SSRİ-NİN İFLASININ SƏBƏB VƏ NƏTİCƏLƏRİ HAQQINDA

11:50 / 22.05.2017

İbrahim Əliyev

Tarix üzrə fəlsəfə doktoru, dosent

XX əsrin 80-ci illəri dünyanın yarısından çox ərazisini və əhalisini əhatə edən sosializm sisteminin və onun başlıca mərkəzi olan sovetlər ittifaqının mövcudluğunun sonuncu onilliyi kimi tarixə daxil oldu. Hələ əsrin əvvəlindən ictimai-iqtisadi sistem kimi, meydana gələn sovet sosialist sistemi mövcud olduğu 70 ildən artıq bir dövrdə ziddiyyətli və ziddiyyətli həyat yaşamış, son məqamda kapitalizm dünyası ilə ölüm-dirim müharibəsində məğlub olaraq iflasa uğrasa da bir nəzəri praktik platforma olaraq öz əhəmiyyətini qoruyub saxlamışdır. İflasdan sonrakı dövrün tarixi göstərir ki, bəşəriyyət sosializm təlimindən tam imtina edə bilmir, zaman-zaman bu nəzəriyyəyə və onu praktik tarixinə müraciətlər, onun ətrafında aparılan diskusiyalar onun birmənalı inkarının olmadığını sübut edir. SSRİ-nin dağılması, sosializm dünyasının kapitalist dünyası ilə uzun illər boyu davam edən “soyuq müharibədə” məğlub olaraq iflas etməsinə münasibət bu gün müxtəlifdir. Onun nəticələri dövlətlərin fərdi maraqlarından asılı olaraq fərqli dəyəndirilir. Lakin zaman keçdikcə həmin hadisə və proseslərə adekvat qiymət verilməsi, nəticələrin düzgün qiymətləndirilməsi təkcə tarixi ədalətin təsdiqi xatirinə deyil, həm də dünyada müasir dövrdə gedən proseslərə təsiri baxımından vacibdir.
Qeyd etmək lazımdır ki, sosializm nəzəriyyəsi kiminsə uydurması deyildir və onun meydana çıxması bəşəriyyətin sosial ədalət axtarışlarının nəticəsi idi. Onu bir nəfərin, bir siyasi cərəyanın, bir fəlsəfi bünövrənin adı ilə bağlamaq düzgün olmazdı. İnsanlığın can atdığı sosial ədalət cəmiyyətinə çatmaq fikrinə hər teoretik və ya fəlsəfi cərəyan özünəməxsus şəkildə yanaşır və özünəməxsus həllini təklif edir. Onların hər birinin mənfi və müsbət, zəif və güclü cəhətləri vardır ki, onlar da özlərini praktikada tətbiq olunduqları zaman əyahi şəkildə büruzə verir, prosesin gedişinə müvafiq şəkildə təsir göstərir. Bu mənada belə bir dövlətin və onun malik olduğu ictimai-iqtisadi sistemin iflası da çoxmənalıdır.
Tədqiqatçıların müxtəlif səpkili əsərlərində SSRİ-nin iflasına münasibət, bu hadisənin baş verməsinin müsbət və ya mənfi cəhətdən dəyərlənməsi də bir birini əvəz edir.
SSRİ-nin iflası nə dərəcədə tarixi inkişafın qanunauyğun gedişinin nəticəsi idi və ya burada subyektiv amillər nə dərəcədə həlledici rol oynayır. Bu suallara dəqiq cavabın olmadığı kimi onun birmənalı dəyərləndirilməsi də bu vaxta qədər mümkün olmamışdır.
SSRİ-nin dağılması onun tərkibinə daxil olan millətlərin həyatında fərqli nəticələrə gətirib çıxarmışdır. Müstəqillik əldə etmək hər bir xalqın arzusudur. Lakin bu məqsədə yetməyin reallığından asılı olaraq onun arzuolunan və qüsurlu, tam və ya yarımçıq, vaxtında və ya əlverişsiz məqamda və vəziyyətdə əldə olunması mühüm əhəmiyyət kəsb edir.
SSRİ doğrudandamı xalqlar üçün həbsxana və onları əsarətdə saxlayan imperiya idi. Doğrudanmı 70 ildən artıq bir dövrdə aparılan siyasət ancaq bədbəxtlik gətirmişdi və istənilən qiymətə bu imperiyanın dağıdılması və onun ərazisindəki xalqların müstəqil dövlətlərə çevrilməsi yeganə ədalətli çıxış yolu idi?!
Dünyada millətlərarası münasibətlər sahəsində iki istiqamətdə proseslər gedir. Onlardan birincisi hər bir xalqın və millətin can atdığı milli müstəqillik, müstəqil dövlətin yaradılması, milli maraqların təmin edilməsidir. ikincisi xalqlarin və millətlərin yaxinlaşmasi, ümumi sosial-iqtisadi, mədəni məkanın formalaşması, qloballaşma nəticəsində dünyanın bütövləşməsi və bütün insanların maraqlarının təmin olunduğu hüquqi, mənəvi mühitin bərqərar olmasıdır. Bu zaman ictimai quruluşundan, dil, din, irq, mədəni mənsubiyyətindən asılı olmayaraq maraqlar ümumiləşir və onların nəzərə alınması aktuallıq kəsb edir.
Bununla yanaşı bütövləşən dünyada hegemonluq uğrunda mübarizə münaqişə ocaqlarının yaranmasına gətirib çıxarır. Buna görə də hər bir xalqın maraqlarının təmin edilməsi nəinki özü-özlüyündə baş vermir, əksinə onun üçün müasir ictimai-siyasi durumda gərgin mübarizə aparmaq lazım gəlir. Qloballaşma yer üzərində yaşayan bütün insanların hüquq və haqqlarının vahid müstəviyə çıxarılması ilə yanaşı, onların həlli üçün ümumi norma və prinsiplərin formalaşması çətin mübarizə şəraitində baş verir.
Sovet dövlətinin yaranmasından əvvəl ədalətli cəmiyyətin yaradılması üçün işlənib hazırlanmış nəzəri platforma və prinsiplər olduğu kimi reallaşa bilməmişdi. Nəzəri cəhətdən ideal olan postulatlar həyata tətbiq edilməsi anında dəyişir. Ayrı-ayrı maraqlar üzündən başlanğıc dəyərlərdən uzaqlaşır. Digər tərəfdən nəzəriyyənin özünün çatışmayan cəhətləri, habelə ayrı-ayrı rəhbərlərin səhvləri, şəxşi mövqeyindən və maraqlarından irəli gələn məqsədyönlü hərəkətləri, bu və ya digər prinsipial məsələlərə şəxsi baxışları vəziyyətə əsaslı şəkildfə təsir edir.
Müasir dövrdə mübahisə doğuran məsələlərdən biri SSRİ-nin iflasının səbəbləridirr. Bu mənada fikirlər parçalanır. Bir sıra mütəxəssislər və tədqiqatçılar hesab edirlər ki, sosializmin imkanları 1980-cı illərə artıq tükənmişdi və edilən cəhdlərə baxmayaraq onun iflasının qarşısını almaq mümkün deyildi. Yanlış nəzəri müddəaların üzərində qurulmuş cəmiyyət tarixi inkişafın məntiqi nəticəsi olaraq, iflasa məhkum idi ki, bu da baş verdi. (1,2,3,4,7,10)
Xeyli müəlliflər bu fikirlə tamamilə razılaşmır, hesab edirlər ki, ölkədə hakimiyyətə gətirilən güvvələr xarici dövlətlərin aktiv dəstəyi ilə SSRİ-ni uçuruma aparmışlar. Onlar faktlar və rəqəmlərin dili ilə sübut etməyə çalışırlar ki, bu iflas SSRİ-yə və sosializmə qarşı yönəlmiş qlobal bir planın nəticəsi idi. Onların fikrincə, M.Qorbaçov öz komandası ilə hakimiyyətə gələrək Qərbin təxribat planını həytata keçirmiş, xilas edilməsi mümkün olan SSRİ-ni və sosializm dünyasını məhvə qovuşdurmuşlar. (5,10,11)
Hər iki nəzər nöqtəsinin kifayət qədər dəlilləri vardır. Bu vaxta qədər aparılmış tədqiqatlar sübut edir ki, reallığa adekvat olan nəticələr əldə etmək üçün ətraflı araşdırmaların aparılmasına böyük ehtiyac vardır. Çünki hər iki mövqedə həqiqətəuyğun məqamlar kifayət qədər çoxdur.
Hər şeydən öncə ondan başlamaq lazımdır ki, sovet dövlətinin təməlində dayanan sosializm nəzəriyyəsi heç də qüsursuz deyildir. Bu təbii bir haldır. Onların çatışmayan cəhətləri zaman keçdikcə və praktikada həyata tətbiq edildikcə cilalanmalı və korrektə edilməli idi. Bu cür çatışmayan cəhətlərin təhlükəsi də o qədər böyük deyildir. Belə ki, məqsədlər düzgün olduqda onun reallaşması yolunda da ziddiyyətlər həllolunan olmalıdır. Bütövlükdə insan cəmiyyətinin daim tarazlığa və ədalətli duruma can atması onun inkişaf səviyyəsindən asılı olaraq başlıca məcranı təmin edir. Bugünkü durum müasir mərhələdə bəşəriyyətin inkişafının real vəziyyəti ilə şərtlənir.
Sosializm təlimində demək olar ki bütün müddəalar ilk baxışda ədalətli xarakter daşıyır. Çatışmazlıqlar ifrat anlamlar və yanlış təsəvvürlərlə bağlıdır ki, onlar da praktik mərhələdə çox tezliklə özünü büruzə verir. 1980-ci illərin əvvəllərində sovet dövlətinin ictmai-siyasi, iqtisadi və mədəni həyarında kök salmış böhran açıq şəkildə etiraf edilməyə başladı. Hakimiyyət yükünü çiyninə götürən yeni hakimiyyət mövcud problemləri etiraf etmədən fəaliyyət göstərə bilməzdi. Yeni dövrdə ölkəni böhranın məngənəsindən xilas edilməsi ciddi islahatlar tələb edirdi.
Sovet dövlətinin malik olduğu tarix ərzində ictimai həyatım müxtəlif sahələrində millətlərin məruz qaldığı ayrıseçkilik və ədalətsizliklər bu dövlətin köklü dəyişikliklərə ehtiyacını zəruri edirdi. Lakin ölkədə neqativ tendensiyalar nəinki aradan qalxmır, ölkə həyatında müşahidə edilən problemlərin dərinləşməsi şəraitində daha da güclənirdi. Sovet dövlətinin milli respublikalar, o cümlədəın Azərbaycan üçün mənfi və müsbət cəhətləri aşkar idi. Mənfi cəhətlər bir tərəfdən cəmiyyətin söykəndiyi nəzəri əsaslardan və bütövlükdə sovet cəmiyyəti üçün xarakterik olan neqativ meyylərdən irəli gəlirdisə, digər tətəfdən subyektiv amillərdən qaynaqlanırdı. Zaman keçdikcə sovet cəmiyyətinin ictimai həyatının bütün sahələrində mövcud olan problemlər və əyintilər bu çatışmazlığı daha da dərinləşdirir və daha bəlalı proseslərə yol açırdı. Bu münasibətlər rep­ressiyalarda, milli kadrların idarəçilik sisteminə buraxılmamasında, respublikaların maliyyələşdirilməsində və çoxsaylı digər məqamlarda açıq-aşkar şəkildə görünürdü.
Sovet dövlətinin iflasının səbəblərindən danışarkən bu amillərə də diqqət yönəltmək vacibdir. Milli əyalətlər üçün nə daha məqbul idi: Sovet dövlətinin dağılması və nəyin bahasına olursa-olsun millətlərin öz müstəqilliyinə qovuşması və ya sovet cəmiyyətinin mahiyyətində olan neqativ cəhətlərin, ədalətsiz prinsiplərin, qərəzli siyasət praktikasının aradan qaldırılması, bu dövlətin bütün hüquqi sənədlərində bəyan olunmuş humanist prinsiplərə uyğun vəziyyətə gətirilməsi, o cümlədən xalqların öz müqəddəratını təyin etmək hüququnun real olaraq təmin edilməsi.
Deyilənləri ümumiləşdirərək, Sovet dövlətinin 1980-ci illərdə iflasını şərtləndirən başlıca amillər kimi aşağıdakı məqamları göstərmək olar:
- Sosializm nəzəriyyəsinin əsasında duran bir sıra prinsiplərin mütləqləşdirilməsi: xüsusi mülkiyyətin tam inkarı, maddi maraq prinsipinin nəzərə alınmaması, iqtisadi münasibətlər sisteminin qanunlarının rədd edilərək qondarma prinsiplərin tətbiqi, cəmiyyətin parçalandırılaraq proletariatın simasında bir sinifin başqaları üzərində fövqəlqüvvə kimi qəbul edilməsi – bütün bu yanlış müddəalardan sovet hakimiyyətinin ilk illərində Yeni İqtisadi Siyasət kursunun yeridilməsi zamanı imtina edilmişdisə də, sonradan onlar tam gücü ilə cəmiyyətə zorla qəbul edildi. Belə bir münasibətin üzərində təşəkkül tapmış totalitar ictimai-iqtisadi, sisyasi ideoloji sistem sovet dövlətinin və ondan sonra onun nümunəsi əsasında yaranmış sosializm düşərgəsi dövlətlərinin zəifləməsi və çökməsi üçün münbit şərait yaratdı.
- Sovet dövləti çoxmillətli bir dövlət olataq bu keyfiyyəti Rusiya imperiyasından irsən qəbul etmişdi. Bəyan olunmuş internasionalist prinsiplərin və təbliğatın ziddinə olaraq sovet dövləti imperiya Rusiyasının millətlərə münasibətdə yeritdiyi siyasəti cüzi dəyişikliklərlə davam etdirirdi. Partiya və dövlət sənədlərində milli məsələnin bütün ziddiyyətlərinin həll olunduğu iddia edilsə də, sonrakı tarix bunun əksini əyani şəkildə sübut etdi. Millətlərarası münasibətlərdə mövcud olan ziddiyyətlər böhran zamanında daha qabarıq şəkildə üzə çıxaraq, münaqişələr üçün zəmin yaradırdı. Digər tərəfdən sovet cəmiyyətinin dağılma anında maraqlı qüvvələr həmin amildən geniş şəkildə istifadə edirdi. Milli münaqişələr obyektiv səbəblərlə yanaşı daha çox subyektiv səbəblərlə bağlı olmuşdar. Cəmiyyətin həyatının ən həssas məsələlərindən biri olan milli-etnik münasibətlər regional münaqişələrin alovlandırılmasında geniş istifadə olunmuşdur. Bu səbəbdən də potensial olaraq milli narazılıqlar özəklərinin qorunub saxlanması sosializmin mahiyyətindən deyil, imperiya maraqlarından qaynaqlanırdı.
- İqtisadi münasibətlər sistemində olan yarımçıqlıq, obyektiv iqtisadi qanunların nəzərə alınmaması və tez-tez pozulması bir tərəfdən iqtisadi inkişafın məntiqini pozması ilə yanaşı bu sahədə neqativ tendensiyaların güclənməsinə, cəmiyyət üçün bəlalı nəticələrə gətirib çıxaran amillərə çevrilmişdir. İdarə edilməsi günbəgün çətinləşən, inkişafı ləngidən, çeviklikdən uzaq mərkəzləşmiş sovet idarəetmə sistemi zaman keçdikcə daha ağır vəziyyətə düşür, günbəgün atran neqativ hallar, korrupsiya, talançılıq və s. ölkənin ictimai-iqtisadi həyatında ağır problemlərə yol açırdı.
- Daxili problemlərlə yanaşı ölkənin maddi durumuna, təsir edən xarici amillər öz sözünü deyirdi. Onların sırasına yarandığı gündən kapitalizm dünyası ilə aparılan düşmənçilik, dünya sosializm hərəkatına sərf olunan nəhəng vəsaitlər, silahlanmaya ayrılan potensial, dünyanın hər yerində permanent inqilablar ideyasını həyata keçirmək üçün sərf olunan güc, vəsait onu zəiflədən amillərdən idi. Xüsusən də İkinci dünya müharibəsindən sonra xarici təsir daha da artmış, dövlətin potensialının böyuk hissəsinin öna yönəlməsinə səbəb olmuşdu. Soyuq müharibə, silahlanma yarışı ölkənin malik olduğu resursların ən çox hissəsini özünə cəlb etməklə böyük problemlər yaradırdı.(6,8,9, 10,12,13)
İkinci dünya müharibəsindən sonra hakimimiyyətdə baş verən Stalin rejimindən uzaqlaşma və yumşalma bir tərəfdən demokratiyanın güclənməsinə, repressiyaların azalmasına səbəb olurdusa, digər tərəfdən neqativ meyillərin artmasına şərait yaradırdı. Bu neqativ meyyilər artıq 1970-80-ci illərdə ictimai həyatın müxtəlif sahələrində ciddi problemlərin yaranmasına gətirib çıxardı. Ölkədə bir sıra islahatların keçirilməsinə cəhdlər edilsə də, onlar hər dəfə yarımçıq qalmış, vəziyyətin daha da ağırlaşmasına səbəb olmuşdu. 1960-80-ci illərində qarşısı alınmayan və günbəgün dərinləşən neqativ meyillər ölkənin həyatının bütün sahələrində böhranın dərinləşməsinə gətirib çıxardı. Gurultulu ideoloji təbliğat ictimai-iqtisadi həyatda baş alıb gedən problemlərin qarşısını almaq iqtidarında deyildi.
1982-ci ildə Leonid Brejnevin ölümü mövcud problemlərin bütün çılpaqlığı ilə ortaya qoyulmasına və etiraf edilməsinə səbəb oldu. Bu vaxta qədərki reallıqlar müxtəlif yollarla ört-basdır edilirdi, lakin bu işlərin başında dayanın Baş katibin ölümü cəmiyyəti, dövləti və hakim partiyanı ağır faktla üz-üzə qoydu. Hakimiyyətə gələn yeni şəxslər bu vaxta qədər yığılıb qalmış problemlərin altına köhnə qaydada girmək istəmirdi. Onlar mövcud vəziyyəti qeyd edərək öz başlanğıc nöqtələrini müəyyənləşdirməyə məcbur idilər. Yalanın limiti artıq çoxdan qurtarmışdı. Buna görə də problemlər açıq şəkildə etiraf edilməli, onların həlli üçün ciddi addımlar atılmalı, geniş islahatlar aparılmalı idi. Burada yarımçıq işlərdən söhbət gedə bilməzdi. Ölkə iki yolayrıcında dayanmışdı. Dövlətin və cəmiyyətin hayatında olan əyriliklərə son qoyulmalı, sosializmin bünövrəsində dayanan prinsiplərin düzgün işlədilməsinə qayıdılmalı, iqtisadiyyatda hərc-mərcliyin, özbaşınalığın, talanın, korrupsiyanın qarşısı alınmalı, həqiqətən sosial ədalətli rejimin bərqərar olunmasına nail olunmalı, millətlərin hüquqlar, tam təmin edilməli və ayrı-seçkilik siyasətinə son qoyulmalı idi. Əks halda SSRİ-nin iflası, sosializm düşərgəsinin dağılması labüd idi.
İkinci variant daha çox şansa malik idi. Uzun illər boyu ölkənin həyatının bütün sahələrini bürümüş neqativ reallıqlar cəmiyyətin içərisində özünün tərəfdarları ordusunu yaratmış, zəhmətkeş əhalinin inamını qırmış, ölkədə dövlətin və sosializm quruluşunun taleyinə biganəlik kök salmışdı. Yeni hakimiyyətdən isə məhz həmin problemlərin aradan qaldırılması, sözü ilə yeritdiyi siyasətin üst-üstə düşən bir hakimiyyətin yaradılması tələb olunurdu.
Sovetlər ittifaqınınn başlıca problemi həyati resursların çatışmazlığı deyildi. Ölkənin maddi ehtiyatları kifayət qədər böyük idi və dünyanın ən varlı ölkəsi ilə rəqabət apara bilərdi. Başlıca problem siyasi hakimiyyətin aşınmasında, iqtisadi münasibətlərin ciddi pozuntularında, idarəetmənin şişərək ağırlaşması və çevikliyini itirməsində, ölkədə korrupsiyanın və digər neqativ bəlaların kök salmasında idi. Bu cəhətlər gücləndikcə ölkənin üzərində dayandığı mənəvi durum da sarsılır, cəmiyyətin bütün kateqoriyalarında inamsızlıq, biganəlik, nihilizm dərinləşirdi. Cəmiyyət iqtisadi, siyasi, mənəvi, ideoloji böhran yaşayırdı.
Sovet cəmiyyəti və ona daxil olan bütün sosial təbəqələr və millətlərin heç də hamısı bu dövlətin və sosializm sisteminin dağılmasını istəmirdi. Əhali vəziyyətin düzəlməsinə ümid edirdi. Rasional addımları dəstəkləyirdi. Çünki mövcud rejimin iflası və sovetlər birliyinin dağılması çoxsaylı müsbət meyillərə də yol açsa da, o, ilk növbədə fəlakətlərə, toqquşmalara, milli münaqişələrə, kataklizmlərə gətirib çıxarırdı. Son məqamda millətlər öz müstəqilliklərinə qovuşsalar da, bu çox baha başa gəlirdi. Sadə insanların gərgin əməyi nəticəsində əldə edilmiş nailiyyətlərin itirilməsi, ölkənin sərvətlərinin qısa müddətdə talan edilməsi yolu ilə başa gəlirdi. Buna görə də sovetlər dövlətinin sivil yolla ədalətli sonluğa qovuşması daha arzuolunan nəticə ola bilərdi.
1982-ci ildə SSRİ-yə rəhbərliyin ağırlığını öz üzərinə götürmüş Yuri Andropov və onun komandası deyilən istiqamətdə islahatlara başladılar. İlk növbədə ölkədə neqativ meyillərin qarşısını almaq, korrupsiya və rüşvətxorluğa son qoymaq, ölkədə əmək intizamına nail olmaq, qanunçuluğu möhkəmləndirmək istiqamətində fəaliyyət həyata keçirilməyə başlandı. Həmin ildə Sov.İKP MK Siyasi Bürosuna üzv qəbul olunmuş Heydər Əliyev də həmin komandanın başlıca fiqurlarından biri olmaqla həmin siyasətin yeridilməsində müstəsna rol oynayırdı. Bu zaman onun 1969-cu ildə Azərbaycanda hakimiyyətə gəlişindən sonra apardığı siyasət, ictimai həyatın bütün sahələrində qısa müddətdə əldə etdiyi nailiyyətlər, xüsusən respublikada hərc-mərcliyə son qoyulması, korrupsiya və rüşvətxorluqla mübarizədə qazandığı uğurlar və müsbət təcrübə sovetlər ölkəsinin ali rəhbərliyi üçün qiymətli idi. Onun belə bir çətin vaxtda mərkəzi hakimiyyətə cəlb edilməsi və ona ictimai-siyasi həyatın ən mürəkkəb sahələrinə kurasiya vəzifəsinin həvalə edilməsi səbəblərində biri də məhz onun şəxsi keyfiyyətləri və zəngin təcrübəsi olmuşdu.
Heydər Əliyevin də daxil olduğu komandanın SSRİ-ni islah etmək, onu neqativ cəhətlərdən təmizləmək, sözün tam mənasında əbalətli quruluşa və mahiyyətə malik, bütün millətlərə ayrı-seçkilik qoyulmadan maksimum inkişaf şəraitinin yaradıldığı, vətəndaşların haqqlarının tam təmin olunduğu mühitin yaratmaq iradəsi onların atdığı addımlarda, qəbul etdikləri strateji sənədlərdə özünü büruzə verirdi. Y.Andropovun Baş katib olduğu dövr problemlərin birbaşa qoyulması və onların radikal həllinə yönəlmiş islahatlarla fərqlənir. Bu təkcə hakim kommunist partiyasının götürdüyü kursda deyil, cəmiyyətin özündə gedən canlanmada hiss olunurdu. Düzdür, məsələlərin sərt qoyuluşu, ciddi yoxlamalar, məhdudiyyətlərin tətbiqi insanların həyatında müəyyən çətinliklər yaratsa da, cəmiyyət onu dəstəkləyirdi. İnsanlar uzun illər davam edən pozuntuların və neqativ halların aradan qaldırılmasına ümid edir, çətinliklərər və qoyulmuş qadağalara başa düşməklə yanaşır, rəğbətlə qarşılayırdılar.
Lakin Y.Andropovun ölümü başlanmış işlərin yarımçıq qalmasına səbəb oldu. Hakimiyyətə gətirilmiş K.Çernenkonun dövründə yadda qalan məqam ondan əvvəl başlanmış islahatların dondurulması və Brejnev dövrünə uyğun mühitin bərpası oldu. Nəhayət, 1985-ci ilin martında M. Qorbaçovun Baş katib postuna yüksəldilməsi ilə SSRİ-nin iflasına son təkan verilmiş oldu.
Biz bu vaxta qədər ancaq daxili amil üzərində dayandıq. Nəhəng bir imperiyanın iflası üçün yaranmış zəmini qeyd etdik. Lakin bu prosesdə xarici amilin rolu kifayət qədər böyükdür. Bu mübarizə Sovet dövlətinin tarix səhnəsinə çıxmasının ilk günündən onunla ölüm-dirim müharibəsinə başlayan kapital dünyası onu son ana kimi aparmış, müxtəliv vasitələrdən istifadə etmişdir. Bu mübarizə müxtəlif dövrlərdə müxtəlif formalarda aparılmışdır Bu müharibədə hər bir amildən, o cümlədən sovet dövlətinin və digər sosialist dövlətlərinin daxili problemlərindən geniş istifadə etmişlər. Sovet dövlətinin gücündən və potensialından, əhalinin əzmindən asılı olaraq nəticələr də ona uyğun olmuşdur. Məsələn, İkinci dünya müharibəsində sovetlər dövlətini nəinki məğlub etmək mümkün olmadı, o, bu müharibədən daha da möhkəmlənmiş halda çıxdı, sosializm bir ölkə çərçivəsindən çıxaraq dünya miqyaslı düşərgəyə çevrildi. İki dünya düşərgəsinin müharibəsinin yeni fazası İkinci dünya müharibəsindən sonra “soyuq müharibə” adı ilə davam edərək 1980-ci illərin axırına kimi davam etmiş, sosializm düşərgəsinin və onun lider dövləti olan SSRİ-nin iflası ilə başa çatmışdır.
Sovet dövlətinin bütün tarixi dövründə onun daha ağır vaxtları olmuşdu. Lakin o zaman xarici təzyiqlərin qarşısı alınmış, SSRİ-nin bütün dünya hegemonluğu uğrunda mübarizədə yüksək mövqeyi təmin edilmişdi. Lakin sonradan dövlətin daxilində gedən neqativ proseslər onu içəridən zəiflətdikcə xarici təzyiq daha çox təsirə malik olmuşdur.
K.Çernenkonun dövründə islahatların dayandırılması ilə SSRİ-ni xilas etməyin sonuncu cəhdi iflasa uğradı. Ondan sonra gedən proseslər iflas prosesini sürətləndirdi. “Perestroyka” adı altında atılan addımlar dövləti xilas etmək iqtidarında deyildi. Görülən işlərin ziddiyyətliliyi, hər bir növbəti addımın özündən əvvəlkini inkar etməsi quruculuqdan daha çox dağıdıcılığa xidmət etdiyini əyani şəkildə büruzə verirdi. İctimai həyatın bütün sahələrində həyata keçirilən tədbirlər qeyri-ardıcıl olduğundan, bir-birini tamamlamadığından ölkədəki ictimai-iqtisadi durumu xaosa yaxınlaşdırırdı. İdarəetmənin məntiqi artıq itirilmişdi. Əhali kütlələrinin inamından və dəstəyindən günbəgün uzaq düşən siyasi hakimiyyətin hər bir sahədə atdığı addımlar dövlətin süqutunu yaxınlaşdırırdı.
SSRİ-də yaranmış ictimai-iqtisadi, siyasi və mənəvi böhran sosializm düşərgəsinin digər dövlətlərində özünəməxsus şəkildə əks olunur, onlarda mövcud rejimə qarşı kitləvi hərəkatın genişlənməsinə səbəb olurdu.
SSRİ-nin milli respublikalarında da yaranmış böhran fərqli effekt doğururdu. Baltikyanı ölkələrdə SSRİ-dən ayrılmaq uğrunda başlamış hərəkat Qərbin dəstəyi və fəal müdaxiləsi sayəsində daha güclü təsir bağışlayırdı. Bütövlükdə isə milli münaqişə ocaqlarının alovlandırılması, milli zəmində törədilən təxribatlar, yeni ittifaq müqaviləsi ətrafında avantürist hərəkətlər çoxmillətli dövlətin bu sahədə uzun illər formalaşmış birliyinə zərbə vurur, partiya və dövlətin milli münasibətlər sahəsində ayrıseçkilik siyasətini aşkar edirdi.
Nəticə olaraq qeyd etmək istərdik ki, SSRİ-nin iflasının kökündə cəmiyyətdə günbəgün güclənən və dərinləşən neqativ proseslər nəticəsində yaranmış vəziyyətdə daxili və xarici qüvvələrin birgə dağıdıcı fəaliyyəti dayanır. Bu təkcə bir onillik ərzində baş verən proses deyildi. Uzun illər boyu sovet dövlətinə qarşı aparılan məqsədyönlü iş nəhayət 1980-cı illərin axırlarında öz məntiqi nəticəsinə gətirib çıxardı. Bu məsələdə hansısa bir amili mütləqləşdirərək iflası onunla bağlamar düzgün deyildir. Burada hər bir amil öz rolunu oynamış, təsirini göstərmişdir. Lakin onların içərisində bir sıra amilləri bir daha vurğulamaq yerimə düşərdi.
Onlardan ən vacibi kimi sovet rejiminin cəmiyyətin dəstəklərindən məhrum edilməsini göstərmək lazımdır. Bu dövləti məhv etmək üçün kommunist ideologiyasının həqiqi məqsədlərinin ifşa edilərək insanlarda ona olan inamın sarsıdılması, onların neytrallaşdırılması idi.
SSRİ-nin yaşaması və inkişaf etməsi üçün, demək olar ki, hər şey var idi. Ölkənin maddi imkanları, gücü, hərtərəfli potensialı kifayət qədər yüksək idi. Çatışmayan cəhət dövlət idarəçiliyində yaranmış eybəcər reallıqlar, korrupsiya və rüşvətxorluğun bütün həyatı iflic etməsi, yalançı pafos, boşboğazlıq, ölkə sərvətlərinin talan edilməsi, dövlətin və hakim partiyanın ədalətinə inamın sarsılması, hakimiyyətin legitimliyinin itməsi oldu. Bu amillər ölkənin daxilində olan maraqlı qüvvələrə və onunla əbədi müharibə aparan xarici qüvvələrə öz niyyətlərini yerinə yetirməyə imkan verdi. SSRİ-nin və digər çoxmillətli sosialist dövlətlərinin iflası ona daxil olan millətlərə öz müstəqilliklərinə qovuşmağa imkan versə də, bu çox ağır və əzablı yollarla baş verdi.
SSRİ-nin dağılmasının və iflasının alternativi sosialist sisteminin öz təməl prinsiplərinə dönməsi yolu ilə neqativ əlamətlərdən təmizlənməsi, cəmiyyətdə qanunların aliliyi şəraitinin təmin edilməsi, millətlərə azad inkişaf üçün maksimum şəraitin təmin edilməsi, ədalətli zəmində vahid ictimai-iqtisadi və mədəni məkanın formalaşmasına nail olunması ola bilərdi. Bunu etmək isə böyük iradə, insanpərvər mövqe, humanist istək tələb edirdi.
SSRİ-ni xilas etmək, onun dağılmasından doğan fəlakətlərin qarşısını almaq, ölkənin ictimai-iqtisadi həyatını neqativ amillərdən təmizləyərək mütərəqqi inkişafa nail olmaq mümkün idi. Lakin obyektiv və subyektiv səbəblər üzündən şans itirilmişdi. Nəticədə sosializm sisteminin əlehdarları olan artan qüvvələr yaranmış böhrandan istifadə edərək istədiklərinə nail oldular. Milli respublikalar öz müstəqilliklərinə qovuşsalar da, bu yolda müqayisəyə gəlməyən ağır itkilər verdilər.
Qeyd etmək lazımdır ki, SSRİ-nin süqutu bu gün də davam edən fəlakətli proseslərə təkan verdi. Yeni dünya nizamının formalaşması, dünyanın yenidən bölüşdürülməsi uğrunda başlayan mübarizə özünün yeni fazasına daxil olmuşdur. Bu fundamental məqamlara düzgün qiymət verilməsi yeni şəraitdə mühüm əhəmiyyətə malikdir.

Ədəbİyyat
1. Авалиани Т. Разгром СССР осуществлялся высшим руководством СССР и КПСС // Экономическая и философская газета. 2009.
2. Белик Ю. А. 10 причин краха СССР // Экономическая и философская газета. 2008. № 1, 2, 3
3. Брутенц К. Развал Союза. Был ли неизбежен распад СССР // Свободная мысль XXI. 2005. № 1
4. Загладин Н. Советская трагедия: ретроанализ катастрофы СССР // Мировая экономика и международные отношения. 2007. № 12. С. 92–97
5. Зиновьев А. А. Гибель «империи зла» (очерк Российской трагедии) // Социологические исследования. 1994. № 10, 11; 1995. № 1, 2, 4;
6. Калабеков И.Г. СССР и страны мира в цифрах. Справочное издание. Москва, 2015
7. Кара-Мурза С.Г. Крах СССР. Москва: Алгоритм, 2013
8. Павлов В. Поражение. Почему захлебнулась косыгинская реформа. // Родина. — 1995. — № 11. — С. 68—70.
9. Распад СССР: Документы / Сост. Шубин А. В. М., 2006
10. Сазонов А. Кто и как уничтожил СССР? Архивные документы. М., 2010
11. Сахаров А. Н. К вопросу о причинах распада СССР // СССР и холодная война. М., 1995
12. Струков А. Н. Распад СССР. Закономерность или случайность?! Ставрополь, 2008;
13. СССР в цифрах … [по годам] : краткий статистический сборник. - М., 1960-1991.
14. Шубин А. В. Распад СССР: роль субъективных факторов // Историческое пространство. М., 2007. № 2. С. 5–37;

Açar sözlər: SSRİ-nin iflası; müstəqil dövlətlərin yaranması; “Yenidənqurma”; sosializm nəzəriyyəsi; dünya sosializm düşərgəsi
Ключевые слова: Распад СССР; возникновение независимых государств; “Перестройка”; теория социализма; мировой социалистический лагерь
Keywords: collapse of the USSR; The emergence of independent states; “Perestroika”; The theory of socialism; World socialist camp

Резюме
Ибрагим Алиев
О причинах и последствиях распада СССР
В статье исследуется причины и последствия распада СССР, рассмаотриваются различные точки зрения по этому вопросу. Уделяется внимание ситуации, сложившейся накануне распада СССР , анализируются все возможные варианты его развития.

SUMMARY
Ibrahim Aliyev
On the causes and consequences of the collapse of the USSR
The article explores the causes and consequences of the collapse of the USSR, various views on this issue are being considered. Attention is paid to the situation that arose on the eve of the collapse of the USSR, all possible variants of its development are analyzed.

 

"Geostrategiya" jurnalı № 02 (38) MART-APREL 2017


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM