II DÜNYA MÜHARİBƏSİ DÖVRÜNDƏ BÖYÜK DÖVLƏTLƏRİN CƏNUBİ QAFQAZ SİYASƏTİ

09:00 / 13.12.2016

1939-cu il sentyabrın 1-də Almaniya Polşaya hücum edir və bununla da ikinci dünya müharibəsi başlanır. Beləliklə, Birinci dünya müharibəsinin başa çatmasından iyirmi il sonra bəşəriyyət öz tarixinin ən qanlı və fəlakətli müharibəsinə cəlb olunur. Beynəlxalq münasibətlərin Versal-Vaşinqton sistemi adlanan dövrü başa çatır. Bu müharibənin başlanması ilə kollektiv təhlükəsizlik sistemi, “Millətlər Liqası” və onun beynəlxalq hüquq normaları çərçivəsində əldə olunmuş razılaşmalar və müqavilələr artıq qüvvədən düşür və diplomatik vasitələrlə qorunması mümkün olmadığı üçün dayandırılır.

İkinci dünya müharibəsi başlayar-başlamaz Almaniyanın müttəfiqi hesab olunan Yaponiya Çinin böyük hissəsini işğal edir və SSRİ-yə qarşı Uzaq Şərqdə müharibəyə başlayır. Beləliklə, 1922-1939-cu illərdə beynəlxalq münasibətlər sistemində aparıcı dövlətərin qeyri-səmimi siyasəti və öz maraqlarına görə kollektiv təhlükəsizlik tələblərinə, Versal-Vaşinqton sistemi çərçivəsində razılaşdırılmış beynəlxalq hüquq normalarına və sivil birgəyaşayış qaydalarına ikili standatrlarla yanaşması Avropada və dünyada yeni qanlı və fəlakətli qarşıdurmaya şərait yaratdı. 1939-cu ildə bir vaxtlar “Millətlər Liqası” tərkibində birgə fəaliyyət göstərən 44 dövlət yenidən müharibəyə cəlb olundu və onların yaratdığı beynəlxalq münasibətlər sistemi öz yerini İkinci dünya müharibəsinə verdi. “Millətlər Liqası” formal olaraq 1946-cı ilə qədər mövcud olsa da, faktiki olaraq 1939-cu ildə öz fəaliyyətinə son qoydu (5, 71).

1941-ci il iyunun 22-də faşist Almaniyası SSRİ-yə hücum edir. 1940-cı il dekabrın 18-də təsdiq edilmiş SSRİ-yə hücum -"Barbarossa planı" ildırımsürətli müharibə strategiyasına əsaslanırdı. Hitler Almaniyasının qəsbkarlıq planında Azərbaycan, neft Bakısı xüsusi yer tuturdu. Hətta SSRİ-də yaşayan türkdilli xalqları dağıdıcı qüvvə" hesab edən Hitler "Mənim mübarizəm" kitabında yazırdı ki, "onlar ali irqin qullarına çevrilməlidirlər". Almaniya hakimiyyəti Bakı neftini ələ keçirməyi Şərqdə istilaçılıq siyasətini reallaşdırmağın mühüm amili hesab edirdi. Rozenberqin "Qafqazın idarə olunması planı"na görə Azərbaycanda idarəedici orqan - "komissarlıq" yaradılmalı və iqamətgahı Tbilisidə yerləşəcək Qafqaz reyxkomissarlığına tabe edilməli idi (6, 12-13) Faşist Almaniyası sovetlər üzərində qələbədən sonra İran körfəzinə, Hind okeanına qədər əraziləri zəbt etmək niyyətində idi. Türk xalqları yaşayan ərazilərdə Almaniyadan asılı oyuncaq "Böyük Türküstan" dövləti yaradılması planlaşdırılırdı. Bu dövlətin ərazisinə Şimali və Cənubi Azərbaycanla bərabər, Orta Asiya, Qazaxıstan, Başqırdıstan, Tatarıstan, Krım, Şimali Qafqaz, Qərbi Çin və Əfqanıstanın daxil olması nəzərdə tutulurdu (1, 8).

Faşist Almaniyasının Şərq siyasəti “Ost” planında öz əksini tapmışdı. “Ost” adlı işğal planının müəllifi Rozenberqin başçılığı ilə yaradılan Doğu İşləri üzrə Nazirliyin nəzdində olan komissarlıqlardan biri də “Qafqaz” komissarlığı idi. Rozenberqin “Qafqazın idarə olunması planı” na görə Azərbaycanda icraedici orqan olan “komisarlıq” yaradılmalı və iqamətgahı Tbilisidə yerləşəcək Qafqaz reyxkomissarlığına tabe edilməli idi. Hələ 1941-ci il martın 27- də Almaniyanın “Kontinental neft cəmiyyəti” nə Bakıda neftin çıxarılması, emalı, daşınması ilə məşğul olacağı tapşırığı verilmişdi. Artıq Azərbaycandakı iri sənaye müəssisəsələrinə ali irqdən rəhbər adamlar da təyin edilmişdi. Onlara ucuz işçi qüvvəsi hesabına Bakı neftinin Almaniyaya çatdırılması tapşırığı verilmişdi. Hələ 1941- ci il aprelin 29-da yaradımış Oldeburq iqtisadi qərargahı tərəfindən tərtib edilmiş planda Qafqazın, o cümlədən Azərbaycanın və Bakının işğalı nəzərdə tutulmuşdu (1, 8).

Qafqaz uğrunda döyüşlərdə “Ost” planında Bakının işğalı 1941- ci il sentyabrın 25-i kimi qeyd edilmişdi. Faşist işğalından sonra Bakı nefti alman neft şirkətinin (“Os-toyl”, “Kontinent- oyl”) sərəncamına verilməli idi. Hitler 1941-ci ilin iyulun 16-da rəsmi yığıncaqda bildirmişdir ki, Bakı alındıqdan sonra hərbi məntəqəyə çevrilməlidir. Hitler Almaniyasının işğal planları geniş idi. Hitlerin planına görə SSRİ üzərində tam qələbədən sonra türk xalqları yaşayan ərazilərdən ibarət “Böyük Türküstan” dövləti yaradılmalı idi. Bu dövlətin ərazisinə Quzey və Güney Azərbaycan, Başqırdıstan, Tatarıstan, Krım, Quzey Qafqaz, Batı Çin və Əfqanıstanın qatılması nəzərdə tutulurdu. Hitler Bakını faşist Almaniyasının yanacaqla təmin edən mərkəzə çevirmək niyyətində idi. Sovet ordusunun 1941- ci ilin axırlarında Moskva ətrafında böyük qələbəsi, Leninqradın müdafiəsi alman faşistlərinin “ildırımsürətli müharibə” planını pozdu. Ancaq Almaniya hələ də güclü idi. Nasistlər 1942-ci ilin mayın əvvəllərində Kerçi, Sevastopolu, Xarkovu ələ keçirib Volqaya doğru irəlilədilər. “Edelveys” planına görə almanlar Xarkovu tutduqdan sonra Qafqaza hücum edib zəngin neft, digər strateji xammal qaynaqları, sənaye və kənd təsərrüfatı rayonunu ələ keçirmək, Bəsrə-İran-Xəzər yolu ilə müttəfiqlərin yardımından SSRİ-ni məhrum etmək idi. “Edelveys” planına görə Qafqazın işğalı feldmarşal Listin

“A” qrupu ordusuna tapşırılmışdı (Həmin plana görə Qafqaz 5 işğal rayonuna bölünməli idi. Onlardan biri də Azərbaycan rayonu idi). Plana əsasən Bakı 1942-ci ilin sentyabrın 25-də alman silahlı qüvvələri tərəfindən işğal olunmalı idi. Bunun həyata keçirilməsi ilk növbədə “A” ordular qrupuna daxil olan I tank ordusunun komandanı general Kleystə tapşırılmışdı. Almanlar Bakının alınmasını o dərəcədə yəqin etmişdilər ki, hətta işğaldan sonrakı fəaliyyətlərini planlaşdırmağı da zəruri hesab edirdilər. Belə ki, Leypsiqdə nəşr olunmuş “Qafqaz üzrə məlumat-sorğu kitabçası” nın əlavəsində Qafqazın bütün rayonlarına aid ətraflı məlumatlar verilmişdi. Bakıya həsr edilmiş birinci bölmə “Bakı-neft fontanları” adlanırdı. Almanların 1942-ci ildə başladıqları yay kampaniyası SSRİ-nin əsas neft bazası olan Bakının etibarlı müdafiəsinin təşkil edilməsini təxirəsalınmaz vəzifəyə çevirdi (1, 9)

SSRİ-nin müqəddəratı üçün son dərəcə müstəsna əhəmiyyət daşıyan bu şəhərin müdafiəsi ilk növbədə Quzey Qafqazdan başlanılmalı idi. Ancaq Stalinin bağışlanmaz strateji səhvi nəticəsində Quzey Qafqazda etibarlı müdafiə tədbirləri görülməmişdi. Sonralar Quzey Qafqaz cəbhəsinin komandanı olmuş marşal A. Qreçko bu barədə belə yazırdı: “...Quzey Qafqazda döyüş əməliyyatları başlayanda, Güney Qafqazın quzeydən müdafiəsi tamamilə yox dərəcəsində idi. Yalnız 44-cü ordu Sulak çayı hüdudunda müdafiə işləri aparır və Dərbəd dövrəsini, habelə Bakı rayonun müdafiə etmək üçün tədbirlər görürdü”. Bakının təhlükəsizliyini təmin etməkdən ötrü üç müdafiə zolağı yaradılmalı idi. Onlardan biri Mahaçqalada, ikincisi Dərbənddə, üçünçüsü isə Bakının həndəvərində olmalı idi. Şəhərin bilavasitə müdafiəsi 10-cu atıcı briqadaya, Bakı rayonundakı hava-hücumundan müdafiə dəstəsinə, habelə 3 piyada, 1 artilleriya və 1 hərbi-dəniz məktəbinə həvala edilmişdi. “A” ordular qrupunun sürətli hücumu və Quzey Qafqazın xeyli hissəsinə almanların nəzarət etmələri, Bakının da gələcək perspektivini son dərəcə dumanlı edirdi. Çünki alman komandanlığı iyul, avqust aylarında Quzey Qafqazda asanlıqla əldə etdikləri qələbələrin eyforiyası altında Bakıya can atdıqlarını heç də gizlətmirdilər. Bakını ələ keçirməklə, onlar əsasən üç mühüm məqsədə çatmaq ümidində idilər. Birincisi, Sovet ittifiqanı bir dövlət kimi diz çökdürmək, ikincisi, çoxdan arzuladıqları Bakının zəngin neft yataqlarıni ələ keçirmək, üçüncüsü isə Yaxın və Orta Doğunu İngiltərədən qoparıb, tamamilə nəzarətləri altına almaq, Bakı alınmadığı təqdirdə bunların heç biri nəinki münkün olmazdı, əksinə Üçüncü reyx həlledilməz problemlərlə üzləşməli olardı. Bunu yaxşı bilən almanlar deyirdi: “Savaş pis şeydir. Bakını alsaq, savaşın sonu olacaq, almasaq bizim sonumuz”. Bu həm də onunla bağlı idi ki, Quzey Qafqazın tez bir zamanda böyük bir hissəsini işğal etmələrinə baxmayaraq, almanlar oradakı neft ehtiyatlarından bəhrələnə bilməmişdilər. O zaman SSRİ Neft Sənayesi komissarının birinci müavini işləmiş Nikolay Baybakov həmin dövrdə Dövlət Müdafiə komitəsində keçirilmiş ciddi bir söhbəti xatırlayaraq yazırdı: “Orada Krasnodar vilayətindəki neft mədənlərində xüsusi tədbirlərin həyata keçirilməsi üçün Quzey Qafqaza mütəxəssislər göndərilməsi haqqında qəbul edilmiş qərar barədə uzun bir söhbət oldu. Əsas diqqət bir məsələyə yönəldildi: “Hər şeyi etmək lazımdır ki, Qafqazın neft mədənlərinə can atan almanlara bircə damcı da neft qismət olmasın”. Maraqlı cəhət həm də ondan ibarətdir ki, hər iki tərəf-həm almanlar, həm də sovet komandanlığı duru yanacağın həlledici əhəmiyyətini aydın başa düşərək, bir-birini eyni səylə neft qaynaqlarında təcrid etməyə çalışırdılar. Odur ki, belə şəraitdə həm alman, həm də sovet komandanlığı üçün Bakı neft rayonunun əhəmiyyəti müstəsna dərəcədə artdı. Belə vəziyyət Bakını dəhşətli faciələrlə üzləşdirə bilərdi. Bakıya təcavüz təkcə Hitlerin planlarına daxil deyildi. Bakı mədənlərini sönməz məşələ çevirmək ideyası Stalinə də məxsus idi. Alman silahlı qüvvələrinin Bakını ələ keçirmək niyyətinin həqiqətə çevriləcəyi təqdirdə, xüsusi tərtib edilimiş plana uyğun olaraq, əvvəlcədən minalanmış neft quyuları partladılmalı idi. Bu məqsədlə partladıcı qruplar hazırlanmış və səlahiyyətli orqanların sərəncamı ilə Abşeronun hər bir neftçıxarma bölgəsində yerləşdirilmişdi (1, 9-10).

Baybakov yazırdı: “1941-ci ilin iyulunda alman qoşunlarının Stalinqrad rayonuna gəlib çıxması ilə Volqada gəmi hərəkəti və Bakıdan neft məhsullarının daşınması kəsildi. Onunla bir vaxtda Bakıdan Tixorest-Rostov dəmiryolu ilə neft məhsullarının göndərilməsi də dayandırıldı.

II Dünya müharibəsi dövründə Almaniya kimi ABŞ və Böyük Britaniya da Qafqaza, o cümlədən Azərbaycana yönəlik xüsusi planı var idi. Onlar Qafqaza, xüsusən Azərbaycana sahib olmaq istəyirdilər. Bu məqsədlə tərtib olunmuş "Vilvet" (ingiliscədən tərcüməsi - mənfəət) planında SSRİ ordusunun Qafqazdan çıxarılıb Stalinqrada aparılması, burada ABŞ və Böyük Britaniya hərbi qüvvələrinin yerləşdirilməsi nəzərdə tutulurdu. Öz növbəsində SSRİ-nin də azərbaycanlıları Mərkəzi Asiyaya və Qazaxıstana köçürmək şərtilə Azərbaycanı öz tərkibində saxlamaq planı var idi.

SSRİ XKS və ÜİK(b)P MK-nın 1941-ci il iyunun 29-da qəbul etdikləri direktivlə ölkənin bütün siyasi, iqtisadi və hərbi imkanlarını səfərbər etmək, ilk növbədə, xalq təsərrüfatını hərbi tələblər əsasında qurmaq vəzifələri müəyyənləşdirildi.6 İyunun 30-da isə İ.V.Stalinin başçılığı ilə ölkədə bütün hakimiyyəti öz əlində cəmləşdirən Dövlət Müdafiə Komitəsi (DMK) yaradıldı (7, 734).

DMK əsas diqqəti Silahlı Qüvvələrin möhkəmləndirilməsinə, iqtisadiyyatın hərbin tələbləri əsasında yenidən qurulmasına yönəltdi. Geniş miqyasda hərbi səfərbərlik keçirildi, yeni qoşun birləşmələri yaradıldı, cəbhəyə yaxın rayonlardan sənaye müəssisələri və milyonlarla adam uzaq yerlərə köçürüldü. 1941-ci il iyunun 22-də Böyük Britaniyanın Baş naziri Uinstan Çörçill, bir gündən sonra isə ABŞ Prezidenti Franklin Ruzvelt SSRİ-nin Almaniyaya qarşı müharibədə onu müdafiə etmək təklifini qəbul etdikləri barədə bəyanat verdilər. İyulun 12-də Moskvada Sovet İttifaqı ilə Böyük Britaniya arasında müharibədə birgə fəaliyyətə dair müqavilə imzalandı (4, 373).

Avqustun 14-də ABŞ Prezidenti və Böyük Britaniyanın Baş naziri "Uels şahzadəsi" adlı gəminin göyərtəsində görüşərək, faşizmi məhv və qəsbkarı tərksilah etmək zərurəti barədə bəyanatı - "Atlantik xartiyası"nı imzaladılar. Sentyabrda SSRİ də bu xartiyaya qoşuldu. Çox keçmədən Avstraliya, Belçika, Böyük Britaniya, Yunanıstan, Polşa, SSRİ, müstəqil Fransa, Çexoslovakiya, Yuqoslaviya və digər ölkə nümayəndələrinin Londonda keçirilən konfransında "Atlantik xartiyası"nın əsasları qəbul edildi, faşizmə qarşı koalisiyanın məqsəd və vəzifələri müəyyənləşdirildi. 1942-ci il yanvarın 1-də 27 dövlətin nümayəndələri Vaşinqtonda belə bir koalisiya yaratdılar. 1945-ci ilin aprelində isə bu ittifaqda artıq dünyanın 50 dövləti təmsil olunmuşdu (8, 142).

Sovet xalqı "Hər şey cəbhə üçün, hər şey qələbə üçün!" şüarı altında alman faşizminə qarşı müharibəyə qalxdı. Azərbaycan xalqı da son qələbəyə qədər bu müharibədə fəal iştirak etdi. Respublikanın idarə və müəssisələrində zəhmətkeşlər öz üzərlərinə yüksək öhdəliklər götürür, könüllü surətdə ordu sıralarına, "Xalq qoşunu" dəstələrinə, "Qırıcı batalyon"lara daxil olurdular. 1941-ci il iyunun 22-də Bakıda qəsbkarlara qarşı izdihamlı mitinq keçirildi. Azərbaycanın şəhər və kəndlərində müharibənin ilk günlərində 40 min nəfər, o cümlədən 1000 nəfərə qədər qız könüllü olaraq cəbhəyə getmək üçün respublika Hərbi Komissarlığına müraciət etdi. Yalnız 1941-ci ilin iyul-oktyabr aylarında respublikada 30480 nəfər, o cümlədən hərbi məktəblərə 2287 nəfər, qvardiya diviziyalarına 3165 nəfər, döyüşən hissələr ehtiyatına 22319 nəfər səfərbər olundu (1, 9).

1941-1942-ci illərdə respublikada təşkil edilən hərbi birləşmələrə Azərbaycandan 5000 kommunist və komsomolçu daxil olmuşdu (10, f. 1, s. 280, i. 6, v. 116.) 1943 -cü il yanvarın 1-nə qədər respublikada 464 min nəfər orduya çağırılmışdı. Zaqafqaziya cəbhəsinin Hərbi Hissələrin Təşkili və Tamamlanması İdarəsi Azərbaycanda səfərbərlik işinin təşkilini yüksək qiymətləndirmişdi. Ümumiyyətlə, 1941-1945-ci illərdə Azərbaycandan orduya 700 minə qədər adam səfərbər olunmuşdu. Onlar arasında 11 mindən çox qadın var idi. Azərbaycanda 1941-ci ilin avqustunda 402-ci, oktyabrında 223-cü, 1942-ci ilin mart-sentyabr aylarında 416-cı, avqust-sentyabr aylarında isə 271-ci diviziyalar təşkil olunmuşdu. 1941-ci ilin dekabr ayında Krımın müdafiəsində iştirak etmiş, Ağ Manay rayonundakı döyüşlərdə şəxsi heyətinin bir hissəsini itirmiş 77-ci diviziya da 1942-ci ilin mayında yenidən respublikada komplektləşdirildi. Döyüşən qoşun üçün ehtiyat qüvvələr hazırlanmasında görülən zəruri işlər nəticəsində 1941-ci il iyunun 22-dən avqustun 14-dək Azərbaycan SSR-də Xalq qoşunu dəstələrinə 186704 nəfər (onların 30563 nəfəri qadın idi) yazılmışdı. Bu dəstələr istehsalat-ərazi prinsipi üzrə təşkil edilirdi. Onların fəaliyyətinə rəhbərlik üçün Mərkəzi qərargah yaradılmışdı.Bakı şəhərinin 18 rayonunda Xalq qoşunu dəstələrinə 61780 nəfər yazılmış və 20 rota təşkil olunmuşdu. Bakı ətrafında müdafiə zonası yaradılmasında Xalq qoşunu dəstələrinin 12000 döyüşçüsü fəal iştirak etmişdi. Azərbaycan Komsomolunun Mərkəzi Komitəsinin 1941-ci ilin avqustunda gənclərin Xalq qoşunu dəstələrinə cəlb edilməsi haqqında qərarı əsasında Bakıda 13860 komsomolçu xidmət edən 40-dan çox "komsomolçu-gənclər bölmə və rotası yaradılmışdı" (10, f. 1, s. 121, i. 58, v. 182; s. 280, i. 5, v. 115).

1942-ci il avqust ayının 17-də ərazinin xüsusiyyətləri nəzərə alınmaqla, Xalq qoşunu dəstələri yenidən təşkil olundu. Bakıda üç - 101, 102 və 103-cü Xalq qoşunu diviziyaları yaradıldı. Diviziyalarda 21259 nəfər döyüşçü vardı.23 Rayonlarda isə yerləşdirildikləri ərazinin adını daşıyan batalyonlar yaradılmışdı. 1943-cü ilin martında Xalq qoşunu diviziyalarının təşkilində dəyişikliklər edildi və hər rayonda bir batalyon saxlanıldı. Həmin batalyonlar Qafqaz cəbhəsindəki təhlükə sovuşduğuna və alman işğalçıları Azərbaycan sərhədlərindən uzaqlaşdırıldığına görə 1943-cü ilin avqust ayından Ümumi icbari hərbi təlim hissəsinə daxil edildilər. Sovet ordusu üçün ehtiyat qüvvələr yaratmaq məqsədilə Dövlət Müdafiə Komitəsinin qərarı ilə hələ 1941-ci ilin iyulundan etibarən bütün ölkədə 16 yaşdan 50 yaşadək olan kişilərə ümumi icbari hərbi təlim keçilməyə başlanmışdı. 1941-ci il oktyabrın 1-dən 1942-ci il dekabrın 15-dək respublikada 172209 nəfər ümumi və xüsusi bölmələrdə hərbi təlim keçmiş 29925 atıcı, 1255 snayper, 363 minomyotçu, 747 pulemyotçu və b. hazırlanmışdı. Azərbaycan K(b)P MK-nın qərarı ilə 4389 nəfər xüsusi tank əleyhinə döyüşçü hazırlandı. Onlardan 568 əfəri Bakı şəhərinin sənaye müəssisələrində işləyən qadınlar idi. Azərbaycanda 1941-1945-ci illərdə bütünlükdə ümumi icbari hərbi təlim xətti ilə 51254 (onlardan 37180-ni atıcı, 14074-ü nəfəri başqa hərbi ixtisaslar üzrə) döyüşçü hazırlanmışdı (9, 22).

Həmin illərdə respublikada 291421 çağırışçı 9 növ hərbi peşəyə yiyələnmişdi, Onlardan 32337 nəfəri pulemyotçu, 8762 nəfəri avtomatçı, 7765 nəfəri minomyotçu, 2862 nəfəri snayper, 2466 nəfəri tank əleyhinə döyüşçü idi. 1941-ci ildə Azərbaycan rayonlarında təxribatçılara, casuslara və sərhədi pozanlara qarşı mübarizə aparmaq məqsədilə Qırıcı batalyonlar yaradılırdı. 12000

adam səfərbər edilmiş bu batalyonların fəaliyyəti sayəsində müharibə illərində 32000 düşmən paraşütçüsü, casus, quldur, soyğunçu, təxribatçı, fərari, dövlət sərhədini pozan tutulmuşdu. Müdafiə işlərinin təşkilində ictimai təşkilatlar da fəal iştirak edirdi. Yardım cəmiyyəti bu sahədə xüsusilə fərqlənirdi. Bu cəmiyyət "Kimyəvi silahlardan müdafiə" norması üzrə əhaliyə təlim keçirdi. Azərbaycan Qızıl Aypara Cəmiyyəti də 1941-1945-ci illərdə 6500-dən çox tibb bacısı hazırlamış, 20 mindən çox respublika vətəndaşı döyüşçülər üçün könüllü qan vermişdi. Respublikanın bədən tərbiyəsi təşkilatları da müdafiə işində fəal iştirak edirdilər. 257270 idmançı icbari hərbi təlimə cəlb olunmuşdu. Onların köməyi sayəsində 1941-1945-ci illərdə 64 min nəfər "Əməyə və müdafiəyə hazıram!" normasının 1 dərəcəsi, 20 min nəfər isə II dərəcəsi üzrə yoxlamadan keçirilmişdi. Yerli hava hücumundan müdafiə bölmələri də müharibə illərində əhali arasında səmərəli iş aparmışlar. Azərbaycan SSR XKS və Azərbaycan K(b)P MKnın 1941-ci 4 may il qərarına əsasən hava hücumundan müdafiə məqsədilə sığınacaqların tikilməsi təşkil edilmişdi (3, 89).

1941-ci il iyul ayının 10-na qədər bütün idarə və müəssisələrdə özünümüdafiə dəstələri yaradılmışdı. Qırıcı batalyonlara və hava hücumundan müdafiə dəstələrinə yardım qruplarında 15 min nəfər iştirak edirdi. Bu dəstələrin hər birinə idarə və müəssisələrdə 100-300 fəhlə və qulluqçu, yaşayış yerlərində isə 200-500 nəfər sakin daxil olurdu. Özünümüdafiə dəstələrində olan əhalinin 137797 nəfəri əleyhqaz geyinərək 1503 təlimdə iştirak etmiş, ilk tibbi yardım üçün minlərlə tibbi heyət yetişdirilmiş, 180 sanitar drujinası təşkil edilmiş və 2700 nəfər drujinaçı hazırlanmışdı. Yaşayış məntəqələrini qorumaq üçün 16000 nəfər yaşlı əhali, 12000 pioner və məktəbli səfərbər edilmişdi. Naxçıvan şəhəri və Naxçıvan rayonunda kimyəvi hücumdan müdafiəyə hazırlıq üçün təşkil edilmiş 185 dərnəyə 6212 nəfər şəhər və kənd əhalisi cəlb olunmuşdu. Müəssisə və evlərdə 1134 nəfərin cəlb edildiyi 31 özünümüdafiə qrupu yaradılmışdı (2, 13).

Rus dilini bilməmək müharibənin ilk aylarında azərbaycanlı döyüşçülər üçün ciddi çətinliklər törədirdi. Bundan istifadə edən bəzi şovinist zabitlər onlarla təhqiramiz, kobudcasına rəftar edirdilər. Azərbaycanlı döyüşçülər bununla bağlı respublika rəhbərliyinə dəfələrlə müraciət edərək rus dilinin öyrənilməsi üçün şərait yaratmağı xahiş edirdilər. Azərbaycan K(b)P MK hərbi şöbəsinin 23 oktyabr 1941-ci il tarixli məktubla Zaqafqaziya cəbhəsinin Siyasi İdarəsinə bu barədə müraciət etməsi nəticəsində vəziyyət nizama salınmışdı.36 Döyüşçülərin rus dilini bilməyinin vacibliyi nəzərə alınaraq 90 saatlıq proqram işlənib hazırlanmışdı. Dərslər hərbi hazırlıq xətti ilə keçirilirdi. Azərbaycan K(b)P MK-nın 14 iyul 1942- ci il qərarına əsasən Bakı şəhərində rus dilinin tədrisi iyulun 15-dək, Azərbaycan rayonlarında isə həmin il avqustun 1-dən başlanmışdı. Hərbi mükəlləfiyyətlilərin məktəblərdə rus dilini öyrənməsi üçün, həftədə 4 saatdan az olmamaq şərti ilə, 150 akademik-saat nəzərdə tutulurdu. əbhənin respublika sərhədlərinə yaxınlaşması ilə əlaqədar olaraq Zaqafqaziya Cəbhəsi Hərbi Şurası Bakı ətrafında müdafiə mövqelərinin yaradılması haqqında qərar çıxardı. Qərara əsasən 1941-ci ilin sentyabrında Şimal istiqamətdə 10 müdafiə tikintisi təşkil edildi. Bu iş üçün 160 yük maşını, 300 qaynaq aparatı, 55 traktor, 18 ekskavator, 8 səyyar elektrik stansiyası, 7 kompressor, 25000 bel, külüng və başqa alətlər ayrıldı.37 Tankların keçə bilməməsi üçün 16841 maneə yaradıldı, 91 km uzunluqda dərin xəndəklər qazıldı. Atəş nöqtələri ilə arxanı birləşdirən 535 km uzunluqda gizli əlaqə yolu çəkildi. 1 milyon 800 min kv.m torpaq işi görüldü.38 Müdafiə xəttinin tikintisində kişilərlə birlikdə qadınlar da fəal iştirak edirdilər. Tikintidə yalnız Bakı şəhərinin 17 rayonundan 16721 kişi, 23906 qadın iştirak etmişdi (1, 12).

Beləliklə, Böyük Vətən müharibəsi başlanan andan, respublikada cəbhəyə xidmət, arxada qüvvələri səfərbər etmək sahəsində çoxlu iş görüldü. Azərbaycan xalqı, bütün zəhmətkeşlər fədakarlıq, mətinlik, dözümlülük nümayiş etdirdilər.

 

 

ƏDƏBİYYAT

 

1. Azərbaycan tarixi. Yeddi cilddə. Yeddinci cild. Bakı, 2005.

2. Azərbaycan SSR-in Qırmızı Aypara Cəmiyyəti 1923-73-ci illərdə. Bakı, 1973.

3. Bağırzadə Ə. Azərbaycan ziyalıları Böyük Vətən müharibəsi illərində. Bakı, 1970.

4. Всемирная история. M. 1978.

5. Həsənov Ə.. Müasir beynəlxalq münasibətlər və Azərbaycanın xarici siyasəti. Bakı, “Azərbaycan” nəşriyyatı, 2005.

6. Orucov Q. Azərbaycan Qafqaz döyüşlərində. Bakı, 1984.

7. История СССР. М., 1960.

8. Новейшая история. XX век. М., 1997.

9. Mədətov Q. Azərbaycan Böyük Vətən müharibəsində (1941-45-ci illər). Bakı, 1965.

10. Siyasi Partiyalar və İctimai Hərəkatlar Mərkəzi Dövlət Arxivi -ARSPİHA.

 

 

Açar sözlər: II Dünya müharibəsi, Böyük dövlətlər, Cənubi Qafqaz, Azərbaycan, Bakı, Edelveys və Vilvet planı

 

Ключевые слова: Вторая мировая война, Великие державы, Южный Кавказ, Азербайджан, Баку, Эдельвейс и план «Вельвет»

 

Keywords: World War II, the Great Powers, the South Caucasus, Azerbaijan, Baku, Edelweiss, the plan of “Corduroy”

 

Политика великих держав вокруг Южного Кавказа во время Второй мировой войны

 

РЕЗЮМЕ

 

Через десять лет после поражения в Первой мировой войне, Германия снова начала укрепляться в Европе и бросила вызов системе коллективной безопасности, созданной Версальско-Вашингтонской системой. В 1936-37 годах Германия, Япония и Италия заключают Пакт (договор) и начинают совместные действия против сил «Коминтерна», которые пытались помешать установлению фашистского режима в Испании в то время. В том же году, Гитлер отправил немецкие войска в Рейнской области и Австрии, и занимал их. Вслед за этим, Германия и Италия вторглись в Восточную Европу. В 1939 году Германия подписала тайное соглашение с Россией о ненападении и таким образом предотвратила угрозу на восточном фронте. А затем, начинала занимать территории, находящиеся под влиянием Франции и Великобритании. В 1939 году немецко-итальянские войска разгромили силы Испании, Англии, Франции и Советского Союза и установили режим генерала Франко. 1 сентября того же года Германия напала на Польшу и таким образом, началась вторая мировая война. В течение этого периода, Азербайджан, Баку нефтяной занимал особое место в планах вторжения великих держав в отношении Южного Кавказа.

Politics of the great powers on the South Caucasus during the Second World War

 

SUMMARY

 

Ten years after the defeat in World War I, Germany began to strengthen again in Europe and challenged the system of collective security established by the Versailles-Washington system. In 1936-37, Germany, Japan and Italy concluded a pact (contract) and began to act together against the forces of “Comintern” that tried to prevent the establishment of a fascist regime in Spain at the time. In the same year, Hitler sent German troops into the Rhineland and Austria, and occupied them. Following this, Germany and Italy invaded Eastern Europe. In 1939 Germany signed a secret agreement with Russia on non-aggression and thus prevented the threat on the eastern front. And then he began to occupy the territories under the influence of France and Great Britain. In 1939, the German-Italian forces defeated the forces of Spain, England, France and the Soviet Union and established a regime of General Franco. September 1 the same year, Germany invaded Poland and thus began the World War II. During this period, Azerbaijan, Baku Oil held a special place in the plans of the great powers on the invasion in the South Caucasus.

 

 

İSA ARSLAN,

Tarix üzrə fəlsəfə doktoru

 

"Geostrategiya" jurnalı № 05 (35) SENTYABR-OKTYABR 2016


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM