Rəsmi İrəvanın siyasi iflası: ermənilər Azərbaycanı xilaskar görürlər

09:59 / 16.06.2018

Nikol Paşinyan "küçə inqilabı" vasitəsilə hakimiyyətə gələndə ermənilər çox sevinirdilər. Lakin daha ağıllı olanları bu prosesin mənfi nəticələr verə biləcəyini xatırladırdılar. İndi baş verənlər ehtiyatlı olmağı məsləhət görənlərin haqlı olduğunu təsdiqləyir. Hazırda Ermənistanın bir sıra siyasətçiləri və ekspertləri erməni xalqının təhlükə qarşısında qaldığından və siyasilərin ağıllı davranmalı olduqlarından bəhs edirlər. Onlar müəyyən çağırışlar edirlər. Hesab edirlər ki, cəmiyyət "klan prinsipi" üzrə parçalanır. Bu proses təhlükəli miqyas alıb və situasiya tam nəzarətdən çıxa bilər. Həmin sırada Dağlıq Qarabağdakı ermənilərin də etirazları ekspertlərin marağına səbəb olub. Bu prosesin nəticələri ilə bağlı təhlillər aparılır. Maraqlıdır ki, əksər ekspertlər ermənilərin artıq xilaskar kimi Azərbaycanı görməyə başladıqlarını ifadə edirlər. Bunun geosiyasi nəticələri üzərində geniş dayanmağa ehtiyac görürük.

"Küçə demokratları": əsl kimlikləri aydınlaşır

Nikol Paşinyanın "küçə demokratiyası"nın acı bəhrələrini artıq erməni xalqı dadır. Vəziyyət getdikcə bütün sahələrdə daha da kriminallaşır. Sahibkarlar ölkəni tərk edir, siyasi dairələr repressiyaya məruz qalır və hətta əsrlərlə siyasətlə iç-içə olan kilsə ilə hakimiyyət arasında ziddiyyət dərinləşir. Əvvəllər görünmədiyi səviyyədə sadə insanlar dini katolikosun istefasını tələb edirlər. General Manvel Qriqoryan isə Eçmiədzində şlaqbaumlar quraşdırıb, hakimiyyətə qarşı hərəkətə keçə biləcəyini bəyan edib. Çünki N.Paşinyan M.Qriqoryanın mer olan oğlunu işdən çıxarmaq istəyir.

Bütövlükdə erməni ekspertlər ölkədə siyasi repressiyaların aparıldığını və bunun fonunda yeni inqilab dalğasının yarana biləcəyini proqnozlaşdırırlar. Getdikcə daha çox siyasətçi N.Paşinyanın hərəkətlərindən narazılıq ifadə edir. Yeni baş nazir yüksək vəzifəli məmurları işdən azad etməklə yanaşı, onları həbsə atmağı da planlaşdırır. Bu tendensiya Dağlıq Qarabağ ərazisində yaradılmış qondarma rejim ətrafında yeni oyunun başlaması kontekstində maraqlı məzmun kəsb edir.

Xankəndində iki klan arasında əsl müharibə başlayıb. Serj Sarkisyan N.Paşinyana məhz Qarabağda zərbə vurmaq istəyir. Orada oyuncaq rejimin başında duran separatçı Bako Saakyanı vəzifədən çıxarmaq planı mövcuddur. Buna qarşılıq S.Sarkisyan tərəfdarları da hərəkətə keçiblər. Qarşıdurma getdikcə gərginləşir. Son olaraq İrəvandan göndərilən təhlükəsizlik əməkdaşları yerli camaatı döyüb və 15 nəfəri həbs edib.

Tez-tez təkrar olunan bu kimi hallar getdikcə daha geniş miqyas alır. Maraqlıdır ki, proses ermənilərin siyasi şüurunda müəyyən dəyişikliklər yaratmaqdadır. O sırada artıq Ermənistan cəmiyyətinin monolit siyasi mövqe tutduğunu demək çox çətindir. Ermənilər eyni məsələlərə fərqli münasibət göstərirlər.

Məsələn, Azərbaycana münasibət tədricən dəyişir. Xüsusilə Dağlıq Qarabağdakı ermənilər Azərbaycanı xilaskar kimi görməyə başlayıblar. Onlar 20 ildən artıqdır ki, təzyiq və qorxu altında yaşadıqlarını açıq etiraf edirlər. Bu müddətdə Azərbaycanın düşmən obrazının yaradılması və Ermənistan rəhbərliyinin "biz olmasaq, türklər sizi məhv edəcək" kimi yalan fikirlər aşılaması insanların psixikasına mənfi təsir edib. İndi ermənilər içərisində bütün bunların sadəcə bir yalan və iftira olduğunu, əsl fəlakətin erməni şovinizmindən və ultraradikal düşüncə tərzindən qaynaqlandığını dərk edənlərin sayı günü-gündən artır.

Həmin bağlılıqda bir neçə fikrə diqqət yetirək. Siyasi şərhçi Tevos Arşakyan çəkinmədən vurğulayır ki, Xankəndində ermənilərin üsyana qalxmasının ən dərin səbəbi klanlararası müharibənin başlaması ilə əlaqəlidir. Konkret olaraq, Serj Sarkisyan və Robert Koçaryanın yaratdıqları "Qarabağ klanı" qorxu aparatı formalaşdırıb. Bu klan Ermənistanda fəaliyyət göstərir və Dağlıq Qarabağda öz rıçaqları mövcuddur. İnsanlar yoxsulluq içərisində sürünürlər, korrupsiya baş alıb gedir və hərbi xunta rejimi, cinayətkar səhra komandirləri türk xofu yaradaraq ermənilərə zülm edirlər. Vəziyyət o dərəcədə dözülməzdir ki, sadə adamlar orada yaşaya bilmirlər. Narazılıq edənlər isə qondarma rejimin qoçuları tərəfindən cəzalandırılırlar.

Bütün bunların əsasında T.Arşakyan maraqlı nəticəyə gəlir. Erməni ekspert yazır: "İnsanlar rejimin indiyə qədər yaratdığı "Azərbaycan qorxusu"nun da yalan olduğunu anlayır. Hərçənd, müharibə və qan üzərində hakimiyyətə gələn "Qarabağ klanı" "Azərbaycan təhlükəsi"ni qabardaraq, insanları qorxu altında saxlayırdı. ... Zaman keçdikcə amansız rejimin Azərbaycandan daha təhlükəli olduğu ortaya çıxdı ... İndi ermənilər bilir ki, burada onlara rahat və firavan həyatı yalnız Azərbaycan bəxş edə bilər. İnsanlar Azərbaycanla sülhün əldə olunmasına çağırış edirlər. İndi buradakı ermənilər daha çox inanır ki, Qarabağa sabitliyi Nikol Paşinyan yox, İlham Əliyev gətirə bilər".

Keçmiş kəşfiyyatçı Vaan Badasyan isə "daha pis nəticələr"in ola biləcəyini gözləyir. Onun arqumentləri də T.Arşakyanın gətirdiyi faktlara oxşardır. Maraqlıdır ki, bu erməni separatçısının çıxardığı nəticə Azərbaycanın xeyrinədir. V.Badasyan deyib ki, İrəvan lazımi addımlar atmasa, insanlar üzünü Bakıya çevirə bilərlər: "Bəli, bu, Bakı ola bilər. Azərbaycan rəhbərliyinin Qarabağ siyasətində prioritet istiqamətlərdən biri də oradakı ermənilərin Ermənistandan üz çevirməsini təmin etməkdir. Çünki Azərbaycan dəfələrlə Qarabağdakı ermənilərin öz vətəndaşı olduğunu və münaqişə həll olunandan sonra onların orada rahat şəkildə yaşaya biləcəyini deyir. Bu, istər-istəməz zülm altında yaşayan insanları cəlb edir".

Erməni sosioloq David Karabekyan daha konkret fikir ifadə edir. Onun qənaətinə görə, Qarabağdakı ermənilər hansı yolla olursa-olsun, xilas olmaq istəyirlər. Bunun səbəbi kimi Xankəndindəki avtoritar qurumun insanlara böyük əziyyət verməsini göstərir. Hətta D.Karabekyana görə, indi ermənilər xilaskarın Bakı, yaxud İrəvan olmasında elə də fərq görmürlər. Sosioloq fikrinə belə yekun vurur: "Azərbaycan Ordusu Xankəndiyə gəlsə və erməniləri mövcud rejimdən xilas etsə, hər kəs onlara təşəkkür edəcək. Yəni, vəziyyət o həddə çatıb".

D.Karabekyan rəsmi dairələrin dilə gətirmədiyi bir həqiqəti də açıq deyib. O, Dağlıq Qarabağdakı qondarma rejimin İrəvandan idarə olunduğunu və bu mənada Ermənistanla "dqr"in əslində bir struktur təşkil etdiklərini yazıb. Yəni erməni sosioloq özü də bilmədən Dağlıq Qarabağın Ermənistan tərəfindən işğal edildiyini dilə gətirib. Ermənistanda olan küçə inqilabının dalğası indi Xankəndindəki separatçı qurumu silkələyir.

Siyasi şərhçi S.Artsruni və politoloq A.Osipyan da oxşar fikir bildirirlər. A.Osipyan vurğulayır ki, Dağlıq Qarabağda ermənilər artıq bu vəziyyətdən beziblər. "Qarabağa Bako Saakyan və bir neçə general nəzarət edib. Onlar 20 ildir insanları qarət edir, amansızlıq göstərirlər".

Yanlış kurs: üç geosiyasi faktorun işığında

Ümumiyyətlə, bu cür mövqedə olan erməni mütəxəssislərin sayı getdikcə artır. Ancaq yuxarıda vurğuladığımız fikirlər üçün ortaq olan bir sıra məqamlar var ki, onların üzərində dayanmaq müəyyən geosiyasi həqiqətləri dərk etməyə imkan verərdi.

Birincisi, Dağlıq Qarabağda vəziyyətin gərginləşməsini birbaşa Ermənistandakı duruma bağlayırlar. Yəni kənardan hansısa qüvvənin Dağlıq Qarabağdakı ümumi sosial-siyasi və iqtisadi vəziyyətə təsir etmədiyi qənaəti vardır. Bu o deməkdir ki, ermənilər dolayı da olsa, "dqr" adlı bir qurumun olmadığını etiraf edirlər. Bu qondarma qurum faktiki olaraq İrəvandan təyin olunan separatçı-terrorçuların yaratdığı cəza rejimidir. Həmin cəza rejimi sadə ermənilərə zülm edir. Onlar Ermənistanda mövcud olan klanlara sıx bağlıdırlar. Bu səbəbdən Ermənistan rəhbərlərinin illərdir hay-küy saldığı "erməni demokratik hərəkatı", "erməni azadlıq prosesi" kimi ibarələrin heç bir əsası yoxdur. Burada bir qrup mafiozun korporativ maraqları vardır.

İkincisi, Azərbaycanın Dağlıq Qarabağ bölgəsi havadarlarının ciddi dəstəyi və yardımı ilə Ermənistan tərəfindən işğal edilib. Erməni ekspertlər sinxron olaraq bunu dolayı sözlərlə ifadə edirlər. Çünki onların təhlillərində daim Ermənistandan göndərilən emissarların hərəkətləri vurğulanır. Və həmin emissarlar yerli əhaliyə zülm edirlər. Dağlıq Qarabağda yaşayan ermənilər onlardan xilas olmağı düşünürlər.

Konkret desək, indi oradakı ermənilər Ermənistanın işğalçı siyasətinin əlamətlərinin aradan qaldırılmasını tələb edirlər. Onlar şübhə etmirlər ki, bütün bəlalar İrəvandan gəlir. Əgər Ermənistan Azərbaycan torpaqlarını işğal etməsəydi, indi Dağlıq Qarabağ erməniləri də Bakıdan faydalana bilərdilər. Onlar rifah və sabitlik içində yaşayardılar. Deməli, ermənilərin qarşısında dayanan ən böyük əngəl Ermənistanın işğalçılıq siyasətidir ki, bundan xilas olmaq gərəkdir. Başqa halda Dağlıq Qarabağdakı ermənilər normal həyat sürə bilməyəcəklər.

Üçüncüsü, artıq Dağlıq Qarabağda və hətta sadə vətəndaşlar anlayırlar ki, Azərbaycan dövləti böyük uğurlar qazanır. Bu, siyasəti, idarəetməni, iqtisadiyyatı, təhlükəsizliyi və sabitliyi əhatə edir. Onlar aldıqları informasiyalar vasitəsilə əmin olurlar ki, rəsmi İrəvan Azərbaycanla bağlı yalan şeylər danışır və əsl tərəqqi Azərbaycanda baş verir. Məsələn, mötəbər beynəlxalq tədbirlər Azərbaycanda keçirilir, dünyanın böyük dövlətləri Azərbaycanla bütün sahələrdə əməkdaşlıq edir, müxtəlif sahələrə aid müqavilələr imzalayırlar. Prezident seçkisindən sonra ABŞ, Böyük Britaniya, Almaniya, Fransa, Rusiya, İran, Türkiyə kimi dövlətlərin başçıları İlham Əliyevi nəinki təbrik etdilər, hətta onunla ən yaxın və geniş əməkdaşlıq etməyə hazır olduqlarını bəyan etdilər.

Prezident İlham Əliyev Türkiyəyə və Böyük Britaniyaya etdiyi səfərlərdən ciddi sazişlərlə qayıtdı. Fransa, Almaniya, ABŞ, İran və Rusiya Azərbaycan Prezidenti ilə bütün sahələrdə yeni müqavilələr imzalamağa maraq göstərdiklərini bəyan etdilər. Ayrıca Amerika Prezidenti Donald Tramp daha geniş əlaqələrdən bəhs edən və Azərbaycanın xarici siyasətinə tam dəstəyini ifadə edən məktublar göndərdi.

Bütün bunlar "Cənub Qaz Dəhlizi"nin rəsmi açılışı fonunda olduqca təsiredici görünür. TANAP-a qarşı illərdir qarayaxma kampaniyası aparan Ermənistan rəhbərliyi indi onun işə başlamasının səbəbini ermənilərə izah edə bilmir. Ermənilər özləri müşahidələri əsasında belə qənaətə gəlirlər: Azərbaycan inkişaf edir, dövlət kimi güclənir, Ermənistan isə forpost olaraq bir addım belə irəli gedə bilmir.

Ermənilər artıq illərdir rəsmi dairələrin hərbi qüdrətdən dəm vuran ibarələrinə və təhlükəsizliyin təmininə də inanmırlar. Onların psixi durumuna ilk ağır zərbəni 2016-cı ildəki Aprel döyüşləri vurdu. Sadə ermənilər gördülər ki, Azərbaycan Ordusu çox qısa zamanda Xankəndini azad edə bilər. Hətta İrəvana belə daxil olar. Bu o deməkdir ki, ermənilərin təhlükəsizliyini Ermənistan təmin edə bilməz! Bu tezisin digər mənası ondan ibarətdir ki, Ermənistan rəhbərliyi kor siyasəti ilə ölkəni Rusiyadan tam asılı vəziyyətə salıb. Moskva istədiyi vaxt erməniləri cəzalandıra bilər. O, əlini çəkdiyi an, Azərbaycan əsgəri Xankəndidədir!

Bunu son günlər Naxçıvan istiqamətində baş verən hərbi əməliyyatlar da təsdiqlədi. N.Paşinyanın qulbeçələri Naxçıvana yaxın əraziyə gedib, ağıllarına gələni sayıqlamışdılar. Hətta bir sıra şovinist erməni ekspertləri Naxçıvanı "azad etməkdən" dəm vurdular. Əslində isə nə baş verdi? Azərbaycan Ordusu qısamüddətli bir hərbi əməliyyatla Şərur rayonu istiqamətində 11 min hektar torpaq sahəsini və Günnüt kəndini işğalçılardan azad etdi, strateji əhəmiyyətli yüksəklikləri ələ keçirdi və indi İrəvan-Gorus-Laçın yoluna tam nəzarət edir. Azərbaycan Ordusu qədim türk diyarı olan Dərələyzdəki Arpa kəndini də erməni işğalından əbədi xilas edib.

Reallıq budur və əhəmiyyətlisi odur ki, artıq ermənilərin özləri də onu etiraf etməyə məcburdurlar. Onlar aydın görürlər ki, Ermənistanın və onun havadarlarının populist və pafoslu bəyanatlarına baxmayaraq inkişaf edən Azərbaycan, geridə qalan, deqradasiyaya uğrayan isə Ermənistandır! Özlüyündə bütün bu məqamlar başqa bir mühüm geosiyasi nəticə çıxarmağa əsas verir.

İnformasiya müharibəsində yeni mərhələ: İlham Əliyev tam haqlıdır!

Biz rəsmi İrəvanın informasiya müharibəsində ciddi məğlubiyyətə uğramağa başladığını nəzərdə tuturuq. Bu bağlılıqda Azərbaycan Prezidenti İlham Əliyevin müqəddəs Ramazan ayı münasibətilə keçirilən iftar mərasimində ifadə etdiyi bir sıra fikirlərə nəzər salaq. Dövlət başçısı vurğulayıb: "Mənim illər ərzində dediyim sözləri indi erməni xalqı deyir. Mən dünyanın ən ali kürsüsündən – BMT kürsüsündən Ermənistanın əvvəlki kriminal rejimini ifşa etmişəm. Onları öz adları ilə çağırmışam. Onları Xocalı soyqırımında ittiham etmişəm, hərbi cinayətlərdə ittiham etmişəm. Ermənistanın əvvəlki hakimiyyətini qaniçən, kriminal, quldur rejim adlandırmışam. Bütün bunlar həqiqətdir. Mən həqiqəti demişəm, indi bu həqiqəti erməni xalqı deyir" (bax: Prezident İlham Əliyev müqəddəs Ramazan ayı münasibətilə iftar mərasimində iştirak edib / AZƏRTAC, 6 iyun 2018).

Bəli, Prezident İlham Əliyev hələ 15 il bundan öncə informasiya sahəsində hücuma keçməyin zəruriliyini vurğuladı və onu bir vacib vəzifə kimi Azərbaycanın qarşısında qoydu. Ölkə rəhbəri bu istiqamətdə çox ciddi və geniş fəaliyyət göstərdi. İlham Əliyev tutarlı arqumentlərlə Ermənistanın işğalçılığını və hərbi xunta rejiminin əsl simasını dünyaya anlatdı. Bu fəal siyasətin nəticəsini indi həm Azərbaycan, həm də Ermənistan görməkdədir. Yəni Azərbaycan xalqı dövlət başçısının səmərəli və uğurlu fəaliyyəti ilə fəxr edir, erməni xalqı isə öz hakimiyyətinin real simasının nədən ibarət olduğunu açıq deyir!

Dövlət başçısı fikirlərini inkişaf etdirərək erməni xalqının bir həqiqəti də dərk etməyə başladığını bəyan edib. İlham Əliyev ifadə edib: "Mən dəfələrlə demişdim ki, Ermənistanda iqtisadi böhran, demoqrafik böhran yaşanır, ölkə boşalır, hər il on minlərlə insan o ölkəni həmişəlik tərk edir, Ermənistanda inkişaf üçün heç bir perspektiv yoxdur. Demişəm ki, Azərbaycan Ermənistanı dalana çevirib, iqtisadi, siyasi, nəqliyyat dalanına çevirib. Nəyə görə? Ona görə ki, Ermənistan torpaqlarımızı işğal edib" (bax: əvvəlki mənbəyə).

İndi erməni mütəxəssisləri Ermənistanın iqtisadi iflasa uğradığını konkret faktlarla sübut edirlər. N.Paşinyan kimi "küçə siyasətçisi"nin hakimiyyətə gələ bilməsi də bu faktla sıx bağlıdır. Bu o deməkdir ki, Ermənistanda siyasi mübarizə mədəniyyəti keçən əsrin 90-cı illərinin əvvəllərindəki səviyyədən yüksələ bilməyib. Hələ də Ermənistanda ədaləti, siyasi və iqtisadi tərəqqini, təhlükəsizliyi qanunları, sivil inkişaf proqramlarını həyata keçirməklə deyil, küçədən olan təzyiqlə həll etməyin mümkünlüyünə inanırlar.

Hər hansı bir ölkənin siyasi səviyyəsi baxımından bu, ciddi faktdır. Çünki dünyanın heç bir demokratik ölkəsində küçədən təzyiqlə inkişaf baş vermir. Cəmiyyətin təfəkküründə inkişaf paradiqmasının reallaşması yalnız islahatlar, qanunun aliliyinin təmin edilməsi, səmərəli layihələrin həyata keçirilməsi vasitəsilə olur. N.Paşinyan hadisəsi isə göstərdi ki, Ermənistanda cəmiyyət zorakı küçə təzyiqləri yolu ilə zülmdən xilas olmağın mümkünlüyünə inanmaqdadır. Bu proses indi də davam edir. Lakin erməni xalqının özü-öz radikallığının girovuna çevrilib. Orada boğulur.

Bunlarla yanaşı, həmin proses bizim üçün daha əhəmiyyətli olan bir reallığı da ortaya qoyur. Bu aspektdə Prezident İlham Əliyev lakonik şəkildə aşağıdakı fikri ifadə edib: "İndi bütün bunları erməni xalqı deyib və deyir. Bu, bir daha onu göstərir ki, bu münaqişədə Azərbaycan öz istədiyinə nail olacaq, həqiqəti, ədaləti bərpa edəcək. Ümid edirəm ki, Ermənistanın yeni rəhbərliyi əvvəlki hakimiyyətin səhvlərini təkrarlamayacaq və münaqişənin tezliklə həll olunması üçün ciddi işlər görəcək və imitasiya naminə yox, real danışıqlar prosesinə start veriləcək" (bax: əvvəlki mənbəyə).

İlham Əliyev vurğulayır ki, son nəticədə Qafqaza sülh gələ bilər. Azərbaycan da bunu istəyir. Çünki buna onun haqqı var. Rəsmi Bakı ümid edir ki, münaqişə danışıqlar yolu ilə həll oluna bilər (bax: əvvəlki mənbəyə). Azərbaycan Prezidentinin bu fikirləri bəzi dairələrin bir yanlışlığını da üzə çıxarmış olur. Elə hesab edilirdi ki, Azərbaycan Ermənistanda yaranmış vəziyyətdən istifadə edib, hərbi əməliyyatlara başlayacaq.

Təbii, nə qədər ki, torpaqlarımız işğal altındadır, bunu istənilən zaman gözləmək lazımdır. Ancaq Azərbaycan rəhbəri qlobal geosiyasi vəziyyəti də nəzərə alaraq, yenə də sülh yoluna üstünlük verdiyini bəyan edib. Azərbaycan dövləti mahiyyətcə sülhpərvərdir, ancaq özünün ərazi bütövlüyündən də heç zaman imtina etməyəcək. Azərbaycan ərazisində ikinci erməni dövlətinin yaradılmasına icazə verilməyəcək. Ermənilər danışıqlar yolu ilə işğal etdikləri ərazilərdən çıxmasalar, Azərbaycan Ordusu öz vəzifəsini yerinə yetirəcək.

Bunların fonunda Ermənistanın xarici işlər nazirinin Moskvadan əliboş geri qayıtması tam gözlənilən idi. Ona Kremldə açıq anladıblar ki, Dağlıq Qarabağ münaqişəsinin həlli incə məsələdir və Azərbaycanın maraqları gözlənilməlidir. Qarabağdakı qondarma rejimin danışıqlarda tərəf kimi iştirakı istisnadır. ATƏT-in Minsk qrupunun vasitəçilik formatı dəyişdirilmir. Əgər hansısa dəyişiklik olsa, onda Dağlıq Qarabağın azərbaycanlı və erməni icmaları eyni statusla iştirak edə bilərlər.

Deməli, Nikol Paşinyan hökumətinin Dağlıq Qarabağ siyasəti reallığa söykənmir. Bu da onun Serj Sarkisyanın səhvini təkrar etdiyini göstərir. Radikal, birtərəfli və qeyri-obyektiv siyasətlə nəyəsə nail olmaq mümkün deyildir. Prezident İlham Əliyev bütün bunlara görə, Ermənistandakı yeni hakimiyyəti əvvəlki erməni rəhbərlərinin səhvini təkrarlamamağa dəvət edib. Əks halda, ziyan çəkən erməni tərəfi olacaq.

Deyilənlərdən belə qənaətə gəlmək olar ki, Ermənistan rəhbərliyinin münaqişənin həlli məqsədilə aparılan danışıqlarda qeyri-konstruktiv mövqe tutması artıq erməni cəmiyyətində narazılıqları artırır. Rəsmi İrəvan daxili mühitdəki gərginliklərlə yanaşı, qlobal geosiyasi səhnədə baş verən proseslərin təbii məntiqinə qarşı getmək nəticəsində meydana çıxan mürəkkəbliklərlə də üz-üzədir. Onun bu vəziyyətdən necə çıxacağı yalnız özündən asılıdır. Rasional və ədalətli mövqe tutmasalar, böyük problemlərlə qarşı-qarşıya qalacaqlar!

Newtimes.az


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM