu baş tutmasa da müharibə illərində də əlaqələr davam etmişdi. 1788-ci ildə Bəyazid mütəsərrifi İshaq paşa mərkəzə yazdığı məktubunda Azərbaycan xanlıqlarının Osmanlı dövlətinə meyl etdiyini bildirir [BOA, HH 23/1164, bax: 1, 239]. Həmin ildə sənədlərdə biz artıq xanlar arasında soyuqluğun aradan qaldırıldığını və birgə hərəkətə hazır olduqları görürük [BOA, HH 11/377, bax: 1, 236]. Sənədlərdə hətta İbrahimxəlil xanın şikayət ərizəsində Süleyman paşanın II İrakliyə meyl etməsindən bəhs olunur. Sənəddən aydın olunur ki, artıq onun yerinə başqa birinin təyin olunması tapşırılır [BOA, HH 1383/5484, bax: 13, 178-179]. 1789-cu ildə İbrahimxəli xan tərəfindən göndərilən elçilərə - Mirzə Məhməd Əfəndiyə üç yüz, Mirzə Məhməd bəyə iki yüz quruş yol xərci verilməsi bildirilir [A.E.6549, bax: 11, 130-131]. 1790- cı ildə İbrahimxəli xan ruslara qarşı Osmanlı dövlətindən kömək istəmsi bildirilir [BOA, HH 57046, bax: 11, 132]. 1791-ci ildə İbrahimxəlil xanın və Dağıstan hakimlərinin elçilərinin yaxşı qarşılandığı və hədiyyələrlə yola salındığı bildirilir [BOA, HH 9584, bax: 11, 133].
XVIII əsrin 80-ci illərinin sonu və 90-cı illərin əvvəllərində regionda vəziyyət daha da mürəkkəbləşir. Belə ki, İranda Ağa Məhəmməd xanın mərkəzləşmiş dövlət uğrunda mübarizəsi Azərbaycan xanlarını nigaran etməsi ilə yanaşı, Rusiyanın da rus-türk müharibəsindəki qələbələri bölgəyə şimal təhlükəsini daha da yaxınlaşdırırdı. Belə bir vəziyyətdə isə xanlar Osmanlı ilə əlaqələri genişləndirməyə çalışırdı. 1789-cu ildə İbrahimxəlil xan və İrəvan xanı Məhəmməd xan elçilər göndərərək Ağa Məhəmməd xanın təhlükəsinə qarşı Osmanlıdan kömək istəyirlər. Qarşı tərəf də tədbirlər görüləcəyinə dair söz verir [BOA, HH 8488, bax: 12, 95-97]. 1790-cı il apreldə İbrahimxəlil xan bildirirdi ki, əgər hərbi yardım göndərilməzsə idarəsi altında olan bəzi xanlar Moskvaya tabe olub sülh bağlamaq məcburiyyətində qalacaqlar [BOA, A.DVN.MNH. d, 192/301-302, bax: 13, 179-182]. Ancaq məlum olduğu kimi xanlar istədikləri köməyi ala bilməmişdi.
Ağa Məhəmməd xan Qacarın Cənubi Qafqaza yürüşü ərəfəsində və yürüş dövrünə aid mənbələrdə məlumatlar vardır. Bu sənədlərdə əsasən kömək istəməklə yanaşı, əhalinin təhlükəsizliyi ilə bağlı Osmanlı sərhəddinə keçirilməsinə icazə istənilir. 1795-ci ildə İbrahimxəlil xan Osmanlı dövlətinə məktubunda özünün Osmanlı dövlətinə bağlı bir xanlıq olduğu bildirir və Ağa Məhəmməd xana qarşı kömək istəyirdi. Həmçinin Osmanlı məmləkətinə keçəcək mühacirlərin qəbulu üçün sərhəd valilərinə əmrlər verilməsinin xahişi üçün Abdullah Çələbini səfir göndərdiyini bildirirdi [BOA, HH 162/6748E, bax: 1, 231]. 1795-ci ilə aid olan sənədlərin birində İran şahı Ağa Məhəmməd xanın Qarabağ xanı İbrahimxəlil xanın, İrəvan xanı Məhəmməd xanın və gürcü valisi II İraklinin üzərinə qoşunla gəlməkdə olduğu bildirilir. Bu səbəbdən adı keçən Azərbaycan xanlarının Qars, Çıldır, Bəyazid, Van və Ərzuruma mühacirət edəcək əhalisinin sərhədi keçmələrinə icazə verilməsi və Ağa Məhəmməd xana qarşı yardım göndərilməsi xahişi ilə elçilərinin göndərildiyinə dair məlumat verilir [BOA, HH 162/6748F, bax:1, 229]. Həmin ilə aid eyni məzmunlu daha bir məktubda da kömək istənilir [BOA, HH 162/6748D, bax: 1, 227]. Osmanlı hökuməti Ağa Məhəmməd xanın yürüşündən narahat olmaqla yanaşı onun Tiflisi tutmasını istəyirdi. Bu regionda Rusiyanın mövqeyini ciddi şəkildə zəiflədə bilərdi. Bu məqsədlə də Osmanlı hökuməti mütəmadi olaraq sərhəd valilərindən baş verən hadisələrin xülasəsini tələb edirdi. 1795-ci ilin sentyabrında Çıldır valisi vəzir Şərif paşa da mərkəzə bildirirdi ki, gürcü çarı II İrakli qoşunla Tiflis ətrafında Ağa Məhəmməd xanla müharibəyə cürət edib və iki mindən artıq kafir qoşunu məğlub edilib. Döyüşün nəticəsi olaraq, gürcü çarının qaçması və Ağa Məhəmməd xanın Tiflisi zəbt etməsi, hələlik Ağa Məhəmməd xanın Osmanlı sərhədlərinə təcavüzü gözlənilməsə də ehtiyatı əldən verməmək üçün müdafiə tədbirlərinin görülməsi lazım gəldiyindən hərbi sursat və qoşun toplanması haqqında məlumat verilir [BOA, HH 160/6688A, bax: 1, 222-221]. Belə bir vəziyyətdə bəzi xanların Rusiyaya müraciət etməsindən narahat olan Osmanlı hökuməti xanları müsəlmanlıq xatirinə birləşməyə çağırırdı. G. Nəcəfliyə görə bu Osmanlı dövlətinin mənafeyinə uyğun atılmış bir addım idi. Çünki, onun Rusiyaya qarşı xanlıqların yardımına ehtiyacı var idi [10, 91]. Rusiya da Ağa Məhəmməd xan Qacarın yürüşündən narahat olub Qafqaz üzrə ordu komandanı İ.V Qudoviçi təlimatlandırırdı ki, Ağa Məhəmməd xan Qacara qarşı birgə çıxış etməyi təşkil etsin [18, 287; 19, 84]. İbrahimxəlil xan isə Ağa Məhəmməd xan Qacara qarşı Rusiyadan asılı olmadan özü müstəqil şəkildə Cənubi Qafqaz dövlətlərinin koalisiyasının təşkilatçısı kimi çıxış edirdi [14, 81]. Bu məqsədlə də 1795-ci ildə Qаrаbаğlı İbrаhimxəlil хаn Оsmаnlı bаş vəzirinə Аbdullа Çələbi əfəndi ilə göndərdiyi məktubdа iyirmi bir ildən аrtıq bir müddətdə Оsmаnlı dövlətinə хidmət göstərdiyini хаtırlаdır, Аğа Məhəmməd хаnın İrаndаkı İrаq məmləkətini və Fаrs bölgələrini özünə tаbe etdikdən sonrа Аrаz çаyını keçib əvvəlа onun - İbrаhimxəlil хаnın, İrəvаnlı Məhəmməd хаnın və sonrа Gürcüstаn üzərinə hücum etmək niyyətində olduğunu хəbər verir, Sultаndаn Аzərbаycаn хаnlаrınа öz yаrdımını əsirgəməməsini хаhiş edirdi [BOA, HH 6748E, bax: 12, 97].Çıldır valisi vəzir Şərif paşanın 1795-ci il tarixli sədarətə məktubunda Ağa Məhəmməd xan Qacarın və qardaşı Əliqulu xanın Şuşa, İrəvan və Tiflis tərəflərinə hərəkət etməsi və Tiflisin zəbt edilməsi və Gürcü çarı II İraklinin qaçdığına dair məlumat verilir [BOA, HH 161/6694, bax: 1, 220-219]. İbrahimxəli xan elçi göndərib bildirirdi ki, xanın qonşu Dağıstan hakimləri və qohumu Ümmə xanla birləşib 40-50 min əsgər toplayacaqlar. Ancaq Ağa Məhəmməd xanın daima yanında 40-50 min əsgəri olduğu nəzərə alınarsa, belə bir yürüşə ikiqat-üçqat əsgər toplayacağı məlumdur. Buna görə adları çəkilən xanların və hakimlərin Osmanlı dövlətinin köməyinə ehtiyacları var, əgər Osmanlı sarayı əmr və göstəriş verərsə ona uyğun hərəkət edəcəklər [10, 89; 4, 127]. Yenə də 1795-ci ildə İbrahimxəlil xan Osmanlı hökumətinə məktub yazaraq Ağa Məhəmməd xanın Azərbaycan torpaqlarına hücum etməyə hazırlaşdığını bildirir və Osmanlının köməyinə ehtiyacları olduqlarını bildirir. Xan Osmanlı Sultanının xidmətində olduğunu da bir daha vurğulayırdı [BOA, HH 162/6748-C, bax: 13, 182-183]. İstədiyi köməyi ala bilməyən İbrаhimхəlil хаn1795-ci ildə qаnlı döyüşlər gеdəcəyini qаbаqcаdаn görərək Qаrаbаğ еllərinin bir hissəsini Gürcüstan, Şirvаn, Оsmаnlı sərhəddinə və Qаrаbаğın dаğlıq hissəsinə göndərir ki, döyüş mеydаnındаn uzаq оlsun [4, 127]. Mənbələr sübüt edir ki, Qarabağ xanlığı Ağa Məhəmməd xanın birinci yürüşü ərəfəsində və yürüş zamanı dəfələrlə Osmanlı imperiyasından hərbi yardım istəmişdi. Lakin bu dövrdə Osmanlı imperiyasının vəziyyəti olduqca gərgin idi. Buna görə də əməli addımlar ata bilmədi. Lakin məlum olduğu kimi Qarabağ xanlığı yürüşün qarşısını uğurla ala bilmişdi. Ağa Məhəmməd xan Qacar isə burdan Tiflisə yürüş etdir. Qacarın Tiflisi tutması isə Osmanlı imperiyasını son dərəcə məmnun etmişdi və bu münasibətlə onu təbrik də etmişdi. 1796-ci il iyulda Bağdad valisi Süleyman paşanın Sədarətə məktubunda Ağa Məhəmməd xan Qacarın Tiflisi ələ keçirməsi və bu qələbə münasibəti ilə ona Osmanlı dövləti tərəfindən rəsmi təbrik məktubunun göndərilməsi, Tiflisin fəthindən sonra Ağa Məhəmməd xan Qacarın dövlətin mərkəzi olan Tehrana getdiyi və Xorasan üzərinə hərəkət elədiyi xəbərinin alındığına dair məlumat verilmişdir [BOA, HH 161/6712, bax: 1, 216]. Ağa Məhəmməd xan Qacarın uğurları, xüsusən İrəvan qalasını alıb Tiflisə qarşı hücuma başlaması və Azərbaycan xanlarının buna qarşı bir tədbir görülməsi barəsində xahişlərinə cavab olaraq Osmanlı imperiyası heç bir köməklik göstərməmiş və ya göstərə bilməmişdir. Bunun da bir neçə səbəbi var idi. Birincisi, 1787-1791-ci illər Rusiya-Türkiyə müharibəsində məğlubiyyətə uğrayan İstanbul hökuməti çox zəifləmişdi və Azərbaycan xanlarının himayədarı kimi Ağa Məhəmməd şahla müharibəyə başlayacağı halda onun zəfər çalacağı çox böyük şübhə altında idi, ikincisi isə Osmanlı hökuməti özünə düşmən olan Rusiya imperiyasının da Azərbaycanı ələ keçirmək niyyəti olduğu üçün onun Ağa Məhəmməd şah Qacarla toqquşacağına və bunun nəticəsində Rusiya imperiyasının məğlub ola biləcəyinə və ya heç olmasa bərk zəifləyəcəyinə ümid bəsləyirdi [5, 138].
Qeyd olunduğu kimi Ağa Məhəmməd xan Qacar I yürüşündə Qarabağ xanlığını ələ keçirə bilməsə də 1797-ci ildə II yürüşünü artıq Qacarlar şahı kimi etmişdi və Qarabağ xanlığını ələ keçirmişdi. Lakin elə həmin ildə də burada sui-qəsd nəticəsində öldürülmüşdü. Sənədlərdə Ağa Məhəmməd şah Qacarın sui-qəsd nəticəsində öldürülməsindən sonrakı hadisələrlə bağlı da məlumatlar vardır. 1797-ci ildə Ağa Məhəmməd şahın yerinə keçmiş Fətəli şah Qacarın hakimiyyətə gəlişindən sonra Qarabağ xanlığı ilə Qacarlar imperiyası arasında münasibətlər yaxşılaşmışdı. Sənədlər də bunu təsdiq edir. Belə ki, 1798-ci ildə Çıldır valisi Sabit paşanın Sədarətə ünvanlanan hər iki məktubunda Şuşa və Qarabağ xanı İbrahimxəlil xanın qızını Tehranda şahlıq iddiasında olan Ağa Məhəmməd xanın qardaşı oğlu Baba xan (Fətəli şah Qacar – X.S.) sərdarına verildiyi haqda məlumat verilmişdir [BOA, HH 35/1760A, bax: 1, 211-210]. Aydın olur ki, artıq Qacarlar dövləti ilə xanlığın münasibətləri yaxşılaşmışdı.
Göründüyü kimi mötəbər mənbələr təsdiq edir ki, Qarabağ xanlığı Osmanlı imperiyasına dəfələrlə müraciət etmişdir ki, işğalçı yürüşlərə qarşı birgə çıxış etsinlər. Lakin bu baş tutmadı. F.Abbasov da haqlı olaraq qeyd edir ki, ancaq bu müraciətlər istənilən nəticəni vermədi və XVIII əsrin sonunda Qafqazda Osmanlı imperiyasının təsiri həmişəlik zəiflədi [14, 81]. Doğrudur, Osmanlı imperiyası Azərbaycan xanlıqları ilə əlaqələrini kəsmirdi, ancaq buna baxmayaraq o, artıq real hərbi yardım göstərmək iqtidarında da deyildi. Elə buna görə də, Qarabağ xanlığı Rusiya imperiyası tərəfindən müdaxilə qarşısında faktiki olaraq müttəfiqsiz qalmışdı [5, 141]. G.Nəcəfli də qeyd edir ki, Osmanlı dövləti XVIII əsrin 80-ci illərində olduğu kimi məhz bu dövrdə də diplomatik vasitələrlə xanlıqlar üzərində öz təsirini qoruyub saxlamağa üstünlük vermiş, faktiki yardımdan imtina etmişdir. Bu isə Rusiyanın və İranın Cənubi Qafqazda işğalçı məqsədlərini həyata keçirməsini asanlaşdırmışdır [10, 96].
Beləliklə ilkin mənbələr sübut edir ki, Qarabağ xanlığı işğalçı yürüşlərə qarşı Osmanlı imperiyası ilə birgə mübarizə aparmaq istəmişdir. Lakin təəssüf ki, təkcə Qarabağ xanlığı ilə Osmanlı imperiyası deyil, bütövlükdə regionun türk müsəlman dövlətləri birgə çıxış edə bilmədi. Bu isə təkcə Azərbaycanın deyil, Osmanlı imperiyasının tarixində də böyük faciələrə səbəb oldu.

 Mənbələr və ədəbİyyat.

1. Azərbaycan tarixi arxiv sənədlərində (XVIII-XX əsrin əvvəlləri). I cild. Türkiyə Cumhuriyyəti Başbakanlıq Osmanlı Arxivinin sənədləri. Bakı, Çaşıoğlu, 2010, 508 s.
2. Azərbaycan tarixi arxiv sənədlərində (XVIII-XX əsrin əvvəlləri). II cild. Türkiyə Cumhuriyyəti Başbakanlıq Osmanlı Arxivinin sənədləri. Bakı, Çaşıoğlu, 2012, 408 s.
3. Bakıxanov A.A. Gülüstani-İrəm. Bakı, Minarə, 2000, 224 s.
4. Əmrаhоv M, Çingizоğlu Ə, Həsənоv H. Qаrаbаğ хаnlığı. Bаkı, Mutərcim, 2008, 220 s.
5. Hüseynov Y.R. Qarabağ tarixi mənblərdə. Bakı, “Şuşa”, 2012, 248 s.
6. Qarabağnamələr. II kitab. Bakı, "Şərq-Qərb", 2006, 288 s.
7. Qarabağnamələr. III kitab. Bakı, “Şərq-Qərb” 2006, 248 s.
8. Mustafazadə T. Qarabağ xanlığı. Bakı, Sabah, 2009, 333 s.
9. Mustafazadə T. XVIII yuzillik - XIX yuzilliyin əvvəllərində Osmanlı Azərbaycan munasibətləri. Bakı, Elm, 2002, 372 s.
10. Nəcəfli G.C. Azərbaycan xanlıqlarının Osmanlı dövləti ilə siyasi əlaqələri (XVIII əsrin II yarısı). Bakı, Nurlan, 2002, 132 s.
11. Osmanlı dеvlеti ilə Azеrbaycan türk hanlıqları arasındakı munasibеtlərə dair arşiv bеlgеlеri (1578-1914), I c. Ankara, 1992, 427 s.
12. Osmanlı devleti ile Azerbaycan Türk hanlıkları arasındakı münasibetlere dair arşiv belgeleri (1575-1918). II c. Ankara, 1993, 483 s.
13. Osmanlı sənədlərində Qarabağ. Bakı, “Şərq-Qərb”, 2011, 616 s.
14. Аббасов Ф.М. Гарабагское ханство. Баку, Тахсил, 2007, 192 с.
15. АбдуллаевГ.Б. Азербайджан в ХVIII веке и взаимоотношения его с Россией. Баку, издательство АН Азерб.ССР,1965, 622 с.
16. Алиев Ф.М. Азербайджано-Русские отношения (XV-XIX вв.) Баку, ч. I, Элм, 1985, 173с.
17. Левиатов В.Н. Очерки из истории Азербайджана в XVIII в. Баку, издательство АН Азерб.ССР, 1948, 227 с.
18. Маркова О.П. Россия, Закавказье и международные отношения в XVIII веке. Москва, Наука, 1966, 322 с.
19. Мустафаев Дж.М. Северные ханства Азербайджана и Россия(конец XVIII - начало XIX веков). Баку, Элм, 1989. 128 c.
20. Обозрение Российских владений за Кавказом.ч. III, Санкпетербург, -1836, 397 s.

Geostrategiya" jurnalı № 03 (27) MAY-İYUN 2015


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM