Milli maraqların formalaşması və qiymətləndirilməsi (konseptual yanaşma)

09:00 / 04.04.2018

Milli maraqların formalaşması, təşəkkülü xüsusiyyətləri və prioritetliyinin aşkar edilməsi, faydalılıq və kəskinlik göstəricilərinin müəyyənləşdirilməsi siyasi elmdə və əməli təcrübədə böyük əhəmiyyət kəsb edir. Milli maraq problemini tədqiq edən siyasətşünasların yekdil rəyincə, bu, mürəkkəb və uzunmüddətli proses üç əsas mərhələdən keçir: 1) milli maraqların araşdırılıb formalaşdırılması; 2) milli maraqların ölkənin qanunvericilik aktlarında təsbit olunması; 3) milli maraqların təmin olunmasının vasitə və üsullarının müəyyən edilib əməli fəaliyyətə keçilməsi. Göründüyü kimi, proses milli maraqların formalaşmasından başlayır.

Milli maraqlar sistem kimi
Milli marağı formalaşdıran komponentlərin aşkara çıxarılması, təbii ki, onun mahiyyətinin daha dərindən başa düşülməsi ilə bağlıdır. Ümumi rəy belədir ki, milli maraqlar obyektiv amillərin təsiri altında, fərdin, cəmiyyətin və dövlətin tələbatları əsasında təşəkkül tapır. Həm də bu prosesə iki qrup geosiyasi amillər təsir göstərir: 1) obyektiv geosiyasi amillər – ölkənin ərazisi, coğrafi mövqeyi, təbii resursları, əhalisinin sayı, iqtisadi inkişaf səviyyəsi, siyasi sabitlik dərəcəsi, hərbi gücü, tarixən formalaşmış mədəniyyəti, elm və texnologiyanın inkişaf səviyyəsi, beynəlxalq vəziyyət; 2) subyektiv geosiyasi amillər – siyasi rejim, siyasi rəhbərlik, liderlərin idarəçilik səriştəsi, ictimai şüurun, xüsusən hüquqi və siyasi şüurun inkişaf səviyyəsi. Milli maraqların formalaşması və inkişafında obyektiv geosiyasi amillərin həlledici rolu danılmazdır. Bununla belə, istənilən amilin milli mənafe forması kəsb etməsi üçün bu amillər hökmən insanların şüurundan keçməlidir, başqa sözlə, ictimai şüur aktına çevrilməlidir.
Məntiqi baxımdan maraq öz strukturu və funksional komponentləri olan sistemdir. Onun əsas struktur komponentləri subyekt, obyekt və formalaşma mühitidir. Funksional komponentlərə isə cəmiyyətin dominant dəyərləri, tələbatlar, bilik (informasiya), marağın formalaşma metod və prinsipləri, həmçinin şəxsiyyət, cəmiyyət və dövlətin həyati maraqlarının təşəkkülündə iştirak edən insanların peşəkarlığı daxildir.
Milli maraqlar fərdi, ictimai və dövlət maraqlarının cəmi olmaqla ictimai şüurda kök salan tələbatların bütöv bir sistemidir. Onun komponentləri arasında milli təhlükəsizlik, daxili siyasət, xarici siyasət, millət və ya dövlətin nüfuzu, beynəlxalq aləmdə rolu, milli gücü kimi kateqoriyalar mühüm yer tutur. Bunlardan milli güc geniş əhatə dairəsinə görə fərqlənir, əslində toplu məzmuna malik olmaqla, dövlətin, cəmiyyətin maddi, mənəvi və hərbi qüdrətini özündə ehtiva edir.

Milli güc: strukturu və qiymətləndirilməsi
Güc anlayışına, onun struktur elementləri və qiymətləndirilməsi ilə bağlı məsələlərə antik mütəfəkkir Fukididdən bu günə qədər bir çox tədqiqatçılar diqqət yetirmişlər. Fukidid “Peloponnes müharibəsinin tarixi” əsərində qeyd edir ki, dövlətlərarası münaqişədə ən əsas arqument gücdür, güc vasitəsilə bir dövlət başqa bir dövləti müəyyən işlər görməyə məcbur edə bilər. O həmçinin bildirir ki, güc və qüvvə məqsəd deyil, dövlətin təhlükəsizliyini və nüfuzunu saxlamaq üçün vasitədir [10, s. 22]. Tomas Hobbs “Leviafan və ya Dini və mülki dövlətin materiyası, forma və hakimiyyəti” əsərində göstərir ki, dövlətlərarası münasibətlərin yeganə tənzimləyicisi gücdür və dövlətlər müharibəyə hazır vəziyyətdə duraraq bir-birinə nəzarət edirlər. O, ümumiyyətlə hakimiyyət məsələsini ictimai müqavilə ilə yanaşı güc amili ilə də bağlayaraq yazır: “Ali hakimiyyətə çatmaq üçün iki yol var. Birincisi – bu, fiziki gücdür, məsələn, nə vaxt kim isə uşaqlarını sözə baxmayacaqları halda məhv etmək hədəsi ilə öz hakimiyyətinə tabe olmağa məcbur edirsə və ya müharibə yolu ilə düşmənlərini özünə tabe edib bu şərtlə onları əfv edirlərsə” [7, т. 2, c. 133]. Hans Morgentau isə gücü həm dövlətin can atdığı məqsəd, həm də milli maraqların təmin olunmasının vasitəsi kimi nəzərdən keçirir [5, p. 115-179]. Türkiyənin hərb tədqiqatçısı N.U. Ucuzsatar yazır ki, “bir dövlətin milli ruhunun toplamı onun hərbi gücünü təşkil edir. Milli güc, milli mənfəətlərin saxlanılması və milli hədəflərin əldə edilməsində istifadə edilə biləcək insan gücü, coğrafi, iqtisadi, əsgəri və idarəetmə, psixososial və texnoloji gücləri əhatə edir, dövlətin sahib olduğu bütün maddi və mənəvi ünsürlərin məcmusunu bildirir. Hərbi güc milli gücə dayanır” [1, s. 35]. Daha sonra tədqiqatçı milli gücün ünsürlərinə diqqət yetirir, əsgəri güc və fiziki gücü fərqləndirir. Alimin coğrafi gücü ölkənin dünya üzərindəki yerinin, iqliminin, hidroqrafik, geoloji, bioloji vəziyyətinin hərbi və əsgəri gücə təsir qüdrəti kimi dəyərləndirməsi, problemə relyef, düzən, dağlıq, çay, göl, dəniz, okeana çıxış, ərazi böyüklüyü, dünyanın güc mərkəzlərinə yaxın və uzaqlığı və s. parametrlər mövqeyindən yanaşması geosiyasi baxımdan xüsusi maraq doğurur. Y. Akçuraoğlu milli gücü dövlətlərin milli mənafelərini, milli hədəflərini gerçəkləşdirmə yetənəklərindən yaranan bir sistem kimi müəyyənləşdirir [1, s. 35].
Milli gücün strukturu, tərkib elementlərinin nisbəti barədə müxtəlif mülahizələr irəli sürülmüşdür. Gücün strukturunun dəyişməsinə həm tarixi dövrün xarakteristikası, həm də dövlətlərin dünya arenasında mövqeyi, geosiyasi vəziyyəti və s. amillər təsir göstərir. Tarixə nəzər salsaq görərik ki, əvvəllər dövlətin gücünün əsas elementini onun ərazisinin böyüklüyü, özgə ərazilərin işğalı, ekspansionist siyasət təşkil edirdisə, müasir dövrdə dövlətlər iqtisadi gücün artırılmasına, əhalinin rifahının, təhsil səviyyəsinin yüksəldilməsinə, elmin inkişafına xüsusi diqqət yetirirlər. Misal üçün, XIX əsrdə “dəniz hökmranlığı” ideyasının banisi A.T. Mehenin fikrincə, dənizlərə sahib olanlar və ya onlara nəzarət edənlər indi və gələcəkdə dünya tarixinin mühüm faktoru hesab olunacaqlar. O həmçinin qeyd edir ki, tarix boyunca həmişə dənizlərə hökmranlıq edənlər qalib gəlmişdir. Hannibalın Roma ilə on yeddi il, Napoleonun isə İngiltərə ilə on altı il döyüşməsinə baxmayaraq məğlub olmalarını buna misal göstərir [8, c. 7-8].
Dövlətin milli gücünü müəyyənləşdirmək üçün ilk növbədə gücün strukturunu, onun hansı elementlərdən ibarət olduğunu dəqiqləşdirməyə zərurət yaranır. Müasir dövrün əksər tədqiqatçıları milli gücün strukturunu təxminən oxşar şəkildə müəyyənləşdirirlər. Fərqlər isə tədqiqatçıların öz dövlətlərinin geosiyasi vəziyyətindən, inkişaf səviyyəsindən çıxış etmələrindən və s. irəli gəlir. Bunların bəzilərinə diqqət yetirək. Türkiyəli tədqiqatçı T. Dəyərli milli gücü beş bölümdə təsnif etmişdir: siyasi güc, iqtisadi güc, əsgəri güc, psixi-sosial və elmi-mədəni güc, coğrafi güc [1, s. 36]. Rusiya siyasətşünası A.A. Proxojev isə gücün strukturunu üç hissəyə ayırır: dövlətin gücü, cəmiyyətin gücü və silahlı qüvvələr. Dövlətin güc göstəricilərinə ümumi daxili məhsulu, ərazini (kv.km), əhalini, büdcə xərclərini, ümumi istehsalda emal sənayesinin payını (%) və emal sənayesində çalışanların sayını; cəmiyyətin güc göstəricilərinə əhalinin məşğulluq səviyyəsini, orta ömür müddətini, doğum əmsalını, elmə ayrılan xərcləri, tələbələrin sayını və enerji hasilatının həcmini; silahlı qüvvələrə isə hərbiçilərin sayını, dövlət büdcəsindən milli müdafiə üçün ayrılan vəsaiti, mövcud hərbi texnikanı, hərbi sənayenin inkişaf səviyyəsini və silah-hərbi texnika ixracını aid edir [9, с. 166-174].
Dövlətin gücü milli maraqların formalaşmasına birbaşa təsir göstərən faktorların ən əhəmiyyətlisidir. Belə ki, böyük gücə malik olan dövlətin milli maraqları zəif dövlətə nisbətən geniş və əhatəli olur. Qlobal təhlükəsizliyin təmin olunmasından böyük mənfəət əldə edən super gücə malik dövlətlər onun təmin olunmasında kiçik dövlətlərə nisbətən daha çox maraqlıdırlar. Böyük dövlətlərin milli maraqlarının spektrində onların beynəlxalq aləmdə baş verən proseslərə təsir imkanları da öz əksini tapır. ABŞ-ın prioritet maraqlarına nəzər salsaq görərik ki, onlardan ikisi beynəlxalq səciyyəlidir. Bunların biri əlverişli beynəlxalq şəraitin (beynəlxalq təhlükəsizlik baxımından) yaradılması, ikincisi isə demokratiya və insan hüquqları kimi dəyərlərin beynəlxalq aləmdə yayılmasına yardım etməkdir. Halbuki zəif ölkələrin milli maraqlarında bu məsələlər prioritet ola bilməz, çünki onların beynəlxalq siyasi proseslərə təsir etmək imkanları yox dərəcəsindədir.
Deyilənləri ümumiləşdirərək milli gücün struktur elementlərini iki qrupa ayıra bilərik: SGn – nisbi sabit güc elementləri (coğrafi güc, əhali, tarix, maddi və mənəvi mədəniyyət), DG – dəyişən güc elementləri (iqtisadi inkişaf səviyyəsi, hərbi güc, siyasi sabitlik, elm və texnologiyanın inkişafı). Nisbi sabit güc elementlərini dövlətin iradəsi ilə qısa və orta müddətdə dəyişmək mümkün olmur. Amma onların ümumi gücdəki çəkisi dövrün xarakterindən asılı olaraq müəyyən dəyişikliyə uğraya bilər. Dövlətin dəyişən güc elementləri isə qısa və orta müddətdə siyasi iradə ilə dəyişə bilən göstəricilərdir.
Milli gücün qeyd olunan elementləri xaraktercə obyektivdir. Lakin onlarla yanaşı subyektiv amillərin təsiri də böyükdür. Bura ilk növbədə dövlət strategiyasını və siyasi iradəni aid etmək olar. Dövlət strategiyasının milli maraqlara, geosiyasi amilə, beynəlxalq şəraitə və s. uyğunlaşdırılması kadrların hazırlıq səviyyəsindən, problemə yanaşma tərzindən asılıdır. Siyasi iradə və strategiyanı milli gücün həm subyektiv elementləri kimi, həm də milli gücün çəkisini artıran vasitə kimi qəbul etmək olar.
Dövlətin ümumi gücünün müəyyənləşdirilməsində hansı göstəricilərin əsas götürülməsi ilk növbədə dövrün xarakterindən asılıdır. Belə ki, “soyuq müharibə” dövründə dövlətin ümumi gücünün əsas göstəricisi onun hərbi potensialı idisə, sonrakı dönəmdə iqtisadi göstəricilər daha böyük əhəmiyyət kəsb etməyə başlamışdır. Müasir dövrdə dövlətlər iqtisadiyyatın, texnologiyanın inkişafına və əhalinin layiqli həyat səviyyəsinin təmin edilməsinə üstünlük verirlər. Bununla yanaşı, hər hansı elementin əhəmiyyətini müəyyənləşdirərkən mütləq onunla bağlı olan digər elementləri də nəzərə almaq vacibdir.
Milli gücün mahiyyəti və strukturunun müəyyənləşdirilməsinin ardınca onun adekvat qiymətləndirilməsi mərhələsi gəlir. Tədqiqatçılar bu məqsədlə müxtəlif düsturlar təklif etmişlər. Amerika alimi Ray Steyner Klayn dövlətin ümumi gücünü hesablamağın belə bir düsturunu irəli sürmüşdür:
P=(C+E+M)×(S+W) Burada P – dövlətin gücü, C – əhali və ərazinin əmsalları cəmi, E – iqtisadi potensial, M– hərbi potensial, S – strateji məqsəd, W – məqsədə nail olmaq iradəsidir [3, з. 34].
Milli gücün daha təkmil bir qiymətləndirmə metodu tanınmış türk siyasi xadimi Əhməd Davudoğluna məxsusdur. O, milli gücün göstəricilərini üç qrupa ayırır: 1) sabit göstəricilər – SV (tarix – t, coğrafiya – c, mədəniyyət – m); 2)potensial göstəricilər – PV (iqtisadi güc – ek, texnoloji güc – tk, hərbi güc – ak); 3) subyektiv amillər kimi ümumiləşdirə biləcəyimiz göstəricilər (strateji təfəkkür – SZ, strateji planlaşdırma – SP, siyasi iradə – Sİ). Ə. Davudoğlunun həmin göstəricilər əsasında tərtib etdiyi düstur belədir: G=(SV+PV)×(SZ×SP×Sİ) SV=t+c+k; PV=e_(k )+t_k+a_k
Yeri gəlmişkən, birinci düsturda, sadə riyazi qaydaya görə, ikinci mötərizədən əvvəlki və onun içərisindəki göstəricilər arasında hasil nisbəti olduğuna görə sonrakı mötərizə işarəsi yersizdir. Lakin bu texniki qüsura elə bir əhəmiyyət vermədən mahiyyətə keçmək istərdik. Ə. Davudoğlunun fikrincə, bu düsturun ünsürlərinə ayrı-ayrı nəzər salsaq, sabit göstəricilərin qısa və orta müddətdə dövlətin iradəsi ilə dəyişdirilməsinin mümkün olmadığını görərik. Ancaq bu vəziyyət həmin ünsürlərin ölkələrin güc tənliyindəki çəkisinin dəyişməz olduğu mənasını vermir. Əksinə, dəyişən beynəlxalq vəziyyət bu sabit ünsürlərin ölkələrin güc tarazlıqları içindəki spesifik çəkisinin dəyişməsinə gətirib çıxara bilər. Bir ölkənin potensial göstəriciləri isə qısa və orta müddətdə dəyişə bilən və ölkə potensialının istifadə tutumunu əks etdirən ünsürlərdir. İqtisadi qaynaqlar, texnoloji infrastruktur və hərbi qüdrət ölkənin güc tənliyində dəyişən ünsürlər kimi iştirak edir. Onların xarici siyasətə əlaqəli və məhsuldar şəkildə daxil edilməsi beynəlxalq güc tarazlıqları içərisindəki çəkisinin artmasını təmin edir. Ə. Davudoğluna görə, müxtəlif cəmiyyətlərin fərqli strateji dünyagörüşünə malik olmaları, əslində, məkan və zaman ölçülərinə söykənən dünyanı fərqli dərk etmələrinin məhsuludur, burada yolverilən yanlışlıqlar həmin ölkələrin beynəlxalq əlaqələrində çətinliklərə səbəb olur [2, s. 17-29].
Nəzərdən keçirdiyimiz düsturlara ümumi qiymət vermiş olsaq, onların müsbət göstəriciləri ilə yanaşı müəyyən çatışmazlıqlarını da qeyd etməli olarıq. Burada biz ilk növbədə milli gücün daxili komponentləri sırasında elmi-texniki tərəqqinin ayrıca vacib bir element kimi göstərilməməsini nəzərdə tuturuq. Digər mühüm iradımız həmin düsturlarda xarici geosiyasi amilin təsirinin ümumiyyətlə nəzərə alınmamasıdır. Hesab edirik, belə yanaşma dəyişən xarici şəraiti nəzərə almadığına görə abstraktdır. Xüsusən sürətlə qloballaşan müasir dünyada xarici geosiyasi amillərin milli gücə təsiri getdikcə artır. Odur ki, biz həmin amilləri də nəzərə alaraq milli gücün hesablanmasının daha mükəmməl hesab etdiyimiz belə bir düstur - modelini təklif edirik:
MG=Əh + Ər + (İq + Hg) x ETT + XGA
Burada MG – milli güc, Əh - əhali, Ər - ərazi, İq – iqtisadiyyat, Hg – hərbi güc, ETT – Elmi-texniki tərəqqi və XGA – xarici geosiyasi amildir.
Elmi-texniki tərəqqi, xüsusən onun yetirməsi olan elm tutumlu yüksək texnologiyalar həm iqtisadiyyata, həm də hərbi gücün texniki təchizatına inqilabi təsir göstərir. Milli gücün qiymətləndirilməsində xarici geosiyasi amilin rolu da nəyinki yüksəkdir, hətta müəyyən böhranlı hallarda (iqtisadi, sosial, hərbi və s.) həlledici əhəmiyyət kəsb edir. Müasir çoxsaylı regional münaqişələrin həllində göstərilən geosiyasi amillərin rolu bunu əyani nümayiş etdirir.

Milli maraqların qiymətləndirilməsi, prioritetliyinin müəyyənləşdirilməsi
Müasir siyasi elmin bir sıra nümayəndələri milli güclə yanaşı bütövlükdə milli maraqların qiymətləndirilməsi probleminə də diqqəti yetirirlər. Amma bu məsələnin həllində onların daha çox təmsil etdiyi ölkənin milli maraqlarına üstünlük verdikləri hiss olunur. Məsələn, D.E. Nekterleyn milli maraqların qiymətləndirilməsi düsturunu hazırlayarkən ABŞ-ın uzunmüddətli təməl milli maraqlarını (vətənin müdafiəsi, iqtisadi rifah, əlverişli dünya düzəni, dəyərlərin yayılması) əsas götürərək dörd meyarlı (həyati, həyati vacib, vacib, periferik) ümumi bir matrisada birləşdirmiş, onların intensivlik səviyyəsini ayırd etmək üçün daha dörd əlavə anlayışı (kritik, təhlükəli, ciddi, narahatlıq yaradan) da bu sistemə daxil etmişdir [6, p. 20].
Milli maraqların qiymətləndirilməsi ilə bağlı daha bir düstur Çin tədqiqatçısı Yan Xue Tonq tərəfindən irəli sürülmüşdür. O, əsas diqqəti milli maraqları faydalılıq dərəcəsinə görə fərqləndirməyə yönəldir. Bunun üçün onları əhəmiyyətlilik baxımından birinci və ikinci dərəcəli, kəskinlik baxımından isə indiki və gələcək maraqlara ayırır. Bu əsasda milli maraqları dörd qrupa bölür: 1) indiki birinci dərəcəli maraqlar – A; 2) indiki ikinci dərəcəli maraqlar – B; 3) gələcək birinci dərəcəli maraqlar – C; 4) gələcək ikinci dərəcəli maraqlar – D. Bu sıraya uyğun olaraq onlara A=3, B=2, C=2 və D=1 əmsalını verir. Burada B və C qruplarına daxil olan milli maraqların əmsalındakı bərabərliyi izah edən müəllif göstərir ki, həmin maraqların faydalılıq əmsalları bərabər və ya yaxın olduğu üçün onlardan birinə üstünlük vermək çətinləşir. Dünya praktikasında əksər hallarda siyasi qərar qəbul edənlər seçim qarşısında qaldıqda indiki ikinci dərəcəli maraqları gələcək birinci dərəcəli maraqlardan üstün tuturlar. Müəllifin izahına görə, iki eyni ölçüyə malik olan obyektlərdən uzaqda olanlar yaxındakılara nisbətən kiçik görünür, nəticədə yaxındakına, yəni Çin müəllifinin təsnifatındakı B qrupuna C-yə nisbətən üstünlük verilir [4, p. 49].
Bununla belə, hesab edirik ki, B və C maraqlarının arasında seçim edərkən bugünün qayğıları ilə yanaşı gələcək perspektiv də hökmən nəzərə alınmalıdır. Məsələn, iqtisadiyyat sahəsində islahatlar bugün üçün maddi ziyan verə bildiyi halda, gələcək güclü inkişafın mənbəyinə çevrildiyindən daha yüksək qiymətləndirilməlidir.
Üzərində dayandığımız və onlara bənzər digər yanaşmalara ümumi qiymət versək, burada milli maraqların əhəmiyyətinə və kəskinliyinə görə fərqləndirildiyini görə bilərik. Onları əhəmiyyətinə görə birinci və ikinci dərəcəli, kəskinliyinə görə isə həyati (kritik), həyati-vacib (təhlükəli), vacib (ciddi) və periferik (narahatlıq doğuran) maraqlara bölürlər. Bu bölgünü, həmçinin D.E. Nekterleynin, Y. Xue-Tonqun və digər tədqiqatçıların qiymətləndirmə qaydalarını nəzərə alaraq, belə bir düsturdan istifadə olunmasını təklif edirik: M_p= Ə_d×K_d Burada Mp maraqların prioritetliyini, Əd maraqların əhəmiyyətlilik dərəcəsini, Kd isə maraqların kəskinlik dərəcəsini ifadə edir.
Milli maraqların, geosiyasi və ya milli gücün siyasi elmdə geniş tədqiq olunmasına, o cümlədən qiymətləndirilməsi ilə bağlı müəyyən konsepsiyaların olmasına baxmayaraq həmin sahədə mübahisəli məsələlər hələ də qalmaqdadır. Bunun əsas səbəblərindən biri tədqiqatçıların milli maraqların qiymətləndirilməsində obyektiv elmi metodlara deyil, subyektiv instinktlərə üstünlük vermələridir. Belə ki, dövlət başçıları öz siyasi səriştələrinə əsaslanaraq ölkənin milli və ya dövlət maraqlarını elmi metodlara söykənmədən də düzgün qiymətləndirə biləcəklərini güman edirlər. Halbuki sivilizasiya tarixində belə subyektiv qiymətləndirmələrə görə milli dövlət maraqlarının ciddi ziyan çəkdiyini göstərən faktlar az deyil.
Hesab edirik, burada əsas diqqət ilk növbədə milli maraq komponentlərinin konkret tarixi dövrdə və mövcud beynəlxalq vəziyyətdə prioritetliyinin düzgün qiymətləndirilməsinə yönəldilməlidir. Fikrimizi bir qədər də dəqiqləşdirsək, milli maraqların ayrı-ayrı elementlərinin müvafiq məkan-zaman müstəvisində əhəmiyyətlilik dərəcəsi və kəskinlik səviyyəsinin subyektiv amillərə deyil, obyektiv meyarlara əsasən dəqiqləşdirilməsi tələb olunur. Lakin bu vəzifənin yerinə yetirilməsi göründüyü qədər də asan deyil. Əvvəla, milli maraqların bir qismi, daha doğrusu, dəyişən elementləri müxtəlif təsirlərə həssasdır. Bu təsiri törədən amillərin qabaqcadan müəyyən edilməsi çətindir, həm vəziyyət dəyişə bilər və həm də qiymətləndirmədə səhvə yol verilə bilər.
Burada çətinlik törədən digər mühüm amil zahirən bütöv sistem təsiri bağışlayan milli maraqların daxilində bəzən ziddiyyət təşkil edən element və ya məqamların da olmasıdır. Daha doğrusu, milli maraqların müəyyən qismi bir sıra başqa maraqların qurban verilməsi hesabına təmin edilə bilər. Məsələn, milli dövlət təhlükəsizliyi müdafiə xərclərinin artırılmasını tələb edir ki, bu da sosial sferaya ayrılan büdcə vəsaitinin azaldılmasına səbəb olur. Milli maraqların qiymətləndirilməsi üçün tələb olunan zəruri informasiyanın əldə edilməsi sahəsində çətinliyi, nəhayət, milli maraqları qiymətləndirən siyasi elitanın öz daxilində fikir ayrılığı və ziddiyyətləri qeyd etməliyik. Deməli, obyektiv reallığın elmi dərki ilə yanaşı onun qiymətləndirilməsində subyektiv amilin, daha doğrusu, idarəçilik səriştəsinin, zəruri elmi biliyin olması da vacibdir.

Nəticə
Apardığımız təhlildən belə qənaətə gəlirik ki, milli maraqlar dövlətin malik olduğu real geosiyasi-milli gücə uyğunlaşdırılmalıdır. Reallığa əsaslanmayan maraqlar təmin oluna bilməz və dövləti inkişafa deyil, tənəzzülə sürükləyər. Buna yol verməmək üçün geosiyasi amillər müəyyənləşdirilməli, onların əsasında formalaşan milli maraqların prioritetliyi dəqiqliklə qiymətləndirilməli, dövlət tərəfindən qəbul olunan strateji sənədlərdə təsbit olunmalıdır.


Ədəbiyyat
1. Xəlilov C.M. Milli təhlükəsizlik mənlik şüuru kontekstində. Bakı: Vətən, 2006, 220 s.
2. Davutoğlu A. Strateji derinlik. Türkiye’nin uluslararası konumu. İstanbul: Kurtiş Matbaacılık, 2010, 584 s.
3. Cline R. World Power Assessment 1977: A Calculus of Strategic Drift. Colorado: Westview Press, 1977, 206 p.
4. Hue-Tong Y. Analysis of China’s National Interests.
http://cns.miis.edu/books/pdfs/china_national_interests.pdf
5. Morgenthau H. Politics Among Nations: The Struggle for Power and Peace. Seventh edition, New York: Alfred A. Knopf, 1968, 416 p
6. Nuechterlein D. America Recommitted: A Superpower Assesses its Role in a Turbulent World. Kentucky: The University Press of Kentucky, 2000, 323 p.
7. Гоббс Т. Сочинения в 2-х т. М.: Мысль, 1989-1991, Т. I, 622 c.; Т. II, 736 с.
8. Мэхэн А.Т. Роль морских сил в мировой истории / Пер. с англ. Л.А. Игоревского М.: ЗАО Центрполиграф, 2008, 606 с.
9. Общая теория национальной безопасности: Учебник / Под общ. ред. А.А. Прохожева. www.twirpx.com/file/108007
10. Фукидид. История. Л.: Наука, Лен. отд-е, 1981, 542 с.

Açar sözlər: milli maraq, milli güc, təhlükəsizlik, təhdid, geosiyasi amil, qiymətləndirmə
Ключевые слова: национальные интересы, национальная сила, безопасность, угроза, геополитический фактор, оценка
Key words: national interest, national power, security, threat, factor, evaluation

Summary
Formation and evaluation of national interests (conceptual approach)
The article is devoted to the problems of formation, structure, evaluation and definition the priority of national interests, in the structure of which the national power stands out; the existing formula is analyzed the definitions of their evaluation, put forward by the author and the improved version.

Резюме
Формирование и оценка национальных интересов (концептуальный подход)
Статья посвящена проблемам формирования, структуры, оценки и определения приоритетности национальных интересов, в структуре которой особо выделяется национальная сила; анализируются имеющиеся формулы-определения оценки как национальных интересов, так и национальной силы, выдвигается совершенствованные их автором версии.

 

SƏYAVUŞ QASIMOV
Bakı Avrasiya Universiteti

 

"GEOSTRATEGİYA" jurnalı №01 (43) YANVAR-FEVRAL 2018


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM