Bipolyar sistemin süqutundan sonra beynəlxalq münasibətlər sisteminin transformasiyası və təhlükəsizlik məsələləri

10:28 / 27.11.2015

Şəhla Əhmədova, 
Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondu Aparatının Beynəlxalq münasibətlər və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri

Dünya kommunist düşərgəsinin tarixə qovuşması, bununla paralel olaraq, bipolyar dünya nizamının süquta uğraması beynəlxalq münasibətlərin onilliklər ərzində formalaşmış əsaslarının transformasiyasına gətirib çıxardı. Əvvəllər dünya birliyinin böyük hissəsi üçün qapalı olan, eyni zamanda ya zəngin təbii ehtiyatları ilə seçilən, ya da əlverişli coğrafi mövqedə yerləşən regionların (Cənubi Qafqaz, Mərkəzi Asiya, Balkanlar, Baltikyanı ölkələr) sərhədlərinin açılması sonda ciddi geosiyasi dəyişikliklərin baş verməsi ilə nəticələndi. Bütün bunlar dünya siyasətinin, dövlətlərarası əlaqələrin həm formasına, həm də məzmununa ciddi təsir göstərmişdir. 
Müasir transformasiya prosesləri həm dövlətlərarası münasibətləri, həm də bütövlükdə dünyanın siyasi sistemini əhatə edir. XX əsrin son onilliklərindən başlayaraq, suveren dövlətlərin həlledici rol oynadıqları ənənəvi, ümumilikdə Vestfal sistemi kimi xarakterizə edilən beynəlxalq siyasi sistemin erroziyaya uğraması, haqqında söhbət gedən transformasiya proseslərinin bilavasitə təzahürü idi. 
Yeni reallıqlarda baş verən transformasiya prosesləri, ilk növbədə dünya siyasətinin vektorlarının dəyişməsi ilə xarakterizə olunur. Ənənəvi Şərq-Qərb qarşıdurması arxa plana keçərək, öz yerini Şimal-Cənub qarşıdurmasına vermişdir. Bu, vektorların istiqamətinin mexaniki olaraq dəyişməsi deyil, eyni zamanda keyfiyyət dəyişiklikləri ilə müşayiət olunan bir prosesdir. Belə ki, bipolyar dünyada Şərq ilə Qərb arasında ideoloji fərqlərdən qaynaqlanan, sistem xarakteri daşıyan, hərbi-siyasi elementlərin kifayət qədər fəal olduğu ziddiyyət və qarşıdurma mövcud idi. Bu zaman hər iki cəbhəyə daxil olan ölkələri öz ətrafında birləşdirən güc mərkəzləri (SSRİ və ABŞ) də mövcud idi. 
Şimal-Cənub qarşıdurması həm mahiyyət, həm də struktur baxımından fərqlidir. Mübarizə, hər şeydən əvvəl, varlı, elmi-texnoloji cəhətdən irəli getmiş Şimalla, nisbətən kasıb, sosial-iqtisadi, elmi-texnoloji inkişaf indeksinin çox da yüksək olmadığı, müxtəlif cür təsniflənən münaqişələrin məngənəsində sıxılan Cənub arasında gedir. Bu mübarizə həm də asimmetrik xarakter daşıyır. Belə ki, cəbhənin bir tərəfində dünyanın hegemon dövləti olan ABŞ-ın yer aldığı, strukturlaşmış, üzvlərinin kifayət qədər inteqrasiya olunduğu, vahid siyasi müstəvidən çıxış etdiyi Avropa İttifaqı kimi təşkilatın formalaşdığı, təhlükəsizliyinin NATO kimi hərbi-siyasi təşkilat tərəfindən qorunduğu Şimal, digər tərəfində isə, etnik və dini cəhətdən pərakəndə olan, silahlı münaqişələr və terrorun geniş yayıldığı, siyasi və iqtisadi ineqrasiya proseslərinin son dərəcə zəif olduğu Cənub durur.
Cənub ölkələrinin bir hissəsində, xüsusilə Afrika ölkələrində deqredasiya proseslərinin sürətlə getdiyi bildirilir. Ekspert qiymətləndirmələrinə görə, “boz zona”, “qara dəlik”, “sivilizasiyanı boğan yeni barbarlıq” kimi adlandırılan Afrikanın 50 ölkəsindən 40-ı “dünya andeqraundunu” təşkil edir və dünya informasiya vasitələri bu ölkələr haqqında susmağa üstünlük verirlər [3, səh. 191]. 
Qeyd olunanlarla yanaşı, hər iki cəbhənin daxilində də beynəlxalq münasibətlərin inkişaf tendensiyalarına təsir göstərə biləcək müəyyən proseslər cərəyan edir. Şimalda bir tərəfdə Avropa İttifaqının, digər tərəfdə ABŞ-ın durduğu, bir-biri ilə rəqabət aparan iki güc mərkəzinin mövcudluğu şübhə doğurmur, lakin bu rəqabət “məqsədli nigah” çərçivəsindən kənara çıxmamış [3, səh. 192], yəni açıq qarşıdurma müstəvisinə keçməmişdir. 
Cənub düşərgəsində isə “Yeni Şərq” ölkələri (Çin və Yaponiyanın öndə getdiyi Asiya-Sakit okean regionu ölkələri) getdikcə daha çox irəli çıxır, Rusiya başda olmaqla MDB ölkələri isə dünya siyasətinin periferiyasına yuvarlanırlar [3, səh. 191-192]. 
Ümumiyyətlə, XXI əsrdə dünyanın inkişaf oxunun Şimali Atlantikadan Sakit okean istiqamətində dəyişəcəyi proqnozlaşdırılır. Bu proqnozun reallaşması üçün kifayət qədər əsas da vardır. Dünya əhalisinin 40 %-dən çoxunun yaşadığı Asiya-Sakit okean regionu dünya üzrə ümumi daxili məhsulun təxminən 50 %-nə malikdir [5, səh. 91].
Bipolyar sistemin çökməsindən sonra dünyada müşahidə olunan transformasiya proseslərinin bir hissəsi Cənubun əhəmiyyətli hissəsini təşkil edən, Azərbaycanın da daxil olduğu müsəlman ölkələrində nəzərə çarpan oyanışla, eyni zamanda bu ölkələrə nəzarət uğrunda mübarizənin kəskinləşməsi ilə bağlıdır. Bu səbəbdən də, istər Şimal ölkələri, istərsə də Cənubun aparıcı ölkələri müsəlman dünyası uğrunda sərt mübarizəyə girişmişlər. Bu gün Orta və Yaxın Şərqdə, Şimali Afrikada baş verən dağıdıcı, faciəli hadisələrin səbəblərini də bu mübarizədə axtarmaq lazımdır. 
Dünyada ABŞ hegemonluğunun apologetlərindən olan Z. Bjezinskinin fikirlərinə görə müasir dövrdə çox şey Amerikanın islam dünyasındakı etimadını bərpa etməyə qadir olub-olmamasından asılıdır. Əgər ABŞ bu şansı əldən versə, müsəlman dünyasında onun yerini, Rusiya, İran və Pakistanla yaxşı münasibətlər qurmağa nail olmuş Çin tutacaq [4]. Şübhəsiz ki, Z. Bjezinskinin fikirlərini birmənalı qəbul etmək olmaz, lakin inkar edilməsi çətin olan məqam ondan ibarətdir ki, proseslərə getdikcə daha çox ölkənin cəlb edilməsi, bir tərəfdən, Şimal-Cənub dixotomiyasının dayanaqlığını zəiflədir, digər tərəfdən isə, proqnozlaşdırılması çətin olan proseslərin meydana gəlməsini şərtləndirir. M. Nikolsonun sözləri ilə desək, “iştirakçılarının sayı, tərkib müxtəlifliyi az olan sistemlərdə qayda-qanun daha çox olur, belə sistemdə baş verən hadisələrin nəticələrini görmək xüsusi çətinlik törətmir. Sistemin yeni iştirakçılar hesabına genişlənməsi isə planlı və səmərəli fəaliyyət həyata keçirmək prosesini çətinləşdirir” [12, səh. 57]. 
Transformasiyaya uğrayan müasir dünyanın üzləşdiyi məqamlardan biri də beynəlxalq münasibətlər sisteminə daxil olan aktorların sayının artması ilə bağlıdır. Söhbət ənənəvi aktorlar olan dövlət və dövlətlərarası institutlarla yanaşı, transmilli korporasiyalar, qeyri-hökumət təşkilatları, müxtəlif assosiasiyalar, mafioz strukturların da yer aldığı sabit qruplar, təşkilatlanmamış şəkildə fəaliyyət göstərən fərdlərdən gedir [12, səh. 57]. Beynəlxalq sistemin funksional qabiliyyətinin saxlanılmasında yeni aktorların rolu getdikcə artır və hadisələri şərh edərkən, onların fəaliyyətini nəzərə almamaq mümkün deyildir. 
Qeyri-dövlət aktorlar istər forma-struktur baxımından, istərsə də funksional cəhətdən kifayət qədər rəngarəngdir və bir-birindən köklü şəkildə fərqlənirlər. Buna baxmayaraq, onları ümumiləşdirən bir cəhət mövcuddur ki, bu da dövlət siyasətinə, beynəlxalq münasibətlərə bu və ya digər dərəcədə təsir göstərmək imkanına malik olmalarıdır. 
Müasir dövrdə müəyyən sferaya aid olan informasiya-analitik məlumatları əldə edən qeyri-dövlət strukturlarının siyasi aktorlar kimi çıxış etməsi hallarına rast gəlinir. Məsələn, qeyri-dövlət kommersiya strukturu olan “Goldman Sachs”ın analitiki C.O.Neyl tərəfindən 2001-ci ildə yüksək templə inkişaf etməkdə olan ölkələr qrupu müəyyənləşdirilmişdi və bu qrupa Braziliya, Rusiya, Hindistan və Çin aid edilmişdi. Məhz bu analitik informasiyanın işıq üzü görməsindən sonra qeyd olunan ölkələr öz fəaliyyətlərini əlaqələndirməyə başladılar və sonda onlar Cənubi Afrika Respublikasını da dəvət etməklə, BRİCS adlı qruplaşma yaratdılar. Deməli, “Goldman Sachs” bu halda dövlətlərarası birlik yaradan siyasi aktor kimi çıxış etmişdir [6, səh. 40]. 
Beynəlxalq münasibətlər sisteminin kifayət qədər fəal elementinə çevrilmiş transmilli korporasiyalar, demək olar ki, dövlətin bir çox funksiyalarını mənimsəmiş, lakin özləri “səhnə arxasında” yer almışlar. M.M. Lebedevanın qeyd etdiyi kimi, “...dünya siyasətini “hazırlayan”, onun inkişaf istiqamətlərini müəyyənləşdirən transmilli aktorların özləri faktiki olaraq, diqqət mərkəzindən kənarda qalırlar” [7, səh. 43]. 
Təhlükəsizlik məsələləri əvvəllər dövlətlərin və onların iştirak etdikləri beynəlxalq təşkilatların səlahiyyət dairəsinə daxil idisə, hal-hazırda transmilli korporasiyalar bu həssas məsələdə söz sahibləridir. Bu gün “təhlükəsizlik sahəsində şəxsi biznes hərbi əməliyyatların dəstəklənməsi, hərbi işin öyrədilməsi, hərbi məsələlər üzrə məsləhətlərin verilməsi, məlumatlar toplanması (kəşfiyyatla), yüklərin müşayiət olunması, mühafizə funksiyaları, humanitar yüklərin münaqişə zonalarına çatdırılması (hərbi müşayiət) ilə məşğul olur” [7, səh. 48]. Onlar fəaliyyətlərində qanuni yollarla (parlamentdə qanunvericilik prosesində lobbiçilik etmək və s.) yanaşı, korrupsiya kimi qeyri-qanuni yollardan da istifadə edirlər [7, səh. 50]. 
S.A. Afontsev dünya təsərrüfat prosesini tənzimləyən qərarların qəbulunda transmilli korporasiyaların iştirakına toxunaraq, bu sahədə dilemmanın yarandığını qeyd edir. Birincisi, transmilli korporasiyalar qərar qəbul edən subyektlərlə qarşılıqlı əlaqə yaratmaqla, öz maraqlarını qorumaq qabiliyyətindədirlər və bu maraqlar sıravi vətəndaşların maraqlarını məhdud səviyyədə əks etdirir. İkincisi, beynəlxalq qeyri-hökumət təşkilatları və sosial hərəkatlar ümumi maraqlar ətrafında birləşən insanların səylərini səfərbər etmək qabiliyyətində olsalar da, bu maraqları konkret qərarlara çevirməkdə transmilli korporasiyalara uduzurlar. Transmilli korporasiyaların beynəlxalq münasibətlərdə rolunun artmasına şərait yaradan amillərdən biri, kommunizmin iflasından sonra inkişaf etməkdə olan ölkələrin çoxunun xarici investisiyaları məhdudlaşdırmaq deyil, onları daha iri miqyasda cəlb etmək yolunu tutmaları ilə bağlıdır. Bu yolla transmilli korporasiyaların siyasi təsirinin genişlənməsi beynəlxalq siyasətin digər subyektlərinin, ilk növbədə dövlətlərin narahatlığına səbəb olur [2, səh. 7]. Şübhəsiz ki, bu narahatlıq proseslərin istiqamətini dəyişmək iqtidarında deyil, bu da yuxarda qeyd olunan dilemmanın transmilli korporasiyaların xeyrinə həll olunacağını söyləməyə imkan verir. 
İkinci dünya müharibəsindən sonra beynəlxalq təşkilatlar dünya siyasətinin vacib iştirakçılarına çevrilsələr də, “soyuq müharibə”dən sonrakı dövrdə onlar aparıcı aktorlardan biri kimi beynəlxalq sistemdə yer aldılar. Bu, həm beynəlxalq təşkilatların sayının artmasında, həm də onların fəaliyyət miqyasının genişlənməsində özünü göstərir. 1960-cı ildə dünyada 154 beynəlxalq hökumətlərarası, 1268 beynəlxalq qeyri-hökumət təşkilatı vardısa, 1996-cı ildə birincilərin sayı 224-ə, ikincilərin sayı isə 12961-ə çatmışdı [11, səh. 72]. Bu rəqəmlər bir daha dünya siyasətində qeyri-dövlət strukturlarının rolunun artdığını göstərir. Belə ki, qeyd olunan illərdə dövlətlərlə bağlı olan hökumətlərarası beynəlxalq təşkilatların sayı təxminən 70 % artdığı halda, beynəlxalq qeyri-hökumət təşkilatlarının sayı 9,5 dəfədən çox artmışdı. Bu da, transmilli korporasiyalarla yanaşı, beynəlxalq qeyri-hökumət təşkilatlarının da beynəlxalq arenada dövlətlərin fəaliyyət dairəsini getdikcə daraltdığını göstərir.
2000-ci ildə dünyada artıq 45674 beynəlxalq qeyri-hökumət təşkilatı mövcud idi [10, səh. 50]. Beynəlxalq təşkilatların sayının artmasında və mövqelərinin möhkəmlənməsində müstəqil, lakin nisbətən zəif inkişaf etmiş dövlətlərin rolu böyükdür. Belə ki, beynəlxalq hüququn subyekti olan bu dövlətlər özlərini iri dövlətlərin təzyiqlərindən qorumaq üçün müəyyən birliklər yaradır, qüvvələrini birləşdirirlər. “Beynəlxalq təşkilatlar kiçik dövlətlər üçün institusional formalar yaradır”, onlar öz maraqlarını müdafiə etmək üçün xüsusi birliklərdə birləşirlər [11, səh. 74]. Getdikcə genişlənməkdə olan qloballaşma prosesi beynəlxalq təşkilatların rolunun artmasına da müsbət təsir göstərir. Belə ki, həyatın müxtəlif sahələrində qarşılıqlı asılılığın durmadan dərinləşməsi, dövlətlərin xarici siyasətinin də bir-birindən asılı vəziyyətə düşməsini şərtləndirir və nəticədə yeni-yeni regional və ya beynəlxalq, universal və ya ixtisaslaşdırılmış təşkilatlar meydana gəlir. 
XXI əsrin əvvəllərində beynəlxalq qeyri-hökumət təşkilatlarının fəaliyyət istiqamətləri kifayət qədər genişlənmişdir. Müasir dövrdə beynəlxalq qeyri-hökumət təşkilatları dövlətləri və hökumətləri nəzarətdə saxlamağa, onların fəaliyyətini bu və ya digər istiqamətdə yönəltməyə qadir olan strukturlara çevrilmişlər. Bir məqamı da “unutmaq olmaz ki, qeyri-hökumət təşkilatlarının çoxu öz strukturlarına görə demokratik deyil, həddindən artıq bürokratiyalaşmışlar, onlar azlıq təşkil edən, lakin real fəaliyyət göstərənlərə və çoxluğu təşkil edən, lakin passiv olan sadə üzvlərə bölünürlər. Bu təşkilatlar heç də həmişə işlədikləri ölkənin qanunverici sisteminə üzvi surətdə qoşulmurlar [10, səh. 52]. 
Transmilli qeyri-dövlət aktorları siyasətə təsir etmək üçün geniş imkanlara malik olmalarına baxmayaraq, onların özləri də kənar aktorların təsirinə məruz qalırlar və nəticədə müxtəlif əməkdaşlıq formatları (dövlət-biznes, dövlət-qeyri-hökumət təşkilatları, qeyri-hökumət təşkilatları-biznes və s.) meydana gəlir. Eyni zamanda, təhlükəsizlik məsələlərinin həllinə şəxsi hərbi şirkətlərin nümayəndələri cəlb olunur. Məsələn, 2003-cü il İraq müharibəsi zamanı hərbi əməliyyatlara cəlb olunmuş hər on ABŞ hərbçisindən biri təhlükəsizlik üzrə şəxsi şirkətlərin nümayəndəsi olmuşdur. Sonuncular logistika, şəxsi heyətin təlimi və s. məsələlərlə məşğul olurdular [6, səh. 41]. Bütün bunlar sistem daxilində dövlət və qeyri-dövlət aktorlar arasında sərhədlərin aradan qalxmasına şərait yaradır, dövlətin bizneslə, qeyri-dövlət strukturların isə siyasətlə məşğul olmaları adi hala çevrilir. 
Beynəlxalq münasibətlərin transformasiyası sülhə və təhlükəsizliyə olan təhdid və təhlükələrin də xarakterinin dəyişməsinə səbəb olmuşdur. Hal-hazırda kütləvi qırğın silahları və terrorizmlə bağlı məsələlər geniş müzakirə olunan problemlərdəndir. Beynəlxalq təhlükəsizlik sahəsində narahatlıq doğuran məsələlər sırasında, keçmiş kommunist ölkələrində fəaliyyət göstərmiş və kütləvi qırğın silahları üzrə yüksək səviyyəli mütəxəssislər olan insanların bir hissəsinin hal-hazırda nəzarətdən kənarda qalmaları, onların müəyyən problemlərlə, o cümlədən ağır maddi durumla üzləşmələri ilə bağlıdır. Bu insanların cinayətkar qrupların cənginə düşməyəcəklərinə heç bir təminat yoxdur. 
Günahsız insanların məhv edilməsinə, dağıntılar törədilməsinə gətirib çıxaran terrorçuluqla mübarizə həmişə aktual olaraq qalmışdır, lakin son dövrlərdə bu cinayət növünün forma və məzmunu da ciddi transformasiyaya uğramışdır. Əvvəlki dövrlərdə terror daha çox ölkədaxili və konkret fərdlər və ya qruplar tərəfindən həyata keçirilən və lokal xarakterli hadisə idisə, “soyuq müharibə”dən sonrakı dövrdə o, beynəlxalq və transmilli xarakter alan, güclü silah və maliyyə bazasına söykənən, informasiya mənbələrinə çıxış əldə edən, hətta bəzi ölkələrin dövət orqanları ilə əlaqə yaratmağa nail olan strukturlaşmış şəbəkənin fəaliyyət növünə çevrilmişdir. 
Qeyd etmək lazımdır ki, forma və struktur cəhətdən ciddi transformasiyaya məruz qalan müasir terrorizmin səbəbləri sırasında, qloballaşma şəraitində daha da dərinləşən qeyri-bərabərlik, diskriminasiya halları xüsusi yer tutur. Fraqmentarizmin əksi olan qloballaşma mədəni ekspansiyanın daha sürətlə reallaşmasını, millətçiliyin özünümüdafiə formasında meydana gəlməsini şərtləndirir. Müasir terrorizm daha çox dünya ölkələrinin qeyri-bərabər inkişafı, qlobalizmin apologetləri olan qərb dövlətlərinin bu prosesi daha çox öz maraqları istiqamətinə yönəltmələri, digərlərinin isə, buna cavab vermək cəhdləri ilə bağlıdır. Bütün bunlara baxmayaraq, problemlərin həlli naminə terror aktları törətmək, qorxu mühiti yaratmaq, günahsız insanları öldürmək bir tərəfdən, qeyri-humanist, ədalətsiz bir addımdır, digər tərəfdən isə, ümumi sülhün və sabitliyin yaradılması yolunda ciddi maneədir. Terrorizmə beynəlxalq səviyyədə ədalətli mövqe sərgiləmək, səyləri birləşdirmək yolu ilə nail olmaq mümkündür. Ümummilli lider Heydər Əliyevin qeyd etdiyi kimi, “Müasir dövrdə terrorçuluq bütün ölkələri hədəfə çevirə biləcəyi üçün qlobal problemdir. Terrorçuluq təhlükəsinin tamamilə aradan qaldırılması və gələcəkdə heç bir xalqın, heç bir dövlətin belə dəhşətli sınaqlara və sarsıntılara məruz qalmaması üçün beynəlxalq ictimaiyyət, bütün dünya xalqları və dövlətləri səylərini birləşdirməli, terrorçuluğa qarşı barışmaz mübarizə əzmini əməli işdə və sıx əməkdaşlıqda sübuta yetirməlidirlər” [1, səh. 59-60]. 
Müasir dövrdə baş verən transformasiya proseslərinin nəticələrindən biri də beynəlxalq münasibətlərdə sosial-siyasi və humanitar sferanın əhəmiyyətinin son dərəcə artmasıdır. Müxtəlif dairələrdə “strateji mədəniyyət” anlayışından getdikcə daha çox istifadə olunur. “Strateji mədəniyyət – dünya arenasında qəbul olunmanın və davranışın sabit modelidir. Xarici dünyada ondan adekvat və səmərəli istifadə digərlərinə siyasi təsir göstərmək imkanı verir” [8, səh. 102]. 
Tədqiqatçılar ABŞ kütləvi mədəniyyətini “yumşaq güc” aləti kimi nəzərdən keçirirlər. M.M. Lebedeva R. Berqer və S. Hantinqtona istinad edərək qeyd edir ki, kütləvi mədəniyyət biznes mədəniyyəti, intellektual elitanın mədəniyyəti və dini istiqamətlərlə yanaşı, qloballaşmanın yayılmasını, bununla da təsirin yayılmasını təmin edir. Müəllif bildirir ki, ABŞ son illərdə təkcə dövlət strukturları vasitəsilə deyil, həm də, “people-to-people” modelindən istifadə edərək başqa ölkələrin vətəndaşlarına bilavasitə təsir göstərilməsinə daha çox diqqət yetirir [8, səh. 101]. Həqiqətən də, insanların dünyagörüşünü, ənənəvi davranış qaydalarını, mental düşüncə tərzlərini dəyişməklə onların siyasi baxışlarının, siyasi davranışlarının transformasiyasına təsir göstərmək mümkündür və bu sahədə istifadə olunan texnologiyaların getdikcə təkmilləşməsi bu işi daha da asanlaşdırır. 
Fransız alimi E. Todd qeyd edir ki, ABŞ 2001-ci il 11 sentyabr hadisələrindən sonra “Əl-Qaidə”ni yer üzündəki şərin mənbəyi kimi göstərməklə, permanent müharibə vəziyyətini planet miqyasında institusionallaşdırdı. Bu müharibənin məqsədi isə dünya resursları üzərində siyasi nəzarətin qoyulmasından ibarətdir [9]. Ümumiyyətlə, aparıcı güc mərkəzlərinin resurslar uğrunda mübarizəsi beynəlxalq münasibətlərdə müşahidə olunan istənilən transformasiyanın əsasında durur. 
Müasir təhlükəsizlik məsələləri insan hüquq və azadlıqlarının qorunması problemi ilə də bağlıdır. 
“Soyuq müharibə”dən sonrakı dövrdə insan haqlarının institusional səviyyədə müdafiəsi kifayət qədər geniş miqyasda həyata keçirilir. 1948-ci ildə BMT Baş Assambleyası İnsan Haqları Bəyannaməsini qəbul etdi. İnsan haqlarının müdafiəsinə yönələn, beynəlxalq və regional xarakter daşıyan sənədlər sonrakı onilliklərdə də meydana gəlmiş, bu sahədə hüquqi bazanın təkmilləşdirilməsi həyata keçirilmişdi. İnsan haqlarının universal xarakter daşıdığının bəyan olunmasına baxmayaraq, Şərq-Qərb qarşıdurması illərində bu məsələ son dərəcə ideologiyalaşdırılmış və siyasi mübarizə vasitəsinə çevrilmişdi. 
Postkommunist mərhələdə insan haqları ilə bağlı məsələlər müəyyən transformasiyaya məruz qalmışdır. Hər şeydən əvvəl, insan haqları məsələsi beynəlxalq münasibətlərə, dövlətlərarası əlaqələrə təsir göstərən bir faktora çevrilmişdir. İnsan haqları və azadlıqlarına əməl olunması bir öhdəlik kimi dövlətlər qarşısında qoyulur və bu öhdəliklərin nə dərəcədə yerinə yetirilməsi sonuncuların ətraf dünya ilə ikitərəfli və çoxtərəfli münasibətlərində müəyyən qədər özünü göstərir. Buna baxmayaraq, insan haqları məsələsinə ikili yanaşma müasir dövrdə də aradan qalxmamışdır. Yəni, dünyanın hegemon dövlətləri tərəfindən insan haqları məsələsindən sui-istifadə edilməsi, digər ölkələrin daxili işlərinə qarışmaq üçün bu məsələnin daimi gündəmdə saxlanılması tez-tez rast gəlinən haldır. Məsələn, ABŞ başda olmaqla Qərb ölkələri insan haqlarının müdafiəsi adı altında Yaxın Şərq, Şimali Afrika, Balkanlar və s. regionlardakı bir sıra ölkələrə qarşı hərbi müdaxilələr həyata keçirdikləri və bu ölkələrdə “liberal”, “demokratik” cəmiyyət qurmaq istiqamətində fəaliyyətlərini davam etdirdikləri halda, Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində bir milyon nəfərdən çox azərbaycanlının qaçqın və köçkün vəziyyətinə düşməsinə, onların fundamental hüquq və azadlıqlarının pozulmasına ciddi reaksiya verilmir, təcavüzkara qarşı heç bir konkret addım atılmır. 
Terrorizmə qarşı mübarizə, müharibə və münaqişələr zamanı insan hüquq və azadlıqları məsələsinin arxa plana keçirilməsi, hərbi əsir və girovlarla qeyri-insani rəftar və bütün bunlara qarşı adekvat reaksiyanın olmaması beynəlxalq hüquq norma və prinsiplərinin, xüsusilə də beynəlxalq humanitar hüququn böhran mərhələsində olduğunu göstərir. Ermənistanın hərbi təcavüzü nəticəsində işğal olunmuş Azərbaycan torpaqlarında ermənilərin dinc azərbaycanlılara qarşı törətdikləri vəhşiliklər, 2003-cü ildə İraqı işğal edən ABŞ hərbçilərinin əsir götürdükləri və Əbu Qreyb həbsxanasında müdafiə imkanlarından tam məhrum edilmiş iraqlılar üzərində insan ləyaqətini alçaldan hərəkətlərə yol vermələri, Kuba ərazisində yerləşən və ABŞ-a məxsus Quantanamo həbsxanasında dustaqların məruz qaldıqları dözülməz işgəncələr, Çində uyğur türklərinin başına gətirilən fəlakətlər və buna oxşar digər hadisələr bu gün dünyada etiraf olunan və eyni zamanda qeyri-insani rəftara məruz qalan insanların hüquqlarının qorunmadığı hər kəsə məlum olan faktlardır. 
İnsan haqları məsələsinin ziddiyyətli xarakter daşıması, müəyyən mənada, bu problemin hüquqi tənzimləməsinin forma və məzmunu arasında olan fərqdən qaynaqlanır. Belə ki, dövlətlərarası münasibətlər onlar arasındakı hüquqi tənzimləmə prinsiplərinə aid olduğu halda, fərdi şəxslərin maraqları bu tənzimləmənin predmeti kimi çıxış edir. Bəzən dövlət maraqları bilavasitə insan hüquq və azadlıqları ilə bağlı olmur, dövlətlər bu məsələdən sadəcə təbliğat məqsədi ilə istifadə edirlər [12, səh. 54]. Bütün bunlar insan haqları məsələsinə birmənalı yanaşılmadığını, dünyada hüququn deyil, iri dövlətlərin maraqlarının üstün tutulduğunu, dünya siyasətində dini və etnik ayrı-seçkiliyin kifayət qədər geniş yer aldığını göstərir ki, bu da beynəlxalq təhlükəsizliyin təmin olunmasında böyük maneələrdən biridir. 
Yuxarıda qeyd olunanlara əsasən belə bir nəticə hasil olur ki, bipolyar sistemin süqutundan sonra dünya radikal dəyişikliklər dövrünə qədəm qoymuşdur. Beynəlxalq münasibətlər sistemində baş verən transformasiyalar dünyanın siyasi mənzərəsini əhəmiyyətli dərəcədə dəyişmiş, beynəlxalq təhlükəsizliyi sual altına qoyan təhlükə və təhdidlərin sayı xeyli artmışdır. Şimal və Cənub ölkələri arasında gərginlik daha çox Yaxın və Orta Şərqdə, Şimali Afrikada cərəyan edən proseslərdə özünü göstərir. Beynəlxalq münasibətlərin ənənəvi aktorlarının getdikcə arxa plana keçməsi, əvəzində qeyri-dövlət strukturlarının, transsərhəd xarakter daşıyan müxtəlif təşkilatların, şirkətlərin, birliklərin önə çıxması, onların bir qisminin qeyri-qanuni, cinayət tərkibli fəaliyyətlərin iştirakçısına çevrilməsi təhlükəsizlik məsələlərinə diqqətin daha da artırılmasını, kütləvi qırğın silahları üzərində beynəlxalq nəzarət mexanizminin təkmilləşdirilməsini, terrorçu şəbəkələrə qarşı səmərəli mübarizə aparmaq üçün səylərin birləşdirilməsini zərurət kimi ortaya çıxarmışdır. Müasir dövrdə strateji mədəniyyət paradiqmasının meydana gəlməsi, ABŞ kütləvi mədəniyyətini yaymaq yolu ilə digər ölkələrin cəmiyyətlərinə təsir imkanlarının genişləndirilməsi, insan haqları və azadlıqlarının müdafiəsi adı altında dövlətlərin daxili işlərinə müdaxilə cəhdlərinin artması dövlətlərarası yeni gərginlik ocaqlarının meydana gəlməsi üçün şərait yaradır.

  


Ədəbİyyat sİyahısı

1. Əliyev Heydər. Müstəqilliyimiz əbədidir. Bakı: Azərnəşr, 2011, 512 s. 
2. Афонцев С.А. Транснациональные компании и проблема глобального управления. ТНК в мировой политике и мировой экономике: проблемы, тенденции, перспективы / Отв. ред. – к.пол.н. Э.Г. Соловьев. М.: ИМЭМО РАН, 2005, 128 с.
3. Василенко И.А. Геополитика современного мира. Москва: Гардарики, 2007, 317 с.
4. Глебова Н.С. Дихотомия Север-Юг и арабский мир на современном этапе. Электронный ресурс (http://www.iimes.ru/rus/stat/2008/23-11-08.htm) 
5. Косов Ю.В. Трансформации современных международных отношений и внешняя политика государства в XXI веке // Внешняя политика: вопросы теории и практики. Материалы научного семинара. Под ред. П. А. Цыганкова. М.: КДУ, 2009, с. 90-102
6. Лебедева М.М. Акторы современной мировой политики: тренды развития // Вестник МГИМО, 2013, № 3 (28), c. 38-42.
7. Лебедева М. М. Акторы современной мировой политики: локальные действия – глобальные последствия // Материалы 4-го Конвента РАМИ Пространство и время в мировой политике и международных отношениях. В 10-ти томах. Т.1, Акторы в пространстве и времени мировой политики М.: МГИМО-РАМИ, 2007, c. 43-54.
8. Лебедева М.М. Ресурсы влияния в мировой политике // Полис. Политические исследования. 2014. № 1. c. 99-108
9. Максименко В. Родовая травма постсоветской власти. Электронный ресурс (http://www.russiandiaspora.com/analyt/a2.html).
10. Наумов А.О. Международные неправительственные организации и проблемы глобального управления. // Государственное управление. Электронный вестник Выпуск № 39. Август 2013 г. c. 49-76. Электронный ресурс 
(http://ejournal.spa.msu.ru/uploads/vestnik/2013/vipusk__39._avgust2013g./problemi_upravlenija_teoria_i_praktika/naoumov.pdf)
11. Снапковский В. Международные организации в системе международных отношений // Белорусский журнал международного права и международных отношений 2000, № 3, c. 71-77
12. Цыганков П.А. Гуманизация международных отношений: противоречия и парадоксы // Общественные науки и современность, 1998, № 1, c. 51-59

Geostrategiya" jurnalı № 05 (29)  SENTYABR-OKTYABR 2015


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM