SSRİ-nin süqutunu şərtləndirən amillər və ABŞ

08:00 / 11.07.2018

ABŞ-ın SSRİ-yə münasibətdə geosiyasətinin mahiyyətini lap başlanğıcdan təcridetmə və qlobal təsirlərini azaltma təşkil etmişdir. Bütövlükdə SSRİ-nin timsalında kommunizm düşərgəsinin sıradan çıxarılması Qərbin əsas strateji məqsədi olmuşdur. İkinci dünya müharibəsində SSRİ-nin qalib çıxması və bundan sonra Şərqi Avropada mövqelərini sürətlə möhkəmləndirməsi kapitalizm dünyasını ciddi narahat etməkdə idi. Böyük Britaniyanın 1946-cı ildə artıq sabiq baş naziri U.Çörçilin məşhur “Fulton nitqini” bir növ SSRİ-yə qarşı mübarizəyə açıq çağırış hesab etmək olardı. Onun nitqinin əsas mahiyyətini diqqəti Avropanı gözləyən kommunizm təhlükəsinə çəkmək təşkil edirdi.[4, s.14] İ. Stalin U. Çörçilin nitqinə “Pravda” qəzetində münasibət bildirərək qeyd etmişdir ki, bu nitq SSRİ-yə qarşı müharibəyə çağırışdır. O, Çörçili və onunla həmfikir olanları Hitlerlə müqayisə etmişdir.[9, s.25] Bu məqam və ümumiyyətlə Çörçilin nitqinin təhlili qeyd etməyə əsas verir ki, ABŞ-ın rəhbərliyi altında Qərb SSRİ-nin mövcudluğunu və Avropada təsir dairəsinin genişlənməsini ciddi təhlükə kimi qəbul edirdilər. Bu baxımdan ABŞ SSRİ-nin mövcudluğu dönəmində demək olar ki, bütün xarici siyasi strategiyasını sosializm sisteminin çökdürülməsinə yönəltmişdir. ABŞ-SSRİ münasibətlərinin xarakterini nəzərdən keçirməklə buna asanlıqla əmin olmaq olar.

ABŞ-SSRİ münasibətlərinin xarakteri
Hər şeydən öncə qeyd etmək lazımdır ki, İkinci Dünya müharibəsindən sonrakı dövrdə SSRİ-nin siyasi və hərbi potensialının həddən artıq yüksək kimi qiymətləndirilməsinə baxmayaraq, onun ciddi çatışmayan cəhətləri çoxluq təşkil edirdi. Bunu dəqiq bilən ABŞ ona gec-tez qalib gələcəyinə əmin olduğu üçün miqyaslı antisovet strategiyasını işə salmışdır. Ən əsası, ABŞ-da aydın görürdülər ki, SSRİ-nin mövcudluğu əsasən neft və qaz gəlirləri hesabına təmin olunur və iqtisadiyyatın modernləşdirilməsi istiqamətində demək olar ki, hər hansı bir ciddi və uğurlu strategiya həyata keçirilmir. Ötən əsrin 40-cı illərinin ikinci yarısından başlayaraq, ABŞ geostrategiyasını SSRİ-yə qarşı hərtərəfli mübarizə üzərində qurmağa başlamışdır. Bu strategiyanın ana xəttini SSRİ-ni hərtərəfli təcridemtə siyasəti təşkil edirdi. Silahlanma yarışması, iqtisadi blokada və ideoloji diversiya SSRİ-nin süqutunu şərtləndirəcək əsas fəaliyyət strategiyası kimi müəyyənləşdirilmişdir. Hesab etmək olar ki, məhz bu cür düzgün müəyyənləşdirilmiş strategiya SSRİ-nin süqutunu şərtləndirə bilmişdir. Sürətli silahlanma SSRİ-ni demək olar ki, bütün resurslarını hərbi sənayenin inkişafına yönəltməyə vadar edirdi ki, bu da çoxsaylı daxili probleminin öz həllini tapmamasını şərtləndirirdi. İqtisadi blokada SSRİ-nin iqtisadiyyatının neft və qaz gəlirləri üzərində birtərəfli və süni mövcudluğunu təmin edirdi. İqtisadi sahədə yüksək texnologiyalar tətbiq edilmirdi və digər sahələr məhdud çərçivədə inkişaf etdirilirdi. Elə şərtlər daxilində mövcud olma SSRİ-nin zəif tərəflərinin sayını sürətlə artırırdı. Sürətli silahlanma yarışı ABŞ-da ciddi problemlər yaradırdı. Lakin ABŞ xarici siyasi strategiyasında yüksək manevretmə qabiliyyəti nümayiş etdirirdi və bir çox hallarda SSRİ rəhbərliyini yalnış addımlara sövq edərək maraqlarının təmin olunması üçün münbit şəraitin yaranmasına nail ola bilirdi.
ABŞ-ın SSRİ-ni dağıtmaq strategiyasını təhlil edən C.Kennan yazırdı: “Mən dünyada beş region mövcudluğu həmişə bəyan edirdim. Bunlar ABŞ, Böyük Britaniya, bitişik ərazilərlə birgə Reyn vadisi, Yaponiya və SSRİ-dən ibarət idilər. Bu regionların hər birində ciddi hərbi gücün formalaşması tam real idi. Mən xüsusi olaraq qeyd edirdim ki, bu regionlardan yalnız biri kommunistlərin nəzarəti altında idi. Bu baxımdan, SSRİ-yə qarşı hücumların motivini də onda görürəm ki, qalan digər regionlar da belə, yəni, kommunistlərin nəzarəti altına keçməsin”.[14, s.594]
Qeyd etmək lazımdır ki, İkinci Dünya mübaribəsindən sonra SSRİ-yə münasibətdə ABŞ-ın həyata keçirdiyi strategiya bir neçə mərhələli olmuşdur. Ötən əsrin 40-cı illərinin ortalarından başlayaraq 60-cı illərinin sonunadək ABŞ-ın rəhbərliyi altında Qərb SSRİ-yə münasibətdə əsasən təcridetmə və fəaliyyətin məhdudlaşdırılması taktikasına üstünlük verirdi. NATO ilə Varşava müqaviləsi təşkilatı demək olar ki, eyni hərbi güclə biri-birilərinə qarşı sıxışdırma siyasətini həyata keçirirdilər. Bu baxımdan, Qərb münasibətlərin normalaşdırılması istiqamətində müəyyən addımlar atmağa cəhd edirdi. Lakin “soyuq müharibə” siyasətindən imtina müşahidə olunmamışdır. Tərəflərin tam sürətlə silahlanması prosesi də əvvəlki tempini saxlayırdı.[3, s.147] Bu da, ondan xəbər verirdi ki, münasibətlərin normallaşdırılması istiqamətində atılan addımlar taktiki gedişdən başqa bir şey deyildi.
Soyuq müharibənin ən qızğın dövrlərində ABŞ-SSRİ münasibətlərinin nəzərə çarpan cəhəti ondan ibarət idi ki, əsas diqqət təhlükəsizlik məsələlərinə yönəldilmişdir. Təhlükəsizlik sahəsində bütün istiqamətlərin və elementlərin dəqiqliklə müəyyənləşdirildiyi halda, digər sahələr, xüsusilə iqtisadi sahədə əməkdaşlıq minimum həddə idi.[11, s.21]
SSRİ-nin real güc kimi qəbul olunmasından və Karib böhranın baş verməsindən sonra beynəlxalq təhlükəsizliyə ciddi təhdidlərin olması Qərbdə tam aydınlığı ilə dərk edilirdi. Həm də, hərbi güc sahəsində paritetin formalaşması ikitərəfli əsaslarla silahlanmanın məhdudlaşdırılması istiqamətində intensiv müzakirələrə start verilmişdir. Məhz bu səbəbdən də hesab etmək olar ki, ötən əsrin 60-70-ci illərində ABŞ-la SSRİ arasında müəyyən səviyyədə dialoqun yaranmasını təhlükəsizlik problemi zəruri etmişdir. 1972-ci ilin may ayında SSRİ-nin mövcudluğu tarixində ilk dəfə olaraq ABŞ prezidenti R. Nikson Moskvaya səfər etmişdir. Hesab etmək olar ki, bu səfərdən sonra ABŞ-la SSRİ münasibətlərində əsl “yenidən yüklənmə” baş verdi. Səfər çərçivəsində Niksonla Brejnev arasında gələcək münasibətlərin və qarşılıqlı əlaqələrin əsasını təşkil edəcək mühüm sənəd imzalanmışdır. Sənəddə yer alan vacib məqam ondan ibarət idi ki, nüvə əsrində dinc yanaşı mövcud olmanın zəruriliyi xüsusi vurğulanmışdır. Bu sənədin ABŞ prezidenti tərəfindən, özü də Möskvada imzalanması bir daha sübut edirdi ki, ABŞ-da onun qlobal liderliyi ilə bağlı artıq ciddi şübhələr və ya inamsızlıq mövcud idi. Beləliklə, 1972-ci ilin may ayının 26-da SSRİ ilə ABŞ arasında strateji hücum silahlarının məhdudlaşdırılması ilə bağlı 5 il müddətinə müvəqqəti razılaşma imzalanmışdır. Bunun ardınca da SSRİ KP MK-nın birinci katibi L.Brejnev ABŞ-a səfər etmişdir və 1973-cü ilin yayında tərəflər arasında nüvə müharibəsinə yol verməmək haqqında razılaşma imzalanmışdır.[10, s.243] Lakin bu razılaşmaların imzalanması, nə qədər paradoksal görünsə də, silahlanma “yarışmasını” daha qızışdırmışdır.
1974-cü ildə Brejnevlə artıq prezident C. Ford arasında strateji hücum silahlarının məhdudlaşdırılması haqqında yeni müqavilələr sisteminin yaradılması ilə bağlı razılıq əldə edilmişdir. Müqavilənin imzalanması 1977-ci ildə baş tutmalı olsa da, bu baş verməmişdir. Həmin dövrdə ABŞ-da yeni qanadlı raketlərın hazırlanmasına başlanılmışdır. ABŞ yeni növ silahla da bağlı məhdudiyyətlərin tətbiq olunmasına qəti şəkildə etiraz etdi. Bu məqam tərəflər arasında münasibətlərin yenidən nəzərəçarpacaq dərəcədə gərginləşməsinə gətirib çıxarmışdır. Qeyd edək ki, 1979-cu ildə Brejnevlə Karter arasında strateji hücum silahlarının məhdudlaşdırılması ilə bağlı müqavilə imzalansa da, 1989-cu ilədək ABŞ Konqressi tərəfindən ratifikasiya edilməmişdir. Ümumilikdə, Qərblə SSRİ arasında münasibətlərin normallaşdırılması müəyyən müstəvidə müsbət nəticələrə gətirib çıxarmışdır. Məsələn, tərəflər arasında ticarət dövriyyəsi nəzərəçarpacaq dərəcədə yüksəlmişdir. Bundan başqa, qərb şirkətləri ilə əməkdaşlıq sayəsində bir sıra yeni istehsal sahələri meydana gəlmişdir və inkişaf etdirilmişdir. Lakin, bütövlükdə, Qərb SSRİ-yə yüksək texnologiyaların ötürülməsində məsələsində kifayət qədər ehtiyatla davranırdı. Əksər hallarda beynəlxalq proqramlar özlərində nəticəsiz səfərlərdən başqa heç nəyi ehtiva etmirdilər. Hesab edirik ki, ABŞ başda olmaqla, Qərb SSRİ ilə real deyil, sadəcə əməkdaşlıq imitasiyasını həyata keçirməklə məşğul olmuşdur. SSRİ-yə idxal olunan məhsulların içərisində demək olar ki, yeni texnologiyalar yox səviyyəsində idi. Bunu Qərbin SSRİ-yə münasibətdə tətbiq etdiyi xüsusi taktikanın bir strateji qolu kimi qəbul etmək olar. SSRİ-nin özündə də bu məsələyə biganə münasibət sanki, Qərbin planlarının daha rahatlıqla reallaşmasına xidmət edirdi.[6, s.124]
Ötən əsrin 80-ci illərində də ABŞ-SSRİ münasibətlərinin bir neçə mərhələli səciyyəvi xüsusiyyəti müşahidə edilmişdir. 1981-1984-cü illəri əhatə edən ilkin mərhələdə yenidən tərəflər arasında hərbi-siyasi qütbləşmə kəskinləşmişdir. Bunun səbəbi rolunda ABŞ tərəfindən orta məsafəli raketlərin Avropada yerləşdirməsi çıxış etmişdir. Bundan başqa, 1981-1983-cü illərdə nüvə silahlanmasının məhdudlaşdırılması ilə bağlı sovet-amerikan danışıqlarının nəticəsizliyi, tərəflərin qarşılıqlı şəkildə imitasiya xarakterli addımlar atmaları, ikitərəfli münasibətlərdə təmasların səviyyəsinin minimuma enməsi və s. də münasibətlərdəki gərginliklərin əsas elementləri kimi qəbul oluna bilər.
İkinci mərhələdə, yəni, 1985-1986-cı illərdə ABŞ-SSRİ münasibətlərində nisbi dönüş müşahidə olunmuşdur. 1985-ci ilin martından başlayaraq nüvə və kosmik silahlanmanın məhdudlaşdırılması istiqamətində sovet-amerikan danışıqlarının yeni mərhələsi başlanmışdır. Uyğun olaraq tərəflər arasında siyasi dialoq mexanizmlərinin bərpası prosesi də müşahidə olunmuşdur. Belə ki, 1985-ci ilin noyabr ayında ABŞ və SSRİ rəhbərlərinin görüşü baş tutmuşdur. R. Reyqanla M. Qorbaçov arasında Cenevrədə baş tutmuş görüşdə əsas müzakirə obyekti yenə də nüvə silahlanması məsələsi olmuşdur. Tərəflər ortaq məxrəcə gələrək bəyan etmişlər ki, nüvə müharibəsinin baş verməsi yolverilməzdir və müharibədə qalib tərəf olmayacaqdır.
1987-ci ildə ABŞ-SSRİ münasibətləri üçüncü mərhələyə qədəm qoymuşdur. Bu mərhələ üçün səciyyəvi xüsusiyyət müxtəlif səviyyələrdə siyasi təmasların intensivləşdirilməsindən ibarət idi. Bu mərhələdə uzaq və orta məsafəli raketlərlə bağlı razılaşmanın tam hazırlanıb sona çatdırılması baş vermişdir. SSRİ ilə münasibətlərin daha yumşaldılması və təmasların daha da intensivləşdirilməsi ABŞ qarşısında zamanın tələbi kimi dururdu. ABŞ cəmiyyətində hakimiyyətin həyata keçirdiyi xarici siyasi strategiya tənqidlə qarşılansa da, sonrakı proseslərin gedişi həyata keçirilən taktikanın düzgün olduğunu və qələbəyə hesablandığını təsdiq etdi. R. Reyqan hər zaman vurğulayırdı ki, marksizm-leninizm “tarixin zibilliyində” qalacaq. [12, s.9] Həm də maraqlı məqam bu idi ki, o, sosialist düşərgəsində baş verəcək prosesləri proqnozlaşdıra bilmişdir. Məsələn, 1983-cü ilin mart ayının 8-də etdiyi çıxış zamanı R. Reyqan demişdir: “Mən inanıram ki, kommunizm bəşəriyyət tarixində son acınacaqlı və qəribə dövrüdür.”[12, s.10] Həqiqətən R. Reyqanın kommunizmin sonun yaxınlaşması ilə bağlı belə əminliklə danışması müəyyən mülahizələr irəli sürmək üçün əsas yaradır. Birincisi, hesab etmək olar ki, R. Reyqan öz administrasiyasının SSRİ-yə qartşı tətbiq etdiyi strategiyanın arzuolunan nəticəyə gətirib çıxaracağına əmin idi. İkincisi, ABŞ-la SSRİ arasında təmasların sıxlaşması SSRİ-nin daxili problemləri haqqında daha səhih təsəvvürlər əldə etmək imkanı yaratmışdır. Strategiyanın bu problemlər üzərindən qurulması da çox güman ki, ABŞ prezidentində qələbə çalacağı ilə bağlı müəyyən əminlik yaratmışdır.

ABŞ-ın SSRİ strategiyasında M. Qorbaçovun yeri
Artıq qeyd etdiyimiz kimi, məhz onun hakimiyyəti illərində SSRİ və ABŞ rəhbərlikləri arasında sıx təmaslar yaranmağa başlamışdır. Belə sıx təmaslar fonunda SSRİ rəhbərliyinin gələcək fəaliyyətinin yönləndirilməsi imkanları əldə edilirdi. SSRİ-nin rəhbəri M.Qorbaçovu inandırmaq mümkün olmuşdur ki, dövlətlərarası münasibətlərin yeni formatının yaradılması zəruridir. Fikrimizcə, bunu inandırmadan çox, Qorbaçovun qarşısında yeni fəaliyyət sxeminin cızılması kimi nəzərdən keçirmək daha doğru olar. Çünki, SSRİ-də aydın dərk edirdilər ki, ABŞ-ın geosiyasi strategiyasının başlıca hədəfi sosialist sistemini sıradan çıxarmaqdan ibarətdir. Tərəflər arasında əldə olunmuş bütün razılaşmalara baxmayaraq ABŞ-da silahlanma tempi azaldılmamış, əksinə daha yüksəldilmişdir. Həmçinin dərk edilirdi ki, ABŞ heç bir halda geostrategiyasının başlıca imperativindən, yəni, SSRİ-nin qismində sosialist sisteminin dağıdılması palanından əl çəkməyəcəkdir. Lakin M. Qorbaçov hakimiyyətə gəldikdən sonra, dünyada və sovet cəmiyyətində ABŞ-ın pozitiv imicinin yaradılması istiqamətində sanki fəallıq nümayiş etdirməyə başladı. Lakin Qorbaçovun hakimiyyəti illərində SSRİ-də sanki “özünüdağıtma” mexanizmi işə salındı. SSRİ-də artıq inanmağa başlamışdılar ki, dövlətlərarası münasibətlərin yeni forması ideologiyasızlaşdırılmış xarici siyasətin həyata keçirilməsini tələb edir. Bu, o demək idi ki, SSRİ cəmiyyətinin mövcudluğunun əsasını təşkil edən ideologiyadan könüllü imtina edirdi. SSRİ rəhbərliyi inandırılmışdır ki (yaxud inandırılmış kimi görünürdü), ABŞ da, öz növbəsində xarici siyasətini ideoloji elementlərdən “azad” edəcəkdir. Təbii ki, bütün bunlar lap başlanğıcdan inandırıcı görünə bilməzdi. Belə ki, uzun illərdən bəri SSRİ-nin sıradan çıxarılması istqimətində xüsusi strategiya formalaşdırılmışdır, böyük resurslar sərf edilmişdir. Qısa bir zamanda bu istiqamətdəki bütün prioritetlərdən imtina etmək təbii ki, ABŞ kimi bir dövlətin xarakterinə yad idi. SSRİ-nin rəhbərliyi özünü elə aparırdı və cəmiyyəti də inandırmağa çalışırdı ki, ABŞ-da öz növbəsində xarici siyasətində ümumbəşəri dəyərlərdən və vəzifələrdən çıxış edəcəkdir. Ən əsası isə, ABŞ sosialist sistemini çökdürmək niyyətindən əl çəkəcəkdir.[1, s.4] Xarici siyasət sahəsinin tanınmış simalarından olmuş H. Trofimenko qeyd edirdi ki, ABŞ və SSRİ qarşılıqlı təhlükəsizliklərini təmin etmək üçün alternativ-qeyri-hərbi yol tapmaq zərurəti qarşısında qalmışlar. O, həmçinin yazırdı ki, dinc yanaşı mövcud olma üçün həqiqətən ideologiyasızlaşdırma səmərə verə bilərdi. Lakin bu, o halda səmərəli ola bilərdi ki, hər tərəf eyni zamanda analoji addımlar atmış olsunlar. Sovet rəhbərliyi qarşı tərəfin davranışlarını izləmədən “yeni siyasi təfəkkür” nümayiş etdirməyə başladı. ABŞ prezidenti R. Reyqan isə, əksinə hakimiyyətinin sonunadək ideoloji elementlərlə zəngin xarici siyasət kursunu həyata keçirmişdir. Həmçinin, SSRİ-yə münasibətdə əvvəlki təcridetmə siyasəti tam aydınlığı ilə müşahidə olunurdu.[15, s.176] Lakin proseslərin sonrakı inkişafı göstərmişdir ki, ABŞ bu tərzdə davranışları SSRİ rəhbərliyini cavab reaksiyası nümayiş etdirməyə sövq etməmişdir.
Bir çox tədqiqatçıların fikrincə, SSRİ-nin süquta uğramasında ABŞ-ın ona qarşı həyata keçirdiyi strategiyadan çox resurs böhranın həlledici təsiri olmuşdur. Resurs böhranının meydana gəlməsi səbəbi kimi sisteminin özünün səmərəsizliyi göstərilir. Məsələn, artıq qeyd etdiyimiz kimi, SSRİ-nin silahlanma yarışmasına cəlb olunması sovet iqtisadiyyatının əsaslarının dağılmasında həlledici rol oynamışdır. [12, s.9] Bundan başqa, SSRİ-də rejimə inamsızlıq yaradacaq bir çox digər taktiki addımlar da atılmışdır. Həmçinin də M. Qorboçovun yeni siyasi strategiya tətbiq edilməsinin vacibliyinə inandırılması da, artıq qeyd etdiyimiz kimi, SSRİ-nin süqutunda rol oynayan kompleks mexanizmlərdən biri idi. M. Qorbaçovun “yenidənqurma” siyasətinə də ABŞ-da böyük diqqətlə yanaşılırdı. ABŞ-ın strateji təhlil mərkəzlərində hesab edirdilər ki, ABŞ SSRİ-də həyata keçirilən islahatlara dönməz xarakter verməlidir. Bununla bərabər ABŞ-ın ənənəvi siyasətində hər hansı bir dönüşün yolverilməsi xüsusi vurğulanırdı. ABŞ rəsmiləri qeyd edirdilər ki, yenidənqurma onların maraqlarına cavab verir və Qorbaçovun yeni yanaşması ABŞ-a əvvəllər malik olmadığı təsir rıçaqları əldə etməyə imkan verir. ABŞ-ın siyasəti Qorbaçova “kömək” etmək istiqamətində qurulmalıdır ki, SSRİ-nin “inkişafı” lazımi istiqamətdə yönləndirilsin.[2, s.45]
ABŞ prezidenti C.Buş 1989-cu ilin may ayının 12-də çıxışı zamanı demişdir: “Müşahidələrimiz göstərir ki, qırx illik mübarizəmiz bizə gözəl imkanlar verir və artıq qabaqlama və təcridetmə siyasətləri çərçivəsindən çıxıb yeni strategiya tətbiq etmək zamanı gəlmişdir. Yeni strategiya dünyada və SSRİ-nin özündə yaranmış reallıqlarla uzlaşdırılmalıdır. Biz ümid edirik ki, yenidənqurma SSRİ-ni əvvəlki siyasətindən tamamilə uzaqlaşdıracaqdır. Biz yenidənqurmanın uğur qazanması ilə bağlı səmimi arzularımızı gizlətmirik. Lakin ABŞ-ın və onun müttəfiqlərinin milli təhlükəsizliyi ümidlərə söykənə bilməz. Milli təhlükəsizlik real əmələ söykənməlidir. Bu real əməllər isə bunlardan ibarət ola bilər:
- Sovet hərbi qüvvələrini əhəmiyyətli dərəcədə ixtisar olunması;
- Şərqi və Mərkəzi Avropa xalqlarına öz müqəddaratını təyin etmə imkanlarının verilməsi;
- Regional münaqişələrin tənzimlənməsində Qərblə hərtəfəli əməkdaşlığın edilməsi”.
C.Buş çıxışında M.Qorbaçovun hakimiyyətə gəlişindən sonra müəyyən “pozitiv” addımların atıldığını da vurğulamışdır. Məsələn, sovet qoşunlarının Əfqanıstandan çıxarılmasını pozitiv addım nümunəsi kimi xüsusi qeyd etmişdir. O, çıxışında M.Qorbaçova xitabən, “cənab Qoraçov etdiklərinizlə kifayətlənməyin” ifadədini də işlətmişdir.[13, s.508] C.Buşun nitqinin təhlili göstərir ki, ABŞ-da Qorbaçovun hakimiyyətə gəlişindən sonra SSRİ-nin tezliklə dağılacağına əsaslı ümidlər yaranmışdır.
ABŞ-ın dövlət katibi olmuş C.Beyker də öz növbəsində demişdir: “Qorbaçov tərəfindən həyata keçirilən islahatlar hər ötən gün özünün o hüdudlarına yaxınlaşır ki, sonra geri dönüş mümkün olmayacaqdır. Qorbaçovun fəaliyyətinə müsbət reaksiya heç də ona döğru addımların atılmasını tələb etmir. Qorbaçov özü bizə doğru gəlir, qoy gəlsin”.[2, s.33]
Beləliklə, M.Qorbaçov Qərbin böyük etimadını “qazana bilmişdir və kapitalizm dünyası bunu etiraf etməkdən çəkinmirdi. Hətta, Avropada təklif olunmuşdur ki, M.Qorbaçova və onun həyata keçirdiyi islahatlara müsbət reaksiyanın təsdiqi olaraq 15-20 milyard dollar həcmində yardım edilməsi təklif edilsin. Təbii ki, M.Qorbaçovun ABŞ-ın maraqlarına uyğun bütün fəaliyyətinə baxmayaraq, SSRİ-yə belə bir yardımın edilməsinə Vaşinqtonda etiraz olunmuşdur. Qorbaçovla C. Buş arasında Maltada baş tutmuş görüş zamanı C. Buş onu inandırmağa çalışmışdır ki, cəmiyyətdə dərin islahatlar aparsın və bütün ölkələrdən sovet qoşunlarını geri çəksin. C. Buş vurğulamışdır ki, əgər M. Qorbaçov belə bir addım atarsa, bu, SSRİ-nin zəiflik nümayiş etdirməsi kimi qəbul edilməyəcəkdir və bundan ABŞ-ın xeyrinə istifadə olunmayacaqdır.[2, s.89] Hadisələrin sonrakı inkişafı göstərmişdir ki, M. Qorbaçovu SSRİ-nin beynəlxalq mövqelərinin zəifləməsi şərtləndirəcək addımlar atmağa inandırmaq mümkün olmuşdur. Lakin bir çox tədqiqatçılar SSRİ-nin süqutunu yalnız M. Qorbaçovun adı ilə bağlamırlar. Əksəriyyət hesab edirdi ki, ümumiyyətlə SSRİ-də hakim olan kommunist ideologiyası mükəmməl deyildir və onun həyatda qalma şansları əvvəldən kifayət qədər az idi. M. Qorbaçov sadəcə prosesləri nisbətən sürətləndirmişdir.

Nəticə
Beləliklə, ABŞ-ın SSRR-yə münasibətdə həyata keçirdiyi geosiyasətin mahiyyəti onu bütün sahələrdə qabaqlamaq və təcrid emtəklə süqutunu şərtləndirməkdən ibarət olmuşdur. Demək olar ki, bütün amerikalı strateqlərin şüurlarını məşğul edən yeganə məsələ SSRİ-yə qarşı daha səmərəli qabaqlama və təcrid etmə taktikalarını hazırlamaq məsələləri məşğul edir. ABŞ xarici siyasi strategiyasnın əsas ideoloqlarından biri olmuş C. Kennan etifaq edərək demişdir: “Nə bizim hökumət (ABŞ), nə də Qərbi Avropadakı müttəfiqlərimiz SSRİ ilə hər hansı bir danışıqlara getmək fikrində olmamışlar. Həm ABŞ-ın, həm də Avropanın SSRİ-dən istədiyi və gözlədiyi tək bir şey onun qeyri-şərtsiz kapitulyasiya etməsi idi. Biz bunu gözləməyə hazır idik və 40-illik Soyuq müharibənin başlanmasının yeganə səbəbi də bundan ibarət idi”. [5, s.454] İkinci dünya müharibəsinin sona çatdıqdan sonra qısa bir zaman içərisində ABŞ-ın SSRİ-yə qarşı hətta hücum planları da hazır idi. ABŞ-da artıq qət etmişlər ki, əgər dünya sosializmini kənarlaşdırmaq mümkün olmasa, SSRİ-yə qarşı müharibə zəruri olacaqdır. Mühüm strateji xəttlərdən biri də ondan ibarət idi ki, SSRİ-nin və onun müttəfiqlərinin hərbi və iqtisadi sahədə ABŞ-ın səviyyəsinə çatmasının qarşı bütün vasitələrlə alınsın. ABŞ çalışırdı ki, nüvə silahından birinci istifadə etməyə həmişə hazır olsun. U. Çörçilin məşhur Fulton nitqi sonradan ABŞ-ın rəsmi dövlət siyasətinə -“Trumen doktrinasına” çevrilmişdir. Doktrinada qeyd edilirdi ki, dünya bütövlükdə amerikan sistemini qəbul etməlidir. Həmçinin, doktrinada ABŞ-ın bütün vasitələrlə kommunizm quruluşuna və SSRİ-yə qarşı mübarizə aparmasının zəruriliyi ifadə edilmişdir. [7, s.552] Tədqiqatçı V. Rukavişnikovun fikrincə, bu doktrina ilə ABŞ-ın xarici siyasi strategiyasının və təhlükəsizlik siyasətinin konturları uzun illər üçün müəyyənləşdirilmiş olmuşdur. Həm demokratlar, həm də respublikaçılar sosializm sistemi çökənədək öz fəaliyyətlərində bu doktrinaya istinad etmişlər. [8, s.215]
Göründüyü kimi, ABŞ, iqtisadi, hərbi potensialına görə SSRİ-ni əhəmiyyətli dərəcədə qabaqlamaqla, ona qarşı səmərəli təcridetmə taktikasını həyata keçirə bilmişdir. Xüsusi olaraq qeyd etmək lazımdır ki, ABŞ siyasi texnologiyalar sahəsində də SSRİ ilə müqaisə olunmaz dərəcədə öndə idi. Belə ki, o, bütün Qərbi Avropanı SSRİ-nin timsalında vahid düşmənin mövcudluğuna inandıra bilmişdir. M. Qorbaçovun hakimiyyəti dövründə, ABŞ hətta, onun daxili həyatına müdaxilə imkanları da əldə edə bilmişdir. Güman etmək olar ki, U. Çörçilin Fulton nitqi də elə ABŞ-da hazırlanmışdır və Avropanı SSRİ-yə qarşıya səfərbər etməyə hesablanmışdır. Beləliklə, ABŞ SSRİ-yə münasibətdə unikal strategiya hazırlayaraq, onu uğurla tətbiq edə bilmişdir.

ƏDƏBİYYAT
1.Адамишин А.Л. У человечества единая судьба//Международная жизнь. 1989. №1. С. 4-5.
2.Бешлосс М., Тэлботт С. На самом высоком уровне. М., 2010, 352 c.
3.Валиуллин К.Б., Зарипова Р.К. История России. XX век. Часть 2: Учебное пособие. - Уфа: РИО БашГУ, 2002, 234 c.
4.Злобин В. Н. Неизвестные американские архивные материалы о выступлении У. Черчилля 5.III.1946 // «Новая и новейшая история», № 2, 2000, c. 11-16
5.Кеннан Дж. Дипломатия Второй Мировой войны глазами американского посла в СССР Джорджа Кеннана. М., Центрополиграф, 2002, 480 c.
6.Карпенкова Т.В. Кардинальные изменения в мире, вызванные распадом СССР // Известия Тульского государственного университета. Гуманитарные науки. 2013, № 4, с. 124-135
7.Энциклопедия российско-американских отношений.XVIII–ХХ века. М., 2001, 692 c.
8.Рукавишников О.В. Холодная война, холодный мир: Общественное мнение в США и Европе о СССР / России, внешней политике и безопасности Запада. М., 2005, 864 c.
9.Сталин И.В. Cочинения. Т. 16, М.: Издательство “ИТРК”, 2011, 682 c.
10. Филиппова А.В. История России, 1945-2008 гг. 2-ое изд., дораб. и доп. М.: Просвещение, 2008, 528 c.
11. Шаклеина Т.А. Россия и США в новом мировом порядке. Дискуссии в политико-академических сообществах России и США (1991-2002). М.: Институт США и Канады РАН, 2002, 445 c.
12. Швейцер Петер. Победа. Роль тайной стратегии администрации США в распаде Советского Союза и социалистического лагеря. М., Авест, 1995, 464с.
13. Brown S. The Faces of Power. Constancy and Change in United States Foreign Policy from Truman to Clinton. N.Y., 1994, 654 P.
14. Кеnnаn G. F. Memoirs, 1925-1950. Boston; Toronto: Little, Brown and Co., 1967, 623 P.
15. Trofimenko H. The Emergence of Mutual Security: Its Objective Basis /Windowsof Opportunity. From Cold War to Peaceful Competition in U.S. - Soviet Relations. Ed.By GrahamT. Allison and William L. Ury with Bruce J. Allyn. - Cambridge (Mass.), 1989, P. 176-179

Açar sözlər: ABŞ, SSRİ, münasibətlər, xarici siyasət, rəqabət, maraqlar, beynəlxalq münasibətlər sistemi.
Ключевые слова: США, СССР, отношения, внешняя политика, соперничество, интересы, система международных отношений.
Keywords: USA, USSR, relations, foreign policy, rivalry, interests, system of the international relations.


РЕЗЮМЕ
д.ф.п.н. Сабина Гарашова
Факторы, обуславливающие распад СССР
и политика США
В представленной научной статье рассматривается, прежде всего, характер отношений между СССР и США. Обосновывается, что отношения между США и Советским союзом всегда были напряженными. После завершения Второй мировой войны США открыли идеологическую войну против СССР. Единственным препятствием перед мировым лидерством США был Советский Союз. США смогли объединить весь капиталистический мир против СССР. Это было главной характерной чертой борьбы США против СССР. В статье обосновывается, что стратегия США против СССР охватывает несколько уровней. Также анализируются оценки некоторыми авторами характера отношений между США и СССР. Все эти и другие вопросы обстоятельно рассматриваются в данной научной статье.


SUMMARY
Sabina Garashova
The factors causing the collapse of the USSR and the USA
In the presented scientific article, first of all, the nature of the relations between the USSR and the USA is considered. It is proved that the relations between the USA and the Soviet Union always were intense. After the end of World War II The USA opened ideological war against the USSR. The Soviet Union was the only obstacle to the world leadership of the US. The USA could unite the entire capitalist world against the USSR. This was the main characteristic feature of the US struggle against the USSR. Article proves that the US strategy against the USSR covers several levels. Also different approaches of authors about character of the relations between the USA and the USSR are analyzed. All these and other issues are considered in details in this scientific article.



Səbinə Qaraşova
Siyasi elmlər üzrə fəlsəfə doktoru

 

"GEOSTRATEGİYA" jurnalı №03 (45) MAY-İYUN 2018


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM