1917-1918-ci illərdə Şimali Azərbaycanda ictimai-siyasi vəziyyət

10:17 / 04.02.2016

Vaqif Abışov

Tarix üzrə fəlsəfə doktoru

1917-ci il fevralın 27-də baş vermiş hakimiyyət çevrilişi nəticəsində Rusiya imperiyasında hakimiyyətsizliyin baş verməməsi və birinci dünya müharibəsini qələbəyədək davam etdirilməsi üçün Petroqradda Müvəqqəti hökumət qurulmuşdu. Müharibə və fevral inqilabının yaratdığı problemlərin həddindən artıq çoxluğu Müvəqqəti hökumətə Qafqazın idarə olunmasına xüsusi vaxt ayırmağına imkan vermirdi. Ona görə də II Nikolay hakimiyyətdən salındıqdan sonra, imperiyanın ucqarlarında yerli idarəetmə orqanların yaradılması zərurəti ortaya çıxmışdı. Zaqafqa-ziyada belə bir hakimiyyət forması Xüsusi Cənubi Qafqaz (Zaqafqaziya) Komitəsi olmuşdur(1, v. 37). 1917-ci il martın 9-da Müvəqqəti hökumətin sərancamı ilə Dövlət Dumasının 5 nəfər üzvündən ibarət Xüsusi Zaqafqaziya Komitəsi və onun yanında İctimai Təşkilatların İcraiyyə Komitələrinin nümayəndələrindən ibarət Ölkə Şurası yaradılmışdı(2).
Xüsusi Zaqafqaziya Komitəsinin (XCK) tərkibinə IV Dövlət Dumasının üzvləri A.Xarlamov, M.Papacanov, M.Cəfərov, K.Abaşidze və P.Pereverzev (sonradan Pereverzevin yerinə menşevik A. Çxengeli gəldi) daxil olmuşdur. Komitənin sədri A.Xarlamov seçilmişdi(3, s. 297). Adı çəkilən Komitəyə, Qafqaz cəbhəsindəki müharibə qaydalarına uyğun olaraq, Zaqafqaziya ölkəsində möhkəm qayda-qanun yaratmaq üçün Müvəqqəti hökumətin adından fəaliyyət göstərməyə icazə verilmişdi(4, s. 8).
XZK-nın Zaqafqaziya əhalisinə birinci müraciətində (1, v. 37) (müraciəti XZK-nın sədri B.Xarlamov, üzvləri M.Papacanov, M.Cəfərov, A.Çxengeli, K.Abaşidze imzalamışdılar) deyilirdi: “Əsrlərcə Rusiyanın bütün əhalisini əzən köhnə, dəhşətli rejim yıxıldı. Vilayətlərdə mülki idarəetmə orqaları yaratmaq üçün Dövlət Duması və Müvəqqəti hökumət tərəfindən 1917-ci il martın 9-da Xüsusi Zaqafqaziya Komitəsi yaradıldı”(5, s. 80).
Xüsusi Cənubi Qafqaz Komitəsi(XCQK) Qafqaz cəbhəsində rusların nəzarəti altında olan ərazilərdə qayda-qanunu qoruyub saxlamaq üçün mülki idarələr də yaratmağa başlamışdır. Bu idarə, bilavasitə, Petroqraddakı Müvəqqəti hökumətə tabe idi və mülki işləri həyata keçirməliydi. Lakin bu yeni idarəetmə orqanı elə bir qanunverici və hərbi gücə malik deyildi.
Firuz Kazımzadə “Zaqafqaziya uğrunda mübarizə...” (6) adlı əsərində XCQK yradılmasının səbəb və mahiyyətini izah edərkən yazırdı: 1. Müvəqqəti hökumətə işin çoxluğundan Cənubi Qafqaz məsələlərinə o qədər də vaxt ayırmaq imkanı olmadığından XZK-nı yaratmışdır. 2. Kollektiv canişinlik idarəetmə xarakteri daşıyırdı və olduqca zəif idi. 3. Müharibə və inqilabi problemləri həll etmək gücündə deyildir. 4. Elə bir qanunverici, icraedici və hərbi gücə malik olmayan XZK fəaliyyət göstərdiyi dövründə (1917-ci ilin mart-noyabr ayları) kəndlilərin torpaq problemlərini, millətlərarası münaqişələrin aradan qaldırılmasını, müharibənin birtərəfli qayda dayandırılması və sair məsələləri həll edə bilməmişdir. 5. XZK fevral inqilabından sonra burada yaranmış müxtəlif yönümlü və müxtəlif qrup və sinifləri təmsil edən təşkilatlarla rəqabət aparmalı idi (6, s. 43).
Yeni yaradılan XZK zəif iqtisadi-siyasi və hərbi gücə malik olmasına baxmayaraq, həm də fevral inqilabından sonra yaranan və hakimiyyətin bir neçə funksiyasını yerinə yetirməyə cəhd göstərən müxtəlif inqilabi təşkilatlarla rəqabət aparmalı idı. Belə təşkilatların sırasına Tiflis və Bakıdakı fəhlə və əsgər deputatları Sovetini, İctimai Təşkilatların İcraiyyə Komitəsini, Siyasi partiyaları, Milli Şuraları və s. aid etmək olar. Əslində, vilayətdə real hakimiyyət Qafqaz Ordusu Ölkə Sovetinin və fəhlə-əsgər-kəndli deputatları Sovetinin əlində idi. Bu iki Sovetə də menşevik və eser partiyaları rəhbərlik edirdilər(7, s. 30).
S.Sef yazırdı ki, bu dövrdə hüquqi hakimiyyətlə (XCQK) faktiki hakimiyyət (Ölkə Sovet təşkilatı) arasında münaqişə yox idi və ola bilməzdi, çünki bu blokun siyasətinə qarşı çıxış edən yeganə real qüvvə Zaqafqaziyanın inqilabi sosial-demokratları olan bolşevizm idi(5, s. 14).
Sosialist inqilabçılar Cənubi Qafqazda milli məsələdən danışarkən yalnız sosia-list partiyaların simasında millətlərin demokratik nümayəndələri ilə taktiki saziş bağlamağın mümkünlüyünü iddia edir və “panislamçı düşmən” obrazının yaradılmasında xüsusi rol oynayırdılar(5, s. 271).
Vaxtı ilə çar hökuməti öz müstəmləkəçilik siyasətini həyata keçirərək, xalqlar arasında milli ədavəti qızışdırır, milli ucqarların ruslaşdırılması siyasətini yeridirdi. Həmin siyasəti davam etdirən Müvəqqəti hökumət Azərbaycan xalqına, eyni zamanda, Cənubi Qafqazın başqa xalqlarına, demək olar ki, heç bir siyasi hüquq verməmişdir. Hakimiyyət Müvəqqəti hökumətin əlinə keçdikdən sonra da, çar mütləqiyyətinin milli zülm, müstəmləkəçilik və müharibə siyasəti davam etdirilirdi(8, s. 21-26).
Lakin bununla yanaşı, inqilab imperiyanın ucqarlarında əzilən millətlərə özlərinin siyasi hüquqlarından istifadə etmək, o cümlədən söz, yığıncaq, nümayiş, ictimai-siyasi proseslərdə iştirak etmək azadlığına geniş imkanlar yaratmışdır.
Bu dövrdə ölkənin müsəlman əhalisinin siyasi fəallığını əlaqələndirən mərkəz Dövlət Dumasının müsəlman fraksiyası idi. Bu fraksiyanın təşəbbüsü ilə 1917-ci il martın 20-də Petroqrad müsəlmanlarının mitinqi təşkil edilmiş və bu mitinqə Bakı, Yelizavetpol və İrəvan quberniyasından deputat seçilmiş M.Y.Cəfərov rəhbərlik etmişdir(9, s. 116).
Bolşeviklərin inqilabi mübarizəsini geniş şərh edən sovet tarixçiləri Azərbaycanın müstəqilliyi uğrunda mübarizə aparan ziyalılara “millətçi burjua” xadimləri damğası vurmuşdular.
Lakin Azərbaycanın qabaqcıl ziyalıları həmişə xalqın taleyini düşünür və belə hesab edirdilər ki, 1917-ci il fevral iniqlabından sonra Rusiyada qurulacaq federativ və demokratik hökumət Cənubi Qafqazda yaşayan xalqlara öz müqəddəratlarını azad surətdə həll etmək üçün təminat verəcək, milli ədavətin qızışdırılmasına imkan verməyəcək, milli ayrı-seçkiliyə son qoyacaqdır. Hətta, Müsəlman fraksiyasının sədri F.Xoyski Bakıda fəaliyyət göstərən müsəlman ictimai təşkilatlarının adından Rodzyankonun ünvanına göndərdiyi teleqramda bundan sonra Rusiyanın bütün vətəndaşlarına, o cümlədən müsəlmanlara da mülki, siyasi, milli və dini azadlıqların və bərabərliyin veriləcəyinə əminlik bildirmişdi(10, s. 302).
XX əsrin əvvəlləri mərkəzi Avroasiya meqaregionunun əsas regionlarından biri olan Qafqazın birinci dünya müharibəsinin gedişinə və Orta şərqdəki hərbi-siyasihadisələrə əhəmiyyətli dərəcədə təsir göstərən mühüm geostrateji mərkəzlərdən birinə çevrilməsi ilə əlamətdar olmuşdur(11, s. 18).
Bu dövrdə Azərbaycanın hər yerində, xüsusilə, Bakıda siyasi vəziyyət gərgin olaraq qalırdı. Bu gərginliyi, hər şeydən əvvəl, birinci dünya müharibəsinin Batum-Urmiya cəbhə xəttinin Cənubi Qafqazdan keçməsi, Rusiya imperiyasında hakimiyyət böhranı, bolşeviklərin sinfi mübarizəyə və müharibə əleyhinə çağırışları, eləcədə Bakıda mövcud olan partiyaların kütlələri öz tərəfinə çəkmək uğrunda bir-birləri ilə apardıqları gərgin mübarizələri (müsavat, menşevik, eser, daşnakasütyun və bolşeviklər patiyası nəzər tutulur) daha da artırırdı. Digər tərəfdən, bolşeviklərin sıralarında ermənilərin çoxluğu və onların türklərə qarşı düşmənçiliyi, eləcədə, Türkiyə və Azərbaycan torpaqları hesabına erməni dövləti yaratmaq istəyi, bolşeviklərin isə imperiya ərazisini bərpa etmək siyasəti, nəinki Bakıda, habelə, regionda vəziyyəti gərginləşdirən əsas amillərdən hesab olunurdu. Vəziyyəti gərginləşdirən digər bir amil isə, Bakıdakı iqtisadi çətinliklərin getdikcə artması idi. Nəhayət, yuxarıda qeyd olunan amillərlə yanaşı, bu bölgədə vəziyyəti gərginləşdirən daha mühüm bir amil “... Xəzər bölgəsi, xüsusilə burada çox mühüm hərbi-strateji mövqedə yerləşən Azərbaycan, dünyanın aparıcı dövlətlərinin başlıca rəqabət hədəfinə çevrilməsi” idi(12, s. 61).
1917-ci il martın 17-də Bakı şəhər Dumasının təşəbbüsü ilə İctimai Təşkilatların İcraiyyə Komitəsi təsis edilmişdir (Bakı Duması bu qərarı martın 5-də vermişdi)(13, s. 30). İcraiyyə komitəsinin tərkibinə 19 nəfər daxil olmuşdur. Buraya 5 nəfər fəhlə deputatları Sovetindən, 2 nəfər hərbi deputatları Sovetindən, 3 nəfər əsgər deputatları Sovetindən, şəhər dumasından, şəhər idarəsindən və neft sənayeçiləri Qurultayından, hər birindən bir nəfər olmaqla, 2 nəfər ticarət-sənaye təbəqəsindən və Bakı birjasından, müsəlman mədəni-maarif və humanitar cəmiyyətindən, eləcədə, kooperativ və həmkarlar ittifaqlarının hər birindən bir nəfər olmaqla nümayəndələr daxil idi(14, 1917, noyabr).Komitənin sədri, əvvəlcə rus kadetlərindən L.İ.Bıç, sonradan isə B.Frolov olmuşdur(13, s. 30). Komitənin katibləri isə A.Bekzadyan və Karakaşev idi(15, s. 13).
Rusiyada siyasi hakimiyyətin dəyişməsi ilə Azərbaycanda da siyasi partiya və təşkilatlar gizli şəraitdən çıxaraq leqal fəaliyyət göstərməyə başlamışdılar. Eyni zamanda yeni siyasi partiyalar və müxtəlif milli komitələr meydana gəlmişdir(16, s. 9).
Həmin dövrdə istər Bakıda, istərsə də əyalətlərdə Azərbaycan xalqının mənafeyini düşünən və müxtəlif sosial təbəqəni əhatə edən təşkilatlar da yaranmışdır. Fevral burjua inqilabının elə birinci günü Azərbaycan müsəlman hərəkatının yaradılmasının mərkəzlərindən birinə çevrilmişdir. İnqilabdan sonra Azərbaycanın siyasi xadimləri və qabaqcıl ziyalılarının qarşısında duran vacib məsələlərdən biri, yalnız Cənubi Qafqazda deyil, bütün Rusiya müsəlmanlarının dağınıq halda olan qüvvələrini vahid bir mərkəzdə birləşdirilməsi idi. Bununla bağlı “Açıq söz” qəzeti yazırdı ki, artıq bizə də birləşmək zamanı gəlib çatmışdır(17, 1917, 14 may-14 iyun).
Yusif Vəzir Çəmənzəminli yazırdı ki, indiyə kimi bizim nə mərkəzi bir şuramız, nə milli bir idarəmiz var. Qafqazda sayda hamıdan artıq ola-ola, əlahiddə bir millət təşkil edə-edə, mal və dövlətə malik ola-ola öz işimizi öz əlimizə ala bilmirik(18, s. 23).Daha sonra müəllif qeyd edirdi: “bir mərkəzə tabe Rusiya uçurum qarşısında durub, bizi də çəkib aparmaq istəyir. Məmləkəti bu haldan qurtarın; onun idarə ixtiyarının bir hissəsini Qafqaza gətirib öz əlinizə alın”(18, s. 25).Belə bir dövrdə Azərbaycan Müsəlman Milli Şurası yaradılmağa başlamışdır. Lakin bu sahədə də müəyyən maneələr var idi. Belə ki, 1917-ci il martın 16-da Bakıda çağırılan Azərbaycan burjua və xırda burjua nümayəndələrinin iclasında Milli Büronun seçilməsi təklifi irəli sürüldükdə M.Əzizbəyov Milli Büroların və buna bənzər təşkilatların yaranmasının əleyhinə çıxmışdır. Uzun sürən müzakirələrdən sonra, 1917-ci il martın 27-də Müsəlman Milli Şurasının Müvəqqəti İcraiyyə Komitəsi seçilmişdir. Bu komitənin heyətinə ziyalılardan və neft sənayeçilərindən Ə.M.Topçubaşov, F.X.Xoycki, M.Ə.Rəsulzadə, M.Hacınski, A.Q.Tağıyev, Ə.Ə.Əmircanov, Y.A.Əliyev, M.Əsədullayev, M.Heydərov və s. daxil edilmişdir. Sədr Məmmədhəsən Hacınski, sədr müavini isə “Müsavat” partiyasının lideri Rəsulzadə secilmişdir(13, s. 37). Bu Şura, eyni zamanda, ictimai-siyasi və milli təşkilat rolunu oynayırdı.
Bakıda fəaliyyət göstərən Müsəlman Milli Şurası Zaqafqaziya Milli Şuraları içərisində ən nüfuzlusu idi. Müsəlman Komitəsi özünün aprel ayında buraxdığı birinci müraciətnaməsində bütün müsəlmanları Milli-Siyasi Şura ətrafında birləşməyə və Müvəqqəti hökuməti müdafiə etməyə çağırırdı(19, 1917,31 mart).Müvəqqəti Komitənin nümayəndələri gələcək Müəssisələr Məclisinə daxil olmaq fikrində idilər. Komitə Rusiyada milli dövlət quruluşuna da öz münasi-bətini bildirmişdi. Yuxarıda qeyd olunan müraciətdə göstərilirdi ki, müsəlmanlar üçün dövlət idarəetməsinin forması demokratik respublika quruluşu hesab olunur.
Gəncədə, Şuşada, Şamaxıda, Nuxada, Lənkəranda, Qubada, Naxçıvanda və başqa yerlərdə də Müsəlman Milli Şuraları meydana gəldi(13, s. 91). Həmin Şuralarda da rəhbəredici yerləri ziyalıların və imkanlı təbəqələrin nümayəndələri tuturdu(20, s. 58). Belə bir vaxtda Ümumqafqaz müsəlmanları qurultayının çağırılması üçün ciddi hazırlıq işləri görülməyə başlanmışdır. Qurultayda çox mühüm məsələlər müsakirə olunmalı idi. Xüsusən, ölkənin milli-dövlət quruculuğu məsələsi qurultayda əsas müzakirə obyekti olmalı idi. Çünki, fevral burjua inqilabından sonra Azərbaycan ictimaiyyəti arasında bu məsələ ciddi müzakirə faktına çevrilmişdir. Həmin dövrün mətbuatında, dövlət hakimiyyətinin mərkəzə tabe olmamaq şərtilə, Zaqafqaziya azərbaycanlılarının, Dağıstanın, Türkmənistanın, Qırğızıstanın və Başqırdstanın milli-ərazi muxtariyyətinə nail olması məsələsi xüsusi olaraq vurğulanırdı(21, 1917, 19-21aprel).
Muxtariyyətlə bağlı Y.V.Çəmənzəminli yazırdı: “Biz, Azərbaycan türkləri, bir millətdən ibarət olub, geniş bir torpağa malik olduğumuz üçün muxtariyyət binası qurmaq istəyirik. Ölkəmizin sərhədi Dərbənd şəhərindən tutumuş Osmanlı məmləkətinə qədər və Batumdam tutmuş Xəzər (Kaspi) dənizinin qiblə tərəfinədəkdir. Paytaxtımız Bakı şəhəri olacaq. Çünki, bu şəhər bizə həmişə yol göstərib və bizə kömək əli uzadıb”(18, s. 28).
1917-ci il aprelin 15-də Bakıda Ümumqafqaz müsəlmanlarının qurultayı keçirilmişdi. Ə.M.Topçubaşovun sədr seçildiyi qurultayda müxtəlif ictimai təşkilatlardan təxminən 300 nümayəndə iştirak etmişdir(15, s. 34).
Qurultayda Gürcüstan, Şimali Qafqaz və Azərbaycanda yaşayan türk-müsləman xalqlarının nümayəndələri iştirak edirdi. Qafqaz müsəlmanlarının qurultayında qəbul edilən qətnamədə göstərilirdi ki, müsəlman xalqlarının maraqlarını Rusiya dövlət quruluşunun federativ-ərazi prinsipləri forması təmin edir. Qurultay nümayəndələri Rusiyada demokratik respublika quruluşunun olmasını arzulayırdılar. Qurultay, Qafqazda Müsəlman Milli Komitələrini təşkil etmək məqsədilə, iki müvəqqəti Mərkəzi Büro yaradılmasını qərara alır. Onlardan biri Şimali Qafqaz və Dağıstanda, digəri isə, Zaqafqaziyada olmalı idi. Sonuncunun mərkəzi Bakıda yerləşməli idi(15, s. 36).Qurultayda Azərbaycana ərazi muxtariyyəti verilməsi məsələsi də ortaya qoyulmuşdur(22, c.3, s. 29). Bu qurultay bütövlükdə Qafqaz müsəlmanları üçün, xüsusən, Azərbaycan üçün çox böyük əhəmiyyət kəsb edirdi. Çünki Bakıda yaradılan idarəetmə orqanların, təşkilatların, cəmiyyətlərin, demək olar ki, böyük əksəriyyətinə ya rus, ya da erməni nümayəndələri rəhbərlik edirdi. Azərbaycanlıların mənafeyini müdafiə eləyən təşkilatlar isə Müsavat partiyası və Müsəlman Milli Şurası idi. Belə bir vaxtda Müsəlman Mərkəzi Bürosunun Bakıda təşkil edilməsi təşəbbüsü müsbət qiymətləndirilməlidir.
1917-ci il mayın 1-də Moskvada Ümumrusiya müsəlmanlarının qurultayı, Moskva müsəlmanlarının mədəniyyət mərkəzinin dayağına çevrilmiş, kiçik Tatar döngəsindəki evdə keçirilmişdir. Həmin ev 1913-cü ildə Bakı milyonçusu və neftsənayeçisi Şəmsi Əsədullayevin vəsaiti hesabına tikilmişdir. Burada məktəb, musiqi zalı, zəngin kitabxana, kasıb və kimsəsizlər üçün internat yerləşirdi; Şərq və Avropa dilləri, tarixi, poeziyası, musiqisi öyrədilir; Moskva və başqa şəhərlərin alimlərinin iştirakı ilə aktual mövzular üzrə müzakirələr keçirilirdi(9, s. 168).
1917-ci ilin yazında və yayında Azərbaycan, Tatarıstan və Türküstandakı milli hərəkatda Rusiyanın müsəlman əyalətlərinə muxtariyyət verilməsi barəsində iki meyl özünü göstərirdi. Bunlardan biri unitarizm meyli idi ki, onun tərəfdarları Rusiyada mərkəzləşdirilmiş hakimiyyətə malik, vahid burjua respublikası çərçivəsində müsəlmanlara yalnız mədəni-muxtariyyət verilməsini tələb edirdilər. İkinci meylin tərəfdarları isə, federalizmi arzulayırdılar. Onlar Rusiyada federativ-burjua respublikası çərçivəsində ərazi muxtariyyəti tərəfdarı idilər. Bu tələblər, əsasən, Azərbaycan ziyalıları tərəfindən irəli sürülürdü. Qurultayda çıxış edən M.Ə.Rəsulzadə Rusiya Federativ Respublikasının tərkibində Azərbaycan və Rusiyanın başqa müsəlman vilayətlərinə milli-ərazi muxtariyyətinin verilməsini tələb edirdi(21, 1917, 21 aprel).
Qurultayda müsəlman əhalisi yaşayan vilayətlərə muxtariyyət verilməsi zərurəti haqqında (717 səsdən 446 səslə) qətnamə də qəbul edilmişdi(22, c. 3, s. 30).
Beləliklə, 1917-ci il aprel ayının 15-20-də Bakıda keçirilən Qafqaz müsəlmanlarının qurultayı və 1917-ci il may ayının 1-dən 11-dək Moskvada keçirilən Ümumrusiya müsəlmanlarının qurultayı Qafqazda, eləcədə, Rusiya imperiyasının başqa ərazilərində yaşayan türk-müsəlman xalqlarının siyasi baxımdan təşkilatlanmasında və onların mənəvi cəhətdən bir-birlərinə yaxınlaşmalarında mühüm rol oynamışdır.
Fevral burjua inqilabının yaratdığı imkanlardan istifadə edərək, açıq siyasi fəaliyyətə başlayan “Müsavat” partiyası xalqın və torpağın müdafiəsini öz üzərinə götürmüş yeganə siyasi təşkilat idi. “Müsavat” partiyası hər hansı bir sinifin adından deyil, bütün millətin adından çıxış edirdi. Bu da partiyanın proqramda öz əksini tapmışdır. Orada deyilirdi ki, milli dövlət ancaq o vaxt həqiqi hesab edilir ki, o seçilmiş bir sinifin deyil, bütün xalqın maraqlarını müdafiə edir və qoruyur(23, v. 5).
“Müsavat” partiyasının siyasi həyatın başlıca qüvvəsinə çevrildiyini Bakı Sovetinə və Ümumrusiya Müəssislər Məclisinə keçirilən seçkilərin nəticəsi də təsdiqləmişdir. 1917-ci ilin oktyabr ayının 22-də Bakı Sovetinə keçirilən seçkilərdə “Müsavat” partiyası səslərin 40 faizini toplayaraq birincilik qazanmışdır. Səslər aşağıdakı şəkildə bölüşdürülmüşdü: Müsavat-8147, Bolşeviklər-3883, Eserlər-6305, Menşeviklər-687, Daşnaksütyun-5289(24, 1917, 25 oktyabr). Əhalinin tərkibi beynəlmiləl olan Bakı şəhərində belə bir qələbə “Müsavat” partiyasının hegemon qüvvə olduğunu sübut edirdi.
Ziyalılarımız və onların yaratmış olduğu siyasi təşkilatlar, o cümlədən “Müsavat” partiyası xalqın önündə getməyi özünün vətəndaşlıq borcu hesab edirdi. Xalq da onlara inanırdı. Bütün bu hadisələr erməni təşkilatlarını, xüsusən, S.Şaumyanı çox narahat edirdi. Bu narahatlığın da əsas səbəbi onların Azərbaycan torpağı hesabına Erməni dövləti yaratmaq, bütövlükdə Azərbaycanı Sovet imperiyasının ərazisinə qatmaq planlarına mane olması idi. Azərbaycan adlı bir dövlətin mövcudluğunu qəbul etmək istəməyən S.Şaumyan yazırdı: “Lap əvvəldən Zaqafqaziyada ən zəif siyasi partiya olan, bu inqilab zamanı təşkilatlanan, heç bir təşkilati, heç bir partiya ənənəsi, heç bir hakimiyyəti olmayan, inqilabın əvvəlində heç bir rol oynamayan “Müsavat”, ikinci ilin başlanğıcında Zaqafqaziyada ən güclü siyasi partiyaya çevrildi” (25, c. 2, s. 257).
1918-ci ildə Bakıda hakimiyyət uğrunda üç siyasi qüvvə arasında ciddi mübarizə gedirdi: birinci qüvvəyə daşnaklar, sağ eserlər və menşeviklər; ikinci qüvvəyə bolşeviklər və sol eserlər; üçüncü qüvvəyə isə müsəlman təşkilatları ilə ittifaqa girən “Müsavat” partiyası daxil idi. Lakin mübarizənin şiddətli bir vaxtında birinci iki qüvvə erməni-rus bolşeviklərin rəhbərliyi altında müsəlmanlara qarşı birləşdilər. Rus məmurlarına, rus, erməni fəhlələrinə və əsgərlərinə istinad edən menşevik, eser, kadet, daşnak və bolşevik olmaq üzrə müxtəlif siyasi firqələr ətrafında birləşən Azərbaycandakı ruslar “Müsavat”ın yaratdığı hərəkat qarşısında daxili mübahisə və mübarizələrini unudub “Müsavat”a qarşı vahid cəbhədə birləşdilər(26, s. 70).
Bununla bağlı Ə.Topçubaşov yazırdı: “Ermənilərlə gürcülərin keçmiş rus ordusunun bütün yaraqlarını işlədə bilən əskərlərdən ibarət milli diviziyası olsa da, müsəlmanların öz ordusunu yaratmaqdakı ilk addımlarını başqaları, daha çox da bolşeviklər yağıcasına qarşıladılar” (27, s. 45).
Bakı şəhərində çoxsaylı erməni silahlı dəstələrinin olmasına göz yuman bolşeviklər, martın 29-da gəmi ilə Lənkərana qayıtmaq üçün toplaşan müsəlman zabit və əsgərləri S.Şaumyanın tapşırığı ilə tərksilah etdilər. Bu təxribatın təşkilatçıları çalışırdılar ki, azərbaycanlıları cavab hərəkətləri ilə təxribata sövq etsin və onlara qarşı əsil müharibəyə başlamaq üçün bəhanə əldə etmiş olsunlar(28, s. 102). S.Şaumyanın qabaqcadan hazırladığı təxribat baş tutdu və bu, vətəndaş müharibəsinin başlanması üçün siqnal oldu (29, v. 8) .
Bolşeviklər 1918-ci il martında 30-da Bakı şəhəri və onun rayonlarının İnqilabi Müdafiə Komitəsi yaratdılar. Onun tərkibinə S.Şaumyan, A.Çaparidze, N.Nərimanov, Q.Q.Korqanov, İ.Suxarsev, S.Saakyan, M.Yeremyan daxil idi(30, 1918, 11 aprel).
Erməni daşnakları bolşevik bayrağı altında, əlverişli mövqedən istifadə edərək, əvvəlcədən hazırladıqları plana uyğun olaraq, Bakı şəhərində 1918-ci il matrın 30-dan aprelin 1-nə kimi, üç gün ərzində türk xalqına qarşı qırğın törətdilər ki, bu da minlərlə insanın ölümü ilə nəticələndi(31, s. 228). Azərbaycanın istiqlalı yolunda ilk qurbanlar burada verildi(32, s. 110). Azərbaycanda qətliamlar Leninin direktiv göstərişləri və bolşevik-erməni hərbi birlikləri həyata keçirmişdir(33, s. 115).
Erməni silahlı dəstələrində istifadə edən St.Şaumyan 1918-ci ilin mart-iyul aylarında Bakı, Şamaxı, Quba, Cavad, Lənkəran və başqa qəzalarda müvəqqəti olsa da Bakı Sovetinin hakimiyyətini qura bilmişdir. Bu zaman minlərlə yaşayış məskənləri dağıdılmış, dinc insanlar amansızcasına qətlə yetirilmiş, onların əmlakları qarət olunmuş və həmin yerlərin mədəniyyət abidələri dağıdılmışdır.
Lakin S.Şaumyanın Bakıda qurmuş olduğu sovet hakimiyyətinin (BXKS) ömürü dörd ay davam etmiş və 1918-ci iyulun 31-də süqut etmişdir.
1920-1980-ci illərdə sovet tarixçilərinin yazmış olduqları əsərlərdə, 1918-ci ilin mart-iyul aylarında Şimali Azərbaycanın müxtəlif qəzalarında – Bakı, Şamaxı, Quba, Kürdəmir, Lənkəran və b. qəzalarda, Bakıdakı bolşevik hakimiyyəti dövründə,türk-müsəlman əhalisinə qarşı törədilən kütləvi qətliamların üstündən sükutla keçilmiş və ya həmin dövrdə baş vermiş tarixi hadisələr təhrif olunmuşdur.
1991-ci ildə Şimali Azərbaycan öz müstəqilliyini bərpa etdikdən sonra 1917-1918-ci illərdə baş vermiş tarixi hadisələrlə əlaqədar olaraq çağdaş vətən tarixçiləri tərəfindən yeni və obyektiv elmi tədqiqat işləri aparılmağa başlamışdır. Tarixi həqiqətləri bərpa etmək üçün bu gün də elmi tədqiqat işlərin yazılması davam etməkdədir.
Beləliklə, 1917-1918-ci illərin siyasi vəziyyəti təhlil edilərkən gəlinən nəticə ondan ibarətdir ki, bəhs olunan illərdə Bakıda siyasi təşkilatların yaranması və mübarizəsinin aktivləşdiyi dövrüdür. Bu dövrdə Bakıda hakimiyyətə iddialı olan bir neçə orqanın – Müvəqqəti hökumətin hakimiyyətini təmsil edən İctimai Təşkilatların İcraiyyət Komitəsinin, şəhər Dumasının, fəhlə və hərbi deputatları Sovetinin, ayrı-ayrı millətləri təmsil edən Milli Şura və partiyaların mübarizə apardıqlarını görmək mümkündür. Digər tərəfdən, bolşevik Rusiyasının Alman bloku ilə Brest-Litovski müqaviləsi imzalaması və bunun nəticəsində Qafqaz cəbhəsindən rus qoşunlarının getməsi, burada Türkiyənin, istər siyasi, istərsə də hərbi mövqeyini möhkəmləndirmişdir.
1918-ci ilin mart-aprel aylarında Bakı Sovetinin erməni silahlı dəstələri Bakı quberniyasının Bakı, Şamaxı, Quba, Səlyan və başqa qəzalarında “Sovet hakimiyyəti” qurmaq adı altında türk-müsəlmanlara qarşı kütləvi qırğınlar törətmişdir. Bu qırğından sonra bolşeviklər Bakida RSFSR hökumətinin direktiv göstərişləri, hərbi və maliyyə yardımı ilə Bakı Xalq Komissarları Soveti qurulmuşdu.

 

İstİfadə edİlmİş mənbə və ədəbİyyat

1. РГАСПИ, ф, 17, оп. 33, д. 42, л. 37.
2. İbrahimov Z.İ. V.İ.Lenin və Azərbaycanda sosialist inqilabının qələbəsi. Bakı: Azərnəşr, 1970, 523 s.
3. Мильман А.Ш. Политический строй Азербайджана в Х1Х – начале ХХ веков. Баку: Азернешр, 1966, 318 с.
4. Борьба за победу Советской власти в Грузии. Документы и Материалы. (1917 – 1921гг.)Тбилиси: Сабчота Сакартело,1958, 786 с.
5. Сеф С.Е. Революция в 1917 года в Закавказье (документы и материалы). Тбилиси: Акционерное общество, ЗакКнига, 1927, 391 с.
6. Казем–заде Ф. Борьба за Закавказье (1917-1921). Перевод Л. А. Умаевой. Ответственный тедактор Элдар М.: Исмаилов.Стокгольм, САСС ПРЕСС, 2010, 328 с.
7. Раевский А. Партия Мусават и ее контрреволюционная работу. Баку: АЗГИЗ, 1929, 64 с.
8. Ağayev M.A. Azərbaycan burjua ideologiyasında milli məsələyə dair bəzi şüarların tənqidi (1917-1920). //AMEA-nın Xəbərləri. Tarix, fəlsəfi, hüquq seriyası, 1991, № 2-3. S. 21-26.
9. Исxаков С.М. Российские мусулмане и революция (весна 1917 г. – лето 1918 г.). М:, Социально-политическая мысль, 2004, 600 с.
10. Багирова И.С. Политические партии и организации Азербайджана в начале ХХ века. 1900 – 1917. Баку: Елм, 1997, 335 с.
11. Dərabadi P.A.XX əsrin əvvəllərində Güney Qafqaz beynəlxalq geosiyas münasibətlər sistemində. /Azərbaycan Xalq Cümhuriyyəti və Qafqaz İslam Ordusuna həsr olunmuş elmi-praktik konfrans materialları. Bakı: Nurlar Nəşriyyat-Poliqrafiya Mərkəzi, 2008, 696 s.
12. Bəhramov C.Ə. Birinci dünya müharibəsi illərində Bakı nefti böyük dövlətlərin hərbi siyasi planlarında. //AMEA Tarix İnstitutu. Elmi əsərlər. 48, 49, 50-ci cild. Bakı: Turxan, 2014, s.60-63.
13. İbrahimova A.Z. Azərbaycan Böyuk Oktyabr sosialist inqilabının hazırlanması dövründə. Mart – oktyabr 1917-ci il. Bakı: ADU, 1988, 80 s.
14. Газ. Каспий, Баку, 1917, № 64.ноябрь.
15. Беленький С. и Манвелов А. Революция 1917 года в Азербайджане (хроники событий). Баку: АЗГИЗ «а»,1927, 253 с.
16. Насиров Т. Борьба за власть в Азербайджане (1917-1920 гг.). Баку: Азербайджан, 1993, 120 с.
17. Açıq söz qəz., Бакı, 1917, 14 may-14 iyun.
18. Çəmənzəminli Y.V. Müstəqilliyimizi istəyiriksə.Bakı:Gənclik,1994, 71 s.
19. Газ. Каспий, Баку:1917,31 марта.
20. Магеррамов Н. Междупартийная борьба по национальному вопросу в Азербайджане (март 1917-сентябрь 1918 гг.): Дис. ... канд.ист.наук. М.: 1991, 192 с.
21. Газ. Каспий, Баку:1917, 19 апреля, 21апреля.
22. Azərbaycan tarixi. 3 cilddə, IIIc., Bakı: Elm, 1973, 598 s.
23. ARPİİSSA, f. 276, siy. 1, iş 94, v.5.
24. Газ. Каспий, Баку:1917, 25 октября.
25. Шаумян С.Г. Избранные произведения. В 2-х т. Т. 2, М.: Госполитиздат, 1958, 411 с.
26. Məmmədzadə M.B. Milli Azərbaycan hərəkatı. Bakı: Nicat,1992, 246 s.
27. Topçubaşov Ə.Ə. Azərbaycan Cümhuriyyətinin yaradılması. Bakı: Təknur, 2013, 55 s.
28. Балаев А.Г. Азербаджанское национально-демократическое движение 1917-1920 гг. Баку: Элм, 1990, 95 с.
29. ARPİİSSA, f. 277, siy. 2, iş 14, v.8.
30. Известия Бакинского Совета газ.,1918, 11 апреля.
31. Baykara H. Azərbaycan istiqlal mübarizəsi tarixi. Bakı: Azərnəşr,1992, 276 s.
32. Zeynaloğlu C. Müxtəsər Azərbaycan tarixi. Bakı, Azərbaycan Dövlət Kitab Palatası, 1992, 144 s.
33. Yildırım H. Rus-Türk-Erməni münasebetleri (1914-1918). Ankara: Detay Basım Cilt ve Mücellithanesi, 1990, 141 s.

Geostrategiya" jurnalı № 06 (30)  NOYABR-DEKABR 2015


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM