Soyqırımı cinayəti. Bu gün soyqırımı olaraq adlandırılan cinayət ilk dəfə Nürnberq Tribunalında insanlıq əleyhinə işlənmiş cinayət olaraq mühakimə edilmişdir. Bu cinayət Keçmiş Yuqoslaviya üçün Beynəlxalq Cinayət Tribunalı (KYBCT) və Ruanda üçün Beynəlxalq Cinayət Tribunalı (RBCT) yaradılmasından əvvəl ilk dəfə həmin tribunalda mühakimə edilmişdir (11).
Soyqırım cinayətinin “Soyqırım cinayətinin qarşısının alınması və cəzalandırılmasına dair” 1948-ci il Konvensiyasında (Soyqırım Konvensiyası) tərifi təqdim edilmiş, beynəlxalq hüququn adətlərindən biri və jus cogens normalarından biri halına gəlmişdir. Yuxarıda göstərilən konvensiyanın 2-ci Maddəsində soyqırım, milli, etnik, irqi və ya dini qrupu tamamilə və ya qismən məhv etmək niyyəti ilə törədilmiş aşağıdakı hərəkətlərdən hər hansı birinin törədilməsi olaraq tərif edilmişdir:
a. Qrup üzvlərini öldürmək;
b. Qrup üzvlərinə ciddi fiziki və ya mənəvi ziyan vurmaq;
c. Qrupun tam və ya qismən fiziki məhvi məqsədilə qrupda həyat şərtlərini düşünülmüş şəkildə aşağı salmaq;
d. Qrupda olacaq doğumların qarşısını almaq üçün tədbirlər görmək;
e. Uşaqları bir qrupdan zorla digər qrupa köçürmək (12).
Bu müddəalar KYBCT Nizamnaməsi (Maddə 4(2)), RBCT Nizamnaməsi (Maddə 2(2)) və Beynəlxalq Cinayət Məhkəməsi (BCM) Nizamnaməsində (Maddə 6) təkrarlanmışdır. Eyni zamanda, ölkələrin bir çoxu bu müddəaları öz qanunvericiliklərində əks etdirmişdir (Soyqırım Konvensiyasını təsdiqləyən ölkələrdə). Soyqırım ən ağır cinayətlərdən biri hesab edilir. İttiham olunan öz fərdi cinayət məsuliyyətləri əsasında təqsirləndirilməlidir. Lakin soyqırım cinayətinin qurbanları fərdlər deyil, qruplardır.
Bundan əlavə, soyqırımın günahkar əməli (actus reus) isə qrupun faktiki olaraq məhv edilməsini nəzərdə tutmur. Soyqırım Konvensiyasında təqdim edilmiş hərəkətlərlərdən hər hansı biri mens rea tələbi ilə tam və ya hissələr ilə törədildikdə soyqırım törədilmiş sayılır (13-14)
Mens rea hissəsində ittiham olunanı günahkar hesab etmək üçün onun milli, etnik, irqi və ya dini qrupu tamamilə və ya qismən məhv etmək üçün xüsusi niyyəti (dolus specialis) və ya fiziki nəticə ilə günahkarın əqli vəziyyəti arasında psixoloji neksusu olmalıdır, yaxud da, milli, etnik, irqi və ya dini qrupu tamamilə və ya qismən məhv etmək üçün olan soyqırımda iştirak etdiyindən xəbərdar olmalıdır (conscience claire) (15).
Bununla yanaşı, soyqırım insanlıq əleyhinə törədilmiş cinayət olan təqibetmədən fərqləndirilməlidir. Təqibetmə cinayətini həyata keçirən öz qurbanını hər hansı bir cəmiyyətə aid olması ilə seçir, lakin həmin cəmiyyətin tamamilə məhv edilməsinə çalışmır.
İnsanlıq əleyhinə cinayətlər. İnsanlıq əleyhinə törədilmiş cinayətlərin soyqırımdan fərqi, insanlıq əleyhinə cinayətlərdə hər hansı bir qrupun məhv edilməsi üçün xüsusi niyyətin olmasına ehtiyac duyulmur (16). İnsanlıq əleyhinə cinayətlər ilk dəfə Nürnberq və Tokyo Tribunallarında mühakimə olunmuşdur. Daha sonra isə insanlıq əleyhinə cinayətlər konsepti Fransa, İsrail və digər ölkələrin yerli məhkəmələrində inkişaf etməyə başlamışdır. Hal-hazırda insanlıq əleyhinə cinayətlər beynəlxalq hüququn adətlərinə uyğun olaraq beynəlxalq cinayətdir və cinayəti törədənlər fərdi olaraq mühakimə olunur. Beynəlxalq hüquq adətlərinə uyğun olaraq insanlıq əleyhinə cinayətlər beynəlxalq münaqişələr (Nürnberq və Tokyo Statutları tələb olunduğu kimi) və ha hər hansı bir münaqişə ilə əlaqəli olması tələb olunmur (17).
Bundan əlavə, Roma Statutunun 7-ci Maddəsində göstərilir ki, soyqırım aşağıdakı hərəkətlərin geniş və ya sistemli şəkildə hər hansı bir siravi cəmiyyətə hücum olaraq, məlumatlı şəkildə həyata keçirilməsidir: qətl; məhv edilmə; qul edilmə; deportasiya və ya məcburi köçürülmə; beynəlxalq hüququn əsas qanunlarına əməl etməyərək fiziki azadlığın əlindən alınması və ya məhkum edilmə; işgəncə; zorlama, cinsi istismar, məcburi fahişəlik, məcburi hamiləlik, məcburi sterilizasiya və ya cinsi zorakılığın eyni ağırlıqdakı digər formaları; siyasi, irqi, milli, etnik, mədəni, dini, cins və başqa əlamətlərə görə hər hansı bir qrupun və ya icmanın beynəlxlaq hüquqla bir araya sığmayan, Maddə 7(1)-də verilənlərlə və ya BCM yurisdiksiyasında olan digər cinayətlərlə əlaqəli olan təqibi; şəxslərin məcburi yoxa çıxması; aparteid cinayəti; qəsdən ağır əzab, və ya fiziki və psixoloji sağlamlığa ağır xəsarətlə müşayət olunan digər analoji qeyri-insani əməllər (18).
Bununla yanaşı, insanlıq əleyhinə törədilmiş cinayətlərin actus reus-una təbiət və xarakter olaraq insafsızca olan, böyük əzaba və ya bədəzə, yaxud əqli olaraq və yaxud fiziki olaraq ciddi zədələnmələrə səbəb olan hərəkətlər aid edilir. Əsaslarından bir digəri isə hərəkətlərin geniş yayılmış və ya sistemli olaraq siravi vətəndaşlara qarşı törədilməsidir. Həmçinin, insanlıq əleyhinə cinayətlərin mens rea-sına gəldikdə isə, insanlıq əleyhinə törədilmiş hər bir cinayəti törədənlərin hər biri cinayəti bilərəkdən törətməli və ümumilikdə törətdiyi cinayətin böyük şəklini başa düşməlidir. Cinayəti törədən hərəkətlərinin ümumilikdə siravi vətəndaşlara qarşı yönəldilmiş geniş və sistemli hücumun bir hissəsi olduğunu bilməli, eyni zamanda siyasət və plana uyğun olaraq kütləvi cinayətin kontekstini əmələ gətirdiyindən xəbərdar olmalıdır (19).
Müharibə cinayətləri. Bu cinayətlər silahlı münaqişələr zamanı olan Beynəlxalq humanitar hüquq (BHH) normalarının pozulması ilə törədilir. Burada əsas qayda qarşı tərəfə olunan hücumların üç əsas prinsipə uyğun həyata keçirilməsidir: zərurət, insanlıq və mərdlik (20). Silahlı münaqişələrdə törədilən bütün cinayətlər müharibə cinayəti adlandırılmır. Müharibə cinayəti silahlı münaqişə ilə kifayət qədər əlaqəli olmalıdır və münaqişə tərəflərindən biri tərəfindən rəsmi olaraq icazə verilən və ya dözülən siyasət olmasına ehtiyac yoxdur.
Roma Statutunda isə, müharibə cinayətləri dörd əsas kateqoriyaya aid edilir. (Rome Statute, supra note 65, article 8(2).) Beynəlxalq silahlı münaqişələrdə müharibə cinayətləri beynəlxalq hüquq çərçivəsində 1949-cu il Cenevrə Konvensiyalarının kəskin pozulmalarını cəzalandıran 8(2)(a) maddəsi və beynəlxalq silahlı münaqişələrə aid olan digər hüquq və adət normalarının pozulmasını cəzalandıran 8(2)(b) maddəsi ilə idarə edilir. Beynəlxalq olmayan silahlı münaqişələrdə olan müharibə cinayətləri 1949-cu il Cenevrə Konvensiyalarının 3-cü Maddəsinin ciddi pozulmasını cəzalandıran (2)(c) maddəsi və beynəlxalq olmayan silahlı münaqişələrə dair digər hüquq və adət normalarının pozulmasını cəzalandıran 8(2) (b) Maddəsi ilə idarə edilir (21).
Ümumiyyətlə, Roma Statutunda verilən müharibə cinayətlərinin siyahısı xeyli genişdir və heç bir beynəlxalq xarakter daşıyan hüquq sənədində bu qədər geniş siyahı təqdim edilməmişdir. Lakin Roma Statutunun 8-ci Maddəsində bildirilir ki, cinayət elementləri silahlı münaqişələrə dair beynəlxalq hüquq çərçivəsində şərh edilməlidir. Bu müddəa BHH-un adətlərinin təkamüldə olduğunu göstərir.
Bundan əlavə, Roma Statutunda cinayət sayılan hərəkətlərə qəsdən adam öldürmə, işgəncə və ya qəddar rəftar, insan bədəni və sağlamlığına qəsdən zərər vermə və ya zədələmə, BHH tərəfindən mühafizə olunan insan və mülklərə qarşı törədilmiş hərəkətlər, siravi vətəndaşlara bilərəkdən hücum məqsədi ilə mülkün dağıdılması və ya mənimsənilməsi və s. Müharibə cinayətlərini törədənlər hərbçilər və ya siravi vətədaşlar ola bilər. Lakin siravi vətəndaşın müharibə cinayətlərində təqsirli bilinməsi üçün onun müharibə fəaliyyətləri və silahlı güclər ilə əlaqəsi sübut olunmalıdır. Hər bir müharibə cinayətinə ayrılıqda baxılmalı və material dəlillər və faktlar nəzərə alınmalıdır.
Eyni zamanda, müharibə cinayətinin müəyyən olunması üçün beynəlxalq və daxili silahli münaqişələr fərqləndirilməlidir. Beynəlxalq silahlı münaqişələr iki və ya daha çox ölkə arasında baş verir. Daxili silahlı münaqişə isə bir ölkənin daxilində baş verir. Kənar bir ölkə daxili münaqişəyə silahlı qüvvələri ilə qoşulduğu zaman, yaxud da daxili münaqişənin iştirakçılarından bəziləri digər ölkə adından çıxış etdiyi zaman o münaqişə beynəlxalq münaqişəyə çevrilə bilər və ya eyni zamanda həm daxili, həm də beynəlxalq münaqişə ola bilər (22)
Təcavüz. Roma Statutuna əsasən BCM-nin təcavüz cinayəti üzərində yurisdiksiyası mövcuddur. Lakin Statutun 5(2)-ci maddəsinə əsasən, BCM təcavüz üzərindəki yurisdiksiyasını yalnız Roma Statutunun 121 və 123-cü maddələrinə uyğun olaraq qəbul edildiyi halda işə sala bilər (23). Hər bir halda, bu müddəa Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinin müvafiq müddəalarına uyğun olmalıdır. Roma Statutuna düzəlişlər edilməsi proseduruna əsasən, Roma Statutunun qüvvəyə minməsindən 7 il sonra, hər bir üzv dövlət Roma Statutuna dəyişikliklər təklif edə bilər və bu düzəlişlər üzv dövlətlərin konsensusu nəticəsində – 2/3 əksəriyyətinin razılığı ilə – qəbul edilə bilər. Düzəlişlər bütün üzv dövlətlər üçün şamil olunur, ancaq düzəlişi qəbul etmək istəməyən üzv dövlət dərhal Statutdan çıxa bilər. Lakin 5-ci Maddənin düzəlişi ümumi qaydadan istisna təşkil edir. Bu maddəyə edilən düzəlişlər, ancaq həmin düzəlişi qəbul edən üzv dövlətlərə şamil edilir.
BCM-nin yurisdiksiyasında açıq-aydın təcavüz cinayəti dövlətlərin bənzər cinayəti cəzalandırmaq arzusudur və Nürnberq və Tokio Məhkəmələrində "sülhə qarşı cinayət" başlığı altında bu məsələyə baxılmışdır. Lakin Nürnberq məhkəməsində “təcavüz” anlayışı dəqiq müəyyənləşdirilməmişdir. Bu işdə ancaq “təcavüzkar fəaliyyət” və “təcavüzkar müharibə” fərqləndirilmişdir. Bundan başqa, BMT Nizamnaməsinə əsasən, gücdən istifadə qadağan olunsa da, təcavüz anlayışı qeyri-müəyyən qalır. Əsas qorxu bu idi ki, yeni və inkişaf etdirilmiş müasir müharibə üsullarına görə müəyyənləşdirilmiş təcavüz hərəkətlər və ya fəaliyyət siyahısı həmişə natamam edəcək və təcavüzkar tərəf belə bir siyahıdan öz xeyrinə istifadə etməyə imkan yaradacaq (24). Təcavüz anlayışı BMT-nin Ümumi Şurası tərəfindən nəhayət ki, 1974-cü il dekabr 14-də qəbul edilsə də, təcavüz cinayəti anlayışı qeyri-müəyyən qalır. Ona görə də, bu cür cinayətin ancaq elementlərindən həmin anlayış müəyyənləşdikdə danışmaq mümkün olacaq. Yenə də, bundan sonra təcavüz cinayəti elementi barəsində alimlərin fikirlərini təqdim etmək istərdim. Cinayətin ümumi actus reus anlayışı təcavüz cinayətinin planlaşdırılması, hazırlaması, başladılması və baş verməsi BCM tərəfindən izləniləcək. Ancaq konspirasiya cinayət təcavüzü komissiyası kimi qiymətləndirilmir (25).
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi beynəlxalq hüququn pozulması prizmasında təhlil edərkən qeyd etmək lazımdır ki, Ermənistanın ölkəmizə qarşı açıq-aşkar təcavüzü bütün beynəlxalq hüquq norma və prinsiplərinə ziddir. Belə ki, dünyada sülhün və təhlükəsizliyin təminatçısı olan BMT Nizamnaməsinin 1-ci maddəsinin 1-ci bəndində təşkilatın əsas vəzifəsi kimi “beynəlxalq sülhü qorumaq və bu məqsədlə təcavüz hərəkətlərinə və ya sülhün pozulmasına yönəlmiş digər pozuntulara qarşı təsirli kollektiv tədbirlər həyata keçirmək” nəzərdə tutulur. Nizamnamə nəinki təcavüzü, həm də dövlətlərarası münasibətlərdə qüvvə və ya hədə tətbiq etməni də qadağan edir (2-ci maddənin 2-ci bəndi), dövlətlər arasında baş verə biləcək hər cür mübahisələri ancaq dinc vasitələrlə həll etməyi tələb edir (2-ci maddənin 3-cü bəndi) (28, s.3, 19-20).
Təcavüz aktının baş verməsilə təcavüzə məruz qalmış dövlət BMT Nizamnaməsinin 39-cu maddəsinə uyğun olaraq BMT Təhlükəsizlik Şurası qarşısında təcavüzkar dövlətin məsuliyyəti məsələsini qoyur. Təcavüz anlayışının müddəalarının birində göstərilən faktın olması kifayət edir ki, Təh-lükəsizlik Şurası təcavüzkara qarşı Nizamnamənin VI-VII fəsillərinə uyğun olaraq məcburiyyət tədbirləri görsün (312, s.19-28). BMTBaş Məclisinin 1967-ci il 18 dekabr tarixli 2330 (XXII) saylı qətnamə layihəsində təcavüz hərəkətlərinin qarşısını almaq və BMT Nizamnaməsinə uyğun olaraq beynəlxalq sülhü və təhlükəsizliyi qorumaq və təsirli tədbirlər həyata keçirmək üçün təcavüz anlayışının mahiyyəti öz əksini tapmışdır (29, s.38).
1974-cü il dekabrın 14-də BMT Baş Məclisinin XXIX sessiyasının 3314 (XXIX) saylı qətnaməsində ilk dəfə olaraq təcavüz anlayışının mahiyyəti və məzmunu açıqlandı və ona beynəlxalq hüquqi qiymət verildi.
8 maddədən ibarət olan qətnamədə təcavüzün nədən ibarət olması müəyyənləşdirildi.
1-ci maddədə göstərilirdi ki, bir dövlət tərəfindən digər dövlətin suverenliyinə, ərazi bütövlüyünə və siyasi müstəqilliyinə qarşı silahlı qüvvə tətbiq edilməsi BMT Nizamnaməsinə ziddir və təcavüzkarlıq hesab olunur.
2-ci maddədə deyilir ki, dövlətin BMT Nizamnaməsini pozaraq birinci olaraq silahlı qüvvə tətbiq etməsi təcavüz aktına sübutdur.
3-cü maddədə: a) bir dövlətin silahlı qüvvələrinin digər dövlətin ərazisinə müdaxilə və ya hücum etməsi, yaxud müvəqqəti xarakter daşımasından asılı olmayaraq hər hansı bir hərbi işğal və ya müdaxilə nəticəsində ərazinin ilhaqı; b) bir dövlətin silahlı qüvvələri tərəfindən digər dövlətin ərazisinin bombardman edilməsi..; v) bir dövlət tərəfindən və ya onun adından, silahlı qüvvələrin, qeyri-nizami dəstələrin və ya muzdluların göndərilməsi və s. təcavüz aktı kimi qiymətləndirilir.
Qətnamənin 5-ci maddəsində göstərilir ki, heç bir siyasi, iqtisadi, hərbi və ya başqa mülahizələr təcavüzə haqq qazandıra bilməz; təcavüz beynəlxalq sülhə, əmin-amanlığaqarşı cinayətdir və bu cinayəti törədənlər beynəlxalq məsuliyyət daşımalıdırlar; təcavüz nəticəsində ərazi əldə edilməsi və yaxud hər hansı mənfəət qazanılması qeyri-qanunidir (29, s.38).
Ermənistan Respublikası tərəfindən qətnamədəki hər hansı bir bəndin, ümumiyyətlə əksər maddələrin pozulması belə bir nəticəyə gəlməyə imkan verir ki, bu, əsl təcavüz hərəkətləridir. Ermənistanın bu təcavüzkarlığı BMT Nizamnaməsində nəzərdə tutulan öz müqəddaratını təyin etmək hüququnun həyata keçirilməsi deyil, Nizamnamənin 2-ci maddəsinin 4-cü bəndinin kobud şəkildə pozulması – başqa dövlətin ərazi bütövlüyünə və siyasi müstəqilliyinə qarşı zor işlədilməsi deməkdir. Bunu belə bir fakt da təsdiq edir ki, Ermənistan parlamenti, bütün beynəlxalq hüquq normalarını kobudcasına pozaraq, hələ 1989-cu il dekabrın 1-də Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinin Ermənistana birləşdirilməsi, yəni qonşu dövlətin ərazisinin bir hissəsinin ilhaq olunması haqqında qeyri-qanuni qərar qəbul etmiş və bu qərarın indi də qüvvədə qalması Ermənistanın ölkəmizə qarşı dövlət səviyyəsində ərazi iddiasında olmasına sübutdur.
Ümumiyyətlə, Ermənistan Respublikası bütün beynəlxalq hüquqi sənədləri, xüsusilə BMT Nizamnaməsinin I və II maddələrində, 1970-ci il 24 oktyabr tarixli beynəlxalq hüququn prinsipləri haqqında bəyannamədə, eləcə də 1975-ci il 1 avqust tarixli ATƏM/ATƏT-in Helsinki Yekun Aktındaifadə olunmuş beynəlxalq hüququn əsas prinsiplərini kobudcasına pozmuşdur. Bununla yanaşı, Ermənistan başqa dövlətlərin ərazisində yaşayan erməni icmalarının hüquqlarını müstəqil xalqların əsas kütləsinin hüquqları ilə qəsdən qarışdırır və müstəqil dövlətlərin ərazi bütövlüyünə münasibətdə erməni etnik qruplarının hüquqlarına əsassız üstünlük verir. Beynəlxalq hüquq normalarının bu cür ermənisayaq təfsiri dövlətlərin ərazi bütövlüyü və sərhədlərin pozulmasının qeyri-mümkünlüyü haqqında 1990-cı il noyabrın 21-də qəbul edilmiş yeni Avropa üçün Paris Xartiyasına da tamamilə ziddir və qəbuledilməzdir (9).
Dağlıq Qarabağ bölgəsinin erməniləri isə digər ölkələrdə yaşayan ermənilər kimi Azərbaycan Respublikasında yaşayan milli azlıqlardan biridirlər. Beynəlxalq hüquq normalarına görə milli azlıqlar öz müqəddəratlarını təyin edə bilərlər (internal self-determination). Lakin bu, müstəqillik formasında ola bilməz. Çünki müstəqil dövlətin ərazisində yaşayan milli azlıqların belə hüquqları yoxdur. Eyni zamanda, xalqların öz müqəddəratını təyinetmə məsələsi beynəlxalq hüququn əsas prinsiplərindən olan ərazi bütövlüyü prinsipini pozmamalı, bu prinsiplə ziddiyyət təşkil etməməlidir. Bu baxımdan, ermənilərin öz müqəddəratını təyin etmə hüququnu bəhanə etməsi beynəlxalq hüquq normalarının, xüsusilə, dövlətlərin suveren bərabərliyi, zor işlətməmək və zor işlətməklə hədələməmək, sərhədlərin toxunulmazlığı, dövlətlərin ərazi bütövlüyü, mübahisələri dinc yolla nizama salmaq və başqa dövlətlərin daxili işlərinə qarışmamaq və beynəlxalq hüquqi öhdəlikləri vicdanla yerinə yetirmək kimi ATƏT-in Helsinki prinsiplərinin kobud şəkildə pozulması deməkdir (7).
Bundan əlavə, Ermənistan münaqişənin nizama salınması üçün aparılan danışıqlarda Dağlıq Qarabağın erməni icmasının tərəf kimi iştirakının təmin olunmasını istəyir. Ancaq bu tələb də əsassızdır və beynəlxalq hüquq prinsiplərinə uyğun deyil. Çünki Dağlıq Qarabağ ermənilərinin müstəqil tərəf kimi danışıqlarda iştirakı məsələsi nəinki ATƏT-in Minsk qrupunun mandatına ziddir, eyni zamanda 2008-ci ilin sonunda Moskvada imzalanmış məlum bəyannamədə də açıq şəkildə bildirilir ki, münaqişənin nizamlanması istiqamətində aparılan danışıqlar prosesində yalnız Azərbaycan və Ermənistan tərəfləri iştirak edə bilər. Bununla yanaşı, Dağlıq Qarabağ Azərbaycanın əzəli torpağı və ayrılmaz tərkib hissəsi olmaqla yanaşı, danışıqlar Ermənistanla Azərbaycan arasında aparılır və bu beynəlxalq formatdır, əgər Dağlıq Qarabağ münaqişə tərəfi olsaydı, onda Ermənistan tərəfi adıçəkilən bəyannaməni imzalamazdı.
Azərbaycan Respublikası 1949-cu il Cenevrə Konvensiyalarına tərəfdaşdır, ancaq əlavə edilmiş protokolları təsdiqləməmişdir. Ermənistan Respublikası isə bu sənədlərin hər ikisini təsdiqləmişdir. 1949-cu il Cenevrə Konvensiyasının 2-ci Maddəsində deyilir “Konvensiya həmçinin razılığa gələn yüksək tərəflərdən birinin ərazisinin qismən və ya tamamilə işğal olunduğu bütün hallarda, hətta bu işğal heç bir silahlı müqavimətlə qarşılaşmadıqda belə, tətbiq edilir”. Dağlıq Qarabağ ərazisi və onun ətrafındakı 7 rayon daxil olmaqla, Azərbaycan ərazisinin təxminən 20%-i Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmişdir. Daha sonra Ermənistanın davranışı beynəlxalq silahlı münaqişələrə aid olan 1 saylı protokolla tənzimlənir. Azərbaycan isə, protokolları qəbul etmədiyi üçün, o 1 saylı protokolun müddəaları ilə bağlı öhdəlik daşımır. Ancaq 1 saylı protokolun bir çox müddəaları beynəlxlaq humanitar hüququn adət normalarının bir hissəsinə çevrildiyindən, münaqişə tərəfdarlarına aid edilir (26).
1991-ci ildə Azərbaycan Respublikası SSRİ-dən ayrılıb müstəqilliyini elan etdikdə, Dağlıq Qarabağ Azərbaycan ərazisinin bir hissəsi kimi dünya birliyi tərəfindən təsdiq edilmişdir. Sonradan Dağlıq Qarabağ öz müstəqilliyini elan etsə də, beynəlxalq ictimaiyyət bunu tanımamışdır. XX əsarin sonunda, yəni münqişədən əvvəl ümumilikdə 145.000-ə yaxın əhali təxminən 3,388 kv. km ərazidə yaşamış və həmin dövrdə azərbaycanlılar əhalinin bölgədə 1/3-ni təşkil etmişdir.
Azərbaycan və Ermənistan Respublikaları arasındakı münaqişə Cenevrə Konvensiyalarının 2-ci Maddəsi ilə nizamlanır - “Konvensiya həmçinin razılığa gələn yüksək tərəflərdən birinin ərazisinin qismən və ya tamamilə işğal olunduğu bütün hallarda, hətta bu işğal heç bir silahlı müqavimətlə qarşılaşmadıqda belə, tətbiq edilir” (27). Münaqişəni beynəlxalq münaqişə kimi klassifikasiya edə bilmək üçün defakto olaraq, Ermənistan və Azərbaycan arasında düşmənçiliyin baş verdiyini göstərmək lazımdır.
Ümümiyyətlə, BHH-nin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə tətbiq olunması ilə bağlı qısaca olaraq qeyd etmək olar ki, Cenevrə Konvensiyası 2-ci Maddəyə əsasən, dövlətlərdən biri imtina etsə belə, iki dövlət arasında baş verən istənilən silahlı müdaxilə, bunun neçə gün davam etməyi və nə qədər insan tələf etməyindən asılı olmayaraq, silahlı münaqişə sayılır.
Ermənistanın Azərbaycana təcavüzü zamanı uşaqların və qadınların hüquqlarının kobud şəkildə pozulması məsələlərinə gəldikdə isə, Ermənistan BMT-nin Uşaq Hüquqları haqqında Konvensiyansını ratifikasiya etmiş, lakin buna baxmayaraq, uşaqlara qarşı zorakılıq əməlləri törətməkdən çəkinmir, istər müharibə, istərsə də atəşkəs zamanı öz çirkin niyyətlərini həyata keçirir. Ermənistanın Azərbaycan mülki əhalisinə və mülki obyektlərə birbaşa və qəsdən hücumları, beynəlxalq humanitar hüququn və insan haqlarının, xüsusilə 1949-cı il Cenevrə konvensiyaları və ona 1 saylı Əlavə, həmçinin Uşaqların hüquqlarının və İnsan hüquqlarının müdafiəsi və fundamental azadlıqlara dair Konvensiyanın ciddi şəkildə pozulmasıdır. Buna dünya ictimaiyyəti və BMT-nin üzv dövlətləri tərəfindən layiqli qiymət verilməlidir.
Bununla yanaşı, azərbaycanlı olub-olmamasından asılı olmayaraq, uşaqların müharibədən əziyyət çəkməsi yolverilməzdir. 1988-1994-cü illər ərzində Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanda uşaqların qətlə yetirilməsi ilə bağlı kifayət qədər faktlar vardır.1988-ci ildə azərbaycanlılar Ermənistan SSR-dəki doğma yurd yerlərindən zorla qovulan zaman 216 soydaşımız qətlə yetirilmişdir ki, onların da 57-si qadın, 23-ü uşaqdır. Ancaq şahidlər öldürülən uşaqların sayının daha böyük olduğu haqqında faktlar da vardır. Belə ki, 1988-ci il dekabrın 5-də ermənilər Hamamlı şəhərində (Spitak) 17 azyaşlı uşağı iri diametrli boruya dolduraraq hər iki tərəfini qaynaq ediblər. Borunu hündür uçurumdan dərəyə ataraq uşaqları qətlə yetirmişlər. Həmin ilin noyabrında Quqarkda (Qarakilsə-Pəmbək mahalı) 70-ə yaxın 5-12 yaşlarındakı uşağı yenə boruya dolduraraq hər iki tərəfini bağlamışlar. Qətliamın üstü yalnız 1988-ci ilin dekabrında baş verən zəlzələ zamanı köməyə gələn fransalı xilasedicilər tərəfindən açılmışdır (32).
Qeyd etmək lazımdır ki, Xocalıda öldürülən 613 nəfərdən 63-ü uşaq idi. Bu kütləvi qırgın, vandalizm aktı zamanı 56 nəfər xüsusi qəddarlıq və amansızlıqla qətlə yetirilmiş, başları kəsilmiş, yaxud başlarının dərisi soyulmuş, gözləri çıxarılmış, hamilə qadınlar süngü ilə deşik-deşik edilmişdir. Xəsarət alanlardan 487 nəfəri şikəst olmuşdur ki, onlardan 76 nəfəri azyaşlıdır (2, s.106). Günahsız mülki əhalini özünə hədəf seçən Ermənistanın insanlıq əlehinə törətdiyi bu cinayət əməli təsadüfi xarakter daşımır, belə əməllərin törədilməsi sistemli xarakter daşıyır və cinayətkar Ermənistan həm işğal zamanı, həm də işğalın davam etdiyi 25 il ərzində mütəmadi olaraq cəbhəyanı ərazilərdə Azərbaycan vətəndaşı olan mülki əhalini, əsasən də qadınları və azyaşlı uşaqları xüsusi qəddarlıqla qətlə yetirmişdir (32).
Ermənistanın mülki əhalini, xüsusi ilə qadınların və körpə uşaqların qəddarcasına qətlə yetirməsinin qısa statistikası rəsmi İrəvanın cinayətkar hakimiyyətinin və ümumi ictimai həyatın faşizm ideologiyasına büründüyünü, terrorun dövlət siyasəti səviyyəsinə yüksəldiyini bütün qabarıqlığı ilə bir daha aşkara çıxarır. Ermənilərin qətlə yetirdiyi uşaqlar haqqında onu qeyd etmək vacibdir ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində 193 Azərbaycanlı körpə erməni vandalları tərəfindən qətlə yetirilmiş, 61 uşaq itkin düşmüş, 27-si isə hələ də əsirlikdədir. 1994-cü ildə atəşkəs rejiminin elan olunmasına baxmayaraq, son dövrdə də 32 uşaq erməni terrorunun qurbanı olmuşdur ki, onlardan 13-ü həlak olmuş, 19-u isə yaralanmışdır (30).
Əlbəttə, Ermənistan işğalla bağlı beynəlxalq təşkilatların qəbul etdiyi sənədlərin icra edilməməsini və onların kağız üzərində qalmasını görərək, beynəlxalq təşkilatlarda işğalçı ilə işğala məruz qalan arasında fərq qoyulmamasından və işğalçı siyasətinə görə ona qarşı heç bir sanksiyanın tətbiq edilməməsinən ruhlanaraq qanlı cinayətlər törətməkdə davam edir. Belə ki, 2017-ci il iyulun 4-də Ermənistan silahlı qüvvələri Azərbaycanın Füzuli rayonunun Alxanlı kəndini 80 və 102 millimetrlik minaatanlardan və dəzgahlı qumbaraatanlardan atəşə tutmuş və bu təcavüz nəticəsində 2 yaşlı Quliyeva Zəhra və anası həlak olmuşlar (384). Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 24 oktyabr 2017-ci ilə olan məlumatına gorə, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi müddətində 1440 nəfər əsir və girovluqdan azad edilmişdir ki, onların 278 nəfəri qadındır. Münaqişə nəticəsində 265 qadın itkin düşmüş, 98 qadın isə hələ girov kimi qeydiyyatdadır (31).
Heç şübhəsiz ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin indiyədək davam etməsinə və onun ağır nəticələrinə görə birbaşa məsuliyyət terrorçuluğu dövlət siyasəti səviyyəsinə qaldıran Ermənistanın üzərinə düşür. Eyni zamanda bu dövləti müxtəlif yollarla himayə edən tərəflər və bir çox hallarda kənar seyrçi mövqeyində dayanan beynəlxalq ictimaiyyət də məsuliyyət yükünü paylaşmalıdırlar. Əslində, heç kəsə sirr deyildir ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin qarşısının vaxtında alınmaması və bəzi beynəlxalq, regional güclərin ondan öz geosiyasi maraqları çərçivəsində istifadə etmək cəhdləri, sonrakı illərdə ciddi faciələrə, soyqırımı və qətliamlara, bu tip onlarla yerli və regionda münaqişənin başqa ərazilərdə alovlanmasına səbəb olmuşdur (5, s.831). Eyni zamanda, dövlət terrorizmi və soyqırımı siyasəti yeridən Ermənistan və işğal olunmuş ərazilərdəki separatçı rejim tərəfindən ümumilikdə, müxtəlif səpkili (sərnişin avtobuslarında, sərnişin və yük qatarlarında, Bakı Metropolitenində, hava nəqliyyatında, sərnişin daşıyan dəniz bərəsində, yaşayış məntəqələrində, mülki və dövlət obyektlərində) 373 terror aktı törədilmişdir ki, nəticədə 1200 nəfər həlak olmuş, 1705 nəfər yaralanmışdır (4, s.147; 8, s.158-159).
Bu səbəbdən, terror siyasətinə qarşı beynəlxalq aləmdə adekvat təzyiq rıçaqları ilə üzləşməyənErmənistan məlum davranışını yeni elementlərlə zənginləşdirmişdir. Başqa sözlə, Ermənistan işğal etdiyi Azərbaycan ərazilərində ekoloji terror siyasətini həyata keçirmiş və bu gün də həmin proses davam etdirilməkdədir. Ermənistanın Azərbaycana qarşı ekoloji terror siyasəti öz mahiyyəti və reallaşdırılması mexanizmləri baxımından olduqca müxtəlifdir. Bu siyasətin əsas elementlərindən birini də işğal ərazilərində nüvə zonalarının yaradılması taktikası təşkil edir.
Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuş ərazilərdə 900-ə yaxın yaşayış məntəqəsi, 22 muzey və 4 rəsm qalereyası, tarixi əhəmiyyəti olan 9 saray, nadir tarixi əhəmiyyətli 40 min muzey sərvəti və eksponatı, 144 məbəd və 62 məscid dağıdılmış, talan edilmiş və yandırılmışdır. Bundan əlavə, 927 kitabxanada 4,6 milyon kitab və qiymətli tarixi əlyazmalar məhv edilmişdir (3, s.92; 6, s.27). İşğal nəticəsində 464 tarixi abidə və muzey, 100-dən çox arxeoloji abidə, 6 dövlət teatrı və konsert studiyası dağıdılmışdır. Nadir tarixi əhəmiyyətli 40 min muzey sərvəti – çox qiymətli əşyalar, nadir eksponatlar talan olunmuş və oğurlanmışdır.
Silahlı münaqişələr zamanı mədəni mülkiyyət və mədəni irsə qarşı qanunazidd əməllər beynəlxalq cinayət hüququ ilə hərbi cinayət hesab olunur. Ona görə də Ermənistanın bu mədəni vandalizm əməllərinə görə birbaşa beynəlxalq hüquqi məsuliyyət daşıyır. Ermənistan Azərbaycan Respublikasının qanunları ilə barəbər,beynəlxalq humanitar hüququ, YUNESKO-nun “Silahlı münaqişələr zamanı mədəni mülkiyyətin mühafizəsi” haqqında 1954-cü il Konvensiyası (Convention for the Protection of Cultural Property in the Event of Armed Conflict with Regulations for the Execution of the Convention 1954) və “Mədəni mülkiyyətin qanunsuz idxalı, ixracı və onun üzərində sahiblik hüququnun ötürülməsinin qadağan edilməsi vasitələri” haqqında1970-ci il Konvesiyanın (Convention on the Means of Prohibiting and Preventing the Illicit Import, Export and Transfer of Ownership of Cultural Property 1970) müddəalarını da kobud şəkildə pozmuşlar (33).
Ermənistanın Azərbaycanın işğal olunmuş ərazilərində Azərbaycan xalqının tarixi irsinə aid olan İslam və xristian məbədlərini, digər maddi-mədəniyyət abidələrini özününküləşdirməsi, memarlıq üslubunun və digər xüsusiyyətlərini dəyişdirməsi beynəlxalq humanitar hüquq, xüsusilə Cenevrə konvensiyalarının kobud şəkildə pozulmasıdır. Ermənistanın belə cinayətkar əməlləri beynəlxalq humanitar hüquqa zidd olsa da, təəssüf ki, beynəlxalq birlik belə çirkin “siyasət”in qarşısının alınmasında qəti mövqe göstərmir, bu vandalizmə ikili standartlarla yanaşır.
Ədəbiyyat
1. Azərbaycan Respublikasının Konstitusiyası // http://www.president.az/azerbaijan/constitution
2. Dağlıq Qarabağ: hadisələrin xronikası (1988-1994). Bakı, 2012, 108 s.
3. Əhmədov E.İ. Ermənistanın Azərbaycana təcavüzü: Etnik təmizləmə, soyqırım, terror, işğal. II kitab. Bakı, “Letterpress”nəsriyyat evi, 2013, 408 s.
4. Əhmədov E.İ. Ermənistanın Azərbaycana təcavüzü: təhlili xronika (1987-2011). Bakı, “Letterpress”nəsriyyat evi, 2012, 912 s.
5. Həsənov Ə.M. Azərbaycanın geosiyasəti. Bakı, “Zərdabi LTD”, 2015, 1048 s.
6. Həsənov Ə.M. Azərbaycanlılara qarşı etnik təmizləmə və soyqırımı siyasətinin mərhələləri. (Azərbaycan, türk, rus, ingilis, fransız, alman, ərəb və Çin dillərində). Bakı, “Zərdabi LTD”, 2017, 400 s.
7. Заключительный акт Совещания по безопасности и сотрудничеству в Европе (1975). //http://www.osce.org/ru/mc/39505?download=true
8. Преступления армянских террористических и бандитских формирований против человечества (XIX-XXI). Баку: 2002, 294 с.
9. Парижская хартия для новой Европы. Париж, 19-21 ноября 1990 года.
10. Azerbaijan: Seven years of conflict in Nagorno-Karabakh. In: Human Rights Watch /Helsinki. New York, 1994, 114 p.
11. Jelisic case (Prosecutor v. Goran Jelisic), 14 December 1999, Case No. IT-95-10, para.60.
12. Convention on the Prevention and Punishment of Crime of Genocide of 1948. - www.preventgenocide.org/law/convention/text.htm,visited 29 June 2007.
13. Akayesu case (Prosecutor v. Jean-Paul Akayesu), 2 September 1998, Case No. ICTR-96- 4-T, para. 497.
14. Kambanda case (Prosecutor v. Jean Kambanda), 4 September 1998, Case No. ICTR-97-23-S, para. 40.
15. Jelisic, supra note 71, para. 66, Oral Judgment of 19 October 1999.
16. Akayesu, supra note 73, paras. 565-568.
17. Tadic, supra note 63, para.141.
18. Akayesu, supra note 73, para.578.
19. Tadic, supra note 63, Judgement, paras. 626, 638, 656, 657.
20. Green L.C. The Contemporary Law of an Armed Conflict. Manchester University Press, 1993, chaps. 2, 18.
21. Meron T.War Crimes Law Comes of Age: Essays.Clarendon Press, 1998, chap. XIV.
22. Kayishema and Ruzindana case (Prosecutor v. Kayishema and Obed Ruzindana), 21 May 1999, Case No. ICTR-95-1-T, para. 176.
23. Rome Statute, supra note 65, article 5(1) (d).
24. Hebel H. Von and Robinson D. Crimes within the Jurisdiction of the Court”, The International Criminal Court: The Making of the Rome Statute – Issues, Negotiations, Results, Kluwer, 1999, pp. 80-85.
25. Kittichaisaree, supra note 47, pp. 220-221.
26. Gasser H.P.Internationalized Non-International Armed Conflicts: Case Studies of Afghanistan, Kampuchea, and Lebanon. American University Law Review 33.
27. Commentary on the Additional Protocols of 1977. ICRC, Geneva, 1987, p.1345.
28. Charter of the United Nations and Statute of the International Court of Justice. United Nations. New York, 1999, 87 p.
29. The Work of the International Law Commission. United Nations. New York, 1996, 38 p.
30. https://video.azertag.az/video/53529
31. http://xezerxeber.az/son_x%C9%99b%C9%99r/183819.html
32. https://apa.az/dagliq_qarabag/dovlet-komitesi-32-azerbaycanli-usaq-ermeni-terrorunun-qurbani-olub-2889.html
33. https://apa.az/xarici_siyaset/xin-susa-mescidi-etrafinda-ermenistan-terefinden-qazinti-islerinin-aparilmasi-vandalizm-siyasetinin-terkib-hissesidir.html
Açar sözlər: Ermənistanın Azərbaycana təcavüzü, beynəlxaq hüquq, ərazi iddiaları, etnik təmizləmə, terror, soyqırımı, işğal.
Key words: Aggression of Armenia against Azerbaijan, international law, territorial claims, ethnic cleansing, terror, genocide, occupation.
Ключевые слова: Агрессия Армении против Азербайджана, международное право, территориальные претензии, этнические чистки, террор, геноцид, оккупация.
SUMMARY
The aggressive policy of Armenia against Azerbaijan and
International legal aspects of the conflict
At the beginning of 1988 the Republic of Armenia laid unfounded territorial claims against Azerbaijan in order to occupy Nagorno-Karabakh (Nagorno-Karabakh - it is Russian translation of “Daghlig Garabagh” that means a mountainous part of Garabagh, that is, "Upper Garabagh"), which is an indivisible part of the Republic of Azerbaijan. The political-legal aspects of aggression policy of Armenia against Azerbaijan, ethnic cleansing and occupation at the end of the XX century are examined in the article. The article says that having managed to build a mono ethnic state under the USSR, i.e. in 1988-1991, the Republic of Armenia pursued an overt policy of aggression against Azerbaijan, which saw massacres of civilians, destruction, plunder and burning down of settlements. In addition, the occupation policy of Armenia against Azerbaijan in the context of the violation of international law is widely studied in the article.
РЕЗЮМЕ
Захватническая политика Армении против Азербайджана и международно-правовые аспекты конфликта
В начале 1988 года Армянская Республика выдвинула необоснованные претензии против Азербайджана с целью захвата Нагорного Карабаха (Нагорный Карабах в переводе с русского на азербайджанский язык подразумевает горную часть Карабаха, что означает Верхний Карабах), который является неотъемлемой частью Азербайджана. В статье исследуются политико-правовые аспекты захватнической политики, этнической чистки и агрессии Армении в отношении Азербайджана, совершенной в конце XX века. В статье указывается, что Армянская Республика, которой удалось создать моноэтническое государство, в период существования СССР в 1988-1991 гг. открыто осуществило захватническую политику против Азербайджана, в результате чего были убиты мирные жители, разрушены и сожжены населенные пункты. Наряду с этим, захватническая политика Армении в отношении Азербайджана анализируется в контексте нарушения норм международного права.
"GEOSTRATEGİYA" jurnalı №06 (42) NOYABR-DEKABR 2017
Səfiyə Mehbalıyeva
Azərbaycan Respublikasının
Prezidenti yanında Dövlət
İdarəçilik Akademiyası
Strategiya.az
Paşinyan Kremldə: iki məsələdə xəyal qırıqlığı və ziddiyyətlər
Gələcək zəfərlərdən xəbər verən sarsılmaz Azərbaycan-Türkiyə birliyi
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM