I Şah İsmayılın hakimiyyəti dövründə Azərbaycan Səfəvilər dövlətinin xarici siyasəti ingilisdilli tarixşünaslıqda

09:00 / 28.03.2018

Milli dövlətçiliyimizin təntənəsi sayılan Səfəvilər dövlətinin tarixi Vətən tarixşünaslığında geniş şəkildə tədqiq olunsa da, bu dövlətin tarixinin bir sıra məsələlərinin, o cümlədən I Şah İsmayılın hakimiyyəti dövründə Səfəvilər dövlətinin xarici siyasətinin əcnəbi, xüsusilə ingilisdilli tarixşünaslıqda öyrənilmə səviyyəsi lazımi şəkildə araşdırılmamışdır.
Ümumiyyətlə, I Şah İsmayılın hakimiyyəti dövründə Səfəvilər dövlətinin tarixinin müxtəlif məsələləri Vətən tarixşünaslığında O.Ə.Əfəndiyev[1; 2], Y.M. Mahmudov[3], Ş.F.Fərzəliyev[4], S.Aşurbəyli[5], Ş.K.Məmmədova[6], S.A.Məmmədov[7], Z.H.Bayramov[8], X.S.Qasımov[9], T.H.Nəcəfli[10] R.Ə.Ağayev[11], N.S.Musalı[12], T.R.Cəfiyev[13], D.M.Əzimli[14], M.Z.Ağalarov [15], M.A.Seyfəddini[16] və digərlərinin əsərlərində araşdırılmışdır.
Görkəmli səfəvişünas O.Ə.Əfəndiyev Azərbaycan Səfəvilər dövlətinin meydana gəlməsinə və bu dövlətin XVI əsr tarixinə həsr etdiyi iki monoqrafiyasında[1; 2] Y.M. Mahmudov Ağqoyunlu və Səfəvi dövlətlərinin Avropa ölkələri ilə əlaqələrini təqdiq edərkən XVI yüzilliyin əvvəllərində Səfəvilər dövlətinin Avropa ölkələri ilə diplomatik münasibətlərinin tədqiqinə xüsusi fəsil ayırmışdır[3].
Ş.F.Fərzəlibəyli “Azərbaycan və Osmanlı İmperiyası” (XV-XVI əsrlər) adlı əsərində I Şah İsmayılın hakimiyyəti dövründə Səfəvilər dövlətinin Osmanlı İmperiyası ilə münasibətlərini geniş şəkildə tədqiq etmişdir[4].
R.Ə.Ağayev “Azərbaycan və Mərkəzi Asiya dövlətlərinin qarşılıqlı münasibətləri(XV-XVI əsrlər) adlı monoqrafiyasında[11] I Şah İsmayılın hakimiyyəti dövründə Səfəvi-Şeybani qarşılıqlı münasibətlərinin tədqiqinə geniş yer ayırmışdır.
N.S.Musalının I Şah İsmayılın hakimiyyəti (“Tarix-i Aləmara-yi Şah İsmayıl” əsəri əsasında) adlı monoqrafiyası[12] Səfəvilər dövlərtinin yaranması və I Şah İsmayılın hakimiyyəti dövrünün araşdırılması üzrə dəyərli tədqiqat əsəridir.
I Şah İsmayılın hakimiyyəti dövründə Səfəvilər dövlətinin xarici siyasətinin tarixşünaslığı da Vətən tarixşünaslığında tədqiqat obyektinə çevrilməyə başlamışdır. T.H.Nəcəfli “Şah İsmayılın Sultan II Bəyazidlə qarşılıqlı münasibətlərinin müasir Türkiyə tarixşünaslığında əksi” adlı məqaləsində Səfəvi-Osmanlı qarşılıqlı əlaqələrinin müasir Türkiyə tarixşünaslığında tədqiqi səviyyəsini araşdırmışdır[10].
Ümumiyyətlə, ingilisdilli tarixşünaslıqda Səfəvilər dövlətinin tarixi Kanada tarixçisi Rocer Seyvori tərəfindən kompleks şəkildə araşdırılmışdır. Seyvori yazdığı “İran Səfəvilərin hakimiyyəti altında” adlı əsərində [17] və bir sıra məqalələrində [18; 19; 20] XVI əsrin I rübündə Səfəvilər dövlətinin xarici siyasət məsələlərinin də tədqiqinə yer ayırmış, bu araşdırmaların nəticəsində elmi dövriyyəyə yeni faktlar gətirmişdir.
I Şah İsmayılın hakimiyyəti dövründə Səfəvilər dövlətinin xarici siyasəti ilə bağlı V.Minorskinin də araşdırmalarını xüsusilə qeyd etmək lazımdır. Onun Mərkəzi Asiya Kral Cəmiyyətinin jurnalında dərc olunmuş “Yaxın Şərq 13, 15 və 17-ci əsrlərdə Qərb siyasətində” [21] məqaləsini buna misal göstərmək olar.
A.H.Morton “Şah İsmayılın ilk illəri Əfzəl əl-Təvarix və digər əsərlərdə” adlı məqaləsində bizi maraqlandıran mövzu ilə bağlı məsələlərə toxunmuşdur[22].
Endryü Nyumanın 2006-cı ildə nəşr olunmuş “Səfəvi İranı” adlı əsərində mövzumuzun araşdırılması baxımından maraqlı mülahizələrə rast gəlinir[23].
Ümumiləşdirilmiş əsərlər içərisində, “İranın Kembric tarixi”nin 6-cı cildində Səfəvilər dövlətinin tarixinin müxtəlif məsələlərinə dair araşdırmalar yer almışdır. Həmin cildin H.R.Röemer tərəfindən yazılmış “Səfəvi dövrü” adlı fəsli[24] və L.Lokartın müəllifi olduğu “1350-1736-cı illərdə İranın Avropa ölkələri ilə əlaqələri” [25] adlı fəsli Səfəvilər dövlətinin tarixinin müxtəlif məsələlələri ilə bərabər, xarici siyasəti də tədqiq olunmuşdur.
Səfəvilər dövlətinin yaranması ilə təxminən eyni vaxtda Orta Asiyada Şeybanilər dövlətinin yüksəlişi müşahidə olunurdu. 1500-1504-cü illərdə Orta Asiyanı ələ keçirmiş Şeybani xan Xorasan Teymurilərini təhdid etməyə başladı [12, 182]. Şeybanilərə qarşı müttəfiq axtarmaq zərurəti hiss edən Xorasanın Teymuri hökmdarı Sultan Hüseyn Bayqara Səfəvilər dövlətinə üz tutmalı oldu.
H.R.Röemer göstərir ki, Bayqaranın ölümündən sonra (911/1506) Xorasanda hərc-mərclik yarandı. Taxt-taca varislik üstündə Bayqaranın iki oğlu arasında yaranmış mübarizə nəticəsində 1507-ci ildə Herat Şeybanilər tərəfindən ələ keçirildi[24, 217]. Bu hadisədən sonra Şah İsmayıla sığınan Bayqaranın oğlu və varisi Bədiüzzamanın xahişi ilə Şah İsmayıl şərqdə əməliyyatlara başladı[24, 217]. 1510-cu ildə Şah İsmayılın Mərv yaxınlığındakı döyüşdə özbək hökmdarı Məhəmməd Şeybani xanı məğlub etməsi nəticəsində Xorasan vilayəti və Ceyhun çayına qədər uzanan torpaqlar qızılbaşların tabeçiliyi altına keçdi [2, 55].
Seyvori qeyd edir ki, 21 dekabr 1510-cu ildə Şah İsmayıl Sultan Bayqaranın keçmiş paytaxtı Herata daxil oldu və onun ruhuna hörmət əlaməti olaraq fatihə oxudu. [19, 79; 26,160].
R.Ağayev qeyd edir ki, Mərv döyüşündə Şeybaniləri məğlub edən Şah İsmayıl Teymurilərin son nümayəndələrindən olan Zahirəddin Baburun şəxsində Şeybanilərə qarşı yeni müttəfiq əldə etdi[11, 105].
H.R.Röemer qeyd edir ki, Məhəmməd Şeybani xanın məğlubiyyəti şeybanilərin səfəvilər üzərinə olan təhlükəsini aradan qaldırmadı. Mərv döyüşündən 2 il sonra çoxsaylı şeybani ordusu Xorasandakı səfəvi qoşunları üzərinə hücum etdi[24, 217].
Nəcm-i Saninin başçılığı ilə Xorasana göndərilən səfəvi qoşunu 12 noyabr 1512-ci ildə baş vermiş həlledici döyüşdə məğlubiyyətə uğradı[24, 217]. Beləliklə, 1513-cü ilin əvvəlində Xorasan yenidən özbəklərin əlinə keçdi. H.R.Röemer qeyd edir ki, 1513-cü ilin baharında Xorasana gələn Şah İsmayıl heç bir müqavimətə rast gəlmədən Xorasanı özbəklərdən geri aldı[24, 217].
Səfəvilər dövlətinin xarici siyasətinin mühüm məsələsi qərb qonşusu qüdrətli Osmanlı imperiyası ilə münasibətlərin qurulması idi. Kiçik Asiya şiələrinin Osmanlı sultanı və vilayət hakimləri tərəfindən təqib edilməsi Şah İsmayılın diqqətindən yayınmadı. O, şiəiliyin daha da genişləndirilməsi üçün hətta Kiçik Asiya şiələrinin İran və Azərbaycana köçürülməsinə cəhd etdi. Lakin bu xüsusda onun II Bayazidə yazdığı h. 908 (m. 1502/03)-ci il tarixli məktubuna sultan tərəfindən heç bir cavab verilmədi. [4, 65].
Səfəvilərlə Osmanlılar arasında münasibətlər Şah İsmayılın 913/1507-ci ildə Osmanlıların təsir dairəsində olan Zülqədəroğlu Əlaüddövləyə qarşı hərbi yürüşü səbəbilə pisləşdi[24, 220]. Səfəvi-Osmanlı münasibətlərini gərginləşdirən digər qüvvələr də mövcud idi. Sultan Bəyazidin oğlu, Trabzon valisi Səlim Səfəvilərə qarşı sərt siyasətin tərəfdarı idi[12, 233]. Anadolu şiələrinin Osmanlı hakimləri tərəfindən sıxışdırılması onların tez-tez üsyan etmələrinə səbəb olurdu. 1511-ci ildə Antalya və onun ətraflarında başlanmış böyük üsyana təkəli Qarabıyıkoğlu başçılıq edirdi. Bu üsyan mənbələrdə Şahqulu Baba Təkəli üsyanı kimi məşhurdur[3, 147].
C.Valş göstərir ki, Anadolu şiələrinin üsyanları onların Osmanlı imperiyası hərbi aristokratiyası şəraitində tuta bilmələri qeyri-mümkün olan mənsəblərə sahib olduqları və qızılbaş ordusunda fəal rol oynadıqları Səfəvi ərazilərinə olan köçləri xarakterində idi [27, 207].
M.Kunt göstərir ki, “1510-cu ilin sonuna doğru Osmanlı hökuməti Anadolunu itirmək təhlükəsi içərisində idi”[28, 195]. Belə bir vəziyyətdə sərkərdələrinin təzyiqi ilə Sultan Bəyazid oğlu Səlimin xeyrinə taxt-tacdan əl çəkdi və 7 Səfər 918/24 aprel 1512-ci ildə Səlim hakimiyyətə gəldi[24, 222].
H.R.Röemer qeyd edir ki, qardaşları üzərində hakimiyyət uğrunda mübarizədən qalib çıxan Səlim Anadolu qızılbaşlarına divan tutulması haqqında göstəriş verdi[24, 222]. Anadolu qızılbaşları ilə Səfəvilər arasında əlaqələri kəsmək və imperiyasının şərqində öz hakimiyyətini möhkəmlətmək məqsədilə, 1514-cü il martın 20-də Sultan Səlim Səfəvi dövlətinə qarşı səfərə çıxdı. 23 avqust 1514-cü ildə Çaldıran düzündə baş vermiş döyüş nəticəsində səfəvilər məğlubiyyətə uğradıldı[23, 21; 24, 224]
Maykl C. MakKaffri qeyd edir ki, “osmanlılar üçün bu yürüşün mühüm nəticələri müəyyən müddətə səfəvilərin Anadoludakı rolunun zəiflədilməsi, Diyarbəkrin ələ keçirilməsi və Zülqədəroğulları hakimliyinin Osmanlı imperiyasının ərazisinə qatılması idi”[ 29, 658].
Səfəvilər dövlətinin meydana gəlməsi və güclənməsi digər qonşuları olan Misir Məmlüklərini də narahat edirdi. İslam dünyasında birinciliyi saxlamaq üçün Misir sultanları eyni dərəcədə həm Osmanlı İmperiyasının, həm də Səfəvilər dövlətinin qüvvətlənməsini istəmirdilər. Buna görə də, Məmlük sultanı Əşrəf Qansu Quri Səfəvi – Osmanlı münasibətlərində müşahidəçi mövqe tutdu[3,154]. Venesiya səyyahı C.Anciolellonun verdiyi məlumatlara görə, Çaldıran vuruşmasından sonra, 1514-cü ilin dekabrında Səfəvilərlə Məmlüklər arasında Osmanlılara qarşı hərbi ittifaq yaradılsa da, tezliklə Qansu Qurinin müttəfiqlik şərtərinə etinasızlığı ucbatından bu koalisiya pozuldu[30, 121-122].
V.V.Klifford isə qeyd edir ki, ilkin strateji danışıqlara baxmayaraq, Məmlük-Səfəvi diplomatiyası son nəticədə hər iki dövlətin üstünlük əldə etmək uğrunda cəhdləri səbəbindən uğursuzluğa uğradı[31, 274]. 1516-cı ilin avqustun 24-də - Çaldıran vuruşmasından düz iki il sonra Hələbin şimalında baş vermiş Mərcdabik (“Dabik düzü”) vuruşmasında Misir sultanı Əşrəf Qansu Qurinin ordusu darmadağın edildi [32, 308; 3, 156]. 1517-ci ilin aprelində Qahirənin alınması ilə Məmlük sultanlığının ərazisi Osmanlı imperiyasına qatıldı.
I Şah İsmayıl Cənubi Qafqaz ölkələrində, xüsusilə də Gürcüstanda öz mövqelərini möhkəmləndirmək üçün ciddi tədbirlər gördü. Gürcüstan XVI əsrin əvvəlində bir-birilə düşmənçilik edən bir sıra müstəqil çarlıqlara parçalanmışdı. [2, 64]. Gürcülər Səfəvilərə bac-xərac ödəsələr də, imkan yarandıqda tabesizlik nümayiş etdirirdilər. 1516-21 – ci llərdə Div Sultan Rumlunun başçılıq etdiyi qızılbaşların yürüşləri nəticəsində Gürcüstanın ərazisinin əksəriyyəti Səfəvilər dövlətinə tabe edildi.
Səfəvi dövlətinin meydana gəlməsi Qərbi Avropa dövlətləri içərisində daha tez Papalıq və Venetsiyanın diqqətini cəlb edirdi. 1502-1503-cü illərdə Venetsiya senatında Kipli Nikolo Priulinin, Konstantino Laskarinin və Moriati di Erzerum adlı elçilərin səfəvilər barədə hesabatları dinlənildi [3, 142]. Əvvəlki dövlərdə olduğu kimi, Şah İsmayılın Çaldıran döyüşü ərəfəsində də Venesiya Respublikasını Osmanlı imperiyasına qarşı qaldırmaq planı baş tutmadı. Şərq siyasətinə gəldikdə isə, Venesiya Respublikası bu zaman Səfəvi dövlətinin əli ilə Osmanlı imperiyasının zəiflədilməsinə çalışırdı[3, 148].
Şah İsmayıl Çaldıran döyüşü ərəfəsində Osmanlı imperiyasına qarşı Portuqaliya ilə də hərbi ittifaq bağlamağa və İran körfəzi vasitəsilə bu dövlətdən odlu silahlar, artilleriya mütəxəssisləri almağa cəhd göstərdi. 1507-ci ilin oktyabrında Alfonsu d’ Albukerkenin başçılıq etdiyi Portuqaliya donanması Hörmüzə hücum etdi.
A.T.Vilson qeyd edir ki, H.913 (1507)-cü ildə, Hörmüzün Portuqaliya tərəfindən işğal olunmasından sonra bağlanılan sülh müqaviləsinə görə, Hörmüz padşahı Portuqaliya kralına 5 min sekvin məbləğində təzminat və həmçinin hər il 15 min sekvin məbləğində xərac ödəməli idi [33, 116]. Bu zaman illik xəracı almaq üçün I Şah İsmayıl tərəfindən göndərilmiş elçi gəlmişdi. L.Lokart qeyd edir ki, Portuqaliya kontr-admiralı Albukerke Şah İsmayıla cavab olaraq onun elçisinin yanına bir qədər top mərmisi, tüfəng və barıt göndərdi [25, 380].
Portuqaliyalılar Hörmüzdə 1508-ci ilədək qala bildilər. Hörmüzlülərin üsyanı təhlükəsi ilə üzləşən Albukerke oranı tərk etdi. Lakin Portuqaliya admiralı Səfəvi dövlətinin çətin vəziyyətindən İran körfəzində möhkəmlənmək üçün istifadə etdi. Şah İsmayılla danışıqlar aparmaq üçün göndərilmiş Portuqaliya səfirləri Rui Qomez (1509) və Miquel Ferreyranın (1513) səfərləri heç bir real nəticə vermədi.
Portuqaliya admiralı Səfəvilərin Çaldırandakı məğlubiyyətindən istifadə edərək, 1515-ci ilin fevralında qüvvətli hərbi-dəniz qüvvələrinin başında yenidən Hörmüzə hücum etdi. Bu dəfə Hörmüz qəti olaraq Portuqaliya müstəmləkə imperiyasının tərkibinə qatıldı [23, 21]. Hörmüzün alınmasından sonra orada Sah İsmayılın elçisi ilə aparılan danışıqlar nəticəsində hər iki dövlət arasında müqavilə imzalandı.
A.T.Vilson qeyd edir ki, həmin müqaviləyə görə, Səfəvilər Hörmüzün əmirini Portuqaliya taxt-tacının vassalı kimi tanıdılar, bunun əvəzində portuqaliyalılar səfəvilərə Bəhreyn adalarını Ərəb sülaləsi olan Cəbridlərdən almağa kömək etnəli, Osmanlılara qarşı ittifaqa girməli və Səfəvi hökumətinə Məkrandakı Bəluçi tayfasının üsyanını yatırmağa yardım etməli idilər[33, 121; 25, 381].
Y.M.Mahmudov qeyd edir ki, Çaldıran döyüşündən sonra Səfəvi dövlətinin Portuqaliya ilə yaxınlaşması, müvafiq olaraq, Səfəvi-Venesiya münasibətlərinin zəifləməsinə səbə oldu. Venesiya Respublikası XVI əsrin əvvəllərindən başlayaraq həmin əsrin 30-cu illərinin sonuna qədər Osmanlı imperiyasına qarşı hər hansı hərbi-siyasi qruplaşmada iştirak etmədi[3, 163].
Seyvori qeyd edir ki, Çaldıran döyüşündən sonra Şah İsmayıl iki cəbhədə Osmanlı İmperiyasına qarşı müharibəyə başlamaq üçün Qərbi Avropa dövlətləri ilə müttəfiqlik qurmaqda daha maraqlı idi[20, 186]. O, bu dövrdə Rodos səlibçi dövləti ilə də əlaqələri genişləndirdi. O, 1515-ci il, oktyabrın 1-i tarixli məktubunda Rodos İoannçılar ordeninin başçısını onu qərbdən Osmanlı İmperiyasına qarşı müharibəyə başlamağa çağırdı[3, 163].
H.921-22/M.1516-cı ildə Şah İsmayıl Macarıstanın kralı II Luisin elçisi, maroni keşişi olan Frater Peteri qəbul etdi[20, 187]. Bu zaman Almaniya kralı V Karlın elçisi də Səfəvi sarayına gəlmişdi. 1523-cü ilin avqustunda Şah İsmayıl Almaniya kralı V Karla məktub göndərdi[3, 165]. L.Lokart qeyd edir ki, latın dilində yazlımış bu məktubda Şah İsmayıl Avropa dövlətlərinin öz güclərini osmanlılara qarşı mübarizə məqsədilə birləşdirmək əvəzinə öz aralarında münaqişə etmələrindən təəccübləndiyini bildirmişdi[25, 382; 1, 140-142].
Lakin Şah İsmayılın gözlədiyinin əksinə olaraq, Almaniya imperatoru ona tezliklə, həm də konkret cavab vermədi. Çünki bu zaman Almaniya imperiyası ilə Fransa arasında İtaliyanı ələ keçirmək uğrunda uzun sürən müharibələr (1494-1559) davam etməkdə idi. L.Lokart qeyd edir ki, V Karl yalnız 1525-ci ilin avqustun 25-də Şah İsmayılın məktubuna cavab yazdı. Məktubda Almaniya imperiyasının da Osmanlı İmperiyasına qarşı birgə mübarizəyə qoşulacağı qeyd olunurdu[1, 142].
Beləliklə, öz sələfi Ağaqoyunlular kimi, I Şah İsmayılın hakimiyyəti dövründə Səfəvilər dövlətinin xarici siyasətinin əsas məsələsi Osmanlı İmperiyasının qüdrətinin zəiflədilməsi təşkil edirdi. Bu məqsədlə, səfəvilərin Qərbi Avropa dövlətləri ilə Osmanlı İmperiyasına qarşı vahid cəbhədə birləşmək cəhdləri baş tutmadı.

 

Ədəbiyyat
1. Эфендиев О.А. Образование Азербайджанского государства Сефевидов в начале XVI века. Баку: Изд-во АН Азерб. ССР, 1961.
2. Əfəndiyev O.Ə. Azərbaycan Səfəvilər dövləti. Bakı,”Şərq-Qərb”,2007.
3. Mahmudov Y.M. Azərbaycan diplomatiyası: Ağqoyunlu və Səfəvi dövlətlərinin Avropa ölkələri ilə əlaqələri (XV – XVII yüzilliklər). Bakı: Azərbaycan diplomatiyası, 1996.
4. Fərzəlibəyli Ş.F. Azərbaycan və Osmanlı imperiyası (XV-XVI əsrlər). Bakı, 1995.
5. Aşurbəyli S.B. Şirvanşahlar dövləti. Bakı: Azərnəşr, 1997..
6. Məmmədova Ş.K. «Xülasət ət-təvarix» Azərbaycan tarixinin mənbəyi kimi. Bakı: Elm, 1991.
7. Məmmədov S.A. Azərbaycan XV – XVIII əsrin birinci yarısında. Bakı, 1981.
8. Bayramlı Z.H. Azərbaycan Səfəvilər dövlətinin quruluşu və idarə sistemi. Bakı: ADPU nəşriyyatı, 2006.
9. Qasımov X.S. Orta əsrlərdə Azərbaycan mədəniyyəti. Bakı, Aspoliqraf, 2008.
10. Nəcəfli T.H. “Şah İsmayılın Sultan II Bəyazidlə qarşılıqlı münasibətlərinin müasir Türkiyə tarixşünaslığında əksi” //AMEA-nın Xəbərləri (tarix, fəlsəfə və hüquq seriyası) Bakı, 2007, № 8, s. 33-53.
11. Ağayev R.Ə. Azərbaycan və Mərkəzi Asiya dövlətlərinin qarşılıqlı münasibətləri (XV-XVI əsrlər). Bakı, Kür, 2004.
12. Musalı N.S. I Şah İsmayılın hakimiyyəti (“Tarix-i Aləmara-yi Şah İsmayıl” əsəri əsasında). Bakı: “Elm və təhsil”, 2011.
13. Cəfiyev T.R. Azərbaycan feodal dövlətləri XV-XVI əsrin I rübündə (Xoca Sədəddin Əfəndinin “Tacüt-təvarix” əsəri əsasında). Tarix elmləri namizədi alimlik dərəcəsi almaq üçün təqdim edilmiş dissertasiyanın avtoreferatı. Bakı: Mars-print, 2007.
14. Əzimli D.M. Azərbaycanın Qərbi Avropa ölkələri ilə ticarət əlaqələri və Türkiyə (XV əsrin II yarısı – XVII əsrin I yarısı). Tarix üzrə fəlsəfə doktoru almaq üçün təqdim edilmiş dissertasiyanın avtoreferatı. Bakı: AMEA TİKM, 2010
15. Ağalarov M.Z. XVI əsrdə Azərbaycan Səfəvilər dövlətinin beynəlxalq münasibətlər sistemində yeri və rolu // “Renessans” (rüblük elmi-kütləvi jurnal), № 3-4, Bakı, 2008, s.115-118.
16. Сейфеддини М.А., Байрамов Р.Ф. Денежное обращение и монетное дело в Азербайджане XVI-XIX век / Нумизматика Азербайджана в 5 т. т.V. Баку: Элм, 2000,
17. Savory R.M. Iran under the Safavids. Cambridge: Cambridge University Press, 1980.
18. Savory R.M. The principal offices of the Safawid State during the reign of Ismail I (907-30/1501-24) // BSOAS, 1960, vol. XXIII, p.91-105
19. Savory R.M. The consolidation of Safawid power in Persia // Der Islam, 1965, band 41, p.71-94
20. Savory R.M. “İsmail I ”. Encylopaedia of Islam.Vol.10, ed. by E. Van Donzel, B. Lewis, and Ch. Pellat. Leiden, Brill, 1997. pp. 186-187.
21. V. Minorsky. "The Middle East in Western politics in the 13th, 15 th and 17th centuries",JRCAS XXVII (1940), 427-61.
22. Morton, A., ‘The Early Years of Shah Ismail in the Afzal al-Tavarikh and Elsewhere’, in Melville, ed., Safavid Persia, 27–51. Melville, C., ed., Safavid Persia, The History and Politics of an Islamic Society, London/New York, 1996.
23. A.J.Newman. Safavid Iran. Rebirth of a Persian Empire.London-New York 2006.
24. Roemer, Hans R.”The Safavid Period”, The Cambridge History of Iran, Vol.6, ed. Peter Jackson and Laurence Lockhart, 2006.
25. Laurence Lockhart. “European contacts with Persia, 1350-1736” The Cambridge History of Iran, Vol.6, ed. Peter Jackson and Laurence Lockhart, 2006.
26. Percy Sykes, A History of Persia, Vol-II, London: Routledge & Kegan Paul, 1969.
27. Walsh J.R. The historiography of Ottoman-Safavid relations in the sixteenth and seventeenth centuries / Historians of the Middle East. Edit. by Bernard Lewis and P.M. Holt. London, Oxford University Press, 1962, p.197-211
28. Kunt Metin. Ottomans and Safavids. Chapter Ten. States, Statescraft, and Societies, 1500-1800. pp. 191-206. A Companion to the History of the Middle East. Edited by Youssef M. Choueiri Blackwell Publishing Ltd , Oxford, 2005.
29. Michael J. McCaffrey, “Čālderān”, Encyclopaedia Iranica (EIr), V, p. 656-658.
30. Discourse of Messer Giovan Battista Ramusio on the writings of Giovan Mario Angiolello, etc. / A narrative of Italian travels in Persia, in the fifteenth and sixteenth centuries. vol.49. Translated and edited by Charles Grey. Hakluyt Society, London: 1873, p. 67-138.
31. W.W.Clifford. “Some Observations on the Course of Mamluk-Safavi Relations (1502-1516/908-922)”: I&II, Der Islam 70 no.2 (1994):272-74.
32. Wan Kamal Mujani. The Expenses of Mamluk Army during the Burji Period Advances in Natural and Applied Sciences, 6(3): 303-309, 2012.
33. Wilson A. The Persian Gulf. An historical sketch from the earliest times to the beginning of the 20th century. Oxford: Clarendon, 1928.

Açar sözlər: Səfəvilər, Osmanlı imperiyası, tarixşünaslıq, I Şah İsmayıl, I Sultan Səlim.
Ключевые слова:Сефевиды, Османская империя, историография, Шах Исмаил I, Султан Селим I.
Key Words: Safavids, Ottoman Empire, historiography, Shah Ismail I, Sultan Selim I.

Ahmad Guliyev
The foreign relations of Azerbaijani Safavid state during the reign of Shah Ismail I in English-speaking historiography
Summary
There are still remain interesting and important problems connected with the history of Safavid state. This article aims to evaluate the level of study of the foreign relations of Azerbaijani Safavid state during the reign of Shah Ismail in English-speaking historiagraphy.
Still there appeared valuable contribution by English speaking historians to the Safavid history. Before all, V.Minorsky’s groundbreaking works must be mentioned. Among his many other works on Safavid history, his translation of Tadhkirat al - muluk, as well as several articles on Safavid history should be emphasized. R Savory’s monograph on the history of Safavid state deservs special attention. In his study, Savory studied the Safavid history based on primary sources of that period and he was able to shed light on some obscure parts of Safavid period.

Ахмед Кулиев
Внешняя политика государства Сефевидов в периоде правления Шаха Исмаила I в англоязычной историографии
РЕЗЮМЕ
В данной статье анализируются степень исследований внешнего политики государства Сефевидов в периоде правления Шаха Исмаила I в англоязычной историографии. Прежде всего, следует назвать исследовательские работы Владимира Минорского, автора перевода «Тазкират ал мулук» и и ряд статей об истории Сефевидов. Большой интерес для нас представляет фундаментальная монография Р. Сейвори, в которой автор на основе первоисточников исследуется история государства Сефевидов.

 

 

Əhməd Qulİyev
Tarix üzrə fəlsəfə doktoru


"GEOSTRATEGİYA" jurnalı №01 (43) YANVAR-FEVRAL 2018


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM