Şairin saunada çəkilmiş gizli videosu

16:27 / 21.02.2014

Strategiya.az Kulis.az-a istinadən Samir Sarının “Şairin saunada çəkilmiş gizli videosu” hekayəsini təqdim edir.

 Şairi saat 10.30-da yuxudan qəfil zəng oyatdı, yoxsa Sehliman Sehran hələ bir az da yatacaqdı – düz 11-ə kimi. Şair ona bivaxt zəng edən qələm və qədəh dostunun şərəf və ləyaqətinə yönəlik məşhur ifadələrdən birini işlədərək, telefona narazı-narazı:

 

- Bəli! – dedi.

 

Dörd hərflik bu kəlmədə nida işarəsi ilə birlikdə azı yeddi səs yer aldı, amma şairin şair ruhlu, kövrək qəlbli dostu Qələndər özünü o yerə qoymadı, heç ənənəvi salam-kalama da yol vermədi, birbaşa mətləbə keçdi:

 

- Kompüterini aç, bütün saytlar səndən yazır.

 

Yuxusunu tam almadığı üçün onsuz da sinirli olan şair heç nə başa düşmədi və öz ziyalı leksikonu ilə soruşdu:

 

- Niyə? Nə p... yemişəm ki, məndən yazıblar?

 

Şair bu yarımritorik sualına cavab almağa macal tapmamış işıq sürəti ilə beynindən keçirdi ki, bəlkə dünən ədəbi portallardan birinə göndərdiyi şeir gözlənilmədən şedevrə çevrilib, Cemal Sürəyya şeiri kimi qəbul edilib və bütün saytlar bu şedevrə yer veriblər.

 

Ancaq şair o şeiri sırf qonorar üçün yazmışdı, bilirdi ki, küsüb getmiş sevgiliyə həsr olunan və “geri dön” mesajı verən 1 milyon 234 min 567 şeirdən biri olan həmin misralarda poeziyanın təkcə P-si ola bilər.

 

Qələndər şairi çox intizarda qoymadı:

 

- Videonu paylaşıblar, sosial şəbəkə dağılır.

 

Şair yenə fərqli frekansdaydı, söhbəti tutmadı:

 

- Hansı videomu?

 

Son vaxtlar o, bir-iki toyda sağlıq deyərkən videoya çəkilmişdi, bir dəfə telekanalların birində “Boşadığın arvadı qısqanmaq nə dərəcədə düzgündür” məzmunlu tok-şouya qatılıb üç-beş kəlmə fikir bildirmişdi (demişdi, kişi boşadığı qadını gendən-genə qısqana, hətta yenidən sevə bilər, amma gərək vurub öldürməsin), bir dəfə də başqa bir şair dostunun yubileyində şeir deyərkən gözünün ucuyla görmüşdü ki, həvəskar operator onları çəkir.

 

Vəssalam.

 

Şair Qələndər öz dostuna yenə kəsə yol göstərdi:

 

- Saunada çimdiyin vaxt şeir dediyin yerdə videon var saytlarda...

 

Şairin saunada çimdiyi, yeyib-içdiyi, hətta Veneraya səyahətə çıxdığı olmuşdu, amma dəqiq xatırlayırdı ki, orada heç vaxt kamera-zad olmayıb.

 

Ona görə də şair bir balaca hiddətləndi:

 

- Əə, məzələnirsən?

 

Qələndər də qəzəbləndi:

 

- Saytlara bax! Feysbuka gir!

 

Şair dostuyla rabitəni kəsən kimi masanın üstündəki noutbukuna cumdu. Noutbuk Hollivud filmlərində olduğu kimi iki saniyədə açılmadı, əsərin qəhrəmanı axtardığı səhifəni bir saniyədə tapmadı, bu prosedur azı 3 dəqiqə vaxt apardı və yerli yazıçıların sözü olmasın, hər dəqiqə ona bir il kimi gəldi.

 

Nəhayət, şair “Qurshaqdanashagi.com” saytını açdı və elə ilk səhifəsində flaşda öz qətifəli şəklini və belə bir başlıq gördü: “Tanınmış şairin gizli videosu yayıldı”.

 

Şair xəbərə daxil oldu, iki cümləlik girişi oxuyub videonu tıkladı. Pah! Dərhal onun gözünün qabağında tanış mənzərə açıldı. Şair gördü ki, hamam qətifəsinə bürüncəkli şəkildə bir meyli-məzəli masa arxasında şeir deyir.

 

Şair məkanı da xatırladı, zamanı da. Bu, təxminən bir ay əvvəl olmuşdu. O vaxt bir yaxın dostu iki yüngülməcazlı, ağırtaxtalı xanımla birlikdə şairə sauna qonaqlığı vermişdi. Amma o zaman orada kamera və kameraman yox idi, zatən özləri də kamerafason bir yerdəydilər. Şair diqqət etdi ki, onun videosunu xanımlardan biri telefonla çəkib. Buna görə incə qəlbli söz adamı adını yadına sala bilmədiyi könül həmdəmindən incidi və bir ay öncə “cənnət hurisi” dediyi xanımı “vağzal qancığı” adlandıraraq, popurri xarakterli söyüşlərə qərq elədi.

Sehliman Sehran videonu vizual planda incələməyi buraxıb, lenti başdan seyr etməyə başladı. O, danışdığı sözlərə diqqət edəcəkdi ki, görsün, siyasi planda sarsaqlamayıb ki. Bundan başqa, o, ağızdan pərto idi, qorxurdu ki, ictimai nüfuzuna xələl gətirən sözlər demiş olar.

 

Videodakı qətifəli şair şeir oxuyurdu:

 

- Yenə o par olaydı,

yenə yığışaraq siz

hamama gələydiniz.

Biz də maaşımızca

müdirdən borc alaydıq,

sizə ayqır olaydıq.

Eyzən yeyib-içəydik,

Doyunca çimişəydik.

Güzgüyə bax, ey pəri,

Tellərin refledirmi,

Söylə, o yanındakı

Civi də kefidirmi?

 

Şair öz çıxışına baxdı, kefi bir az duruldu. “Nə var ki, burda? Çölün eşşəyi də bilə bilər ki, bu məşhur şeirə yazılmış satirik parodiyadır. Nə var burda? Şair var ki, Qaqranın yarısı ilə çimib, heç adını çəkən yoxdur”, - deyə düşünərək, bu görüntünü “gizli çəkiliş” adıyla saytlara yerləşdirənlərə əsəbiləşdi.

 

Sonra o, videolentə sona qədər baxdı, gördü ki, beş dəqiqəlik lentdə Pablo Nerudadan, Ömər Xəyyamdan, hətta özündən də şeir deyib.

 

“Gizli video”ya yenicə baxmağa başlayanda şair qorxurdu ki, birdən videonun qətifəsiz çəkilmiş hissəsindən fraqmentlər ola bilər. Şair öz qıllı canının, xüsusilə də onurğa sütununun bitdiyi nahiyədən başlamış dizlərinin qatlanacağına qədər olan hissənin lentə çəkilməsinin biabırçı bir görüntü ola biləcəyini düşünürdü.

 

Xoşbəxtlikdən, lent sona vardıqda şair gördü ki, yox, video öz ciddi misralarının səslənməsiylə bitir.

 

Şair sevindi ki, onun həmin vaxt saunada söylədiyi şeirlərin, daha dəqiqi, parodiyaların mabədi, xüsusilə də klassik şairin “eşqdir mehrabı uca göylərin, eşqsiz, ey dünya, nədir dəyərin” misralarını dəyişib söyləməsi, eləcə də Ömər Xəyyam üslubunda yazdığı “Şair, ümid olma pak hurilərə, bu bəxtlə qılmanlar minəcək səni” beyti ilə başlayan şeiri lentə alınmayıb. Hələ bunlardan başqa, şair o vaxt bir şeirə də parodiya düzüb-qoşmuşdu və kef məclisindəki tərəf-müqabilləri buna ürəkdən gülmüşdülər. O da beləydi:

 

Gözəl qız, sən bax, busan,

İki can arzususan.

O səni sevir

Taylandlı masajçı

“Kamaz”dan təzə düşmüş adamı sevdiyi kimi...

Mən səni sevirəm 7 ildən sonra

türmədən təzə çıxmış italiyalı sinyor

fransız madamı sevdiyi kimi.

 

Əslində şair təkcə parodiya yox, lirik-sentimental, duyğusal şeirlər də yaza bilirdi. Ona görə də istəmirdi ki, qədirbilən xalq və sevimli oxucuları onu kefcil, içəndə erotik misralar uyduran pozğun şair kimi tanısınlar.  

 

Bu üzdən o, “gizli video”dakı söhbətin əslində ədəb çərçivəsində, zarafat-yumor müstəvisində olduğuna əmin olaraq, “nə var e burda” deyə-deyə yenidən Qələndərə zəng vurdu və o, telefonu açan kimi dedi:

 

- Qələn, nə var ki burda? Sən də bayaq elə dedin, ürəyim düşdü... Şeir deyirəm də. Bir şair ürəyincə olan məclisdə nə deyər? Şeir... Mən də o andırdan deyirəm də, lələ.

 

Qələndər durumu bir az da izah edəndən sonra ona ərklə yol göstərdi:

 

- Şair, dur cəhənnəm ol gəl bizim ofisə, uşaqlar da gəlir, bir məsləhətləşək, görək, nə qayırırıq. Ölkə səndən danışır bu saat. Telefonunu da söndür. Heç bir zəngə cavab vermə.

 

Şair tapşırılanı etdi və durub deyilən yerə getdi. O, yol boyunca başını vüqarla tutmuşdu, ictimai nəqliyyatda kiminsə onu tanıyacağını, “aaa, bu o videosu çıxan şair deyilmi” deyə bir-birinə göstərəcəyindən çəkinmirdi. Şair düşünürdü ki, əgər kimsə onu tanıyıb ilişsə, cavan adam olsa, ağzının üstündən şapalaq vursun, qadın olsa, başını bulasın. Hərçənd Sehliman bəy ağızdan pərto olduğu üçün ona sataşan xanıma latayır da deyə bilərdi. Üzündəki abır-həya buna imkan verirdi.

 

Xoşbəxtlikdən, ictimai nəqliyyatda, dəyişərək mindiyi avtobus və metroda şairi tanıyan olmadı. Bu da təbii idi. Çünki bu ölkədə nəinki şair və yazıçıları, hətta məşhur alim və ictimai xadimləri də tanımırdılar, hamı yalnız müğənniləri, aktrisaları, televiziyada verilişlərin bəzəyi olan aşpazları, bir də saç düzəldən, qaş alan, makiyaj edən stilistləri tanıyırdı.

 

Şair çağırıldığı yerin kandarından içəri girəndə qətiyyən ar eləmədi. Qələndərdən başqa redaksiyada dörd adam vardı, bunlar şairin qələm dostları, həmkarları, curlarıydı.

 

Onu bir kompüterin yanında oturtdular və barəsində yazmış, “gizli video”sunu yaymış saytları bircə-bircə ona göstərdilər. Şair yol gələrkən daha bir neçə sayt onun haqqındakı videolu xəbəri yaymışdı. Başlıqlardan biri beləydi: “Tanınmış şairin porno videosu yayıldı”.

 

Şair başlığı görəndə bərk qəzəbləndi, gül ağzı açıldı, belə başlıq qoyan saytın redaktor və administratorunu qiyabi olaraq söyüb biabır elədi.

 

- Adə, nə porno? Burda mən bir köpəkqızının, köpəyoğlunun barmağından tuturam heç?

 

Tənqidçi dost zarafata salaraq onu yumşaltmaq istədi:

 

- Şair, yəqin parnoy yazmaq istəyiblər...

 

Bu sözə şairdən başqa hamı güldü, amma onun güləcək halı yox idi. Kompüterin arxasındakı gənc yazıçı eyni xəbəri “feysbuk”da paylaşmış şəxsin müvafiq statusunun altına belə bir şərh yazdı: “Burada porno hardadır? Adam oturub şeir deyir. Bir az ciddi olun, peşənizə hörmət edin”. Heç bir dəqiqə çəkmədi, həmin şəxs belə bir cavab yazdı: “Məgər biz bilmirikmi o şeirdən, o içkidən sonra orda nə baş verib”.

 

Şair lap cırnadı:

 

- Boooy! Alçağın danışığına bax ey. İndi mən bunun anası ilə liftə minsəm...

 

Jurnalist dost onu sakitləşdirdi, şairin liftdə nadinclik etməsinin qarşısını aldı. Başqa sayta baxdılar. Bu sayt da xəbəri “Məşhur şair eyş-işrət məclisində - VİDEO” başlığıyla vermişdi. “Məşhur” sözü şairin izzət-nəfsini oxşasa da, “eyş-işrət” kəlməsi ona heç xoş gəlmədi. Tərs kimi, bu biabırçı başlıq bir neçə başqa saytda da eynilə verilmişdi, amma ən pisi sosial şəbəkədəki müzakirəydi.

 

Yaxın Şərqdəki qaynar nöqtələr, İranın uranı zənginləşdirməsi, Suriyadakı vətəndaş müharibəsi, Ukraynadakı Maydan nümayişləri və siyasi böhran, Soçi olimpiadası, Obamanın müğənni Beyonsla gəzməsi, Sorosun bir ildə beş milyard dollar qabağa düşməsi, azərbaycanlı aktrisanın yeni aldığı maşının qiyməti və sair bu kimi dünya miqyaslı məsələlərin müzakirəsi ikinci plana keçmişdi, şəbəkə fəalları şairin qətfəsini, üzü az görünən, amma səsi gələn partnyorunu, sinəsinin qılını, masasının üstündəki arağın markasını, bu mənzərənin milli mentalitetə nə dərəcədə uyğun olub-olmamasını və sair və ilaxırı, türkün sözü, dartışırdılar.

 

Şair evdə olanda məsələnin bu qədər yoğun olduğunu, hadisənin bu cür böyük ictimai-siyasi əhəmiyyət kəsb etdiyini, ümummilli planda ajiotaj doğurduğunu bilmirdi. O, yalnız indi nə boyda zibilə düşdüyünü anladı və düşdüyü yeri istixanalarda şitillərə verilmək üçün hazırlanmış peyin çəlləyini ilə müqayisə etdi: “Özü də xirtdəyəcən düşmüşəm ey, dəən. İndi mən nə qayırım?”

 

Jurnalist dost ona zarafatla özünü yandırmağı təklif etdi: “Ən azı gündəm dəyişər”. Şair qıllı canına işarə ilə dedi ki, yox, özümü niyə yandırıram, hazır elə qətfəm düşmənlərimi yandırır dəə.

 

Fəqət, bu hadisəyə şərh yazanların çoxunun get-gedə valı dəyişməsi şairi toxtatdı və onu depressiyaya düşməyə qoymadı. Hadisənin afterşoku keçincə şərhlər daha praqmatik, anlayışlı oldu, müdafiə səciyyəsi aldı: “Kişinin başına iş gələr”;  “Şairdir də, istirahət edir”; “Guya bunu yazanlar özləri saunada BMT-nin qətnamələrindən danışırlar?”; “Nə var axı burda, adam şeir söyləyir. Ölkədə bu qədər problem var, jurnalistlər ondan yazsınlar”; “Heç kəs başqasının cinsi həyatının monitorinqini aparmamalıdır”; “Şairin ilham pəriləri saunaya gəliblər, o da onları görüb vəcdə gəlib. Bu qədər sadə” və sair.

 

Məsləhətçilər belə qərara gəldilər ki, şair ciddi saytlardan birinə açıqlama versin, desin ki, bu, şəxsi həyata müdaxilədir, açıq şantajdır, yolverilməz aktdır, videodakı görünənlər onun fanatlarıdır, ortada sadəcə bir ziyafət var, başqa iddialar böhtandır, ona görə də şair bu videonu yayanları məhkəməyə verəcək.

 

Şairin adından mətn hazırlandı, bir neçə sayta göndərildi. Təkzib xarakterli mətn internet resurslarında yayılınca, kampaniyaya başqaları da qoşuldu. Onlar şairin cavabını “üzrü günahından betər” paraqrafından qiymətləndirmişdilər. Heç demə, hamısı gözləyirmiş ki, şair təvazökar olacaq, hücumları susqunluq və mətanətlə dəf edəcək. Amma budur, şair məhkəmədən dəm vurur. Beləcə, ona qarşı media hücumunun ikinci dalğası başlandı. Çox keçmədi ki, qədirbilən oxucular, şairin fanatları, şeir xiridarları bu dalğanı da qırdılar və öz şərhləri ilə sübut etdilər ki, şair o videoda vətənə, millətə, mentalitetə, əxlaqa zidd heç bir hərəkət etməyib.

 

Sosial şəbəkədəki paylaşımlardan birinin altında şərh yazan kreativ gənclərdən biri zarafat etmişdi: “Deyəsən, videoda epizodik görünən sarısaç qadın Zinadır”. Onun bu zarafatını göydə tutan tərəfdarlar gəncə ciddi cavab yazmışdılar:  “Bura filan ölkə deyil ki, yığışaq şairi zinaya görə daş-qalaq edək”, “O videoda heç bir xəyanət, zina yoxdur”. Polemikaya qardaş Türkiyədən də qoşulan vardı: “Bu nə ya, arkadaş? Şimdi erkekler banyo yapa, şeir söyleye bilmezmi? Şair kardeşimizi neden yarğısız infaz ediyorlar?”. Şair bu diqqətdən çox mütəəssir oldu, gənc yazıçıya dedi ki, onun adından o türkə minnətdarlıq bildirən bir şərh yazsın. “Yaz ki, Allah babana rahmet eylesin, ay türk qardaş, sənin qadan düşsün şairinin qılını, dalını ictimai müzakirəyə çıxaranların ürəyinə”.

 

Bir nəfər isə çox ağıllı, təmkinli, aktual, həm də fərqli şərh yazmışdı: “Şair bilər, xanımı bilər, bizim nə borcumuza qalıb?”

 

Dostlar sanki yuxudan ayıldılar. Doğrudan ha, bu niyə əvvəlcədən ağıllarına gəlməyib? Axı şair subaydır, 7 il əvvəl arvadından ayrılandan sonra ailə qurmayıb və heç kəsin qarşısında hər hansı bir öhdəliyi, sədaqət andı-filanı yoxdur, istəyər, saunaya gedər, istəyər, ümumiyyətlə, erotik kinoya çəkilər, kimin nə dərdinə qalıb.

 

Dostlar saytlara göndərmək üçün yeni mətn hazırladılar və burada göstərdilər ki, şair subay bir yaradıcı adam olduğu üçün onun öz hamam tələbatını şeir deyə-deyə ödəməsində heç bir qəbahət yoxdur.

 

Bundan sonra sosial şəbəkəyə və mediaya nisbi sakitlik çökdü. Ancaq güman vardı ki, maraqlı adamlar şairin keçmişini qazaraq yeni ifşaedici materiallar ortaya çıxaracaq, bu intriqanı davam etdirəcəklər.

 

Şairin bəxtindən bu hadisənin ertəsi günü ölkədə zəlzələ baş verdi və həm sosial şəbəkənin, həm də internet resurslarının mövzusu dəyişdi.

 

Şair və dostları bu zəlzələyə də, şairin yeganə kitabının satışının artmasına da, videosunun az qala Castin Bibərin klipi qədər izlənməsinə də çox sevinirdilər. Şair isə əvvəlcə bir daha saunaya xanımlarla yeyib-içməyə getməyəcəyi, getsə də yaxınlığına telefon, fotoaparat, videokamera qoymayacağına dair söyüş qoysa da, sonra fikrini dəyişdi. Bunun səbəbi barəsində başlanmış ajiotajın bir gündə səngiməsi, onun yenidən unudulması oldu. Beləliklə, şair Sehliman qərara gəldi ki, yaxın həftələrdə o cür məclislərdən birini də təşkil eləsin, qəşəngcə videoya çəkdirsin və saytlara ötürsün. Heç demə, şöhrət saunada imiş.

 


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM