Tarix elmləri doktoru, professor
Qərbdə Azərbaycana qarşı ardıcıl və məqsədyönlü şəkildə fəaliyyət göstərən dairələr, onların nəzarətində olan təşkilatlar və media ölkəmizdə keçirilən mühüm tədbirlər ərəfəsində daha da fəallaşır və ciddi-cəhdlə həm Azərbaycanı, həm də həmin tədbiri qaralamağa çalışırlar.
Məlumdur ki, 2018-ci il başlayandan Azərbaycan bir çox beynəlxalq səviyyəli tədbirlərə ev sahibliyi etmiş, ölkənin həyatında mühüm əhəmiyyət kəsb edən hadisələr baş vermişdir. Aprelin 11-də Azərbaycanda keçirilmiş prezident seçkiləri ekspertlərin tam əksəriyyəti tərəfindən cənab İlham Əliyevə etimad referendumu kimi dəyərləndirildi. Seçkilərdən sonra yeni hökumətin formalaşdırılması istiqamətində atılan addımlar cəmiyyət tərəfindən olduqca pozitiv qarşılandı. Biz ilk müsəlman demokratiyasının qurulmasının 100 illiyini qeyd edirik, azərbaycanlılara qarşı həyata keçirilmiş soyqırımın bir əsrlik tarixinə beynəlxalq platformalarda hüquqi-siyasi qiymət verilməsi üçün ciddi kampaniya təşkil olunub. Azərbaycanın liderliyi ilə həyata keçirilən “Cənub Qaz Dəhlizi” layihəsinin bəzi komponentləri üzərində işlər yekunlaşır və bir müddət sonra TANAP-ın açılışını qeyd edəcəyik. Mühüm geostrateji əhəmiyyətə malik nəqliyyat layihələrinin həyata keçirilməsi ilə bağlı çox əhəmiyyətli qərarlar qəbul olunub və bu istiqamət üzrə işlər uğurla davam etdirilir. Bu günlərdə isə “Formula l” yarışlarını izləyən dünya idmansevərləri həm də müasir Bakının möhtəşəmliyindən öz təəccüblərini gizlətmirlər.
Baxın! Bu tədbirlər 2018-ci ilin dörd ayında baş verib. Hələ qarşıda öz möhtəşəmliyi ilə dünya ictimaiyyətinin diqqətini ölkəmizə cəlb edəcək hadisələr var.
Bəs Ermənistanda nə baş verir?! Bu ölkədə Azərbaycanla eyni vaxtda keçirilmiş seçkilərdən sonra coşmuş ehtiraslar, xalq narazılığı səngimək bilmir. Erməni xalqı uzun illərdir onu istismar edən, beynəlxalq aləmdən, regionun siyasi və iqtisadi həyatından təcrid halına salmış, bütün maddi resurslarını mənimsəmiş Serj Sarkisyanı istefaya göndərsə də, sakitləşmir. Dünən baş nazir “seçilməsi” münasibətilə Sarkisyanı təbrik edənlərin, Ermənistana rifah arzulayanların bugünkü məyusluğunu başa düşürük.
Görünür, məhz bu mənzərə - bir tərəfdə güclü və öz inkişafını uğurla davam etdirən Azərbaycan, digər tərəfdə də siyasi kataklizmlər burulğanında çabalayan, sabaha heç bir ümidi olmayan Ermənistan reallığı xarici anti-Azərbaycan dairələri ciddi narahat edir. Əminəm ki, böyük maliyyə sərfiyyatı hesabına başa gələn “söyüş kampaniyasının” səmərəsizliyi də onların yuxusunu ərşə çəkib.
Məhz belə bir məqamda anti-Azərbaycan fəaliyyəti dəfələrlə sübut edilmiş bəzi Qərb QHT-ləri və mediası tərəfindən irəli sürülən subyektiv mülahizələr əsasında AŞPA-da növbəti kampaniyanın başlanması heç də təəccüblü görünmür və təsadüfi xarakter daşımır. Qərbin bir sıra transmilli nəşrlərində xüsusi səhifələr alaraq “araşdırmalarını” dərc edən OCCRP şəbəkəsinin və onun arxasındakı qüvvələrin nə istədiyini anlayırıq.
Onlar qlobal miqyasda səs salan, iri ölçülü siyasi xəritədə nəzərə çarpan kiçik bir dövlətin müstəqil siyasətini qəbul etmək istəmirlər. Keçmiş sovet periferiyasının – Azərbaycanın öz milli sərvətlərinə sahib çıxması, güclənməsi və beynəlxalq aktora çevrilməsi həmin dairələri məmnun etmir. Artıq daxildəki “5-ci kolon” vasitəsilə iğtişaşlar təşkil etmək, qarışıqlıq salmaq və Azərbaycanı fakt qarşısında qoymaq, onu güzəştə məcbur etmək mümkün deyil.
Azərbaycan Qərbin qonşu dövlətlərlə bağlı apardığı kampaniyaların, sanksiyaların heç birinə qoşulmur, öz ərazisindən bu və ya digər ölkəyə qarşı platsdarm kimi istifadə edilməsinə imkan vermir. Azərbaycan 1990-cı illərin “demokratiya dalğası”nı onun vasitəsilə cənuba və Mərkəzi Asiyaya ixrac təşəbbüslərinə də isti yanaşmamışdı, bu gün də Böyük Yaxın Şərq, yeni “şiə hilalı” kimi proyektlərdə də yer almır, dost Rusiya, İran və Türkiyə xalqları əleyhinə heç bir sazişdə iştirak etmir. Hərçənd, bununla bağlı yetərincə təşviq, təhrik və təzyiqlər olub və davam edir.
Azərbaycan xarici siyasət kursunu müstəqil şəkildə, öz milli maraqlarına uyğun müəyyənləşdirib həyat keçirir, beynəlxalq təşkilatların tribunalarında xalqın mövqeyi ifadə olunur. Bir sözlə, əhalisinin sayı 10 milyona çatmamış bir ölkə dünyanın hegemon qüvvələrinin təzyiqləri qarşısında dirəniş göstərir, öz xəttini yürüdür və beynəlxalq aləmdə etibarlı tərəfdaş, güvənilə bilən müttəfiq kimi böyük nüfuz və hörmət qazanmışdr.
İstənilən dövlətin xarici siyasətində milli mənafelər naminə diasporun və xaricdəki mənafe qruplarının gücündən istifadə etmək istiqaməti mühüm yer tutur. Lobbiçilik Qərb siyasətinin dünyaya tanıtdığı fəaliyyətdir. Qərb ölkələrinin bir çoxunda, məsələn ABŞ-da bu fəaliyyət qanunla tənzimlənir. ABŞ xaricdə həmin məqsədlər üçün ildə 200 milyard dollardan çox vəsait xərcləyir. Avropa İttifaqı “Şərq tərəfdaşlığı” proqramı da daxil olmaqla siyasət, təhsil, QHT sahəsinə aid layihələrə yüz milyonlarla avro sərf edir.
Azərbaycan da eyni yolu gedir, ölkəmizdə iqtisadi maraqları olan şirkət və qurumların, enerji və nəqliyyat dəhlizləri siyasətindən bəhrələnən dövlətlərin gücündən istifadə edir, ayrı-ayrı siyasətçilər, media strukturları, QHT-lər, parlament fraksiyaları ilə işləməyə can atır. Heydər Əliyev Fondu, AİDA xəttilə mühüm layihələr həyata keçirilir, ölkənin imici naminə beynəlxalq tədbirlərə ev sahibliyi edilir. Azərbaycan beynəlxalq təşkilatlarla iş aparmamalıdırmı? Gələn qonaqlar ac yola salınmalıdırmı? Onlara ölkəmizin simvolu olan suvenirlərin təqdim edilməsində nə qəbahət var?
Ermənipərəst “People in Need”, eləcə də “Freedom House”, “Amnesty International” və “Human Rights Watch” kimi təşkilatların maliyyələşməsində xüsusi rolu olan “Carnegie Corporation”un rəhbərliyi erməni diasporunun nümayəndələrindən ibarətdir. Dövlət katibi olarkən öz kabinetini anti-Azərbaycan kampaniyaları üçün qərargaha çevirmiş Con Kerri də bu gün “Carnegie Corporation”da ekspert kimi çalışır. Nədən ermənilərin lobbi fəaliyyətinə Qərbdə “yaşıl işıq” yandırılmalı, Azərbaycan əleyhinə fəaliyyəti belə açıq şəkildə stimullaşdırılmalı, amma Azərbaycan dövlətinin özünü müdafiə etmək haqqı tanınmamalıdır?
Siyasi pərdəarxası xəbərlərin aktiv izləyiciləri yəqin ki, xatırlayırlar – Azərbaycan yenicə müstəqillik əldə etdiyi dövrdə Qərbin müxtəlif işbaz qurumları, biznesmenləri, siyasətçiləri ölkəmizlə işbirliyi qurmağa çalışır və beynəlxalq arenada onun PR-nı təşkil etmək üçün öz təkliflərini irəli sürürdülər. Əksər hallarda da təkliflərin arxasında Azərbaycanın milli sərvətlərindən pay qoparmaq cəhdi dayanırdı. Azərbaycanın milli sərvətlərini belə stereotip düşüncəsi olan, yeni “fəth edilmiş” keçmiş sovet əyalətinə qənimət dalınca gedən “quldurlara” verib onlarlamı işləməliydik?
Əgər Azərbaycan beynəlxalq arenada öz maraqlarını müdafiə etmək üçün fəal siyasi və iqtisadi qruplardan, sağlam düşüncəli nüfuzlu şəxslərdən istifadə edirsə, bunun nəyi pisdir? Bəs formalaşdırılmış lobbi Azərbaycan üçün hansı işlər görüb? Avropanın müxtəlif strukturlarının Dağlıq Qarabağ münaqişəsi ilə bağlı indiyədək qəbul etdiyi sənədlərin sadəcə sadalanması kifayət qədər yer və zaman alardı. Bu uğurda həm Azərbaycan diplomatiyasının, həm də diasporun böyük əməyi var. İlk dəfə belə sənədlər qəbul ediləndə o zaman AŞPA-dakı erməni nümayəndə heyəti və Ermənistan xarici siyasət idarəsinin uzun müddət hansı şok yaşadığını nə tez unutduq?
2013-cü ildə iflasa uğramış bədnam “Ştrasser layihəsi”nin şokunu yaşayanlar AŞPA-dakı “korrupsiya hesabatından” sonra yenidən “siyasi məhbus” məsələsində qisasa və revanşa hazırlaşırlar. Bu, Azərbaycana, onun milli maraqlarına qarşı qurulmuş növbəti məkrli oyundur. Necə düşünürsünüz, dövlət öz mənafeyini qorumalı deyilmi?
Biz xarici anti-Azərbaycan dairələrin məqsədlərini başa düşürük, ancaq Azərbaycandan olan və bu kampaniyalara dəstək verənləri, o qarayaxmalarda yer alanları anlaya bilmirik. Həmişə erməni lobbisinin fəaliyyətini nümunə göstərərək Azərbaycanı öz gücünə iqtisadi lobbi, siyasi dəstək qrupları formalşdırmamaqda ittiham edənlərin bugünkü əks-mövqeyini məntiqlə izah etmək mümkün deyil.
Biz ölkə daxilindəki opponentlərdən “niyə Azərbaycan lobbisi Avropa strukturlarında, Qərb dövlətlərinin parlamentlərində, beynəlxalq strukturlarda azdır?”, “niyə bu və ya digər Qərb ölkəsində ictimai rəyə təsiri olan qurum, QHT, düşüncə mərkəzi Azərbaycan lobbisinə çevrilməyib?” suallarını eşitmək istəyirik. Bunun qısa cavabı da var. Birincisi, lobbini yaratmaq kifayət qədər böyük zaman və gərgin fəaliyyət tələb edir. Cənab Prezidentin son təyinatlarının bu işi daha da sürətləndirəcəyinə heç bir şübhə yoxdur. İkincisi, bəzən diaspor və lobbi quruculuğuna dəstək göstərməli olan bəzi şəxslər sadəcə xəyanət yolu tutmuşlar. Avropa Şurası yanında səfir postu kimi yüksək vəzifə tutan diplomat indi AŞPA və digər Avropa strukturlarına Azərbaycanın lobbi fəaliyyəti barədə gizli şikayət-donos göndərməsi haqda “qürurla” danışır. Çox mühüm səbəb budur - lobbi qurmalı olanlardan bəziləri bu işin önünü kəsmək üçün hətta xəyanəti belə göz önünə almışlar.
Lobbi quruculuğuna yardım edəcək bəzi diaspor nümayəndələri isə Qərbin formalaşdırdığı “iaşə müxalifəti”nə çevrilib və Azərbaycan dövlətinə qarşı erməni lobbisi ilə birlikdə mübarizə aparırlar. Həmin “iaşə müxalifəti” AŞPA-da ermənipərəst “People in Need” təşkilatının dinləmələrində canfəşanlıq edir.
Ancaq nə qədər acınacaqlı görünsə də, opponentlər bizi lobbinin zəifliyində deyil, ümumiyyətlə lobbi fəaliyyətini təşkil etməkdə günahlandırırlar. Avropanın bəlli çevrələrindən bəhrələnən radikal müxalifətin xalqın heysiyyatına hesablanmış və XIX əsrə xas “vaveyla şəriət əldən getdi” tərzdə şüarı, hətta hansısa oteldə baş verən hadisəyə görə hakimiyyəti ittiham etməsi onların populizminin və primitivliyinin göstəricisidir. Əvvəla, Pedro Aqramuntun məlum açıqlaması bu iddialara çox tutarlı cavab oldu. Digər tərəfdən isə, bir müddət əvvəl “niyə otellərdə cütlüklərdən sənəd tələb olunur” deyənlərin bu gün tam əks fikir səsləndirməsi onların sadəcə manipulyasiya həvəskarı olduğunu təsdiq edir.
İndi sadə bir suala cavab istəyirəm: əgər hər hansı oteldə hansısa xoşagəlməz hadisə baş veribsə, kimsə kiməsə nə isə təklif edibsə, bunda hakimiyyəti ittiham etmək nə dərəcədə düzgündür?
Biz, bəzi ölkələrin nümunəsinə uyğun olaraq, opponentlərimizdən milli məsələlərdə sağlam düşüncə, obyektiv mövqe gözləyirik. Siz hakimiyyətə qarşı müxalif ola bilərsiniz, amma dövlət və xalqa qarşı müxalifətçilik heç bir dövrdə və heç bir xalqın tarixində təqdir olunmayıb.
Görünür, xarici dairələr hakimiyyət opponentlərinin xidmətlərindən yararlanmaqla Azərbaycan dövlətini gözdən salacaq ictimai narazılıq formalaşdırmağa can atırlar. Lakin əminliklə deyə bilərik ki, əvvəllər olduğu kimi, bu süni ajiotaj yaratmaq cəhdi də uğursuzluğa məhkumdur. Azərbaycan əməkdaşlığa, tərəfdaşlığa açıq ölkədir, lakin heç vaxt təzyiq, şantaj, təhdid siyasətini qəbul etməyib və etməyəcək. Buna görə də belə cılız kampaniyalarla Azərbaycanın beynəlxalq nüfuzuna xələl gətirmək cəhdinin iflasa uğrayacağı heç bir şübhə doğurmur.
Strategiya.az
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM