Cənubi Qafqaz regionunun geosiyasi mövqeyi həm onun potensialına, həm də coğrafi mövqeyinə görə çox əhəmiyyətlidir. Başqa sözlə desək, Cənubi Qafqaz regionu “dünyanın dördyolu” rolunu oynayır. Cənubi Qafqazın Şimal ilə Cənub, Şərq ilə Qərb arasında dəhliz rolunda çıxış etməsi bunu söyləməyə əsas verir. Belə ki, Cənubi Qafqaz iki müxtəlif qitəni – Avropa və Asiyanı, iki müxtəlif qütbü birləşdirməklə yanaşı, iki müxtəlif sivilizasiyanı da bir-birinə qovuşduran bir regiondur.[1]
Şimaldan baxdıqda köhnə sovet imperiyasının ərazisi olmuş bu region SSRİ-nin süqutundan başlayaraq artıq 20 ildir ki, siyasi, iqtisadi, hərbi və ideoloji proseslərin, mübarizənin mərkəzidir.
Cənubdan baxdıqda isə Cənubi Qafqaz müasirləşməsi və yenidən qurulması hələ də tam mümkün olmayan, dünyanın əksər güclərinin müdaxilə etdiyi Yaxın Şərqə bitişikdir. Yaxın Şərq regionunun problemləri isə birbaşa Cənubi Qafqazdakı geosiyasi vəziyyətə təsir edən amildir. Həmçinin, Cənubi Qafqazdakı proseslər də öz növbəsində Cənub-Şərqi Avropa regionundakı proseslərə təsir edir.
Qafqaz öz coğrafi vəziyyətinə görə əzəldən önəmli strateji region sayılırdı. Sovet İttifaqının süqutundan sonra onun əhəmiyyəti daha da artmışdır. Regionun hazırda çox mühüm vəziyyəti, onun strateji önəmi və çəkisi bir sıra amillərdən asılıdır:
1. Strateji ehtiyatlar - Xəzər hövzəsinin zəngin neft və qaz sərvətləri bir çoxlarını cəlb edir, Qafqaz isə bu ehtiyatların enerjiyə ehtiyacı olan (xüsusilə Avropada yerləşən) bazarlara çatdırılması üçün ən qənaətbəxş və etibarlı dəhlizdir;
2. Regional qeyri-sabitlik - regionda silahlı münaqişələr və qeyri-sabitlik baş alıb gedir, bunların daha da artması və genişlənməsi ehtimalı vardır;
3. Mütəşəkkil cinayətkarlıq - geniş yayılmış yoxsulluq və yenicə müstəqil olmuş respublikaların institusional zəifliyi regionun müxtəlif cinayətkar ticarət fəaliyyətləri üçün tranzit dəhlizinə çevrilməsinə təkan vermişdir.
Bir faktı da qeyd etmək lazımdır ki, Cənubi Qafqaz regionu ölkələri uzun müddət SSRİ-nin tərkibində olmuş vahidlər kimi öz dövlətçilik xarakterinə görə də Qərbə öz cənub qardaşlarından daha yaxındırlar. Həmçinin, SSRİ-nin tərkibində olmaq faktları regionun bir xüsusiyyətinin də formalaşmasına səbəb olmuşdur. Belə ki, dini ideologiya, dini ekstremizm bu regionda o qədər də güclü deyil və bu xarakterinə görə bu region Avropa dəyərlərinə daha yaxındır.
Şərq-Qərb əlaqələri kontekstindən baxdıqda Cənubi Qafqaz yenə də diqqət mərkəzində dayanır. Belə bir fikir də söyləmək olar ki, Cənubi Qafqaz Aralıq dənizi, Qara dəniz və Xəzər dənizi regionunda çox böyük geosiyasi əhəmiyyətə malik bir ərazidir. Aralıq dənizi-Qara dəniz-Xəzər dənizi xəttinin problemləri Cənubi Qafqaz, Mərkəzi Asiya, Balkanlar, həmçinin, Cənub-Şərqi Avropa dövlətlərinin iştirak etdikləri beynəlxalq konfranslarda dəfələrlə müzakirə edilmişdir.[2, s. 4-12].
Cənubi Qafqaz regionunun başqa bir geosiyasi əhəmiyyəti də qeyd olunmalıdır. SSRİ süquta uğradıqdan sonra Cənubi Qafqaz müxtəlif siyasi qüvvələrin və dövlətlərin rəqabət mərkəzinə çevrildi. SSRİ-nin dağılmasından dərhal sonra Xəzər-Qara dəniz hövzəsi və Cənubi Qafqazın təhlükəsizlik mühiti dəyişdi, bu mühitə təsir edən regional və beynəlxalq aktorlararası münasibətlər kəskinləşməyə başladı. Bölgənin böyük ölkələri (Rusiya, Türkiyə, İran), regiondan kənar aparıcı dövlətlər (ABŞ, Çin və s.), regionun kiçik ölkələri (Ukrayna, Azərbaycan, Gürcüstan, Orta Asiya ölkələri, Ermənistan və s.), transmilli geosiyasi, hərbi geostrateji və geoiqtisadi aktorlar (BMT, ATƏT, Avropa Birliyi, NATO, MDB, İƏT, TDB, nəhəng neft-qaz, nəqliyyat, rabitə şirkətləri və s.) arasında maraq dairələrinə uyğun yeni münasibətlər formalaşmağa başladı.[3, s.195-196]
H.Makinderin konsepsiyasına görə, Avrasiya materiki dünyanın mərkəzində yerləşir, Avrasiyanın mərkəzində isə “dünyanın ürəyi” və yaxud “Xeartlant” durur. Makinderin “Xeartlant” konsepsiyasına Şərqi və Mərkəzi Avropadan Qərbi Sibirə, Şimal Buzlu Okeandan Fars körfəzinə qədər ərazilər daxildir. Makinderə görə “dünyanın ürəyinə hakim olan dünya adasına sahib olur (Avrasiya), dünya adasına sahib olan isə bütün dünyaya sahib olur” [4, s.3]
Məhz bu Azərbaycan uğrunda gedən geosiyasi mübarizənin konturlarını cızmağa imkan verir.
Regionun dünya dövlətlərinin maraq dairəsində olması fikrimizə aşağıdakı amillərlə bağlıdır:
- Regionun coğrafi mövqeyi;
- Regionun hərbi-siyasi əhəmiyyəti;
- Regionun geoiqtisadi əhəmiyyəti;
- Regionun karbohidrogen ehtiyatları.
Məlum olduğu kimi, XIX əsrin əvvəllərindən etibarən Rusiya Xəzərin həm qərbində həm də şərqində dominat geosiyasi qüvvəyə çevrilmiş, İngiltərə və Fransa arxa plana keçmişdi. Bu dövrdə neftlə bağlı yeni bir aforizm də yaranmışdı. “Kim cahanın petrol mənbələrinə malik olursa, mütləq zəfər onundur”. [5, s.8]
Bununla yanaşı, SSRİ-nin süqutundan sonra Xəzər dənizinin bölgüsü ilə bağlı əsaslı dəyişikliklər baş verdi. Müstəqil Azərbaycanın meydana çıxması, həmçinin Qazaxıstan və Türkmənistanın da müstəqillik əldə etməsi Rusiyanı beş Xəzərsahili dövlətdən birinə çevirdi. Geosiyasi vəziyyətin belə dəyişməsi ABŞ-ı da bu istiqamətdə öz geosiyasi xəttini yenidən işləməyə vadar etdi. ABŞ bu regionu öz həyati vacib maraqları zonasına daxil etmişdir. Məhz bununla əlaqədar, gürcü müəlliflərindən biri yazırdı ki, ABŞ-ın bu regionda hər hansı formada mövcudluğu isə Rusiyanın iqtisadi maraqlarına ziddir. [6]
Problemlə bağlı müasir tədqiqatları bir neçə qrupa bölmək olar ki, bunlara Qərb dövlətləri (Avropa və ABŞ) və Rusiyanın münasibəti daxildir.
Xəzər nefti ABŞ-ın İran körfəzi ölkələri və Rusiyaya münasibətdə manevr sahəsini genişləndirir, Cənubi Qafqaz, xüsusilə də Azərbaycanda “neft diplomatiyası” vasitəsilə möhkəmlənərək, ABŞ Rusiya və İrana təzyiq göstərmək imkanı əldə edir.
P.Qobl Qafqaz regionunda Azərbaycanın əhəmiyyətini xüsusi qeyd edərək göstərirdi: “Azərbaycan heç də Qərblə Orta Asiya arasında körpü deyil, həm də xammalla zəngin Şərqlə Rusiya arasında bir səddir.” [7, s.82]
Baş vermiş dəyişikliklərə baxmayaraq Rusiya yenə də Qafqaza özünün ənənəvi geostrateji nüfuz dairəsi kimi baxır. Rusiya 1992-1999-cu illərdə postsovet məkanında, əsasən də Qafqazda özünün itirilmiş nüfuzunu bərpa etməyə cəhd edirdi.
Son zamanlar SSRİ-nin varisləri olan dövlətlərə qarşı Rusiya da yeni münasibət formalaşmağa başlayır ki, bu istiqamətdə başqa meyllər özünü göstərməyə başlayır. Fransa alimlərindən Paskal Yoko və Fransua Tual yazırlar: “...hazırda Rusiyanın yeni rəhbərliyi Qafqaz, Mərkəzi Asiya hətta Balkanlar istiqamətində xarici siyasət strategiyasında yenidən formalaşma prosesini həyata keçirir”.[8, s.159]
Bu mənada ABŞ dəqiq anlam verdi ki, onlar Rusiyanın bütün postsovet məkanında mövcud olmuş böyüklüyünün bərpa olunmasına imkan verməyəcəklər. Hələ 1997-ci ildə Amerika analitikləri qeyd edirdilər ki, “əgər Xəzərətrafı ölkələrin Rusiyanı qurbanına çevrilmək təhlükəsi yaranarsa, buna ABŞ-ın reaksiyası olduğca kəskin olacaqdır…”[9, s.18]
Tarixdən də bildiyimiz kimi Rusiyanın bir dünya gücü olmağa başladığı illərdən bu yana xarici siyasətində Cənubi Qafqazın önəmi mövcud olmuşdur. Bunun əsas səbəbi isə Rusiyanın “isti dənizlərə” birbaşa çıxışı mövcud deyil. Belə ki, Rusiyanın isti dənizlərə çıxışı əsas olaraq üç ana istiqamətdədir. Bunlardan birincisi, Balkanlar yolu ilə İstanbul və boğazları əldə tutmaqla Egey və Aralıq dənizlərinə hakim olmaqdır. İkinci olaraq, Qafqaz bölgəsini ələ keçirməklə və keçid bölgəsi kimi istifadə etməklə Şərqi Anadolunu ələ keçirməklə Aralıq dənizinə enmə imkanını əldə etmək. Üçüncü olaraq isə yenə Qafqaz bölgəsini ələ keçirməklə İran üzərindən Hind okeanına çıxış imkanını əldə etməkdir. Cənubi Qafqaz Rusiya üçün həm Avropa ilə Orta Asiya arasında bir körpü, həm də Qara dəniz və Xəzər dənizinə çıxışa malik olmaqla vacib geosiyasi regiondur. Bundan başqa Cənubi Qafqazın Rusiya üçün iki fərqli xüsusiyyəti də vardır. Biri, Asiyadakı rəqibləri olan Türkiyə və İranla qovuşma nöqtəsi olması, digəri isə Qafqazın Orta Asiyanın qapısı rolunu oynamasıdır.
Bir çox tədqiqatçılar Rusiyanın bölgədəki mövqeyini və maraqlarını İran və Ermənistan ilə eyni blokda təsnif edərək, onları bölgənin əsas hərbi-geostrateji qruplaşmalarından birincisinə, ABŞ, Avropa Birliyi, NATO və onların bölgədəki tərəfdaşı kimi təqdim edilən Türkiyə, Azərbaycan, Gürcüstan və Ukraynanı isə ikinci hərbi-geostrateji qrupa aid edirlər.
Azərbaycan Rusiya ilə münasibətlərdə balansı qorumağa çalışır. Hərçənd ki, hər iki dövlət arasında bir neçə məsələlərdə fikir ayrılığı mövcuddur, Azərbaycanın ehtiyatlı xarici siyasəti bu münasibətlərin gərginləşməsinə imkan yaratmır. Rusiyanın Dağlıq Qarabağda erməni separatçılarına hərtərəfli dəstək verməsi təbii olaraq Azərbaycan tərəfindən yaxşı qarşılana bilməz, hətta müstəqilliyin ilk illərində Rusiyanın erməni separatçılarına hərtərəfli yardımı iki ölkə arasında münasibətlərin gərginləşməsinə gətirib çıxarmışdı. Azərbaycanın qərbmeyilli siyasəti, Rusiyanın enerji siyasətinə qarşı yönəlmiş regional layihələrdə iştirak etməsi, hərbi mütəxəssislərin MDB-yə alternativ olaraq qiymətləndirdikləri GUAM təşkilatını təsis edən dövlətlərdən biri olması Rusiyanın Dağlıq Qarabağ münaqişəsində tutduğu mövqedən asılıdır. Rusiya Azərbaycana qarşı əsasən Qarabağ kartından təzyiq vasitəsi kimi istifadə etmişdir. Bundan başqa talış və ləzgi məsələləri də Rusiyanın zamanla əl atdığı vasitələrdəndir. Gürcüstandan fərqli olaraq Azərbaycan bu təzyiq vasitələrinin qurbanına çevrilməmişdir. Belə ki, nə Rusiya təyyarələri, nə də dəniz qüvvələri Azərbaycanı heç bir formada təhdid etməmişdir.
Azərbaycanın regional təhlükəsizlik məsələsinə yanaşması birmənalıdır: Qafqaz regionunun müxtəlif güc blokları arasında bölünməsinin qarşısını almaq. Azərbaycan bu mövqeyini 1993-cü ildən başlayaraq həyata keçirmiş, bölgə ölkələrinin ərazisində xarici qoşunların və hərbi bazaların yerləşdirilməsinin, Qafqazın militaristləşdirilməsinin əleyhinə çıxış etmiş və öz mövqeyini 1999-cu ildə ATƏT-in İstanbul sammitində bəyan etmişdir. Tədbirdə iştirak edən ümummilli lider Heydər Əliyev regionda Təhlükəsizlik və Əməkdaşlıq paktının yaradılması təşəbbüsü ilə çıxış etmişdi. Bu təşəbbüsə görə, Təhlükəsizlik paktını Azərbaycan, Türkiyə, Gürcüstan, Ermənistan, Rusiya və ABŞ imzalamalı idi. Azərbaycanın bu təklifi Rusiya, Ermənistan və İranda müəyyən qədər narazılıqla qarşılandı. Regiondan kənar dövlət olan ABŞ-ın bölgədəki proseslərə müdaxiləsini yolverilməz hesab edən Rusiya və regional təhlükəsizlik sisteminin formalaşdırılmasından kənarda qalan İran bu təşəbbüsü birmənalı şəkildə qəbul etmədi. [10, s.22-25]
Azərbaycanın regional təhlükəsizliyə dair daha bir təşəbbüsü isə 2002-ci ildə diqqət mərkəzinə gəldi. Həmin ilin aprelində Türkiyənin Trabzon şəhərində Azərbaycan, Türkiyə və Gürcüstan arasında “Trabzon razılaşması” imzalandı. Regionun enerji təhlükəsizliyi və müstəqilliyini təmin etmək üçün üç ölkənin daxili işlər nazirlərinin imzaladığı bu sənəd terrorizm və aqressiv seperatizmə qarşı mübarizədən tutmuş, çirkli pulların yuyulması və neft-qaz borularının birgə mühafizəsinədək kifayət qədər geniş sahəni əhatə edirdi. Bu saziş həm də regionun üç dövlətinin strateji tərəfdaşlığını rəsmiləşdirən sənəd hesab olunur. Bundan əvvəl 1996-cı ildə Azərbaycan və Gürcüstan arasında “Trabzon razılaşması”na oxşar “Tbilisi bəyannaməsi” adlanan sənəd imzalanmış və bu sənəd bütün region ölkələrinin daxil olması üçün açıq elan edilmişdir. Lakin regionun heç də bütün dövlətləri, xüsusilə Rusiya və İran Azərbaycanın təklif etdiyi bu təhlükəsizlik mexanizmini qəbul etmədi. [11, s.3]
Qafqazın geosiyasi vəziyyəti, tarixi, milli və etnik tərkibi, həmçinin sovet mirası və digər səbəblər üzündən ona çox önəmli bir region kimi baxılır. Sovet İttifaqının dağılmasından sonra isə bu region böhran şəraitində yaşayır. Təhlükəsizlik regiona qonşu ölkələrin və böyük dövlətlərin əsas qayğısı olub və olmaqda davam edir. Buna nəzərən regionun təhlükəsizliyində maraqlı olan tərəflər bir sıra təhlükəsizlik modellərini irəli sürüblər:
Qafqaz modeli: Cənubi Qafqazın üç ölkəsi arasında təhlükəsizlik sahəsində əməkdaşlıq;
Bir tərəfdən üç Cənubi Qafqaz ölkəsi, digər tərəfdən isə Türkiyə və Rusiya arasında regional əməkdaşlıq çərçivəsi kimi Türkiyənin təklif etdiyi “3+2 sxemi”;
Azərbaycanın təklifi olan “3+3+2 planı”: üç Cənubi Qafqaz ölkəsi, qonşu dövlətlər (Rusiya, İran və Türkiyə), Avropa və ABŞ arasında əməkdaşlıq;
Rəsmi Moskva Cənubi Qafqazdakı prosesləri tarixi rəqibləri olan İran və Türkiyə, həmçinin yeni rəqibləri olan ABŞ və Aİ-nin iştirakı olmadan həll etmək iddiasında olduğundan regional problemləri “3+1” (3 Cənubi Qafqaz ölkəsi + Rusiya) formulu əsasında həll etməyə çalışır. “Qafqaz dördlüyü” adlandırılan bu format daxilində indiyədək prezidentlər, təhlükəsizlik şurası sədrləri, dini liderlər səviyyəsində müxtəlif görüşlər keçirilmişdir. Bu birlik hələ ki, yalnız məsləhətləşmələr formasında davam edir.
Artıq Rusiya (İran, Ermənistan) – ABŞ (Azərbaycan, Türkiyə, Gürcüstan) bloklaşması da proqnozlaşdırılır. Son illər Ukraynanın regiondakı proseslərə fəal müdaxilə etməsi isə Rusiya-İran-Ermənistan blokuna qarşı Qərbin dəstək verdiyi Türkiyə-Ukrayna-Azərbaycan-Gürcüstan blokunun formalaşmasını şərtləndirir.
Regional təhlükəsizlik mexanizminin tələbləri barədə regionda ümumi fikrin olmaması Ermənistan və Azərbaycan arasında Dağlıq Qarabağ ətrafında davam edən münaqişədə ən aşkar şəkildə özünü büruzə verir. Buna görə təhlükəsizlik və təhlükə mənbələri kimi anlamlar barədə ortaq regional anlayışın təşviqi üzərində ciddi iş aparılmalıdır. Bu cür ortaq anlayış regionun üç ölkəsi, həmçinin digər regional və regiondankənar nüfuzlu qüvvələrin birgə səyləri nəticəsində tədricən yarana bilər. Regionda davam edən çətinlikləri və münaqişələri nəzərə alsaq, regional təhlükəsizlik çərçivəsinin (“regional təhlükəsizlik icması”nın) regionun üç ölkəsi tərəfindən yaradılması inandırıcı deyildir.
Lakin Xəzər-Qara dəniz hövzəsi və Cənubi Qafqazın regional təhlükəsizlik mühitinə bilavasitə və ciddi təsir göstərən digər amillər də mövcuddur. Bu amillər öz milli təhlükəsizliyini təmin etmək məqsədilə həm NATO və Qərblə, həm də Rusiya və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) ilə müəyyən məsafə saxlayan, yuxarıda adıçəkilən bütün “təsir qüvvələri” ilə tərəfdaşlıq və əməkdaşlıq meyli nümayiş etdirən Azərbaycan, bölgədə Rusiyaya, dünya erməni diasporuna söykənərək Cənubi Qafqazda açıq işğalçılıq siyasəti yürüdən Ermənistan və son zamanlar birmənalı şəkildə üzünü Rusiyadan Qərbə və NATO-ya çevirmiş Gürcüstanla bağlıdır.
Cənubi Qafqazın və Xəzər-Qara dəniz hövzəsinin təhlükəsizlik mühitinin növbəti həlledici amili yuxarıda adı keçən təsir dairələri və hərbi-geostrateji blokların bir-biri ilə münasibətləri, ilk növbədə isə ABŞ-Rusiya, NATO-KTMT münasibətlərinin xarakteri ilə bağlıdır. Bu müstəvidə tərəflərin ortaya qoyduğu açıq və gizli hərbi-geostrateji maraqlarla yanaşı, həmin bloklarla birbaşa və açıq formada bağlı olan müəyyən ölkələrin yürütdüyü siyasət də həlledici rol oynayır. Bölgədə hər hansı bir ölkənin yürütdüyü istənilən hərbi-strateji siyasət, təhlükəsizliklə bağlı atdığı addım, yaxud nümayiş etdirdiyi geosiyasi mövqe dərhal qarşı tərəfin ciddi reaksiyasını doğurur.
Digər tərəfdən Xəzər dənizində mövcud olan neft Azərbaycanın Rusiya üçün nə qədər əhəmiyyətli olduğunu sübut etməkdədir. Bildiyimiz kimi, Rusiya dünya neft məhsullarının 40% nə sahibdir və dünya ölkələrini özündən asılı vəziyyətdə saxlamaq istəməkdədir. Sovetlər Birliyinin dağılmasından sonra Azərbaycan xarici siyasətində dönüş nöqtəsi olaraq Qərb dövlətləri ilə birlikdə “Əsrin müqaviləsini” imzalamışdır. Bu müqavilənin imzalanmaması üçün Rusiya Azərbaycan təsir etmiş ancaq heç bir nəticə əldə etməmişdir. Rusiyanın əsas məqsədi isə Azərbaycan neftinin Qərb bazarına daşıyacaq olan boru xətlərinin Rusiya üzərindən keçməsidir.
Rusiya imperiya iddialarından əl çəkməsə də, artıq inkarolunmaz reallıqdır ki, Sovet İttifaqı dağılandan sonra əvvəlki geosiyasi mövqeyini itirmişdir. Artıq Rusiya Federasiyası əvvəlki kimi Baltik dənizində və Qara dənizdə, cənubi Qafqazda və Mərkəzi Asiyada hegemonluq edə bilmir. Akademik Ramiz Mehdiyev Xəzər hövzəsinin ümumən və Avrasiyanın ən iri regional dövləti olan Rusiya Federasiyasının energitika siyasətini təhlil edərkən üç başlıca yanaşmaya əsaslanmağı təklif edir:
Postimperiya yanaşma (1992-1995-ci illər). Burada əsas xüsusiyyətlərə Rusiya Federasiyasının regionda nüfuzunu qoruyub saxlamaq məqsədilə Xəzəryanı dövlətlərin öz karbohidrogen ehtiyatlarının işlənməsinə başlanmasına yol verməmək; regional problemlərin həllində gün metdolarına əsaslanmaq aid edilir.
Praqmatik yanaşma (1995-1997-ci illər). Bu yanaşma güc metodlarından imtina edilməsi, mübahisəli hüquqi məsələlərdə qonşu dövlətlərlə mövqelərin yaxınlaşdırılması, Xəzərdəki yataqların işlədilməsini ləngitmək cəhdlərinin dayandırılması ilə səciyyələnir. Bu dövrdə Rusiya Federasiyasının xarici siyasətinin məqsədi Xəzərin karbohidrogen məhsullarının dünya bazarına nəqli yollarını inhisara almaq, onların mümkün qədər ancaq Rusiya Federasiyası ərazisindən keçməsinə nail olmaq idi. Bu dövr Rusiya Federasiyasının neft şirkətlərinin Xəzərdəki layihələrində iştirakının genişlənməsi dövrü kimi qiymətləndirilir.
İnterqasiya yanaşması: Rusiya Federasiyasına V.Putinin hakmiyyətə gəlməsindən sonra Rusiya Federasiyası xarici siyasətinin mahiyyətini əks etdirir. İqtisadi cəhətdən daha məqsədəuyğun marşrutların xeyrinə Xəzər neftinin nəqli yollarının inhisara alınması cəhdindən imtina olunmasını, Xəzər dənizinin milli sektorlara bölünməsinin faktiki olaraq qəbul edilməsini nəzərdə tutur. Rusiya Federasiyasının bu sahədə dövlət siyasətinin əsas istiqamətlərinin müəyyənləşdirilməsində şirkətlərin mənafeyi üstünlük təşkil etməyə başlayır. Onların regionda iştirakı nəzərəçarpacaq dərəcədə güclənmişdir.
1993-cü ildə Gürcüstan öz ərazisində Rusiyaya məxsus dörd hərbi bazanın yaradılmasına icazə vermişdi. Bunun qarşılığında isə Rusiya Abxaziya və Cənubi Osetiya seperatçı qüvvələri ilə mübarizədə Tbilisini müdafiə etməli idi. Cənubi Osetiya və Abxaziya üzərində nəzarətin bərpa olunmasında göstərilən kömək 1993-cü ildə Gürcüstanın MDB və Kollektiv Təhlükəsizlik Müqaviləsinə üzv olmasının əsas səbəbi hesab olunur. Lakin 1999-cu ildə Gürcüstan Kollektiv Təhlükəsizlik Müqaviləsini tərk etdi və Rusiyanın hərbi bazalarının çıxarılması üçün tələbləri artırdı.
1999-cu ildə ATƏT-in İstanbul sammitində Rusiya və Gürcüstan arasında 2001-ci ilin ortalarınadək Rusiya hərbi bazalarının Vaziani və Qudautada fəaliyyətinin dayandırılması barədə razılıq əldə edildi. 2000-ci ildə digər iki hərbi bazanın fəaliyyəti barədə danışıqlar başlandı. Vaziani və Qudautada hərbi bazaların fəaliyyəti dayandırıldı. Qalan iki hərbi baza isə Axalkalaki və Batumidə yerləşirdi. Rusiya on bir il müddət istədi. 2005-ci ildə razılıq əldə olundu. Bu razılıq 2008-ci ilədək bazaların fəaliyyətinin dayandırılmasını və həmin vaxta qədər onların fəaliyyət istiqamətlərini nəzərdə tuturdu. Rusiya qoşunlarının çıxarılması prosesi Rusiya-Gürcüstan münasibətlərinin kəskinləşməsi ilə müşayiət olunurdu. Rusiya öz qoşunlarının çıxarılması prosesini vaxtından əvvəl- 2007-ci il noyabrın 15-dək başa çatdırdı. Bundan sonra Gürcüstan ərazisində yalnız Cənubi Osetiya və Abxaziyada sülhməramlı qüvvələrin tərkibində rus hərbi hissələri qaldı.
Gürcüstanın qərbpərəst siyasətinin qarşısını almaq üçün Rusiya hər vasitəyə əl atır. Bu vasitələrdən biri olaraq, 1999-cu ilin qışında Rusiya heç bir səbəb göstərmədən Gürcüstana verilən qazı kəsmiş, 2001-ci ildə Gürcüstana qarşı birtərəfli viza rejimi tətbiq etməyə başlamışdır. 2002-2003-cü illərdə Gürcüstana nəql edilən qaz kəmərində baş verən partlayış Gürcüstan tərəfindən sabotaj kimi dəyərləndirilmiş və Rusiyanın maraqlarına xidmət edildiyi vurğulanmışdır. 2005-ci ildə Rusiyanın Gazprom şirkəti Gürcüstana satdığı qazın qiymətini 63 dollardan 110 dollara qaldırmış və ölkəni maliyyə cəhətdən çətin vəziyyətə salmışdır.
Gürcüstan tərəfinin iddialarına görə 2002-ci ildə Rusiya qırıcı təyyarələri Gürcüstan ərazilərini bombalamışdır. 2007-ci ildə Qara dənizdə Rusiyanın hərbi dəniz qüvvələri hərbi təlimlər keçirərək Gürcüstana göz dağı göstərməkdən çəkinməmişdir. 2008-ci ildə Gürcüstana məxsus pilotsuz kəşfiyyatçı təyyarənin Abxaziya ərazisində vurulması gərginliyi daha da artıraraq qarşılıqlı ittihamları intensivləşdirmiş, hərbi toqquşma ehtimalını artırmışdı.
Cənubi Osetiya və Abxaziya məsələləri Gürcüstanın milli təhlükəsizliyinin əsas problemi olaraq qalmaqdadır. Gürcüstandan ayrılmaq üçün mübarizə aparan Cənubi Osetiya və Abxaziya üsyançı qüvvələri ilə Tbilisi hərbi qüvvələri arasındakı genişmiqyaslı hərbi münaqişə 1990-cı illərdə sülhməramlı strukturların yaradılması və atəşkəs haqqında sazişlə başa çatdı. Bu məsələdə rusiyalı diplomat və hərbçilər fəal iştirak etmişdilər. 1992-ci ilin yayında Rusiya ilə Gürcüstan arasında Cənubi Osetiya münaqişəsinin nizamlanmasına dair Daqomys sazişi imzalandı. Bu saziş Gürcüstan, Cənubi Osetiya, Rusiya və Şimali Osetiyanın iştirakı ilə xüsusi orqanın- Birgə Nəzarət Komissiyasının yaradılmasını nəzərdə tuturdu. Öz müstəqilliyini bəyan edən əks qüvvələrin məhv edilməsi üçün Qarşılıqlı Sülhməramlı Qüvvələrin yaradılması haqqında təklif irəli sürüldü. Bu qüvvələrin tərkibinə hər biri 50 nəfərdən ibarət olmaqla rus, gürcü və osetin hərbi hissələri daxil edildi. Tərəflər arasındakı razılığa əsasən Rusiya silahlı qüvvələrinin nümayəndəsi sülhməramlı qüvvələrə rəhbərlik etməyə başladı. Sxinvaliyə isə ATƏT-in müşahidə missiyası göndərildi. 1993-cü ildə Abxaziyada atəşkəs əldə ediləndən sonra MDB Tbilisinin razılığı ilə bu qondarma qurumun Kollektiv Sülhməramlı Qüvvələrin təhlükəsizlik zonasına daxil edilməsi haqqında qərar qəbul etdi. Reallıqda isə burada yalnız Rusiya hərbi qüvvələri iştirak edirdi. Abxaziyada həmçinin BMT müşahidəçi missiyası da yerləşdirildi. Qeyd edilməlidir ki, beynəlxalq təşkilatlar, o cümlədən BMT münaqişələrin həllinin və Rusiya sülhməramlılarının statusunun bu qaydada müəyyənləşdirilməsinin hüquqiliyini qəbul etmişdir.
Gürcüstan tərəfi mütəmadi olaraq Rusiya sülhməramlılarını seperatçılara dəstək verməkdə təqsirləndirirdi. Lakin hər dəfə onların xidmət müddətinin uzadılması haqqında məsələ gündəmə gəldikdə Gürcüstan mandatın uzadılması ilə razılaşırdı. Nə BMT, nə də ATƏT ərazidəki sülhməramlı qüvvələrinin geri çağrılmasına hazırlıq barədə məlumat verməmişdilər. Bundan əlavə, Abxaziya və Cənubi Osetiya liderləri də mövcud sülhməramlı rejimin dəyişdirilməsinə razılıq verməmişdilər. Başqaları ilə əvəz olunmadan Rusiya sülhməramlılarının fəaliyyətinin dayandırılması münaqişənin alovlanmasına gətirib çıxara bilərdi.
Abxaziya və Cənubi Osetiya ətrafında gərginliyin artması Prezident M. Şaakaşvilinin rəhbərliyinin elan olunması, Gürcüstanın ərazi bütövlüyünün bərpası və hərbi sahədə aktiv siyasi kursun həyata keçirilməsinə təsadüf edir. 2004-cü ildə gürcü qoşunları Sxinvali ətrafında strateji yüksəkliklərdə nəzarəti bərpa etməyə çalışsa da, ziyana uğradığı üçün geri çəkilməyə məcbur oldu. 2006-cı ildə gürcü hərbi qüvvələri Abxaziyanın iddia etdiyi Kodori dərəsinin ucqar ərazilərinə yeridildi. Həmin il Gürcüstan Cənubi Osetiya üzərində nəzarəti təmin etmək üçün daha bir cəhd etdi. Sxinvali ətrafındakı strateji yüksəkliklərin tutulması və Cənubi Osetiya ilə Rusiyanı birləşdirən Roki tunelində hərəkətin məhdudlaşdırılması əməliyyatları planlaşdırılsa da, bu əməliyyatlar uğursuzluğa düçar oldu.
Gürcüstanla bağlı qeyd etmək lazımdır ki, 8 avqust 2008-ci ildə gürcü qoşunları öz ərazi bütövlüyünü bərpa etmək üçün separatçı Cənubi Osetiyanın paytaxtı Sxinvali şəhərinə hücum etdi. Qısa müddət ərzində Sxinvali şəhərini ələ keçirən gürcü ordusu tezliklə kapitulasiya haqqında müqavilənin imzalanacağına ümid etdiyi vaxt Rusiya tərəfi Gürcüstanı işğalçılıqda günahlandırdı. Müharibədən sonra regionda yeni güc balansının formalaşması Rus-Gürcü müharibəsi regiondakı güc balansının bir daha Rusiyanın tərəfində olduğunu göstərdi. Müharibənin başladığı ərəfədə Rusiyanın Gürcüstana ordu göndərməsinə etiraz bildirən ABŞ və Avropa Birliyi nəticədə bu ölkəyə qarşı konkret addımlar atmaqdan çəkindilər. İstər ABŞ, istərsə də Avropa İttifaqının yalnız atəşkəsin imzalanmasına nail olmağa gücü çatdı.
Bütün bu proseslər onu göstərdi ki, Cənubi Qafqazda 90-cı illərdə formalaşmış güc balansı hələ də öz aktuallığını saxlamaqdadır. Bu balansa əsasən bölgə Rusiyanın maraq dairəsində olmaqla yanaşı, qərbin də bu bölgədə enerji maraqları mövcuddur və Rusiya bu maraqları qəbul edir və hörmətlə yanaşır. [12, s.45-53] Bununla belə, Rusiya Federasiyası bu ərazilərdə itirdiyi mövqelərini bərpa etmək üçün ənənəvi siyasətini də inadla davam etdirir
Bu istiqamətdə Rusiya əsas istinadı Ermənistana edir.Yaranmış vəziyyətdə ortaya belə bir sual çıxır, Rusiyanın yardımı ilə Ermənistan Respublikası kimə qarşı silahlanır? Nə təbii, nə də insan ehtiyatlarına malik olmayan Ermənistan bu regionda başqasının iradəsini yerinə yetirmək rolu oynayır. İndi Rusiya Ermənistana 50-ci illərdə Amerikanın İsrailə baxdığı kimi baxır. Ermənistanın ikinci vasitəsi – bu ümumi dövlət, ümummilli terrorizimdir. İndi erməni terrorçuları dünyanın bütün terror mərkəzlərində təlim keçirlər.
Erməni terrorizmi – bu siyasi məqsədə nail olmaq üçün dövlət separatizmidir. Bu öz əksini Qarabağdan başlayaraq Abxaziyada, Cənubi Osetiyada, Çeçenistanda, Serbiyada, Kosovada, Makedoniya və b. yerlərdə tapırdı.ion
Cənubi Qafqaz Rusiyanın “xüsusi maraqları və təsir dairəsi” zonası olaraq qalmaqdadır. Antiterror kompaniyasında fəal iştirak edən Azərbaycan rəhbərliyi öz xarici siyasət fəaliyyətində Rusiyaya və Qərbə münasibətdə balanslaşdırılmış siyasi xətt yeritməli, Rusiya – İran və İran – Ermənistan yaxınlaşmasına imkan verməməli, ABŞ və Avropa ölkələrini Rusiyaya alternativ kimi qoyulmalı və bunların arasındakı ziddiyyətlərdən istifadə etməli, Rusiya ilə siyasi, iqtisadi və mədəni əlaqələri dinamik şəkildə inkişaf etdirməlidir. [13]
Yekun olaraq qeyd etmək lazımdır ki, Qafqazda bütün tərəfləri birləşdirən kollektiv, birgə təhlükəsizlik anlaşmasının yaradılması mahiyyətinə görə ləng, tədrici bir prosesdir. Bunun üçün addımbaaddım yanaşma, eləcə də region daxilində, onun qonşuluğunda və kənarında yerləşən bütün tərəflərin konkret müsbət, fəal siyasətləri və fəaliyyətləri tələb olunur. Regiondakı ümumi siyasi və psixoloji əhvali-ruhiyyənin hərbi vasitələrdən siyasi, diplomatik vasitələrə və yollara, qarşıdurmadan əməkdaşlığa dəyişməsi hələ ilkin mərhələdədir və bütün maraqlı tərəflər onu siyasi, iqtisadi və təhlükəsizlik sahələrində dəstəkləməlidirlər.
Ədəbiyyat
1. http://newtimes.az/az/experts/344/#.UVk4JBdnqnI
2. Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin aylıq nəşri 2010№ 3 s.4-12
3. Ə.M.Həsənov. Azərbaycan Respublikasının milli inkişaf və təhlükəsizlik siyasəti. Bakı, 2011, 440 səh. s. 195-196
4. Croissant M. and Bulent A. “Oil and Geopolitics in the Caspian Sea Region” London – 1999. c.3.
5. Mehdizadə M. “Beynəlmiləl siyasətdə petrol” B., 1994. s.8.
6. Кавторадзе С.Д. Этнополитические конфликты на постсоветском пространстве, М. : Экзамен, 2005.
7. H.Hüseynova, “Azərbaycan Avropa inteqrasiya prosesləri sistemində”, Bakı-1998, səh.82
8. P/Loro/ F.Tual. Geopolitika.Paris 1997 Baki 2001.c.159
9. Аббасбейли А., А.Гасанов. Азербайджан в системе международных и региональных организаций.Б.1999, с.181
10. SAM dərgisi, oktyabr-dekabr, 2010-cu il, s.22-25
11. “Həftə-İçi” qəzeti, 10 fevral 2007-ci il.s.3
12. Journal of Qafqaz University. Number 29, 2010 s.45-53
13. Bakı Universitetinin Xəbərləri. №1, 2008. s.165-167
Açar Sözlər: Cənubi Qafqaz, Rusiya Federasiyası, geosiyasət, enerji təhlükəsizliyi, terror
Key Words: South Caucasus, Russian Federation, geopolitics, energy security, terrorism
Ключевые Слова: Южный Кавказ, Российская Федерации, геополитика, энергетическая безопасность, терроризм
SUMMARY
In the article analysis the geopolitical interests of the world’s leading countries in the Caspian basin and in the South Caucasus, and according to their geopolitical policy, current and future economic development of the Republic of Azerbaijan is examined. In addition, the basis of state policy ensuring national interests of Azerbaijan, the role of the explotation, and supplying Caspian energy resources to the world markets is explained.
РЕЗЮМЕ
В статье исследуются вопросы настоящего и будущего экономического развития Азербайджанской Республики на фоне геоэкономических интересов и геополитики, осуществляемой со стороны ведущих государств мира.
Наряду с этим, осуществляется толкование основ государственной политики по обеспечению национальных интересов Азербайджана и исследуется роль эксплуатации энергетических ресурсов Каспия и их транспортировки на мировые рынки. В то же время анализируются геоэкономические отношения Азербайджана с основными центрами силы в регионе и в мире, связанные с формированием и обеспечением безопасности транспортно-коммуникационных коридоров Восток-Запад и Север-Юг.
Ləman Qocayeva
Azərbaycan Turizm və
Menecment Universiteti
"GEOSTRATEGİYA" jurnalı №04 (40) İYUL- AVQUST 2017
Strategiya.az
Paşinyan Kremldə: iki məsələdə xəyal qırıqlığı və ziddiyyətlər
Gələcək zəfərlərdən xəbər verən sarsılmaz Azərbaycan-Türkiyə birliyi
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM