AMERİKA BİRLƏŞMİŞ ŞTATLARININ QAFQAZ STRATEGİYASINDA TƏHLÜKƏSİZLİK VƏ ENERJİ AMİLİ

12:41 / 25.07.2017

Müharibələrin, xüsusilə də hansı ölkə ya da ölkələrin hakim güc olacağını müəyyən edən “hegemonluq müharibələrin” tarixdən bəri beynəlxalq münasibətlər sistemindəki dəyişikliklərə təsir göstərən əsas hadisələr olduğu müdafiə edilir [18, s.121]. Buna misal olaraq iki dünya müharibəsindən sonra meydana gələn beynəlxalq sistemin formasını göstərə bilərik. Soyuq müharibədən sonra hegemoniya yarışına girmədən ABŞ yeni dünya nizamının liderliyini ələ keçirtsə də, sonrakı illərdə digər dövlətlərin də bu yarışda iştirak etməsi ilə regionlarda və bazarlarda hakimiyyət yarışı daha da qızışmışdır. Bu amansız yarışda xüsusilə Qafqaz regionunda “enerji” və “təhlükəsizlik” amilinə əsaslanan stragiyalar həlledici rola malik olmuşdur.
Tarixdən bəri Qafqaz regionu həm coğrafi baxımdan, həm də iqtisadi və siyasi baxımdan əhəmiyyətli regionlardan olmuşdur. Soyuq müharibə dövründə tamamilə SSRİ-nin nəzarətində olan Qafqaz regionundakı dövlətlər müstəqilliklərini qazandıqdan etibarən bir tərəfdən qloballaşma prosesinə daxil olarkən, digər tərəfdən də kəskin şəkildə regional separatizmə məruz qalırlar. “Böyük oyun” içərisində göstərilən Qafqaz regionu, qlobal güc siyasətlərinin hədəfində olan əsas coğrafiya kimi dəyərləndirilir. Bunun əsas səbəbinin də, “Avrasiyanın Balkanları” olaraq təsvir edilən regiondakı enerji resursları üzərində gedən mübarizə və regiondakı ictimai-siyasi ixtişaşların oynadığı rol göstərilir [7, s.44-46]. Digər nəzəriyyəyə görə isə, Qafqaz regionu dünya coğrafiyasında hökmranlıq üçün əsas dayaq nöqtəsi kimi dəyərləndirilmişdir [15, s.91-92].
Tarix boyunca müxtəlif mədəniyyətlər arasında mərkəzi region [21, s.29] vəzifəsini yerinə yetirən Qafqaz regionu, bu coğrafi dəyərləri ilə birlikdə zəngin yeraltı və yerüstü resurslara malik olması, Xəzər enerji resurslarının Qərbə nəqlində əhəmiyyətli bir yol olması səbəbilə müasir dövrümüzdə də həm geosiyasi, həm də geostrateji baxımdan beynəlxalq arenada rəqabət sahəsinə çevrilmişdir. Bu mübarizə nəticəsində də Qafqaz coğrafiyası dünyanın ən qeyri-sabit və təhlükəli regionu kimi dəyərləndirilmişdir [24, s.122; 33, s.126]. Buna görə də, 1991-ci ildən başlayaraq ABŞ-ın Qafqaz regionu ilə əlaqəli strategiyalarının “enerji” və “təhlükəsizlik” kontekstində müqayisəli tədqiq edilərək öyrənilməsi həm elmi, həm tarixi, həm də praktik siyasət baxımından mühüm aktuallıq kəsb edir.
1. ABŞ-ın regionla əlaqəli strategiyasının konseptual əsasları
ABŞ-ın müasir dövrümüzdə həyata keçirdiyi qlobal siyasətin əsas mahiyyətlərindən biri, bütün dünyada Amerika iqtisadiyyatının inkişafı üçün münbit və əlverişli şərait yaratmaqdan ibarətdir. Amerikalı siyasətçilərinin özləri də ABŞ iqtisadiyyatının inkişafını və ən üst səviyyədə bütün sahələrdə gücünün qorunmasını, yeni bazar və xammal mənbələrinə aid məsələlərin həlli istiqamətində atılan addımlarda görürlər [23, s.283]. Avropa siyasətçilərinin də Qafqaz regionu ilə bağlı Amerikanın siyasətinə dair maraqlı açıqlamaları var. Onlar, ABŞ-ın əvvəlki kimi enerji regionlarını özünün maraq zonaları adlandırmağa cəhd etməsini və bu çərçivədə öz müttəfiqlərinə heç bir fürsət verməməsini açıq şəkildə bəyan edirlər [24, s.83-84]. Bununla birlikdə, ABŞ-ın bu regiondakı siyasətini yalnız iqtisadi kontekstdə deyil, birinci növbədə geosiyasi və starteji maraqlar nöqteyi-nəzərindən dəyərləndirmək lazımdır.
SSRİ-nin süqutundan sonra ortaya çıxan yeni müstəqil dövlətlərin Avropa, Orta Şərq və Asiyada yerləşməsi, bu coğrafiyada olan münaqişələr, Azərbaycan və Mərkəzi Asiyada böyük neft və qaz yataqlarının mövcud olması və enerjinin stabil şəkildə artıması kimi faktorlar, enerji təhlükəsizliyini təmin etmək istəyəyən ABŞ üçün strateji baxımından çox əhəmiyyətlidir [34, s.5]. ABŞ, Qafqaz ölkələrində demokratiyanın və müstəqilliyin möhkəmləndirilməsi üçün siyasi demokratiya və bazar iqtisadiyyatı qurumlarının yaradılması istiqamətində siyasət həyata keçirir. Amma bununla birlikdə, Amerikanın regionda gedən rəqabətdə siyasi üstünlüyü ələ keçirmək mübarizəsi birbaşa neftlə əlaqəlidir. C. Buş administrasiyası dövründə xarici işlər nazirinin yeni müstəqil dövlətlərlə əlaqəli xüsusi katibi S. Sestanoviçin dediyi kimi: “ABŞ tərəfindən Qafqaz dövlətlərinin müstəqilliklərinin dəstəklənməsinin, iqtisadi inkişaf üçün səylərinin artırılmasının əsas səbəbi neftə əsaslanan strategiya məsələləridir [31].” Amerikalı şirkətlər, Qafqaz regionunda öz maddi mənfəətlərindən daha çox ABŞ-ın həyati əhəmiyyət kəsb edən maraqlarına xidmət göstərirlər. Çünki ABŞ-ın əsas məqsədi, enerjinin diversifikasiyasını da nəzərə alaraq Asiya ilə Avropanı, İran və Rusiya olmadan birləşdirən yeganə region olan bu coğrafiyanı nəzarətdə saxlamaqdır [9, s.4-5].
Ümumi olaraq ABŞ üçün Qafqaz regionunun əhəmiyyətini aşağıdakı kimi sıralaya bilərik:
a) Strateji əhəmiyyətli yeraltı sərvətləri və neft yataqları ilə zəngin olduğu üçün iqtisadi xam maddə mənbəyinə və bazar imkanlarına sahibdir.
b) Aralıq dənizinin şərq istiqamətini, Bəsrə körfəzi, Şərqi Anadolu və Orta Asiyanı nəzarətdə saxlamaq və idarə etmək üçün geosiyasi əhəmiyyəti olan bir regiondur
c) İranı nəzarətdə saxlamaq üçün çox əhəmiyyətli bir coğrafiyada yerləşir.
d) Rusiyaya qarşı güc balansı formalaşdırmaq üçün və Rusiyanı çevrələmək üçün strateji əhəmiyyətə malik bir regiondur [20, s.135; 30, s.8-9].
Orta Asiya və Avropa arasında körpü vəzifəsini yerinə yetirməsi səbəbilə də, xüsusilə terror kontekstində təhlükəsizlik məsələləri baxımından və digər qlobal siyasətlər üçün mərkəz ya da koridor rolu oynadığına görə bu region əhəmiyyətlidir. ABŞ-ın qlobal gücünü qoruma strategiyası çərçivəsində Qafqaz regionu Rusiyanı cənubdan, İranı şərqdən, Çini şimal-qərbdən çevrələyə bilməsi baxımından da əhəmiyyət daşıyır. Digər tərəfdən də, fərqli sivilizasiyaları təmsil edən və nüvə silahına sahib olan dövlətlərin (Rusiya, Çin, Hindistan və Pakistan) mərkəzində yerləşməsindən ötrü də əhəmiyyəti getdikcə artan bir regiondur [4, s.32].
2. 1991-2017-ci illər ABŞ-ın Qafqaz strategiyasına təsir göstərən amillər
ABŞ-ın sabiq prezidenti C.Karterin milli təhlükəsizlik məsələləri üzrə məsləhətçisi Z.Bjezinski, SSRİ-nin süqutundan sonra ABŞ-ın Qafqazla əlaqəli siyasətlərini üç mərhələdə izah edir. 1991-1995-ci illər arası ilk mərhələnin əsas xüsusiyyəti ABŞ-ın Qafqazla əlaqəli Moskva mərkəzli siyasət tətbiq etməsidir. 1995-2001-ci illər arasındakı dövr ABŞ-ın yeni müstəqillik qazanmış dövlətləri tanıması ilə münasibətlərin inkişaf etdiyi mərhələdir. 2001-2008-ci illər arası ABŞ-nın regional məsələlərdə daha fəal göründüyü mərhələdir [7, s.137].
İlk dövrdə ABŞ, regionda Rusiyaya əhəmiyyət verən “Öncə Rusiya” strategiyası tətbiq etmişdir. Bu siyasətə görə; Qafqaz regionu ilə münasibətlərin qurulması və inkişafı Moskva üzərindən həyata keçirilməlidir. Bunun əsas səbəbi, Rusiyanın beynəlxalq sistemə inteqrasiya edilməsi və beləliklə də təhlükəsizlik mexanizmasına daxil edilərək etibarlı tərəfdaşa çevrilməsinin təmin edilməsi siyasətidir [32, s.3-4]. Bu kontekstdə Rusiyanın 1992-ci ildə qəbul etdiyi “yaxın ətraf” doktrinası, ABŞ tərəfindən də qəbul edilərək Rusiya ilə ABŞ-ın Qafqaz istiqamətli siyasətləri bu dövrdə birbirini tamamlayaraq paralellik göstərmişdir [3, s.27]. ABŞ-ın ilk illərdə Qafqaz regionuna və xüsusilə də Azərbaycana istiqamətlənən siyasətləri ABŞ-ın region ölkələri ilə münasibətlərinə də mənfi təsir göstərmişdir. 1992-ci ildə erməni lobbisinin nüfuzlu olduğu Massachusetts əyalətindən senator J.Kerri tərəfindən Konqresə təklif edilən lahiyə nəticəsində, ABŞ Konqresi “Azadlığa dəstək aktına” Azərbaycana sanksiya xüsusiyyəti daşıyan “907-ci düzəlişi” qəbul etmişdir. Bu baxımdan bu ilk dövr ABŞ-ın regionla bağlı siyasətləri ziddiyyətli, Ermənistanın və erməni lobbisinin mənafelərinə xidmət etmişdir. ABŞ-ın bu anlaşılmaz qərarı qəbul etməsi Amerika daxilində də müzakirələrə səbəb olmuşdur [27, s.32].
1995-ci ildən etibarən dəyişən geosiyasi mühitlə birlikdə ABŞ-ın da xarici siyasəti dəyişmişdir. ABŞ-ın Qafqaz və Orta Asiya regionunu “strateji və həyati əhımiyyət kəsb edən bir region” kimi elan etməsi [10, s.190], Rusiyanın reaksiyasına səbəb olmuşdur. Bu strategiyaya bir cavab olaraq, Rusiya regionda ABŞ-ın əleyhinə olan Avrasiya mərkəzli bir strategiya həyata keçirməyə başlamışdır [7, s.91]. Xüsusilə də, Çeçenistan müharibəsindən sonra Moskvanın zəifliyinin ortaya çıxması ilə birlikdə ABŞ, Qafqaz regionu ilə əlaqədar xarici siyasətində daha fəal addımlar atmışdır. Bu çərçivədə, ABŞ Qafqaz regionundakı ölkələrlə əlaqəli olaraq “sənin torpaq bütövlüyün mənim milli mənfəətlərimə uyğundur” [22, s.112] şəklində qəti bir bəyanatla Gürcüstana dəstək olduğunu, böyük bir diasporu olan Ermənistana maddi yardımı davam etdirəcəyini və zəngin enerji resurslarına sahib olan Azərbaycanı da heç bir ölkəyə buraxmayacağını ifadə etmişdir.
11 Sentyabr 2001 hadisəsindən sonra ABŞ, beynəlxalq səviyyədə terrorizmlə mübarizə proqramına əsaslanaraq Qafqaz regionu ilə daha yaxından maraqlanmağa başlamışdır [12, s.116]. 11 Sentyabr hadisələrindən sonra region ölkələrindən Gürcüstan və Azərbaycan öz milli mənafelərinə də müvafiq olaraq dərhal beynəlxalq anti-terror koalisiyasına qoşulmuş, İraq və Əfqanıstandakı əməliyyatlarda ABŞ-nın yanında yer almışdır. Hər iki ölkə 11 Sentyabr hadisələrindən əvvəl terrorizmə məruz qaldıqlarını və terror təhlükəsini yaşadıqlarını dünya ictimaiyyətinə çatdırmışdır [26, s.78-79]. Bu çərçivədə Gürcüstan və Azərbaycanın anti-terror koalisiyasında iştirak etməsi ABŞ ilə sıx əlaqələrinin inkişafı üçün də əsas təşkil etmişdir [14, s.52]. Digər tərəfdən, Ermənistan isə İraq və Əfqanıstandakı əməliyyatlara qoşulmaqdan imtina etdi. Onun Rusiya və İranla sıx münasibətləri bu qərarı qəbul etməsində əsas olmuşdur. Azərbaycan və Gürcüstanın belə addım atması onu göstərdi ki, hər iki ölkə Rusiya və İranın təzyiqi olmadan belə qərarlar qəbul edərək müstəqil hərəkət edə bilər.
ABŞ-ın Qafqaz siyasətini anlaya bilmək üçün ABŞ-da hakimiyyətdə olan administrasiyaların Qafqaz siyasətinə də qısaca nəzər salmaq yerində olardı. B.Klinton administrasiyası dövründə ABŞ daha çox iqtisadi əməkdaşlığa əsaslanan siyasət yürüdərək xüsusilə Qafqaz regionunda siyasi baxımdan arxa planda qalmışdır [6, s.98-99]. Klinton administrasiyası dövründə Qafqaz regionunda meydana gələn Dağlıq Qarabağ probleminə Balkan regionundakı problemlər qədər əhəmiyyət verilməmişdir. SSRİ-dən boşalan regiondakı ölkələr üzərində nəzarəti və nüfuzu bir-bir itirən Rusiyanın həddindən artıq radikal reflekslər göstərməsindən çəkinən ABŞ, xüsusilə 1994-cü ildə dövlət katibinin müavini olan S.Talbotun başçılıq etdiyi diplomatların təsiri ilə “əvvəlcə Rusiya“ anlayışı ilə regionu Rusiyanın “arxa bağçası” kimi görməyə başlamışdır. Lakin bundan təxminən üç il sonra Talbotun 21 iyul 1997-ci il tarixində Con Hopkins Universitetindəki mühazirəsində ABŞ-ın bu bölgədə “Moskvanın hegemon siyasətinə artıq göz yummayacağı” bütün dünyaya elan edilmişdir [19, s.374].
ABŞ rəhbərliyinin fikirlərinin dəyişməsində B.Klintonun 1996-cı ilin sonlarında başlayan ikinci prezidentlik dövründə dövlət katibi təyin edilən M.Olbraytın regiondakı boşluğun yenidən Rusiya tərəfindən doldurulmasına mane olmağın zəruriliyi barəsindəki təklifinin təsiri böyük olmuşdur. Həm 1998-ci ilin oktyabrında [1] və 1999-cu ilin dekabrında təsdiqlənən “ABŞ-nın Milli Təhlükəsizlik Strategiyası” [2] sənədlərində, həm də 1999- cu ildə ABŞ Konqresində tərəfindən qəbul edilən “İpək Yolu Strategiyası” qanununda [5] regionun əhəmiyyəti vurğulanmış, ABŞ-ın regionla əlaqəli siyasətinin əsas mahiyyəti və sərhədləri müəyyənləşdirilmişdir.
2000-ci ildə hakimiyyətə gələn Corc Buşun dövründə isə Azərbaycan neftinin dunya bazarına ixracatı artmış və Vaşinqton üçün olduqca önəmli olan Bakı-Tbilisi-Ceyhan boru kəmərinin tikintisinin istehsalat danışıqları son mərhələyə gəlmişdir. Enerji təhlükəsizliyi baxımından və qəbul etdiyi strategiya çərçivəsində ABŞ, Cənubi Qafqaz regionuna daha çox əhəmiyyət vererək münasibətlərini müxtəlif sahələrdə çox tərəfli genişləndirmişdir. 11 sentyabr 2001-ci ildə meydana gələn terror hadisələrindən sonra ABŞ-ın qlobal yayılma siyasəti daha da güclənmiş və bu çərçivədə Qafqazda nüfuz qazanma səylərini də çoxaltmışdır. Uzun müddət tətbiq olunan və Azərbaycana qarşı sanksiyaları əks etdirən 907-ci düzəlişin icrasının dayandırılması, Gürcüstana güclü bir şəkildə yerləşmək cəhdləri, bu çərçivədə uzun müddətdən bəri Gürcüstan ordusuna təlim proqramının tətbiq olunması və Saakaşvilinin iqtidara gətirilməsi prosesi, Azərbaycanda hərbi baza əldə etmə istəyinin müdafiə naziri D.Ramsfeld səviyyəsində rəsmi olaraq ifadə edilməsi, ABŞ rəsmilərinin Xəzərin təhlükəsizliyinin öz təhlükəsizlikləri olmasına dair şərhləri [16, s.29], bu tezisi gücləndirən amillərdəndir.
2001-2008-ci illər arasında ABŞ-ın Qafqaz regionunda bütün sahələrdəki gücünü möhkəmlətmək cəhdləri davam etmişdir. Bu istiqamətdə Qafqaz regionundakı enerji layihələrinə dəstək verən ABŞ, öz hərbi gəmilərinin Qara dəniz hövzəsinə girişi üçün addımlar atmış və xüsusilə də Gürcüstanın NATO-ya üzv qəbul olunmasına çox əhəmiyyət vermişdir. İqtisadi baxımdan ön planda olan beynəlxalq layihələr, kiçik problemlərə baxmayaraq həyata keçirilsə də, xüsusilə Gürcüstanın NATO üzvlüyü və ABŞ hərbi gəmilərinin Qara dənizə daxil olması mövzusu, Rusiyanın və Avropanın bəzi ölkələrinin də ciddi narazılıqları səbəbilə həyata keçirilməmişdir [8, s.7].
3. ABŞ-ın Qafqaz strategiyasında Rusiya amili
2008-ci ildən başlayaraq Qafqaz regionu ilə əlaqəli ABŞ-ın strategiyası Rusiyanın regionla əlaqəli siyasətlərinə reaksiya kimi fəallıq göstərmişdir. 2008-ci ilin 7-16 avqust tarixləri arasında baş verən və “beş günlük müharibə” kimi də yadda qalan müharibədə C.Osetiya və Rusiya ilə birlikdə Abxaziya da iştirak etmiş, Rusiyanın quru, dəniz və hava qüvvələri vasitəsilə Gürcüstanın önəmli şəhər və limanları bombalanmışdır. Qori şəhərinin işğal edilməsi ilə Gurcustan faktiki olaraq iki hissəyə bolundu. Belə olduqda, işğal altında olan Gurcustanın şimal hissəsi Gurcustan hokumətinin nəzarəti altından cıxdı [25, s.47]. Gürcüstan tərəfi hərbi qüvvələrini geri çəksə də Rusiya Gürcüstandakı işğalını Aİ-nın həmin dövrdəki sədri Fransanın vasitəçiliyində təqdim edilən “Sarkozi planının” 16 avqustda imzalanmasına qədər davam etdirmişdir. Rusiya bu plan çərçivəsində Gürcüstandan əsgərlərini geri çəksə də, 26 avqust 2008-ci ildə müstəqil dövlət kimi tanıdığı Abxaziya və C.Osetiyada hərbi və siyasi nüfuzunu davam etdirir [28, s.9].
Gürcüstan ilə Rusiya arasında gərginliyi artıran və xüsusilə də ABŞ-ı Gürcüstan məsələsinə daxil edən problemlərindən biri də Pankisi dərəsində meydana gəlmişdir. C.Osetiyanın şərqində yerləşən bu dərədə, Çeçenlər və digər regionlardan məcburi köçürülən əhali yaşayır [17, s.31]. Rusiya, bu dərədə çeçen müqavimətlilərin olduğunu iddia edərək buraya müdaxilə etməyə çalışsa da, Gürcüstan buna biganə qalmamışdır. Rusiya 2000-2002 illəri arasında dərəni vaxtaşırı bombalamış və rus-gürcü gərginliyi də buna paralel olaraq artmışdır [29, s.242]. 11 sentyabr hadisələrinə qədər Rusiya ilə Gürcüstan arasında Çeçenlərin dəstəklənməsi səbəbi ilə problem təşkil eden Pankisi dərəsi, 2002-ci ildə beynəlxalq terrorizmə qarşı ABŞ tərəfindən başladılan kampaniyanın əhatə sahəsinə daxil edilmiş və Rusiya ilə bu oblastda problemlər yaşanmışdır.
Qafqaz regionunda ABŞ-ın əsl müttəfiqi kimi qələmə verdiyi Gürcüstanın torpaq bütövlüyünün sarsılması və regional təhlükəsizliyin idarəsinin Rusiya tərəfindən ələ keçirilməsi nəticəsində 2008-ci ilə qədər regionda üstün mövqeye malik olan ABŞ-ın Qafqaz regionundakı mövqeləri zəifləmişdir. Bu hadisələrdən sonra ABŞ-ın Qafqaz regionundakı əsas hədəflərindən biri Gürcüstanın NATO-ya üzv qəbul etdirilməsi olmuşdur. Bu istiqamətdə ABŞ tərəfindən ciddi addımlar atılmış, NATO-ya üzv olan ölkələrlə geniş müzakirələr aparmışdır. Ancaq bu strategiyanın da reallaşmasına Avropa ölkələrinin Rusiyadan enerji baxımından asılı olmaları maneəçilik törətmişdir. 2017-ci ilə qədər ABŞ tərəfindən eyni cəhdlər davam etdirilsə də hələki Gürcüstanın NATO üzvlüyü baş tutmamışdır.
2010-2015-ci illər arası ABŞ-Azərbaycan münasibətlərində gərginliyin, anlaşmazlığın olduğu dövrdür. Bunun ən böyük səbəbi isə, ABŞ rəsmilərinin israrlı bir şəkildə Türkiyə-Ermənistan sərhəddinin açılmasını tələb etməsi və Ermənistanla əlaqəli dezinformasiyadan formalaşan dekonstruktiv siyasətləri olmuşdur. ABŞ, 2015-ci ildən etibarən Gürcüstanda hərbi baza qurmağa cəhd göstərir. ABŞ-ı fiziki olaraq BTC vasitəsilə Xəzərə bağlayan əsas ölkə Gürcüstandır. Bununla yanaşı Ermənistanı inkişaf etdirəcək fəaliyyətlər mövzusunda Türkiyəyə təzyiq göstərməsi və raketdən qorunması üçün Türkiyənin sərhədlərinə yerləşmə cəhdi ilə Şimali Qafqazda illərlə davam edən gərginlikləri birləşdirdiyimizdə ABŞ-ın regionla əlaqəli böyük layihələrinin olduğu ortaya çıxır. Bu çərçivədə ABŞ üçün Cənubi Qafqaz regionu mühüm strateji əhəmiyyətə malik region kimi dəyərləndirilir [11]. ABŞ-ın Cənubi Qafqazla əlaqəli strategiyalarını həyata keçirməsi ancaq tarixdən bəri müttəfiq hesab etdiyi Türkiyə üzərindən mümkündür. Ancaq 1 mart qanun layihəsi ilə ABŞ-ın bu strategiyası əngəllənmişdir. Bu qərarla ABŞ hərbi mütəxəssislərinin və kəşfiyyatçılarının Qafqaz regionu ilə sərhəddə açıq fəaliyyət göstərməsinin qarşısı alınmışdır. Rusiyanın Gürcüstandakı hərbi hərəkatının bir səbəbi də Amerikan strategiyasına qarşı bir reaksiya ola bilər.
Rusiyanın Gürcüstanda uğurlu mövqeyə nail olması və enerji layihələrinin sərhəddinə yerləşməsi ABŞ tərəfindən təhdid kimi qəbul edilir. ABŞ-ın Qafqaz regionu ilə əlaqəli strategiyası enerji və təhlükəsizlik kontekstində regionda Rusiya ilə yarışaraq davam edir.
Nəticə
Müasir dövrümüzdə böyük geosiyasi əhəmiyyətə malik olan Qafqaz regionu ilə əlaqəli böyük dövlətlər arasında gedən üstünlük mübarizəsi; Rusiyanın Xəzər hövzəsindəki təsirinin azaldılması, Çinin regionda fəal olmasına maneəçilik törədilməsi, ABŞ-nın siyasi nüfuzunun artırılması, ABŞ-ın hərbi gücü və şirkətləri ilə regiondakı fəaliyyətinin çoxaldılması, enerji resurslarının və enerji boru kəmərlərinin nəzarətdə saxlanılması, regiondakı təhlükəsizlik problemlərində fəal olunaraq dövlətlərə təzyiq göstərilməsi kimi müxtəlif güclər tərəfindən həyata keçirilən bir çox siyasət və bunlara müvafiq strategiyalar ilə izah edilə bilər.
Bu baxımdan Qafqaz regionunda həm region ölkələri həm də qlobal güclər arasındakı mübarizə daha da qızışmış və siyasi rəqabət daha da artmışdır. Bu amansız rəqabətin əsas hədəfi regiondakı trilyonlarla dollarlıq (təqribən 200 milyard barrel neft və 18 trilyon m³ təbii qaz) neft və təbii qazın istehsalında üstünlüyə sahib olmaq, enerjinin daşınmasında tranzit ödənişindən faydalanmaq, digər güclərə nəzərən enerji qiymətlərinə nəzarət etmək və regionda strateji üstünlük əldə etməkdir. Nəticə olaraq, son illərdə “yeni böyük oyun” kimi adlandırılan beynəlxalq rəqabətin arxa planında, keçən əsrdə olduğu kimi bugün də enerji resurslarının istifadəsi, əldə edilməsi və nəqli ilə əlaqədar mənfəət mübarizəsinin olduğunu deyə bilərik. Qafqaz regionunda aparılan bu mübarizə və rəqabətdən də ən çox region ölkələri zərər görmüşdür. Regionda marağı olan güclər arasında gedən bu siyasi mübarizə Qafqaz regionunun təhlükəsizliyinə təhdid təşkil edir.
ABŞ-ın Qafqaz regionu ilə əlaqəli strategiyasına Rusiyanın regionla əlaqəli fəaliyyətləri, enerji təhlükəsizliyi, regiondakı münaqişələr, Cənubi Qafqaz dövlətləri ilə iki tərəfli münasibətləri, erməni lobbisi və Amerikadakı administrasiyaların dövrlərə müvafiq doktrinaları təsir göstərən əsas amillər olmuşdur.


ƏDƏBİYYAT
1. A National Security Strategy for a new century / The White House, October 1998, http://www.fas.org/man/docs/nssr-98.pdf, (19.05.2017).
2. A National Security Strategy for a new century / The White House, December 1999, http://clinton4.nara.gov/media/pdf/nssr-1299.pdf, (19.05.2017).
3. Allison G., Blackwil R.D. Russia and U.S. national interests why should Americans care? // Belfer Center for Science and International Affairs and Center for the National Interest, Harvard University, 2011, p. 25-30, http://www.cftni.org/Russia-and-US-NI_final-web.pdf, (19.05.2017).
4. Aslanlı A. Qlobal siyasətdə Qafqaz // Analitik baxış: aylıq analitik informasiya məcmuəsi, №4, Sentyabr-Oktyabr 2010, s. 29-38.
5. Assessments Required by the Silk Road Strategy Act of 1999 / U.S. Department of State, http://www.state.gov/p/eur/rls/rpt/23605.htm, (19.05.2017).
6. Baban I., Shiriyev Z. The U.S. South Caucasus strategy and Azerbaijan // Turkish Policy, Vol. 9, №2, p. 93-103, http://www.turkishpolicy.com/dosyalar/files/93-103.pdf, (19.05.2017).
7. Bjezinski Z.K. Böyük şahmat taxtası. Bakı: Qanun nəşriyyatı, 2011, 328 s.
8. Caferov N., Aslanlı A., ABD ve Güney Kafkasya: Ağustos 2008 öncesinde ve sonrasında // Aksaray Üniversitesi İktisadi ve İdari Bilimler Fakültesi dergisi, Cilt 8, Sayı 4, 2016, s. 1-10.
9. Carrère H. E. Le Caucase, région d’importance stratégique? // Tribune, №410, 19 juillet 2013, http://www.defnat.com/site_fr/pdf/Carr%C3%A8re-d’Encausse%20-%20Le%20Caucase,%20r%C3%A9gion%20d’importance%20strat%C3%A9gique(T410).pdf, (19.05.2017).
10. Cəfərov S. Xəzərin karbohidrogen ehtiyatları və Azərbaycanın enerji təhlükəsizliyi: reallıqlar və perspektivlər // Tarix və onun problemləri jurmalı, №4, 2009, s. 190-191.
11. Çınar B., ABD’nin bölgeden bölgeye sıçrama stratejisi // 21. Yüzyıl Türkiye enstitüsü, http://www.21yyte.org/kose-yazisi-yazdir/301, (19.05.2017).
12. Cornell S. US engagement in the Caucasus: Changing gears // Helsinki Monitor 2005 , №2, p. 111-119, http://www.silkroadstudies.org/new/inside/publications/0506_Hmonitor.pdf, (19.05.2017).
13. Cornell S. US engagement in the Caucasus: Changing gears // Helsinki Monitor 2005 , №2, p. 111-119, http://www.silkroadstudies.org/new/inside/publications/0506_Hmonitor.pdf, (19.05.2017).
14. Diplomatiya aləmi / Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Jurnalı, №7, 2004, http://www.mfa.gov.az/files/file/7(2).pdf, (19.05.2017).
15. Edwards M. The new great game and the new great gamers: disciples of Kipling and Mackinder // Central Asian Survey, Vol. 22, №1, 2003, p. 84–96.
16. Eisenbaum Boris. La politique américaine dans le Caucase // Les Cahiers de l’Orient, №101, 2011, p. 23-33.
17. German T.C. The Pankisi gorge: Georgia’s Achilles heel in its relations with Russia? // Central Asian Survey, Cilt: 23, №1, Mart 2004, s. 27-39.
18. Gilpin R. War and Change in World Politics. New York: Cambridge University press, 1981, 288 p.
19. Goldgeier J.M., McFaul M. Power and purpose: U.S. policy toward Russia after the cold war. Washington: The Brookings İnstitutions, 2003, 456 p.
20. Hasanoğlu M., Cemilli E. Güney Kafkasya’da ABD politikası, İstanbul: IQ kültür sanat yayıncılık, 2006, 192 p.
21. Kantarcı H. Kıskaçtaki bölge Kafkasya. İstanbul: IQ Kültür sanat yayıncılık, 2006, 256 s.,
22. Khelashvili G., Macfarlane S. N. The evolution of US policy towards the Southern Caucasus // Uluslararası ilişkiler, Cilt 7, №26, Yaz 2010, p. 105-124.
23. Kissinger H. Does America need a foreign policy?: Toward a Diplomacy for the 21st Century. New York: Simon and Schuster, 2001, 318 p.
24. Lussac S. Géopolitique du Caucase: au carrefour énergetique de l’Europe de l’ouest. Paris: Editions TECHNIP, 2010, 186 p.
25. Mahmudlu C., Əhmədov A. Beş günlük müharibənin Cənubi Qafqaz dövlətlərinə təsiri // Journal of Qafqaz University, History, law and political sciences, Noyabr 2010, s. 46-53.
26. Nəsirov E. ABŞ və dünya 11 Sentyabrdan sonra. Bakı: Bakı Universiteti, Adiloğlu, 2003, 262 s.
27. Nəsirov E. Azərbaycan-ABŞ münasibətləri (1991-1997). Bakı: Qanun nəşriyyatı, 1998, 136 s.
28. Öztürk A. Rusya-Gürcistan Krizi: yerel bir çatışma // Küresel Yansımalar. OAKA: USAK, Cilt: 4, №7, 2009, s. 1-27.
29. Purtaş F. Rusya Federasyonu ekseninde Bağımsız Devletler Topluluğu. Ankara: Platin yayınları, 2005, 313 s.
30. Rzayeva G., Tsakiris T.G.R. Strategic imperative: Azerbaijani gas strategy and the EU’s southern corridor // SAM Review, Center for Strategic Studies, Baku, 2012, 41 p.
31. Sestanovich S. U.S. policy toward the Caucasus and Central Asia, // Washington DC, April 30, 1998,http://1997-2001.state.gov/www/policy_remarks/1998/980430_sestan_hirc.html, (19.05.2017).
32. Sherwood R.E. US Policy and the Caucasus // Contemporary Caucasus Newsletter, Berkeley Program in Soviet and Post-Soviet Studies, №5, Spring 1998, p. 3-4.
33. Şıhaliyev E. A. Kafkasya jeopolitiğinde Rusya, İran, Türkiye rekabetleri ve ermeni faktörü. Ankara: Naturel yayınları, 2004, 378 s.
34. Stephen S., Blank J. U.S. military engagement with transcaucasia and Central Asia // Strategic Studies Institute, June 2000, 43, http://www.strategicstudiesinstitute.army.mil/pdffiles/pub113.pdf, (19.05.2017).

Açar sözlər: Azərbaycan, Qafqaz, ABŞ, Təhlükəsizlik, Enerji, Rusiya, Gürcüstan
Ключевые слова: Азербайджан, Кавказ, США, Безопасность, Энергетика, Россия, Грузия
Key words: Azerbaijan, Caucasus, USA, Security, Energy, Russia, Georgia

Резюме
В разное время в стратегии Кавказа Соединенные Штаты развивались в разных направлениях. Влияние Америки на Южном Кавказе постепенно, но постоянно повышалось со времени независимости государств Южного Кавказа в 1991 году. Хотя Соединенные Штаты стали все более важным актором в политике региона, американские интересы на Южном Кавказе Остались в состоянии изменения. Поддержка независимости этих государств, их демократизации и интеграции в евроатлантические структуры изначально были сформулированы как принципы политики США, а Вашингтон определил несколько важных интересов национальной безопасности в регионе. В середине 1990-х годов энергетическая политика стала главной движущей силой внимания США к региону.

Summary
The United States has been developing in different directions at different times in the Caucasus strategy. America’s influence in the South Caucasus has gradually but continuously been on the rise since the independence of the South Caucasian states in 1991. While the United States has become an ever more important actor in the politics of the region, American interests in the South Caucasus have remained in a state of flux. Support for the independence of these states and for their democratisation and integration in Euro-Atlantic structures were initially enunciated as principles of US policy, while Washington identified few crucial national security interests in the region. In the mid-1990s, energy politics grew to become the main driving force of US attention to the region.

 

"GEOSTRATEGİYA" jurnalı №03 (39) May-İyun 2017

 

Samİr Quliyev
Tarix üzrə fəlsəfə doktoru


Etiket:

Strategiya.az

Xəbərlər
03.08.2020

Naxçıvan Qarnizonu Qoşunlarında yeni tədris dövrü başlayıb

03.08.2020

Regionlara gediş-gəlişin açılması məsələsi müzakirə olunur

03.08.2020

Operativ Qərargah karantin rejiminin yumşaldılması ilə bağlı QƏRAR verdi

03.08.2020

Ermənistan tərəfindən Azərbaycan Müdafiə Nazirliyinin adına saxta "Twitter" hesabı açılıb

03.08.2020

Müdafiə Nazirliyi cəbhədəki son vəziyyətlə bağlı məlumat yaydı

03.08.2020

Yoluxanların ümumi sayı 17 660 523, ölənlərin isə 680 894 nəfərə çatıb

02.08.2020

Müdafiə Nazirliyi: General-mayor Polad Həşimov döyüşdüyü səngərdə şəhid olub

02.08.2020

AZAL Bakı-Moskva-Bakı marşrutu üzrə xüsusi çarter reysi yerinə yetirəcək

02.08.2020

Avqustun 2-si Azərbaycan Kinosu Günüdür

02.08.2020

Gəncədə evdə gizli nişan mərasimi etmək istəyən şəxslər saxlanılıb

02.08.2020

Müdafiə Nazirliyi cəbhədəki son vəziyyətlə bağlı məlumat yaydı

01.08.2020

Naxçıvanda Azərbaycan-Türkiyə birgə genişmiqyaslı döyüş atışlı təlimlər keçirilir

01.08.2020

“Azərbaycan dilinin orfoqrafiya lüğəti”nin siqnal nüsxəsi çapdan çıxıb

01.08.2020

Yer Elmləri Bölməsində su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsi ilə bağlı müzakirələr aparılıb

01.08.2020

Paytaxtda koronavirusa yoluxma halları daha çox Binəqədi, Xətai və Sabunçu rayonlarında qeydə alınıb

01.08.2020

Azərbaycan neftinin qiyməti bahalaşır

01.08.2020

Müdafiə Nazirliyi cəbhədəki son vəziyyətlə bağlı məlumat yaydı

01.08.2020

1 Avqust - Azərbaycan Əlifbası Günüdür

01.08.2020

“Lenta.ru”: Məsələnin kökü Amerikaya gedib çıxır

31.07.2020

Prezident İlham Əliyev Həsən Ruhaniyə telefonla zəng edib

31.07.2020

Paytaxt sakinlərinin diqqətinə - Sabah küçəyə çıxmaq tövsiyə olunmur

31.07.2020

Prezident İlham Əliyevin rəsmi "Facebook" səhifəsində Qurban bayramı münasibətilə paylaşım edilib

30.07.2020

Azərbaycan Prezidenti: Başqa ölkələrin torpağında bizim gözümüz yoxdur, öz torpağımızı da heç kimə verən deyilik

30.07.2020

Azərbaycan Prezidenti: Sorosun tör-töküntüləri KTMT-nin müttəfiqləri ola bilməz

30.07.2020

DTX casusluq formasında dövlətə xəyanət edən ər-arvadı həbs etdi

30.07.2020

Prezident İlham Əliyev general Polad Həşimovun xatirəsinin əbədiləşdirilməsi üçün tapşırıq verib

30.07.2020

Qəbələdə 10 ədəd subartezian quyusu qazılacaq - SƏRƏNCAM

30.07.2020

Prezident İlham Əliyev Qəbələdə quraşdırılan modul tipli xəstəxanada yaradılan şəraitlə tanış olub

30.07.2020

Prezident İlham Əliyev Şəkidə modul tipli xəstəxanada yaradılan şəraitlə tanış olub

30.07.2020

Elman Rüstəmov: Azərbaycanın strateji valyuta ehtiyatları 51,7 milyard dollardır

30.07.2020

Bakıda ən az yoluxma bu rayondadır

30.07.2020

İqlim dəyişmələri fonunda su ehtiyatlarının azalması sürətlənir

30.07.2020

Polis və Daxili Qoşunların hərbi qulluqçuları tərəfindən fasiləsiz, gücləndirilmiş nəzarət-profilaktik tədbirlər paytaxtın bütün rayonlarını əhatə edir

29.07.2020

Bəyimxanım Vəliyevadan möhtəşəm ifa - VİDEO

29.07.2020

Ermənistana məxsus növbəti taktiki PUA məhv edildi

29.07.2020

Bakı Dövlət Universitetində bu il səkkiz yeni ixtisas açılıb

29.07.2020

Azərbaycanda daha 363 nəfər koronavirusa yoluxdu, 622 nəfər sağaldı, 8 nəfər öldü

29.07.2020

Ermənistanda koronavirusdan ölənlərin sayı 723-ə çatıb

29.07.2020

Prezident İlham Əliyev İsmayıllıda modul tipli xəstəxananın açılışında iştirak edib 

29.07.2020

Prezident İlham Əliyev Qobustanda koronaviruslu xəstələrin müalicəsi üçün nəzərdə tutulan modul tipli xəstəxananın açılışında iştirak edib

29.07.2020

Müdafiə Nazirliyi cəbhədəki vəziyyətlə bağlı son məlumatı açıqladı

29.07.2020

Xəzər dənizinin suyundan istifadə ilə bağlı təkliflər hazırlanacaq

29.07.2020

İyulun 29-da xarici valyutaların manata qarşı məzənnələri

29.07.2020

Azərbaycanda bir kənddə onlarla insan koronavirusa yoluxdu

29.07.2020

Uçuşlar bərpa olunur?

29.07.2020

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

28.07.2020

XİN: Azərbaycan - Türkiyə birgə hərbi təlimləri regional sülh və təhlükəsizliyin möhkəmləndirilməsinə töhfə verir

28.07.2020

Prezident İlham Əliyev İstanbula yeni baş konsul təyin edib - Sərəncam

28.07.2020

Ermənistanın hərbi təxribatının geosiyasi tərəfləri

28.07.2020

İyulun 28-də xarici valyutaların manata qarşı məzənnələri