NAXÇIVANIN VƏ DAĞLIQ QARABAĞIN STATUS MƏSƏLƏSİNİN GEOSİYASİ DƏYƏRLƏNDİRİLMƏSİNİN ELMİ ZƏRURİLİYİ
- Naxçıvan Muxtar Respublikası, Azərbaycanın ayrılmaz hissəsi olmaqla, XX əsrdə inkişaf yolu keçərək Azərbaycan xalqının milli azadlıq və dövlət müstəqilliyi uğrunda mübarizəsində fəal və mühüm rol oynamışdır. Naxçıvan, böyük geosiyasi və strateji əhəmiyyətə malik bir bölgə kimi, tarixi inkişafın bütün mərhələlərdə qonşu və böyük dövlətlərin maraq dairəsində idi. XX əsrin əvvəllərində baş verən ictimai-siyasi proseslər, xüsusilə də Rusiya imperiyasının dağılması, Cənubi Qafqazda müstəqil dövlətlərin formalaşması, Birinci Dünya müharibəsinin nəticələri Azərbaycanın taleyində dərin iz qoymuş və onun tərkib hissəsi olan Naxçıvan ərazisi də bütün bu deyilənlərən təsirlənmişdir. Bir sıra xüsusiyyətlərə görə, Naxçıvan Cənubi Qafqazdakı ictimai-siyasi dəyişikliklərin əsas mərkəzlərindən birinə çevrildi. Naxçıvanda Sovet hakimiyyəti qurulduqdan sonra Ermənistan Naxçıvanın Azərbaycanın tərkib hissəsi olmasına qarşı çıxdı. Ancaq 28 dekabr 1920-ci ildə Ermənistanın İnqilab Komitəsi Naxçıvanı müstəqil Sovet respublikası kimi tanımağa məcbur oldu. Əslində, regionun Azərbaycanın bir hissəsi deyil, müstəqil respublika kimi tanınması Ermənistanın gələcək planlarına xidmət edən bir addım idi. Naxçıvan əhalisinin inadkar mübarizəsi və Türkiyənin hərbi-siyasi, diplomatik səyləri, milli mövqeyimizə dəstək, bu ərazinin Azərbaycandan çıxarılması ilə bağlı ermənilərin bütün planlarını məhv etdi. Naxçıvanı ələ keçirməyə müvəffəq olmayan Ermənistan təəssüf ki, Sovet hakimiyyətinin köməyi ilə digər Azərbaycan torpaqlarını - Zəngəzuru özünə birləşdirdi. Nəticədə, Naxçıvan Respublikası ərazisi Azərbaycan ərazisindən birbaşa quru əlaqədən məhrum olaraq anklav vəziyyətinə düşdü. Ümumiyyətlə, Naxçıvanın muxtariyyəti tarixdə unikal bir hadisədir. Digər muxtar qurumlardan fərqli olaraq, Naxçıvanın muxtariyyəti milli deyil, ərazi müxtariyyətidir. Naxçıvan muxtariyyəti yalnız Azərbaycan və Naxçıvanın milli qanunvericiliyində müəyyənləşdirilməmişdir. Naxçıvanın muxtar statusu həmçinin beynəlxalq müqavilələrlə təsdiqlənir (Moskva müqaviləsi, Qars müqaviləsi). Bu müqavilələrə əsasən, Naxçıvan Azərbaycanın ayrılmaz hissəsi kimi tanınıb. Naxçıvan bu statusu ilə beynəlxalq hüquqi zəmanət aldı. Naxçıvanın muxtar statusu alması bir neçə mərhələdən keçib: 16 mart 1921-dən 16 iyun 1923-cü ilə qədər bölgə Naxçıvan Sovet Sosialist Respublikası adlanırdı, sonra isə bir müddət Naxçıvan diyarı, 9 fevral 1924-cü ildən Naxçıvan Muxtar Sovet Sosialist Respublikası (Naxçıvan MSSR) adlandırıldı. 1990-cı il noyabrın 17-də Ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin iclasında respublikanın adından “Sovet Sosialisti” sözləri silinib, Naxçıvan Muxtar Respublikası kimi rəsmiləşdi. 1991-1993-cü illərdə Azərbaycanda baş verən anarxiya, xaos və qanunsuzluq dövründə yalnız Ümummilli lider Heydər Əliyevin titanik səyləri sayəsində Naxçıvanın hüquqi statusunu qorumaq, həm də beynəlxalq səviyyədə möhkəmləndirmək mümkün oldu. 1995-1999-cu illər Naxçıvan muxtariyyətinin hüquqi gücləndirilməsi baxımından əhəmiyyət kəsb etmişdir. 1995-ci il noyabrın 12-də Ümummilli lider Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi altında müstəqil Azərbaycan Respublikasının Konstitusiyası (Azərbaycan Respublikası) Naxçıvan Muxtar Respublikasının statusunu müəyyən etmişdir. Konstitusiyanın XVIII bölməsi tamamilə Naxçıvan Muxtar Respublikasına həsr olunub. Konstitusiyanın 134-cü maddəsinə əsasən, Naxçıvan Muxtar Respublikası Azərbaycan Respublikasının tərkibində muxtar dövlətdir. Naxçıvan Muxtar Respublikası Azərbaycan Respublikasının tərkib hissəsidir. Naxçıvan Muxtar Respublikasının ərazisində Konstitusiya, Azərbaycan Respublikasının qanunları, Azərbaycan Respublikası Prezidentinin fərmanları, Nazirlər Kabinetinin qərarları məcburidir. Naxçıvan Muxtar Respublikasının Məclisi tərəfindən qəbul edilən Naxçıvan Muxtar Respublikasının Konstitusiyası və qanunları Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına zidd olmamalıdır. Qeyd etmək lazımdır ki, öz muxtariyyət tarixində heç vaxt Naxçıvan bu qədər yüksək statusa malik deyildi. Azərbaycan Respublikası Konstitusiyasına əsasən, Naxçıvan muxtar dövlətin bütün hüquqlarına malikdir. Proseslərin belə cərəyan etməsi yenə Ermənistanı qane etmir. Ermənistan zaman-zaman Naxçıvan torpaqlarına əsassız ərazi iddialarını dilə gətirir. Bu baxımdan Naxçıvanın statusunun geosiyasi əhəmiyyəti daim elmi araşdırmalarda əks edilməlidir. Dövlətimizin xarici siyasətini elmi olaraq dəstəkləmək milli elmimiz qarşısında dayanan əsas vəzifələrdən biridir.
- 1980-ci illərin sonlarında kommunist düşərgəsi dağıldı və “soyuq müharibə” dövrünün beynəlxalq sistemi tarixə çevrildi. Cənubi Qafqazda Sosialist Respublikalar İttifaqının dağılması ilə yeni bir geosiyasi reallıq formalaşmağa başlayır. Geosiyasi münasibətlərdə bir çox xarici aktorların aləti olan, SSRİ-nin mirası kimi təcavüzkar erməni separatizmi soyqırım, terror, deportasiya yolu ilə həyata keçirilən ərazi iddiaları, torpaqların ələ keçirilməsi ilə özünü ifadə etdi. Erməni separatizmi, anti-türk, anti-azərbaycanlı yönümlü insanlığa qarşı nifrət ifadə edən bir reallıqdır. Təcavüzkar erməni separatizm ideologiyası “Böyük Ermənistan” ideyasına əsaslanır. Ermənilər, dənizdən dənizə uzanan böyük bir dövlət əfsanəsi uyduraraq, dünyanın ən qədim xalqlarından biri olduğunu sübut etməyə çalışırlar və buna görə də ermənilər qonşu torpaqlarına iddia etmək üçün “qanuni” hüquqa malik olduqlarını ifadə edirlər. Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi zonasında genişmiqyaslı hərbi əməliyyatlar 1991-ci ilin sonundan başlayaraq, bir sıra Azərbaycan ərazilərinin müvəqqəti işğalı ilə nəticələnmişdir. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ müharibəsi tarixində baş verən dəhşətli hadisələrdən biri Xocalı faciəsidir. Bütün bu vasitələrlə ermənilər Dağlıq Qarabağı faktiki olaraq ilhaq etmək istəyirlər. Ancaq bunu hüquqi cəhətdən etməyə müvəffəq olmurlar. Bunun səbəblərindən biri də Dağlıq Qarabağın Azərbaycanın tərkib hissəsi olaraq qəbul edilməsini şərtləndirən hüquqi sənədlərdir. Bunların arasında DQMV-nin yaranması məsələsi də vardır. Doğrudur, DQMV-nin yaranması heç də azərbaycanlıların haqqlarına tam riayət edilməsi deyildi, amma bununla belə bölgə üzərində Azərbaycanın suverenliyinin təsdiqi idi. Bütün bunlar məsələnin elmi gündəmdə saxlanılmasını zəruri edir. 2016-cı ilin Apel döyüşləri ilə Azərbaycan bir daha sübut etdi ki, hər zaman bu tarixi-hüquqi reallığı bərpa etmək iqtidarındadır.
NAXÇIVANIN VƏ DAĞLIQ QARABAĞIN STATUS MƏSƏLƏSİNƏ TARİXİ XRONİKAL BAXIŞ
Naxçıvan ermənilərin iddia etdikləri və eləcə də olduqca dəhşətli qətliamlar törətdiyi Azərbaycan bölgələri sırasındadır. Azərbaycan Demokratik Respublikasının parlamentinə, hökumətinə Zəngəzur, Naxçıvan, Ordubad və digər yerlərdən daxil olan yüzlərlə məktub, şikayət, teleqramlar ermənilərin türk-müsəlman əhalisinə qarşı zorakılıqlarından xəbər verirdi. 4 yanvar 1919-cu ildə T.Makinsky İrəvan əyalətinin müsəlman əhalisi adından bir məktub yazmışdı ki,1917-ci ilin dekabrından 1918-ci ilin iyununa qədər İrəvan əyalətində erməni hərbi birləşmələri 200-dən çox müsəlman kəndini dağıtmış və yandırmışdır. Əhali dağılmış, bəziləri dağlara qaçmış, aclıq və soyuqdan ölmüşdür. Sürməli və qismən İrəvan, Eçmiədzin və Şərur rayonlarının bir hissəsini ələ keçirmiş erməni hərbi birləşmələri Naxçıvana doğru üz tutmuşlar.Bu ərazilərə isə Türkiyədən qaçan erməniləri köçürmüşlər.
20 iyun 1918-ci ildə Andranik Ozanyan Naxçıvan sərhədlərinə gələrək Culfa istiqamətində 8 min əsgər, 4 ədəd top, 6 ədəd pulemyotla İranla əlaqələnən körpünü tutur. Culfa şəhərindəki körpünü yandıraraq, 20-25 iyun 1918-ci ildə onun dəstəsi Culfanın Yaycı kəndini darmadağın edir. Ordubadda iki min türk (azərbaycanlı) öldürür. Andranik 14 iyul 1918-ci il tarixində Bakı Xalq Komissarları Sovetinin sədri S.Şaumyana teleqramında Naxçıvan Uyezdini Sovet Rusiyasının tərkibi elan edir və ondan kömək istəyir. (16). 1918-ci ilin yayında Naxçıvanın azərbaycanlı əhalisini ermənilərdən qorumaq və ermənilərin Naxçıvanı ələ keçirməsinə imkan verməmək üçün Kazım Qarabəkir Paşa rəhbərliyi altında Türk qoşunları bölgəyə daxil olur. İyulun sonu və avqustun əvvəlində, Abrağanus yaxınlığında və Naxçıvan stansiyasının yaxınlığında döyüşlərdə Türk qüvvələrinin məğlub etdiyi Andranikin quldur dəstələri qaçaraq Ordubad rayonunun Bist və Nəsirvaz kəndlərindən, Zəngəzur istiqamətinə keçirlər. İngilislər Naxçıvan və Şərur bölgələrində suveren hüquqlarının bərpası üçün Azərbaycan Respublikasının hökumətinin fəaliyyətini həyata keçirmək cəhdlərini dəstəkləmirdilər və müxtəlif bəhanələrlə maneələr törədirdilər. 12 aprel 1919-cu ildə F. Xoyskinin məktubuna cavabında Britaniya Komandanlığının Baş Qərargahı bu ərazilərin Britaniya Qubernatorunun nəzarəti altında olduğunu bildirir. Qaçqınların öz yerlərinə qaytarılması işinin Britaniya Komandanlığının rəhbərliyi altında aparılacağı bildirilirdi. Qaçqınların tam şəkildə yerləşməsindən sonra Naxçıvan və digər bölgələrə rəhbərlik Ermənistan hökumətinə təhvil veriləcəkdir.
15 aprel 1919-cu ildən Naxçıvan vilayətinin müsəlman əhalisi arasında bölgənin Ermənistana müvəqqəti verilməsi barədə məlumat yayılmağa başlayır. Azərbaycan Respublikasının 1918-ci il aprelin 20-də İrəvanda Azərbaycan dövlətinin nümayəndəsi M.Tekinski yazırdı ki, bütün İslam dünyası, bir milyonluq müsəlmanın yarım milyonluq ermənilərə tabe edilməsinə qarşı Sülh Konfransı qarşısında etiraz etməlidir (18, s.56). Yaz aylarında ingilislərin bölgədən çıxarılması barədə məlumatlar gerçəkləşdi. “Azərbaycan” qəzeti bildirirdi ki, ingilislər Qafqazda avqustun 15-dək qalacaqlar. Onların Azərbaycanı, o cümlədən Naxçıvanı tərk edəcəkləri bildirilirdi. Ermənilər mümkün qədər zamandan istifadə etməyə çalışdılar. Ancaq yerli əhali bir zamanlar bir sıra əhəmiyyətli hazırlıq tədbirləri görərək, bölgədəki daşnakların rəhbərliyinə son qoydu. Bütün bu işlər 19-25 iyul tarixlərində regiondakı erməni hakimiyyət orqanlarının son günlərində ciddi qarşıdurmalara səbəb olur və erməni hərbi birləşmələrinin çıxarılması ilə başa çatır. İrəvan-Culfa dəmir yolunun bütün istiqamətində döyüşlər davam edir. Şahtaxtı stansiyasında erməni qarnizonu məhv edilir. Naxçıvan və Şərur tərəfindən qaçan ermənilər, Qəmərlidə qüvvələrini birləşdirərək Vediyə hücum edirlər. Lakin hətta burada, 4 min nəfərdən çox adam, çoxlu silah və döyüş sursatı itirildikdən sonra qaçırlar. Naxçıvan və qonşu bölgələrin əhalisi bu ərazidə Ermənistan rəhbərliyinə qarşı mübarizəyə qalxdı, bölgələnin əhalisi arzularını bəyan etdi və Azərbaycana qoşulmaq üçün əlindən gələni etdi (5).
Sovet hakimiyyətinin ilk günlərindən Naxçıvan məsələsi yenidən gündəmə gəldi. 1920-ci il noyabrın 29-da Ermənistanda bolşevik hakimiyyəti yaradıldı. Bu münasibətlə Azərbaycan Hərbi İnqilab Komitəsi 1 dekabr 1920-ci ildə bəyanatla çıxış etdi. Bəyanat Rusiyanın diktəsi ilə yazılmışdı və “iki sovet respublikası arasında ərazi mübahisələrinin” Azərbaycanın milli mənafeyinə zidd şəkildə həll edilməsinə yönəlmişdi. Azərbaycan Hərbi İnqilab Komitəsinin bəyanatı Naxçıvan və Zəngəzur müsəlman əhalisinin güclü narazılığına səbəb oldu. Ermənilərin alçaq niyyətlərinə təcrübədə bələd olan Naxçıvan əhalisi bu diyarın Azərbaycandan qoparılmasına qarşı etiraza qalxdı. Bu bəyanat Türkiyə nümayəndələrinin də etirazı ilə qarşılandı. Ermənistan Respublikası Naxçıvan əhalisinin iradəsi qarşısında dura bilməyib diplomatik fənd işlətdi və Naxçıvanı 1920-ci il 28 dekabr bəyanatı ilə müstəqil Sovet respublikası kimi tanıdığını bildirdi. Rusiya tərəfi də müəyyən siyasi səbəblərdən, Naxçıvanın müsəlman əhalisinin iradəsi ilə hesablaşaraq Türkiyə tərəfinin təkliflərini, Azərbaycan bolşevik rəhbərlərinin bir sıra üzvlərinin mövqeyini nəzərə alaraq Naxçıvanın öz müqəddəratını həll etmək hüququnu tanımaq məcburiyyətində qaldı. Naxçıvanla bağlı məsələləri də əhatə edən Moskva müqaviləsi 16 maddə və 2 əlavədən ibarət idi. Moskva müqaviləsinin üçüncü maddəsinə əsasən, Naxçıvana Azərbaycanın tərkibində muxtariyyət statusu verildi. Moskva danışıqlarında Azərbaycanın RSFSR-dəki səlahiyyətli nümayəndəsi B.Şahtaxtinskinin də əməyi və xidməti olub.
Qars konfransı isə 1921-ci il sentyabrın 26-dan oktyabrın 13-dək keçirildi. Sovet Rusiyası nümayəndəsinin iştirakı ilə Türkiyə üç Cənubi Qafqaz respublikası arasında 13 oktyabr 1921-ci ildə Qarsda müqavilə imzaladı. Müqavilə 20 maddə və 3 əlavədən ibarət idi. Müqavilənin 5-ci maddəsi bilavasitə Naxçıvanın taleyi ilə bağlı idi. Burada yenə də Naxçıvanın Azərbaycanın tərkibində saxlanması və muxtariyyət verilməsi məsələsi təsbit olunmuşdu. Moskva müqaviləsindən fərqli olaraq, Qars müqaviləsinin 5-ci maddəsində Naxçıvanın statusu məsələsində razılığa gələn tərəflər müəyyən edilmişdi. Beləliklə, Moskva və Qars müqavilələri Naxçıvanın statusu və tabeçiliyi məsələsini beynəlxalq müqavilələrlə tam şəkildə həll etdi. Qars müqaviləsi müddətsiz imzalanmış və bu müqaviləni imzalayan dövlətlərdən hər hansı biri onu birtərəfli qaydada ləğv edə bilməz. Ermənistan Respublikası 1920-ci il dekabrın 28-də Naxçıvanın müstəqilliyini tanımış, Qars müqaviləsi ilə ona Azərbaycanın tərkibində muxtariyyət statusunun verilməsinə imza atmış, lakin bu gün də belə, Naxçıvan iddialarından əl çəkməmişdir.
Azərbaycanın Rusiya tərəfindən 1920-ci ildə işğal edilməsindən sonra Dağlıq Qarabağ bölgəsi hələ də Ermənistanın ərazi iddialarının mərkəzində idi. N. Nərimanov Qarabağın dağlıq hissəsində ölkəsinin suveren hüquqlarının təmin edilməsinə böyük önəm verirdi. Mərkəzə ünvanladığı çoxsaylı teleqramlarda Azərbaycan rəhbərliyinin Qarabağ məsələsində mövqeyi birmənalı idi. Burada qeyd edilirdi ki, Dağlıq Qarabağ təbii ki, Azərbaycan ərazisinin sərhədləri daxilində olmalıdır (17, s.102). Ancaq həmişə olduğu kimi burada da Sovet Rusiyasının mövqeyi Azərbaycan xalqının maraqları ilə ziddiyyət təşkil edirdi. Çünki Rusiya üçün azərbaycanlılar daimi təhlükə mənbəyi, ermənilər isə Cənubi Qafqazda siyasi məqsədlərin reallaşdırılması aləti idi. Onlardan Cənubi Qafqazın digər xalqlarının milli-azadlıq hərəkatlarına qarşı istifadə edilmişdir. 1920-ci ildə Sovet Rusiyası Qarabağ, Zəngəzur və Naxçıvanı Azərbaycan ilə Ermənistan arasında mübahisəli ərazilər kimi qəbul edir. Azərbaycanın arxasında RSFSR bu ərazilərin taleyi haqqında Ermənistanla danışıqlar aparır. Bu danışıqların nəticəsində Sovet Rusiyası ilə Ermənistan arasında 10 avqust və 28 oktyabr 1920-ci il tarixlərində danışıqlar aparılır. Rusiyanın bu himayədarlığı nəticəsində1920-ci ildə Azərbaycanın Zəngəzur bölgəsinə sahib olan ermənilər 1921-ci ildə Dağlıq Qarabağı da Ermənistana birləşdirmək istədilər.
Ümumiyyətlə, Dağlıq Qarabağ ilə bağlı olaraq məkrli planların həyata keçirilməsi üçün ermənilər əslində pərdə axrasında daim böyük dövlətlərlə əməkdaşlıq edirdilər. Azərbaycanda işğalçılıq siyasətini həyata keçirən bolşeviklər keçmiş Rusiya imperiyasını bərpa etmək məqsədilə 1920-ci il aprelin 28-də Bakıda Azərbaycan Sovet Sosialist Respublikasının yarandığını elan etdilər. Aprel işğalından sonra Azərbaycan öz dövlət müstəqilliyini itirdi. Bolşeviklərin XI Qırmızı Ordu hissələri qısa bir müddətdə Azərbaycanın əksər ərazilərini öz nəzarəti altına aldılar. 1919-cu ilin sonu 1920-ci ilin əvvəllərində Dağlıq Qarabağda vəziyyət son dərəcə gərgin idi. Çünki, XI Qırmızı Ordunun hücumu ərəfəsində Azərbaycan Milli Ordusunu cəbhə xəttindən uzaqlaşdırmaq məqsədilə Rusiyanın sifarişi ilə Dağlıq Qarabağda ermənilərin qiyamı baş vermiş, Ermənistanın əsassız ərazi iddiaları və hərbi təcavüzü miqyaslı xarakter almışdı. 1920-ci ilin martında A.İ.Mikoyan Moskvada bir qrup Ermənistan nümayəndəsini qəbul etdi. A.İ.Mikoyan bildirdi ki, əgər Sovet qoşunları Bakıya daxil ola bilərsə, onda Ermənistan dövləti də öz məqsədinə çatacaqdır. Bakının asan yolla ələ keçirilməsi üçün burada yerləşən Milli Ordunun çıxarılması tələb olunurdu. Ona görə də Dağlıq Qarabağda erməni müdaxiləsi yenidən başlandı. 1920-ci il 22 martda nizami erməni ordusu Şuşaya daxil olub amansız qırğınlar törətdilər. Həmin gün minlərlə dinc əhali daşnaklar tərəfındən öldürüldü. Həmin gün təkcə Şuşa şəhərində 1700 bina yandırılmışdı. Şərəf və ləyaqətin tapdalanması, qadına, qocaya, uşağa aman verilmədən qırılması adi hala çevrilmişdi. Dağlıq Qarabağda baş verən bu qırğının qarşısını almaq üçün Azərbaycan Milli Ordu hissələri 1920-ci il aprelin 26-da Dağlıq Qarabağa daxil oldu. Təcavüzkar erməni quldur dəstələri müvəqqəti olaraq ərazidən uzaqlaşdı. Lakin Şimal sərhədlərimizdəki yaranmış boşluqdan istifadə edən XI Ordu hissələri Azərbaycan sərhədlərini keçdi. Beləliklə, 1920-ci il aprel işğalı ərəfəsində Dağlıq Qarabağda erməni daşnaklarının məkirli ərazi iddiaları kütləvi xarakter aldı və onların yerli dinc müsəlmanlara qarşı təcavüzü, zorakılığı, qarəti daha da genişləndi (13, s.10-11).
Bu arada qeyd edib haşiyəyə çıxmaq istərdim ki, müstəqilliyini itirən Azərbaycan Xalq Cümhuriyyətinin təməl prinsipləri milli dövlətçiliyin əsaslarını müəyyən edirdi. Arxiv sənədlərində göstərildiyi kimi milli dövlətçiliyimizin təməlləri ümumi ərazi üzərində tarixi, milli, dil və mədəniyyət birliyinin yaranması idi (1). Belə bir dövlətin mövcudluğu onun neftini ələ keçirmək istəyən Rusiyaya, həmçinin milli ərazilərini qəsb etmək istəyən Ermənistana sərf etmirdi. Milli mətbuatımız bu haqda öz həyəcan təbilini çalmaqda idi. «Azərbaycan» qəzetinin 1920-ci il 2 aprel tarixli nömrəsində dərc olunmuş “Ermənistan birləşir…» başlıqlı məqalədə deyilirdi: «…Qars, İrəvan, Naxçıvan, Zəngəzur və Qarabağ başqalarının sümükləri üzərində «birləşmiş Ermənistan» yaratmaq iddiasına düşən daşnakların mübarizə proqramında yalnız ayrıca məntəqələri təşkil edir. Bu məntəqələr çoxdan Ermənistan xəritəsinə daxil edilib və indi onun rəhbərləri öz niyyətlərini yalnız həyata keçirirlər. Kim bilavasitə İrəvan hadisələrini yaşayıb, kim günün günorta çağı müsəlmanlara qarşı çəkinmədən ova çıxan erməniləri görüb, kim ki, nə vaxtsa çiçəklənən qəzanın yerlə yeksan edildiyini görübsə, əlbəttə onlar bilirlər ki, erməni hökuməti heç vaxt Qars, Naxçıvan, Zəngəzur və Qarabağı sakit buraxmayacaqlar. Əvvəlcə İrəvan, Eçmiədzin, Sürməli, Novobayazid qəzalarını müsəlmanlardan təmizləmək lazım idi. Sözün əsl mənasında bu icra olundu. Bu gün Ermənistanın hakimiyyəti altında olan bu döyüş meydanında bir nəfər də olsun müsəlman yoxdur, onların daşınan və daşınmaz əmlaklarının hamısı «Hayastanın» toxunulmaz fonduna daxil edilmişdir. Bu qəzalar Ermənistanın qruplaşmalı olduğu mərkəz olmalıdır» (3). Bundan bir il öncə isə ermənilərin daha bir həyasızlığı eyni qəzetdə işıqlandırılır. Axtarış zamanı müəyyən edilir ki, Ermənistanın Azərbaycandakı Bakı diplmotik missiyasında silah-sursat tədarükü həyata keçirilir (4).
Ancaq Azərbaycan SSR qurulduqdan sonra da N.Nərimanovun birbaşa başçılığı ilə Dağlıq Qarabağda milli hakimiyyətin bərqərar edilməsi istiqamətində işlər görülürdü. Azərbaycanda Sovet hakimiyyəti qurulduqdan sonra Xalq Komissarları Soveti (XKS) yaradıldıqda fövqəladə komissarlar da təyin olunmuşdu. A.N. Karakozov (1890-1938) DQ üzrə fövqəladə komissar təyin olunmuşdu. Azərbaycan Sovet höküməti 1920-ci il 30 apreldə Ermənistana hökumət notasında Zəngəzur və Qarabağın qoşunlardan təmizlənməsini tələb edirdi. May ayında Qarabağda Sovet hakimiyyətinın qurulması elan olundu. Bu dövrdə Sovet Rusiyası Qafqazın sovetləşdirilməsi planını həyata keçirməkdə davam edir, sovet dövlətlərinin yeni sərhədlərinin müəyyənləşdirilməsi prinsiplərini irəli sürməklə mövcud və gələcək dövlətlərin bu sahədəki fəaliyyətini nəzarət altına almağa cəhd göstərirdi. RK (b) P MK Siyasi Bürosu Qafqaz Cəbhəsi Hərbi-inqilabi Şurasına 7 iyul tarixli təlimatında bu məsələyə toxunmuşdu. Ermənistanda Sovet hakimiyyətinin qurulması ilə (1920, 29 noyabr) xarici sərhədlərlə birgə, sərhədlər daxilində də bölgülərin aparılması kəskinləşdi. Azərbaycan İnqilab Komitəsinin Ermənistan Sovet Respublikasına 30 noyabr teleqramı və 1 dekabr bəyannaməsində də Qarabağ və onun dağlıq hissəsindən bəhs olunurdu. Bu sənədlərin erməni tarixşünaslığında təhrif edilməsi tutarlı şəkildə sübut edilmişdir. Bəyannamədə Dağlıq Qarabağın əməkçi kəndlilərinə tam öz müqəddəratını təyinetmə hüququ verildiyi elan edilirdi. Ermənistan İnqilab Komitəsi isə 28 dekabr bəyannaməsində Naxçıvana iddiadan əl çəkildiyini bildirirdi, lakin Qarabağı əldən vermək istəmirdi. Azərbaycan və Ermənistan arasında sərhədlərin müəyyənləşdirilməsi məsələsində DQ yenidən gündəmə gəldi. Qafqaz Bürosu 3 iyun 1921-ci ildə Dağlıq Qarabağın Ermənistana məxsus olduğunun Ermənistan hökumət bəyannaməsində göstərilməsi barədə qərar qəbul etdi. Ermənistan XKS isə 12 iyunda bunu dekretləşdirdi. İşlərin belə gedişi Azərbaycanı təmin edə bilməzdi. AK (b)P MK Siyasi Bürosu və Təşkilat Bürosunun AK (b)P MK katibi Q. Kaminskinin sədrliyilə keçirilən 27 iyun iclasında Tiflisdə komissiyanın işi ilə əlaqədar Azərbaycanın Ermənistanla sərhədi haqqında məsələ müzakirə edildi. Bu iclasda 5 maddədən ibarət qərar qəbul olundu. İlk dəfə burada DQ-yə bəyan edilən öz müqəddəratını təyin etməyə Azərbaycanın baxışı ifadə olundu. 3. “Məsələnin yeganə həlli erməni və müsəlman kütləsinin Sovet quruculuğu işinə geniş cəlb edilməsi (yol. Nərimanovun Bəyannaməsindən aydın olduğu kimi) ola bilər”. Problemin həlli haqqında Siyasi Büro və Təşkilat Bürosunun fikrinin Tiflisə çatdırılması Nərimanova həvalə edildi (12, s.25).
Bu arada qeyd edək ki, Ermənistanda sovet hakimiyyətinin qurulmasından sonra Dağlıq Qarabağdakı erməniləşdirmə prosesinin növbəti dalğası başladı. 1920-ci ilin yay və payız aylarında Ermənistanda iqtisadi və siyasi böhran son dərəcə kəskinləşdi. Ölkədə kütləvi aclıq baş qaldırmışdır. Aclığın törətdiyi ağır fəlakətlər üzündən Ermənistandan Azərbaycana əhalinin kütləvi axını baş verdi. 1920-ci ilin iyun-noyabr aylarından Ermənistandan Azərbaycana 350 ailə, 1921-ci ildə 500 ailə köçüb gəlmişdir. Bu ailələrin böyük bir hissəsi Dağlıq Qarabağda məskən saldı. Sonrakı illərdə Dağlıq Qarabağın müxtəlif bölgələrinə gələn yeni ailələrin böyük əksəriyyəti milliyyətcə erməni olmuşdu. Beləliklə, çar Rusiyası dövründə olduğu kimi, Sovet imperiyası dövründə də Dağlıq Qarabağ bölgələri barədə görülən ilk tədbirlərdən biri də bu yerlərdə erməni ailələrinin çoxluğunu təmin etməkdən ibarət olmuşdur. Dağlıq Qarabağa erməni ailələrinin kütləvi axınına nail olmaq üçün dövlət səviyyəsində beynəlmiləlçilik bayrağı altında tədbirlər görülürdü. Dağlıq Qarabağda məskunlaşmış və yenıcə gələn ailələr üçün torpaq sahələri verilirdi. 1921-ci ildə olan məlumata görə təkcə Xankəndində məskunlaşan əhaliyə 7229 desyatin, Xocavənddə 6378 desyatin, Hadrut bölgəsində 5950 desyatin, Şuşada isə 1114 desyatin torpaq sahələri ayrılmışdı (2).
Ermənilər Sovet hökumətinin qələbəsindən sonra da Qarabağın 2 yerə bölünməsi məsələsini ortaya atdılar. Dağlıq Qarabağ haqqında məsələ 1921-ci il iyulun 27-də AK(b)P MK-nin Siyasi və təşkilat bürosunun nəzərindən keçirildi. Həmin büro Sovet Ermənistanı nümayəndəsi A.Bekzadyanın təklifi ilə razılaşmadı və qeyd edildi ki, erməni və azərbaycanlı əhalisi olan ərazilərin ayrılıb Ermənistana və Azərbaycana verilməsi təklifi inzibati və iqtisadi əlverişlilik nöqteyi-nəzərindən qəbul edilə bilməz. Bununla iki Sovet respublikası arasında ixtilaf meydana çıxdı. Bu məsələdə əmələ gəlmiş düyünü nəzərə alaraq RK(b)P MK-nin Qafqaz bürosunun plenumu həmin məsələni müzakirə etməli oldu. Plenum 1921-ci il iyulun 4 və 5-ində keçirilmişdi. Burada İ.Stalin, RK(b)P Qafqaz bürosunun üzvləri - Orconikidze, Maxaradze, Myasnikov, Nərimanov, Kirov və başqaları iştirak etdilər. İyulun 4- də axşam iclasında Kirov-Myasnikov qrupunun təklifi ilə Dağlıq Qarabağın Ermənistanın tərkibinə daxil edilməsi haqqında əsassız qərar qəbul edildi. Lakin səsvermədə Stalin iştirak etmirdi. N.Nərimanov bu qərarla razılaşmayaraq bildirdi ki, Qarabağ məsələsi Azərbaycan üçün böyük əhəmiyyətli bir məsələ olduğundan qəti qərar qəbul etmək üçün məsələ RK(b)P MK-ya keçirilsin. Nərimanovun ciddi təkidi ilə iyulun 5-də plenumun səhər iclasında Qarabağ məsələsinə yenidən baxıldı. Qərara alındı ki, azərbaycanlılar və ermənilər arasında milli barışığın zəruriliyini, Qarabağın yuxarı və aşağı hissəsi arasında iqtisadi əlaqələri nəzərə alaraq onun daim Azərbaycanla bağlı olduğu üçün Azərbaycan SSR-in tərkibində saxlanılsın. Azərbaycan KP MK-nin Siyasi və təşkilat bürosunun 26 sentyabr 1921-ci il tarixli iclasında həmin məsələyə baxıldı və Qafqaz bürosundan xahiş edildi ki, Dağlıq Qarabağın (DQ) Muxtar vahidə ayrılması haqqında öz qərarına yenidən baxsın. 1922-ci il oktyabrın 27-də RK(b)P Zaqafqaziya ölkə komitəsi Rəyasət heyətinin iclası oldu. Qərar alındı ki, RK(b)P MK Qafqaz bürosunun Qarabağa muxtariyyət verilməsi haqqında 5 iyul 1921- ci il tarixli qərarı Azərbaycan K(b)P MK-si tərəfindən həyata keçirilsin. 1923-cü il iyulun axırlarında RK(b)P Zaqafqaziya ölkə komitəsinin plenumunda DQ məsələsi yenidən müzakirə edildi və DQ Muxtar vilayətə (DQMV) ayrılması haqqında qərar qəbul etdi.
Dağlıq Qarabağa muxtar vilayət statusunun verilməsi heç də ermənilərin ərazi iddialarına son qoymadı. Tam əksinə münaqişənin yeni bir şəkildə ortaya çıxması üçün zəmin hazırladı. Ermənistan Dağlıq Qarabağı hüquqi və siyasi olaraq hakimiyyəti altına ala bilməsə də 1948-53-cü illərdə azərbaycanlıların tarixi torpaqlarından deportasiyasına nail ola bildi. 1947-ci il dekabrın 23-də bu məkrli niyyət özünü rəsmi surətdə göstərir. İ.V.Stalin “Ermənistan SSR-dən kolxozçuların və başqa azərbaycanlı əhalinin Azərbaycan SSR-in Kür-Araz ovalığına köçürülməsi haqqında” qərarı imzalayır. O zaman erməni millətçiləri bu məkrli niyyəti yaxşıca pərdələməyə çalışmışdılar: guya bu addım - azərbaycanlıların köçürülməsi respublikanın iqtisadiyyatını gücləndirmək, problemlərini həll etmək üçün atılırdı. Azərbaycanlıların köçürülməsi məsələsində iki amil önə çəkilirdi. Bunlardan biri xaricdən öz “vətən”inə dönən erməniləri yerləşdirmək, digəri isə guya Azərbaycanın pambıqçılıq rayonlarında işçi qüvvəsinin çatışmaması idi. Əslində isə bunlar erməni hiyləsi ilə uydurulmuş arqumentlər idi. Məsələnin daha dərin kökləri vardı. “Kadr arxasında” Dağlıq Qarabağ faktoru dayanırdı. Xatırladaq ki, hələ 1945-ci ilin noyabrında Ermənistan K(b)P MK-nın birinci katibi Q.Harutunyan Stalinə məktub yazaraq Dağlıq Qarabağın Ermənistan SSR-ə birləşdirilməsini xahiş etmişdi. Həmin məktub isə cavab üçün Azərbaycana göndərilmişdi. 1949-1953-cü illərdə Dağlıq Qarabağın ərazisinə bir nəfər də azərbaycanlı köçkün buraxılmamışdı. Hələ üstəlik, DQMV-nin özündən 132 azərbaycanlı ailəsi Xanlar (Göygöl) rayonuna köçürülmüşdü (5).
1960-70-ci illərdə Dağlıq Qarabağda və eləcə də Azərbaycanın digər bölgələrində erməni separatçılığının qarşısının alınması Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlı olmuşdur. Heydər Əliyev hələ 1950-1960-cı illərdə ermənilərin Dağlıq Qarabağ məsələsini qaldırmaq cəhdinin qarşısını alıb. O dövrdə ulu öndər Heydər Əliyev Azərbaycan SSRİ Nazirlər Soveti yanında Dövlət Təhlükəsizliyi Komitəsinin rəhbərliyində, Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi işlədiyi zaman ermənilərin bu planının qarşısını almışdı: “Hətta həmin dövrdə Ermənistan SSR Kommunist Partiyasının Mərkəzi Komitəsinin 1-ci katibi olan Karen Dəmirçiyan açıq şəkildə bəyan edirdi ki, nə qədər ki, Heydər Əliyev vəzifədədir, o zamana qədər də ermənilər Dağlıq Qarabağla bağlı nəyəsə nail ola bilməyəcəklər” (11).
Ancaq Ümummilli Lider Heydər Əliyevə qarşı mərkəzi hakimiyyət tərəfindən represiyaların başlanması ilə Dağlıq Qarabağ məsələsi yenidən qalxır və məlum separatçılıq və təcavüzün nəticəsində respublikanın 20 faiz ərazisi işğal edilir. Bir milyondan çox qaçqın ölkənin sosial yükünü artırdı. 1988-ci il fevral hadisələrindən sonra Dağlıq Qarabağ Muxtar Vilayətinin separatçı-terrorçu qruplaşmaları və Ermənistan silahlı qüvvələri Dağlıq Qarabağın ələ keçirilməsi uğrunda hərbi əməliyyatlara başladılar. Azərbaycana qarşı ədalətsiz müharibə aparıldığını, onun ərazi bütövlüyünün pozulduğunu və torpaqlarının ermənilər tərəfindən işğal olunduğunu Birləşmiş Millətlər Təşkilatı (BMT) təsdiq etdi. BMT Təhlükəsizlik Şurası erməni silahlı qüvvələrinin işğal olunmuş Azərbaycan ərazilərini tərk etməsi haqqında 4 qətnamə (822, 853, 874, 884 saylı) qəbul etdi. Lakin erməni işğalçıları bu qətnamələri yerinə yetirmədilər. Ermənistan işğalçılarına qarşı mübarizədə Azərbaycanın hərbi-iqtisadi və insan qüvvələrinin səfərbər edilməsinə böyük ehtiyac var idi. Bu məqsədlə Heydər Əliyev noyabrın 2-də televiziya və radio ilə xalqa müraciət etdi, ciddi hərbi-təşkilati tədbirlər həyata keçirildi. Bunun nəticəsində Azərbaycan xalqının işğalçılara qarşı ədalətli mübarizəsində dönüş yaratmaq mümkün oldu. Noyabrın ortalarında Ermənistan silahlı qüvvələrinin Beyləqan istiqamətində hücumu dayandırıldı. Azərbaycan ordusunun müvəffəqiyyətli əməliyyatları nəticəsində 1994-cü il yanvarın 5-də Füzuli rayonunda strateji əhəmiyyətli Horadiz qəsəbəsi və 22 kənd düşməndən təmizləndi. Bunun ardınca Cəbrayıl rayonu ərazisinin bir hissəsi, Kəlbəcər rayonunda Bozlu, Təkəqaya, Babaşlar, Qanlıkənd, Çəpli, Susuzluq, Qasımbinəsi, Yanşaqbinə, Yanşaq, Bağırsaq, Qamışlı, Bağırlı yaşayış məntəqələri də düşməndən azad edildi. Çiçəkli dağı və b. strateji yüksəkliklər ələ keçirildi, Kəlbəcər-Laçın yolunun tunelə qədərki hissəsi nəzarət altına alındı. Döyüşlərdə düşmən 4 min əsgər və zabit, 50 zirehli texnika, 15 artilleriya qurğusu və s. itirdi. Azərbaycanın müharibədə dönüş yaratmaq, işğal olunmuş Vətən torpaqlarını azad etmək sahəsində əldə etdiyi uğurlar, nəinki Ermənistanı, həmçinin onu müdafiə edən qüvvələri də ciddi təşvişə saldı. Ermənistanın himayəçilərinin onu hərbi cəhətdən daha da möhkəmləndirilməsi, müasir silahlarla təmin olunması, bölgədə irticaçı qüvvəyə çevrilməsi xətti daha da gücləndirildi. Azərbaycan Respublikası belə bir şəraitdə 1994-cü il mayın 8-də Bişkek protokolunu imzaladı. Azərbaycanın düşmən üzərində hərbi uğurları sayəsində mayın 12-də cəbhədə atəşkəsə nail olundu (8, s.61).
Ədəbİyyat
1. Azərbaycan Respublikası Siyasi Sənədlər Arxivi f. 1., siy.2, sax. vah. 59, v.153
2. Azərbaycan Respublikası Dövlət Arxivi f. 8, s. 1. sax.vah. 11, v. 45.
3. Azərbaycan Respublikası Dövlət Arxivi f.970, siy.1., sax.vah.202, v.468
4. Azərbaycan Respublikası Dövlət Arxivi f.970, siy.3, sax.vah.4, v.13
5. Azərbaycan Respublikası Dövlət Arxivi f.894, siy.1., sax.vah.80, v.42
6. “Azərbaycan” qəzeti 1920-ci il 2 aprel
7. “Azərbaycan” qəzeti 1919-cu il 13 iyun
8. Dağlıq Qarabağ münaqişəsi: Tammətnli elektron materiallar məcmuəsi.- Bakı, 2005., 350 s.
9. Əliyeva İ. 1948-1953-cü illər deportasiyası, yaxud genosidin bir forması. // “Azərbaycan”.-2015.-18 aprel.-N 81.-S.11.
10. Hacıyev İ. Qars müqaviləsi muxtar respublikanın siyasi və tarixi taleyində mühüm rol oynayır. http://www.serqqapisi.az/index.php/ictimai-siaysi/2484-zhars-muzhavilaesi-mukhtar-respublikan-n-siyasi-vae-tarikhi-taleyindae-muhum-rol-oynay-r
11. Novruzov S. Heydər Əliyev 1950-60-cı illərdə ermənilərin Dağlıq Qarabağ məsələsini qaldırmaq cəhdlərinin qarşısını alıbdır. https://az.trend.az/other/commentary/2674712.html
12. Mahmudov Y., Şükürov K. “Qarabağ: Suallar və Faktlar”, “Qismət” nəşriyyatı. Bakı, 2005. 156 səh.
13. Məmmədov N. Azərbaycan SSR-in Dağlıq Qarabağ Muxtar Vüayətində ictimai-siyasi həyat iqtisadi və mədəni inkişaf (1923-1991). Bakı. Təhsil NPM, 2008, 568 səh.
14. Sadıqov B. Azərbaycan heç vaxt indiki qədər güclü, azad, abad və müstəqil olmayıb. // Azərbaycan.-2016.-18 oktyabr.-№229.-S.1, 5
15. Qəniyev R. QARABAĞ HADİSƏLƏRİ. http://qesam.org/ust/2/3/02.pdf
16. «Наше знамя», 26 июля 1918 г.
17. Нифталиев И.В. Азербайджанская ССР в экспансионистских пла- нах армян (20-е годы ХХ века). – Баку: Издательство «Təhsil», 2010. – 292 с.
18. Пашаев А.А. Геноцид, депортации и территориальные претензии армян к азербайджанскому народу (XIX-XX вв.) Баку, 2013, 152 стр
Ключевые слова: статус, геополитическое значение, территориальные вопросы, корни.
Key words: status, geopolitical importance, territorial issues, roots of problem.
ГЕОПОЛИТИЧЕСКИЕ РЕЗУЛЬТАТЫ ИСТОРИЧЕСКОГО ОПРЕДЕЛЕНИЯ СТАТУСА НАХЧИВАНА И НАГОРНОГО КАРАБАХА
Резюме
В статье рассматривается геополитическое значение статуса Нахчывана и Нагорного Карабаха. Здесь исследуются корни проблемы. Также упоминалось историческое позиции стран, заинтересованных в статусе этих регионов - Турции и России. В статье также говорится о попытках Армении реализовать свои геополитические планы в регионе. В заключение автор делает соответствующие выводы.
Ключевые слова: статус, геополитическое значение, территориальные вопросы, корни
GEOPOLITICAL RESULTS OF THE HISTORICAL DETERMINATION OF THE STATUS OF NAKHCHIVAN AND NAGORNO-KARABAKH
Summary
The article considers the geopolitical significance of the status of Nakhchivan and Nagorno-Karabakh. Here are investigated the roots of the problem. The article considers the geopolitical significance of the status of Nakhchivan and Nagorno-Karabakh. Here the roots of the problem are investigated. It also mentioned the historical position of countries interested in the status of these regions - Turkey and Russia. The article also talks about attempts by Armenia to implement its aggression plans in the region. In conclusion, the author draws the appropriate conclusions.
Bəxtİyar Nəbİyev
Tarix üzrə fəlsəfə doktoru
"GEOSTRATEGİYA" jurnalı №01 (43) YANVAR-FEVRAL 2018
Strategiya.az
Paşinyan Kremldə: iki məsələdə xəyal qırıqlığı və ziddiyyətlər
Gələcək zəfərlərdən xəbər verən sarsılmaz Azərbaycan-Türkiyə birliyi
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM