BİRİNCİ DÜNYA MÜHARİBƏSİ VƏ RUSİYA İQTİSADİYYATI

11:52 / 07.06.2014

RƏNA ƏSƏDOVA,
AMEA A.Bakıxanov adına Tarix İnstitutu

Birinci dünya müharibəsinin başlanmasından 100 il keçməsi öz miqyasına və nəticələrinə görə bəşəriyyətin bütün əvvəlki tarixində üzləşdiyi müharibələrdən əsaslı surətdə fərqlənən bu qanlı savaşa diqqəti daha da artırmışdır. 1914-ci il avqust ayının 1-dən 1918-ci il noyabrın 11-nə kimi davam etmiş bu müharibə Antanta (İngiltərə, Fransa və Rusiya) və Mərkəz (Almaniya, Avstriya-Macarıstan, Osmanlı və Bolqarıstan) bloku ölkələri arasında hərbi əməliyyatların başlanması, sonrakı dövrdə yeni-yeni dövlətlərin qoşulması ilə dünya müharibəsi xarakteri almışdı. Çünki, bu müharibədə iştirak edən 38 dövlətin ərazisində 1,5 milyard insan və ya Yer kürəsi əhalisinin dörddə üç hissəsi yaşayırdı. Hərbi əməliyyatlarda hər iki tərəfdən 73,5 milyon əsgər və zabitin vuruşduğu ordular o dövrün ən müasir silahları və hərbi texnikası ilə təchiz edilmişdi. Hərbi əməliyyatların gedişində 10 milyon insan həlak olmuşdu ki, bu da son 1000 ildə Avropada baş vermiş müharibələrdə həlak olanların sayına bərabər idi. Bundan əlavə, 20 milyon insan da yaralanmış, şikəst olmuş və ya itkin düşmüşdü(12, 5).
Birinci dünya müharibəsi həm də çox böyük sənaye potensialının, maliyyə ehtiyatlarının hərbi ehtiyaclara yönəldilməsilə fərqlənirdi. Müharibə iştirakçılarının birbaşa hərbi xərcləri 208 milyard ABŞ dollarına bərabər olmuşdu ki, bu da 1793-cü ildən 1907-ci ilədək baş vermiş hərbi əməliyyatlara sərf edilmiş vəsaitdən 10 dəfə artıq idi. Müharibənin ilk aylarından etibarən iştirakçı dövlətlər bütün insani və maddi-texniki ehtiyatlarını cəbhənin ehtiyaclarını ödəməyə səfərbər etmişdilər. O zamana qədərki dünya tarixində ilk dəfə idi ki, belə çoxsaylı ordular döyüşlərdə iştirak etmiş, ən yeni silahlar və döyüş texhikası: pulemyotlar, minomyotlar, tanklar və təyyarələr tətbiq edilmişdi (12, 5). Müharibə bütün iştirakçı dövlətlərin, o cümlədən də Rusiya imperiyasının iqtisadi vəziyyətinə ağır təsir etmiş, onun çox qabaqcıl sənaye sahələrindən və maliyyə qurumlarından tutmuş yarımfeodal mülkədar təsərrüfatına qədər bütün iqtisadiyyatında dərin dəyişikliklərə səbəb olmuşdu.
Birinci dünya müharibəsinin Rusiya iqtisadiyyatında yaratdığı dəyişiklər tarixşünaslıqda öz əksini müəyyən qədər tapmışdır. Həm ümumi xarakterli əsərlərdə (11,12,13,14) və sənəd toplularında (9, 19), həm də Ş.İ.Basilaya, R.V.Klaus, R.S.Livşits, Z.M.Lozinski, K.A.Pajitnov, A.L.Sidorov və digər tədqiqatçıların monoqrafiyalarında (7, 15, 16, 17, 20, 21, 22, 8, 24) müharibənin imperiya miqyasında iqtisadi həyata, maliyyə sisteminə ağır zərbə vurması konkret faktlarla şərh olunmuşdur. Bəhs olunan dövrdə Azərbaycanın iqtisadiyyatında baş vermiş dəyişikliklər haqqında ümumi xarakterli əsər və dərsliklərdə (1,2,3), həmçinin Ə.S.Sumbatzadə, M.Ə.İsmayılov, T.T.Vəliyev, S.S.Əliyarov, Q.Ə.Əliyev və digər tədqiqatçıların əsərlərində (23,10,4,6,5) çox maraqlı faktlar qeyd olunmuşdur.
Birinci dünya müharibəsinin başlanması ilə əlaqədar keçirilən hərbi səfərbərlik və əlavə çağırışlar nəicəsində 1914-cü ilin payızında Rusiya silahlı qüvvələrində qulluq edənlərin sayı 6,5 milyon adama çatmışdı (22, 8). Belə böyük ordunu silahlandırmaq, fasiləsiz olaraq döyüş sursatı ilə təchiz etmək, ərzaqla, isti paltar və ayaqqabı ilə təmin etmək, bir yerdən digər yerə daşımaq olduqca çətin idi. Müharibədən qabaq heç kəs bu qədər böyük hərbi qüvvəni uzun müddət ərzində necə təchiz etmək, arxa cəbhəni təşkil etmək, bütün sənaye potensialını, o cümlədən xüsusi müəssisələri ordunun təlabatını yerinə yetirməyə yönəltmək haqqında ciddi düşünməmişdi. Əksinə, hərbi strateqlər və yüksək mənsəb sahibləri hesab edirdilər ki, bu müharibə iştirakçıların bütün qüvvələrinin və maddi ehtiyatlarının tam cəlb edilməsini zəruri etdiyi üçün qısa müddətli olacaqdır. Onların düşüncəsinə görə, hərbi əməliyyatlar 6 aydan 1 ilə qədər davam edəcək və döyüşən dövlətlərin tam taqətdən düşməsinə gətirib çıxaracaqdır. Ona görə də, müharibənin təşəbbüsçüsü olan böyük dövlətlər 1 ildən gec olmayaraq sülh danışıqlarına başlamağa məcbur qalacaqlar (18, 36).
Bununla bağlı, Rusiya hökuməti də müharibəyə ciddi şəkildə hazırlaşırdı. Müharibə ərəfəsində silahlanmaya ayrılan vəsait durmadan artırılır, müxtəlif hərbi proqramlar reallaşdırılırdı. 1907-ci ildən 1913-cü ilə kimi Hərbi və Dəniz nazirliklərinin ümumi büdcəsi 1,67 dəfə artırılmışdı (12, 68). 1908-1913-cü illərdə ordunun yalnız fövqəladə xərcləri üçün 380 milyon vəsait ayrılmışdı ki, onun da yarısı silah və hərbi sursat alınmasına sərf edilmişdi. Müharibənin başlanmasına bir-iki il qalmış ordunun maddi təchizatına ayrılan vəsait daha böyük miqyasda artırılmışdı. 1913-cü ildə təkcə bu məqsəd üçün 103,2 milyon rubl xərclənmişdi (13, 524).
Ümumiyyətlə, Rusiya hakim dairələri, o cümlədən də III və IV Dövlət Dumaları hərbi təyinatlı xərclərin artırılmasına aid tələblərə həmişə ləngimədən müsbət cavab verirdi. Çünki bu dumalarda təmsil olunan və rus burjuaziyasının və mülkədarların mənafeyini əks etdirən siyasi partiyalar ordu və donanmanın gücünün artırılmasını təcavüzkar xarici siyasət yeridilməsi üçün çox vacib şərt hesab edirdilər. IV Dumanın 1913-cü ilin sonunda qəbul etdiyi ”Ordunun gücləndərilməsi üzrə böyük proqram” adlı sənədə görə, yaxın 4 il ərzində quru qoşunlarının sayı daha 480 min nəfər artırılmalı, artilleriya əhəmiyyətli dərəcədə gücləndirilməli idi. Bu proqramın həyata keçirilməsi üçün birdəfəlik 500 milyon rubl vəsait xərclənməsi nəzərdə tutulurdu (11, 765).
Müharibə illəri üçün iqtisadiyyatın hərbiləşdirilməsi, xüsusən mülki məhsul istehsal edən fabrik və zavodların kütləvi surətdə hərbi məhsul istehsalına keçirilməsi, kənd təsərrüfatında cəbhənin ehtiyacı üçün zəruri olan məhsulların becərilməsinin üstün yer tutması, hərbi xərclərin kəskin şəkildə yüksəlməsi, inflyasiyanın əvvəlki dövrlə müqayisədə misli görünməmiş səviyyəyə çatması, qiymətlərin çox böyük sürətlə artması xarakterik idi. Müharibə uzandıqca onun iqtisadi həyatda yaratdığı dəyişikliklər daha da artır, böhran meylləri dərinləşirdi.
Rusiya Ticarət və sənaye nazirliyinin 1914-cü il oktyabrın 1-nə olan məlumatına görə, imperiya miqyasında müharibənin ilk 2 ayı ərzində 502 sənaye müəssisəsi işini dayandırmış, mindən artıq müəssisə isə mülki məhsul istehsalını əsaslı surətdə ixtisar etmişdi (15, 41). Əgər müharibə ərəfəsində Rusiya imperiyasında 8,5 min iri sənaye müəssisəsinin fəaliyyət göstərdiyi nəzərə alınarsa, müharibənin başlanması faktının özünün sənaye istehsalına necə ağır zərbə vurduğu bu rəqəmlərdən aydın görünür. Bunun da başlıca səbəbləri: hərbi əməliyyatların başlanması ilə əlaqədar fabrik və zavodların xammal, yanacaq, maliyyə vəsaiti, işçi qüvvəsi ilə təchizi sahəsində çətinliklərinin artması, hazır mülki məhsulun dəmir yolları ilə daşınmasının kəskin surətdə ixtisar edilməsi, xarici ölkələrlə ticarət əlaqələrinin pozulması və s. idi.
Bu səbəblərdən bəziləri zaman keçdikcə aradan qalxdı, bəziləri isə öz təsirini daha da gücləndirdi. Eyni zamanda ayrı-ayrı sahələrin inkişafına müsbət təsir edən yeni amillər ortaya çıxdı. Bu amillərə, ilk növbədə döyüşən ordunun təchizi ilə bağlı dövlət sifarişlərinin artması aid idi. Müharibənin davam etdiyi sonrakı illərdə dövlət sifarişlərinin də həcmi artmaqda idi. Bu sifarişlər daha çox bilavasitə silah, döyüş sursatı, partlayıcı maddələr istehsal edən nəhəng müəssisələrdə hasilatın artmasına səbəb oldu.
Sənaye müəssisələrinin müharibə şəraitində fəaliyyəti dinc dövrdən əsaslı surətdə fərqlənirdi. Müharibənin başlanması normal istehsal prosesinin pozulmasına, xaricdən maşın və avadanlıqlar, xammal gətirilməsinin kəskin şəkildə ixtisar olunmasına gətirib çıxardı. Yüz minlərlə fəhlə, texniki işçi və mühəndis orduya çağrıldı. Artıq 1914-cü ilin sonunda fabrik və zavodlar öz işçilərinin 30-40 faizə qədərini itirmişdi (22, 337).
İmperiya üzrə metallurgiya müəssisələrində istehsalın aşağı düşməsi xüsusilə kəskin şəkildə nəzərə çarpırdı. Bu, həm metal hasilatında, həm də xüsusi sifarişlərin azalmasında özünü aydın göstərirdi. Müharibənin başlanmasından 1915-ci ilin aprel ayına kimi metal sifarişlərinin həcmi 46 faiz aşağı düşmüşdü. “Prodamet” sindikatı üzvlərinin 1914-cü il oktyabrın 8-də keçirilən müşavirəsində hərbi vəziyyətlə bağlı istehsalın ixtisar edildiyi, xammalın bahalaşdığı qeyd edilmişddi. Bununla əlaqədar gəlirin azalmasına imkan verməmək üçün dəmir təbəqəsinin bir pudunun qiymətinin 15 kop., digər dəmir məhsullarının 10 kop. Yüksəldilməsi qərara alınmışdı (19, 152). “Mis” və “Kabel zavodlar birliyi” sindikatları da müharibə başlandıqdan 2 ay sonra istehsal etdikləri misin qiymətini 50 kop. bahalaşdırmışdılar (19, 490-491).
Yalnız silah istehsalının artırılması, döyüş sursatına tələbatın ödənilməsi zərurəti sonrakı dövrdə metallurgiyanın inkişafını zəruri etdi. 1914-cü ilin sonunda imperiyanın 16 ən böyük maşınqayırma zavoduna 60 milyon rubl dəyərində top mərmiləri, 13,3 milyon rubl dəyərində qumbara hazırlanması sifariş edildi. Həmin müəssisələrin sahibləri bu ilk hərbi sifarişlərin yerinə yetirilməsi hesabına 60 milyon rubl beh aldılar (22, 29). Həm də əgər dinc dövrdə sahibkarlar hərbi sifariş almaq üçün xəzinəyə girov qoyurdularsa, müharibə başlandıqdan sonra əksinə, dövlət öncədən çox böyük məbləğdə beh verməyə və ya müəssisənin istehsalı genişləndirməsi üçün vəsait ayırmağa başladı.
Birinci dünya müharibəsi illərində silah-sursat istehsalının necə böyük sürətlə artması aşağıdakı rəqəmlərdən aydın görünür. 1914-cü ilin avqust ayına nisbətən 1916-cı ilin avqustunda tüfəng istehsalı 1100 faiz, tüfəng gülləsi istehsalı 250 faiz yksəlmişdi. Top istehsalı 1916-cı ilin yanvar ayından 1917-ci ilin yanvarına kimi 1000 faiz, 76 mm-lik artilleriya mərmiləri istehsalı 2000 faiz həcmində artmışdı (13, 564). Bilavasitə hərbi sifarişlərlə əlaqədar metal emalı sənayesi 1916-cı ildə məhsul istehsalını bütövlükdə 300 faiz artırmışdı.
Xarici bazarlarla sıx bağlı olan sənaye sahələrində istehsalın azalması daha kəskin idi. Müharibənin ilk aylarında kimya sənayesi istehsalı kəskin şəkildə azaldı. Çünki kimya müəssisələrinin əksəriyyəti Almaniyadan gətirilən xammalla işləyirdi. Yalnız 1914-cü ilin sonunda kimya sənayesinin inkişafı üçün ilk addımlar atıldı. Bu da hərbi sifarişlə bağlı idi. Müharibəyə qədərki dövrdə Rusiya ordusunun partlayıcı maddə olan toluola tələbatı ABŞ-dan idxal hesabına ödənilirdi. Birinci dünya müharibəsi başlandıqdan dərhal sonra ABŞ toluolun qiymətini yüksəltdi. Ona görə Rusiya Hərbi nazirliyi Baş artilleriya idarəsi ölkə daxilində toluol istehsalını qaydaya salmaq üçün akademik V.N.İpatyevə tapşırıq verdi. Baş artilleriya idarəsi yanında Kimya komitəsi 90-dan çox zavodu, o cümlədən kükürd turşusu istehsal edən zavodları partlayıcı maddə istehsalına cəlb etdi (22, 34,65). Akademik V.N.İpatyev həmin zavodlara çox böyük hərbi sifarişlər verməklə istehsalı genişləndirməyə həvəsləndirdi.
Toxuculuq sənayesi üçün xaricdən xammal idxalı kəskin surətdə aşağı düşdüyündən bu sahədə məhsul istehsalı 25-30 faiz ixtisar edildi. Rusiya imperiyası üzrə 1913-cü ildə 415 pambıq-parça sənayesi müəssisəsi 1043 milyon rublluq, 1916-cı ildə isə 432 toxuculuq fabriki 844 milyon rublluq istehsal etmişdi. 1917-ci ildə isə müharibədən əvvəlki istehsal gücünün 70 faizi istifadə olunmuşdu (20, 134-135). Bu müəssisələr Mərkəzi Asiyadan və Azərbaycandan mahlıc almağa keçməli oldular. Şərab və araq istehsal edən zavodların isə əksəriyyəti istehsalı bütünlüklə dayandırmaq məcburiyyətində qaldılar. Sonrakı dövrdə isə bu müəssisələrdə cəbhə üçün partlayıcı maddələr istehsalına başlandı.
Bitki yağı istehsalı zavodları əsasən eksport üçün məhsul istehsal etdiklərindən, anbarlarında çoxlu məhsul yığılıb qaldı. Ona görə də, müharibə başlandıqdan sonra daxili bazarda bir pud bitki yağının qiyməti 13-14 rubldan 7-8 rubla qədər düşdü (22, 337-338). Yalnız bir neçə aydan sonra ordu üçün tədarük sifarişlərinin başlanması və eksportun bərpası nəticəsində bitki yağının satış qiymətləri yenidən yüksəlməyə başladı.
Xəz-dəri istehsalı müəssisələrinin məhsulunun əsas alıcısı Almaniya olduğu üçün, bu sahə üzrə istehsal kəskin surətdə ixtisar edildi. Balıq sənayesi də xarici bazarlarla əlaqələrin kəsilməsi və işçi qüvvəsinin çatışmaması səbəblərinə görə istehsalı azaltmağa məcbur oldu. Xüsusən də Xəzər dənizi limanlarında böyük həcmdə balıq məhsullar yığılıb qaldı.
Müharibənin başlanması xırda müəssisələrə xüsusilə ağır təsir etdi. Kiçik emal müəssisələrinin çoxu qısa bir zaman ərzində işlərini dayandırmaq məcburiyyətində qaldı. Bağlanan müəssisələrin 80 faizi hərbi sifarişlərin yerinə yetirilməsi ilə bağlı olmayan sahələrə aid idi. Məsələn, daş və gil emalı ilə məşğul olan müəssisələrin 51 faizi, yeyinti sənayesi müəssisələrinin üçdə biri işini dayandırmışdı (13, 563). Kiçik və orta müəssisələtin bağlanması 1915-ci ildə də davam etməkdə idi.
Müharibənin başlanması imperiyanın qərb bölgələrinin, xüsusən də Polşa və Baltikyanı quberniyaların iqtisadiyyatına daha ağır təsir etdi. Qərb cəbhəsində rus ordusunun məğlub olub geri çəkilməsi ilə əlaqədar bu bölgələrdəki sənaye müəssisələrinin duşmən əlinə keçməsi və ya daxili quberniyalara köçürülməsi nəticəsində 350 min fəhləsi olan 4,2 min sənaye obyekti itirilmiş oldu. Bu fabrik və zavodlar müharibə ərəfəsində Rusiya sənaye məhsulunun beşdə birini istehsal edirdi (13, 562). Varşava və Lodz rayonlarındakı sənaye müəssisələrinin xeyli hissəsini toxuculuq fabrikləri təşkil etdiyi üçün bu sənaye obyektlərinin itirilməsi Azərbaycanın pambıqçılıq təsərrüfatına və pambıqtəmizləmə sənayesinə də ciddi təsir etdi.
Osmanlı dövlətinə qarşı Rusiya müharibə elan etdikdən sonra Bosfor və Dardanel boğazları vasitəsilə idxal-ixrac əməliyyatlarının dayandırılması da imperiya miqyasında iqtisadi vəziyyətə ağır təsir etdi. Müharibə ərəfəsində Rusiyanın ixrac etdiyi taxılın yalnız 11 faizi Baltik dənizi limanlarından, 80 faizi isə Qara dəniz boğazlarından göndərilirdi. 1903-1912-ci illərdə Rusiyanın ümumi illik ixracının 37 faizi bu boğazların payına düşürdü (12, 44).
Qafqaz cəbhəsində hərbi əməliyyatların başlanması isə Rusiyada mis istehsalına bilavasitə mənfi təsir etdi. 1914-cü ilin noyabrında Batum vilayətinin Artvin dairəsində yerləşən və Qafqaz mis sənayesi cəmiyyətinə məxsus misəritmə zavodunun Osmanlı qoşunları tərəfindən ələ keçirilməsi imperiya miqyasında mis əridilməsinin 200 min pud azalmasına gətirib çıxardı. Həm bu, həm də müharibənin doğurduğu digər səbəblərin nəticəsi idi ki, imperiya üzrə 1914-cü ildə 2500 min pud mis əridilməsi nəzərdə tutulduğu halda, cəmisi 1969 min pud mis əridilmişdi.1915-ci ildə isə bu göstərici 1,7 milyon puda düşmüşdü (19, 505).
1915-1916-cı illərdə imperiya miqyasında bəzi sənaye sahələrində məhsul istehsalının azalması davam edirdi, həm də bu meyl fəlakətli şəkil almaqda idi. 1917-ci ildə Rusiyada mütləqiyyət quruluşunun devrilməsi, idarə strukturlarında baş verən əsaslı dəyişikliklər, intizamın zəifləməsi fonunda sənaye məhsulu istehsalı daha da azaldı. Həmin il 1916-cı illə müqayisədə sənaye məhsulu istehsalı 36 faiz ixtisar edilmişdi. 1917-ci ilin mart-noyabr ayları ərzində 170 min fəhləsi olan 800 iri müəssisə bağlanmışdı. (8, 46-47). 1917-ci ildə müharibədən əvvəlki dövrə nisbətən çuqun əridilmədi 24,3 faiz azalmış, 44 domna peçi fəaliyyətini dayandırmışdı. İstahsalı dayandırmış müəsisələri sırasında Konstantinovski, “Russkiy providans”, Drujkovski metallurgiya zavodları da vardı (17, 17-18).
Bütün bu faktlar göstərir ki, müharibənin başlanması sənaye müəssisələrinin əksəriyyətində istehsalın azalmasına gətirib çıxardı. İstehsalın ixtisarına təsir edən amillərin bir qismi müvəqqəti xarakter daşıyırdı və tezliklə aradan qaldırıldı. Yanacaq təchizatı və nəqliyyat çətinlikləri, işçi qüvvəsi çatışmaması kimi faktorlar isə müharibənin sonrakı gedişində öz mənfi təsirini daha da artırdı. Bu faktorlar hətta hərbi sifarişlər yerinə yetirilməsinə cəlb olunmuş iri sənaye müəssisələrinin fəaliyyətinə də təsir göstərirdi.
Müharibənin sənaye sahələrinə çox ciddi təsiri həm də sənaye müəssisələrinin hərbi sifarişlər yerinə yetirilməsinə səfərbər edilməsi ilə bağlı idi. Cəbhənin artan ehtiyaclarını ödəmək, xüsusən də döyüş sursatı istehsalında ciddi artıma nail olmaq üçün çar II Nikolayın əmrilə 1915-ci ilin yazında Dövlət Duması və Dövlət Şurası üzvlərindən, xüsusi sənayeçi və maliyyəçilərdən ibarət Dövlətin müdafiəsi üzrə Xüsusi Müşavirə yaradıldı. Xüsusi Müşavirənin mayın 23-də keçirilən iclasında Dövlət Dumasının sədri M.V.Rodzyenko təklif etdi ki, ölkənin ictimai qüvvələri ordunun gücünü artırmaq işinə geniş miqyasda cəlb edilsin (9, 19-20). Bu təklifə əsasən Hərbi nazir V.A.Suxomlinov 43 quberniyanın Zemstvo idarəsi sədrlərinə müraciət edərək, onlara öz quberniyalarında hansı fabrik və zavodların dövlətin müdafiəsi ehtiyacları üçün istifadə edilməsi mümkünlüyünü aydınlaşdırmağı tapşırdı. 1915-ci ilin avqustunda Dövlətin müdafiəsi üzrə Xüsusi Müşavirəyə çox geniş səlahiyyətlər verildi. Bu orqan ordu və donanmanı bütün növ silah və sursatla təmin etməklə yanaşı, arxa cəbhənin təchizatla bağlı bütün səylərini əlaqələndirməli idi. Dövlətin müdafiəsi üzrə Xüsusi Müşavirə sədri xəzinə sifarişlərini yerinə yetirməyən xüsusi sənaye müəssisələrini bağlamaq, xəzinə sifarışlərinin digərlərindən öncə həyata keçirilməsini tələb etmək, xüsusi müəssisələri dövlət mənafeyinə uyğun olaraq zəbt etmək və onu idarə etmək üçün səlahiyyətli şəxs təyin etmək, əmək haqqını tənzimləmək kimi müstəsna səlahiyyətlərə malik idi (9, 221-222). Bu addımlar 1915-ci ilin payızında sənaye müəssisələrinin hərbi ehtiyaclar üçün səfərbər edilməsinə imkan verdi. Nəticədə imperiya üzrə sənaye məhsulu istehsalı hərbi sifarişlərin hesabına artmağa başladı. Bu, sənaye məhsulu istehsalının illər üzrə necə dəyişdiyini əks etdirən aşağıdakı rəqəmlərdən (13, 563) aydın görünür:
1913-cü ildə 5620,8 milyon rubl 100 faiz
1914-cü ildə 5690,4 milyon rubl 101,2 faiz
1915-ci ildə 6389,7 milyon rubl 113,7 faiz
1916-cı ildə 6831,4 milyon rubl 121,5 faiz
1917-ci ildə 4344,1 milyon rubl 77,3 faiz
Bu rəqəmlərin təhlili göstərir ki, 1914-cü ildə sənaye istehsalı 1913-cü illə müqayisədə demək olar ki, dəyişməmişdi. 1915-cü ildə sənaye müəssisələrinin hərbi ehtiyacların ödənilməsinə səfərbər edilməsi yenicə öz bəhrəsini verməyə başlayırdı. Nəhayət, 1916-cı ildə nisbətən yüksək artım müşahidə edilir ki, bu da sonrakı ildə kəskin düşüşlə əvəz olundu. Sənaye istehsalının bu cür inkişafı cəbhənin artan tələbatını ödəmək iqtidarında deyildi.
Rusiyanın hakim dairələrinin müharibəyə yarıtmaz hazırlığı ordunun silahla təchizi barədə yanlış hasablamalarda da özünü göstərirdi. Hərbi nazirliyin proqnozuna ordunun silaha tələbatı 6,5 milyon tüfəng, 5 min pulemyot, 7 min yüngül top və s. həcmində olacaqdı. Müharibənin gedişində isə aydın oldu ki, 17 milyon tüfəng gərəkdir. Pulemyata tələb isə nəzərdə tutulduğundan 15 dəfə, yüngül səhra toplarına tələb 2 dəfə yüksək idi (24, 72). Çar II Nikolayın 1914-cü il dekabrın 15-də Baş qərargaha gəlişi zamanı ona məlumat verilmişdi ki, cəbhənin tüfəngə ehtiyacı ilin sonuna kimi bir dəfəyə 1,5 milyon, sonrakı dövrdə isə hər ay üçün 100-150 min ədədə qədərdir. Həmin dövrdə Rusiya imperiyasındakı bütün silah zavodlarının aylıq istehsal gücü 71-78 min ədədə bərabər idi və yalnız 1916-cı ilin mart ayında 100 min həddinə çatdırıldı (22, 23). Döyüşən ordunun tüfəng güllələrinə və top mərmilərinə ehtiyacı da ödənilmirdi. Ölkənin patron zavodlarının aylıq istehsal gücü 100 milyon patron idi ki, bu da ordunun tələbatının yarısına bərabər idi (22, 24). Top mərmilərinə tələbatın yerinə yetirilməsi vəziyyəti daha acınacaqlı idi. 1914-cü ilin dekabrından 1915-ci ilin mart ayının sonuna kimi orduya müxtəlif kalibrli 1945 min ədəd mərmi göndərilmişdi ki, bu da tələbatın üçdə biri həcmində idi (22, 22) ki, həm də belə təminat gün ərzində hər topa 2 dəfə atəş atmağa ancaq çatırdı.
Birinci dünya müharibəsinin başlanması Rusiya imperiyasının maliyyə vəziyyətinə ciddi təsir etdi. Rusiya bankları dövlətin artan hərbi xərclərini ödəmək iqtidarında deyildi. Bu da Rusiyanın xarici kapitaldan asılılığını artırırdı. Dəfələrlə artan hərbi xərcləri qarşılamaq üçün çar hökuməti xüsusi banklardan və Antanta üzrə müttəfiqlərindən borc istəməyə məcbur idi. Artıq 1914-cü ilin əvvəlində Fransanın Rusiyaya qoyduğu kapital 10 milyard franka çatmışdı (12, 38). Dövlətin xarici borcu isə bütövlükdə müharibə ərəfəsində 5,5 milyard rubla qədər yüksəlmişdi (21, 517). Müharibə illərində xaric borc daha 7,2 milyard rubl artmışdı. Rusiyanın Birinci dünya müharibəsi dövründə iqtisadi və maliyyə vəziyyətinin görkəmli tədqiqatçısı A.L.Sidorovun hesablamalarına görə, müharibənin sonunda Rusiyanın ümumi dövlət borcu 50 milyard rubla çatmışdı (21, 526). Müharibənin hər bir günü 50 milyon rubla başa gəlirdi.
Müharibə illərində maliyyə vəsaitinə daim artan ehtiyacı ödəmək üçün çar hökuməti kağız pul buraxılmasını ildən-ilə artırmağa başladı. 1914-cü ilin yanvar ayından 1917-ci ilin yanvarına kimi tədavüldə olan kredit biletlərinin məbləği 1,5 milyard rubldan 9,1 miyard rubla çatdı ki, bu da kağız rublun sürətlə qiymətdən düşməsinə gətirib çıxardı. Belə vəziyyətdə rublun alıcılıq qabiliyyəti kəskin şəkildə aşağı düşdü. Artıq 1915-ci ilin əvvəlində 1 rublun rəsmi məzənnəsi 80 kop.-a, 1916-cı ilin sonunda 60 kop.-a, 1917-ci ilin martında isə 27 kop.-a bərabər oldu (17, 122). Rusiya valyutasının bu cür fəlakətli şəkildə dəyərdən düşməsinin əsas səbəblərindən biri dövlətin ticarət balansının mənfi olması idi. Müharibə illərində müttəfiq dövlətlərdən idxal edilən silah və hərbi sursatın həcmi sürətlə sürətlə artaraq ixracı ötüb keçmişdi. Digər mühüm səbəb, Rusiyada mövcud çar hakimiyyətinin zəifliyini hiss edən sənaye nəhənglərinin öz kapitalının əsas hissəsini xarici banklara köçürməsi idi.


QEYDLƏR

1. Azərbaycan tarixi. Üç cilddə, II c. Bakı, 1964
2. Azərbaycan tarixi. Yeddi cilddə, V c. Bakı, 2001
3. XX əsr Azərbaycan tarixi. Prof. Y.B.Yusifov və T.T.Vəliyevin ümumi redaktəsi ilə. II c. Bakı,2004
4. Vəliyev T.T. İmperializm dövründə Azərbaycanın sənayesi və proletariatı. Bakı,1987
5. Əliyev Q.Ə. Azərbaycanın nəqliyyatı və iqtisadiyyatı (XIX əsr – XX əsrin ilk onillikləri). Bakı, 2001
6.Алияров С.С. Нефтяные монополии в Азербайджане в период первой мировой войны. Баку, 1974
7. Басилая Ш.И. Закавказье в годы первой мировой войны. Сухуми, 1968
8. Гладков И.А. Очерки строительства советского планового хозяйства в 1917-1918 гг. М., 1950
9.Журналы Особого совещания по обороне государства. 1915 год. М., 1975
10. Исмаилов М.А. Социально-экономическая структура Азербайджана в эпоху империализма. Баку, 1982
11. История дипломатии, т.2, М., 1963
12. История первой мировой войны. 1914-1918 (Под ред. И.И.Ростунова), т.1, М., 1975
13. История СССР. С древнейших времен до наших дней, т. VI, М., 1968
14. История народного хозяйства СССР (1917-1959 гг.). Под ред. А.П.Погребинского. М., 1960
15. Клаус Р.В. Война и народное хозяйство России (1914-1917 гг.) М.-Л., 1926
16. Лившиц Р.С. Размещение промышленности в дореволюционной России. М., 1955
17. Лозинский А.А. Экономическая политика Временного правительства. Л., 1929
18. Маниковский А.А. Боевое снабжение русской армии в мировую войну. М., 1937
19. Монополии в металлургической промышленности России. 1900-1917. Документы и материалы. М.-Л., 1963
20. Пажитнов К.А. Очерки истории текстильной промышленности дореволюционной России. М., 1958
21. Сидоров А.Л. Финансовое положение России в годы первой мировой войны. М., 1960
22. Сидоров А.Л. Экономическое положение России в годы первой мировой войны. М., 1973
23. Сумбатзаде А.С. Социально-экономические предпосылки победы Советской власти в Азербайджане. М., 1972
24. Энгельгардт Б.А. Потонувший мир. – «Военно-исторический журнал», 1964, №1


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM