31 MART - AZƏRBAYCANLILARIN SOYQIRIMI GÜNÜ

10:06 / 30.03.2021

Əli Həsənov

Tarix elmləri doktoru, professor


31 mart hər il dünyada Azərbaycanlıların Soyqırımı Günü kimi qeyd olunur və ayrı-ayrı zamanlarda erməni millətçiləri tərəfindən etnik mənsubiyyətinə görə qətlə yetirilmiş yüz minlərlə soydaşımızın xatirəsi ehtiramla yad edilir. Son iki əsrdə xalqımıza qarşı erməni millətçiləri tərəfindən məqsədyönlü şəkildə həyata keçirilən etnik təmizləmə, soyqırımı və təcavüzkarlıq siyasəti Azərbaycan tarixinin faciələrlə, o cümlədən qanlı hadisələrlə dolu çox ağrılı mərhələləsini təşkil edir. Bu millətçi-şovinist siyasətin əsas məqsədi azərbaycanlıları öz tarixi torpaqlarından qovmaqla əzəli Azərbaycan ərazilərində ermənilərin uydurduqları “Böyük Ermənistan” dövləti yaratmaq olmuşdur
Ermənilər Azərbaycan torpaqlarına necə köçürüldü və dövlət qurdu? İki əsrlik etnik təmizləmə və təcavüz siyasətinin qısa tarixi
ÇARİZMİN QAFQAZDA İŞĞALÇILIQ SİYASƏTİ VƏ ERMƏNİLƏRİN AZƏRBAYCANLILAR YAŞAYAN TORPAQLARA KÖÇÜRÜLMƏSİ
Tarixi faktlar göstərir ki, strateji baxımdan Cənubi Qafqazda mühüm əhəmiyyətə malik olan Azərbaycan torpaqlarına, xüsusən də Qarabağ bölgəsinə İrandan və Türkiyədən çoxsaylı erməni əhalisinin köçürülməsinə XIX əsrin əvvəllərində başlanılmışdır. Bu dövrdəlükdə Qafqazı, o cümlədən Şimali Azərbaycanı ələ keçirmək istəyən çar Rusiyası XVIII əsrin sonu XIX əsrin əvvəllərində Türkiyə və İrana qarşı çoxillik müharibələrə başlayır və bu müharibələrdə “erməni amili”ndən siyasi alət kimi istifadə edir.
Qafqazdakı rus qoşunlarının baş komandanı P.D.Sisianov XIX əsrin əvvəllərində Gəncəni tutduqdan sonra, 1805-ci il 22 may tarixli, 19 nömrəli raportunda yazırdı ki, “Qarabağ özünün coğrafi mövqeyinə görə Azərbaycanın, eləcə də İranın qapısı hesab edilir, buna görə də onu itaətdə saxlamalı və burada mövqeyimizi möhkəmlətməyə daha çox cəhd göstərməliyik”. Belə bir məqsəd tezliklə həyata keçirildi. 1805-ci ildə ruslar Qarabağı işğal etdi və mayın 14-də Qarabağ xanı İbrahim xanla general Sisianov arasında xanlıq ərazilərinin Rusiya tərkibinə qatılmasına dair müqavilə imzalandı.
Qarabağ xanlığı Rusiyanın tərkibinə daxil olan kimi P.D.Sisianov dərhal Qarabağda çarizmin mövqeyini möhkəmlətmək üçün Cənubi Qafqazın digər əyalətlərindən erməniləri bu torpaqlara köçürməyə başladı. Həmin dövrdə Qarabağ əhalisinin sayı və etnik tərkibi haqqında ətraflı məlumat verən və mühüm sənəd sayılan çar məmurları Yermolov və Mogilyovski tərəfindən tərtib edilən “Qarabağ əyalətinin təsviri” toplusuna görə, 1823-cü ildə Qarabağ əyalətində 20 min 95 ailə, o cümlədən 15 min 729 azərbaycanlı və 4 min 366 erməni ailəsi olmuşdur. Yəni, hələ 1823-cü ilə qədər Qarabağa köçürülən ermənilərin hesabına əyalətdə erməni ailələrinin sayı artıb 4 min 366-ya çatmışdır.
Qarabağın dağlıq hissəsində erməni əhalisinin xeyli dərəcədə çoxaldılması XIX əsrin 20-ci illərində, xüsusilə Cənubi Qafqazın Rusiya tərəfindən tam işğal edilməsindən sonra baş verdi. 1804-1813-cü, 1826-1828-ci illər Rusiya-İran və 1828-1829-cu illər Rusiya-Türkiyə müharibələrinin gedişində, həm də sonralar ermənilərin İran, Türkiyə və Cənubi Azərbaycandan kütləvi surətdə Cənubi Qafqazın azərbaycanlılar yaşayan ərazilərinə, o cümlədən Qarabağa köçürülməsi nəticəsində burada ermənilərin sayı ilbəil artmağa başladı.
Çar Rusiyasının Qafqazı işğal etməsi, ardıncan ərazilərə ermənilərin və başqa millətlərin köçürülməsi haqqında N.N.Şavrov yazırdı ki: “Biz müstəmləkəçilik fəaliyyətimizə Qafqaza rus əhalisinin deyil, xaricilərin köçürülməsindən başladıq. Vətəndə arzuedilməz ünsürlər sayılan bu kolonistlərdən Tiflis və Yelizavetpol (Gəncə) quberniyalarında koloniyalar yaratdıq. Onlara ən yaxşı torpaqlar ayrıldı və müxtəlif imtiyazlar verildi”.
Qarabağın dağlıq hissəsinə əvvəlcə rəsmən 124 min, daha sonra isə qeyri-rəsmi olaraq xeyli erməni köçürülmüşdür. Ümumiyyətlə, 1828-1830-cu illər ərzində Qarabağın dağlıq hissəsinə 200 mindən çox xarici erməni köçürülmüşdür. Bu faktları N.N.Şavrov belə təsvir edir: “1828-1830-cu illər müharibəsi qurtarıqdan sonra biz 40 mindən çox İran və 84 min Türkiyə ermənisini köçürüb onları, demək olar ki, ermənilər yaşamayan Yelizavetpol və İrəvan quberniyalarında, Tiflis, Borçalı, Axalsix, Axalkələk qəzalarının ən yaxşı dövlət torpaqlarında yerləşdirdik. Onların məskunlaşması üçün 200.000 desyatindən çox xəzinə torpağı ayrılmış və habelə bu məqsədlə müsəlmanlardan 2 milyon manatlıqdan çox xüsusi sahibkar torpağı satın alınmışdı. Həmin ermənilər Yelizavetpol quberniyasının dağlıq hissəsi (Qarabağın dağlıq hissəsi nəzərdə tutulur) və Göyçə gölünün sahillərində məkunlaşdırıldılar. Bunu da nəzərə almaq lazımdır ki, rəsmi olaraq köçürülən 124 min ermənidən başqa, buraya qeyri-rəsmi köçənlərlə birlikdə onların sayı 200 min nəfərdən çoxdur”.
ERMƏNİLƏR YERLİ ƏHALİNİ SIXIŞDIRMAĞA BAŞLAYIR
Faktla göstərir ki, Azərbaycan ərazilərinə köçürülən ermənilər, əsasən ermənilər yaşamayan və yaxud az yaşayan yerlərdə məskunlaşdırılırdı. Buradan belə məlum olur ki, XIX əsrin əvvəllərinə, xüsusilə Türkmənçay müqaviləsinə qədər Azərbaycanın Gəncə və İrəvan quberniyalarında yaşayan ermənilərin sayı çox az olmuşdur. Türkmənçay müqaviləsindən sonrakı təkcə iki ildə çar Rusiyasının himayədarlığı nəticəsində ermənilər Azərbaycanın müxtəlif yerlərində, o cümlədən Qarabağın dağlıq hissəsində məskunlaşmağa nail oldular. Çarizmin ermənilərə olan bu himayədarlığı sonrakı illərdə də özünü göstərirdi.
XIX əsrin sonu — XX əsrin əvvələrində Cənubi Qafqaza ermənilərin köçürülməsi davam etdirildi. Təkcə 1896-cı ildən 1908-ci ilədək — 13 ildə Zaqafqaziyaya 400 min erməni köçürülmüşdü. Bu barədə N.N.Şavrov yazır: “1896-cı ildə general-adyutant Şeremetyev Zaqafqaziyada yaşayan ermənilər haqqında məlumatında onların sayının 900 min nəfər olduğunu göstərmişdir. 1908-ci ildə isə onların sayı 1 milyon 300 min nəfərə çatmışdır, yəni bu müddət ərzində ermənilər 400 min nəfərdən artıq çoxalmışlar. Hal-hazırda Zaqafqaziyada yaşayan 1 milyon 300 min ermənidən 1 milyon nəfəri diyarın köklü sakinləri deyil. Onları buraya biz köçürmüşük”.
Ümumiyyətlə, Qarabağın dağlıq hissəsinə ermənilərin köçürülməsi bölgədə demoqrafik vəziyyətə ciddi təsir göstərdi. 1897-ci ildə əhalinin siyahıya alınması zamanı Qarabağda yaşayan 54 min 841 ailədən 29 min 350-sinin azərbaycanlı, 18 min 616-sının isə erməni ailəsi olduğu bildirilir. 1917-ci ildə isə Qarabağda ermənilərin sayı gəlmələrin hesabına artaraq ümumi əhalinin 46 faizini, azərbaycanlılar isə 51 faizini təşkil etmişdir.
1917-ci ilin “Kavkazski kalendar” məcmuəsinin yazdığına görə, Qarabağda 199 min azərbaycanlı (58,3 faiz) və 142 min erməni (41,7 faiz) yaşayırdı. Göründüyü kimi, çar Rusiyasının himayəsi sayəsində süni surətdə ermənilərin mərhələ-mərhələ köçürülüb Qarabağda yerləşdirilməsinə baxmayaraq, azərbaycanlılar həmin torpaqların əzəli sakinləri olmaqla yanaşı, bütün dövrlərdə çoxluq təşkil etmişlər. “Kavkazski kalendar”ın salnamələrində verilən statistik məlumatlar sübut edir ki, Ermənistanın indiki ərazisində də əvvəllər azərbaycanlılar ermənilərdən xeyli çox olmuşdur. Məsələn, 1886-cı ildə Gəncə (Yelizavetpol) quberniyasının Zəngəzur qəzasındakı 326 kənddən 154-ü azərbaycanlı kəndi (45,7 faiz), 91-i kürd kəndi (27,8 faiz) və yalnız 81-i erməni kəndi (24,8 faiz) olmuşdur.
889-cu ildə Zəngəzur qəzasının azərbaycanlı əhalisi ermənilərdən 1500 nəfər çox olmuşdur. 1897-ci ildə isə Zəngəzurun əhalisi 142 min nəfər olmuşdur ki, onlardan 71,2 mini (50,1 faiz) azərbaycanlı, 63,6 min nəfəri isə (44,8 faiz) erməni olmuşdur. Ermənistan Mərkəzi Statistika İdarəsinin 1962-ci ildə nəşr olunmuş statistik məcmuəsində göstərilir ki, 1831-ci ildə İrəvan şəhərinin 18 min 766 nəfər əhalisinin 15 min 992 nəfəri, 1866-cı ildə isə 27 min 246 nəfərdən 23 min 627 nəfəri azərbaycanlı olmuşdur (yəni əhalinin 85,2 faizi).
Z.Kirokodyanın 1932-ci ildə İrəvanda nəşr olunmuş “Sovet Ermənistanının əhalisi 1831-1931" kitabında da qeyd edilir ki, İrəvan quberniyasının İrəvan, Eçmiədzin, Yeni Bəyazid, Aleksandropol qəzalarında, Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur və Qazax-Dilican qəzalarında, Tiflis quberniyasının Lori-Pəmbək (Borçalı mahalı) qəzasında 2310 yaşayış məntəqəsindən 2000-i azərbaycanlılara məxsus olmuşdur. İrəvanda yaşayan 10 min nəfər əhalinin 7 min nəfəri azərbaycanlı olmaqla yanaşı, eləcə də xanlığı idarə edən 40 nəfərin hamısı azərbaycanlılar olmuşdur.
İrəvan quberniyasının 1920-ci ilədək Azərbaycanın tərkibində olan qəzalarında, xüsusilə İrəvan qəzasında azərbaycanlı əhalinin sayı xeyli çox olmuşdur. Məsələn, qəzada olan 99 min nəfərdən 62,6 mini azərbaycanlı (66 faiz), 36,4 min nəfəri erməni (34 faiz) olmuşdur.
İrəvan quberniyasının Eçmiədzin, Yeni Bəyazid, Sürməli qəzalarında isə azərbaycanlılar əhalinin üçdə birini təşkil etmişdir. 1916-cı il yanvarın 1-nə olan məlumata görə, bu ölkələrdə əhalinin etnik tərkibi yenə azərbaycanlıların xeyrinə çoxluq təşkil edirdi. İrəvan qəzasında 74,2 min nəfər və ya 48 faiz, Zəngəzur qəzasında 119,5 min və ya 53,3 faiz, Yeni Bəyazid qəzasında 50,7 min nəfər, Sürməli qəzasında 45 min nəfər azərbaycanlı olmuşdur. Bu rəqəmlər əyani surətdə sübut edir ki, XIX və XX əsrlərin əvvəllərində indiki Ermənistanın ərazisində yerli əhali olan azərbaycanlılar əksəriyyət təşkil etmişlər.
Erməni millətçiləri XIX əsrin sonlarında – 1885-ci ildə Marseldə “Armenakan”, 1887-ci ildə Cenevrədə “Qnçaq”, 1890-cı ildə isə Tiflisdə “Daşnaksütyun” partiyalarını yaratdılar. Bundan sonra, ermənilərin “Böyük Ermənistan” yaratmaq iddiaları yeni mərhələyə qədəm qoydu.
XX ƏSRİN ƏVVƏLİNDƏ ERMƏNİLƏRİN AZƏRBAYCANLILARA QARŞI ETNİK TƏMİZLƏMƏ VƏ SOYQIRIMI SİYASƏTİ
“Böyük Ermənistan” ideyası ilə yaşayan ermənilər öz məqsədlərinə çatmaq üçün xarici himayədarların köməyi ilə müxtəlif vaxtlarda azərbaycanlılara və türklərə qarşı dəhşətli terror və soyqırımı həyata keçirməklə etnik təmizləmə siyasəti aparmışlar. Belə ki, Azərbaycan xalqı son 200 il ərzində erməni millətçilərinin davamlı olaraq etnik təmizləmə, soyqırımı və təcavüzkarlıq siyasətinə məruz qalaraq, öz tarixi torpaqlarından didərgin salınmış, qaçqın və məcburi köçkünə çevrilmişlər. Çar Rusiyasının müstəmləkəçilik siyasətinin tərkib hissəsi olan köçürülmə prosesi bütün XIX əsr boyunca davam etdirilmiş və nəticədə regionda demoqrafik vəziyyətə təsir göstərmişdir. Ermənilərin bu bölgədə süni surətdə çoxaldılması onların XX əsrin əvvəllərindən başlayaraq Azərbaycana qarşı ərazi iddiaları və təcavüzkarlıq siyasətinin baş qaldırmasına səbəb olmuşdur.
XX əsrin əvvəllərində erməni millətçiləri “Daşnaksütyun” partiyasının proqramında irəli sürülən “Böyük Ermənistan” ideyasını reallaşdırmaq istiqamətində fəaliyyətini genişləndirərək öz tarixi torpaqlarında yaşayan azərbaycanlıları planlı surətdə doğma yurdlarından qovmaqla etnik təmizləmə və soyqırımı siyasətini həyata keçirməyə başladılar. Belə ki, 1905-1906-ci illərdə ermənilər Bakıda, Gəncədə, Qarabağda, İrəvanda, Naxçıvanda, Ordubadda, Şərur-Dərələyəzdə, Tiflisdə, Zəngəzurda, Qazaxda və başqa yerlərdə dinc azərbaycanlılara qarşı qırğınlar törətmiş, əhali amansızlıqla qətlə yetirilmiş, şəhər və kəndlər yandırılmış və dağıdılmışdır. Erməni silahlı dəstələri Şuşa, Zəngəzur və Cəbrayıl qəzalarında, İrəvan və Gəncə quberniyalarında azərbaycanlılar yaşayan 200-dən artıq yaşayış məntəqəsini viran qoymuş, on minlərlə soydaşımız öz doğma yurdlarından qaçqın və məcburi köçkün düşmüşlər. Ermənilər 200 mindən artıq azərbaycanlını (uşaq, qadın, qoca) fərq qoymadan qətlə yetirməklə həmin ərazilərdə çar Rusiyasının onlara vəd etdiyi “Ermənistan dövləti”ni qurmaq üçün etnik təmizləmə aparmışlar. Belə ki, Birinci Dünya müharibəsi illərində də çarizmin himayəsinə sığınan ermənilər azərbaycanlılara qarşı qırğınları davam etdirməyə başladılar.
BAKIDA 31 MART- 1 APREL QIRĞINLARI: 1917-ci ildə Rusiyada baş verən fevral və oktyabr hadisələrindən sonra “Daşnaksütyun” partiyası və Erməni Milli Konqresi daha geniş fəaliyyətə başladılar. Eyni zamanda, V.Lenin tərəfindən 1917-ci ilin dekabrında Qafqaz işləri üzrə müvəqqəti fövqəladə komissar təyin edilən S.Şaumyan azərbaycanlıların kütləvi qırğınının təşkilatçısı və rəhbərinə çevrildi.
Erməni silahlı qüvvələri tərəfindən 1917-ci ilin əvvələrindən 1918-ci ilin mart ayına qədər olan dövrdə İrəvan quberniyasında 197 kənd, Zəngəzur qəzasında 109, Qarabağda 157 kənd dağıdılmış, digər bölgələrdə 60 yaşayış məskəni məhv edilmiş, yandırılmış və viran qoyulmuşdur.
1918-ci ilin əvvələrində yəni 31 mart qırğını ərəfəsində bilavasitə Şaumyana tabe olan erməni silahlı qüvvələrinin sayı 20 minə yaxın idi. Bolşeviklərin, o cümlədən Leninin himayəsi altında Şaumyan Bakı Kommunasının rəhbəri oldu. Həmin il martın 30-da erməni-bolşevik birləşmələri Bakı şəhərini gəmilərdən yaylım atəşinə tutdular. Bunun ardınca isə silahlı daşnaklar azərbaycanlıların evlərinə hücum edərək amansız qətllər törətdilər.
Martın 31-də və aprelin ilk günlərində qırğınlar kütləvi xarakter aldı. Minlərlə dinc azərbaycanlı yalnız etnik mənsubiyyətinə görə məhv edildi. Həmin günlərdə erməni-bolşevik birləşmələri Bakıda 12 min dinc azərbaycanlını qətlə yetirdilər. Bu qanlı hadisələr zamanı insanlar evlərində diri-diri yandırılmış, eləcə də xüsusi işgəncələrlə və amansızlıqla öldürülmüşdür.
QUBA ƏRAZİSİNDƏKİ QIRĞINLAR:Ermənilərin silahlı hücumu nəticəsində 1918-ci ilin ilk beş ayı ərzində Quba qəzasında 16 mindən çox insan xüsusi qəddarlıqla qətlə yetirilmiş, 167 kənd dağıdılmışdır ki, onlardan 35-i hazırda mövcud deyil. Erməni-daşnak dəstələrinin Quba qəzasında azərbaycanlıları kütləvi şəkildə qətlə yetirmələrinə dair aşkar edilmiş faktlar son vaxtlar bir daha sübuta yetirilmişdir. Belə ki, 2007-ci ildə Quba şəhərində kütləvi məzarlıqların aşkar edilməsi erməni vandalizmini təsdiqləyən faktlardır. Məzarlığın tədqiqi zamanı 1918-ci ildə erməni silahlı birləşmələrinin Qubaya hücumu zamanı insanların hər cür zorakılığa məruz qalaraq qəddarlıqla qətlə yetirilməsi və həmin məzarlığın sonradan kütləvi şəkildə basdırılmış yerli sakinlərə məxsus olduğu müəyyən edilmişdir. Onu da qeyd emək lazımdır ki, Amazaspın rəhbərliyi ilə erməni hərbi birləşmələri Qubada türk-müsəlman əhalisi ilə yanaşı, yəhudilərə qarşı da qırğınlar törətmişlər. Aparılan tədqiqatlar nəticəsində məlum olmuşdur ki, 1918-1919-cu illərdə Qubada ermənilər tərəfindən 3 min nəfərə qədər yəhudi qətlə yetirilmişdir.
DİGƏR BÖLGƏLƏRDƏKİ QIRĞINLAR: Bundan əlavə, Azərbaycanın yüzlərlə yaşayış məntəqəsi, o cümlədən Qarabağda 150-dən çox kənd dağıdılmış və yandırılmış, eləcə də Şuşada azərbaycanlılara qarşı amansız qırğınlar törədilmişdir.
Erməni daşnakları tərəfindən 1918-ci ilin mart-aprel aylarında Bakıda və digər Azərbaycan ərazilərində 50 minə yaxın insan xüsusi işgəncələrlə qətlə yetirilmişdir. Zəngəzur qəzasında 10 mindən çox, Şamaxı qəzasında 10 min 270 nəfər, şəhərlə birlikdə isə 18 min 270 nəfər azərbaycanlı amansızlıqla öldürülmüşdür.
1918-1920-ci illərdə indiki Ermənistan ərazisində yaşamış 575 min azərbaycanlının 565 min nəfəri öldürülmüş və doğma torpağından didərgin salınmışdır. Bu rəqəmi Z.Kirokodyan özünün “Sovet Ermənistanının əhalisi 1831-1931" adlı kitabında təsdiq edərək yazır ki, ”1920-ci ildə sovet hökumətinə daşnaklardan cəmi 10 min nəfərdən bir qədər artıq türk (azərbaycanlı) əhali qalmışdır. 1922-ci ildə 60 min qaçqın geri qayıtdıqdan sonra azərbaycanlılar burada 72 min 596 nəfər, 1931-ci ildə isə 105 min 838 nəfər olmuşdur".
1919-cu ilin son iki ayında İrəvan quberniyasının Eçmiədzin və Sürməli qəzalarında 96 kənd, İrəvan qəzasının isə bütün kəndləri məhv edilmiş, İrəvan quberniyasında 132 min azərbaycanlı qətlə yetirilmişdir.
Ümumilikdə, 1918-1920-ci illərdə ermənilər tərəfindən törədilmiş kütləvi qırğınların Bakı, Quba, Şamaxı, Kürdəmir, Lənkəranla yanaşı, Şuşada, İrəvan quberniyası ərazisində, Zəngəzurda, Naxçıvanda, Şərurda, Ordubadda, Qarsda və başqa bölgələrdə amansız şəkildə davam etdirilməsi nəticəsində on minlərlə azərbaycanlı ən qəddar üsullarla qətlə yetirilmiş, bir milyondan çox əhali öz doğma torpaqlarından didərgin salınmışdır. Tarixi Azərbaycan torpaqlarında ermənilər tərəfindən bu vəhşiliklər törədilərkən məktəblər, məscidlər yandırılmış, maddi-mədəniyyət nümunələri məhv edilmişdir.
AXC HAKİMİYYƏTİNİN SOYQIRIMI HADİSƏSİNİ TƏHQİQETMƏ CƏHDİ VƏ ERMƏNİLƏRİN AÇIQ ƏRAZİ İDDİASI
1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyəti qurulduqdan sonra Fövqəladə Təhqiqat Komissiyası yaradılmış və ermənilərin törətdikləri cinayətlər araşdırılmağa başlanmışdır. Hökumətin qərarı ilə hər il (1919 və 1920-ci il martın 31-də Ümummilli Matəm Günü kimi qeyd edilmişdir) mart ayının 31-nin Matəm Günü kimi qeyd edilməsi qərara alınmışdı. Lakin Azərbaycan Xalq Cümhuriyyətinin süqutu bu işi başa çatdırmağa imkan vermədi. Azərbaycan Xalq Cümhuriyyəti yaradılarkən regionda mövcud olan geosiyasi vəziyyət 1918-ci il mayın 29-da İrəvan şəhərinin ermənilərə siyasi mərkəz kimi verilməsinə səbəb oldu. Beləliklə, 1918-ci ildə Azərbaycan torpaqlarında – keçmiş İrəvan xanlığının ərazisində Ermənistan Respublikası yaradıldı.
Çar Rusiyasının müstəmləkəçilik siyasətinin tərkib hissəsi olan və bütün XIX əsr boyunca davam etdirilmiş köçürülmə prosesi nəticəsində ermənilərin Qarabağın dağlıq hissəsində süni surətdə çoxaldılması onların XX əsrin əvvəllərindən başlayaraq Azərbaycana qarşı ərazi iddiaları və təcavüzkarlıq siyasətinin yenidən baş qaldırmasına səbəb olmuşdur. Ermənilərin ən böyük iddiası Qarabağı və Zəngəzuru ələ keçirmək idi. Ermənistan hökuməti işğal planlarını həyata keçirmək məqsədilə oraya silahlı qüvvələr göndərdi. Nəticədə, Qarabağ torpaqlarını ələ keçirməyə can atan erməni silahlı qüvvələri yüzlərlə yaşayış məntəqəsini dağıtdı, minlərlə dinc azərbaycanlı əhalisini qəddarcasına məhv etdi.
1919-cu ilin yanvarında daşnak Ermənistan hökuməti Qarabağla əlaqədar Azərbaycana qarşı ərazi iddiası irəli sürdü. Bununla da, Qarabağın dağlıq hissəsinin Ermənistana birləşdirilməsi üçün ilk rəsmi cəhd edildi. Problemi dinc vasitələrlə həll etmək üçün Azərbaycan hökuməti dəfələrlə təkliflərlə çıxış etsə də, daşnakların tutduğu mövqe bu təkliflərin həyata keçməsinə mane oldu.
Ərazi bütövlüyünü qoruyub saxlamağı və öz vətəndaşlarının təhlükəsizliyini təmin etməyi özünün başlıca vəzifəsi hesab edən Azərbaycan Xalq Cümhuriyyəti Ermənistan Respublikasının ərazi iddialarını qəti şəkildə rədd etdi. Azərbaycan parlamenti “Qarabağ” məsələsini müzakirə edərək separatçılıq hərəkatının qarşısını almaq üçün əməli tədbirlər həyata keçirməyə başladı. Bu məqsədlə Azərbaycan hökuməti 1919-cu il yanvarın 15-də Şuşa, Cəbrayıl, Cavanşir və Zəngəzur qəzalarını Gəncə quberniyasından ayırıb, mərkəzi Şuşa şəhəri olmaqla həmin qəzalardan ibarət Qarabağ general-qubernatorluğunu yaratdı və Xosrov bəy Sultanov general-qubernator təyin edildi. Azərbaycan hökuməti ona tapşırdı ki, orada qayda-qanun yaratsın və yerli hakimiyyəti təşkil etsin.
Azərbaycan hökumətinin gərgin səyi nəticəsində 1919-cu il noyabrın 23-də Tiflisdə ABŞ nümayəndəliyinin vasitəçiliyi ilə Azərbaycan və Ermənistan respublikaları arasında müqavilə imzalandı. İmzalanan müqaviləyə görə, toqquşmalar dayandırılmalı, mübahisəli məsələlər, o cümlədən də sərhəd məsələləri danışıqlar yolu ilə həll edilməli idi. Lakin Ermənistan tərəfi bu sazişi kobud surətdə pozmuş və Azərbaycan ərazilərinə öz qoşunlarını göndərərək azərbaycanlılara qarşı dəhşətli qırğınlar törətmişdir. Bütün bunlara baxmayaraq, Azərbaycan Xalq Cümhuriyyətinin mövcud olduğu dövrdə Ermənistanın Qarabağı diplomatik və hərbi vasitələrlə ələ keçirmək cəhdlərinin qarşısı qətiyyətlə alındı. Lakin Xalq Cümhuriyyətinin süqutunda da az rol oynamayan daşnakların bu ərazi iddiaları Azərbaycan sovetləşəndən sonra yenidən ortaya atıldı.
ERMƏNİLƏRİN ƏRAZİ İDDİASI, SOYQIRIMI SİYASƏTİ VƏ SSRİ HÖKUMƏTİ
Cənubi Qafqazın sovetləşməsindən öz məqsədləri üçün istifadə edən ermənilər 1920-ci ildə Zəngəzuru və Azərbaycanın bir sıra torpaqlarını Ermənistan SSR-in ərazisi elan etdilər. Sonrakı dövrlərdə isə bu ərazilərdə tarixən yaşamış azərbaycanlıların deportasiya edilməsi siyasətini daha da genişləndirdilər.
Bunun davamı olaraq Azərbaycanın Qarabağ bölgəsinin dağlıq hissəsinə XIX əsrdə köçürülən ermənilərə 1923-cü il iyulun 7-də muxtar vilayət statusu verildi ki, bu da Sovet Rusiyasının himayəsi və iştirakı ilə həyata keçirildi. Bu hadisə təkcə Azərbaycanın inzibati-ərazi bölgüsünün pozulması deyil, həm də ermənilərin ölkəmizə qarşı gələcək ərazi iddiaları üçün bir vasitə oldu.
Sovet dövründə Azərbaycanın Qarabağ bölgəsinin dağlıq hissəsində yaşayan erməni icması bütün siyasi, iqtisadi, sosial və mədəni məsələləri əhatə edən muxtariyyətə malik olsa da, Ermənistan öz ərazi iddialarını bir neçə dəfə ortaya atmış, ancaq istəyinə nail ola bilməmişdir.Lakin, bunun əvəzində 1947-ci il dekabrın 23-də SSRİ Nazirlər Sovetinin “Ermənistan SSR-dən kolxozçu və digər azərbaycanlı əhalinin Azərbaycan SSR-in Kür-Araz ovalığına köçürülməsi haqqında” qərarına əsasən 1948-53-cü illərdə azərbaycanlıların tarixi torpaqlarından, xüsusilə də İrəvan və onun ətraf rayonlarından kütləvi şəkildə deportasiya olunması nəticəsində 150 minə yaxın soydaşımız zorakılıqla Azərbaycanın aran rayonlarına köçürülmüşdür.
XX ƏSRİN SONUNDA ERMƏNİLƏRİN AZƏRBAYCANA QARŞI YENİ ƏRAZİ İDDİALARI VƏ HƏRBİ TƏCAVÜZÜ
XX əsrin 80-ci illərinin ikinci yarısında- SSRİ-nin dağılması ərəfəsində ermənilər özlərinin yaxın və uzaq xaricdəki himayədarlarının köməkliyi ilə “Böyük Ermənistan” ideyasını həyata keçirmək üçün yaranmış əlverişli vəziyyətdən istifadə edərək yenidən Azərbaycanın Dağlıq Qarabağ bölgəsinə dair ərazi iddiaları irəli sürdülər. Hər dəfə Qarabağa dair ərazi iddiaları kənardan, məhz Ermənistanın təbliği, təhriki və təzyiqi ilə ortaya atılırdı. Heç şübhəsiz, ermənilərin bu ərazi iddiaları birdən-birə deyil, Yerevanda və Qərbdə olan himayədarları tərəfindən hələ xeyli əvvəl diqqətlə, eləcə də hərtərəfli plan əsasında hazırlanmışdı. Sovet dövründə mərkəzi hakimiyyət orqanlarının himayədarlığı ilə Azərbaycan əleyhinə məqsədyönlü şəkildə təbliğat kampaniyası aparılmış və nəticədə, neqativ ictimai fikir formalaşdırılmışdı. Erməni ideoloqları və onların ilhamvericiləri Azərbaycanın tarixi, sosial-iqtisadi inkişafı haqqında faktları açıq-aşkar saxtalaşdıraraq bütün İttifaq miqyasında yaymışdılar.
1988-ci il hadisələri başlananda ilk vaxtlar vəziyyəti son dərəcə gərginləşdirməyə, ictimai rəyi öz tərəflərinə çəkməyə çalışan erməni siyasətçiləri və onların Mərkəzdəki himayədarları tərəfindən vilayətin iqtisadi geriliyi pərdəsi altında Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi üçün uzun müddətdən bəri hazırlanmış plan üzrə Xankəndidə və Yerevanda davamlı tətillər keçirilir, müəssisələr dayandırılır və kütləvi mitinqlər təşkil edilirdi. Lakin baş verən sonrakı hadisələr DQMV-nin sosial-iqtisadi geriliyi barədə erməni siyasətçiləri və onların Mərkəzdəki himayədarlarının irəli sürdükləri bu saxta tezisin yalnız bəhanə, əsas məqsədin isə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası olduğunu göstərdi.
Artıq ilin ikinci yarısında vəziyyət o qədər mürəkkəbləşdi ki, DQMV-nin azərbaycanlı əhalisinə qarşı silahlı təcavüz oldu. Belə ki, avqustun axırı və sentyabrın əvvəllərində Kərkicahan və Xocalı üzərinə ermənilərin kütləvi hücumu baş verdi. Sentyabrın 18-də ermənilər Xankəndidə yaşayan 15 minə qədər azərbaycanlını şəhərdən zorakılıqla çıxardılar, onların evləri yandırıldı.
Dağlıq Qarabağda vəziyyətin belə bir gərgin anında Ermənistan SSR Ali Soveti 1989-cu il dekabrın 1-də Azərbaycanın suverenliyini kobud surətdə pozaraq DQMV-nin Ermənistan SSR-ə birləşdirilməsi haqqında Konstitusiyaya zidd qərar qəbul etdi. DQMV-nin müəssisələri Ermənistanın müvafiq nazirlik və idarələrinin tabeliyinə verildi. Birbaşa Sovet rəhbərliyinin fəaliyyətsizliyi, bəzən isə açıq himayədarlığı sayəsində DQMV iqtisadiyyatının və digər sahələrinin, faktiki olaraq, Azərbaycandan ayrılması və Ermənistana birləşdirilməsi baş verdi. Bütün rayon partiya komitələri Ermənistan KP-nin tərkibinə daxil edildi. DQMV ərazisində Ermənistanın bayrağı qaldırıldı. Sovet rəhbərliyinin çox ciddi və bağışlanılmaz səhvləri və ermənipərəst siyasəti 1990-cı ilin sonu - 1991-ci ilin əvvəllərində vəziyyətin getdikcə kəskinləşməsinə gətirib çıxardı, DQMV və Azərbaycanın Ermənistanla həmsərhəd bölgələrində erməni təcavüzü daha geniş miqyas aldı.
Bu illərdə Moskva-Bakı sərnişin qatarlarında, Tbilisi-Bakı, Tbilisi-Ağdam, Ağdam-Şuşa, Ağdam-Xocalı marşrutları üzrə avtomobillərdə törədilən terror aktları nəticəsində yüzlərlə azərbaycanlının həyatına son qoyuldu. Minlərlə azərbaycanlı Moskvanın hakim dairələri tərəfindən himayə edilən ermənilərin işğalçılıq siyasətinin qurbanı oldu.
Təəssüf ki, hadisələrin başlanğıcında erməni separatçılarının qarşısının alınmaması vəziyyəti get-gedə kəskinləşdirirdi. Nəticədə, ermənilər Azərbaycan hökuməti tərəfindən nəzarət olunmayan vilayətdə Ermənistandan göndərilən silahlı dəstələr və hərbi texnikanın köməyi ilə azərbaycanlılara qarşı daha qanlı cinayətlər törətdilər ki, bu da münaqişənin böyüyüb irimiqyaslı müharibəyə çevrilməsinə səbəb oldu.
1991-ci ildən Qarabağın dağlıq hissəsində baş verən hadisələrin gərginliyi get-gedə artırdı. Artıq ictimai-siyasi vəziyyət böyük fəlakətin yaxınlaşmasından xəbər verirdi. 1991-ci ilin iyun-dekabr aylarında erməni silahlı qüvvələrinin Xocavəndin Qaradağlı və Əsgəran rayonunun Meşəli kəndinə hücumu nəticəsində 12 nəfər öldürüldü, 15 nəfər isə yaralandı. Həmin ilin avqust və sentyabr aylarında Şuşa-Cəmilli, Ağdam-Xocavənd və Ağdam-Qaradağlı avtobuslarının erməni silahlı dəstələri tərəfindən atəşə tutulması nəticəsində 17 nəfər həlak oldu, 90 nəfərə qədər azərbaycanlı yaralandı.
AZƏRBAYCANLI ƏHALİ DİDƏRGİN SALINIR, YAŞADIQLARI KƏNDLƏR DAĞIDILIR
1991-ci il oktyabrın sonunda və noyabr ayı ərzində Qarabağın dağlıq hissəsindəki 30-dan çox yaşayış məntəqəsi, o cümlədən Tuğ, İmarət-Qərvənd, Sırxavənd, Meşəli, Cəmilli, Umudlu, Qaradağlı, Kərkicahan və s. bu kimi digər strateji əhəmiyyətə malik kəndlərimiz ermənilər tərəfindən yandırıldı, dağıdıldı və talan edildi. Ümumiyyətlə, 1988-1991-ci illərdə, yəni hadisələrin başlanğıcından SSRİ-nin süqutuna qədər olan dövrdə İttifaqın hakim dairələri tərəfindən himayə edilən Ermənistan Azərbaycana qarşı açıq-aşkar təcavüzkarlıq siyasəti yeritmiş, nəticədə dinc sakinlər qətlə yetirilmiş, yaşayış məntəqələri dağıdılmış, talan edilmiş və yandırılmışdır. Dağlıq Qarabağ bölgəsində yaşayan ermənilərə Azərbaycandan ayrılaraq Ermənistanla birləşməyin zəruriliyinə nail olmaq ideyasını süni surətdə qəbul etdirən təcavüzkar dövlət buna nail olmaq üçün Dağlıq Qarabağdan 50 min azərbaycanlını soyqırımına və təcavüzə məruz qoyub didərgin salmışdır. Bu illər ərzində Dağlıq Qarabağda ermənilər tərəfindən törədilmiş 2559 toqquşma, 315 silahlı basqın, 1388 atəşə tutma halları qeydə alınmışdır ki, bunların da nəticəsində 514 nəfər həlak olmuş, 1318 nəfər yaralanmışdır.
Eyni zamanda, bu dövrdə etnik təmizləmə nəticəsində Ermənistandakı 185 azərbaycanlı kəndindən 250 min nəfərə qədər azərbaycanlı təcavüzə məruz qalaraq zorakılıqla doğma yurdlarından qovuldu. Nəticədə, Ermənistanı azərbaycanlılardan təmizləmək aksiyası həyata keçirilərək 216 azərbaycanlı vəhşicəsinə qətlə yetirilmiş, minlərlə qadın, uşaq və qoca bədən xəsarəti almış, on minlərlə ailənin əmlakı qarət olunmuşdur.
XOCALI QƏTLİAMI VƏ DİGƏR ERMƏNİ VƏHŞİLİKLƏRİ: 1992-ci ilin əvvəllərindən başlayaraq Ermənistan ordusu bir-birinin ardınca yuxarı Qarabağda azərbaycanlılar yaşayan sonuncu yaşayış məntəqələrini də işğal etdi. Belə ki, fevral ayının 12-də Şuşanın Malıbəyli və Quşçular kəndləri Ermənistan silahlı qüvvələri tərəfindən zəbt olundu. Fevralın 13-dən 17-dək Xocavənd rayonunun Qaradağlı kəndinə silahlı hücum zamanı 118 nəfər (uşaq, qadın, qoca) əsir götürülmüş, 33 nəfər ermənilər tərəfindən güllələnmiş, eyni zamanda, öldürülən və yaralı halda olanları bir yerdə təsərrüfat quyusuna tökərək basdırmışlar. Əsir götürülənlərdən 68 nəfəri amansızlıqla öldürülmüş, 50 nəfəri isə böyük çətinliklə əsirlikdən azad edilmişdir. Azad olunanların 18 nəfəri aldıqları sağalmaz yaralardan sonra vəfat etmişdir. Əsirlikdə saxlanılanlara qarşı vəhşi, vandalizm hərəkətləri ilə davranılması, insanların başlarının kəsilməsi, diri-diri basdırılması, dişlərinin zorla çıxarılması, ac-susuz saxlanılması, işgəncə verilərək öldürülməsi insanlığa qarşı törədilmiş ən ağır cinayət hadisəsi idi. Qaradağlı kəndində 2 ailənin hər birindən 4 nəfər öldürülmüş, 42 ailə öz başçısını itirmiş, 140-a yaxın uşaq yetim qalmışdır. Ümumilikdə, əhalisi ermənilər tərəfindən əsl soyqırımına məruz qalmış bu kənddə 91 nəfər, yəni kənd sakinlərinin hər 10 nəfərindən biri qətlə yetirilmişdir.
1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri Xankəndidə yerləşən Sovet ordusundan qalmış 366-cı motoatıcı alayın 180 nəfər hərbi mütəxəssisi və ağır texnikasının iştirakı ilə Xocalı şəhərinə hücum edərək şəhəri yerlə-yeksan etdilər. Çoxsaylı ağır texnika ilə şəhər tamamilə dağıdıldı, yandırıldı və insanlar xüsusi qəddarlıqla qətlə yetirildi. Bu soyqırımı nəticəsində rəsmi rəqəmlərə görə, 613 nəfər öldürülmüşdü ki, onlardan 63 nəfəri uşaq, 106 nəfəri qadın, 70 nəfəri isə qoca idi. 8 ailə tamamilə məhv edilmişdi. 487 nəfər şikəst olmuşdu ki, onlardan da 76-sı uşaqdır. Bundan əlavə, 1275 nəfər əsir götürülmüş, 150 nəfər itkin düşmüşdür.
Xocalıya hücum zamanı 366-cı motoatıcı alayın 3-cü batalyonunda onlarca erməni zabiti və giziri iştirak etmişdir. Xocalı soyqırımında izləri itirmək üçün 1992-ci il martın 2-də sovetlərdən qalma 366-cı motoatıcı alay Gürcüstanın Vaziani şəhərinə köçürüldü, martın 10-da isə həmin alay ləğv edilərək, şəxsi heyəti və hərbi texnikası başqa hərbi hissələrə paylandı.
ŞUŞANIN İŞĞALI, ŞUŞA-LAÇIN YOLUNUN ƏLƏ KEÇİRİLMƏSİ: 1992-ci il mayın 8-də İranın təşəbbüsü ilə Tehranda Azərbaycan və Ermənistan rəhbərləri arasında üçtərəfli görüş keçirildi. Elə həmin gün Şuşa erməni silahlı qüvvələri tərəfindən işğal edildi. Sonralar aydın oldu ki, görüş zamanı Azərbaycan-Ermənistan sərhədi boyu və Qarabağın dağlıq hissəsində atəşin dayandırılmasından erməni tərəfi, əslində, başqa məqsəd güdürmüş. Məhz bu görüş Ermənistana beynəlxalq ictimaiyyətdən öz niyyətlərini gizlətmək üçün lazım idi. Şübhəsiz ki, Ermənistan rəhbərliyi hazırlanmış hücum əməliyyatından əvvəlcədən xəbərdar olmuşdur. Çünki Şuşanın işğalı Ermənistan rəhbərliyinin Tehranda danışıqlar apardığı vaxtla üst-üstə düşür və bağlanan sülh müqaviləsi mürəkkəbin quruduğu ana qədər qüvvədə qalmışdır. Bununla yanaşı, ermənilər, həmişə olduğu kimi, hücum ərəfəsində bütün dünyaya Şuşadan Xankəndiyə güclü hücumlar edilməsi barədə dezinformasiya yaymışdılar.
Beləliklə, ən müasir texnika hesabına 289 kvadratkilometr ərazisi, 24 000 nəfər əhalisi, 1 şəhər və 30 kənddən ibarət olan Şuşa rayonu Ermənistan silahlı qüvvələri tərəfindən işğal edildi. Şuşa uğrunda döyüşlərdə 195 nəfər şəhid oldu, 165 nəfər isə yaralandı, 58 nəfər itkin düşdü. Bu hadisə mütəmadi şəkildə BMT Nizamnaməsini və ATƏT-in prinsiplərini kobud şəkildə pozaraq Qarabağın dağlıq hissəsini zorla Ermənistana ilhaq etməyə çalışan Ermənistan hökumətinin beynəlxalq hüquq normaları ilə bir araya sığmayan təcavüzkar siyasət yeritdiyini bir daha təsdiq etdi. Şuşanın işğalı sonralar digər Azərbaycan ərazilərinin itirilməsində əsas rol oynadı. Azərbaycanın qədim musiqi və mədəniyyət mərkəzi Şuşa şəhərinin işğalından sonra, erməni hərbi qüvvələri Şuşa-Laçın yolunu bağlayaraq birbaşa Ermənistan Respublikası ərazisindən Laçın şəhərini güclü top atəşinə tutdular. Erməni hərbi qüvvələrinin məqsədi işğal etdikləri Azərbaycan torpaqlarında möhkəmlənmək, Qarabağın dağlıq hissəsini Ermənistan Respublikasına birləşdirmək üçün onların arasında dəhliz açmaq idi.
Şuşa işğal edildikdən az sonra, ermənilər qısa müddət ərzində, yəni mayın 18-də iki respublikanın arasında yerləşən qədim Azərbaycan şəhəri Laçını da zəbt etdilər. Nəticədə, 1385 kvadratkilometr ərazisi, 71 000 nəfər əhalisi və 120 kəndi olan Laçın rayonu Ermənistan silahlı qüvvələri tərəfindən işğal olundu. Heç şübhəsiz ki, Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinin erməni icması, hətta istəsəydi belə, kənardan çox böyük kömək olmadan Azərbaycan ərazilərini işğal edə bilməzdi. Beləliklə, “öz müqəddəratını təyin etmək” ideyasını reallaşdırmaq adı altında Azərbaycanın Dağlıq Qarabağ bölgəsınin Ermənistanla birləşdirən dəhliz silah gücünə ələ keçirildi. Laçının işğalı müharibənin Dağlıq Qarabağ hüdudlarından çıxdığını və Ermənistanın hərbi işğalçılıq niyyətinin böyük olduğunu göstərdi. Ermənilərin “humanitar dəhliz” adlandırdığı bu yol ilə Dağlıq Qarabağa külli miqdarda silah, döyüş sursatı və hərbi qüvvə gətirildi.
QARABAĞIN İŞĞALİNİN BAŞA ÇATMASI VƏ AZƏRBAYCANA QARŞI AÇIQ ƏRAZİ İDDİASININ İRƏLİ SÜRÜLMƏSİ
Beləliklə, 1988-1993-cü illərdə Cənubi Qafqazda açıq təcavüzkar siyasət yürüdərək, əvvəlcə öz ərazisindəki bütün azərbaycanlıları etnik soyqırımına məruz qoyaraq, didərgin salan, mono-etnik dövlət yaratmağa nail olan Ermənistan, bununla qane olmayaraq öz himayədarlarının köməyindən istifadə edərək Dağlıq Qarabağ bölgəsinin (4,4 min kvadratkilometr) hüdudlarından kənarda yerləşən və onun ərazisindən 4 dəfə böyük olan Laçın, Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı və Zəngilan bölgələrini işğal etdi. Bütün işğal edilən ərazilər ermənilər tərəfindən yerlə yeksan edilərək, orada yaşayan azərbaycanlılar etnik təmizləməyə məruz qalmışdır. Belə ki, Ermənistanın ərazi iddiası obyekti olan Dağlıq Qarabağın təxminən 100 min nəfərlik erməni icmasının öz müqəddəratını təyin etmək cəhdi kimi qələmə verdiyi bu proses Azərbaycanın işğal olunmuş ərazilərindən 1 milyondan çox azərbaycanlı əhalinin öz torpağında qaçqın vəziyyətinə düşməsinə gətirib çıxardı.
TƏCAVÜZKAR İŞĞALIN ƏSAS YEKUNLARI: İkinci Qarabağ müharibəsinə qədər Azərbaycan ərazisinin 20 faizdən çox hissəsi Ermənistan silahlı qüvvələrinin işğalı altında idi. İşğal nəticəsində 900-ə yaxın yaşayış məntəqəsi, 22 muzey və 4 rəsm qalereyası, tarixi əhəmiyyəti olan 9 saray, nadir tarixi əhəmiyyətli 40 min muzey sərvəti və eksponatı, 44 məbəd və 9 məscid dağıdılmış, talan edilmiş və yandırılmışdır. Bundan əlavə, işğal olunmuş ərazilərdə 927 kitabxanada 4,6 milyon kitab və qiymətli tarixi əlyazmalar məhv edilmişdir.
Eyni zamanda, dövlət terrorizmi və soyqırımı siyasəti yeridən Ermənistan və işğal olunmuş ərazilərdəki separatçı rejim tərəfindən ümumilikdə, müxtəlif səpkili (sərnişin avtobuslarında, sərnişin və yük qatarlarında, Bakı Metropolitenində, hava nəqliyyatında, sərnişin daşıyan dəniz bərəsində, yaşayış məntəqələrində, mülki və dövlət obyektlərində) 373 terror aktı törədilmişdir ki, nəticədə 1200 nəfər azərbaycanlı əhali həlak olmuş, 1705 nəfər yaralanmışdır.
Bütün dövrlərdə olduğu kimi, ermənilərin həyata keçirdiyi bu işğalçılıq siyasəti kütləvi qırğınlarla müşayiət olunmuşdur. Belə ki, 1988-1993-cü illərdə Ermənistanın hərbi təcavüzü nəticəsində 20 000 nəfərdən çox azərbaycanlı həlak olmuş, 100 000 nəfərdən çoxu yaralanmış, 50 000 nəfər isə müxtəlif dərəcəli xəsarət alaraq əlil olmuşdur. Münaqişə dövründə 4853 nəfər itkin düşmüş, onlardan 1357 nəfəri əsirlikdən azad edilmiş, 783 nəfəri isə hələ də Ermənistanda əsirlikdədir. Beynəlxalq Qırmızı Xaç Komitəsinin məlumatına görə, 439 nəfər əsirlikdə öldürülmüşdür.
XX əsrin sonunda ermənilərin Xocalıda törətdikləri soyqırımı bütün insanlığa və bəşəriyyətə qarşı yönəldilmiş ən ağır cinayətlərdən biri kimi qiymətləndirilir. Dünya tarixində Xocalı faciəsi tarixi yaddaşlardan heç vaxt silinməyən Xatın, Xirosima, Naqasaki, Sonqmi, Ruanda, Srebrenitsa və Xolokost kimi dəhşətli faciələrdən heç də geri qalmır. Adıçəkilən hadisələr müharibələr tarixinə dinc əhalinin soyqırımı olaraq daxil olmuş və bütün dünyada geniş əks-səda doğurmuşdur.
AZƏRBAYCANLILARIN SOYQIRIMINA MƏRUZ QALMASI FAKTINI DÜNYAYA TANITMAQDA DAVAM ETMƏLİYİK
Son iki yüz ildə bütün dünyanın gözü qarşısında erməni millətçilərinin xalqımıza qarşı apardığı etnik təmizləmə və soyqırımı siyasətinin əsl mahiyyəti yalnız ümummilli lider Heydər Əliyev 1993-cü ildə siyasi Azərbaycanda hakimiyyətə yenidən qayıtdıqdan sonra açıqlanmış, 1994-cü ilin fevralında Azərbaycan Respublikasının Milli Məclisi Xocalı soyqırımına siyasi-hüquqi qiymət vermişdir. Bundan əlavə, ermənilərin azərbaycanlılara qarşı zaman-zaman törətdikləri soyqırımı ilə əlaqədar ümummilli lider Heydər Əliyevin 1998-ci il martın 26-da imzaladığı fərmanla “31 mart Azərbaycanlıların Soyqırımı Günü” elan edilmişdir.
Ümummilli liderin “1948-1953-cü illərdə azərbaycanlıların Ermənistan SSR ərazisindəki tarixi-etnik torpaqlarından kütləvi surətdə deportasiyası haqqında” 1997-ci il 18 dekabr tarixli fərmanı Ermənistan SSR ərazisindən azərbaycanlıların deportasiyasının hərtərəfli tədqiq edilməsi, bu cinayətə hüquqi-siyasi qiymət verilməsi və onun beynəlxalq ictimaiyyətə çatdırılması baxımından mühüm əhəmiyyət kəsb edir. Bu fərmanlar təkcə tariximizin qanlı səhifələrinin öyrənilməsi baxımından deyil, eləcə də erməni şovinizmi və terrorizminin ifşa olunması baxımından da əhəmiyyətlidir.
Sonrakı dövrdə də azərbaycanlılara qarşı həyata keçirilmiş etnik təmizləmə və soyqırımı siyasətinin dünyada tanıdılması Azərbaycan dövlətinin xarici siyasətinin əsas istiqamətlərindən biri kimi müəyyənləşdirilmiş və həyata keçirilmişdir. Azərbaycan Prezidenti İlham Əliyevin və rəhbərlik etdiyi hakimiyyət orqanlarının ciddi səyi nəticəsində artıq bir sıra beynəlxalq təşkilatların qəbul etdiyi sənədlərdə Ermənistan işğalçı dövlət kimi göstərilmiş, azərbaycanlılara qarşşı törədilmiş etnik təmizləmə siyasəti etiraf olunmuşdur.
Beynəlxalq hüquqa görə, soyqırımı sülh və insanlıq əleyhinə yönələn əməldir və ən ağır cinayət hesab edilir. Bu barədə BMT Baş Məclisinin 1948-ci il 9 dekabr tarixli 260 (III) saylı qətnaməsi qəbul edilmiş və 1961-ci ildən qüvvəyə minən “Soyqırımı cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında” Konvensiyada soyqırımı cinayətinin hüquqi əsası təsbit olunmuşdur. Ermənistanın Azərbaycana qarşı təcavüzü zamanı həmin konvensiyada təsbit edilmiş soyqırımı cinayətini təşkil edən bütün əməllər azərbaycanlılara qarşı tətbiq olunmuşdur.
Ermənistanın bu cinayətkar siyasətinin davamlılığını sübut edən faktlardan biri də budur ki, təkcə XX əsrdə azərbaycanlılar 4 dəfə — 1905-1907-ci, 1918-1920-ci, 1948-1953-cü və nəhayət, 1988-1993-cü illərdə erməni millətçiləri tərəfindən törədilən soyqırımı və etnik təmizləmələrə məruz qalmışdır.
Bu işğalçı dövlətin yürütdüyü təcavüzkarlıq siyasəti 20 ildən artıqdır ki, dünya ictimaiyyətinin gözü qarşısında baş verir. Ona görə də dövlətimiz bu konvensiyanı rəhbər tutaraq Ermənistan Respublikasına qarşı BMT-nin beynəlxalq məhkəməsində iddia qaldırmaq üçün bütün hüquqi əsaslara malikdir.
İkinci Qarabağ müharibəsində müzəffər Azərbaycan Ordusunun 44 günlük şanlı qələbələri nəticəsində Qarabağ torpaqları işğaldan azad olunsa da, Ermənistan dövləti ilə uzunmüddətli sülh bağlanmayıb, Qrabağ ətrafında neçə iillərdir ki, cərəyan edən münaqişə hələ də davam edir. Azərbaycan dövləti hhesab edir ki, regionumuzdakı əksər münaqişələrin nizama salınması beynəlxalq hüquq normalarına uyğun şəkildə, ölkələrin ərazi bütövlüyünün, vətəndaşların təhlükəsizliyinin və firəvan həyatının təmin olunmasına xidmət eləməlidir. Hazırkı sülhyaratma prosesində Prezident İlham Əliyev, ilk növbədə, Cənubi Qafqazda xalqlar və dövlətlər arasında sülh şəraitində, dinc-yanaşı yaşamaq, regional əməkdaşlığı bərqərar və inkişaf etdirmək kimi sivil prinsiplərə üstünlük verir. Lakin dövlət başçısı Azərbaycan xalqının son iki yüz ildə məruz qaldığı etnik təmizləmə və soyqırımı siyasətinin dünyada tanıdılması, ölkəmizin ərazi bütövlüyünün və vətəndaşlarımızın təhlükəsizliyinin dönməzliyini də birmənalı şəkilldə daim qeyd edir.


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM