Hazırda müxtəlif ölkələrin analitik dairələri qlobal səviyyədə nizamın təmin edilməsi ilə əlaqədar narahatlıq ifadə edən təhlillər aparır və proqnozlar verirlər. Tanınmış ekspertlərin irəli sürdüyü tezislər sırasında maraqlı olanları da var. Hətta yaranmış qlobal geosiyasi böhranı müasir elmi yanaşma əsasında təhlil etmək cəhdləri də mövcuddur. Lakin bu kimi yanaşmaların nə dərəcədə obyektiv və ədalətli olması haqqında konkret fikir bildirmək çətindir. Bu bağlılıqda nüfuzlu amerikan politoloqu Riçard Haasın bir analizi üzərində dayanmaq maraqlı olardı. Müəllif müasir dünya nizamının bir sıra cəhətlərini təhlil edərək, müasir dünya nizamının əsas özəlliklərini ifadə etməyə çalışıb. Dərin analiz əsasında maraqlı tezislər irəli sürüb. Ancaq məsələyə daha geniş kontekstdə və ədalət prinsipi baxımından yanaşdıqda, meydana bir sıra suallar çıxır. Onlarla bağlı müəyyən təhlillər aparmağa ehtiyac duyduq.
Liberal dünya nizamının böhranı: risklərlə üz-üzə
Qlobal dünya nizamı məsələsi mütəxəssislərin diqqət mərkəzindədir. Hazırda özünü göstərməkdə olan geosiyasi ziddiyyətlər, böyük dövlətlər arasındakı ixtilaflar, hərbi, ideoloji, informasiya və diplomatik savaşlar tədqiqatçılar qarşısında bir sıra suallar qaldırıb. Son zamanlar Qərblə Rusiya arasında vüsət almış qarşılıqlı ittihamlar dalğası da yeni təhlükələrdən xəbər verir. KİV artıq yazır ki, yeni "soyuq müharibə"yə rəsmən start verilib.
Belə gərginliklər qlobal geosiyasi düzənə təbii ki, təsir edir. Lakin bu, indi meydana gələn mənzərə deyil. Tədqiqatçılar İkinci Dünya Müharibəsindən sonra yaranmış dünya nizamının təkamül dinamikasına ümumi yanaşma əsasında həqiqi mənada düşündürücü nəticələrə gəlirlər. Onlardan biri də amerikalı mütəxəssis Riçard Haasdır. O, Xarici Əlaqələr Şurasının prezidentidir, 2001-2003-cü illərdə ABŞ Dövlət Departamentinin siyasi planlaşdırma üzrə direktoru olub, prezident Corc Buşun Şimali İrlandiya üzrə xüsusi nümayəndəsi və Əfqanıstanın gələcəyi üzrə koordinator kimi fəaliyyət göstərib. R.Haas "Dünya nizamsızlıq içində: amerikan xarici siyasəti və köhnə düzənin böhranı" adlı kitabın müəllifidir.
Yəni R.Haas qlobal geosiyasətə həm tədqiqatçı, həm də praktiki fəaliyyət aspektlərində aidiyyəti olan şəxsdir. Onun "Project Syndicate" qəzetlər sindikatının portalında "Liberal dünya nizamı. R.İ.P." adlı məqaləsi dərc olunub (bax: Richard N. Haass. Liberal World Order, R.I.P. / Project-syndicate.org, 21 mart 2018).
Burada müəllif iddia edir ki, liberal dünya nizamı böhran içindədir, yeni model isə formalaşmayıb. Bütövlükdə bəşəriyyət qeyri-müəyyənliklə və risklərlə üz-üzədir. Maraqlıdır ki, bu mənzərənin yaranmasında R.Haas məsuliyyəti böyük dövlətlərin, ilk növbədə isə ABŞ-ın üzərinə qoyur.
Onun bu qənaətinin nə dərəcədə doğru olması ilə bağlı fikir bildirmək istəməzdik. Ancaq dünyanın geosiyasi nizamının hazırkı durumu aspektində təhlil aparmaq maraqlı olardı. Bu baxımdan daha bir maraqlı fikir ondan ibarətdir ki, R.Haasa görə, "sönməkdə olan" dünya nizamı nə liberal, nə ümumbəşəri, nə də nizamlıdır (bax: əvvəlki mənbəyə). Konkret desək, ümumiyyətlə, nizam deyil. O, əvvəllər malik olduğu əksər əlamətlərini itirməkdədir. Bir çox əlamətlərindən isə artıq məhrum olub.
Məsələ ondan ibarətdir ki, İkinci Dünya Müharibəsindən sonra ABŞ və Böyük Britaniyanın öncüllüyü ilə yaradılan dünya nizamında başlıca məqsəd iki cahan savaşına gətirib çıxaran şərtlərin bir daha meydana gəlməməsindən ibarət idi. Bu məqsədlə bir araya gələn demokratik ölkələr qanunun aliliyinə, ölkələrin suverenliyinə və ərazi bütövlüyünə hörməti təmin edən beynəlxalq münasibətlər sisteminin yaradılması üzərində çalışdılar. İnsan haqlarını da qorumaq lazım gəlirdi.
Əsas məqamlardan biri bundan ibarət idi ki, bütün bu prinsipləri planetar miqyasda tətbiq etmək lazım gəlirdi. Həm də bu prosesdə iştirak hamı üçün açıq və könüllü idi. Bunlardan başqa, sülhü təmin etmək üçün BMT, iqtisadi inkişafla bağlı Ümumdünya Bankı, ticarət və sərmayə üçün Beynəlxalq Valyuta Fondu və təsisat formalaşdırıldı. Həmin təsisat sonradan Ümumdünya Ticarət Təşkilatına çevrildi.
Göründüyü kimi, müxtəlif sahələr üzrə dünya dövlətlərini birləşdirməli olan təşkilatlar qlobal miqyasda hüquqa, qanunun aliliyinə, beynəlxalq normalara və ədalətə əsaslanan prinsiplər üzrə əməkdaşlığın inkişafına xidmət etməlidirlər. Bunlar dünyanın liberal nizamını təmin edəcək real mexanizmlərdir. Təbii ki, bu halda xüsusi missiyası əvvəlcədən müəyyən olunan həmin beynəlxalq təşkilatlar öz funksiyalarını lazımi səviyyədə yerinə yetirmədikdə, bütün dünyada problemlər meydana gəlməlidir. Hazırkı şəraitdə bu halı müşahidə edirik.
Liderlik və ədalət: tarazlıq mövcuddurmu?
Riçard Haas vurğulayır ki, bütün bunlar ABŞ-ın iqtisadi və hərbi qüdrətinə dayanır, Avropa və Asiyada yaradılmış alyanslar şəbəkəsinə əsaslanır və nüvə silahına istinad edirdi (aqressiyanı cilovlamaq üçün). Belə çıxır ki, "liberal dünya nizamı yalnız demokratik ölkələrin ideallarına deyil, həm də "sərt güc"ə istinad edirdi" (bax: əvvəlki mənbəyə).
Mövcud fikirlərə görə, liberal dünya nizamı SSRİ-nin süqutundan və "soyuq müharibə"nin başa çatmasından sonra kəskin surətdə möhkəmləndi. Ancaq həmin hadisələrdən 25 il sonra aydın olur ki, liberal dünya nizamının da gələcəyi sual altındadır. Burada ən təhlükəlisi ondan ibarətdir ki, liberal nizamın liberalizm, universalizm və nizamın qorunması kimi üç başlıca komponenti görünməmiş qızğınlıqla dartışma hədəfinə çevrilib (bax: əvvəlki mənbəyə).
Nəticədə liberalizm geri çəkilir. Demokratik hesab edilən ölkələrdə siyasi populizm vüsət alır. Avropada isə siyasi radikalizmə meylli partiyalar dirçəlir. "Brexit" Qərbdə siyasi elitanın öz nüfuzunu itirməkdə olmasının əlamətidir. ABŞ-da isə ölkə başçısı KİV, məhkəmə və hüquq-mühafizə orqanları üzərinə görünməmiş hücuma keçib. Avtoritar ölkələr (Rusiya, Çin) daha da avtoritar olub. Macarıstan və Polşa isə artıq özlərinin gənc demokratiyalarının taleyi ilə maraqlanmırlar.
Bunlar dünyanın bütövlüyünü pozur. Müxtəlif regional düzən, yaxud nizamsızlıq özünü göstərməyə başlayıb (məsələn, Yaxın Şərqdə) (bax: əvvəlki mənbəyə). Onların hər birinin özəl xüsusiyyətləri var ki, bu da qlobal sistem yaratmaq cəhdlərini puç edir. Ticarətdə proteksionizm güclənir. Kiberməkanın tənzimlənməsi ilə bağlı çox az qaydalar qəbul edilib.
R.Haasın bunlardan sonrakı tezisləri də maraqlıdır. Əvvələn, "böyük dövlətlərin rəqabət dövrü geri qayıdır". Rusiya beynəlxalq münasibətlərin baza normalarını pozaraq Avropada silahlı güc vasitəsi ilə sərhədləri dəyişməyə çalışır. Moskva 2016-cı ildə ABŞ-dakı seçkilərə müdaxilə etməklə Amerikanının suverenliyinə qəsd etdi. Şimali Koreya nüvə silahının yayılmaması ilə bağlı güclü beynəlxalq konsensusu inkar etdi. Dünya Suriya və Yəməndəki humanitar fəlakətə sakit yanaşdı. Kimyəvi silahların tətbiqinə qarşı BMT çox az iş gördü. Venesuelada dövlət dağılır. Bütövlükdə dünyada 100 adamdan biri ya qaçqındır, ya da öz ölkəsi daxilində məcburi köçkündür (bax: əvvəlki mənbəyə).
Müəllif bütün bunların hansı səbəblərdən və niyə məhz indi baş verməsi ilə bağlı da fikir bildirir. R.Haas hesab edir ki, populizmin vüsət almasının səbəbi əhalinin əksər qisminin gəlirlərinin azalması və iş yerlərinin itirilməsi ilə bağlıdır. İş yerləri başlıca olaraq yeni texnologiyaların tətbiqi ilə azalır. Bununla yanaşı, həmin prosesi idxalın artması və miqrantların axınının güclənməsi ilə də izah etməyə çalışırlar (bax: əvvəlki mənbəyə).
Sonra, bir çox ölkələrin liderləri millətçilikdən öz hakimiyyətlərini daha da genişləndirmək üçün aktiv istifadə edirlər. Bunların fonunda isə "qlobal institutlar yeni güc balansına və texnologiyalara adaptasiya oluna bilmədilər" (bax: əvvəlki mənbəyə).
Bütün bunlarla yanaşı, R.Haas hesab edir ki, dünya liberal nizamının zəifləməsi daha çox ABŞ-da yanaşmaların dəyişməsi ilə bağlıdır. Belə ki, ABŞ Donald Trampın hakimiyyətə gəlməsi ilə Trans-Sakit okean tərəfdaşlığından (TST) çəkilməyə qərar verdi, iqlim dəyişikliyi ilə bağlı Paris sazişindən çıxdı. Vaşinqton Şimali Amerika azad ticarət zonası müqaviləsini (NAFTA) tərk etməklə hədələyir, İranla imzalanan nüvə sazişinin taleyi də aydın deyil. Son dövrlərdə isə ABŞ dövlət başçısı birtərəfli qaydada polad və alüminiuma vergini artırıb və bunu milli təhlükəsizliklə əlaqələndirib. Bu üsuldan digər dövlətlər də istifadə edə bilərlər ki, bunun da sonucu ticarət müharibəsi olar. Amerika demokratiya və insan haqlarından az danışır. Vaşinqton NATO qarşısındakı öhdəliklərini şübhə altına alıb. Ümumi deyilsə, "hər şeydən öncə Amerika" şüarı ilə liberal dünya nizamı bir-birinə uyğun görünmürlər.
Ancaq müəllif yalnız ABŞ-ı ittiham etmək məqsədini güdmür. O, Aİ, Rusiya, Çin, Hindistan və Yaponiyanı da tənqid edir. Onların etdikləri və ya etmək istədiklərinin hamısı dünyanın liberal nizamına zərbədir. Lakin R.Haasın qənaətinə görə, "...ABŞ sıradan bir ölkə deyil. Amerika liberal dünya nizamının əsas arxitektoru və başlıca dayağı idi. Həmçinin onun başlıca benefisiarı idi" (bax: əvvəlki mənbəyə).
Çıxış yolu: rəqabətə davam, yoxsa beynəlxalq hüquq?
Bütün bunlara görədir ki, Amerikanın 70 ildən çoxdur yerinə yetirdiyi roldan imtina etməsi özlüyündə dönüş nöqtəsidir. Liberal dünya nizamı indiki vəziyyətdə qala bilməz, çünki başqa ölkələrin onu saxlamaq üçün nə vəsaiti, nə də marağı var. Ümumiyyətlə götürdükdə, dünya azadlıq, çiçəklənmə, sülhün azlıq təşkil edəcəyi bir vəziyyətə doğru gedir. Həm də bu, amerikalılar da daxil olmaqla, bütün dünya xalqlarına aid olacaq.
Bizcə, tanınmış politoloqlardan birinin liberal dünya nizamı ilə bağlı mövqeyi tam aydındır. Riçard Haasın əksər arqumentləri əsaslıdır. Bütövlükdə götürdükdə, müasir mərhələdə dünya nizamının ciddi çətinliklərlə üz-üzə olduğunu inkar etmək mümkün deyil. Bunun əlamətləri də kifayət qədərdir. Deyilənlərin fonunda qlobal nizam əvəzində regional miqyasda müəyyən nizamlılığın, yaxud nizamsızlığın özünü göstərməsi də çox maraqlı dinamikadan xəbər verir. Lakin həmin məqamı müəllifin təqdim etməyə çalışdığı kimi, yalnız mənfi fonda dərk etməyi doğru saymırıq.
Məsələ ondan ibarətdir ki, çağdaş dünyamızda qloballaşma ilə yanaşı unikallaşma da özünü göstərir. Sosioloqlar bunu ümumən cəmiyyətin sosiallaşması ilə əlaqələndirirlər. Yəni, əvvəlki mərhələlərdən fərqli olaraq, müasir cəmiyyətlərdə vahid mərkəzin rolu azalır. Cəmiyyətdə siyasi sistemə daxil olmayan və ictimai məzmun kəsb edən faktorlar daha təsirli olmağa başlayır. Bu da bütövlükdə sosial-siyasi dinamikaya ciddi təsir göstərir.
Bu özəlliyin beynəlxalq münasibətlər sisteminə proyeksiyası dövlətlərarası münasibətlərin yeni dinamika və məzmun kəsb etməsi ilə xarakterizə olunur. O cümlədən ümumi nizamla yanaşı, lokal məkanlarda öz təkamül ritminə və düzən məntiqinə malik geosiyasi konfiqurasiyalar meydana gəlir. Regional nizam bundan ibarətdir.
Təbii ki, regional nizamın daha özəl məzmun kəsb etməsi, onun öz liderinin müəyyənləşdirilməsini də tələb edir. Bu baxımdan ayrı-ayrı regionlarda lokal nizamlılığın meydana gəlməsi bütövlükdə dünyanın gələcək düzəni aspektində müsbət haldır. O başqa məsələdir ki, məhz böyük dövlətlər bu prosesə pozucu təsir göstərirlər. Nədənsə, R.Haas məsələni bu kontekstdə qoymur.
O cümlədən yazıda nümunə kimi göstərilən Yaxın Şərqdəki regional nizamsızlığın birbaşa günahkarları böyük dövlətlərdir. Çünki məhz onların öz maraqlarını təmin etmək, daha çox nüfuza malik olmaq üçün apardıqları savaş bölgə ölkələrinə böyük ziyan verir. İndi də həm Qərbi, həm də Rusiyanı, deyək ki, Suriya xalqı və dövləti deyil, kimin daha çox təsir dairəsinə sahib ola biləcəyi maraqlandırır. Bu səbəbdən Yaxın Şərq dünya üçün bir nizamsızlıq nümunəsinə çevrilib.
Belə çıxır ki, regional miqyasda lokal nizamlılıq, əslində, müasir dünyanın çağırışlarına uyğundur, lakin bu prosesin böyük dövlətlər tərəfindən qiymətləndirilməsi yanlışdır. Onlar açıqca özlərindən başqa kimsənin dünyada söz sahibi olmasını arzulamırlar. Bu bağlılıqda R.Haasın regional nizamlılığa münasibəti faktiki olaraq qərbmərkəzli dünyanın yaranması fəlsəfəsindən qaynaqlanır. Həmin aspektdə də birtərəfli xarakter daşıyır.
Digər özəllik amerikalı mütəxəssisin bir kəlmə belə böyük dövlətlərin ikili standartlar və islamofobiya xarakterli siyasətinin mövcud dünya nizamına göstərdiyi təsirdən söz salmaması ilə əlaqəlidir. Problemin bu tərəfinin liberal dünya nizamının qarşılaşdığı çətinliklərlə sıx bağlılığı vardır. Çünki İslam ölkələrinə olan qərəzli münasibət birbaşa R.Haasın vurğuladığı üç məqama – liberalizmin və universalizmin zəruriliyinə və nizamın qorunmasına inamı ciddi sarsıdır. Artıq çoxlu sayda dövlətlər bu anlayışların arxasında bir sıra ölkələrin öz dəyərlərini başqalarına zorla qəbul etdirmək məqsədinin dayandığı qənaətindədirlər.
Bu cür şübhələr son illər Yaxın Şərqdən olan miqrantlara qarşı Avropada qeyri-demokratik və antiinsani münasibətin göstərilməsi ilə daha da artdı. Hətta bəzi Avropa dövlətləri, ümumiyyətlə, onların cəmiyyətə inteqrasiya ola biləcəyinin mümkünsüzlüyündən bəhs etdilər. Bunlar ictimai şüurda miqrantlarla bağlı radikal və qeyri-humanist təsəvvürlər formalaşdırmağa əlavə təkan verdi. Belə bir psixoloji mühitdə hansı liberal dünya nizamından danışmaq olar?
Təsəvvür edin, bir tərəfdən, İkinci Dünya Müharibəsindən sonra dünya nizamının saxlanması üçün üç mühüm prinsipdən biri kimi dövlətlərin ərazi bütövlüyünün təmin edilməsi şərti qəbul edilir, lakin uzun illərdir ki, ərazi bütövlüyü pozulmuş Azərbaycana real dəstək verilmir. Azərbaycanın suverenliyinə olan qəsdin qarşısının alınmasında beynəlxalq hüquqda mövcud olan qaydalar rəhbər tutulmur. Hətta Azərbaycanın özünün problemi həll etməsinə müxtəlif bəhanələrlə mane olmağa cəhd edilir.
Onu da nəzərə alaq ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli üçün üç böyük dövlət – ABŞ, Fransa və Rusiya xüsusi yaradılmış tənzimləmə qrupuna həmsədr seçilib. Və onların heç biri indiyə kimi üzərlərinə düşən vəzifənin 100-də birini belə yerinə yetirməyiblər. Bu vəziyyətdə liberalizmə, universalizmə və mövcud dünya nizamını qorumaq zərurətinə kim inanar?
Bütün bunların fonunda müəllifin əslində özünün mənfi məqam kimi vurğuladığı bir müddəanın məntiqi tələsinə düşdüyü hiss olunur. Biz, "böyük dövlətlərin rəqabəti dövrünün qayıtdığı" tezisini nəzərdə tuturuq. Dünya nizamının böhrana düşməsində bu prosesin mənfi rolunu qeyd edən R.Haas, sonra eyni səhvə yol verir. O, hesab edir ki, yaranmış vəziyyətdən çıxış yolu ABŞ-ın üzərinə düşən geosiyasi funksiyanı yerinə yetirməsi ilə bağlıdır. Amerikanın hansı funksiyasından söhbət gedir və R.Haas nəyi nəzərdə tutur?
Politoloq Amerikanı yenə də dünyanın ağası kimi görmək istəyir. Yəni, böyük dövlətlərin rəqabətini qanuni sayır, lakin onu qane etməyən bu prosesdə Vaşinqtonun əvvəlki səviyyədə uğurlu və qətiyyətli olmamasıdır. Yazının məntiqinə görə isə, çıxış yolu geosiyasi rəqabətin, silahlanma yarışının arxa plana keçməsi və BMT çərçivəsində beynəlxalq hüququ gözləməklə meydana gəlmiş problemlərin ədalətli həllinə çalışmaqdan ibarətdir. Bu vurğulanmırsa, deməli, söhbət bir supergücün dünya liderliyini davam etdirməsi zəruriliyindən gedir. Dünya təcrübəsi göstərir ki, bu yolun sonu yoxdur. Bəşəriyyət uzun illər məhz həmin yolla gedərək indiki böhrana düşüb. Dairəni qapatmaq nə zamandan çıxış yolu olub?
Əslində, bu kimi təhlillər bir sıra siyasətçilərin uzun illərdir ifadə etdiyi bir fikrin doğruluğuna inamı daha da artırır. Biz, dünya nizamının formalaşmasında və yeni məzmun kəsb etməsində əsas ağırlığın beynəlxalq təşkilatların, ilk növbədə, BMT-nin üzərinə düşməsi tezisini nəzərdə tuturuq. Hələ keçən əsrin 90-cı illərində uzaqgörən siyasətçilər bu tələbatı aydın görür, bununla bağlı açıq fikirlərini bildirirdilər (məsələn, Ulu öndər Heydər Əliyev BMT-nin 49-cu sessiyasında (1994-cü il) və təşkilatın yaranmasının 50 illiyinə həsr edilmiş tədbirdə (1995-ci il) söylədiyi nitqində bu barədə birbaşa fikir bildirib).
Həmin dövrdən bu yana beynəlxalq təşkilatların fəaliyyətini daha səmərəli etmək üçün böyük dövlətlər tərəfindən heç bir real və səmərəli addım atılmayıb. BMT kimi təşkilatın qəbul etdiyi sənədlərə əməl olunmur, lakin buna qarşılıq heç bir tədbir görülmür. Məsələn, Ermənistanın Azərbaycana təcavüzü ilə bağlı BMT TŞ dörd qətnamə qəbul edib, lakin onların heç biri yerinə yetirilməyib. Ermənistana qarşı bununla bağlı ən kiçik tədbir belə görülməyib.
Bundan başqa, dünyanın müxtəlif yerlərində müsəlmanlara qarşı törədilən zorakılıqlara görə kimsədən haqq-hesab soruşan yoxdur. Ayrı-ayrı ölkələrdə tez-tez uşaq, gənc, qadın demədən qətlə yetirilən dinc müsəlmanlar haqqında BMT TŞ hansı qərarları qəbul edib və yerinə yetirilməsi üçün israrçı olub? ABŞ da daxil olmaqla, böyük dövlətlərin heç biri dinc müsəlmanların həlak olmasının qarşısını almaq istiqamətində konkret addımlar atmırlar. Lakin özlərinə sərf edən məqamlarda son dərəcə çılğın olurlar. Türkiyəyə qarşı terror törədənləri müdafiə edirlər, Azərbaycanda törədilmiş çoxlu sayda terror aktlarının günahkarlarının cəzalandırılması yadlarına düşmür. Budurmu liberal dünya nizamının dünyanın supergücü tərəfindən təmin edilməsi üsulu?
Deməli, liberal dünya nizamını böhrana salan hər kəsdən öncə "liberal"ların özləridir. Onlar geosiyasi ambisiyalarını təmin etmək üçün bütün demokratik dəyərləri tapdalamağa, ikili standartlara rəvac verməyə hazırdırlar. Bir-biri ilə geosiyasi rəqabətə girib, bəşəriyyətin özünü təhlükəyə atmaqdan çəkinmirlər. Və ən pisi odur ki, onlar bunu etiraf etmək əvəzinə öz günahlarını başqalarının üzərinə qoymağa çalışırlar. Ancaq təəssüf ki, bu barədə dünya analitiklərinin təhlillərində bir kəlmə belə kəsilmir! Bu isə geosiyasi təfəkkürün böhranıdır!
Newtimes.az
Strategiya.az
Paşinyan Kremldə: iki məsələdə xəyal qırıqlığı və ziddiyyətlər
Gələcək zəfərlərdən xəbər verən sarsılmaz Azərbaycan-Türkiyə birliyi
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM