RUSİYANIN AZƏRBAYCANLA BAĞLI SİYASƏTİNDƏ XƏZƏR HÖVZƏSİNİN ƏHƏMİYYƏTİ (1920-Cİ İLLƏR)

09:00 / 25.01.2017

Azərbaycan xalqının dövlətçiliyi baxımından Xəzər dənizinin əhəmiyyətli yeri olmuş və vardır. Cənub dənizlərinə çıxış əldə etmək məqsədilə I Pyotrun səfərindən başlayaraq Rusiyanın da geostrateji siyasətində Xəzər dənizinin yeri və əhəmiyyətinin bir neçə əsrlik tarixi vardır.
Birinci dünya müharibəsinin sonunda Xəzər hövzəsi uğrunda beynəlxalq rəqabət kəskin məzmun almışdı. Böyük Britaniya, Rusiya, Almaniya, Osmanlı dövləti regionda hərbi qüvvələrlə qarşı-qarşıya gəldilər. Bakı nefti uğrunda mübarizə dünya siyasətinin tərkib hissəsinə çevrildi. V.Lenin “Rusiya Sovet Respublikası” üçün Bakının iqtisadi əhəmiyyətini “neft, işıq, enerji” kimi dəyərləndirirdisə, ingilislər Bakını “rus Mərkəzi Asiyasına qapı” hesab edirdilər. (3, s.105,110) “Bakı məsələsi” beynəlxalq məzmun aldı. 1918-ci ilin noyabrından etibarən Xəzər hövzəsi uğrunda əsas rəqiblər sovet Rusiyası və Böyük Britaniya idi. Bolşevizmə qarşı savaş Xəzər dənizindəki ingilis donanmasının əsas vəzifəsi sayılırdı. İngilis donanması komandanlığı Xəzər dənizinin şimal hissəsində bolşevik qüvvələrinin, dənizdən bolşevik müdaxiləsi təhlükəsinin və yerli bolşevizm təzahürlərinin qarşısını aldığını bildirirdi.(3, s.114)
Azərbaycan Xalq Cümhuriyyətinin müqəddəratında Xəzər dənizi və dəniz donanması mühüm rol oynamışdır.1919-cu ilin yazında Xəzər dənizində naviqasiya mövsümünün açılması ilə və sovet qoşunları tərəfindən Port-Petrovskın tutulacağı təqdirdə Xəzər-Qafqaz cəbhəsinin komandanlığı Bakı üzərinə sonrakı döyüş əməliyyatlarını genişləndirməyi planlaşdırmışdı.(3, s.114-115) Bakı üzərinə cənubdan hücum etmək məqsədilə Xəzər dənizinin cənub-qərb sahilində, Lənkəran rayonunda sovet qoşunlarının çıxarılması üçün strateji plasdarm yaratmaq da planlaşdırılmışdı. (3, s.115) Amma 1919-cu ilin mayında Həştərxan-Xəzər hərbi donanmasının uğursuzluqları sovet komandanlığını Bakı üzərinə hücumu daha gec müddətə təxirə salmağa vadar etdi. (3, s.115) Müstəqil respublikaların mövcudluğu dövründə Sovet Rusiyasının Qafqaza nəzarətini itirdiyi zaman Xəzər dənizi regionla əlaqəsinin strateji nəqliyyat məkanına çevrilmişdi. Sovet Rusiyasının hərbi və diplomatik səyləri iflasa uğradıqda Xəzər dənizi vasitəsilə Bakı nefti gizli şəkildə Rusiyaya çatdırılırdı. “Xüsusi dəniz ekspedisiyası” Xəzər dənizini Bakı-Rusiya arasında neft təchizatı müqabilində siyasi ədəbiyyat və hərbi sursat mübadiləsi körpüsünə çevirmişdi. “Xüsusi dəniz ekspedisiyası” dəstəsinə daxil olan qayıqlarla bolşeviklər üçün Həştərxana gizlicə neft və neft məhsullarının yola salınması, sovet Rusiyasından isə Bakıya pul, döyüş sursatı, siyasi ədəbiyyat” çatdırılması təmin edilmişdir (1, s.39). Gizli həyata keçirilən bu əməliyyatlar ingilislərin bütün Xəzər dənizinə nəzarət etdiyi və sonrakı dövrə aiddir. Bakıdakı ingilis komandanlığı Qafqazdan çıxmaq ərəfəsində Xəzər hərbi donanmasını “vahid və bölünməz Rusiya” uğrunda vuruşan Könüllü orduya vermişdi. Xəzər dənizindəki hərbi donanma geosiyasi maraqlar üçün istifadə edilən mühüm güc strukturu idi. “Könüllü ordu” komandanlığının məğlubiyyətinin qaçılmaz olduğunu gördükdə ingilislər bolşeviklərlə mübarizəni davam etdirmək üçün Xəzərdəki hərbi donanmanı Azərbaycan hökumətinə vermişdi. Bu fakt Sovet Rusiyası tərəfindən narahatlıqla qarşılanmışdı: Azərbaycana hücum zamanı donanma tərəfindən məhv edilə biləcəklərindən təşvişə düşülərək donanmanın fəaliyyətini iflic etmək qərara alınmışdı. (5, s.18) Sovet Rusiyasından təlimat alan bolşeviklər Xəzər hərbi donanmasında Azərbaycan dövləti əleyhinə fəal iş aparırdılar.1919-cu ilin ikinci yarısında Volqa-Xəzər hərbi donanması quruda və dənizdə bir sıra uğurlar qazandı.(3, s.121)
Sovet Rusiyası 1918-ci ilin yazında olduğu kimi, 1920-ci ilin yazında da Xəzər hərbi donanmasından məqsədyönlü istifadə etmişdir. 1920-ci ilin əvvəlində Qafqazla bağlı siyasətini fəallaşdırarkən Xəzər dənizindəki donanmanı bir amil kimi ciddiyyətə almışdı. Hətta V.Lenin Azərbaycan hərbi qüvvələrinin Xəzər dənizində Rusiya əleyhinə fəaliyyət göstərərək İngiltərəyə xidmət etdiyini qeyd edərək, Rusiyanın Denikinə qarşı birgə hərbi əməliyyatlar təklifinə etiraz etdiyinə görə xarici işlər üzrə xalq komissarlığına “Azərbaycan hökumətinə münasibətdə böyük təmkin və inamsızlıq siyasəti yürütməyi” tapşırmışdı. 1920-ci ilin mart-aprel aylarında sovet donanması bir sıra uğurlu döyüş əməliyyatları ilə Xəzər dənizində ağqvardiyaçı donanmanın əsas dayaq bazalarını məhv etmişdi.( 3, s.122) Bu və digər hərbi-siyasi hadisələr 1920-ci ilin yazında regionda geosiyasi vəziyyəti kökündən dəyişdirdi.(3, s.123) Sovet Rusiyasına Türkiyədəki milli-azadlıq hərəkatı öz maraqları naminə dəstək verdi. Bu amil Azərbaycan Cümhuriyyətinin devrilməsində “Bakı əməliyyatı”nın əhəmiyyətli tərkib hissəsi oldu. Volqa-Xəzər hərbi donanması da Azərbaycanda sovet hakimiyyətinin qurulmasında mühüm rol oynamışdır. Milli hökumət əleyhinə bolşeviklərin iş apardığı Azərbaycan donanması da 1920-ci il aprelin 27-də hökumət və parlament binalarını nişana almaq, hakimiyyətin bolşeviklərə təhvil verilməsi haqqında parlamentə ultimatum vermişdi.
Rusiyanın Cənubi Qafqaza yenidən qayıtmasında neft amilinin mühüm rol oynadığı şəksiz idi. (8) Xəzər dənizində “neft uğrunda mübarizə” sovet hərbi-dəniz qüvvələri qarşısında konkret vəzifə olaraq qoyulmuşdu.( 3, s.122) Xəzər dənizini Rusiya üçün əhəmiyyətli edən ən mühüm şərt Bakı neftilə bağlı idi: “Bakını almaq bizə olduqca və olduqca zəruridir”. (7, s.191) Hələ 1920-ci ilin yazında Leninin göndərdiyi – Baş neft idarəsinin üzvü A.P.Serebrovski Azərbaycan neft komitəsinin başında duraraq neft sənayesini Rusiyanın yanacaq bazasına çevirmişdi. Artıq Həştərxan limanına nefti Bakıdan gizli daşımağa ehtiyac yox idi. Bakı limanı Sovet Rusiyasının nəzarətində idi. Hətta mövcud neft ehtiyatının ixracat həcmi Həştərxan limanının qəbul edə biləcəyindən çox artıq idi. 1920-ci ilin naviqasiya mövsümündə 93 gəminin nəqli vasitəsilə 158.700.000 pud neft Həştərxana yola salınmışdı. (4, s.97-98)
Rusiyanın regionla bağlı əsas vəzifələrindən biri Xəzər dənizində tam hökmranlığa sahib olmaq, gələcəkdə belə, rəqibinə dənizdə hərbi qüvvə yaratmaq imkanına yol verməmək idi. Azərbaycan Xalq Cümhuriyyətinin devrilməsi ilə Xəzər dənizi üzərində nəzarət Sovet Rusiyasının əlinə keçdi. Azərbaycan milli hakimiyyətinin süqutundan 20 gün sonra, mayın 19-da Volqa-Xəzər flotiliyasının komandanı V.İ.Leninə teleqram vuraraq bildirirdi ki, Xəzər dənizində iki il ağalıq etmiş ağqvardiyaçı donanma bütünlüklə əsir alınmış və Sovet hakimiyyətinin Xəzər dənizində qarşıya qoyduğu döyüş vəzifələri tamamilə başa çatmışdır. Teleqramda yazılmışdı ki, bundan belə Rusiya və Azərbaycan sovet donanması “Sovet Xəzər dənizi”nin yeganə və tam hakimiyyətli sahibidir. (5, s. 50-51)
“Sovet Xəzər dənizi” ifadəsinin rəsmi yazışmaya daxil edilməsi bolşevik ideologiyasının məhsulu sayılmalıdır. Dənizin belə sovetləşdirilməsi xəbəri elə həmin gün flotiliya komandanı Raskolnikovun göndərdiyi digər bir teleqramda daha geniş coğrafiyaya iddiadan qaynaqlanır. Beləki, bir gün əvvəl, mayın 18-də “qırmızı donanma” bombardman etməklə, desant çıxartmaqla Ənzəli şəhərini tutmuşdu. Sovet donanmasının Xəzər dənizində həyata keçirdiyi 10 iri əməliyyatdan biri də Ənzəli əməliyyatı olmuşdur. Volqa-Xəzər hərbi flotiliyası üzrə 14 may 1920-ci il tarixli əmrdə əsas hədəf göstərilirdi ki, gələcəkdə dənizdə rəqibə yenidən hərbi qüvvə yaratmağa imkan verməmək və Xəzər dənizində hökmranlığı köklü şəkildə təmin etmək məqsədilə Ənzəlidə yerləşən bütün üzən vasitələri ələ keçirmək gərəkdir.(3,s. 124) Sovet Rusiyası Azərbaycan hərbi-dəniz qüvvələrindən istifadə edərək İranın Ənzəli limanına hücum etmiş, limandakı hərbi və ticarət gəmilərini əlinə keçirmişdi. Sinfi fərq olmadan İran əhalisinin sovet donanmasını salamlamasını Raskolnikov müsəlman Şərqinin dünya burjuaziyasından qurtuluş rəmzi kimi ifadə etmişdir. Xəzərdəki sovet donanmasının “xilaskarlıq” missiyasına siravi zabit və əsgərlər də daxil idi. XI ordu heyəti də Bakını tutmaqla “ümumdünya burjuaziyasının son dayağını” məhv edəcəyinə həqiqətən inanırdı. Xəzərə aidiyyətli xarici ölkə kimi İranın da əsas liman şəhərlərini nəzarətə almaqla Sovet Rusiyası bu dənizdə tam hökmrana çevrilmişdi. Beynəlxalq mülahizələr səbəbindən sovet hərbi gəmiləri mayın 26-da İranın ərazi sularını tərk etsə də, öz missiyasını tam olaraq yerinə yetirmişdi. (3, s.125) Bir gün əvvəl, mayın 25-də RK(b)P MK Siyasi Bürosu Şərq siyasəti, İran haqqında qəbul etdiyi qərarla İranın Ənzəli və Rusiyanın əlində olan digər məntəqələrindən donanmanı çıxartmağı və bunun, İranın daxili işlərinə qarışmaq niyyətinin tamamilə olmadığı səbəbindən sovet hökumətinin sərəncamına əsasən edildiyini bəyan etməyi tapşırmışdı. Şərq, İranla bağlı siyasətində riskə yol verməmək üçün Rusiya, gəmilərinin Kiçik xana daimi dəstək üçün gərəkli sayda olan bir hissəsini polis xidməti görüntüsü ilə, amma Azərbaycan bayrağı altında Ənzəlidə saxlamağı qərara almışdı.
Xəzərə sahib olmaq uğrunda hərbi-siyasi mübarizə 1920-ci ildə Rusiyanın qələbəsi ilə nəticələndi. Azərbaycana hərbi müdaxilə Xəzər hövzəsinin müqəddəratını Rusiyanın xeyrinə müəyyənləşdirdi. Həmin dövrdə Xəzər dənizini ən mühüm hövzə hesab edən Rusiya üçün Azərbaycanın ələ keçirilməsi, həyati məsələ kimi Bakı neftinə sahib olmaq və strateji mənada Şərqə yol açmaq mənasını kəsb edirdi. Bu səbəbdən də özünün Asiyadakı müstəmləkə mülkləri üçün təşviş keçirən Böyük Britaniya Rusiyanın Ənzəli limanını ələ keçirməsini böyük təhlükə hesab edirdi. Yarana biləcək qığılcımın bütün Orta Şərqi, Anadoludan Hindistanın şimal-şərq sərhədlərinədək alova bürüyə biləcəyini istisna etmirdi. (3, s.125)
Xəzər dənizini “Şərq siyasəti”ndə strateji bir plasdarm kimi istifadə edən Sovet Rusiyası Şərq xalqları qurultayını Bakıda çağırmağı nəzərdə tutmuşdu. Xəzər dənizi limanları Sovet Rusiyasının nəzarətində olduğundan qurultaya gələn nümayəndələri əngəlləmək üçün sərhəd bölgələrdə mümkün marşrut yollar və limanlarda maneələr yaradılırdı. Hətta İraqdakı ingilislər tərəfindən Xəzərin Ənzəli limanına hava hücumu edilib, qurultay nümayəndələrinin yerləşdiyi “Kursk” gəmisinin bombardman olunması sənədlərdə əksini tapıbdır. (6, s. 75) Məhz belə halların təsadüfi olmayacağını nəzərə alaraq Rusiya xüsusi hərbi kadrlar hazırlamağa diqqət verirdi. 1920-ci il sentyabrın 14-dən etibarən XI ordunun siyasi şöbəsi ordu hərbçiləri və əməkdaşları üçün şərqşünaslıq və şərq dilləri kursları açmışdı: ərəb-fars, türk və hind-əfqan fakültələrindən ibarət. (5, s. 114) Kursların Bakıda Şərq xalqları qurultayının keçirilməsindən dərhal sonra açılması təsadüfi deyildi. Sovet Rusiyası Bakını “ İranda və Xəzər dənizindən Şərqə doğru vilayətlərdə siyasi təbliğat mərkəzinə” çevirmişdi. (4, s.133)
Xəzər dənizinin Sovet Rusiyasının hakimiyyəti altında olması hələ təhlükəsizlik baxımından tam güvənli sayılmırdı. Rusiyanın Bakıya, Xəzər hövzəsinə birmənalı sahibliyi Böyük Britaniya hakimiyyətində təşviş yaratdı. Şərq siyasətində həssas məsələ kimi Xəzər hövzəsinin müqəddəratı Böyük Britaniyanı narahat etməyə bilməzdi. Bu istiqamətdə diplomatik səylərini fəallaşdıran İngiltərə Rusiyaya qarşı təzyiqlərini gücləndirirdi. 1920-ci ilin payızında Antanta tərəfdən Cənubi Qafqazda sovet hökuməti üçün təhlükə yaranmışdı. Oktyabrın sonunda İ.Stalinə teleqram göndərən V. Lenin Bakıya girişlərin qurudan və dənizdən möhkəmləndirilməsi üçün təcili tədbirlər hazırlamağı tapşırmışdı. (7, s.322) Rusiyanın qabaqlayıcı tədbirləri İranla bağlanmış müqavilə və sazişlərlə hüquqi gücə sahib oldu. Böyük Britaniyanı tutarlı zərbə ilə əzmək niyyətini Şərq hərəkatı sayəsində həyata keçirmək istəyən Rusiya üçün İran, xarici siyasətinin hədəfində olan dövlət idi. Şərqlə-İranla bağlı planlarını gerçəkləşdirmək üçün sovet Azərbaycanı xüsusi plasdarm sayılırdı. Rusiyanın İranla əlaqələrində Azərbaycanın oynadığı rol İngiltərə diplomatiyasında təşviş doğuran amil idi. İngiltərəni danışıqlara məcbur etmək üçün Rusiya Azərbaycan vasitəsilə İran inqilabına yardım göstərirdi. Rusiya beynəlxalq siyasətdə Xəzər limanlarında – “Moskvanın Ənzəli və Astaradakı əməliyyatlar üçün məsuliyyətdən imtinası”nı əsaslandırmağa çalışırdı. Xəzər dənizi Rusiya üçün Azərbaycan vasitəsilə sovet hakimiyyətini İrana ixrac etmək, daha dəqiqi İranı öz nüfuz dairəsinə daxil etmək siyasətində əhəmiyyətli rol oynayırdı. Bu siyasət RSFSR xalq xarici işlər komissarı G.Çiçerinin diplomatik yazışmalarında birmənalı ifadə olunmuşdur.
1921-ci ilin mayında Birinci Ümumazərbaycan Sovetlər qurultayında donanmanın nümayəndələri təbrik çıxışında Xəzər dənizinin sovet hakimiyyəti üçün əhəmiyyətindən bəhs etmişdir. Şərq ölkələri ilə əlaqələr üçün Xəzər dənizində sərbəst üzməyi təmin etməyin gərəkliyini bildirmişdi. 1921-ci ilin mayı üçün bu vəzifənin yerinə yetirildiyini göstərmiş, “Şərqin bütün məzlumları ilə ünsiyyətin” mümkünlüyünü bəyan etmişdir. (5, s. 156-157) Xəzər dənizində Azərbaycan Qırmızı donanmasının olması da məhz Şərq siyasəti baxımından gərəkli sayılırdı. Xəzər dənizində olan bütün gəmiləri Rusiya bayrağı altına keçirmək cəhdini tamamilə lüzumsuz sayan G.Çiçerin RSFSR ilə İngiltərə arasında sazişin bağlanacağı təqdirdə Rusiya bayraqlı gəmilərin İran hərəkatına kömək göstərməkdən imtina etməli olacaqlarını qeyd etmişdir. Xarici siyasətdə ağırlığı Şərqə yönəldən Rusiya geostrateji baxımdan Xəzər dənizində Azərbaycan SSR-nin öz bayrağı olan xüsusi donanmasının saxlanılmasını vacib sayırdı: “Ümumsiyasi mülahizələrə görə Azərbaycanın öz bayrağı olan xüsusi donanmasının saxlanılması hökmən vacibdir. RSFSR ilə İngiltərə sazişi təqdirində Rusiya bayraqlı gəmilər İran hərəkatına kömək göstərməkdən imtina etməli olacaqdır. Xəzər dənizində olan bütün gəmiləri Rusiya bayrağı altına keçirmək cəhdi tamamilə lüzumsuzdur”.(2) RSFSR xalq xarici işlər komissarı G.Çiçerinin bu məktubu Sovet Rusiyasının Xəzər dənizindən sosialist inqilabını ixrac etmək məqsədilə Şərq siyasətini gerçəkləşdirmək üçün faydalandığının bariz təsdiqidir. Azərbaycanın müstəqilliyi bir forma kimi, Xəzər dənizi bir plasdarm kimi Sovet Rusiyasının maraqlarına xidmət etmişdir. Bu formal müstəqilliyin göstəricisi olan müvafiq dövlət qurumlarını isə mərkəzi hakimiyyət separat orqanlar hesab edirdi. Xəzər dəniz nəqliyyatı komissarı V.İ.Leninə 4 oktyabr 1920-ci il tarixli məlumatında Azərbaycan respublikası ilə qarşılıqlı münasibətlərdən narazılıq edirdi: “RSFSR-in nəqliyyat üzrə bəzi dekretlərini, təsirini Azərbaycan ərazisinə yaymaq üçün Azrevkoma keçirtdikdə yerli mülahizələrə görə ya əsla qəbul edilməmiş, ya da qeyd-şərtlərlə qəbul edilmişdir... Xəzər dəniz nəqliyyatı Azərbaycanın himayəsindən azad olmalı və vahid mərkəzə - Moskvaya tabe olmalıdır”.(4, s.81-82) Komissarın iddiası bununla kifayətlənmirdi: “Neft donanmasına xidmət edən Azneftkomun material anbarları dəniz nəqliyyatına verilsin. Respublikanın mümkün ehtiyatları çərçivəsində Xəzər dəniz nəqliyyatının xammal, ərzaq, istehsalat geyimi, manufaktura və işçi qüvvəsi ilə təchizatı üçün Respublikanın ( ASSR nəzərdə tutulur-F.Ə.) bütün orqanlarına təsir göstərilsin”. (4, s.82) Ucqarlarda müstəqil idarəçiliyə qismən də olsa yol verməyən
Rusiyanın 1920-ci ildə Azərbaycana hərbi müdaxiləsi Xəzər hövzəsinə tam sahibliyini təmin etdi. Xəzər hövzəsi vasitəsilə Rusiya Azərbaycan hökuməti adından öz geosiyasətini reallaşdırmağa nail oldu. Rusiya Xəzər dənizində öz hərbi mövqeyini gücləndirməklə yanaşı dənizin beynəlxalq-hüquqi rejimini İranla nizamlaya bildi. (3, s.127) Bununla belə Rusiyanın geosiyasətində Xəzər dənizinin əhəmiyyəti o dərəcədə mühüm idi ki, hər hansı bir riskə yol verməmək üçün hərbi dəniz qüvvələri yüksək təchizata malik olmalı idi. Bu baxımdan Həştərxandan əlavə Bakı da dəniz qüvvələrinin hərbi bazası kimi Rusiya üçün əhəmiyyətli liman oldu. Hətta İranın Ənzəli limanında Xəzər dənizinin sovet dəniz qüvvələrinin hərbi gəmiləri daima xidmət edirdilər.(3, s.129) 1920-ci illərdə Xəzər dənizi ilə bağlı İranla aparılmış bütün danışıqlarda, bağlanmış saziş və müqavilələrdə Azərbaycan amili rol oynamışdır.
SSRİ dövründə belə Xəzər donanmasının hərbi əməliyyatları ( İran əməliyyatı, Stalinqrad döyüşü) Qafqazla, Azərbaycanla bağlı olmuşdur. İkinci dünya müharibəsinin başlanması ilə Xəzər hövzəsi, xüsusən Bakı rayonu olduqca mühüm hərbi-strateji əhəmiyyət daşımışdır.(3, s.129) Ümumiyyətlə, regionla bağlı ənənəvi beynəlxalq aktorlar qaldığı üçün, Rusiyanın geosiyasətində Xəzər dənizi üç əsrdən çoxdur ki, strateji əhəmiyyət daşımaqdadır.

ƏDƏBİYYAT
1. Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası, 2-ci cild, Bakı, 2005
2. Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Siyasi Sənədlər Dövlət Arxivi, surət fondu, № 310
3. Дарабади П. Геоистория Каспийского региона и геополитика современности. Баку, 2002
4. Əhmədova F.F. Nəriman Nərimanov-ideal və gerçəklik, Bakı, 1998
5. Интернациональная помощь ХI армии в борьбе за победу советской власти в Азербайджане. Документы и материалы (1920-1921гг.), Баку,1989
6. Гулиев Дж. Б. К истории образования второй республики Азербайджана. Баку, 1997
7. Lenin V.İ., Əsərlərinin tam külliyyatı, 51-ci cild
8. Səlimov Ş.D. Azərbaycan nefti beynəlxalq münasibətlərdə (1920-1922-ci illər), Bakı, 2005

Açar sözlər: Xəzər, Rusiya, Azərbaycan, Şərq, siyasət, İran, Qafqaz.

Ключевые слова: Каспий, Россия, Азербайджан, Восток, политика, Иран, Кавказ.

РЕЗЮМЕ
В статье исследуется роль Каспийского моря для России. На конкретных примерах находят свое отражение региональные и международные выгоды, которые имела Советская Россия в Каспийском море. Анализируется место и роль Каспийского моря в установление советской власти в Азербайджане и использование формальной независимости Советского Азербайджана в Восточной политике Советской России.

 

FİRDOVSİYYƏ ƏHMƏDOVA , Tarix üzrə fələsəfə doktoru, dosent

"Geostrategiya" jurnalı № 06 (36) NOYABR-DEKABR 2016


Etiket:

Strategiya.az

Xəbərlər
28.07.2021

Azərbaycan MN: Ermənistan atəşkəs rejiminin tələblərinə əməl etmir

28.07.2021

Mustafa Şentopla Ceyhun Bayramov görüş keçirib

28.07.2021

Tələbə təhsil kreditini 10 ilə qaytara bilər

28.07.2021

Mustafa Şəntop: Şuşa Bəyannaməsi Azərbaycan-Türkiyə əlaqələri üçün çox əhəmiyyətlidir

28.07.2021

Ərazi bütövlüyümüzə qarşı atılacaq hər hansı addımlar qətiyyətlə cavablandırılacaq - XİN

28.07.2021

Kəlbəcər istiqamətində gərginlik davam edir - MN

24.07.2021

“Qənərçay” qum-çınqıl yatağı hərrac qaydasında istifadəyə verilib

24.07.2021

Hazırda Ermənistan-Azərbaycan dövlət sərhədinin Kəlbəcər sahəsində vəziyyət sabitdir - MN

24.07.2021

Son 24 saatda dünyada koronavirusa 573 mindən çox yoluxma qeydə alınıb

24.07.2021

Bölmələrimiz tərəfindən havaya heç bir PUA qaldırılmayıb 

23.07.2021

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

23.07.2021

“Ltv 7” kanalının direktoru və bir neçə əməkdaşı barəsində cinayət işi başlanılıb

23.07.2021

Jerom Lamber: Qarabağ müharibəsinin əsas səbəblərindən biri Minsk qrupunun diplomatik uğursuzluğudur

23.07.2021

Prezident İlham Əliyev: Bu gün Ermənistanın siyasi gündəliyini müəyyən dərəcədə biz formalaşdırırıq və bu, həqiqətdir

23.07.2021

Prezident İlham Əliyev: Müharibədən ən çox əziyyət çəkən ölkə Azərbaycandır, amma pulu Ermənistana verirlər

22.07.2021

Rezidenturaya qəbul imtahanının 1-ci mərhələsinin 2-ci cəhdində iştirak etmək üçün qeydiyyat başa çatır

22.07.2021

22 iyul Azərbaycanda Milli Mətbuat Günüdür

22.07.2021

Prezident İlham Əliyevin adından Kəlbəcərdə şəhid olmuş jurnalistlərin ailələrinə mənzil sənədləri təqdim edildi

20.07.2021

Toya dəvət edilən qonaqlar içərisində koronavirus xəstəsi aşkarlandı 

20.07.2021

Qurban bayramı ilə əlaqədar bayram namazı qılınıb

20.07.2021

“Azeri Light” neftinin bir bareli 69,33 dollara satılır

20.07.2021

Zərdabda karantin qaydalarının pozulduğu toy məclisləri aşkarlanıb

20.07.2021

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

20.07.2021

Ermənistan XİN-in Azərbaycanı tarix və ərazi iddialarında ittiham edən açıqlaması növbəti cəfəngiyyatdır

20.07.2021

Naxçıvan istiqamətində mövqelərimiz atəşə tutulub, hərbi qulluqçumuz yaralanıb

16.07.2021

Ermənistan Naxçıvanda Azərbaycan Ordusunun mövqelərini atəşə tutub

16.07.2021

Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin İdarə Heyətinə sədr təyin edilib - SƏRƏNCAM

16.07.2021

Rusiya ilə Azərbaycan arasında sığorta Memorandumu imzalanıb

16.07.2021

Vətən Müharibəsi Qəhrəmanları üçün nəzərdə tutulan güzəştlər məlum olub - SİYAHI

16.07.2021

Ağdamda növbəti yeni hərbi hissənin açılışı olub

15.07.2021

Prezident İlham Əliyev Türkiyədə 15 iyul dövlət çevrilişi cəhdinin beşinci ildönümü ilə bağlı Ərdoğana məktub ünvanlayıb

15.07.2021

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar üzrə İşçi Qrupunun növbəti iclası keçirilib

15.07.2021

Səfirlik Azərbaycan vətəndaşlarını qısa zamanda Rusiya ərazisində hüquqi vəziyyətlərini tənzimləməyə çağırıb

15.07.2021

Prezident İlham Əliyevdən Ermənistana xəbərdarlıq: Sonra gec ola bilər

15.07.2021

Şükürbəyli-Cəbrayıl-Hadrut avtomobil yolunun tikintisi davam etdirilir

15.07.2021

Azərbaycan Ordusunun Şuşa ətrafındakı mövqeləri atəşə tutulub

13.07.2021

Leyla Abdullayeva: Azərbaycanın beynəlxalq sərhədləri çərçivəsindəki ərazisinə edilən hər hansı səfər Ermənistan tərəfindən şərh belə oluna bilməz

13.07.2021

İlin ikinci yarısında qlobal neft tələbatı sutkada 4,6 milyon barel artacaq

13.07.2021

Azərbaycana gələn 31 nəfərdə "Delta" ştammı aşkarlanıb

13.07.2021

Prezident İlham Əliyev-Qlobal səhiyyə böhranı fonunda “peyvənd millətçiliyi” narahatlıq doğurur

13.07.2021

COVID-19 sertifikatları artıq “myGov”da

13.07.2021

Prezident İlham Əliyev Rusiya Federasiyasının Baş nazirinin müavinini qəbul edib

13.07.2021

Hərbi qulluqçunun özünü öldürməsi ilə bağlı cinayət işi açıldı

13.07.2021

HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER

11.07.2021

İtkin düşən daha bir hərbi qulluqçunun şəhid olduğu müəyyənləşdi - Hərbi Prokurorluq

10.07.2021

DİN narkotikə qarşı təbliğat üçün vətəndaşlara müraciət edib

10.07.2021

Ermənistan Gədəbəy istiqamətində mövqelərimizi atəşə tutub - MN

10.07.2021

Azərbaycan neftinin qiyməti 77 dollara çatır

09.07.2021

Qəbul imtahanlarında bu suallar salınmayacaq 

09.07.2021

Qubadlı və Laçın rayonlarında Dövlət Sərhəd Xidmətinin iki yeni hərbi hissəsi xidməti istifadəyə verilib