Nəsrİn Babazadə,
Bakı Dövlət Universitetinin “Qədim dünya və orta əsrlər tarixi” kafedrasının dissertantı
Yaxın və Orta Şərq ölkələrini tamamilə ələ keçirən Səlcuqlar, özlərindən əvvəlki mədəni dünyanın da hamisi oldular. İngilis şərqşünası A.K.S.Lambtonun qeyd etdiyi kimi, Səlcuqlarla birlikdə “köhnə müəssisələr yeni məna kəsb etməyə” başladı [12,203; 14,364].
Səlcuqlar Orta və Yaxın Şərq ölkələrinin idarəsini öz əllərinə almaqla böyük bir mədəniyyət yaratdılar. Bu dövrdə müasir universitetlərin prototipi hesab edilən mədrəsələr elmin və maarifin yayılmasında böyük rol oynamışdır. Tarixçilərin “Şərq intibahı” kimi qiymətləndirdiyi İslam mədəniyyəti məhz bu dövrdə özünün yüksək inkişaf dövrünü yaşamışdır. Xaçlı səfərləri və monqol işğalı Səlcuqların yaratmış olduğu zəngin mədəniyyəti məhv etsə də, o dövrdə yazılmış və günümüzə qədər gəlib çatmış tarix, ədəbiyyat, fəlsəfə, məntiq, astronomiya, dil və təbiət elmləri ilə bağlı əsərlər böyük mədəni irsin varlığının nişanələri olaraq qalmaqdadırlar. Dövrün qaynaqlarda bu dövrdə yetişmiş minlərcə elm adamının adı və əsərləri haqqında məlumatlar vardır [14,364].
Səlcuqlar dövründə çoxlu fikir cərəyanları, düşüncə və ədəbiyyat məktəbləri, fəlsəfi görüşlər ortaya çıxmışdır. Səlcuqlar dövründə mədrəsəsi olmayan bir şəhər və vilayət demək olar ki, tapılmırdı. Sədrəddin əl-Hüseyniyə görə, Sultan Məlikşah dövründə xəzinədən fəqihlərə, sufilərə və Quran oxuyanlara hər il 300.000 dinar pul ayrılırdı [4,46; 14,364]. Baş vəzir Nizamülmülkün ətrafında böyük bir elm ordusu mövcud idi, onların bir həftəlik xərci 1000 dinara çatırdı. Səlcuq sultanları, vəzirləri, atabəyləri və əmirləri hər hansı bir səyahət zamanı qarşılarına bir fəqih, sufi və dərviş çıxdığı zaman yanlarındakı qulamlarına ona pul vermələrini əmr edər və bu məqsədlə öz yanlarında qızıl və gümüş kisələr dolusu pul daşıyan qulamlar gəzdirərdilər [18,208-209; 14,364-365].
Səlcuqlar dövründə alimlərə və ziyalılara xüsusi hörmət olunur və onlara yüksək dəyər verilirdi. Bu dövrdə müxtəlif elmlər inkişaf etmiş, xeyli kitab yazılmışdır. Əlbəttə, bütün elmlərə eyni səviyyədə diqqət yetirilmirdi. Hətta bəzi elm sahələri “lazımsız” sayılırdı. Məsələn, fəsəfə və məntiqə bu dövrdə maraq göstərilməsə də, ədəbiyyata və fiqhə xüsusi diqqət yetirilirdi. Alimlər bəzi elm sahələrinə dair tədqiqatlar aparırdılar. Səlcuqlardan əvvəlki və sonrakı dövrlərdə elm və düşüncə adamları təqib, həbs, edam edildikləri və təsir altına alındıqları halda, Səlcuqlar dövründə bu cür hadisələrə çox nadir halda rast gəlinirdi.
Səlcuq sultanları alim və ruhanilərə hədsiz dərəcədə hörmət və qayğı göstərirdilər. Bununla əlaqədar Zahirəddin Nişapuri Sultan Səncər haqqında yazır: “Onun dövründə Xorasan vilayəti dünya ictimaiyyətinin bəyəndiyi yer, elm, fəzilət, mədəniyyət və sənətin mərkəzi oldu. Əhali alim və ruhanilərə dərin hörmət bəsləyirdilər. Əhali tamamilə onlara itaət edib, ünsiyyətdə olurdular. Onlarla təklikdə, yaxud birlikdə söhbət edirdilər” [15,45; 16,171].
Seyid İsmayıl Curcani XII əsrin ən məşhur həkimlərindən olmuşdur. Curcani tibb elmində baş vermiş bütün əski mübahisələri yeni üsulla tədqiq etmiş və bu barədə fars dilində kitablar yazmışdır. Onun kitabları arasında “Əlcorətül-təbiyyə”, “Məbahisül-əlaiyyə zəxir”, yaxud “Zəxirətül-Xarəzmşahi”, “Təzkirətül-əşrəfiyyə fil Sənaətül- təbiyy”ə və “Zübdəül- tibbi” əsərlərini xüsusilə qeyd etmək olar.
XI əsrin sonu – XII əsrin əvvəllərində İranın ən məşhur riyaziyyatçılarından və şairilərindən biri Ömər ibn İbrahim Xəyyam Nişapuri olmuşdur. Xəyyam Sultan Məlikşahın hakimiyyəti dövründə Cəlali təqviminin yaradılmasında iştirak etmişdir. İbn əl-Əsir yazır ki, Məlikşah və Nizamülmülk bir dəstə astronomu toplayaraq Novruz gününü ilin ilk təqvim günü elan etmişdir. Novruz əvvəllər Hüt bürcünə təsadüf edirdi. Sultanın bu göstərişi ilə Novruz təqvimin ilk günü kimi qeydə alındı. Bu elmi tədqiqatda iştirak etmiş astronomlar Ömər ibn Xəyyam, Əbülmüaəffərül-Əsfzari və Meymun ibn Əlnəcibül-Vosta olmuşlar. Bu elmi müşahidələrə, tədqiqatda xeyli vəsait xərclənmiş və həmin iş Sultan Məlikşahın vəfatına qədər (1092) davam etmişdir. Sultanın ölümündən sonra bu araşdırmalar dayandırıldı [8,268].
Kimyagərlik elmi sahəsində Əbu İsmayıl Həsəb ibn Əli, “Əmidül-dövlə” və yaxud “Fəxrül-kitab” təxəllüsu ilə Səlcuq sultanı Məsud ibn Məhəmmədin sarayında xidmət edirdi. Onun əsərləri sırasında “Əlcövhərül-nəsir fi sənaətül- iksir”, “Cameül-əsrar”, “Vətrakib vələnvar”, “Məfatihül-rəhmə”, “Məsahibül-həmm”ə və “Həqayiqül-isteşhad fil-kimiya” kitablarını xüsusilə qeyd etmək olar [1,349].
Səlcuqilər zamanı elmin inkişaf dövrü sayılır. Bu dövrdə dini mövzular xüsusi maraqla müzakirə olunurdu. Fəqihlərin və din alimlərinin bir çoxu elmi mərkəzlərdə fəaliyyət göstərirdi. Əbu İshaq Şirazi həmin alimlərdən ən məşhuru idi. O, Fars vilayətinin Firuzabad şəhərində anadan olmuş, öz dövrünün bəzi alimlərindən təhsil almış, fəqih və dini alimilik dərəcəsini almışdı. Nizamülmülk Bağdad “Nizamiyyə” mədrəsəsini inşa etdirdikdən sonra Əbu İshaq Şirazi bu elm ocağında alim kimi tədrislə məşğul olmuşdur. O, fiqh elmi üzrə “Əltənbih vəlməzhəb”, “Vəlnökət, Əllimə və onun izahı”, “Fiqh üsulunda izahat” adlı əsərlərin müəllifidir. O, 1083-cü ildə vəfat etmişdir [Bax: 17,215-217].
Ensiklopedik biliklərə malik olan Qəzzalinin şöhrəti bu dövrdə hər yerdə yayılmışdı. Nizamülmülk onu “Nizamiyyə”yə müəllim kimi Bağdada göndərmişdi. Qəzzali 1091-1095-ci ilədək orada tədrislə məşğul olmuşdur. Lakin, 1095-ci ildə onun təfəkküründə dəyişiklik baş verdi. Buna görə də o, dünyəvi-aləmdən əl çəkərək Beytül-müqəddəsə, Məkkəyə və Şama səfərlər etdi. Bütün bu müddət ərzində o, tək-tənha surətdə ibadətlə məşğul oldu. Onun əsərləri sırasında “Nəsihətül-müluk”, “Kimyaye-səadət”, “Ehya Ülumüddin”, “Təhafəül-fəlasüfə”, “Əlmüntəqez Minzəlal”, “Məqasidül-fəlasüfə” xüsusilə seçilir [6,243, 274].
Elmin hələ də xüsusi sahələrə ayrılmadığı bu dövrdə yalnız elmi biliklərin bütün məcmusuna yiyələnmiş şəxslərə “alim” adı verilirdi. İslam Şərqində alimlərin formalaşdığı başlıca obyektlər mədrəsələr olmuşdur. Ona görə nəzərdən keçirilən tarixi dövrün mədəni həyatından bəhs olunarkən Əbu Əli Həsən ibn İshaqı (Nizamülmülkü) xatırlatmamaq qeyri-mümkündür. Çünki bu şəxs orta çağlar İslam Şərqinin görkəmli elm təşkilatçısı, incəsənətin müxtəlif sahələrinin inkişafına himayəçilik etmiş dövlət xadimi idi. O, Xorasanın Tus şəhərində anadan olmuş, Səlcuq sultanları Alp Arslanın (1063-1072) və Məlikşahın (1072-1092) vəziri vəzifəsini icra etmiş, Səlcuq dövlət aparatının yaranması və inkişafında mühüm rol oynamışdır. Mübaliğəyə yol vermədən demək olar ki, vəzirliyi dövründə imperiyanı əslində Səlcuq sultanları deyil, Nizamülmülk idarə edirdi [11,118].
Bu dövrdə elmin və mədəniyyətin inkişafına dövlət səviyyəsində verilən düzgün istiqamət böyük Səlcuq dövlətinin hər yerində olduğu kimi İranda da elmin və mədəniyyətin inkişafı üçün əlverişli şərait yaratmışdı. Səlcuqların məşhur vəziri Nizamülmülkün bu sahədə atdığı addımlar xüsusilə təqdirəlayiqdir. Baş verən dini münaqişələrin, eləcə də Fatimilərin yaydıqları şiəlik təsirinin qarşısını almaq üçün Səlcuq hökmdarlarının savadlı alimlərə ehtiyacı var idi. Müasir ərəb tədqiqatçısı Əbu əl-Hadi Məhbubənin yazdığına görə, Nizamülmülk “öz əleyhdarlarını zəif salmaq üçün silahdan əlavə, elmdən də istifadə edir, saysız-hesabsız dini təriqət və məzhəblərin təliminə qarşı sünniliyin təlimlərini irəli sürərək, onlara qarşı dini-ideoloji mübarizə cəbhəsini açırdı”. Bu məqsədi həyata keçirmək üçün Səlcuq hökmdarları bir çox şəhərlərdə mədrəsələr açdırmış, dövrün məşhur alimlərini bu elm və bilik ocaqlarına cəlb etmişdilər [2,471].
Səlcuqların hərtərəfli inkişaf etmiş böyük kadrlar ordusuna ehtiyacı vardı və Nizamülmülk də Səlcuq sultanları üçün böyük tapıntı idi. Bu dövrdə hərbi təcrübəni əla bilən Səlcuq sultanları maliyyə, idarəçilik məsələlərində yerli kadrların yardımına böyük ehtiyac hiss edirdilər. Buna görə də, Səlcuq dövlət aparatının bütün divan işləri ərəb və fars dillərinə bələd olan fars zadəganlarının əllərində cəmləşmişdi. Nizamülmülk Səlcuq bürokratiyasının zəifləməsinə nail olmuşdur. O, 12 min adama dövlət xəzinəsindən maaş ödəmişdi. Qaynaqlar bu adamların “elm və irfan” sahibi adamlar olduğunu qeyd edir. Elm və irfan sahiblərinə dövlətin dəstək verməsi Səlcuq dövləti üçün xarakterik bir haldır [14,177].
Sultan Məlikşah dövründə Səlcuq imperiyasında mədəni həyat çiçəklənmə dövrünü keçirirdi. Məlilikşah özünün tarixdə nadir olan vəziri Nizamülmülkün ağıllı məsləhətlərinin təsiri ilə dövlətdə islahatlar apardı. Məlikşah şair idi və elmlərə himayəçilik edirdi. Onun hakimiyyəti təbəələr üçün ən məsud zaman idi [11,119].
Səlcuqlar dövründə bir çox elm sahələrində xeyli alim və fəqih fəaliyyət göstərmişdir. Onlar hakim sülalənin və adi əhali kütləsinin dərin hörmətini qazanmışdılar. Alimlərin müəyyən qisminin saray əyanları və Səlcuq sərkərdələri ilə münasibətləri olmuşdur. Bəzən onlar çəkişən tərəflər arasında barışdırıcı rol oynayırdılar.
Səlcuq sultanları elm adamlarına böyük hörmət bəsləmiş, daim onlara köməklik göstərmişdilər. Səlcuq hökmdarlarının elm adamlarının əllərini öpərək onlara təzim etdiyi, onları müdafiə etdikləri barədə mənbələrdə məlumatlar vardır. Sultan Toğrul dövründə Cəmal əl-islam və Şeyx əl-əcəl ləqəbləri ilə məşhur olan Nişapur mədrəsəsinin müdərrisi və Nişapurdakı şafi şeyxi Hibətullah Sülukinin bütün sözləri və istəkləri sultanın əmri ilə yerinə yetirilirdi [10,370; 14,379]. Sultan Alp Arslan zamanında məşhur elm adamları Zeyn əl-islam Əbül-Qasim Qureyşi ilə İmamül-Harəmeyn Cüveyni böyük hörmət və izzət sahibi idilər. Vəzir Nizamülmülkün onların qarşısında ayağa qalxdığı və öz yanında əyləşdirdiyi qeyd edilir. Hərəkətləri və siyasi qərarlarına görə sultan və vəzirləri tənqid edən elm adamları da var idi. Əbu Əli Farmidi adlı dövrün məşhur alimi haqqında vəzir Nizamülmülk belə demişdi: “Farmidi hüzurumda mənə nəsihət edər, məni tənqid edir, işlədiyim səhvləri və etdiyim zülmləri üzümə söyləyir. Mən onun sözlərindən istifadə edirəm, etdiklərim səhvləri bir daha etməməyə çalışıram” [7,173-174; 14,379].
XI-XIII yüzilliklər İslam dünyasında mədəniyyətin, elmin inkişafı, məktəblərin, elmi mərkəzlərin təsis olunması, fəaliyyəti dövrü olmuşdur. Nizamülmülk Səlcuq imperiyasının quruluşunu qoruyub saxlamağa çalışırdı [9,95]. O, sünni məzhəbini müdafiə və himayə edir, Qahirədə Fatimi hakimiyyətinin etibarını azaltmağa, onun nüfuzunun yayılmasının qarşısını almağa can atırdı [3,75]. Bütün mənbələr təsdiq edir ki, Xacə Nizamülmülk İslam Şərqində sünni məktəblərini təsis etmiş və bununla onları Misirdə və Əndəlüsdə hakimiyyətdə olan Fatimilərin tədris ocaqlarının səviyyəsinə çatdırmağa çalışırdı.
Səlcuqların hakimiyyətə gəlməsi, sünni məzhəbli məktəblərin, mədrəsələrin təsis edilməsi üçün əlverişli zəmin yaratdı. Səlcuq sultanlarının hakimiyyətə gəlməsi ilə Abbasi xəlifələrinin tərəfdarları yenidən artdı. Abbası xəlifələrinin itirilmiş hakimiyyəti yenidən bərpa edildi. Sünni məzhəbinin gücləndirilməsi üçün müntəzəm bir təlim proqramı və məharətli təbliğatçıların hazırlanması lazım idi. Səlcuqlar dövründə məktəb təsisi hərəkatının başlanmasının məqsədi bu hədəf olmuşdur. Səlcuq sultanları və vəzirləri bu məqsədlərinə nail olmağa çalışırdılar.
Səlcuq sultanı Toğrul bəy “Nizamiyyə” mədrəsəsindən əvvəl Nişapurda bir məktəb təsis etdi. Nasir Xosrov bu barədə yazır: "Şəvval ayının 11-də Nişapura getdim. O zaman oranın hakimi Çağrı bəyin qardaşı Toğrul bəy Məhəmməd idi. Onun göstərişi ilə Şəracan bazarının yanında bir məktəbin binasını təsis etdilər. O, ilk dəfə İsfahan vilayətini özünə tabe etmək üçün oraya getmişdi" [5,55].
Mədrəsələr Qəznəvilər dövlətində açılsa da, onları əsil şanına və şöhrətinə qovuşduran Səlcuqlar olmuşdur. İmperiyanın demək olar ki, hər şəhərində mədrəsə inşa etdirən Səlcuqlar elm və təhsilə verdikləri xidmətləri ilə dünyada ilk dəfə olaraq maarif və təhsili bir dövlət siyasəti halına gətirmişdilər. Səlcuq mədrəsələrinin iki məqsədi olmuşdur: 1. Elm və təhsilin inkişafı; 2. Oxumaq imkanı olmayan, yoxsul uşaqlara təhsil vermək. Bu, Səlcuqların təhsilli bir cəmiyyət qurmaq qayəsini ortaya qoymaqdadır. Təhsil haqqının tamamilə pulsuz olması Səlcuq dövlətinin təhsilə verdiyi əhəmiyyəti bir daha göstərməkdədir [14,376].
Səlcuq sultanlarının şəxsi hakimiyyətlərini möhkəmləndirməsi imperiyada sünni məzhəbli məktəblərin açılması üçün zəmin yarandı. Alp Arslanın dövründə, Nizamülmülkün səyi nəticəsində ilk məktəblərin təsis edilməsi üçün müntəzəm bir proqram hazırlandı. Bir gün Alp Arslan Nişapur şəhərinə gələrkən kirli və kasıb halda bir qrup adamla qarşılaşdı. Onlar sultanı gördükləri halda nə salam verdilər və nə də hörmət etdilər. Sultan bu davranış qarşısında təəccüb edib vəziyyəti vəziri Nizamülmülkdən soruşdu. Vəzir ona, “bu gördüyün insanlar elm ərbabı olub, pərişan hallarına rəğmən insanların ən nəcabətliləridir. Dünya nemətləri onlar üçün deyildir və onlar da bu dünyadan zövq almazlar. Qiyafətləri də yoxsulluqlarına dəlalət etməkdədir. Sultanımızın icazəsi olarsa, onlar üçün qalacaq yer inşa edərəm və özlərinə riziq verərəm. Beləcə onlar elm, təhsili və Sultan dövlətinin bəkası üçün dua ilə məşğul olarlar” [13,270; 14,376]. Sultan bu xəbəri qəbul etdi. Nizamülmülk məktəb binalarının təsis olunması üçün hər yerə hökm göndərdi. Deyilənlərə görə, həmin ildə sultanın sərvəti hesabına 70 məktəb binası inşa edildi. O, bu xeyriyyə işinin təməlini qoymuş ilk şəxsiyyətdir [13,270; 14,376].
Bağdadda Şərəfüdövlə Əbu Səəd Müstovfi Alp Arslanın göstərişi ilə Əbu Hənifənin məqbərəsinin yanında Hənəfi təriqətinə mənsub olanlar üçün bir məktəb təsis etdi. Səlcuq sultanları Bağdad şəhərində ilk belə məktəb təsis etmişdilər. “Nizamiyyə” mədrəsələri Səlcuqlar dövrünün ən mühüm, əzəmətli məktəblərindən olmuşdur. Nazam əl-Mülk bəzi böyük şəhərlərdə məktəblər təsis etdi, tədris bacarığı olan bir çox alimləri bu məktəblərə işə cəlb etdi. Həmin yerdə o şəxs məktəb təsis edirdi. Tacəddin Səbki Bağdad, Nişapur, Herat, İsfahan, Bəsrə, Mərv, Amul və Mosul şəhərlərində 9 “ Nizamiyyə” mədrəsəsi olduğunu qeyd edir [17,313].
Nizamülmülk “Nizamiyyə” məktəblərinə xüsusi diqqət yetirir, onların inkişafına pul ayırır, dəqiq tədris proqramları hazırlatdırırdı. Bu isə həmin məktəblərin əhali arasında şöhrət qazanmasına, alimlərin oraya cəlb olunmasına səbəb oldu. Bağdad “Nizamiyyəsi” ən etibarli mədrəsə sayılırdı. Səlcuqların hakimiyyəti dövründə Bağdad rəsmi paytaxt statusu almamışdı. Lakin buna baxmayaraq, Məlikşah ömrünün sonlarında, sonrakı Səlcuq sultanları yaylaq və qışlaq məqsədilə İsfahan, Həmədan və Bağdad arasında olurdular. Bağdad Abbasi xəlifələrinin mərkəzi sayılırdı. Nizamülmülk xəlifələrə hörmətlə yanaşır, Bağdada xüsusi diqqət yetirirdi.
“Nazamiyyə” mədrəsələrinin başqa xüsusiyyəti də müəllimlərə maaş və tələbələrə isə təqaüd ödənilməsi olmuşdur. Bu, müəllimlərin və tələbələrin rahatcasına təlim-tərbiyə işi ilə məşğul olmalarına şərait yaradırdı. Tərtuşinin məlumatına görə, Nizamülmülk fəqihlər üçün elm ocağı, alimlər üçün məktəb, zahid və yoxsullar üçün isə bağ saldırdı. Onların hamısına təqaüd təyin etdi. Bu xərclər onların yemək-içməyindən əlavə olaraq ödənilirdi. Bu, Səlcuq imperiyasında dəb halını aldı. Bu işlər üçün hər il 600 min dinar xərclənirdi.
Məktəb binaları Səlcuq sultanlarından və Nizamülmülkün dövründən öncə də inşa olunurdu. Xorasan və Mavəraünnəhr vilayətlərində müsəlman təliminə, tərbiyəsinə əsaslanan məktəblərin inşası IX əsrin sonlarından başlanmışdı. Mənbə məlumatlarına görə, ilk məktəb binası Buxara şəhərində təsis edilmişdi. Öncə Mavəraünnəhr alimləri şikayətləndilər və dedilər ki, indi elm aradan getdi. İndiyə qədər alim və cahil insanlar arasında fərq vardı, bundan sonra isə bəzi xırdaçı şəxslər və özünü alim kimi göstərənlər elm aləminə daxil olacaqlar. Bu məktəblərdə təhsil pulsuz idi, tələbələrə maddi yardım da göstərilirdi. Təhsil almaq məqsədilə məşhur şəhərlərə tələbələrin axını ona səbəb oldu ki, məktəblərin nəzdində onların yaşaması üçün hücrələr inşa edildi. Şeyx Əbu Əli əl-Hafiz əl-Kəbirin təsis etdiyi məktəbdə müxtəlif şəhərlərdən 1000 nəfər tələbə təhsil alırdı. Əbu Hatəm Bəsti Bəst şəhərində bir məktəb təsis etdi, tələbələr üçün kitabxana və yemək yeri də hazırladı. O, müxtəlif rütbədə olan tələbələrin və başqalarının ixtiyarında bir miqdar nağd pul, habelə yemək qoymuşdu [13,270].
Əmir Nəsr ibn Səbüktəkinin Nişapurda təsis edilmiş “Səədiyyə” mədrəsəsinin xərci vəqflər vasitəsilə ödənilirdi. Bu məktəblərdə vəqfin bir qismi həm tələbələrə, həm də fəqihlərin maaş və təqaüdü kimi xərclənirdi .
“Nizamiyyə”lərə, Bağdad məktəbinin inşasına xüsusi diqqət ayrılırdı. Təsisçilər məktəb binalarının möhkəm olmasına çalışırdılar. “Təcaribül-sələf” kitabının müəllifi yazır: Bağdad “Nizamiyyə”sinin rəisi Əbu Səid Əhməd ibn Məhəmməd Nişapuri “Sufi” adlı bir şəxs idi. Xacə Nizamülmülkə xəbər verib dedilər ki, o, binanın inşa gedişində xeyli vəsaiti mənimsəmişdir. Əbu Səid bu xəbəri eşidən kimi Bəsrə şəhərinə qaçdı. Lakin yenə də bu əməlindən peşman olub Bağdada geri qayıtdı. Xacənin hüzuruna gələrək dedi: “Ey mənim sahibim, sən bu məktəbi Allah rizası üçün inşa etdirdin. Buna görə də, bu işdə xəyanət edən hər kəsin cəzalandırılmasını Allaha tapşır, savab qazan, xain isə bu xəyanətin cavabını qiyamət günü verməli olsun”. Nizamülmülk dedi: “Məni narahat edən, sənin aldığın pul və ya başqa bir səbəb deyildir. Boşa gedən zaman üçün narahatam. Bu itən zamanı geri qaytarmaq mümkün deyildir. Mən istəyirdim ki, bu mədrəsə Mənsur məscidi və Adudəd-dövlə xəstəxanası kimi möhkəm olsun. Eşitdiyimə görə, bu binaların inşası zamanı bir kərpic üçün bir kisə kirəc tökülmüşdür. Oysa, mənə sənin bu binanı inşa edərkən mənkuş kərpicdən istifadə etdiyin xəbər verildi. Buna görə də az ömürlü olmasından qorxuram” [13,271, 14,277].
“Nizamiyyə” binası gözəl və cəlbedici idi. Bu mədrəsə nizam-intizam baxımından nümunəvi bir məktəb sayılırdı. Bu məktəb o dərəcədə gözəl idi ki, sonralar səyyahların qəlbini oxşayırdı. İbn Cübeyr qeyd etmişdir ki, Bağdad şəhərində üç məktəb mövcud idi və onların hər üçü şəhərin şərqində yerləşir. Həmin məktəblərin arasında “Nizamiyyə” ən əzəmətlisi olmuşdur.
İbn Bəttutə Bağdadı tərif edərkən “Nizamiyyə” məktəbindən də bəhs edir: "Gözəllik baxımından Bağdad “Nizamiyyə”sinin misli yoxdur. O, Seçəşənbə bazarının ortasında yerləşir. “Müstənsiriyyə” məktəbi isə bu bazarın qurtaracağındadır. Başqa “Nizamiyyə”lərin binaları da əzəmətlidir. İsfahan “Nizamiyyə”si də çox möhtəşəm bir məktəb sayılır. O, İsfahanın Came məscidinin yanında, Dərdəşt məhəlləsində yerləşir və onun hündür minarəsi var. Minarə elə hündürdür ki, üç nəfər onun zirvəsinə qalxıb ensə, onlar tavanın üstündə olmadan bir-birini görə bilməzlər [9,124].
Səlcuqlar dövrünün məktəblərinin və “Nizamiyyə”lərinin binaları dörd eyvanlı olmuşdur. Böyük şəhərlərdə binalar möhtəşəm, əzəmətli inşa edilirdi. Ümumiyyətlə, bu dövrün bütün məktəb binaları həmin xüsusiyyətlərə malik idi. Məktəblərin həyətləri böyük olurdu və onlar kərpiclə döşənirdi. Həyətin müxtəlif tərəflərində müxtəlif təriqətlərin tədris olunması üçün böyük eyvanlar mövcud idi. “Nazamiyyə” məktəblərində bütün bu eyvanlar Şafei təriqətinə aid idi. Eyvanların ətrafında müəllimlər üçün otaqlar hazırlanmışdı. Bu otaqlar bir dəhlizdə birləşirdi, yuxarı mərtəbələrdə tələbələr yaşayırdılar. “Nazamiyyə” mədrəsələrində kitabxanalar da mövcud olmuşdur. Bəzi kitabxanaların nəzdində hamam, əczaxana, xəstəxana, tövlə və s. vardı. Məktəblərin müəyyən yerlərində namaz qılmaq, ibadət etmək üçün məscidlər inşa edilmişdi [20,238].
“Nazamiyyə”lərin şöhrəti, xüsusilə Bağdad “Nizamiyyəsi” və onun bir çox üstünlükləri alimlərin diqqətini həmin tədris ocağına cəlb edirdi. Onlar elmi araşdırmalarda özünü təsdiq etmək, sultana yaxud xəlifəyə yaxın olmaq, həmin məktəbin üstün cəhətlərindən bəhrələnmək məqsədilə burada fəaliyyət göstərməyi özləri üçün fəxr hesab edirdilər. Bağdad “Nizamiyyə”sində tədrislə məşğul olmaq hər bir islam aliminin arzusu olmuşdur.
Bəzən tanınmış şəxslər “Nizamiyyə” mədrəsələrinə mühazirələr oxumağa dəvət olunurdu. Mənbə məlumatlarına görə, Əbu Bəkr Məhəmməd ibn Sabit Xocəndi Mərv şəhərinin ən tanınmış vaizi idi. Bir gün Nizamülmülk də onun məclisində iştirak etdi və onun çıxışını çox bəyəndi. Buna görə də onu özü ilə İsfahan şəhərinə “Nizamiyyə” mədrəsəsinə apardı.
“Nizamiyyə” mədrəsələri elə bir zamanda təsis edildilər ki, İslam aləmində müxtəlif düşüncə və fikirlər mövcud idi. Lakin buna baxmayaraq, Nizamülmülkün bu məktəblərə dair başlıca məqsədi müsəlmanlara Şafei təriqətini qəbul etdirmək idi. Bu mədrəsələrdə Şafei fiqhi, Quranın təfsiri, peyğəmbər hədislərinin şərhi və ədəbiyyat tədris edilirdi. Bəzi mədrəsələrdə tibb elminə də diqqət yetirilirdi. Təhsil mövzuları barədə bir çox müzakirə və mübahisələr bu mədrəsələrdə böyük əhəmiyyətə malik idi. Mühazirə, müzakirə və müxalifət həmin dövrün alimlərinin üç əsas silahı olmuşdur [20,270].
Müzakirələr zamanı yalnız bir çox elmi əsərlər diqqət obyekti deyildi. Bəzi alimlər həmin müzakirələr nəticəsində azad düşüncə naminə hətta canlarını fəda etmişlər. Lakin “Nizamiyyə” məktəblərində mütərəqqi fikirlər çox az yayılırdı. Bu məktəblərdə təhsil alan tələbələr azad düşüncəyə yiyələnməkdən və aydın nəzəriyyələri öyrənməkdən məhrum idilər [Bax: 19,24]. Bunun nəticələri isə elm və həyat arasında ziddiyyət, alimlər arasında düşmənçilik, əski nəzəriyyələrin araşdırılmasının, düşüncə dairəsinin məhdudlaşdırılması kimi mənfi hallar idi. Bu hallar isə düşüncənin zəifləməsinə, məntiq qarşısında hissiyyat məsələlərinə üstünlük verilməsinə, məntiqsiz təqlidlərə, keçmiş nəzəriyyələrə inanmalara, fərqli düşüncə sahiblərinin “kafir” hesab olunmasına gətirib çıxardı. Buna görə də dini və ədəbi mövzularda arif olan alimlər, geniş təfəkkürlü alimlərdən hesab olunurdular. Hədis və fiqh şərhçiləri filosoflardan və yaxud təfəkkür sahiblərindən daha çox bəyənilirdilər. Nəticədə fəlsəfə və məntiq elmləri tədricən zəifləyir, dəbdən düşürdü [20,273].
“Nizamiyyə” mədrəsələrinin təsis edilməsi, Səlcuq hökmdarlarının təlim-tərbiyə mərkəzlərinə diqqəti alimlərdə elmə, pedaqoji fəaliyyətə maraq oyatdı. Müxtəlif təriqətlər, xüsusilə Şafei və Hənəfi təriqətləri arasında rəqabət ona səbəb oldu ki, hər təriqət rəhbəri özünü rəqiblərindən qorumaq üçün məktəblər təsis etməyə meyl göstərdilər. Sultanların, hakimlərin, məmurların bəziləri axirət dünyası savabını qazanmaq naminə, bəziləri isə ictimai mövqe əldə etmək məqsədilə təhsil müəssisələri açmağa, inkişaf etdirməyə can atırdılar. Bəzi şəxslər isə sadəcə olaraq rəqabət aparmaq üçün bu fəaliyyətə qoşulurdular [20,239].
Mədrəsələrdə eyni məzhəbdən bir müdərris, bir vaiz, bir kitabxanaçı, bir Quran oxumasını öyrədən müəllim, bir ərəb dilini öyrədəcək müəllim olmaq üzrə beş əsas müəllim heyəti fəaliyyət göstərirdi. Mədrəsə müəllimlərinin maaşları vəqf gəlirlərindən ödənilirdi. Müdərrislər, bir növ mədrəsənin baş müəllimləri hesab edilirdilər. Müdərrislərin vəzirlər və sultanlar tərəfindən təyin edildiyi məlumdur. Nişapur mədrəsəsinin müdərrisi İmam əl-Harameyn Cüveyni, köməkçisi isə Əbdürrəhman Afif, İsfahan mədrəsəsinin ilk müdərrisi Sədrəddin Xocəndi, Amul mədrəsəsinin ilk müdərrisi isə Məhəmməd Tamimi Mərvəzi olmuşdur [14,378].
Mədrəsələrin baş müəllimliyinə təyin edilən müdərrislər xüsusilə seçilir, alim və elm sahəsində mükəmməl biliyə sahib olmasına diqqət edilirdi. Mədrəsə müəllimlərinin sadə həyat sürdükləri, vaxtlarını elm öyrətməklə keçirdikləri haqqında xeyli məlumat vardır. Əbdülməlik Xanquşi adlı bir elm adamı Nişapurda şəxsi mədrəsə və xəstəxana inşa etdirən və bunların gəlirlərini qarşılamaq üçün geniş əraziləri vəqf etdirmiş, özü isə sadə bir həyat yaşayıb papaq tikərək və yamayaraq günlük məvacibini çıxarmışdır [14,379].
Səlcuq təhsil sisteminin dünya təhsil sisteminə gətirdiyi yenilik müəllim-tələbə münasibətidir. Müəllim tələbənin problemi ilə maraqlanır, onun dərs xaricində üzləşdiyi çətinlikləri həll edirdi. Səlcuq dövrü mədrəsələrinin, ümumiyyətlə, Səlcuq təhsil sisteminin diqqət çəkən və yenilikçi tərəfi tələbənin təqaüd və evlə təmin edilməsidir. Yəni oxumaq və təhsil pulsuz idi. Tələbənin təhsil alması, elm adamı olması üçün savaddan başqa heç bir şeyə ehtiyacı yox idi [14,380].
Təhsilini tamamlayan tələbələrə dövlət sahib çıxırdı. Məzunların böyük bir hissəsi dövlət idarəsində işləyirdi. Nizamiyyə mədrəsəsinin müdərrisi Əbu İshaq Şirazi xəlifənin elçisi kimi Nişapura Sultan Məlikşahın yanına gedərkən yolunun üstündəki hər şəhərdə Səlcuq dövlət idarəsində işləyən tələbələrinə rast gəlmişdi [10,379; 14,380-381].
Səlcuqlar dövründə hər cami və məscidin də öz mədrəsəsi var idi. Məscidlərdə uşaqlar Quran oxumaq, təfsir, hədis, fiqh, ərəb dili və ədəbiyyatı dərslərini keçirdilər. Nişapur mədrəsəsində Əbu Nəsr Əbdülqadir Suli 17 elmdən dərslər verirdi. Bu dərslər arasında hüquq, hüquq üsulu və kəlamla yanaşı, hesab, şeir, dil və əruz da tədris edilirdi [14,382].
Səlcuqlar dövründə elmə, elm adamlarına, düşüncəyə, təhsilə dövlət səviyyəsində yüksək qiymət verilirdi. Sultan Məlikşah dövründə Səlcuq sultanının xəzinəsindən hər il 300 min dinar elm və elm adamlarına xərclənirdi. Nəzərə alsaq ki, elm adamları öz maaşlarını mədrəsələrdən alırdılar, o zaman dövlətin ayırdığı bu məbləğin elmə və elm adamlarına əlavə kömək olduğu ortaya çıxmaqdadır. Bir mədrəsənin illik qazancı 80 min dinar olduğuna görə, Səlcuqlar dövründə ən böyük pulun təhsilə xərcləndiyi ortaya çıxmaqdadır. Bu da uzun illərdir Qərb tarixşünaslığında “barbarlıqda” ittiham edilən Səlcuqların mədəniyyətə və elmə verdikləri qiyməti təsdiq edən ən mühüm dəlillərdən biridir [14,383].
Mənbələr və ədəbiyyat.
1. Aldumiye Li. Ulum İslami və nəqşe an dər təhəvolate Cəhan. Məşhəd, Astani Qüdsi Rəzəvi, 1982.
2. Azərbaycan tarixi. Yeddi cilddə, ikinci cild. Bakı, Elm, 1998.
3. Bosvord E.K. və başqaları. İslamdan Səlcuqlara qədər İran tarixi. Toplayan: R.N.Fray. Tərcüməçi Həsən Ənuşə. Tehran, Əmirkəbir nəşriyyatı, 1984 hş.
4. Əl-Hüseyni Nasir ibn Əli. Əxbarü-dövlətül-Səlcuqiyyə. Redaktor Məhəmməd İqbal, Lahor, 1933.
5. Hafiz Əbru. Coğrafiyaye-Xorasan. Tehran, “İtilaat” nəşriyyatı, 1991 hş.
6. Humai Celaluddin. Qazzali-name, Şerh-i hal ve asar u efkar-i İmam Muhamməd Qazzali. Tehran, Məclis nəşriyyatı, 1989 hş.
7. İbn əl-Cevzi. Əl-Müntəzəm fi tarixil-müluk vəl-üməm. c. IX. Heydərabad, 1359 hş.
8. İbn əl-Əsir İzzəddin ibn əl-Həsən Əli. Əl-Kamil fit- tarix. c. 6. Beyrut, 1989.
9. Kəsai Nurullah. Nazamiyyədən Müstənsəriyyə qədər. //Məqalələr və Tədqiqatlar jurnalı. Tehran. İlahiyyat nəşriyyatı, dəftər 47-48.
10. Köymen M. A. Alp Arslan ve zamanı. İstanbul, 1972.
11. Qasımov X.S. Orta əsrlər Azərbaycan mədəniyyəti. Bakı, 2008.
12. Lambton A.K.S. The internal Structure of the Seljuq Empire. /The Cambridge History of Iran-Tha Saljuq and Mongol Periods. ed.: J. A. Boyle, Cambridge 1968.
13. Naxçivani Hinduşah ibn Səncər. Təcaribüs-Sələf. Be ihtimam-i Abbas İqbal. Tehran, 1344 hş.
14. Nəcəf Ə.N. Səlcuqlu dövlətləri və Atabəylər tarixi. Bakı, Qanun, 2010.
15. Nişapuri Zəhirəddin. Səlcuqnamə, Tehran, Qolaleye Xavər nəşriyyatı, 1953 hş.
16. Ravəndi Məhəmməd ibn Əli. Rahətül-südur və Ayətül-sürur. Redaktor: Məhəmməd İqbal. Tehran, Əmirkəbir nəşriyyatı, 1985 hş.
17. Səbki Tacəddin. Təbəqatül - Şafeiül - Kübra. Qahirə. Darül-ehya əl-kütübül-Ərəbiyyə. c.4. (tarixsiz).
18. Ukaylı Seyfəddin Xacə ibn Nizam. Asar əl-vüzəra. Tehran, 1337 hş.
19. Yusifi Qulamhüseyn. Məqaleye-pire siyasət. //Ədəbiyyat İnstitutunun jurnalı, №1-2. Tehran, 1968 hş.
20. Zəbiullah Səfa .Tarixe-ədəbiyyate İran. c. 2. Tehran, Firdovsi nəşriyyatı, 1990 hş.
Strategiya.az
Paşinyan Kremldə: iki məsələdə xəyal qırıqlığı və ziddiyyətlər
Gələcək zəfərlərdən xəbər verən sarsılmaz Azərbaycan-Türkiyə birliyi
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM