Şimali Azərbaycanın Zəngəzur bölgəsinin Ermənistana birləşdirilməsi böyük dövlətlərin və qonşu ölkələrin Qafqaz siyasətində

09:00 / 30.05.2017

1917-ci il 28 fevral burjua – demokratik inqilabı nəticəsində Rusiya imperiyasında çarizmin, Romanovlar sülaləsinin süqutu, I Dünya müharibəsində Rusiya və Almaniyanın ağır məğlubiyyətindən sonra Cənubi Qafqazda real söz, ixtiyar sahibi ingilislər oldu.
Əsasən, ingilis, fransız, italyanlardan ibarət koalisiya qüvvələrinin hərbçi və diplomatlarının təlimatı ilə hazırlanıb qarşıya qoyulan əsas məqsəd Rusiyanı Qafqazdan çıxarıb yenicə müstəqilliklərini elan etmiş 3 respublikanı Antantanın nüfuz dairəsinə daxil etmək, Bakı neftinə sahiblənmək idi. Xristian təəssübkeşliyinə söykənən böyük güclərin Osmanlı torpaqlarında ermənilərə verdikləri boşa çıxan vədi - müstəqil Ermənistan dövləti yaratmaq planlarını Cənubi Qafqazda reallaşdırmaq da əsas məqsədlərdən biri idi.
I Dünya müharibəsində məğlub olan Osmanlı dövləti 1918-ci il oktyabrın 30-da İngiltərə ilə Mudros sazişi imzaladı. Müttəfiqlərin razılığına əsasən, bu zaman İranın Ənzəli limanında olan ingilis hərbi qüvvələrinin komandanı, general Tomsona Bakını tutmaq əmri verildi. Öncə ingilis generalının tələbi ilə Osmanlı və Azərbaycan hərbi qüvvələri Bakını tərk etdilər. 1918-ci il noyabrın 17-də ingilis hərbi qüvvələri Bakıya daxil oldu. Tomsonun başçılıq etdiyi ingilis general-qubernatorluğu yarandı. Bakı şəhəri və onun neft mədənləri ingilislərin nəzarətinə keçdi. İlk əmri Azərbaycan bayrağının endirilməsi barədə oldu. Bakını rus şəhəri hesab edən Tomson burada işğal rejimi yaratdı, polis, liman, neft sənayesi, maliyyə idarələri, mətbuat üzərində nəzarət qoydu.
Böyük Britaniyanın Hərbi naziri Çörçill 1919-cu il martın 6-da Qafqazla bağlı bir konfransda demişdi: “Heç şübhə yoxdur ki, Rusiyanın gələcək hökuməti bu regiona (Qafqaza-H.N) yenidən qayıdacaqdır, indiki fasilə məqamında baş verənlər əsas problem deyil, lakin Britaniya qoşunları o ərazilərdə nə qədər çox qalacaqsa, bizim caynağımız bir o qədər dərinə işləyəcəkdir.”
1917-ci ildə Rusiyada oktyabr inqilabından sonra, bolşeviklərə qarşı “14 dövlətin yürüşü” planının müəllifinin bu uzaqgörənliyini, ingilis diplomatiyasının gücünü, anlamaq üçün bp şirkətinin Azərbaycana-Xəzər regionuna gəlişi və burdakı fəaliyyəti, mənfəətlərini yada salmaq kifayətdir.
Ermənilər Osmanlı dövlətinin I Dünya müharibəsində məğlubiyyətini və Antantanın qələbəsini toy-bayram kimi qarşılamışdılar. Mudros barışığının (1918-ci il 30 oktyabr) onların ərazi iddialarının gerçəkləşməsində mühüm rol oynayacağını güman etmişdilər. Həmin barışığa əsasən, türk qoşunları Qafqazdan çıxmalı və 1914-cü il Rusiya-Türkiyə sərhədlərinə çəkilməli idi. 1918-ci ildə Türk qoşunlarının Azərbaycanı tərk etməsi yenidən Andranikin əl-qolunu açmışdı. “Daşnaklar Zaqafqaziyaya Ermənistandan girməyə başlayan Amerikanın agentləri idilər. “Böyük Ermənistan” ideyası bütün Qafqazı tutmaq üçün ABŞ-ın işini asanlaşdırmalı idi...”. (14)
Müstəqilliyini yeni elan etmiş Azərbaycan yenidən ciddi təhlükə qarşısında qaldı. Özünün milli hərbi hissələri olmayan Azərbaycan hökumətinin ingilis qoşunlarına hərbi müqavimət göstərmək imkanı yox idi. Yaranmış vəziyyətlə bağlı M.Ə.Rəsulzadə yazırdı: “Türk ordusu çəkilmiş, Azərbaycan hərbi hissələri isə yox idi… Fərzən qüvvə olsa belə, Almaniyanın, Türkiyənin təslim olduğu bir qüvvəyə qarşı Azərbaycanın hərb açması təbii ki, ağla belə gəlmirdi. Ona görə də məsələ yalnız diplomatik vasitələrlə həll ediləcəkdi”. (15)
Qafqazdakı ABŞ, Böyük Britaniya, Fransadan ibarət müttəfiqlər missiyasının başçısı general Tomsonla danışıqlar aparan N.Usübbəyov, Ə.Ağayev və M.Rəfiyevdən ibarət nümayəndə heyətinin səylərindən nəticə əldə edilməmişdi. F.Xoyski ilə general Tomsonun görüşü də çox mübahisəli və sərt olmuşdu. O, Azərbaycan Cümhuriyyətini tanımadığını, rusların torpağına gəldiyini söylədi. Fətəli xan isə Azərbaycan xalqının qərarı və istəyi ilə Azərbaycan Cümhuriyyətinin və istiqlalının elan edildiyini və bunun bütün dünya dövlətlərinə bildirdiyini söyləyir. Sözlərinə davamla: “Siz böyük bir millət və böyük bir imperiyasınız. Eyni zamanda mədəni bir millətsiniz. Bizim istiqlaliyyətimizi tanımalısınız” - deyir. General Tomson da: “Bu söylədikləriniz siyasi şeylərdir və iki dövlət arasında cərəyan edər. Halbuki, mən bir əsgərəm” cavabını verir. Fətəli xan da: “Madam ki, siz əsgərsiniz, mən də istiqlaliyyətini elan etmiş Azərbaycan Cümhuriyyətinin baş naziriyəm. Biz sizi buraya dəvət etmədik. Sizdən ölkəmizi tərk etməyi tələb edirəm” deyir. Bu cavab qarşısında general Tomson tərcüməçiyə dönərək, “Baş nazir həzrətlərinə söyləyin ki, hər hansı bir hərbi qüvvəni çıxarmaq üçün hərbi qüvvəyə sahib olmaq gərək. Bildiyimə görə qurduğunuz Cümhuriyyətin ordusu hələ qurulmamışdır” deyir. Fətəli xan tərcüməçiyə: “General həzrətlərinə söyləyin ki, o yalnız hərbi birliyə malikdir. Ya xalq qüvvələrin nə olduğunu bilmir və ya hər xalqı Hindistan xalqı zənn edir. Biz Azərbaycan türkləri istiqlaliyyətimizi elan etməmişdən öncə 100 minə qədər rus əsgərini xalq qüvvələrimizin gücü ilə süpürüb sərhədlərimizdən kənara atdıq. Əgər inad edərlərsə, bir ovuc ingilis əsgərini dənizə tökmək qəhrəman xalqımızın gücü ilə bir neçə saatlıq məsələdir. Ancaq biz nə onlardan pislik görmək, nə də onlara pislik etmək istəyirik” - cavabını verir (5). AXC Hökumətinin tərkibi də general Tomsonla məsləhətləşmədən sonra elan edilir (12).
Vəziyyətin ağırlığı Azərbaycan hökumətini istiqlal fikrindən daşındırmağa vadar edə bilmədi. Beş aylıq fasilədən sonra 1918-ci il noyabrın 16-da Azərbaycan Milli Şurası yenidən öz işinə başladı. Noyabrın 19-da Milli Şura Azərbaycan parlamentinin yaradılması haqqında qanun qəbul etdi. Qanunda göstərilirdi ki, yaranmış vəziyyətdə Azərbaycanın müəssisələr məclisini çağırmaq mümkün olmadığından Milli Şura ümumdövlət qanunverici orqana — Azərbaycan parlamentinə çevrildi.
Azərbaycan parlamentinin açılışına hazırlıq işləri zamanı general Tomsona aydın oldu ki, Azərbaycan hökuməti Bakıda xalq arasında dayağı olan yeganə real siyasi qüvvədir. Məhz bu dövrdən ingilis komandanlığının Azərbaycan hökuməti ilə yaxınlaşması başlandı. 1918-ci ilin dekabr ayının 26-da F. Xoyskinin başçılıq etdiyi hökumət təşkil olunduqdan sonra V.M.Tomson Azərbaycan hökumətini tanıdığını bildirdi (12).
V.M.Tomsonun bəyanatına görə, bütün Azərbaycan ərazisinin hüdudlarında F.Xoyskinin sədrliyi ilə yaradılmış Azərbaycan koalisiyon hökuməti yeganə qanuni hakimiyyətdir və müttəfiq ölkələrin hərbi qüvvələrinin komandanlığı bu hökumətə hərtərəfli yardım göstərəcəkdir.
İngilislərin bu himayədarlığı Azərbaycana ucuz başa gəlmədi. 1918-ci ili dekabrından 1919-cu ilin aprelinə qədər ingilislər Bakı - Batum kəməri vasitəsilə haqqı ödənilmədən Azərbaycandan 8405471 manat dəyərində neft və neft məhsulları apara bilmişdilər. Nəzərə alaq ki, bir o qədər də nefti Bakı Kommunası dövründə əvəzsiz olaraq Rusiya aparmışdı (14).
28 aprel 1920-ci il bolşevik Rusiyasının Qafqaza qayıdışına qədər bölgədə cərəyan edən bütün proseslərdə ingilislər əsas ssenari müəllifi, rejissor və baş rolun ifaçısı olmaqla bərabər, Azərbaycandan qoparılıb Ermənistana veriləcək torpaqların sərhədlərini də ilk dəfə ingilislər cızmışdılar. General Tomsonun Ermənistan hökumətinin rəhbərləri Xatisov və Tiqranyanla dialoqları da çox mətləblərdən xəbər verir. O, 1919-cu il martın 28-də İrəvanda Ermənistan hökumətinin iclasında çıxışında demişdi: “...Zəngəzur Erməni Milli Şurası tərəfindən idarə ediləcək...Dağlıq Qarabağın idarə edilməsi üçün Ermənistan təcili öz nümayəndələrini verməlidir... Erməni qoşunları Qars və Naxçıvanı, Şərur Dərələyəz-Sürməlini tuta bilər... Azərbaycan ordusu indi durduğu yerdən-Ağdam və Xankəndindən bu tərəfə keçməyəcək... Azərbaycan hökumətinin martın 19-da keçirilən iclasında qərar qəbul edilmişdir ki, Daxili İşlər Nazirliyi 1300 nəfərlik piyada və 500 nəfərlik erməni süvari dəstəsinin Şuşa, Xankəndi, Əsgərandan keçib Ermənistana getməsi üçün hərtərəfli səy göstərəcək. Mayor Monk Mezon mənə məlumat vermişdir ki, Azərbaycan hərbi hissələri general Mehmandarovun rəhbərliyi ilə onların sağ-salamat keçməsi üçün bütün tədbirləri görmüşdür...Azərbaycan Dağlıq Qarabağ və Zəngəzurun mübahisəli ərazi kimi Paris sülh konfransında həll olunacağını gözləyəcəkdir” (9).
Tomson Ermənistan hökumətinin rəhbərlərinə 5 milyon ədəd patron və pul da göndəriləcəyini də vəd etmiş, vədini də yerinə yetirmişdir. ABŞ prezidenti V.Vilsonun ermənilərə mərhəm münasibəti də hadisələrdə mühüm rol oynayırdı. “Daşnak ordusu Amerika çörəyi yeyirdi. ABŞ Ermənistana 50 min, İngiltərə 40 min, Fransa 30 min əsgər üçün geyim, ərzaq, hərbi sursat, 10 milyon patron vermişdi” (13).
Bu iclasdan 4 gün sonra - aprelin 2-də Gorusda Zəngəzur ermənilərinin qurultayı keçirilir və qərar qəbul edilir: “Azərbaycanın Ermənistanın bir hissəsi olan Zəngəzuru tutmaq cəhdlərinə qarşı silahla cavab verilsin”.
Qurultayın qərarı ilə Yepiskop Vahan və Erməni Milli Şurasının üzvü Bahadurov Bakıya Müttəfiq Dövlətlərin Qafqazdakı baş təmsilçisi general Tomsonun yanına gəlir və Qarabağ ermənilərinin bu tələblərini ona yetirirlər: Qarabağın dərhal Ermənistana birləşdirilməsi və ya Qarabağın Paris sülh konfransına qədər Ermənistana birləşdirilməsi; Qarabağda yerli erməni idarəçiliyinin təşkil edilməsi və Qarabağda ingilis general-qubernatorluğunun yaradılması...
Tarixi ədalət naminə demək lazımdır ki, AXC hökumətində ingilis siyasətinə qarşı ən prinsipial, ardıcıl mübarizə aparan siyasətçi AXC-nin ilk hərbi naziri və Qarabağın general-qubernatoru Xosrov bəy Sultanov olmuşdur (6). O, ingilislərin bütün fəaliyətlərinin ermənilərin xeyrinə olduğunu, ingilis siyasətinin Zəngəzur və Qarabağı Azərbaycandan qoparmağa yönəldiyini faktlarla, sübutlarla davamlı olaraq AXC Parlamenti və Hökumətinə bildirirdi.
Zəngəzur qəzası ingilislərin ermənilərə verdiyi top, pulemyotlarla, silah-sursatla tamamilə məhv edilməklə bərabər, vuruşmalarda iştirak edən, sayı on minə çatan nizami erməni ordusunun döyüş meydanında qalmış ölüləri arasında bir necə ingilis əsgərinin meyidinin olduğu da bildirilir.
Zəngəzuru qan içində boğan generallar Andronik, Dro və Njdenin də “ingilis casusu” olduğu, onlardan təlimat aldığı, ruslara qarşı da ingilislərin tapşırığı ilə savaşdığına dair çoxsaylı faktlar məlumdur (10).
Zəngəzurda erməni qoşun birləşmələrinin saysız-hesabsız qətliamları barədə AXC Hökumətinin Gəncə, Bakıdan Tiflisdə lövbər salmış Amerika, İngiltərə, Fransa, İtaliyanın Qafqazdakı hərbi və diplomatik missiya başçıları olan general Uodropa, polkovnik Reyo, polkovnik Nonakura, polkovnik Qabbaya ard-arda xahiş, notaları da, nəticəsiz qalan dişsiz bəyanatları da bunun sübutudur (1).
1919-cu il 23 noyabrda Tiflisdə Azərbaycan və Ermənistanın hökumət başçılarının Müttəfiqlərin ali komissarı - Birləşmiş Ştatlar Ordusunun Baş qərargahının polkovniki Ceyms Reyin iştirakı ilə atəşi dayandırmaq barədə sazişinin mürəkkəbi qurumamış qaniçən erməni generalı Njdenin hücumları ağlasığmaz dəhşətlərlə, tükürpədən vəhşiliklərlə Zəngəzurun aşağı hissəsini də bütünlüklə qana bələdi. Azərbaycan xarici işlər naziri F.X.Xoyskinin Ermənistan XİN-ə göndərdiyi 10 dekabr 1919-cu il tarixli teleqramında göstərilirdi ki, Oxçu rayonunun kəndlərinin silah tutmağı bacaran kişiləri sülh yaratmaq bəhanəsi ilə karvansaraya dəvət edilmiş, onların hamısı əvvəlcədən yerləşdirilmiş dinamitlərlə partladılaraq öldürülmüşdür. Qocalar, uşaqlar və qadınlar isə məsciddə doğranmışdılar (Azərbaycan xalqına qarşı 1918-ci il soyqırımı. Sənədlər toplusu. 3 cilddə, II cild, I kitab). 1920-ci il yanvarın 3-də ermənilər Qərçivan kəndində yaşayan azərbaycanlılara qarşı növbəti vəhşilik törətdilər. Cəlladlar kəndin bütün əhalisini bir yerə yığaraq, uşaq və qadınlara belə rəhm etmədən qılıncdan keçirmişdilər (2).
İngilis jurnalisti Skotland-Liddell 1920-ci ilin qanlı yanvar günlərində Zəngəzura gəlib törədilən qırğınları şəxsən görüb yanvarın 30-da Tiflisdə bölgəyə səfərində gördüklərini “Müsəlmanlarla müharibə, ermənilər yenidən hücum edirlər” adlı məqaləsində vicdanlı obyektivliklə qələmə almışdır. İngilis jurnalisti yazırdı ki, “...hər iki hökumət tərəfindən Tiflisdə noyabrın 23-də müqavilə imzalanmışdı və bütün mübahisəli məsələlər böyük dövlətlər tərəfindən həll edilənədək hər iki tərəfin sülh şəraitində yaşayacağına ümid yaranmışdı. Lakin müqavilənin imzalanmasının ardınca ermənilər dərhal Azərbaycan ordusunun geri çəkilməsindən istifadə edərək Zəngəzurda qırxadək müsəlman kəndini darmadağın etdilər. ... doqquz müsəlman kəndini də Şuşa yolu üstündə darmadağın etmiş, əhalinin böyük əksəriyyətini isə vəhşicəsinə öldürmüşlər...Azərbaycan Hökuməti bununla bağlı etirazını bildirsə də, Ermənistan Hökuməti bu faktları rədd edən cavab aldı...Ermənistan ona görə bədbəxtdir ki, “Daşnaksütyun” partiyası orada qüvvədədir. Bu uzun illər erməniləri müsəlmanlara qarşı hücum etməyə sövq edən inqilabçı terror təşkilatıdır. Ermənilər bacarıqlı müntəzəm təbliğat vasitəsilə layiq olmadıqları həddə rəğbət qazanırlar. Ermənistan həmişə dava-dalaş aхtarır və ona nail olanda təbliğat məqsədilə deyirlər ki, amandı qoymayın qırdılar bizi. Daşnak üçün öldürülmüş erməni daha əzizdir. Bundan istifadə edərək, erməninin ölüsü qalхıb haray – həşir təpir ki, ayə mən özüm ölməmişəm, məni müsəlmanlar öldürüblər...Londonda, Fransa, Birləşmiş Ştatlarda erməni büroları mövcuddur, onların ən sevimli metodu “xristian” sözündən istifadə etməkdir. İndi Zəngəzura hücum edən ermənilər özlərinin müvəqqəti uğurlarına şübhə etmirlər. Lakin gün gələcək ki, bütün müsəlmanlar bir nəfər kimi zülmkarlara qarşı qalxacaq və həmin gün gələndə heç nə erməni xalqını xilas edə bilməyəcəkdir” (11).
1920-ci ilin əvvəllərində daxili və xarici hərbi-siyasi durumu çox ağır olan və günü-gündən pisləşən AXC-nin Baş naziri 4 fevral 1920-ci il tarixdə Ermənistanın Baş naziri Xatisova ünvanladığı teleqramda yazırdı ki, “Zəngəzur müsəlmanlarının tamamən yox edilməməsi üçün” Azərbaycan Ordusundan “bir miqdar əsgəri qüvvə o bölgəyə göndərilmişdir və bu, 23 noyabr 1919-cu il anlaşmasına zidd deyildir” (3).
N.Nərimanov başda olmaqla Azərbaycan bolşeviklərinə Zəngəzurdan ağır miras buraxılmışdı, mövcud vəziyyət Zəngəzurun böyük bir hissəsinin Azərbaycandan qoparılmasına, Qarabağda erməni muxtariyyətinin yaradılmasına, əsrin sonlarında Azərbaycanın həmin faciələri bir daha yenidən daha ağır şəkildə yaşamasına təməl zəmin hazırladı.
ADR-in rəsmi elan edilməsinə və yaşamasına baxmayaraq, Rusiya Azərbaycanı öz mülkiyyəti hesab edir, Azərbaycan xalqının milli müqəddəratını təyin etmək hüququnu tanımaq istəmir, müxtəlif tələblər irəli sürür, təzyiqlər göstərirdi. Qatı millətçi daşnak Anastas Mikoyan bəyan etmişdi ki, Azərbaycanın müstəqilliyi haqqında söz ola bilməz (8).
1920-ci ilin yanvar ayının 11-də Paris sülh konfransında böyük dövlətlər Azərbaycanı de-fakto tanıdıqdan sonra V.İ.Lenin 1920-ci ilin mart ayının 17-də Qafqaz cəbhəsi hərbi inqilab şurasına göstəriş vermişdi ki, Bakını ələ keçirmək bizə son dərəcə zəruridir. Bütün səyinizi buna verin.
Azərbaycanın işğalını əsaslandırmaq məqsədi ilə Rusiya bu ölkəyə qarşı bir sıra təxribat xarakterli iddialar irəli sürdü. 1920-ci ilin yanvar ayının 18-də xarici işlər naziri Q.V.Çiçerin Azərbaycanı Denikinə yardım göstərməkdə ittiham etdi. Azərbaycanın Xarici işlər naziri F. Xoyski cavab notasında bu ittihamı böhtan adlandırmış və elan etmişdi ki, Azərbaycan neytral ölkədir, heç kimin daxili işinə qarışmır, Denikinlə heç bir əlaqəsi yoxdur. Nazir bəyan etmişdir ki, o, Rusiyanın hələ də Azərbaycanının müstəqilliyini tanımadığına təəssüflənir.
Rusiya Azərbaycanın Denikinə mənfi münasibətini bilirdi. O vaxt Azərbaycanın müstəqilliyi üçün Denikin Rusiya qədər təhlükəli idi. Hər iki tərəf Azərbaycanı işğal etmək, onun neftinə sahib olmaq iddiasında idi. Lakin Rusiyanın planı daha məkrli və daha təhlükəli idi. Rusiya hər vasitə ilə çalışırdı ki, Azərbaycanı Denikinlə üz-üzə qoysun, Denikini Azərbaycanı işğal etməyə təhrik etsin, vuruşan tərəflər zəiflədikdə Azərbaycanı zəbt etsin.
Rusiyanın Azərbaycana qarşı təcavüzkar siyasətini müzakirə edən milli hökumət şimal sərhədlərini möhkəmləndirmək barədə tədbirlər görməyə başladı, Gürcüstanla 1919-cu ilin iyun ayının 27-də bağladığı hərbi müdafiə müqaviləsinə əsasən Azərbaycan bu ölkə ilə əlaqələri daha da gücləndirdi. ADR hökuməti Rusiyanın məkrli planlarına münasibətdə cəsarətli mövqe tutdu, ona qarşı fəal diplomatik müqavimət göstərmək mövqeyini seçdi, ABŞ-ın, Fransanın, İngiltərənin dəstəyinə bel bağladı.
O dövrdə yaranmış gərgin beynəlxalq vəziyyət şəraitində böyük dövlətlər Azərbaycana gərəkli dəstək göstərə bilmədilər. Bunu aydın görən Rusiya ekspansionizm və böyük dövlətçilik şovinizm siyasətini daha gücləndirir, tarixən rusların öz ərazilərini genişləndirmək planını həyata keçirməyə çalışırdı. Q.K.Orconikidze Lenindən aldığı tapşırığa əsasən Qafqaz cəbhəsi komandanı M.N.Tuxaçevski, hərbi inqilab şurasının üzvü S.M.Kirov, ordu komandanı M.K.Levandovski ilə birlikdə Bakının zəbt edilməsi planını işləyib hazırladı, Bakının tutulması haqqında aprel ayının 21-də XI Qızıl Orduya ciddi sərəncam verdi (7).
M.Ə.Rəsulzadə yazmışdı: “27 aprel faciəsi ilə Azərbaycan ikinci dəfə olaraq rus ordusunun yeni Sisiyanovu olan Orconikidzenin idarəsi altına girirdi. Nəticə hər iki halda eyni idi. Nikolay Rusiyası ilə Lenin Rusiyası arasındakı fərq bundadır ki, o zaman cahangirlik siyasəti başçısının adı Nikolay, indi cahangirlik siyasəti başçısının adı isə Lenindir. O zamankı zəncirlərin rəngi qara, indiki zəncirlərin rəngi isə qırmızıdır” (16).
Rusiyanın təzyiqi altında bu əzəli Azərbaycan torpağının Ermənistana verilməsi istiqamətində atılmış məkrli addımlar 4505 kvadratkilometrlik bir ərazinin həmişəlik itirilməsi ilə nəticələndi.
Vaxtilə Zəngəzurdan qovulmuş 50 mindən çox azərbaycanlı qaçqının yalnız 5 min nəfəri öz vətəninə dönməyə nail olmuşdu. 1917-ci ildə Zəngəzur qəzasında 123085 nəfər təşkil edən azərbaycanlıların 1926-cı il siyahıyaalınma göstəricilərinə görə sayı heç 5 minə belə çatmamışdı. 1918-ci il mayın 29-da 9 min kvadrat kilometrlik Azərbaycan torpağında yaradılmış Ermənistan dövləti sonradan digər ərazilərin işğalına başladı: 1920-ci ilin dekabrından başlayaraq 10 il ərzində Moskvanın birbaşa köməyi ilə Zəngəzur qəzasından 405.000 desyatin (4414,5 km2), Qazax qəzasından 535096 desyatin (5832,82 km2) , Naxçıvan MSSR-dən 657 km2, Cəbrayıl qəzasından Nüvədi, Eynəzir və Tuğut kəndlərini əhatə edən Azərbaycan torpaqları Ermənistan ərazisinə qatıldı. Sovet rejiminin sonrakı illərində də Ermənistan ərazisi Azərbaycan torpaqları hesabına daha da genişləndirildi və 29,743 km2-ə çatdırıldı (4).
1988-ci ildən başlayaraq Moskva və Qərbin bir çox dövlətlərinin fəal siyasi, mənəvi, hərbi dəstəyi ilə Ermənistan Azərbaycanın Dağlıq Qarabağ Muxtar Vilayətini, vilayətdən kənarda əlavə 7 rayonu, dövlət sərhədləri boyunca yerləşən bir çox ərazilərini işğal etdi. Mülki əhalinin kütləvi qətliamları, talan, qarətləri ilə müşayiət olunan bu proses əvvəlcə Ermənistan SSR-də yaşayan azərbaycanlı əhalinin zor gücünə deportasiyasından başlandı, ilk qaçqın dalğası yenə də 1987-ci il fevral ayının sonu-martın əvvəllərində Zəngəzurdan başlamışdı.
1992-93-cü illərdə 7.892 kv.km ərazini əhatə edən tarixi Zəngəzur bölgəsinin və Dağlıq Qarabağın ətraf bölgələrlə birlikdə işğalına Rusiya ilə yanaşı, ABŞ, Böyük Britaniya, Fransa da dəstək vermişdir və ikili standartları, xristian təəssübkeşliyini dövlət siyasətinə çevirmiş bu böyük güclər BMT qətnamələrinə də əhəmiyyət vermədən Ermənistanın 24 ildən bəri davam edən Azərbaycan torpaqlarını işğalı faktının aradan qaldırılmasında prinsipsizlik göstərməkdədir.

ƏDƏBİYYAT
1. ARDA, f.894, s.4, iş 19, v.129
2. ARDA, f.970, s.1, iş 113.
3. Azərbaycan xalqına qarşı 1918- ci il soyqırımı. Sənədlər toplusu. 3 cilddə, II cild, I kitab. Gəncə quberniyasında soyqırımı. 1917-1920-ci illər, Bakı, Tarix İnstitutunun nəşri, 2011
4. Kamran İSMAYILOV. Azərbaycan qəzeti, Zəngəzur bölgəsində azərbaycanlıların soyqırımı, 03 Aprel 2015
5. Nağı Keykurin “Nağı Şeyxzamanlının xatirələri və istiqlaliyyət fədailəri”. Bakı 2007, s.67-68
6. Nəbibəyli Z. Sultan bəy və Xosrov bəy qardaşları, Nurlar, Bakı 2011, s.66-67
7. Nərimanoğlu H. Azərbaycanın Zəngəzur mahalının Ermənistana verilməsi prosesi 27-09-2015, http://karabakhmedia.az/
8. Nərimanoğlu H, Ermənilərin Zəngəzur və Qarabağda törətdikləri qırğınlar Osmanlı-Türkiyə arxivlərində. QHT nəşriyyatı 2014, səh.65-66
9. Nərimanoğlu H . Erməni xisləti, Azərbaycan qəzeti, 31 mart 2012
10. Nərimanoğlu H. Zəngəzur (tarixi oçerk) www.zengezur.com, 12.09.2014
11. Paşayev A. İngilis jurnalisti Skotland Liddell erməni məkri haqqında. // Xalq qəzeti, - 2010, 12 mart, - № 56, s. 6.
12. Solmaz RÜSTƏMOVA-TOHİDİ, Azərbaycan qəzeti, Azərbaycan Parlamenti necə yarandı, 07 Dekabr 2013
13. SSRİ-də vətəndaş müharibəsi tarixi, 1922, c-3, səh 333
14. Şərq xalqları jurnalı . 1926.N.1, səh-49
15. http://www.uludil.gen.az/adr/021.php
16. http://www.resulzade.org /1059.php

 

"Geostrategiya" jurnalı № 02 (38) MART-APREL 2017

 

HACI ABDULLA
Azərbaycan Milli Elmlər Akademiyasının
Abbasqulu Ağa Bakıxanov adına Tarix İnstitutu


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM