AVROPA İTTİFAQININ TƏHLÜKƏSİZLİK SİYASƏTİNDƏ AZƏRBAYCANLA QONŞULUQ VƏ TƏRƏFDAŞLIQ MÜNASİBƏTLƏRİ (2001-2014)

12:01 / 19.10.2015

AYBƏNİZ RÜSTƏMOVA,
AMEA A.A. Bakıxanov adına Tarix İnstitutunun dissertantı

Ümumavropa təhlükəsizliyinin qorunub saxlanılmasında Avropa İttifaqı (AI) böyük tarixi təcrübəyə malikdir. 2012-ci ilin dekabrında Osloda İkinci dünya müharibəsindən sonra Avropanın dirçəlməsi və 1989-cu ildə Berlin divarının sökülməsindən sonra keçmiş sosialist ölkələrinin inteqrasiyasında, o cümlədən Avropada sülhün möhkəmləndirilməsində Avropa İttifaqının 60 illik fəaliyyəti Nobel Sülh mükafatına layiq görüldü [23].Təqdim olunan məqalə 2001-2014-cü illərdə Aİ-nın təhlükəsizlik siyasətinə və Avropa institutlarına inteqrasiya siyasəti həyata keçirən Azərbaycanla tərəfdaş münasibətlərinə həsr olunmuşdur.
2003-cü ilin 12 dekabrında qəbul edilən “Daha yaxşı dünyada təhlükəsiz Avropa” adlı AvropaTəhlükəsizlik Strategiyası(ATS) Aİ-nin xarici siyasətinin və təhlükəsizlik siyasətinin inkişafı yolunda həlledici mərhələ oldu. İlk dəfə olaraq Aİ-də təhlükələr birlikdə qiymətləndirildi və birliyin başlıca dəyərlərinə əsaslanan təhlükəsizlik maraqlarının təmin edilməsində dəqiq vəzifələr müəyyənləşdirildi. 2008-ci ilin dekabrında Aİ Şurasının Baş katibi və ümumi xarici siyasət və təhlükəsizlik siyasəti üzrə Ali nümayəndəsi Xavyer Solana Aİ dövlət və hökumət başçılarının tapşırığı ilə bu strategiyanın həyata keçirilməsinin gedişi haqda Avropa Komissiyası ilə birlikdə “Dəyişən dünyada təhlükəsizliyin təmin olunması” adlı məruzə hazırldı [8].Hər iki sənəd Avropanın sabitliyi və təhükəsizliyi üçün təhdidlər yaradan qlobal problemləri və təhlükələri müəyyən edirdi. Bura kütləvi qırğın silahlarının (KQS) yayılmaması, terrorizm və mütəşəkkil cinayətkarlıq, kiber məkanda təhlükəsizlik və enerji təhlükəsizliyi, iqlim dəyişiklikləri daxil idi. Eyni zamanda təhlükə və təhdidləri doğuran səbəblər və onlara qarşı mübarizə vasitələri və üsulları göstərildi. Gələcəkdə mövcud Ümumdünya Ticarət Təşkilatının inkişaf etdirilməsi, Beynəlxalq Cinayət Məhkəməsi kimi institutların yaradılması, silahlanma üzərində nəzarət rejimi və etimad tədbirlərinin, bu və ya digər sahələrdə təhlükəsizliyin səviyyəsinin artırılması nəzərdə tutuldu. Beynəlxalq qaydanı möhkəmləndirməyin ən yaxşı vasitələri məsuliyyətli dövlət idarəsinin yayılması, sosial və siyasi islahatlara dəstəyin göstərilməsi, korrupsiya və hakimiyyətdən sui-istifadə ilə mübarizə, qanunçuluğun və insan hüquqlarının müdafiəsi hesab edildi[8]. ATS və 2005-ci ildə qəbul edilmiş İnkişaf haqqında Konsensus davamlı inkişafın və rifahın sabitlik və sülhün başlıca şərtlərindən biri kimi qəbul etdi. Bu baxımdan ticarətə və inkişafa dəstək siyasəti islahatların irəliləməsində güclü alət rolunu oynamalı idi. Qarşıya qoyulan məqsədlərə nail olunmasında Aİ və ona üzv dövlətlər dünyada dövlət yardımının ən iri mənbələri və ticarət dövlətləri hesab olunurlar. Yardım proqramlarının həyata keçirilməsi yolu ilə dövlətlərin idarə olunmasının yaxşılaşdırlıması, məqsədyönlü siyasi-ticarət tədbirlərinə şərait yaradılması və həyata keçirilməsi Aİ siyasətinin mühüm tərkib hissəsi olaraq qəbul edildi.
Aİ-nın təhlükəsizliyini qoruyub saxlamaq məqsədilə müəyyən etdiyi digər bir strateji məqsəd regional münaqişələrin aradan qaldırılmasıdır. Münaqişələrin qarşısının alınması və böhranlı halların həll olunması sahəsində Avropa Biliyinin sərəncamında siyasi, diplomatik, hərbi, mülki, ticarətə, inkişafa dəstək tədbirlərinin, alət və vasitələrin olması strateji məqsədlərə nail olunmasında mühüm rola malikdir. 28 üzv dövlətin birliyi olaraq 133 milyard avro (172 milyard dollar) büdcə ilə [22] eyni zamanda bir neçə əməliyyat aparmaq iqtidarına malik olan Aİ-nin bu üstünlükləri ona təhlükəsizliyin təmin olunmasında daha geniş imkanlar verir. Hesab edilir ki, Aİ, ilkin, operativliyi təmin edə biləcək strateji düşüncə tərzini inkişaf etdirməli, lazım gələrsə, fəal şəkildə müdaxilə etməlidir. Aİ, KQS-nin yayılma əlamətləri və humantiar böhranlar yaranmamış, ətraf ölkələrdə vəziyyət pisləşməmiş fəaliyyət göstərməyə çalışır. Preventiv tədbirlər perspektivdə daha ciddi problemlərdən qaçmağa imkan verdiyindən, Aİ daha çevik, yeni hədələrə cavab verə biləcək mobil operativ qüvvələrini yenidən təşkil etmək üçün müdafiə xərclərini artırmağa, resurslardan daha səmərəli istifadə etməyə, üzv-dövlətlərin mövcud ehtiyatlarının birlik orqanlarının ehtiyatları ilə birləşdirə biləcək sistemin yaradılmasına çalışır[8].
Genişlənmə ilə bağlı yeni ayırıcı baryerlərin yaradılması Avropanın maraqlarına cavab vermədiyindən birlik iqtisadi və siyasi əməkdaşlığın verdiyi səmərəni özünün şərq qonşularına yaymaqda və eyni zamanda bu ölkələrdəki siyasi problemləri həll etməkdə maraqlıdır. Genişləndikdən sonra Aİ-nin qonşusuna çevrilən Cənubi Qafqaz regionunda sülhün və sabitliyin bərqərar olunması, regionun iqtisadi inkişafı və burada yaşayan xalqların maddi rifah halının yüksəlməsi Avropa təhlükəsizliyinin əsas amillərindən birinə çevrildi[7,23 fevral 2001]. Azərbaycanla və ümumilikdə Cənubi Qafqazla əlaqələrin bu və ya digər səviyyədə soyuq müharibənin başa çatmasından sonra qurulmasına baxmayaraq Aİ, bu ölkələr haqda əsas xəttini və strategiyasını 2000-ci ilin əvvəllərindən etibarən müəyyənləşdirməyə başladı [6, 1 mart 2000].
2003-cü ilin martında “Daha geniş Avropaya dair Avropa Qonşuluq Siyasəti” (AQS) təklif olundu[12]. Genişlənmə ilə bağlı yeni qonşulardan gələ bilən təhlükələrin qarşısını almaq və ATS-nın strateji məqsədlərinə nail olmaq məqsədilə irəli sürülən AQS,tərəfdaş dövlətlərlə Aİ-nın daha sıx işləmək təkliflərinə dair konkret şərtləri müəyyən etdi. 2004-cü ildə iyunun 14-də Aİ Şurası Azərbaycan Respublikasını AQS-ə daxil etmək haqqında qərar qəbul etdi. AQS tərəfdaş ölkələr, o cümlədən Azərbaycan üçün aşağıdakı imkanlar yaradırdı:
- siyasi, iqtisadi və inzibati islahatların həyata keçirilməsi və birgə dəyərlərə hörmət edilməsində konkret irəliləyişə nail olunması müqabilində Aİ-nin daxili bazarında müəyyən paya sahib olma imkanı;
- vətəndaşların, əmtəənin, xidmətlərin və kapitalın sərbəst dövriyyəsini təmin etmək məqsədilə gələcək inteqrasiya və liberallaşma proseslərində iştirak;
- Aİ üzv ölkələri ilə daha səmərəli siyasi dialoq və əməkdaşlıq, güzəştli ticarət əlaqələri və açıq bazar, miqrasiya, narkotiklər və mütəşəkkil cinayətkarlıqla mübarizə sahəsində əməkdaşlıq, sərmayələrin təşviqi, yeni maliyyə mənbələrinin əldə edilməsi, Azərbaycanın Dünya Ticarət Təşkilatına üzv olmasının dəstəklənməsi və s. [12].
2004-cü ilin iyununda və sentyabrında Aİ Komissiyasının hazırladığı hesabatlarda Azərbaycanın Aİ qarşısında götürdüyü öhdəliklərin demək olar ki, hamısının yerinə yetirildiyi qeyd olundu [8,9 aprel 2005]. 2005-ci ildə iyunun 1-də Prezident İlham Əliyevin sərəncamı ilə Azərbaycan Respublikasının Avropaya inteqrasiyası üzrə Dövlət Komissiyası yaradıldı [1].
AQS-in başlıca elementi Aİ ilə hər bir tərəfdaş ölkə arasında razılaşdırılmış və ölkə üzrə bir sıra qısa və ortamüddətli prioritetlərin əks olunduğu Fəaliyyət Planlarıdır (FP). FP-ları 3-5 illik müddət üçün nəzərdə tutulur və hər bir ölkənin ehtiyac və imkanları, o cümlədən qarşılıqlı dəyər və maraqları nəzərə alınmaqla hazırlanır [12]. 2005-ci ildə dekabrın 12-də FP-ə dair müzakirələrə başlanıldı [5,13 dekabr 2005] və bir il sonra 2006-cı ildə noyabrın 14-də Brüsseldə Aİ və Azərbaycan arasında beşillik FP qəbul edildi[8,10 mart 2006]. Sənəddə 10 prioritet istiqamət müəyyən olunmuşdu: 1) Dağlıq Qarabağ (DQ) münaqişəsinin sülh yolu ilə tənzimlənməsi, 2) Demokratiyanın gücləndirilməsi, 3) Qanunun aliliyinin, insan hüquqlarının və fundamental azadlıqların müdafiəsinin gücləndirilməsi, 4) Sahibkarlıq və investisiya mühitinin yaxşılaşdırılması, 5) Gömrük xidməti işinin yaxşılaşdırılması, 6) Tarazlı və davamlı iqtisadi inkişafa dəstək, 7) İqtisadi qanunvericiliyin və inzibati praktikanın yaxınlaşdırılması, 8) Aİ-Azərbaycan arasında enerji və nəqliyyat əməkdaşlığının gücləndirilməsi, 9) Məhkəmə, azadlıq və təhlükəsizlik sahələrində, o cümlədən sərhəd işində əməkdaşlığın dərinləşməsi, 10) Regional əməkdaşlığın gücləndirilməsi [1]. Aİ 2007-2010-cu illərdətərəfdaş ölkələrin adam başına düşən ümumi daxili məhsulunu (ÜDM) nəzərə alaraq vəsaitlərin bölgüsü zamanı Azərbaycanda FP-nın həyata keçirilməsi üçün 92 milyon avro ayırdı [14]. Azərbaycan-Aİ FP-nın həyata keçirilməsi siyasi dialoq, siyasi, iqtisadi və institusional islahatlar sahəsində əməkdaşlığı daha da inkişaf etdirərək keyfiyyətcə yeni bir mərhələyə keçid üçün zəmin yaratdı [2, 4.1.2].
AQS-nin fəaliyyətə başladıqdan sonra,2006-cı ildə dekabrın 31-dən TƏS-in əsas maliyyə aləti olan TACİS proqramı, Yaxın Şərq və Aralıq dənizi ölkələri üzrə MEDA proqramı və digər tematik planlar öz fəaliyyətini yekunlaşdırdı və AQS-nin təqdimatı ilə bütün tərəfdaş ölkələr üçün yeni və vahid Avropa Qonşuluq və Tərəfdaşlıq Aləti (AQTA) təklif olundu.AQTA-nın əsas məqsədləri ümumi iqtisadi sistemin sabit inkişaf etməsi üçün edilən səylərin artırılmasına, sahibkarlıq mühitinin yaxşılaşdırılması və dövlət sektorunun müasirləşdirilməsinə, vergi və gömrük qanunvericiliklərində islahatların aparılmasına, neftdən gələn gəlir və özəlləşdirmə sahəsində şəffaflığın təmin olunmasına, Dünya Ticarət Təşkilatına daxil olma prosesində inkişafa əsaslanırdı [15,01.03.2011].Daha geniş mandat və əhatə dairəsinə malik olan AQTA AQS-nin FP-larını həyata keçirmək üçün əsas maliyyə aləti hesab olunur. 2007-ci il yanvarın 1-dən fəaliyyətə başlayan AQTA vasitəsilə Aİ, 2007-2010-cu illərdə AQS-nin həyata keçirilməsi üçün Azərbaycan da daxil olmaqla 17 ölkəyə 1,2 milyard avro qrant ayırdı və bir o qədər də Avropa Yenidənqurma Bankının vəsait ayıracağı nəzərdə tutuldu [14].
2007-2013-cü illərdə Aİ və Azərbaycan arasındakı əməkdaşlığın əsas məqsədləri və prioritet sahələri iki əsas sənəddə öz əksini tapdı. Bunlardan biri Ölkə üzrə Strategiya Sənədi, digəri isə Milli İndikativ Proqram idi[10]. Aİ-nin Azərbaycanın hakimiyyət qurumları ilə sıx məsləhətləşmələr yolu ilə hazırlanan Strategiya Sənədi AQS-nin FP çərçivəsində altı prioritet sahə üzrə fəaliyyət göstərirdi. Bura siyasi dialoq və islahatlar; iqtisadi və sosial islahatlar; yoxsulluğun azaldılması və davamlı inkişaf; ticarət, bazar və tənzimləyici islahatlar, ədliyyə, azadlıq və təhlükəsizlik - enerji, nəqliyyat, ətraf mühit, informasiya cəmiyyəti və media; insanlar arasında əlaqələr daxil idi [3].
Azərbaycanın Aİ ilə əlaqələrinin inkişafında növbəti mərhələ Şərq Tərəfdaşlığı (ŞT) hesab olunur. ŞT 2008-ci ildə mayın 26-da Aİ xarici işlər nazirlərinin Brüsseldə keçirilmiş görüşü zamanı Polşa və İsveç tərəfindən irəli sürülmüşdü. Şərqi AQS ölkələri üçün vahid formatın təsis edilməsini nəzərdə tutan bu təşəbbüs Azərbaycan, Gürcüstan, Ermənistan, Ukrayna, Moldova və Belarusu (Şərq tərəfdaş ölkələrini) əhatə edir. 2008-ci ildə dekabrın 3-də ŞT üzrə Məlumat Sənədi və onu müşayiət edən İşçi Sənəd Avropa Komissiyası tərəfindən Avropa Parlamentinə və Aİ-nin Dövlət və Hökumət Başçıları Şurasına təqdim olundu. Hər iki sənəd ŞT-ə dair Avropa Komissiyasının mövqeyini və təkliflərini əks etdirərək, AQS çərçivəsində şərq tərəfdaş ölkələrilə gələcək əməkdaşlığın istiqamətlərini müəyyən etdi [12].ATS-nın tətbiq olunmasına dair hesabatda ŞT çərçivəsində siyasi, iqtisadi və ticarət münasibətlərinin səviyyəsini artırmaqla şərq qonşuları ilə münasibətlərdə əsaslı dəyişiklər edilməsi nəzərdən keçirildi. Məqsəd bu ölkələrdə rifahı və sabitliyi gücləndirməklə Aİ-nın təhlükəsizliyini möhkəmləndirmək idi. İrəli sürülən təkliflər enerji təhlükəsizliyi və insan mobilliyi də daxil olmaqla ikitərəfli və çoxtərəfli əməkdaşlıq sahələrini əhatə edirdi [9].ŞT-nin 2009-cu ildə mayın 7-də Praqada keçirilən Zirvə görüşündə təşəbbüsün əsas məqsədləri və prinsiplərini, həmçinin gələcək əməkdaşlıq prosesinin ümumi cizgilərini müəyyən edən Birgə Bəyannamə qəbul edildi. Bununla da ŞT yüksək rəsmi səviyyədə fəaliyyətə başladı. Aİ və hər bir tərəfdaş ölkə arasında daha sıx əlaqələrin yaradılması məqsədilə ikitərəfli format çərçivəsində mövcud tərəfdaşlıq və əməkdaşlıq sazişləri əvəzinə yeni, Assosiasiya Sazişlərinin (AS) imzalanması, tərəfdaş ölkənin Ümumdünya Ticarət Təşkilatına üzv olacağı təqdirdə onunla dərin və müfəssəl azad ticarət zonasının yaradılması, həmçinin vizaların tədricən liberallaşdırılması, tərəfdaş ölkələrin və Aİ-nin enerji təhlükəsizliyinin gücləndirilməsi məqsədilə daha dərin əməkdaşlığın həyata keçirilməsi və s. planlaşdırıldı [12].ŞT-nin çoxtərəfli formatı çərçivəsində müzakirələrin aparılması üçün aşağıdakı platformalar təsis olundu:
- Demokratiya, yaxşı idarəetmə və sabitlik üzrə platforma (Platforma 1);
- İqtisadi inteqrasiya və Aİ siyasətlərinə uyğunlaşma üzrə platforma (Platforma 2)
- Enerji təhlükəsizliyi üzrə platforma (Platforma 3);
- İnsanlar arasında əlaqələr üzrə platforma (Platforma 4) [1].
Praqa Bəyanatının müddəalarına uyğun olaraq, ŞT çərçivəsində maliyyə sektoru da daxil olmaqla yaxşı idarəçiliyin dəstəklənməsi, regional inkişaf və sosial-iqtisadi bərabərsizliyin azaldılması məqsədilə Avropa Komissiyası tərəfindən tərəfdaş ölkələrlə siyasi dialoqun aparılması və yaxınlaşma siyasəti modeli əsasında Pilot Regional İnkişaf Proqramının (PRİP) hazırlanması təklif edildi. PRİP-in hazırlanması zamanı diqqət mərkəzində duran əsas məsələlər zəruri hüquqi və institusional çərçivənin inkişafına dəstək göstərilməsi, eləcə də insan resurslarının inkişafı, innovasiya və infrastrukturun inkişafı idi. PRİP ölkə ərazisinin böyüklüyündən asılı olaraq regional və ölkə üzrə proqramların hazırlanmasını nəzərdə tuturdu [1].Dövlət institutlarının möhkəmləndirilməsi, sərhədlərə nəzarət və kiçik şirkətlərə kömək məqsədilə 2009-2013-cü illərdə ŞT çərçivəsində tərəfdaş ölkələrə 600 milyon avro məbləğində yardım ayrılması planlaşdırıldı [13].2009-cu ildə oktyabrın 23-də milli qanunvericiliyin Aİ qanunvericiliyinə uyğunlaşdırılması ilə bağlı öhdəliyin icra edilməsi məqsədilə "Azərbaycan Respublikası qanunvericiliyinin Aİ qanunvericiliyinə uyğunlaşdırılması üzrə 2010-2012-ci illər üçün Tədbirlər Planı" təsdiq edildi.Qanunvericiliyin 15 sahə üzrə Aİ-nin 126 normativ-hüquqi aktına uyğunlaşdırılması nəzərdə tutulurdu[3].Azərbaycanın müvafiq strukturlarının AP ilə əməkdaşlığı genişləndi, hökumət rəsmiləri və parlament üzvləri ilə qarşılıqlı fikir mübadiləsi və dialoqlar mütəmadi xarakter aldı. 2010-cu ildə iyulun 16-da Aİ ilə Azərbaycan Respublikası arasında AS üzrə [1], daha sonra sadələşdirilmiş viza rejiminin yaradılmasına dair danışıqlara başlandı [15,14.01.2011].2011-ci il yanvarın 14-də Bakıda Azərbaycanın Aİ yanında daimi nümayəndəsi Emin Eyyubov və AK-nın Azərbaycandakı nümayəndəliyinin rəhbəri Roland Kobia tərəfindən “Azərbaycan Respublikası və Avropa Komissiyası arasında hərtərəfli institusional quruculuq proqramının çərçivə sənədi üzrə Anlaşma memorandumu”, “Azərbaycan Respublikası və Avropa Komissiyası arasında 2011-2013-cü illər üzrə Milli İndikativ Proqrama dair Anlaşma memorandumu” imzalandı [15,14.01.2011]. Milli İndikativ Proqram çərçivəsində AQTA vasitəsiylə aşağıdakı üç prioritet sahə müəyyənləşdirildi:
-Demokratik strukturlar və yaxşı idarəçilik (30,5 – 37 milyon avro), demokratik qurumların qüvvətləndirilməsi, qanunun aliliyi, insan hüquqları, ədliyyə islahatları, korrupsiya əleyhinə mübarizə, dövlət idarəçiliyi islahatı, vətəndaş cəmiyyətinin inkişafı;
-Sosial-iqtisadi islahat və davamlı inkişaf, ticarət və investisiya, qanunvericiliyin uyğunlaşdırılması və islahatı (43-49 milyon avro), ticarət və investisiya təşviqi, ÜTT-yə daxil olma prosesinin dəstəklənməsi, iqtisadiyyatın diversifikasiyası, regional və kənd yerlərində islahatlar, ətraf mühit, səhiyyə, təhsil, tədqiqat;
-TƏS və AQS FP-nin icrası, o cümlədən enerji təhlükəsizliyi, mobillik və təhlükəsizlik (37-43 milyon avro), enerji təhlükəsizliyinin qüvvətləndirilməsi, sərhəd idarəçiliyinin təkmilləşdirilməsi, miqrasiya və sığınacaq məsələləri üzrə hüquqi bazanın təkmilləşdirilməsi, sərhədlərdə qaçaqmalçılıq və mütəşəkkil cinayətkarlıq əleyhinə mübarizənin aparılması [3].
AQS-nin 2010-2011-ci illərə aid son icmalında «daha çox üçün daha çox » (more-for-more principle) prinsipi irəli sürüldü. Aİ-nin ən güclü tərəfdaşlarını inkişaf etdirəcəyi və demokratik islahatlar sahəsində daha çox tərəqqi əldə edən: azad və aşkar seçkilər, sərbəst söz, toplaşmaq və birləşmək azadlığı, məhkəmə azadlığı, korrupsiyaya qarşı mübarizə və silahlı qüvvələr üzərində demokratik nəzarəti həyata keçirən ölkələrə daha böyük vasitələrlə yardım təklif edəcəyi nəzərdə tutuldu [10]. 2011-ci ilin mayın sonlarında Aİ Şurası Avropa Komissiyası və Avropa Xarici İşlər Xidməti yenilənmiş AQS-ə dair tövsiyələr verdi. Aİ, "böyük maliyyələşdirmə - böyük islahatlar" prinsipinə əsaslanaraq şərq və cənub qonşularına münasibətdə strategiyasını yenilədi. Hər bir tərəfdaş ölkəyə yeni yanaşmanın fərdi olacağı və Aİ tərəfindən maliyyələşdirmənin hər bir ölkədə ayrı-ayrılıqda keçirilən siyasi və iqtisadi islahatların sürətinə uyğun olacağı müəyyənləşdirildi. Yeni AQS-ə görə, Avropa Qonşuluğu ölkələrinə əlavə olaraq 1,2 milyard avrodan artıq vəsaitin ayrılması nəzərdə tutuldu və onların ümumi maliyyələşdirilməsinin 7 milyard avroya çatacağı bildirildi [16,20.06.2011].
Məhz bu dövrdə Aİ ilə Azərbaycan arasında demokratik islahatlar, insan hüquqları məsələlərinə dair fikir ayrılıqları özünü daha qabarıq şəkildə biruzə verdi. Xüsusilə 2010-cu ilin noyabrı və 2013-cü ilin oktyabrında keçirilən parlament və prezident seçkilərinin nəticələrinə dair Aİ-nin apardığı siyasət Azərbaycan hökuməti tərəfindən narazılıqla qarşılandı, qərəzli adlandırlıdı[15,05.102013] və birliklə əməkdaşlığın növbəti gedişinə bu və ya digər dərəcədə təsir göstərdi. 2012-ci ilin aprel ayında AP-nin Strasburqda keçirilən sessiyasında gərgin müzakirələrdən sonra Azərbaycanla Aİ arasında AS üzrə danışıqların gedişinə dair qətnamə qəbul edildi. AS Aİ-nin Azərbaycan və Ermənistanla apardığı danışıqların regionu daha təhlükəsiz etməsini, DQ münaqişəsinin həllinə təsir vasitəsini, həmçinin Avropa Birliyinin dəstəyi ilə insan haqları, ifadə azadlığı, sərbəst toplaşma sahəsində demokratik islahatların həyata keçirilməsini nəzərdə tuturdu. İlk dəfə olaraq AP Ermənistanın DQ ətrafındakı rayonları işğaldan azad etməsini, həm hərbi kontingentin, həm də qanunsuz məskunlaşdırılmış şəxsləri çıxarmasını AS imzalanması üçün bu ölkə qarşısında şərt kimi irəli sürdü. Qeyd edildi ki, işğal edilmiş ərazilərdən çıxmayanadək,qaçqınlar öz doğma torpaqlarına qayıtmayana qədərAİ-nin ŞT çərçivəsində Azərbaycan və Ermənistanla assosiasiya haqqında saziş imzalanmayacaqdır. Sənəddə bir dövlətin ərazisinin digər dövlət tərəfindən işğalı faktının və beynəlxalq prinsiplərin pozulmasının Aİ-nin mehriban qonşuluq siyasətinin əsas prinsiplərinə zidd olduğu və ŞT-ə zərbə vurduğu göstərilirdi. Aİ, eyni zamanda regionda hərbi güclə bağlı çağırışlardan, xüsusilə də Azərbaycanın yüksək hərbi xərclərindən narahatlığını ifadə edərək ATƏT-ə üzv ölkələrin Azərbaycan və Ermənistanı silah və hərbi ehtiyatlarla təchizini dayandırmağa çağırdı. AP Ermənistan çağırışçılarının Qarabağa hərbi xidmətə göndərilməsini dayandırmağı tövsiyə etdi və Azərbaycanın işğal altındakı ərazilərində qanunsuz məskunlaşmaya dair narahatlıq doğuran faktlarla bağlı Aİ strukturlarını araşdırma aparmağa çağırdı [17,21.04.2012]. 2013-cü ildə avqustun 24-də "Azərbaycan Respublikası qanunvericiliyinin Aİ qanunvericiliyinə uyğunlaşdırılması üzrə 2013-2014-cü illər üçün Tədbirlər Planı" qəbul edildi [1].
2013-cü ildə noyabr ayında Litvanın paytaxtı Vilnüsdə ŞT-nın növbəti Zirvə görüşü keçirildi. Sammitin Bəyannaməsində son iki il ərzində ŞT çərçivəsində viza rejiminin sadələşdirilməsi, nəqliyyat, enerji, təhsil və gənclər, ətraf mühit, vətəndaş cəmiyyətinin inkişafı kimi müxtəlif sahələrində böyük irəlləyişin əldə olunduğu qeyd edildi və tərəfdaş ölkələr üçün strateji cəhətdən vacib olan əməkdaşlıq əlaqələrinin bundan sonra da davam etdiriləcəyi vurğulandı. Demokratiyanın inkişafı, insan haqlarına hörmətin təmin olunması və hüquq sahəsində islahatların davam etdirilməsi gələcəkdə qarşıya qoyulan başlıca məqsədlər elan edildi. Enerji təhlükəsizliyinin qarşılıqlı qaydada gücləndirilməsi, qarşılıqlı enerji əlaqələrinin yenidən təşkil olunması və şərq tərəfdaşlarının tədricən Aİ-nin enerji bazarına inteqrasiya olunmasına dairqərar qəbul olundu. Diqqət mərkəzində duran məsələlərdən biri ilk növbədə müvafiq ölkələrlə AS-lərinin həyata keçirilməsi və sadələşdirilmiş viza rejiminin təmin olunması idi [16,29.11.2013]. Sammit çərçivəsində noyabrın 29-da Aİ ilə Azərbaycan arasında viza rejiminin sadələşdirilməsinə dair saziş imzalandı [18]. Sazişin qüvvəyə minməsi üçün redmissiya haqqında sazişin imzalanması tələb olunurdu. 2014-cü ildə fevralın 28-də Brüsseldə Aİ və Azərbaycan arasında qeyri-leqal miqrantların, o cümlədən üçüncü ölkələrdən gələnlərin qaytarılması üzrə qarşılıqlı öhdəlikləri nəzərdə tutan readmissiya haqqında saziş imzalandı [19].
Enerjiyə tələbatın böyük hissəsini məhdud sayda ölkələrdən idxal etməyi planlaşdıran Aİ, bu ölkələrdə sabitliyin və təhlükəsizlyin təmin olunmasında və birlik daxilində daha güclü qarşılıqlı əlaqələrə malik unifikasiya olunmuş enerji bazarının yaranmasında maraqlıdır. Bu baxımdan Aİ-nin Azərbaycanla əməkdaşlığının mühüm sahələrindən birini də enerji təhlükəsizliyi sahəsində əməkdaşlıq təşkil edir. Azərbaycan 1996-cı ildən Aİ-nin regional əməkdaşlıq kontekstində enerji dialoqu olan INOGATE proqramında iştirak edir və onun həyata keçirdiyi 69 layihədən faydalanmışdır [11]. 2004-cü ilə qədər INOGATE proqramının fəaliyyəti ancaq neft-qaz sektorunda texniki məsələrə aid idi [20]. 2004-cü ildə noyabrın 13-də Bakıda tərəfdaş dövlətlərin enerji nazirlərinin konfransında INOGATE proqramının inkişafında mühüm addım atıldı və onun səlahiyyətləri genişləndirildi. Aİ, Qara dəniz ölkələri və Xəzər dənizi hövzəsi dövlətləri arasında enerji sahəsində əməkdaşlığın genişləndirilməsinə yönələn daha geniş siyasi dialoqun əsası qoyuldu və bu proses “Bakı təşəbbüsü” adlanmağa başladı [20]. 2006-cı ildə Qazaxıstanın Astana şəhərində enerji nazirlərinin 2-ci konfransında INOGATE proqramının fəaliyyəti genişləndirildi.Enerji dialoqu çərçivəsində əməkdaşlığın davamı olaraq 2006-cı ildə noyabrın 7-də Azərbaycan Respublikasının Prezidenti Brüsseldə “Avropa İttifaqı və Azərbaycan Respublikası arasında Enerji üzrə Strateji Əməkdaşlığa dair Anlaşma Memorandumunu” imzaladı. Memorandum dörd sahəni əhatə edirdi: 1) Azərbaycan qanunvericiliyinin Aİ-nin qanunvericiliyinə uyğunlaşdırılması; 2) Azərbaycan və Xəzərdən Aİ-yə enerji təchizatının təhlükəsizliyinin artırılması; 3) Azərbaycanda müfəssəl enerji idarəetmə siyasətinin işlənilməsi, o cümlədən bərpa olunan enerji inkişafı və 4) Texniki mübadilə və əməkdaşlıq [1]. 2011-ci il yanvarın 14-də Avropa Komissiyasının sədri Xose Manuel Barrozunun Bakıya rəsmi səfəri zamanı enerji sahəsində əməkdaşlığın davamı olaraq Azərbaycan Respublikası və Avropa İttifaqı arasında “Cənub qaz dəhlizi haqqında Birgə Bəyannamə” imzalandı[15,14.01.2011]. 2013-cü ilin yayında "Şahdəniz" Konsorsiumu Azərbaycan qazını Avropaya nəql edəcək layihə kimi Trans-Adriatik Qaz Kəmərini (TAP) seçdi. Cənubi Qafqaz Qaz Kəmərinin (Bakı-Tbilisi-Ərzurum) və Trans-Anadolu Qaz Kəmərinin davamı olanTAP layihəsi "Şahdəniz-2" yatağındakı qazın Yunanıstan və Albaniya vasitəsilə, Adriatik dənizi ilə İtaliyanın cənubuna, oradan da Qərbi Avropaya nəqlini nəzərdə tutur[4].
Aİ-nın həyata keçirdiyi təhlükəsizlik siyasəti bir tərəfdən qlobal miqyasda, digər tərəfdən Avro-Atlantika məkanında təhlükəsizliyin təmin olunmasına yönələn siyasət kimi çıxış edir. Müasir dövrün təhlükəsizlik təhdidləri qlobal xarakter daşıdığından əməkdaşlıq və tərəfdaşlıq sabitliyin təmin olunmasının ən mühüm tələbinə çevrilmişdir. Bu baxımdan Azərbaycanın inteqrasiya və təhlükəsizlik sahəsində böyük tarixi təcrübəyə malik Aİ ilə tərəfdaşlıq əlaqələri Cənubi Qafqaz regionunda, bütövlükdə Avropada sabitliyin, təhlükəsizliyin qorunub saxlanılmasında və rifahın təmin olunmasında mühüm əhəmiyyətə malikdir. Azərbaycan Respublikası beynəlxalq sülhün və sabitliyin qorunub saxlanılmasına yönəlmiş birgə tədbirlərdə iştirak etməklə beynəlxalq və regional təhlükəsizliyə töhfə vermək üçün davamlı səylər göstərir [2].

 


İSTİFADƏ OLUNMUŞ ƏDƏBİYYAT.

1. Azərbaycan Respublikasının Avropa İttifaqı ilə əlaqələrinin hüquqi çərçivəsi. Yenilənib 30.06.2014: http://www.economy.gov.az/index.php?option=com_content&view=article&id=1038&Itemid=183&lang=az. Müraciət tarixi 15.07. 2014.
2. Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Konsepsiyası. http://www.mns.gov.az/img/3766779-5me02.%20Milli_Tehlukesizlik_Konsepsiyasi.pdf: Müraciət tarixi 12.05.2012.
3. Məmmədov Elşən. Azərbaycan və Avropa İttifaqı: sülh və rifah naminə əməkdaşlıq. http://www.azerinfo.eu/old/ga/index.php?option=com_content&view=article&id=285:azrbaycan-v-avropa-ttifaq-suelh-v-rifah-namin-mkdalq&catid=1:latest-news. Copyright 2009.
4. TAP layihəsi: Azərbaycan dünya miqyaslı qaz ixracatçısına çevrilir. 02.07.2013; http://sia.az/ru/news/world/354624-tap-layihesi-azerbaycan-dunya-miqyasli-qaz-ixracatcisina-cevrilir, Müraciət tarixi 18.08.2013.
5. Ayna qəzeti
6. Azərbaycan 1 mart 2000
7. Xalq qəzeti 17 mart 1992
8. Eвропейская стратегия безопасности. Безопасная Европа в лучшем мире. Люксембург: Бюро официальных публикаций Европейских Сообществ. 2009. www.consilium.europa.eu. Müraciət tarixi20.05.2012.
9. Отчет о внедрении европейской Стратегии безопасности.www.consilium.europa.eu/uedocs/cms_data/.../QC7809568RUC.pdf.Müraciət tarixi 23.06.2014.
10. Partnership and Cooperation Agreement. http://www.eeas.europa.eu/azerbaijan/index_en.htm. Müraciət tarixi 24.06.2014.
11. INOGATE & Азербайджан. http://inogate-tag.org/inogate/country.php?lang=ru&id=2. Müraciət tarixi23.06.2014.
12. European Neighbourhood Policy. http://eeas.europa.eu/delegations/azerbaijan/what_eu/neighbourhood_policy_eastern_partnership/index_az.htm. Müraciət tarixi 10.07.2014.
13. Tacis programme (2000-2006). http://europa.eu/legislation_summaries/external_relations/relations_with_third_countries/eastern_europe_and_central_asia/r17003_en.htm. 21.02.2007; Müraciət tarixi 21.01.2012.
14. http://www.amerikaninsesi.org/content/a-56-aze-avropaittifaqiazerbqonsuluq-88618242/704816.html. 18.07.2007; Müraciət tarixi 10.07.2014.
15. http://www.yeniazerbaycan.com/Arxiv_e5436_az.html. 06.11.2010; Müraciət tarixi 21.09.2013.
16. http://az.trend.az/news/politics/1894147.html. 20.06.2011; Müraciət tarixi 07.07.2014.
17. http://musavat.com/news/kivdf-layihələri/AVROPA-PARLAMENTİNDƏN-ERMƏNİSTANA-YUMRUQ-KİMİ-ZƏRBƏ_122239.html?welcome=1/, 21.04.2012; Müraciət tarixi 24.06.2014.
18. http://www.zaman.az/az/newsDetail_getNewsById.action?newsId=53825), 30.11.2013.
19. http://contact.az/docs/2014/Politics/022800070916az.htm. 28.02.2014; Müraciət tarixi 26.06.2014.
20. http://inogate-tag.org/inogate/docs_policy.php?lang=ru. Müraciət tarixi08.07.2014.
21. http://inogate-tag.org/inogate/about.php?lang=ru&id=5. Müraciət tarixi23.06.2014.
22. http://fnpr.org.ru/global/evrosoyuz-prinyal-byudzhet-na-2013-god/. Müraciət tarixi24.09.2013.
23. http://www.bbc.com/news/world-europe-20664167. 10.12. 2012; Müraciət tarixi 24.09.2014.

Geostrategiya" jurnalı № 04 (28)  İYUL-AVQUST 2015


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM