“1941-1945-ci illər müharibəsi tarixi 1960-1970-ci illər Azərbaycan sovet tarixşünaslığında”

08:00 / 03.06.2018

1941-1945-ci illər müharibəsinin tarixinə aid tədqiqatlar Azərbaycan sovet tarixşünaslığında planlı şəkildə XX əsrin 60-cı illərindən etibarən yazılmağa başlanıldı. Əslində bunun xüsusi səbəbi var idi. Belə ki, 1956-cı ildə Sov.İKP-nin XX qurultayının qəbul etdiyi bir sıra mühüm qərarlardan sonra Sovet dövrü tarixinə dair hadisələrə münasibətlərdə çox böyük dəyişikliklər baş verdi. 1957-ci ildə sentyabr ayında Sov.İKP MK 1941-1945-ci illər müharibəsinin tarixinin altı cilddə yazılması haqqında qərar qəbul etdi. Məhz bundan sonra sovet tarixçiləri öz tədqiqatlarında SSRİ - nin 1941-1945-ci illər müharibəsində qələbəsini, almanların işğal etdiyi sovet torpaqlarından çıxarılmasını və bütün ölkə əhalisinin hakim kommunist partiyasının rəhbərliyi altında ideoloji-siyasi birliyini daha çox göstərməyə başladılar.
Azərbaycan sovet tarixşünaslığında Avropa ölkələrində faşizmə qarşı mübarizədə Azərbaycan döyüşçülərinin qəhrəmanlığı"proletar beynəlmiləlçiliyi" nə sonsuz sədaqəti, qələbəyə dərin inamı ilə "sovet adamına xas olan müsbət keyfiyyətləri" nümayiş etdirməsi kimi göstərilmişdir. Həmçinin qeyd olunmuşdur ki, müharibə ərzində on minlərlə zəhmətkeş Sov. İKP sıralarına daxil olmuşdur. Xalqın qələbə işinə səfərbər olmasında Azərbaycan Kommunist Partiyasının böyük köməyi olduğu müəlliflər tərəfindən önə çəkilmişdir.
Bu vaxtdan etibarən Azərbaycan sovet tarixşünaslığında 1941-1945-ci illər müharibəsinin geniş araşdırılmasına başlanıldı. Müəlliflər öz tədqiqatlarında dövrün siyasi təsirlərindən kənara çıxmasalar da, bütövlükdə bu araşdırmalar bu gün də mühüm əhəmiyyətə malikdir.1941-1945-ci illər müharibəsində azərbaycanlıların hərbi əməliyyatlarda, partizan hərəkatında, arxa cəbhədə, həmçinin, elm, təhsil, sənaye, kənd təsərrüfatı və b. sahələrdəki iştirakına aid əsərlər sistemli olaraq yazılmağa başladı.
Bundan əlavə həmin əsərlərdə müharibənin başlanması, azərbaycanlıların cəbhəyə səfərbər olması, Azərbaycan SSR iqtisadiyyatının hərbi qaydada yenidən qurulması, azərbaycanlı döyüşçülərin müharibənin ilk illərindən cəbhədə göstərdikləri qəhrəmanlıq, həlledici döyüşlərdə və qələbənin əldə olunmasında onların iştirakı, arxa cəbhədəki fədakar əmək, kənd təsərrüfatı işçilərinin bol məhsul üçün hünəri, Azərbaycan SSR əhalisinin cəbhəyə ümumxalq yardımı, müharibə illərində əhalinin ideya-siyasi tərbiyəsi, partizan hərəkatında azərbaycanlıların göstərdikləri şücaət, Avropada antifaşist və müqavimət hərəkatında azərbaycanlıların iştirakı, eləcə də,Yaponiya və Hitler Almaniyası üzərində tarixi qələbədə oynadığı roldan bəhs olunur. Burada həmçinin müharibənin xalqımızın maddi və mənəvi həyatına ciddi zərbə olduğu göstərilir.
1960-cı ildə Məzahir Abbasovun nəşr etdirdiyi əsər daha çox azərbaycan kommunist partiyasının 1941-1945-ci illər müharibəsində ön və arxa cəbhədə fəaliyyətinə həsr olunub. Əsərdə neft, yüngül, yeyinti və elektroenergetika sənayesi, eləcə də, kənd təsərrüfatının ayrı-ayrı sahələrinin cəbhəyə yardımının təşkil edilməsində Kommunist Partiyasının göstərdiyi xidmətlərə daha çox yer verilmişdir. Müəllif Azərbaycanın ayrı-ayrı bölgələrində Azərbaycan KP-nın keçirdiyi görüşlərin və apardıqları təbliğatların müsbət əhəmiyyətini vurğulayır. Hitlerçilərin məğlub edilməsində Azərbaycan xalqının apardığı mübarizədə Azərbaycandakı hakim partiyanın başçılıq etməsi əsərdə aparıcı yer tutur (1, s.37).
Ə.Kərimovun “Böyük Vətən Müharibəsi illərində Azərbaycan kolxozçularının fədakar əməyi” adlı əsərində 1941-1945-ci illərdə Azərbaycan Kommunist partiyasının rəhbərliyi altında kənd təsərrüfatı sahəsində görülən işlərdən və Azərbaycan SSR kənd əhalisinin fədakar əməyindən bəhs olunur. Ə. Kərimov öz əsərində 1941-1945-ci illərdə SSRİ-nin Hitler Almaniyasına qarşı apardığı müharibəni "ümumsovet xalqının müqəddaratının həlli" kimi verib. Sov. İKP-nin fəaliyyəti müharibənin ilk günlərindən başlayaraq sovet xalqının amansız düşmənə qarşı mübarizə üçün ayağa qaldırılması kimi göstərilib. Hər şeyin cəbhənin tələblərinə tabe edilərək ölkəni vahid hərbi düşərgəyə çevrilməsi və nəticə olaraq faşist Almaniyasının darmadağın edilməsi əsərdə öz əksini tapmışdır (2, s.4).
Əsərdə müharibənin başlanması səbəbləri, respublikadakı işlərin müharibə dövrünün tələblərinə uyğun şəkildə yenidən qurulması, kənd təsərrüfatında çalışanların öz fədakar əməyi ilə qələbəyə təsiri, Azərbaycan SSR əhalisinin cəbhəyə və faşist işğalından zərər çəkmiş bölgələrə qardaşlıq köməyi, faşist işğalından azad olan rayonlarda iqtisadiyyatın yenidən bərpasında fəaliyyəti göstərilmişdir (2, s.77).
Burada tapşırıq kimi göstərilmişdir ki, 1941-1945-ci illər müharibəsi tarixinə həsr olunmuş əsərlərdə alman faşizminin imperializmin təcavüzkarlıq siyasəti, sovet ordusu və donanmasının qələbələri, müharibədə kommunist partiyasının rolu və başqa bu kimi məsələlərlə yanaşı, arxa cəbhədə sovet adamlarının fədakar əməyi mövzusu da əsaslı surətdə yenidən işlənməlidir.
1960-cı illərdə Azərbaycan sovet tarixşünaslığı, eləcə də müasir tarixşünaslığımız baxımından dəyərli olan əsərlərdən biri “Azərbaycan Sovet İttifaqı Qəhrəmanları” adlı əsərdir. Bu əsərdə 1941-1945-ci illər müharibəsi zamanı böyük qəhrəmanlıqlar göstərərək Sovet İttifaqı Qəhrəmanı adına layiq görülən azərbaycanlılar barədə məlumatlar öz əksini tapmışdır. Qeyd olunan nəşrdə 90-dan çox Sovet İttifaqı Qəhrəmanı haqqında ümumi məlumat verilmiş, onların döyüş yolu barədə faktlar yer almışdır (3).
Tapdıq Novruzovun əsəri Azərbaycan SSR-nin kənd əhalisinin arxa cəbhədə əmək qəhrəmanlığının öyrənilməsi baxımından əhəmiyyətlidir. Dövrün partiya arxivləri, Azərbaycan EA Tarix İnstitutunun Arxivi, Azərbaycan SSR Kənd Təsərrüfatı Nazirliyinin Arxivinin materialları əsasında yazılmış bu əsərdə ayrı-ayrı rayonlar üzrə Azərbaycan kəndlilərinin cəbhəyə yardımları statistik materiallar əsasında verilmişdir (4, s.7). Burada kənd əhalisinin arxa cəbhədə qələbə naminə fədakarlığı, digər müttəfiq respublikaların əhalisi ilə birgə Vətənə və dövlətə sədaqəti göstərilmişdir.
Monoqrafiyada Azərbaycan xalqının ön cəbhədəki şücaəti və arxa cəbhədəki fəaliyyəti marksizm-leninizm təlimi əsasında verilmişdir. Azərbaycan milli diviziyalarının şanlı döyüş yollarının ilk dəfə bu əsərdə tədqiq edilməyə təşəbbüs göstərilmişdir. Azərbaycanlıların partizan hərəkatında vətənə və dövlətə sonsuz sədaqəti, vətənpərvərliyi və yüksək döyüş keyfiyyətləri ilə Avropa xalqlarını valeh etməsi, yerli xalqları mübarizəyə və qələbəyə ruhlandırması kimi həmin əsərdə qeyd olunmuşdur (4).
T. Əfəndiyevin 1965-ci ildə rusca nəşr etdirdiyi əsər Azərbaycanın 1941-1945-ci illər müharibəsi tarixini öyrənmək üçün dəyərli əsərlərdən biridir. Ali məktəblər üçün nəzərdə tutulmuş bu dərslikdə müəllif müharibənin başlanması zamanı xalq təsərrüfatının qurulması, müharibədə əsaslı dönüşün yaranması zamanı Azərbaycanın vəziyyəti və qələbənin əldə olunmasında azərbaycanlıların xidmətlərinə ümumi olaraq toxunmuşdur. Əsər dövrün siyasi tələbləri çərçivəsi baxımından yazılmasına baxmayaraq müəllif ümumi olsa da Azərbaycan milli atıcı diviziyalarının müxtəlif cəbhələrdə şücaətindən bəhs etmişdir. Burada həmçinin müəllif Hərbi Şuranın üzvü Sovet İttifaqı ordu general-leytenantı V. İ. Uranovun Azərbaycanın partiya rəhbərinə 416, 203 və 402-ci milli atıcı diviziyalarının 1942-1943-cü illərdə İşesk, Mozdok, Don və Taqanroqda hitlerçilərə sarsıdıcı zərbələr vurması haqqında məktubunu qeyd etmişdir (5, s.26).
1941-1945-ci illər müharibəsinə aid tədqiqatlar aparmış AMEA-nın müxbir üzvü Qaraş Mədətovun rusca nəşr etdirdiyi “Azərbaycan Böyük Vətən Mühari-bəsində” adlı əsəri bu dövrün öyrənilməsi baxımından mühüm əhəmiyyətə malikdir. Həmin əsərdə Azərbaycan xalqının müharibədə iştirakını, azərbaycanlıların ön və arxa cəbhədə qəhrəmanlıqlarını, respublika iqtisadiyyatının, xüsusilə, Bakı neftinin qələbədə müstəsna əhəmiyyətindən bəhs edilmişdir. İlk dəfə olaraq bu əsərdə həmçinin Avropada antifaşist hərəkatında azərbaycanlıların iştirakına toxunulmuşdur. Müəllif müharibə tarixinin öyrənilməsinə ümumi nəzər salmış, bunları hakim partiyanın qarşıya qoyduğu mühüm tapşırıq kimi qiymətləndirmişdir. Əsərin yazılmasında müharibə iştirakçılarının xatirələrindən, döyüş yolu keçmiş qəhrəmanların cəbhə qeydlərindən və hərbçi jurnalistlərin məlumatlarından istifadə edilmişdir (6, s. 12).
“Dostluğun gücü” adlı əsərində Teyyub Qurbanov müharibə də Azərbaycan döyüşçülərinin SSRİ-dəki digər xalqların nümayəndələri ilə birlikdə göstərdiyi qəhrəmanlıqları barədə müəyyən məlumatlar verir, ayrı-ayrı cəbhələrdə xalqımızın oğul və qızlarını igidliklərinə toxunur. Əsərdə Belorusiyanın, Ukraynanın və Rusiyanın hitlerçilər tərəfindən işğal olmuş ərazilərindəki sənaye müəssisələrinin bəzilərinin Azərbaycana köçürülməsi barədə faktlara rast gəlinir (7,s.38). Əsərin yazılması zamanı sovet dövrünün tədqiqatçılarının əsərlərinə daha çox istinad edilsə də burada tarixşünaslığımız üçün dəyərli məlumatlar yer almışdır. Tədqiqatçı T. Qurbanov həmçinin Avropadakı antifaşist və müqavimət hərəkatındakı azərbaycanlıların rolu barədə yazmış, ümumi olsa da bu barədə məlumatlar vermişdir.
Azərbaycan sovet tarixşünaslığında 1941-1945-ci illər müharibəsinə aid tədqiqatlardan biri də Nəsir İmanquliyevin “zəhmətkeşlərin əmək qəhrəmnlığı uğrunda mübarizəsi”adlı əsəridir.Qeyd olunan əsəri müəllif müharibənin respublikanın mətbuat səhifələrində nəşri əsasında yazmışdır. Göstərilən tədqiqat Azərbaycan mətbuatında sənaye işinin, nəqliyyat və yüngül sənaye sahələrinin işıqlandırılmasına həsr edilmişdir. Müəllif 1941-1945-ci illər müharibəsi zamanı azərbaycanlıların arxa cəbhədə və hərbi əməliyyatlarda fədakarlığını dövrün mətbuat səhifələrində necə əks olunmasını işıqlandırmışdır. Əsərdə bir çox tarixi faktlar yer almışdır ki, bu da qeyd olunan müharibənin XX əsrin 60-cı illərinin mətbuatında nəşr olunduğunu göstərir və bu gün də aktuallığını saxlayır.
Həmin illərdə Azərbaycan sovet tarixşünaslığında 1941-1945-ci illər müharibəsindən bəhs edən əsərlərdən biri də Qəzənfər Mehdiyevin rusca yazdığı “Azərbaycan Kommunist Partiyasının Böyük Vətən Müharibəsi dövründəki fəaliyyəti (1941-1945-ci illər)” adlı əsərdir. Burada müəllif müharibə zamanı Azərbaycan Kommunist Partiyasının fəaliyyətini dövrün siyasi tələblərinə uyğun olaraq yüksək qiymətləndirir, azərbaycanlıların ön və arxa cəbhədəki qəhrəmanlıqlarının Kommunist Partiyasının apardığı təbliğatın nəticəsi kimi qeyd edir. Ayrı-ayrı sahələrdə ( sənaye, kənd təsərrüfatı,elm və s.) Azərbaycan xalqının cəbhəyə dəstəyini KP-nın yüksək təşkilatçılığı sayəsində baş verməsi kimi vurğulayır. Bununla belə, qeyd olunan əsər 1941-1945-ci illər müharibəsində Azərbaycanın iştirakını və ayrı-ayrı sahələrin müharibə vaxtı fəaliyyətini öyrənmək baxımından bu gün də öz əhəmiyyətini saxlayır (9).
Adı çəkilən dövrdə 1941-1945-ci illər müharibəsinə aid əsərlərdən biri olan Dərgah Qüdrətovun əsəridir. Burada II fəsil qeyd olunan dövrə aiddir. Əsərdə azərbaycanlıların SSRİ-də yaşayan digər xalqlarla birlikdə faşizmə qarşı mübarizəsi əks olunub. Burada həmçinin Azərbaycanın ayrı-ayrı rayonlarının cəbhəyə yardımına ümumi olaraq toxunulub və Azərbaycanın keçmiş SSRİ-nin digər respublikaları ilə qarşılıqlı əməkdaşlığına həsr olunub (10).
1969-cu ildə R. Zeynalovun və L. Borodetskinin 416-cı Milli Azərbaycan atıcı diviziyasının döyüş yolundan bəhs edən əsərində azərbaycanlıların Qafqazdan Berlinədək keçdiyi hərbi əməliyyatları əks olunmuşdur. Əsər rusca yazılıb və burada dövrün siyasi baxışları özünü göstərir. Bununla belə müəlliflər əsərdə diviziyanın müxtəlif cəbhələrdəki uğurlu hərbi əməliyyatlarını, hitlerçilərə dəyən ziyanları, diviziyanın hitlerçilərdən təmizlədikləri ərazilər barədə məlumatlar vermişlər. Həmçinin əsərdə, azərbaycanlı döyüşçülərin qəhrəmanlığına aid müəyyən məlumatlar da yer almışdır.Əsər hərbi-tarixi oçerk şəklində yazılmasına baxmayaraq, 1941-1945-ci illər müharibəsinin öyrənilməsi baxımından elmi əhəmiyyətlidir (11).
Bu dövrün tarixşünaslığında 1941-1945-ci illər müharibəsinin araşdırılması baxımından dəyərli əsərlərdən biri də “Azərbaycan ziyalıları Böyük Vətən Müharibəsi illərində” adlanır. Əhəd Bağırzadənin bu əsəri müharibə dövründə azərbaycanlı ziyalıların ön və arxa cəbhədə iştirakına aid yazılmış ilk fundamental tədqiqatlardan sayılır. Burada müəllif müharibənin başlanması ilə azərbaycanlı ziyalıların mövcud hakim partiya ilə birlikdə Azərbaycan xalqını düşmənə qarşı mübarizə üçün birləşməyə çağırmasında əsas faktor olmasını göstərir. Arxa cəbhədə Azərbaycan ziyalılarının apardığı partiya-ideoloji, həmçinin siyasi təbliğatlarında ziyalıların rolunun xüsusi əhəmiyyət kəsb edildiyi göstərilmişdir. Tədqiqatçı qeyd olunan əsərində hərbi məhsul istehsalı, təyyarə benzini, neft istehsalı və digər texniki sahələrdə çalışan Azərbaycan ziyalılarının fəaliyyətini dövrün arxiv materialları əsasında faktlarla göstərmişdir. Qeyd olunan əsərdə azərbaycanlı ziyalıların müharibə dövründə elmin ayrı-ayrı sahələrində əldə etdikləri nailiyyətlər verilmişdir. Adı çəkilən dövrün tarixşünaslıqdakı digər tədqiqat əsərləri kimi bu əsər də hakim Kommunist Partiyasının azərbaycanlı ziyalıları öz ətrafında birləşdirilməsi, partiyanın bu işlərdə mühüm xidmətləri və ziyalıların səfərbər edilməsində rolu xüsusi olaraq qeyd olunur (12).
Sovet İttifaqı Qəhrəmanı Müseyib Bağırovun “Volqadan Dunayadək” adlı hərbi-tarixi oçerki 1960-1970-ci illər Azərbaycan sovet tarixşünaslığında 1941-1945-ci illər müharibəsinin tarixinin öyrənilməsi baxımından əhəmiyyətlidir. Müəllif burada öz döyüş yolundan bəhs etməklə yanaşı ayrı-ayrı fəsillərdə müxtəlif cəbhələrdəki hərbi əməliyyatlar barədə məlumat verir, azərbaycanlıların qəhrəmanlıqlarını qeyd edir. Həmin əsərdə müəllif müharibə zamanı azərbaycanlıların fəaliyyətindən bəhs edən dövrün qəzetlərindən bəzi faktları göstərir (13).
Bu dövrün tarixşünaslığında Azərbaycan milli diviziyalarının fəaliyyətinə aid əsərlər də yazılmışdır. 1960-1970-ci illərin tarixşünaslığında Azərbaycan diviziyalarının döyüşlərdə iştirakına aid olan əsərlərdən biri Faiq Paşayevin əsəridir. Burada müəllif 1941-ci ilin sonlarında Azərbaycan milli diviziyalarının yaranmasından, onların Qafqazın müdafiəsində tutduğu mövqe və alman qoşunlarına qarşı amansız mübarizəsindən bəhs edir. Bu kiçik əsərdə 416 və 77-ci milli atıcı diviziyaların keçdikləri döyüş yolu barədə ümumi məlumat verilib. Digər milli atıcı diviziyaların döyüş yolundan isə bəhs edilməyib. Bu əsərdə müəllif həmin atıcı milli diviziyaların əsas hərbi əməliyyatlardakı iştirakını verməklə kifayətlənib (14).
1975-ci ildə AMEA Tarix İnstitutunun nəşr etdirdiyi kitab-albom əvvəllər nəşr olunmuş azərbaycanlı Sovet İttifaqı Qəhrəmanlarına aid olan əsərlərdən fərqlənir. Dövrün arxiv sənədləri, müharibə veteranlarının və döyüşçülərin xatirələri əsasında yazılmış bu kitabda Azərbaycandan orduya çağırılmış və sonralar “Sovet İttifaqı Qəhrəmanı” adını almış həmyerlilərimiz haqqında məlumatlar yer almışdır. 121 oçerkdən ibarət olan bu əsərdə 1941-1945-ci illər müharibəsinin iştirakçısı olmuş həmvətənlərimiz haqqında ilk fundamental və əhatəli bir tədqiqatdır. Kitab-albomda adları çəkilən qəhrəmanların döyüş yolu haqqında ümumi məlumatlarla yanaşı fotoları da verilmişdir. Qeyd olunan toplu 1960-1970-ci illər tarixşünaslığında 1941-1945-ci illər müharibəsinin araşdırılması üçün dəyərli əsərlərdəndir.
1960-1970-ci illər tarixşünaslığında 1941-1945-ci illər müharibəsinə aid yazılmış əsərlər əvvəlki illərdəki tədqiqatlardan daha geniş aspektdə və hərtərəfli araşdırılması baxımından fərqlənir. Bu dövrün tarixşünaslığında qələbənin 20 və 30 illiyi münasibətilə yazılmış tədqiqatlar sonrakı illərdə də 1941-1945-ci illər müharibəsinin öyrənilməsi üçün mühüm mənbə rolunu oynamışdır. Qeyd olunan dövrün tədqiqatçıları arxiv materiallarından və sələflərinin əsərlərindən istifadə etməklə bu gün də öz əhəmiyyətini saxlayan tədqiqatlar ortaya qoymuşlar (15).
Azərbaycan sovet tarixşünaslığında 1941-1945-ci illər müharibəsində SSRİ-dəki xalqların alman faşist işğalçılarına qarşı mübarizəsi, misilsiz kütləvi qəhrəmanlığı və mənəvi – siyasi birliyi Kommunist Partiyasının rəhbər və təşkilatçı rolu kimi göstərilmişdir. Bu əsərlərdə Kommunist Partiyasının fəaliyyətnə çox toxunulmuş,düşmən üzərində hərbi və iqtisadi qələbə isə yüksək vətənpərvərlik və sosialist şüurluluğu kimi əlaqəli surətdə verilmiş,ayrı-ayrı respublikaların 1941-1945-ci illər müharibəsində iştirakı səthi şəkildə işıqlandırılmışdır. Bununla belə həmin əsərlərdə müttəfiq respublikaların xalqlarının göstərdikləri qəhrəmanlıq tarixini öyrənməyin böyük, siyasi və elmi əhəmiyyətə malik olması məsələsinə toxunulduğu qeyd edilmişdir (16, s. 5).
1965-ci ilədək Azərbaycan SSR-nin 1941-1945-ci illər müharibəsində iştirakına həsr edilən ümumiləşdirici elmi əsər yazılmamışdır. Nəşr edilən bir sıra monoqrafiya, kitabça və məqalələr Azərbaycan xalqının1941-1945-ci illər müharibəsində iştirakının müxtəlif məsələlərinə həsr edilmişdir.1941-1945-ci illər müharibəsi zamanı ön və arxa cəbhə arasındakı əlaqə, Azərbaycan xalqının SSRİ-də yaşayan başqa xalqlarla əməkdaşlığı zəif işıqlandırılmış, Azərbaycan Milli Diviziyalarının döyüş yolu, partizan hərəkatında iştirakı, Avropa ölkələrindəki müqavimət və antifaşist hərəkatında iştirakı geniş tədqiq olunmamışdır. Belə əsərlərdən biri Ə.Bağırzadənin “Qəhrəman gənclik” əsəridir. Burada Azərbaycan gənclərinin arxa və ön cəbhədəki vətənpərvərliyinə dair məlumatlarla zəngindir.Lakin əsərdə SSRİ-nin işğal altında olan torpaqlarında hitlerçilərə qarşı Azərbaycan gənclərinin fədakarlığı qeyd olunmayıb (16, s. 6). Bu baxımdan qeyd edilən monoqrafiyaların metodoloji əsasını "sosialist Vətəninin müdafiəsi", "Kommunist Partiyasının arxa və ön cəbhədəki rəhbər rolu", qələbənin əldə olunmasında kommunist partiyasının ideoloji-siyasi təsiri daha çox verilmişdir.
Müəllif qeyd olunan dövrə aid əsəri yazarkən 1941-1945-ci illərdə arxa cəbhədəki əmək qəhrəmanları, partizan hərəkatı iştirakçıları, alim və yazıçıların, incəsənət xadimlərinin xatirələrindən, onlarla keçirilən görüş, müsahibə və söhbətlərin stenoqraf-yazılarından, həmçinin, 1941-1964-cü ildə SSRİ-də nəşr olunan tarix üzrə elmi ədəbiyyatlardan,o cümlədən,əcnəbi dillərdə çap olunan əsərlərdən bu monoqrafiyanın yazılmasında istifadə etmişdir (16, s.90).
Ümumiyyətlə,1941-1945-ci illər müharibəsi tarixini tədqiq edən müəlliflər öz əsərlərində göstərmişlər ki, hakim partiyanın təşkilatçılığı ilə respublikanın sənaye və kənd təsərrüfatı inkişafı edərək cəbhəni silah və ərzaqla fasiləsiz olaraq təmin etmişdir. Həmçinin müəlliflər Azərbaycan Kommunist Partiyasının 1941-1945-ci illər müharibəsində fəaliyyətinə xüsusi yer vermiş,onun təşkilatçılıq işini yüksək qiymətləndirmişdir.Belə bir yanaşma heç də təsadüfi xarakter daşımırdı. Çünki, sərt inzibati-amirlik və totalitar ideoloji sistemin hökmranlığı şəraitində bütün tarixi həqiqətləri tam əks etdirən əsərlər yazmaq mümkün deyildi. Bununla belə, həmin əsərlər 1941-1945-ci illər müharibəsi tarixinin öyrənilməsi üçün dəyərli faktlara malikdir.


Ədəbiyyat
1. M. Abbasov, Azərbaycan Kommunist Partiyası Böyük Vətən Müharibəsi dövründə cəbhəyə yardımı qüvvətləndirmək uğrunda mübarizədə,Bakı,1960
2. Ə.Kərimov, Böyük Vətən Müharibəsi illərində Azərbaycan kolxozçularının fədakar əməyi, Bakı – 1962
3. Azərbaycan Sovet İttifaqı Qəhrəmanları,Azərbaycan SSR EA Tarix İnstitutu,Bakı,1963
4. Т.Новрузов,Трудовые подвиги колхозного крестьянства Азербайджана в период Великой Отечественной Войне, Баку – 1963
5. Т. Эфендиев, Азербайджан в годы Великой Отечественной Войны (1941-1945), Баку,1965
6. Q.Mədətov,Azərbaycan Böyük Vətən Müharibəsində (1941-1945), Bakı-1965.
7. T. Qurbanov, Dostluğun gücü, Bakı,1966
8. N.İmanquliyev,Zəhmətkeşlərin əmək qəhrəmanlığı uğrunda mübarizəsi,Bakı,1967
9. Г.Мехтиев,Деятелность Коммунистической партии Азербайджана в период Великой Отечественной Войны 1941-1945 г.г, Баку,1967
10. D. Qüdrətov, Dostluq, əməkdaşlıq və birgə nailiyyət,Bakı,1968
11. Р. Зейналов, Л. Бородецкий, 416-я Таганрогская, Баку,1969
12. Ə. Bağırzadə, Azərbaycan ziyalıları Böyük Vətən müharibəsi illərində, Bakı,1970
13. М. Багиров, От Волги до Дуная, Баку, 1974
14. F. Paşayev, Azərbaycan diviziyaları Böyük Vətən müharibəsi cəbhələrində, Bakı, 1975
15. AMEA Tarix İnstitutu, Azərbaycan Qızıl Ulduzları, Bakı,1975
16. Ə. Bağırzadə, “Qəhrəman gənclik”, Bakı.


Açar sözlər: 1941-1945-ci illər, müharibə, 1960-1970-ci illər, Azərbaycan, sovet, tarixşünaslıq.
Key words: 1941-1945 years, war,1960-1970 years, Azerbaijan, soviet, historiography.
Ключевые слова: 1941-1945 годы,война, 1960-1970 годы, Азербайджан, совет, историография.


"The history of 1941-1945 war in the Azerbaijan Soviet historiography of 1960-1970 years "
Summary
The authors examine the history of the war, the Soviet-era party archives, the archives of the Ministry of Defence, the archives of the Committee of War Veterans and other materials used in military archives and museums. Researchers writing in his books, and his work is based on the period of works written about the history of the political influence of the Communist Party, 1941-1945 war are written in accordance with the criteria of the Soviet historiography. The authors base their work on the principles of Soviet ideology, and part of the history of the Soviet Union showed how the story of the war. However, these works are valuable for studying the history of 1941-1945 war with the facts.

"История войны 1941-1945 г.г в Азербайджанской советской историографии 1960-1970-х годов"
Резюме
Авторы изучающие историю упомянутой войны использовали материалы архивов бывшего Министерства Обороны СССР, Архив Комитета Ветеранов Войны и материалы других военных архивов и музеев. Исследователи при написании трудов использовали материалы печати того времени . Труды касающиеся войны 1941-1945х годов были написаны под идейно - политическом влиянием коммунистической партии и в рамках принципов советской историографии. Авторы в своих трудах опирались на принципы советской идеологии, участие Азербайджана в войне было освещено как часть истории Советского Союза. Несмотря на это, труды обладают ценными фактами, по изучению истории войны 1941-1945х годов.

 

Şəfa Mövsümov
AMEA A.A.Bakıxanov adına Tarix İnstitutunun
“Azərbaycanın sovet dövrü tarixi” şöbəsi

 

"GEOSTRATEGİYA" jurnalı №02 (44) MART-APREL 2018


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM