Rusiya hakimiyyəti dövründə Dərbəndin sosial inkişafı

08:00 / 14.07.2018

Hərbi-strateji cəhətdən əlverişli zonada yerləşən Qafqaz bölgəsi XVIII əsrin əvvəllərindən etibarən Rusiyanın eksponsionist siyasətinin əsas hədəfinə çevrildi. Çar Rusiyasının Qafqaza ilk yürüşü 1722-1723-cü illərdə I Pyotrun dövründə başlasa da, bütövlükdə Qafqaza rusların ən böyük və irimiqyaslı hücumları I Aleksandrın dövründə (1801-1825) həyata keçirildi. XIX əsrin əvvəllərində Rusiyanın Qafqaz siyasətinin yeni mərhələsində beş minillik tarixi olan Dərbənd və ətraf əraziləri xüsusi önəm daşıyırdı və böyük geostrateji əhəmiyyətə malik idi. 1806-ci il iyun ayında Dərbəndi işğal etdikdən sonra Qafqazın dərinliklərinə nüfuz etməyə başlayan çar Rusiyası tabe etdirdiyi ərazilərdə sosial, siyasi, iqtisadi və mədəni islahatlar aparmaqla bölgədə rus imperiya idarəçiliyini formalaşdırmağa başladı. İmperiyanın Dərbənd şəhərinə və əhalisinə yönəlik sosial islahatları da buradakı idarəçiliyi rus imperiya siyasətinə uyğunlaşdırılmağa xidmət edirdi.
Qafqaz Arxeoqrafiya Komissiyasının Aktlarının verdiyi məlumatlardan bəlli olur ki, Dərbənd xanlığının Rusiya tərəfindən işğalından sonra çarizmin burada fəaliyyət istiqamətlərindən biri də köçkünlərin yerləşdirilməsi üzrə tədbirlərin həyata keçirilməsi olur. İmperiyanın daxili işlər naziri qraf V.P.Koçubey Qafqaz komandanlığına məktubunda Bazeldən onun yanına gəlmiş Ditrix və Zaremba adlı iki keşişin Qafqazda almanlar üçün məskənlər salmaq niyyətində olmaları bildirilirdi. Daxili İşlər Nazirliyi onlara Qafqazda məskunlaşmağa münasib yeri axtarıb seçmək icazəsini də vermişdi. Həmin şəxslər Cənubi Qafqazın digər rayonları ilə yanaşı, gələcək alman məskənləri üçün Dərbənd-Quba bölgəsini də seçmişdilər. Lakin Dərbənd və Quba rus hakimiyyətinə yenicə tabe edilmiş ərazilər olduğu üçün hökumət bu təklifə isti yanaşmırdı. Qraf Koçubeyin fikrincə, həmin nəzərdə tutulan ərazilərə yerində baxış keçirməlidirlər. Bu məqsədlə missionerlərə gərəkli yardımın edilməsi barədə Qafqaz komandanlığına lazımi göstərişlər verilirdi [11, 468].
Qafqazdakı rus qoşunlarının baş komandanı A.P. Yermolov imperiyanın daxili işlər nazirliyinə yazdığı cavab məktubunda qeyd edirdi ki “Sizin 1822-ci il 16 fevral tarixli məktubunuzda göstərildiyi kimi, Bazel İncil Cəmiyyətinə Qafqazda, Qara və Xəzər dənizləri arasında məskənlər salmaq, almanları orada yerləşdirmək, yerli müsəlmanlar arasında xristianlığı yaymaq məqsədilə orada mətbəə və məktəblər açmaq üçün icazə verilməsi barədəki məktubunuza uyğun olaraq keşişlər Dmitrix və Zaremba mənim yanıma gəlmişlər. Onların sözlərindən bəlli oldu ki, onlar almanlar üçün Dərbənddə, Qubada, Bakıda, Şamaxıda, Nuxada, Yelisavetpolda məskənlər salmaq istəyirlər. Mən onlara bu iş üçün şəraitin yaradılması məqsədilə yerli hakimiyyət orqanlarına lazımi göstərişlər verməklə, həmin yerlərdə koloniyaların salınmasının qəti yolverilməz olması barədəki fikirlərimi də sizin nəzərinizə çatdırmaq istəyirəm”.
Daha sonra məktubda yazılırdı ki, Gürcüstanda kolonoyaların salınması təcrübəsi onları bu işə ehtiyatlı yanaşmağa məcbur edir. Çünki əgər orada yerli əhali kolonistləri yaxşı qarşılamamışdılarsa, fanatik müsəlmanlar arasında bu tədbir, ələlxüsus əhali arasında xristianlığın təbliği müqavimətlə qarşılana bilər. Buna görə də A.P. Yermolov Bazel İncil Cəmiyyətinə məskənlər salmaq üçün yerin ayrılmasından öncə onlara yerlərdə məktəblər və mətbəələrin açılmasına icazə verməyi təklif edirdi. Onun fikrincə bu yolla yerli əhali ilə ünsiyyət quraraq yaxınlaşdıqdan sonra tədricən digər planları da həyata keçirmək olar [14, 472].
İşğalın ardınca Dərbənddə 1806-cı ilin avqustunda komendant vəzifəsi təsis edildi. Onun üzərinə qayda-qanuna nəzarət, şəhərin müdafiəsini təşkil etmək,qala qarnizonuna komandanlıq, inzibati-idarəçilik funksiyalarını həyata keçirmək kimi vəzifələr qoyulmuşdu. Lakin komendantın öz vəzifəsindən sui-istifadə etməsi yerli əhalinin ciddi narazılığına səbəb olmuşdu. Şəhər əhalisinin siyahıya alınması aparılmaması, şəhərdə dözülməz vəziyyət hökm sürməsi, yalnız sənətkarların və tacirlərin şəhərdə yaşamaq hüququnun olmasına baxmayaraq heç bir yoxlama aparılmadan hər kəsin, hətta əkinçilər də yaşamaq üçün şəhərə buraxılması Dərbənd şəhərinin abadlaşdırılması məsələsi gündəmə gətirmişdi [20, 108-109].
A.P. Yermolov Dərbənd komendantına bütün bu çatışmazlıqların aradan qaldırılmasını, şəhər əhalisinin siyahıya alınmasına başlamağı, aidiyyatı olmayan adamların şəhərdən çıxarılmasını əmr etməklə şəhərin yeni plan əsasında abadlaşdırılmasına yönəlmiş təkliflərini verirdi. A.P. Yermolov tərəfindən təsdiq olunaraq, mühəndis podpolkovnik Danilova verilmiş yeni plana əsasən, şəhərin Narınqaladan dənizə tərəf olan hissəsində varlı adamların məskunlaşdırılması təklif olunurdu. Baş meydanda şəhər məhkəməsi, xəzinə və mühafizə yerləşməli idi. Burada piştaxtalar üçün yer ayrılmalı, yəhudi və erməni məhəllələri müəyyən olunmalı idi. Ordunun şəhərdə yerləşdirilməsi zamanı özbaşına evlərin zəbt olunması nəticəsində əhali arasında narazılıq hallarının baş verməməsi üçün xüsusi komissiya təşkil olunması nəzərdə tutulurdu [20, 108-109].
Tezliklə bu istiqamətdə işlərə başlanılır. Bu işlərin həyata keçirilməsi zamanı əhalinin bir hissəsinin şəhərdən kənara köçürülməsi, bəzi yerlərdə evlərin sökülməsi planlaşdırılırdı. Bu zaman əhalinin baş verə biləcək narazılığının qarşısının alınmasına yönəlmiş bəzi tədbirlər nəzərdə tutulmuşdu. Qala komendantının səlahiyyətlərini icra edən mayor fon Aşeberq tərəfindən hazırlanmış tədbirlər planında göstərilirdi ki, Kurinsk piyada alayının qərargahının inşa edilməsi üçün lazım olacaq daşın əksər hissəsi evləri sökülmək üçün nəzərdə tutulan sakinlərdən pulla alınmalıdır. Bu məqsədlə şəhər starşinalarına daşın sındırılması sifarişini qəbul etmək qadağan olunmuşdu. Bu tədbir nəticəsində evləri köhnə olan əhalinin əksər hissəsi onların sökülməsinə razı olur. Bununla onlar hesab edirdilər ki, onsuz da qəzalı vəziyyətdə olan evlərin sökülməsindən sonra daşın və digər yararlı materialın satışından müəyyən qədər pul əldə edəcəklər, ona görə də bu zaman o qədər də zərər görməyəcəklər. İkinci tərəfdən bu zaman evlərin söküntüsü icma tərəfindən həyata keçirildiyindən onlar həm də söküntü xərclərindən də azad olurdular. Lakin qeyd etmək lazımdır ki, əksər hissəsinin hətta öz evinin söküntüsünü aparmaq imkanında olmayan yerli əhalininin hakimiyyətin bu təklifinə razılıq verməsi daha çox ziyana düşmək qorxusundan qaynaqlanırdı; sakinlər evlərinin sökülməsinə razı olmayacaqları təqdirdə, sonradan bu güzəştlərdən də məhrum ola biləcəklərindən ehtiyatlanırdılar.
Fon Aşeberq hesab edirdi ki, şəhərin yenidən qurulması zaman keçdikcə ictimai rifah kəsb edəcək, ona görə də əhali öz əmlaklarını qurban verməklə bu işdə iştirak etməli idilər. Bu məntiqlə də o, şəhərin abadlaşdırılması işinə əhalinin bu şəkildə cəlb edilməsini qanuni sayırdı [23, 110].
Fon Aşeberqin planını bəyənən A.P. Yermolov fon Krabbeyə məktubunda bu barədə yazırdı: “Şəhərdə baş meydanın təşkil olunmasını, meydanın kənarında bir neçə sajen məsafədə yerləşən evlərin sökülməsi fikrini bəyənirəm. Meydanların, enli küçələrin salınması zamanı əhalinin sıx şəkildə yaşaması maneçilik törədəcək və buna görə də onların aşağıdakı qaydada köçürülməsini təklif edirəm: bir saylı siyahı üzrə evləri yararsız halda olanlar, şəhər kənarında torpaq sahəsi və bağları olanlar, arabaçılıq edənlər və sənaye ilə məşğul olanlar yeni yerə köçürülsün. Onlardan yaxşı ev tikmək imkanı olanlara Dubar adlanan yerdə sökülmüş evlərinin müqabilində şəxsi torpaq sahəsi verilməli; heç bir sənət sahəsi ilə məşğul olmayıb, şəhərdə yararsız halda olan evindən savayı əmlakı olmayanlar iki saylı siyahı üzrə xəzinə kəndlərinə köçürülməli; müxtəlif yerlərdən şəhərə gələn, şəhərdə hər hansı bir məşğuliyyəti, şəxsi əmlakı olmayanlar üç saylı siyahı üzrə əvvəlki yaşayış yerlərinə köçürülməlidir. Lakin son iki kateqoriyadan olanlardan öz hesabına ev tikmək istəyənlərə forştad, yaxud da şəhərdə məqsədəuyğun yer ayrılmalıdır” [27, 111-112].
A.P. Yermolov şəhərin abadlaşdırılması ilə bağlı da öz təkliflərini verir. Baş komandan dükanların şəhərin aşağı hissəsində təşkil olunmuş meydanda qurulmasını, ət və un cərgələrini də orada yerləşdirməklə, şəhərə gətirilən müxtəlif məmulatları – yeyinti məhsullarını, meşə materiallarını və s. oraya yönəltməyi təklif edirdi. Onun təkliflərinə görə şəhərin aşağı hissəsində misgərlər və dəmirçilər yerləşdirilməklə, at və dəvə karvanları ilə şəhərəvarid olanlar üçün yerlər qurulmalı idi [27, 111].
Lakin şəhərin abadlaşdırılması işlərinə bir qədər sonra başlanılır. Şəhəri ayıran divarın götürülməsindən sonra əmələ gələn boş yerlərdə erməni və yəhudilər yerləşdirilir. 1848-1849-cu illərdə burada 5 verst və 100 sajen uzunluğunda su xətti çəkilir, 6 sajen dərinliyində hovuz tikilir. 1851-ci ildə Dərbənd şəhərində 2092 daş ev, 345 çiy kərpicdən tikilən ev var idi [6, 59-60]. Müqayisə üçün qeyd edərdik ki, 1824-cü ilə dair məlumatda şəhərdə 1818 evin, 3 hamamın, hərbi hissəyə məxsus 2 yunan-roma (katolik), 1 erməni kilsəsinin və 15 məscidin olduğu göstərilir [23, 109-110]. XIX əsrin 40-cı illərin sonlarında burada 370 daş, 24 taxta dükan fəaliyyət göstərirdi [6, 59-60]. 1848-ci ildə şəhərdə 500 nəfərlik pravoslav kilsəsinin tikintisinə başlanılmışdı 1853-cü ilin noyabrında istifadəyə verilən bu kilsənin tikintisi xəzinəyə 29446 gümüş rubl 88 qəpiyə başa gəlmişdi [18, 830].
Yerli əhali şəhərin ictimai həyatında kifayət qədər yaxından iştirak edirdi. Dərbənd şəhərin müsəlman, erməni və yəhudi icmasının nümayəndələri tərəfindən yetim və kimsəsizlərə yardım etmək kimi xeyriyyə məqsədi ilə könüllü ianə toplanılırdı. Sənədlərdə göstərilir ki, 1856-cı ilin iyulunda şəhər komendantının səlahiyyətlərini icra edən Klugenaunun yanına gələn bu nümayəndələr həmin məbləğin xüsusi qeydiyyat kitabına salınmasını xahiş etmişdilər. Xeyriyyə məqsədilə müsəlmanların 1000 rubl, ermənilər 850 rubl topladığı, yəhudilərin isə ildə 60 rubl gəlir verən su mənbəyini verdiyi qeyd olunurdu [22, 698].
Görülən işlər şəhər əhalisinin artımına təsir edirdi. Əgər 1810-cu il üçün Dərbənd şəhərində 3719 nəfər qeydə alınmışdısa (onlardan 3497 nəfər müsəlman şiə, 56-ı erməni, 166 nəfər isə yəhudi idi) [15, 38]. Dərbənd qala komendantının səlahiyyətlərini icra edən mayor fon Aşeberqin 1824-cü ilin iyulun 16-da verdiyi məlumata görə şəhərdə artıq 11060 nəfər (5773 kişi, 5287 qadın), o cümlədən 10377 müsəlman (5407 kişi, 4970 qadın), 239 erməni (136 kişi, 103 qadın), 544 yəhudi (230 kişi, 214 qadın) yaşayırdı [23, 109-110].
Qeyd edək ki, ermənilər I Pyotrun Xəzərsahili bölgələrə yürüşündən sonra bura köçürülmüşdü. Zubovun Dərbənd yürüşü zamanı etdikləri xəyanətkar fəaliyyətləri nəticəsində rusların şəhərdən çəkilməsindən sonra Dərbəndi tərk etmək məcburiyyətində qalmış ermənilər 1806-cı ildə şəhərin ruslar tərəfindən işğalından sonra yenidən bura qayıtmışdılar [15, 38; 3, 267].
1832-ci il məlumatına görə Sabnova kəndi və forştadla birlikdə Dərbənddə 1795 ev, kişi cinsindən olmaqla 4741 tatar (azərbaycan türkü-M.Ə.), 256 yəhudi, 142 erməni, cəmi 5439 nəfər yaşayırdı [7, 96] 1843-cü il məlumatına görə isə Dərbənd qəzasında 33880 nəfər (18241 kişi, 15639 qadın) qeydə alınmışdı [2, 834]. Həmin ilə dair məlumata görə bilavasitə şəhərdə (Dərbənd şəhəri, forştadt və Sabnova ilə birlikdə) 2762 ailə, 11278 nəfər qeydə alınmış və onlardan 9572 nəfəri azərbaycanlı, 284-ü erməni, 871-i yəhudi, 3-ü alman, 2-i yunan idi. Göründüyü kimi rus işğalından 30 ildən artıq bir müddət keçməsinə, rusların şəhərin etnik tərkibinin dəyişdirilməsi istiqamətindəki ciddi-cəhdlərinə baxmayaraq, azərbaycanlılar ümumi əhalinin 84,8%-i təşkil edirdi [4, 269].
1850-ci ilə dair məlumata görə Dərbənd şəhərində 12332 nəfər, Dərbənd qəzasında isə 50551 nəfər qeydə alınmışdı ki, Dərbənd şəhər əhalisinin 1118 nəfəri müsəlmanlar, 861-i yəhudilər, 302-ni ermənilər, qəza əhalisinin isə 49443 nəfərini müsəlmnlar, 1108 nəfərini yəhudilər təşkil edirdi [1, 578-580]. 1858-ci ilə dair məlumata görə Dərbənd şəhərinin əhalisinin 13000, Ulus mahalının əhalisinin isə 3000-ə qədər olduğu göstərilir [9, 647]. 1859-cu il siyahıya almasına görə isə Dərbənd şəhərində 6686-ı kişi, 6784-ü qadın olmaqla 13470 nəfər hər iki cinsdən olan əhali yaşayırdı [7, 96].
1824-cü illə müqayisədə (11060 nəfər) 1850-ci ildə (12332 nəfər) şəhər əhalisinin çox cüzi artımının (cəmi 1272 nəfər) səbəblərindən biri və başlıcası fikrimizcə 30-cu illərdə burada baş vermiş köçlə bağlı idi. Belə ki, Dağıstan hərbi-dairə rəisinin 1837-ci il məlumatına görə, 1833-cü ildə baş vermiş aclıq nəticəsində əksər əhalinin digər yerlərə getməsi səbəbindən Dərbənd vilayətində əhalinin xeyli azalması baş vermişdi [10, 604].
A.P. Yermolov qeyd edir ki, Dərbənd çox nadir şəhərlərdəndir ki, əhalisinin demək olar ki, hamısı şiədir. Ona görə də burada seyidlərə böyük hörmət var. Bu səbəbdən də İran hökuməti həmişə öz məqsədi üçün bu seyidlərdən istifadə etmişdir [13, 114].
Qafqaz komandanlığı Dərbənd qəzasının əhalisini rus hakimiyyətinə münasibətinə görə dörd qrupa bölürdü: 1) rus hakimiyətinə yetərincə itaətkar olan, rus qaydalarına vərdiş etmiş, adətlərinə görə ruslara kifayət qədər yaxın olanlar; 2) ruslara kifayət qədər itaətkar olan, ancaq hələ də Rusiya qanunlarının ruhunu tam başa düşməyənlər; 3) ruslara yarımçıq itaət edən, öz qaydaları ilə yaşayaraq yalnız hərbi qüvvənin nəzarəti olduqda tabeçilik göstərənlər; 4) xarakterinə görə yarımvəhşi olan və çoxsaylı rus hərbi qüvvəsinin onların arasında peyda olmasından sonra tabe olanlar [8, 424]. Birinci qrupa Dərbənd qəzasının 16 mindən artıq evdən ibarət əhalisinin 540 evdən ibarət Ulus mahalının daha sülhsevər xarakterli əhalisi daxil edilmişdi; onlar rus mülki idarəçiliyinə çoxdan alışmış hesab olunurdular. 3981 ailədən ibarət Tabasaran və Qaytaq əhalisi ikinci qrupa daxil edilirdi, yəni onların rus qaydalarına tam alışmadıqları güman olunurdu. Cənubi Tabasaran azad icmaları, Qaytağın dağlıq icmaları üçüncü qrupa aid edilirdi; onların bəzisinin ruslara az miqdarda vergi ödədiyi bildirilirdi [8, 424-425].
Qafqaz Arxeoqrafiya Komissiyasının Aktlarında Dərbənddə təhsilin vəziyyətinə dair də çox qiymətli məlumatlar vardır. Məlum olduğu kimi Cənubi Qafqaz məktəbləri haqqındar 2 avqust 1829-cu il tarixli əsasnaməyə əsasən, 1830-cu ilin martında Tiflis nəcib məktəbi gimnaziyaya çevrilir. Elə həmin il onun nəzdində pansion açılır. Bununla da diyarda qəza məktəblərinin təşkilinə başlanılır. 1834-cü ilə kimi artıq Telavi, Qori, Kutaisi, Şuşa, Sığnaq, Ahalsıx, İrəvan, Bakı, Nuxa, Yelizavetpol və Minqreliyada 11 qəza məktəbi açılır. Hər biri iki sinifli olan bu məktəblərdə şəriət, rus dilinin əsasları, ana dili və hesab dərsləri keçilirdi. Bu məktəblər keçilən fənlərə görə Rusiyadakı kilsə məktəblərinə bərabər tutulurdu [12, 97]. O vaxtlar baş komandan İ.F.Paskeviç Dərbənddə də qəza məktəbinin açılması təklifi ilə çıxış edir [5, 66].
Paskeviçi əvəz edən baron Q.V.Rozen də Dərbənddə üç sinifli məktəbin açılmasını təklif edir. Onun 8 fevral 1834-cü il tarixli məktubunda göstərilirdi ki, Zaqafqaziyadakı təhsil müəssisələri ilə bağlı mövcud vəziyyət onu qətiyyən qane etmir və buna görə də o, təhsilin vəziyyətinin yaxşılaşdırılması, yeni məktəblərin açılması ilə bağlı öz fikirlərinin əks olunduğu “Zaqafqaziyada təhsil hissəsinin təkmilləşdirilməsinə dair layihəni” irəli sürür. Həmin layihədə aşağıdakı tədbirlərin görülməsi zəruri hesab olunurdu: Rusiyadakı üç sinifli məktəblərin timsalında əvvəlcə Tiflis və Duşetidə, ardınca isə tədricən Dərbənd, Şamaxı və Lənkəranda bu sayaq məktəblərin açılması; bu məktəblərdə şəriət, rus dili, qrammatika, yerli dillər, coğrafiya, tarix icmalı, rəsmxət, rəsm, hesab, yazı dərsləri tədris olunması [12, 97].
Qaydalara görə Dərbənddə azərbaycanlı və erməni əhali üçün olmaqla iki məktəb açmaq nəzərdə tutulmuşdu. Ana dilindən dərs deyən müəllimlər həm də müsəlman və erməni şəriət dərslərini də keçməli idilər. Əgər ana dilindən dərs demək üçün dini dərəcəsi olan müəllim tapmaq mümkün olmazdısa, onda həmin dərsi keçmək üçün yerli ali rəhbərliyin razılığı ilə və Tiflis gimnaziyasında yoxlanıldıqdan sonra dünyəvi müəllim buraxılmalı idi. Hər bir məktəbin saxlanması üçün xəzinədən ildə 1750 gümüş rubl, bütövlükdə isə Cənubi Qafqazdakı 15 məktəb üçün 31700 gümüş rubl ayrılması nəzərdə tutulurdu [12, 98].
Artıq 1834-cü ilin sentyabrında baron Q.V.Rozen Zaqafqaziya məktəblərinin direrktoruna məktubunda burada açılması nəzərdə tutulmuş 8 məktəbdən Dərbənd, Naxçıvan, Şamaxı və Quba qəza məktəblərinin açılmasına razılıq verirdi [19, 99]. Buna uyğun olaraq 1837-ci ildə verilmiş əlahəzrət fərmanı ilə Bakıda və Dərbənddə məktəb binalarının tikilməsi və bu məqsədlə vəsaitin ayrılması qərara alınır. Lakin sonrakı illərdə müəyyən səbəblərə görə Dərbənddəki məktəb binasının tikintisi ləngiyir. Bu iş yalnız 1848-ci ildə başa çatdırılır [17, 855].
1848-ci il 18 dekabr əsasnaməsinə görə Qafqaz təhsil hissəsində aparılmış dəyişikliklərdən biri də Dərbənddə məktəb müdirliyinin yaradılması oldu. Həmin əsasnaməyə görə, 1849-cu ildə açılmış 7 müsəlman məktəbindən 2-si Dərbəndin payına düşürdü. Ümumilikdə 586 şagirdin oxuduğu həmin məktəblərin xərcinin bir hissəsi Qafqaz canişininin sərəncamında olan vəsait, digər hissəsi isə fərdi ianələr hesabına ödənilirdi [18, 897].
1848-ci il üçün Qafqazda 700 məscidin və orada tədrislə məşğul olan 3000 müəllimin olduğu göstərilir. Azyaşlı müsəlmanların bir hissəsi kilsə məktəblərində də təhsil alırdı. Lakin valideyinlər uşaqlarını xristianlarla yaxınlaşdıracaq bu məktəblərə şox həvəssiz verir və bunu günah hesab edirdilər. Buna əyani misal kimi müsəlmanların yaşadıqları yerlərdəki 12 belə məktəbdə cəmi 165 müsəlman uşağının təhsil aldığını göstərmək mümkündür. Bunu nəzərə alan hökumət bu çatışmazlıqları aradan qaldırmaq məqsədi ilə Qafqaz canişini M.S.Voronsovun təklifinə əsasən 1848-ci ilin dekabrında Qafqaz təhsil dairəsi barədə əsasnamə qəbul edir. Lakin bu istiqamətdə ciddi nəticənin əldə edilməsi üçün çoxillik təcrübə və vaxt tələb olunurdu [16, 127].
Əgər 1849-cu ildə Dərbənd qəza məktəbində 54 şagird oxuyurdusa, 1850-ci ildə onların sayı 80 nəfərə çatmışdı. Həmçinin müsəlman məktəbində 50 nəfər təhsil alırdı. Həmin vaxt qəza məktəbində təhsil alan 80 şagirdin 32-i müsəlman, 37-i erməni, 11-i rus idi [1, 566].
1853-cü ilə dair məlumata görə Dərbənd quberniyasında 76 nəfərin oxuduğu 1 qəza məktəbi, 22 nəfərin oxuduğu 1 kilsə məktəbi, 38 nəfərin oxuduğu 1 müsəlman məktəbi var idi. O dövrdə Dərbənddə 15 məscid, 2 sinaqoq fəaliyyət göstərirdi [1, 530, 540].
Dərbənd hərbi qubernatorunun 1855-ci ilə dair hesabatında həmin ildə quberniyada 81 şagirdi olan 1 qəza məktəbinin, 48 şagirdi olan 1 ibtidai məktəbin olduğu göstərilir. Dərbənddəki müsəlman məktəbi isə Qafqaz canişininin əmrinə əsasən 1855-ci ildə Temirxan-Şuraya köçürülmüşdü. Bundan əlavə demək olar ki, hər bir kənd məscidinin nəzdində məktəblər fəaliyyət göstərirdi [1, 652]. 1855-ci ilə dair digər bir sənəddə isə Dərbənddə olan bir qəza məktəbində 6 müəllim və 68 şagird olduğu qeyd edilir [25, 721].
Hələ 1853-cü ilin mayında Xəzərsahili vilayətdə mülki idarənin rəisi və orduların komandanı Xəzərsahili əyalət üzrə müsəlman dini idarələrinin şəhər mükəlləfiyyətindən azad edilməsi təklifi ilə Qafqaz canişininə müraciət edir. Lakin Voronsov İmperiyanın heç bir yerində məscidlərin şəhər mükəlləfiyyətindən azad edilmədiyini əsas gətirərək, məscidlərin ixtiyarında olan daşınmaz əmlakın icarəyə verilməsi müqablində ödənilən mükəlləfiyyətdən azad edilməsini qeyri-mümkün hesab etmiş və bu barədə 1853-cü ilin dekabrında xüsusi məktubla general-adyutant knyaz Arqutinski-Dolqorukova bildirmişdi.
Xəzərsahili vilayətdə müvəqqəti orduların komandanı və mülki idarənin rəisi general-leytenant knyaz Orbeliani Voronsova yazırdı ki, Dərbənd hərbi qubernatoru general Minkviz 1854-cü il fevralın 6-da ona yazdığı məktubda əksəriyyəti şiə olan Dəbənd müsəlmanlarının 1831-ci ildə Qazı Məhəmmədin yürüşü və 1851-ci ildə müridlərin Tabasarana yürüşü zamanı hökumətə sadiq qaldıqlarını əsas gətirərək, növbəti dəfə məscidlərin mülkiyyətində olan əmlakın şəhər xəzinəsinə vergi ödəməkdən azad edilməsini xahiş edirdi.
Bunu nəzərə alan Voronsov general-leytenant Reuta məktubunda Dərbənd şəhər baş məscidinə məxsus daşınmaz əmlakın əvvəlki illər üçün şəhər vergisini toplamaqdan və gələcək dövr üçün şəhər mükəlləfiyyətindən azad edilməsinə icazə verdiyini bildirirdi [21, 612-613].
Dərbənd cəmiyyətinin yuxarı təbəqəsini təşkil edən müsəlman ruhaniləri hələ xanlıq zamanında vergi və mükəlləfiyyətlərdən azad edilmişdi. Lakin Rusiya hakimiyyəti zamanında onların bir hissəsi vergilərin ödənilməsinə cəlb edilmişdi. Müstəqil şəkildə yazıb oxumağı öyrənənlərin bəylər tərəfindən molla adına layiq görülməsi rus hakimiyyəti zamanında onların social mənşəyinə yenidən baxılmasını zəruri etmişdi. Sənədlərdə ruhanilərin çoxsaylı olduğu bildirilirdi [24, 427-428].
Rusiya hakimiyyəti dövründə bəylərin social statusunun müəyyən edilməsi mıəqsədilə də müəyyən tədbirlər görülmüşdü. Qafqaz Arxeoqrafiya Komissiyasının Aktlarında göstərilir ki, müsəlman əyalətlərinin quruluşu üzrə Komitə öz iclasında Tiflis hərbi qubernatoru S.S. Strekalovun aşağıdakı məsələlərə dair təklifini müzakirə etmişdir; 1) özlərini bəy elan edənlərin hüquqlarını necə əsaslandırmalı; 2) onların kəndlilərinə hansı hüquqlar verilməli; 3) Bir hissəsinin vergi ödədiyi, digərlərinin isə vergidən azad edildiyi, müxtəlif adlar altında mövcud olan müsəlman ruhanilərinə hansı hüquqlar şamil etməlidir. Bəy kəndlilərini müəyyən edən heç bir qayda mövcud deyil. Əgər onların bəy kəndliləri olduğunu göstərən sənəd tələb olunsa, onda bu hüquqdan az bir qisim yararlanacaq.
Bəylərin də bəylik hüququnu təsdiq edən sənəd yox idi. “Bəylər vergi və bütün mükəlləfiyyətlərdən azaddırlar, buna görə də özünü bəy elan edənlər çoxdur. Əgər onlardan bəylik hüququnu təsdiq edən sənəd tələb olunsa, onların çoxunda belə sənəd olmadığından əksəriyyəti veri ödəyənlər kateqoriyasına aid edilər, bununla da xəzinəyə daxil olan vergilərin miqdarı da artar” [24, 427-428].
Quberniyada 1855-ci il üçün 2009 irsi zadəgan və bəy, 199 şəxsi zadəgan, 4973 ruhani xidmətçi (onlardan 10-u pravoslav, 1-i katolik, 34-ü qriqoryan, 31-i yəhudi, 4897-i müsəlman idi) qeydə alınmışdı. Quberniya əhalisinin ümumi sayı isə 469153 nəfər idi [1, 673].
Dərbənd şəhərində ali zümrəyə aşağıdakılar aid edilirdilər (kişi cinsinə mənsub olanlar): qulluqçular (rəislər – 9 ailə; onların oğlanları və qohumları-27); istefada olanlar (rəislər-2 ailə; onların oğlanları və qohumları -4); qulluqçu olmayanlar, lakin hərbi və mülki rütbəsi olanlar (rəislər-19 ailə; onların oğlanları və qohumları -49); sultanlar, bəylər, məliklər və digər zadəganlar (rəislər-48 ailə; onların oğlanları və qohumları -73) – cəmi 231. Yerli olmayan zadəganlar: xidmətçilər-(rəislər-82 ailə; onların oğlanları və qohumları -36); istefada olanlar-(rəislər-5 ailə; onların oğlanları və qohumları -3); cəmi-126 ailə [26, 682].
Beləliklə, rus işğalından sonra Dərbənd bölgəsinin əhalisinin siyasi, sosial, iqtisadi və mədəni siması tədricən olsa da dəyişirdi.

Ədəbİyyat
1. Azərbaycan Milli Elmlər Akademiyası A.A.Bakıxanov adına Tarix İnstitutunun Elmi Arxivi (AMEA TİEA), iş 1716
2. AMEA TİEA, iş 2082
3. Hacıyev A. A. Dərbənd XIX-XX əsrin əvvəllərində (tarixi-demoqrafik tədqiqat). Bakı, Turxan NPB, 2017, 244 s
4. Hacıyev A. XIX-XX əsrin əvvəllərində Azərbaycanın Dərbənd şəhərinin əhalisinin etnik tərkibi. Səh. 265-274, // AMEA A. Bakıxanov adına Tarix İnstitutunun Elmi Əsərlərinin Xüsusi buraxılışı, 2012, № 40,
5. Акты, собранные Кавказской археографической комиссией. Том 7. Тифлис: Типография Главного Управления Наместника Кавказского, 1878, 1011 с.
6. Ахмадов Ш.Б. Дербент как центр торгово-экономического и культурного сближения народов Северного Кавказа в XVIII – первой половине XIX вв. / Материалы международной научной конференции «Дербент в историческом процессе Кавказа и России», посвященной 2000-летию г. Дербента, Махачкала, 2015, с. 53-61
7. Гасанов Г.Н. Об этническом составе населения города Дербент в XIX в. / Материалы международной научной конференции «Дербент в историческом процессе Кавказа и России», посвященной 2000-летию г. Дербента, Махачкала, 2015, с. 94-98
8. Докладная записка командующего войсками и управляющего гражданскою частью в Прикаспийском крае, ген.-л. кн. Орбелиани, кн. Барятинскому, от 14-го октября 1856 г. // АКАК, т. 12, с. 423-427
9. Записка Главного Штаба Кавказской Армии о преобразовании прикаспийских управлений на Кавказе, июль 1858 г. // АКАК, т. 12, с. 644-649
10. Записка о камеральных описаниях, производившихся в Закавказском крае со времени присоединение оного к Империи // АКАК, т. 9, с. 603-604
11. Объявление гр. Кочубея, от 7-го января 1822 года // АКАК, т. 6, ч. I, с. 468-469
12. Отношение барона Розена к т.с. Уварову, от 8-го февраля 1834 г. // АКАК, т. 8, с. 97-99
13. Отношение ген. Ермолова к гр. Несселроде, от 31 марта 1826 г. // АКАК, т. 6, ч. 2, с. 113-114
14. Отношение ген Ермолова к управляющему Министерством внутренних дел, от 8-го июня 1823 г. // АКАК, т. 6, ч. 1, с. 472
15. Отношение ген Тормасова к д. т. с. Гуреву, от 2-го августа 1810 г. // АКАК, т. 4, с. 37-43
16. Отношение кн. Воронцова к кн. Чернышеву от 18-го января 1850 г. // АКАК, т. 10, с. 127-128
17. Отчет князя М.С. Воронцова за 1846-1848 годы // АКАК, т. 10, с. 849-873
18. Отчет князя М.С. Воронцова за 1849-1851 годы // АКАК, т. 10, с. 875-904
19. Предписание барона Розена директору Закавказских училищ, от 13-го сентября 1834 г. // АКАК, т. 8, с. 99
20. Предписание ген. Ермолова ген.-м. фон-Краббе, от 5-го марта 1824 г. // АКАК, т. 6, ч. 2, с. 108-109
21. Предписание кн. Воронцова ген.-л. Реутту, от 25-го февраля 1854 г. // АКАК, т. 11, с. 612-613
22. Рапорт ген.-л. кн. Орбелиани ген.-л. кн. Бебутову от 31-го июля 1856 г. // АКАК, т. 11, с. 698
23. Рапорт ген.-м. фон Краббе ген. Ермолову, от 4-го августа 1824 г. // АКАК, т. 6, ч. 2, с. 109-111
24. Рапорт Комитета об устройстве мусульманских провинций ген.-адъют. Стрекалову, от 15-го января 1831 г. // АКАК, т. 7, с. 427-435
25. Рапорт попечителя Кавказского учебного округа д.с.с. барона Николаи ген. Муравьеву, от 7-го марта 1855 г. // АКАК, т. 11, с. 720-722
26. Свод ведомостей о числе лиц, принадлежащих к высшему сословию и о числе дворян не из туземцев за 1855 год, представленных наместнику Кавказскому военными губернаторами в мае 1856 г. // АКАК, т. 11, с. 682
27. Собственноручное предписание ген Ермолова ген.-м. фон Краббе, от 23-го декабря 1824 г. // АКАК, т. 6, ч. 2, с. 111-112

Açar sözlər: Rusiya imperiyası, Qafqaz komandanlığı, Dərbənd quberniyası, köçkünlər, komendant, şəhər mükəlləfiyyəti
Ключевые слова: Российская империя, Кавказское командование, Дербентская губерния, перемещенных, комендант, ответственность города
Key words: Russian Empire, The Caucasus Command, Derbent province, immigrants, commandant, responsibility of the city


Азизова М.А.
Социальное развитие Дербента в период российского правления
Резюме
В июне 1806 года после оккупации Дербента царь, влияя на глубины Кавказа, начал формировать Российскую империю в регионе путем проведения социальных, политических, экономических и культурных реформ на территориях царской России. Одна из социальных реформ империи, направленных на Дербент и население города - это размещение здесь иммигрантов, реконструкция города, а также мероприятия в области образования. Реализация всех этих мер была предпринята для повышения уровня благосостояния и лишения Дербента и Дербентского региона от колониального господства.

Azizova M.A.
Social development of Derbent during the Russian rule
Summary
After occupying Darbani in June 1806 the social, political, economic and cultural areas of the Tsarist Russia, which began to penetrate the depths of the Caucasus, reformed the Russian empire in the region. One of the directions of Social Reforms towards Derbent and the people of the Empire placement of immigrants here, renovation of the city, training activities and reconstruction work in the region. Implementing all these measures, along with raising the wellbeing level Derbent and Derbent were the steps taken to relieve the colonial rule.

 

 

Əzizova M.
Azərbaycan MEA A.A.Bakıxanov adına Tarix İnstitutu

 

"GEOSTRATEGİYA" jurnalı №03 (45) MAY-İYUN 2018


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM