Müasir dövrdə dünyada geosiyasi oyunların çox sürətlə cərəyan etməsi və hadisələrin hər gün yeni bir istiqamətə düşməsi dünya düzənini tamamilə mürəkkəbləşdirir. Dünyanın müasir siyasi mənzərəsi və beynəlxalq münasibətlər sistemi geosiyasət anlayışının əhatə dairəsini daha da genişləndirmişdir.
XX əsrin sonlarından etibarən beynəlxalq arenada yeni güc mərkəzlərinin formalaşması, dövlətlərarası əlaqələrin fərqli aspektdə inkişafı yeni dünya nizamının yaranmasına, dünyəvi əhəmiyyətli problemlərin meydana çıxmasına səbəb oldu. Qloballaşan dünyanın ən mühüm, həssas nöqtələrindən birində yerləşən Azərbaycan da istər-istəməz bu reallığa qoşuldu.
Dünya siyasəti əsasən Avrasiyada müəyyənləşdirildiyindən bu bölgə geosiyasi cəhətdən mühüm əhəmiyyət kəsb edir. Dünyanın siyasi və iqtisadi gücünün əhəmiyyətli hissəsi toplanmış Avropa yeni dünya düzənində nə qədər əhəmiyyətə malikdirsə, Asiya hissəsi də eyni əhəmiyyət kəsb edir. Şərqlə Qərb arasında keçid rolunu oynayan Azərbaycan istəsə də, istər-istəməz yeni dünya düzəninə qarışır. Çünki Avrasiya dünya siyasətinin mərkəzi arenası olduğundan bu bölgədə yerləşib bitərəf qalmaq mümkün deyil. Həmçinin Azərbaycan coğrafi cəhətdən nə tam Avropa, nə də tam Asiya dövləti deyildir. Avropa ilə Asiyanın qızıl körpüsü hesab olunan Azərbaycan dünya siyasətini müəyyənləşdirən dövlətlər üçün həyati əhəmiyyətli geosiyasi məkandır.
Müstəqil Azərbaycan üçün artıq yeni dünya düzəni siyasətində kompleks, əhatəli, uzunmüddətli geostrategiyanın hazırlanması və ortaya qoymasının vaxtıdır. Bu qlobal siyasətdə fəallıq ölkənin inkişafını və təhlükəsizliyini təmin edir. Azərbaycanın coğrafi mövqeyi onun dünya düzənində aparıcı idarəedənlərdən olmasına imkan yaradır. Ölkəmiz Şərq və Qərb mədəniyyətlərinin qovuşduğu məkanda yerləşir. Ona görə də dinlərarası dialoqda iştirak imkanına, vahid dünya mədəniyyətinin formalaşdırılmasındakı fəaliyyətinə və s. görə müstəsna rolu ola bilər. Bu mövqe Azərbaycanın yeni dünya düzəni siyasətinin həyata keçirilməsində əhəmiyyətini daha da artırır. Azərbaycan qabaqcıl dünya dövlətləri ilə müqayisədə nisbətən aşağı dərəcəli sayılsa da, potensialına görə orta dərəcəli dövlətdir.
Azərbaycan Respublikasının geosiyasi əhəmiyyətini artıran, milli maraqlarının təminatında əsas vasitələrdən biri də beynəlxalq aləmdə neft amili ilə bağlıdır. Amerika politoloqlarından Konatın fikrinə görə, geosiyasətdə neft amili mühüm rol oynayır. Xəzərin 200-dən artıq neft strukturunun 145-i Azərbaycan sektorunda yerləşir. Azərbaycanın zəngin neft resurslarına malik olan coğrafi məkanda yerləşməsi XX əsrin 90-cı illərində ümummilli lider Heydər Əliyev tərəfindən düzgün qiymətləndirildi. Dövlətin neft strategiyası zamanın nəbzinə uyğun olaraq vaxtında milli mənafeyə yönəldildi.
Azərbaycan bu gün Avropada, bütövlükdə dünya enerji bazarında aparıcı qüvvədir. Azərbaycanın enerji bazarına daxil olması ilə yeni bir canlanma müşahidə olunmuş, neft-qaz infrastrukturunun şaxələndirilməsi istiqamətində əməli siyasət reallaşdırmışdır. Göründüyü kimi, enerji siyasətimizlə bağlı bütün addımlar düşünülmüş qaydada atılır. Hazırda, Azərbaycan Avropanın enerji təhlükəsizliyi məsələlərinin həllində Avropa ilə bu istiqamətdə tərəfdaş kimi işləyir, fəaliyyət göstərir.
Azərbaycan Qərbə özünün Avrasiya məkanındakı əhəmiyyətli geosiyasi vəziyyətini və zəngin enerji resurslarını lazımi səviyyədə təqdim etməklə, Cənubi Qafqazın lider dövləti statusunu qoruyub saxlayır. Hazırda, regionda və dünyada baş verən əsas iqtisadi, siyasi, mədəni hadisə və proseslərdə Azərbaycan dövləti layiqincə təmsil olunur, öz mövqeyini bildirir və mənafelərini qoruyur. Respublikamızda həyata keçirilən demokratik islahatlar və iqtisadi dəyişikliklər, fəal xarici siyasət bu gün dünyanın ən qüdrətli dövlətlərinin, nüfuzlu təşkilat və qurumlarının diqqətini Azərbaycana yönəltmiş, beynəlxalq hüquq normalarına uyğun qarşılıqlı faydalı əməkdaşlığının qurulmasına və inkişafına əlverişli zəmin yaradır. Azərbaycan Respublikasının geosiyasi maraqları onun bütün sahələrdə öz milli dövlətinin qurulması və bu istiqamətdə məqsədlərə nail olmaq kimi iqtisadi-siyasi, mədəni yüksəlişinin əsas amilidir.
Təhlillər göstərir ki, Azərbaycan regionun geostrateji rolunda aparıcı ölkədir, regional layihələrin əsas təşəbbüskarı və iştirakçısıdır. Bu isə nəticə olaraq yeni geosiyasi dəyişikliklər astanasında Azərbaycanın regionda liderliyinin qorunub saxlanılmasına imkan yaradan strateji addımların atılmasını vacib edir. Azərbaycan hərərəfli şəkildə digər dövlətlərlə əməkdaşlıq etməyə hazır olan ölkə kimi öz loyallığını qoruyub-saxlayır. Bu istər regional, istərsə də qlobal miqyasda cərəyan edən hadisə və proseslərə ölkəmizin aktiv şəkildə cəlb olunması imkanını yaradır.Azərbaycan özünün geoiqtisadi, hərbi-geostrateji və təhlükəsizlik maraqlarını, milli maraq və mənafenin qorunmasına xidmət edən strateji konsepsiyasını dövrün reallıqları və gələcək gözləntilərlə uzlaşmış şəkildə hazırlamalıdır.
Gələcək dünyanın siyasi coğrafiyasını proqnozlaşdırmaq fövqəladə çətin məsələdir. Lakin qlobal sistemdə baş verən tektonik toqquşmalar, mini- lokal müharibələr və s. çoxsaylı amillər XXI əsrin geostrateji sxemini qismən izah edir. Dövlətin və cəmiyyətin, onun vətəndaşlarının mənafelərinin qorunub saxlanılması üçün vahid xarici siyasət, diplomatik çeviklik həyata keçirilməlidir. İstər Azərbaycan, istərsə də digər ölkələr xarici siyasətdə dünyada baş verən siyasi reallıqların məntiqinə riayət etməli və öz siyasətini həm də yeni dünya nizamına uyğun qurmalı, düzgün uzlaşdırmalıdır. Əgər Azərbaycanın dövlət mənafelərinin,onun milli maraqlarının beynəlxalq aləm tərəfindən dəstəklənməsi Azərbaycanın həyatında əhəmiyyətlidirsə, digər tərəfdən Azərbaycanla əməkdaşlıq edən Qərb ölkələrinin və enerji daşıyıcılarının təhlükəsizliyi üçün də vacibdir.
Beləliklə, qloballaşmanın dərinləşdiyi bir vaxtda dünya düzənində baş verən proseslərin hansı məcraya aparacağını gözləmək riskli yanaşmadır. Bu səbəbdən, gələcəkdə də respublikamızın gücü və taleyi, milli birliyi, ideoloji təhlükəsizliyi, həmçinin, iqtisadi müstəqilliyi, siyasi suverenliyi qoruyub saxlamaq, bütün bunlara paralel olaraq dünyaya inteqrasiyanı davam etdirmək bacarığından asılı olacaq. Respublikamız isə Qərblə Şərq arasında həm enerji, həm nəqliyyat, həm də informasiya texnologiyaları dəhlizlərinin mərkəzi olma mövqeyini qoruyub saxlamaqla, regional təhlükəsizliyin təminatçısı mövqeyini davam etdirəcək. (1)
Əgər əvvəllər enerji təhlükəsizliyi məsələləri texniki, texnoloji amillərdən asılı idisə, bu gün biz görürük ki, dünyada vəziyyət dəyişir və enerji təhlükəsizliyinə təsir edən əsas faktorlardan biri siyasətdir. Məsələn, İran məsələsi, Rusiya-Ukrayna münaqişəsi, Səudiyyə Ərəbistanı ilə Yəmən arasında baş verən toqquşmalar və digər amillər bu gün enerji təhlükəsizliyinə daha çox təsir edir. Buna görə də, bu münaqişələr həm siyasətçiləri, həm də neft-qaz sahəsində çalışan şirkət rəhbərlərini narahat edir.(2)
III Qlobal Bakı Forumu çərçivəsindəki iclasda “Enerji təhlükəsizliyi sülh üçün əməkdaşlıq vasitəsi kimi” mövzusunda seminar keçirilib. Avropa, Rusiya və Avrasiya Tədqiqatları Mərkəzinin direktoru Ariel Kohenin moderatorluğu ilə keçən iclasda Azərbaycanın keçmiş energetika naziri Natiq Əliyev ölkəmizin enerji ehtiyatları, Avropanın enerji təhlükəsizliyinə töhfələri barədə məlumat verib. O, enerji resurslarının iqtisadiyyatın əsas aparıcı qüvvəsi olduğunu vurğulayıb. İstənilən dövlətin əsas məqsədlərindən birinin enerji mənbələrinin şaxələndirilməsi olduğunu söyləyən keçmiş nazir dünyada 18 faiz ölkənin enerji ehtiyatlarından lazımi səviyyədə istifadə edə bilmədiyini diqqətə çatdırıb. O deyib ki, bu, böyük problemdir və zamanında həll olunmalıdır. Natiq Əliyev qeyd edib ki, 2013-cü illə müqayisədə neft hasilatı əhəmiyyətli dərəcədə artıb. Bu tendensiya davam etsə, 2040-cı ildə bu rəqəm daha da yüksələcək. Azərbaycan neft hasilatına görə 10-cü yerdədir.
Azərbaycan rəhbərliyi neft və qazın nəqli marşrutlarının şaxələndirilməsi ilə bağlı səslənən təklifləri hər zaman dəstəkləyib, xüsusən bu sahədə müxtəlif layihələr üzərində baş sındıran ölkələrin enerji təhlükəsizliyinə töhfələr verməyə hazır olduğunu hər zaman bəyan edib. Ona görə bir çox ölkələrin enerji təhlükəsizliyinin təminatına böyük töhfələr verən respublikamız dünya birliyində etibarlı və strateji tərəfdaş kimi öz yerini möhkəmləndirib. Son illər bu istiqamətdə baş verən və gələcəkdə Avropanın enerji xəritəsinə ciddi korrektələr edəcək hadisələr həm də Azərbaycanın enerji siyasətinin böyük uğurlarıdır.
Bu mənada 23-cü Dünya Enerji Konqresinə Azərbaycan Prezidenti İlham Əliyevin də dəvət olunması ölkəmizin dünyanın enerji xəritəsində oynadığı rola beynəlxalq ictimaiyyətin verdiyi böyük önəmin növbəti təsdiqi idi. Xatırladaq ki, 1923-cü ildə yaradılan Dünya Enerji Şurası bərpa olunan enerjinin gələcəyi ilə bağlı mühüm layihələr həyata keçirən qlobal miqyaslı mötəbər forumdur. 100-dən çox ölkəni və 3 mindən çox təşkilatı əhatə edən Dünya Enerji Şurası enerji qaynaqları ilə zəngin olan ölkələri bir araya gətirmək baxımından mühüm əhəmiyyət kəsb edir. Bu təşkilatın digər əsas vəzifəsi hamının rifahına xidmət edən davamlı enerji tədarükü sisteminə əsaslanan enerji istifadəsini təşviq etməkdir.
23-cü Dünya Enerji Konqresində dünya enerji sənayesinin liderləri, beynəlxalq təşkilatları, “beyin mərkəzləri”ni, universitetləri, enerji və sənaye qurumlarını təmsil edən 10 mindən çox nümayəndə iştirak edir. Konqres çərçivəsində keçirilən sessiyalarda milli, regional və qlobal miqyasda bərpa olunan enerjini təmin etmək üçün alternativ yollar axtarışında olan ölkələrin enerji nazirləri, biznes, maliyyə və elm sahələri üzrə tanınmış şəxslər ətraflı müzakirələr aparır. Hökumətlər, sənaye sektoru və cəmiyyətlər üçün tarixi bir fürsət olan bu konqres hazırda dünyada yeni başlayan sənaye erasına mühüm töhfədir. Çünki burada verilən mesajlar gələcək üçün “yol xəritəsi” olacaq.
Artıq bəşəriyyət elə dövrə qədəm qoyub ki, ilk növbədə, enerji təhlükəsizliyinə nail olmadan digər sahələrdə irəliyə getmək mümkün deyil. Təsadüfi deyil ki, hər bir ölkə enerji təhlükəsizliyinə özünün milli təhlükəsizliyi prizmasından yanaşır. Cənubi Qafqazın lider dövləti olan Azərbaycanın isə bu sahədə həyata keçirdiyi nümunəvi siyasət, nəql marşrutlarının diversifikasiyası milli maraqlarımızı ehtiva etməklə yanaşı, bütün tərəfdaş ölkələrin enerji təhlükəsizliyinə, sabitliyinə və inkişafına yol açır. Prezident İlham Əliyev 23-cü Dünya Enerji Konqresində bu barədə deyib: “Enerji təhlükəsizliyi hər bir ölkənin milli təhlükəsizlik məsələsidir. Bu gün ölkələr çalışırlar ki, öz təbii resurslarını müxtəlif yollarla dünya bazarlarına çıxarsınlar. Ancaq təbii qaynaqlarla zəngin olmayan ölkələr isə çalışırlar ki, onlara resurslar müxtəlif yerlərdən gətirilsin. Azərbaycan bu istiqamətdə də önəmli addımlar atmışdır və həm nefti, həm qazı şaxələndirilmiş yollarla dünya bazarlarına çıxarır”.
Bəli, Azərbaycanın dünyanın enerji təhlükəsizliyində oynadığı mühüm rol həm də neft-qaz ehtiyatlarını şaxələndirilmiş formada ixrac edə bilməsi imkanlarına sahib olmasından irəli gəlir. Prezident İlham Əliyevin ulu öndərin müəllifi olduğu neft strategiyasını uzaqgörənliklə, qətiyyətlə davam etdirməsinin nəticəsi olaraq Bakı-Tbilisi-Ceyhan neft və Bakı-Tbilisi Ərzurum qaz kəmərlərinin çəkilişinin başa çatdırılmasından sonra karbohidrogen ehtiyatların nəqli ilə bağlı bütövlükdə Xəzər hövzəsində tamamilə yeni vəziyyət yarandı. Yəni, Xəzərin karbohidrogen ehtiyatları ilk dəfə olaraq alternativ yollarla dünya bazarlarına çıxarılmağa başladı. Bu, Azərbaycanın müasir Avropanın və dünyanın enerji təhlükəsizliyindəki rolunu da əhəmiyyətli dərəcədə artıraraq ölkəmizin həm də etibarlı strateji tərəfdaş kimi statusunu möhkəmləndirdi. Təsadüfi deyil ki, 23-cü Dünya Enerji Konqresi də daxil olmaqla indiyədək keçirilən bütün enerji sammitlərində Azərbaycanın qlobal enerji təhlükəsizliyindəki müstəsna rolu və imkanları dəfələrlə vurğulanıb.
Azərbaycan enerji təhlükəsizliyi məsələsində mövcud vəziyyətlə kifayətlənməyərək neft-qaz təchizatı marşrutlarının şaxələndirilməsi ilə bağlı yeni təşəbbüslərlə çıxış edir, səslənən mütərəqqi təklifləri dəstəkləyir, regional və qlobal enerji təhlükəsizliyinə yeni töhfələr verməyə hazır olduğunu hər zaman bəyan edir. Azərbaycan diplomatiyasının uğurlarının və müxtəlif məsələlərdə konstruktiv əməkdaşlıq nümayiş etdirməsinin nəticəsidir ki, ölkəmizin enerji məsələləri ilə bağlı təşəbbüsləri hər bir tərəfdaş ölkə tərəfindən dəstəklənir. Ən əsası, ölkəmizin enerji təhlükəsizliyinin təmin olunması ilə bağlı aparıcı mövqeyi dəstəklənir və etiraf olunur.
Hazırda Avropa ölkələri yeni enerji mənbələrinə, xüsusən Azərbaycan qazına ehtiyaclarının olduğunu dərindən hiss edir. Azərbaycanın isə malik olduğu qaz ehtiyatları ixrac kəmərlərinin genişləndirilmisinə imkan verir. Odur ki, “Cənub qaz dəhlizi”nin işə düşməsi Azərbaycanın beynəlxalq imicinə müsbət təsiri ilə yanaşı, ölkəmizin gələcək inkişafına böyük töhfələr verəcək, regionun enerji xəritəsini əhəmiyyətli dərəcədə dəyişəcək.
Xatırladaq ki, ABŞ Prezidenti Donald Tramp Bakıda 24-cü illik Beynəlxalq Xəzər Neft və Qaz Sərgisinin və Konfransının keçirilməsi münasibətilə Prezident İlham Əliyevə ünvanladığı məktubunda Amerika Birləşmiş Ştatlarının “Cənub qaz dəhlizi”ni qətiyyətlə dəstəklədiyini, Azərbaycanın və onun beynəlxalq tərəfdaşlarının bu dəhlizin tamamlanmasına yönəlmiş səylərini alqışladığını bəyan etmişdi. Donald Tramp qlobal enerji təhlükəsizliyinin möhkəmlənməsində, o cümlədən Xəzər regionunda enerji resurslarının işlənilməsində və ixracında Azərbaycanın oynadığı mühüm rolu dəyərləndirmişdi.
ABŞ-ın Azərbaycanın enerji siyasətinə verdiyi dəstək Prezident İlham Əliyevlə eks dövlət katibi Reks Tillersonun görüşündə bir daha ifadə olundu. İkitərəfli əlaqələrin müxtəlif sahələrdə, o cümlədən siyasi və enerji sahələrində uğurla inkişaf etdiyi qeyd olunan görüşdə Reks Tillerson ABŞ-ın “Cənub qaz dəhlizi” layihəsinin həyata keçirilməsinə bundan sonra da dəstək verəcəyini bəyan etdi.(4)
Layihə dörd hissədən ibarətdir: “Şahdəniz” yatağı, Cənubi Qafqaz Qaz Kəməri, Transanadolu Qaz Boru Kəməri (TANAP) və Transadriatik Boru Kəməri (TAP). Layihənin hər bir mərhələsi üzrə işlər sürətlə həyata keçirilir. Göründüyü kimi, “Cənub qaz dəhlizi” layihəsinin hər bir komponenti üzrə işlər qrafikə uyğun davam edir. Bu enerji dəhlizinin işə düşməsi nəticəsində Azərbaycan Avropanın enerji təchizatının şaxələndirilməsində və yüksəldilməsində daha yaxından iştirak edəcək. Çünki bu dəhliz Azərbaycan qazını ilk dəfə Türkiyə, Yunanıstan və Albaniya ərazilərindən keçməklə, minlərlə kilometrlik məsafəni qət etməklə Avropanın mərkəzinə çatdıracaq, dünyanın enerji xəritəsinə ciddi dəyişiklik gətirəcək. Ən əsası isə bu layihənin tam gücü ilə işə düşməsi Azərbaycanın beynəlxalq imicinə müsbət təsiri ilə yanaşı, ölkəmizin gələcək inkişafına, siyasi və iqtisadi maraqlarının daha dolğun şəkildə təmin edilməsinə mühüm töhfələr verəcək.
Bu layihənin reallaşması Avropanın enerji təhlükəsizliyinə həqiqətən yeni elementlər gətirəcək. Çünki “Cənub qaz dəhlizi” Avropa ölkələrinin enerji təminatında yeni imkanlar açaraq qaz tədarükü mənbələrini şaxələndirməyə, yeni alternativ marşrutlardan istifadəyə, yüz minlərlə adamı sərfəli enerji ilə təmin etməyə şərait yaradacaq, dəhliz boyunca yerləşən ölkələrdə yeni texnologiyaların, iş yerlərinin yaranmasına və investisiyaların artmasına gətirib çıxaracaq. Məhz buna görə həm Avropa İttifaqı, həm beynəlxalq maliyyə təşkilatları, o cümlədən Amerika Birləşmiş Ştatları bu layihəyə maraq göstərir, dəstəklərini ifadə edirlər.
Bu gün Nabukko layihəsindən danışarkən onun reallaşmasında əsas iştirakçı dövlətlərdən biri kimi məhz Azərbaycan yada düşür. Ümumiyyətlə, Azərbaycanın indi təkcə mövcud olduğu yox, kifayət qədər geniş bir regionun, o cümlədən Avropanın enerji təhlükəsizliyinin təminatında olduqca mühüm rol oynaması ölkəmizin beynəlxalq birliyin daim xüsusi diqqət mərkəzində qalmasının səbəblərindən biridir. Həmçinin, enerji təhlükəsizliyi təminatında Azərbaycanın rolunun günü-gündən artması ölkəmizlə dünya dövlətlərini, xüsusən də Qərbi bu sferada daha sıx əməkdaşlığa sövq etməkdədir. Buna əsas səbəb həm Azərbaycanın özünün enerji ehtiyatları ilə kifayət qədər zəngin olmasına görə uzun müddət Qərbin enerji tələbatlarının ödənilməsində vacib rola malik tərəflərdən biri kimi çıxış etməsi, həm də Azərbaycanın iştirakı olmadan Mərkəzi Asiyadan başlayaraq Qafqazı keçməklə Türkiyə və Avropa istiqamətində uzanan enerji layihələrinin reallaşdırılmasının mümkünsüzlüyüdür. (3)
Hazırda dünyanın geosiyasi və iqtisadi gündəminin əsas mövzularından birini təşkil edən və Qərbin böyük ümidlə baxdığı Nabukko layihəsinin reallaşmasında da Azərbaycan əsas açar rolunu oynayan dövlət kimi qəbul olunmaqdadır. Bununla bağlı Prezident İlham Əliyev bildirir: “Azərbaycanın iştirakı olmadan bölgədə və geniş mənada yerləşdiyimiz qitədə enerji təhlükəsizliyi məsələləri tam şəkildə həll oluna bilməz, şübhə etmirəm ki, bu mövqe üstünlük təşkil edəcəkdir. Bilirəm ki, tərəfdaşlarımızın böyük əksəriyyəti bu mövqeyi bölüşür”.
Azərbaycanın Avropa İttifaqı üçün strateji tərəfdaş olması və sözügedən qurumun Cənubi Qafqaz siyasətində mühüm əhəmiyyət daşıması bu təşkilatın özündə də ən yüksək səviyyədə etiraf edilməkdədir. Bunu Avropa İttifaqını təmsil edən ayrı-ayrı yüksək vəzifəli rəsmilərin, həmçinin qurum tərəfindən reallaşdırılan müxtəlif proqramların icrasında, hazırlanan hesabatlarda da aydın görmək mümkündür. Məsələn, Avropa Qonşuluq Siyasəti Fəaliyyət Planının İcrası üzrə illik hesabatda qeyd olunur ki, Xəzər dənizinin neft və qaz ehtiyatları baxımından Azərbaycan həm hasilatçı, həm də tranzit ölkə olaraq Avropa İttifaqının strateji tərəfdaşıdır.
Azərbaycanın Avropa İttifaqının mühüm tərəfdaşına çevrilməsi və bunun enerji əməkdaşlığında da özünü qabarıq büruzə verməsi Avropa Komissiyasının sədri Joze Manuel Barrozu tərəfindən də xüsusi olaraq vurğulanır. Bu məqamla bağlı J.M.Barrozu aşağıdakıları bildirir: “Biz hesab edirik ki, enerji Avropa İttifaqı ilə Azərbaycan arasında daha sıx münasibətlər üçün çox mühüm amildir. Əməkdaşlığımızın gücləndirilməsi ilə bağlı fikirlərdə yekdillik var. Bildiyiniz kimi, təhlükəsizlik Avropa İttifaqı üçün ən vacib prioritetdir.
Polşa Beynəlxalq Əlaqələr İnstitutunun açıqladığı “Cənubi Qafqaz: Türkiyə və Avropa İttifaqı üçün birgə əməkdaşlıq imkanları” adlı hesabatında bildirilir ki, Avropa İttifaqının Cənubi Qafqazda getdikcə artan maraqları fonunda önə çıxan əsas problemlər isə iqtisadi, xüsusilə enerji layihələrinin təhlükəsizliyidir: “Bu bölgədə sabitliyin təmin olunması kommunikasiya və Xəzər hövzəsinin enerji ehtiyatlarının nəqli baxımında Aİ və Türkiyə üçün də mühümdür. Cənubi Qafqazın, xüsusilə Azərbaycanın Avropanın enerji təhlükəsizliyində rolu getdikcə artır”. Xatırladaq ki, Varşavada yerləşən Polşa Beynəlxalq Əlaqələr İnstitutu (PİSM) bu il dünyanın ən güclü 50 beynəlxalq düşüncə mərkəzlərinin siyahısına daxil edilib.(5)
Beləliklə, aydın görünür ki, Azərbaycan həm özünün nəhəng enerji ehtiyatları, həm də Mərkəzi Asiyadan Avropa istiqamətində göndərilə biləcək karbohidrogen məhsullarının nəqlində mühüm tranzit rolu oynamasına görə dünya dövlətlərinin özünə olan diqqətini daha da artırır. Həmçinin, Azərbaycandan Mərkəzi Asiya qazının Avropa bazarlarına çatdırılması üçün öz imkanlarından yararlanmaq da xahiş olunur. Bununla bağlı Riçard Morninqstar qeyd edir: “Biz Azərbaycanı Türkmənistana öz iri qaz ehtiyatlarını inkişaf etdirmək və qazı Avropa istehlakçılarına çatdırmaqda yardımı davam etdirməyə səsləyirik”. Aydındır ki, burada Mərkəzi Asiya qazının Avropa bazarlarına çatdırılmasından danışılarkən ilk növbədə sözügedən region ölkələrinin Nabukko layihəsində iştirakından söhbət gedir.
Məqalənin elmi yeniliyi: Bu gün ölkədə həyata keçirilən siyasətin ən başlıca məqsədi modernləşmə mərhələsini də sürətlə başa vuraraq Azərbaycanı inkişaf etmiş ölkələr səviyyəsinə yüksəltmək, demokratik idealların cəmiyyətdə tam möhkəmlənməsinə nail olmaqdır. Yeni dövrün milli ideallarına çevrilən bu məqsədlərin reallığa adekvatlığı isə qətiyyən şübhə doğurmur. Ümumiyyətlə, müasir dövrdə sosial ədalət meyarını rəhbər tutan hər bir dövlətin qarşıya qoyduğu ali məqsəd vətəndaş amilinin tərəqqisi insanlar üçün maksimum firavan yaşayış şəraitinin təmin edilməsidir. Neft gəlirlərinin iqtisadiyyatın vacib sahələrinə, xüsusən də qeyri-neft sektoruna, istehsal sahibkarlığına yönəldilməsi, yeni müəssisələrin açılması yolu ilə işsizlik probleminin aradan qaldırılması, bir sözlə, əhalinin sosial müdafiə tədbirlərinin gücləndirilməsi Azərbaycanda həyata keçirilən sosialyönümlü iqtisadi siyasətin ana xəttini təşkil edir.
Məqalənin aktuallığı: Bu gün dünya siyasətinin ən aktual məsələlərindən biri enerji təhlükəsizliyinin təminatıdır. Təsadüfi deyil ki, çağdaş dünyamızda baş verən müharibələr, ekoloji və humanitar fəlakətlər, enerji daşıyıcılarının nəqli sahəsində problemlərin və mübahisələrin yaşanması ayrı-ayrı dövlətlərdən enerji təhlükəsizliyi üçün daha ciddi düşünməyi, xüsusən alternativ nəql sistemlərinin yaradılması istiqamətində əməli hərəkətə keçməyi tələb edir. Bu baxımdan zəngin karbohidrogen ehtiyatlarına malik Azərbaycanın marşrutların genişləndirilməsi ilə bağlı təşəbbüsləri həmişə alternativ nəql imkanlarının axtarışında olan Avropanın diqqətini cəlb edib.Dövlət başçısı iqtisadi inkişafa yalnız neft amili hesabına nail olmağı məqbul saymayaraq tarazlı və davamlı tərəqqi naminə qeyri-neft sektoruna xüsusi diqqət yetirilməsinin vacibliyini önə çəkib. Bu siyasət neftdən asılılığı azaltmaqla ölkədə inkişaf tempini sabit saxlamağa imkan verən fundamental əsasların yaradılmasını nəzərdə tutur.
Ədəbİyyat
1. http://www.palitranews.az
2. http://www.apa.az
3. http://www.Ilham-Aliev.com
4. Hacızadə E.M, Abdullayev Z.S. neft təsərrüfatının iqtisadi strukturunun modernizasiyası. Bakı. Elm.
5. Hacızadə E.M Sosiallaşan iqtisadiyyat. Bakı: Elm, 2006.509 s.
Key words: qlobal energy, energy security, world policy, energy market, energy industry, Nabukko project
Ключевые слова: глобальная энергия,энергетическая безопасность,мировая политика, энергетический рынок,енергетическая промышленность, проект Набукко
Açar sözlər: Qlobal enerji, enerji təhlükəsizliyi, dünya siyasəti, enerji bazarı, enerji sənayesi, Nabukko layihəsi
РЕЗЮМЕ
Азербайджан в глобальной системе энергетической безопасности
Одной из самых актуальных проблем мировой политики сегодня является обеспечение энергетической безопасности. Не случайно, что войны, экологические и гуманитарные катастрофы, проблемы и споры с энергоносителями в современном мире требует от отдельных государств более серьезно подумать об энергетической безопасности, в частности в направлении создания альтернативных транспортных систем. Таким образом, богатые запасы углеводоров Азербайджана инициативы по расширениюмаршрутов всегда привлекала внимание Европы к поиску альтернативных транспортных возможностей.
Summary
Azerbaijan in the global energy security system
One of the most pressing issues of world politics today is to ensure energy security. It is not accidental that wars, ecological and humanitarian disasters in our contemporary world, problems and disputes in the transportation of energy carriers, especially the introduction of alternative transportation systems in action require separate states to think more about energy security. In this regard, Azerbaijan”s initiatives on expanding routes with rich hydrocarbon reserves have always attracted European attention to the search for alternative transportation capacities.
KÖNÜL MƏMMƏDOVA
Neftçala rayon Heydər Əliyev Mərkəzinin kiçik elmi işçisi
"GEOSTRATEGİYA" jurnalı №03 (45) MAY-İYUN 2018
Strategiya.az
Paşinyan Kremldə: iki məsələdə xəyal qırıqlığı və ziddiyyətlər
Gələcək zəfərlərdən xəbər verən sarsılmaz Azərbaycan-Türkiyə birliyi
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM