Tarix üzrə fəlsəfə doktoru
1933-cü ilin dekabrında Ruben AK(b)P MK və BK-nın birinci katibi vəzifəsindən azad edildi. Onun "vaxtından qabaq" devrilişi bir sıra iqtisadi problemlərlə əhəmiyyətli dərəcədə bağlı olsa da bu, əsasən, beynəlxalq aləmdə və Sovet məkanında yaranmış yeni siyasi şəraitlə daha çox əlaqədar idi.
Bəşər tarixində dönüş nöqtəsi olan 1933-cü il dünya iqtisadi böhranının (1929-1932) yenicə sona çatdığı və iqtisadi depressiya dövrünün (1933-1937) başlandığı il kimi xarakterizə olunur. İqtisadi böhran və depresiya illərində dünya, xüsusilə, Avropa ölkələrinin bir çoxunun əhalisi dərin iqtisadi-psixoloji sarsıntı keçirmiş, insanlar arasında qarşılıqlı inamsızlıq və şübhələrin hökm sürdüyü bir mühit yaranmışdı. Bu vəziyyətdən məharətlə bəhrələnən ultra-radikal və ekstremist qüvvəllər aclıq, səfalət və inamsızlıq girdabına düşmüş kütlələrə öz "xilaskarlıq" missiyalarını təklif edərək onları asanlıqla manipulyasiya edirdilər. Nəticədə bir sıra dünya, o cümlədən Avropa ölkələrində faşist partiyaları və buna bənzər siyasi təkşkilatlar öz mövqelərini xeyli gücləndirmiş, bəzi ölkələrdə isə, hətta, hakimiyyəti ələ keçirmişdilər. Beləliklə, bəşəriyyət kütləvi repressiya və müharibələr dövrünə qədəm qoymuş, fərqli düşüncə daşıyıcılarına qarşı "əcinnə ovuna" geniş meydan verilmişdi. Kütləvi repressiyalar və əsassız ittihamlar dünyanın bir çox görkəmli ictimai-siyasi xadimləri, dövlət və hökumət başçılarından da yan keçməmişdi. Məsələn, ABŞ-ı dünya iqtisadi böhranından az itkilərlə xilas etməyə nail olmuş, məşhur "Yeni kurs"un müəllifi, dünyada və Avropada faşizmə qarşı effektiv mübarizə aparmaq məqsədi ilə 1933-cü ildə Sovet İttifaqını tanımaqla qeyri-populyar, lakin düzgün addım atmış prezident F.Ruzvelt öz ölkəsinin radikal qüvvələri tərəfindən Sovetlərə satılmaqda, Amerikada bolşevizmi tətbiq etməkdə və diktatorluqda suçlandırılmışdı.
Xronoloji cəhətdən dünya iqtisadi böhranı ilə üst-üstə düşənə birinci beşillik planı "uğurla" yerinə yetirən Sovetlər birliyində də analoji proseslər cərəyan edirdi. Dünya, xüsusilə də, Avropa üzərində dolaşmaqda olan total müharibə kabusu sovet cəmiyyətində, onsuz da, hökmran olan ictimai-siyasi gərginliyi son həddə çatdırmışdı.
Tezliklə Avropada dəhşətli bir müharibənin başlayacağı Stalin üçün, heç də, sirr deyildi. Artıq 1933-cü ilin əvvəlindən etibarən birbaşa Stalinin göstərişi ilə ölkə daxilində və xaricdə faşizm və müharibə əleyhinə mütəşəkkil təbliğat kampaniyasına start verilməsi bunu deməyə əsas verir. Məsələn, Kommunist İnternasionalının bütün sovet partiya mətbuatının birinci səhifəsində yerləşdirilən 1933-cü ilin 1 may çağırışında "Faşist irticası, yeni müharibəyə hazırlıq əleyhinə, Sovet İttifaqının müdafiəsi üçün - bütün ölkələrin proletarları birləşin!" şüarının irəli sürülməsi məhz həmin kampaniyanın tərkib hissəsi idi.
Qaçılmaz müharibə təhlükəsi Stalini qurduğu rejimi və öz şəxsi hakimiyyətini, nəyin bahasına olursa olsun, qoruyub saxlamaq üçün kompleks tədbirlərə əl atmağa tələsdirirdi. Bu tədbirlər sırasında ölkənin bütün ehtiyatlarını "hərbi relslərə" keçirməklə yanaşı "daxili və xarici düşmənlərə" qarşı kütləvi repressiyalar da xüsusi yer tuturdu.
1930-cu illərin əvvəllərində aşkar müxalifət ləğv edilsə də ölkədə, hələ də, mövcud olan və müharibə şəraitində baş qaldıracağı gözlənilən potensial müxalifətin varlığı Baş katibi ciddi narahat edirdi. Stalin partiyanın XVII qurultayını (yanvar-fevral 1934-cü il) ilk müxalifətsiz və fraksiyasız qurultay kimi dəyərləndirsə də, elə oradaca "daxili və xarici düşmənlərə qarşı döyüşə" çağırmışdı. Hələ qurultaydan xeyli əvvəl, 1932-ci ilin dekabrında, Stalin əleyhdarlarına qarşı repressiyaların həyata keçirilməsinin əsas mexanizmi olan yeni təmizləmələrə - Baş təmizləmələrə start verilmişdi.
Əgər əvvəlki təmizləmələrin hədəfi yalnız "sosial cəhətdən yad elementlər" və keçmiş müxalifətçilər olmuşdularsa, 1933-cü ilin yanvarından başlayan Baş təmizləmələr zamanı partiya sıralarından kənarlaşdırılacaq şəxslərin ənənəvi kateqoriyaları siyahısına yeniləri - "etibarsızlar" və "məsləkinə dönük çıxmışlar" əlavə edilmişdi. Beləliklə, sosial mənşəyindən və ranqından asılı olmayaraq hər bir kommunist Baş təmizləmələrin qurbanına çevrilə bilərdi.
ÜİK(b)P MK Siyasi Bürosunun 12 dekabr 1932-ci il qərarına əsasən Baş təmizləmələr bir il - qarşıdan gələn 1933-cü il ərzində həyata keçirilməli idi. Lakin obyektiv və subyektiv amillərin təsiri nəticəsində Baş təmizləmələr 1930-cu illərin sonuna qədər davam etdi. Məhz bu səbəbdən də, Stalinin istəyinin əksinə olaraq kütləvi repressiyaların episentri 1933-cü ilə deyil, 1936-1937-ci illərə təsadüf etdi. Beləliklə, Baş təmizləmələr adı altında həyata keçirilən kütləvi repressiyalar təqribən dörd il ləngimiş oldu. İ.Stalin və A.Jdanovun Soçidən Moskvaya - V.Molotov və L.Kaqanoviçə göndərdikləri 25 sentyabr 1936-cı il tarixli teleqram bu fikri təsdiq edir. N.Xruşşovun, partiyanın XX qurultayında (1956) etdiyi "Şəxsiyyətə pərəstiş və onun nəticələri haqqında" məruzədə yer alan həmin teleqramda deyilirdi: "Yoldaş Yejovun XDİ komissarı postuna təyin edilməsini tamamilə vacib və təcili hesab edirik. Yaqoda aşkar şəkildə trotskiçi-zinovyevçi bloku ifşa etməkdə özünün tamamilə bacarıqsız olduğunu göstərdi. ÜİDSİ bu işdə dörd il gecikdi. Bu barədə bütün partiya işçiləri və XDİK-nın əksər vilayət nümayəndələri deyirlər..." (11).
ÜİK(b)P MK-nın 1937-ci il fevral-mart plenumunun, XDİ komissarı N.Yejovun "Yapon-alman-trotskiçi agentlərin ziyankarlıq, təxribatçılıq və casusluq dərsləri" adlı məruzəsi əsasında hazırlanmış qətnaməsində də yuxarıda qeyd olunan fikirlər öz əksini tapmışdı: "ÜİK(b)P MK Plenumu hesab edir ki, antisovet trotskiçi mərkəz və onun yerlərdəki tərəfdarlarının istintaqı nəticəsində ortaya çıxan bütün faktlar göstərir ki, XDİK, xalqın qəddar düşmənlərinin ifşa edilməsində, ən azı, 4 il gecikib" (11).
Kütləvi repressiyaların keçirilməsi üçün ən uyğun vaxt kimi 1933-cü ilin seçilməsi səbəbindən məhz həmin ildə ölkədə, o cümlədən, əyalətlərdə bir sıra rəhbər kadrların yeniləri ilə əvəzlənməsi həyata keçirilirdi. "Kadrlar hər şeyi həll edir" şüarını irəli sürən Stalinin fikrincə "partiyanın dəmir intizamını" bərqərar etməli olan 1933-cü ilin Baş təmizləmələrinin reallaşdırılması "partiyanın direktivlərini həyata keçirməyə qadir olan" rəhbər işçilərə etibar edilməli idi. Bu mənada, Azərbaycanın partiya rəhbərliyi də istisna təşkil etmirdi. Ruben 1933-cü ilin əvvəlində AK(b)P MK və BK-nın birinci katibi vəzifəsinə gətirilsə də, tezliklə, onun "yeni dövr" Azərbaycanın rəhbərliyinə uyğun gəlmədiyi aşkar oldu. O özünün on aylıq hakimiyyəti dövründə kifayət qədər qətiyyətli bir rəhbər olmadığını göstərmişdi. Digər tərəfdən isə o, milliyyətcə erməni idi. Stalin başa düşürdü ki, Azərbaycanda kütləvi repressiyaların milliyətcə erməni olan bir şəxsin rəhbərliyi altında həyata keçirilməsi respublika əhalisi tərəfindən birmənalı qarşılanmayacaq. Məhz bu səbəbdən də Moskva Azərbaycanda kütləvi repressiyaları həyata keçirməyə qadir ola biləcək qətiyyətli azərbaycanlı rəhbər kadr axtarışında idi. Bu baxımdan mərkəzin sovet hakimiyyəti illərində formalaşmış siyasi ənənəni pozaraq, Azərbaycanın rəhbərliyinə Mir Cəfər Bağırovu gətirməsi, heç də, təsadüfi deyildi.
Azərbaycan partiya rəhbərliyinə yeni təyinatlar AK(b)P MK və BK-nın 10 dekabr 1933-cü il tarixli birgə iclasında baş verdi. AK(b) P MNK və BNK Rəyasət Heyəti üzvlərinin, Bakının bütün rayonlarının büro üzvlərinin iştirak etdiyi həmin fövqəladə iclasda təşkilat məsələlər üzrə ZÖK katibi L.Beriya çıxış etdi. Məhz sonuncunun təkliflərini əldə rəhbər tutan birgə iclas M.C.Bağırovu XKŞ sədri vəzifəsindən azad edərək onu AK(b)P MK və BK-nın birinci katibi, AK(b)P MK-nın ikinci katibi Hüseyn Rəhmanovu isə XKŞ-nın sədri təsdiq etdi. H.Rəhmanovun əvəzinə AK(b)P MK-nın ikinci katibi vəzifəsini S.Kudryavtsev tutdu. Sonuncu təyinatla Azərbaycanın partiya rəhbərliyində MK-nın ikinci katibi postuna qeyri-azərbaycanlıların təyin edilməsi ənənəsinin əsası qoyuldu. Sonuncuların əsas vəzifəsi AK(b)P MK-nın azərbaycanlı birinci katibinin fəaliyyətinə nəzarət etməkdən ibarət idi. Bu praktika yerli partiya təşkilatlarına da şamil edilirdi. Məsələn, V.Port AK(b)P Kirovabad ŞK-nın, A.Popovin Naxçıvan vilayət partiya komitəsinin, S.Zamarayev DQMV partiya komitəsinin ikinci katibləri postunu tutdular. AK(b)P-nin XIV qurultayında M.C.Bağırov bu məsələyə öz münasibətini belə bildirmişdi: "İlk dəfə olaraq özünəməxsus Qafqaz ənənəsini pozduq. Biz Dağlıq Qarabağ vilayətinə Zamaryevi göndərdik. Adətən belə qəbul olunmuşdu ki, Dağlıq Qarabağda ermənilərdən başqa heç kəs işləyə bilməz. Bu ənənəni pozaraq Naxçıvan vilayət partiya komitəsinə yoldaş Popovini ikinci katib göndərdik. Bu... ənənəni pozaraq milliyyətcə ukraynalı olan yoldaş Portu ora (Gəncəyə) göndərdik" (7).
Birgə iclasın qərarına əsasən XT komissarı təyin edilən Həsən Rəhmanovun əvəzinə bu vaxta qədər Stalin RK katibi işləyən Atanas Akopov BK-nın ikinci katibi oldu. Azərbaycanda kütləvi repressiyaların həyata keçirilməsində əsas fiqurlardan biri olan A.Akopov 1 fevral 1936-cı ildə AK(b)P MK-nın ikinci katibi postunda A.Aqrbanı əvəz etdi. Birgə iclasın (10 dekabr 1933-cü il) qərarı ilə BK katibi vəzifəsindən azad edilən Q.Qureviçin yerini yaxın keçmişdə H.Rəhmanovla birlikdə "antipartiya fəaliyyətinə görə" respublikadan kənarlaşdıran M.Nərimanov tutdu.
AK(b)P MK-nın 14 yanvar 1934-cü il plenumu çekist M.C.Bağırovun rəhbərlik etdiyi MK Katibliyinin yeni tərkibini təsdiq etdi.
Ümumiyyətlə, 1933-cü ildən başlayaraq respublikanın bir sıra mühüm partiya və hökumət orqanlarında "çekistləşdirmə" prosesinə start verildi. 1933-1937-ci illərdə AK(b)P MK katibləri arasında M.C.Bağırovla yanaşı digər peşəkar çekistlər də yer almışdılar: Az.DSİ sabiq sədri A.Aqrba (1934-1936), Az.DSİ sabiq sədr müavini R.Qulbis (1932-1937).
Digər peşəkar çekist Y.Novikova 1933-cü ildən etibarən MK-nın ən mühüm gizli məlumatlarının toplandığı MK Xüsusi Sektorunun Məxfi hissəsinin müdiri təyin edilmişdi. Y.Novikova və onun əməkdaşları respublikanın partiya, dövlət və hökumət orqanlarında çalışan hər bir şəxs haqqında çox geniş məlumatlara malik idilər.
Y.Novikova Az.FK-da M.C.Bağırovla eyni zamanda, 1921-ci ildə fəaliyyətə başlamış, sonuncu respublika XKŞ sədri təyin edilən zaman (1932-ci il) Y.Novikovanı XKŞ Məxfi Hissəsinin müdiri vəzifəsinə gətirmişdi.
Y.Novikova 1938-ci ilin noyabrında MK-nın ən mühüm orqanı olan Xüsusi sektorun müdiri oldu.
1934-cü ilin oktyabrında Azərbaycan SSR Ali Məhkəməsinin Xüsusi Kollegiyasının, 1936-cı ilin oktyabrında respublika Ali Məhkəməsinin sədri vəzifələrini daşıyan T.Quliyev də peşəkar çekist idi. 1937-ci ilin noyabrında T.Quliyev Azərbaycan SSR XKŞ-nın sədri təyin edildi.
1934-1936-cı illərdə Respublika Prokuroru işləmiş Əbdülhəmid Yaqubov, 1936-cı ilin oktyabrında respublika Ali Məhkəməsinin Xüsusi Kollegiyasının sədri təyin edilən Q.Şahverdiyan da peşəkar çekist idilər. AK(b)P XIII qurultayında MK üzvü seçilən Q.Şahverdiyan M.C.Bağırov tərəfindən belə təqdim edilmişdi: "Şahverdiyan, çekist, 1907-ci ildən KP üzvü, 1918-ci ildə Bakıda müsavatçılarla döyüşüb..." (6).
1933-cü ilin oktyabrında digər peşəkar çekist Əsəd Axundov respublikanın Baş Milis İdarəsinin rəisi oldu.
Qeyd olunan dövrdə, peşəkar çekistlərə respublikanın digər məsul vəzifəli şəxsləri, o cümlədən, Xalq Komissarları arasında da tez-tez rast gəlmək olardı. Bu mənada, rəhbərliyi və əməkdaşlarının böyük əksəriyyəti peşəkar çekistlərdən ibarət olan ZSFSR Xalq Daxili İşlər Komissarlığının Azərbaycan İdarəsi xüsusi yer tuturdu.
Azərbaycanın partiya rəhbərliyində əsaslı kadr dəyişikliklərini həyata keçirən İ.Stalin respublikada kütləvi repressiyaların reallaşdırılması ilə bilavasitə məşğul olacaq cəza orqanlarının müəyyənləşdirilməsi və həmin təşkilatlarda "təşəbbüskar və icrası" kadrların yerləşdirilməsi işinə də start vermişdi.
İ.Stalinin planına əsasən ölkədə kütləvi repressiyalar, rəsmi olaraq əsas vəzifəsi inqilabi qayda-qanunu və dövlət təhlükəsizliyini təmin etmək, ictimai (sosialist) mülkiyyəti qorumaq olan Xalq Daxili İşlər Komissarlığı (XDİK) tərəfindən həyata keçirilməli idi. Bu mənada 1934-cü ilin yayında yaradılan Ümumittifaq XDİK-a fövqəladə səlahiyyətlərin verilməsi təsadüfi deyildi. SSRİ MİK-nın 10 iyul 1934-cü il qərarına əsasən yeni təsis edilən ÜİXDİK tərkibinə bu vaxta qədər sovet məkanında əsas cəza orqanı kimi məşhurlaşan ÜİDSİ, Fəhlə-Kəndli Milisinin Baş İdarəsi, Sərhəd və Daxili Mühafizə Baş İdarəsi, Əmək-İslah Düşərgələri və Əmək Məskənləri üzrə Baş İdarə və s. kimi mühüm orqanlar da daxil edilmişdi. "Bu vaxtdan etibarən, siyasi polis, nizami polis, cinayət təhqiqatı xidməti, sərhəd qoşunları, daxili qoşunlar, 1934-cü ilin oktyabrından isə cinayət işləri ilə bağlı olan bütün sistem bir orqanın tabeliyinə keçdi. XDİK - siyasi polisin sinoniminə çevrildi, halbuki, sonuncu yalnız onun bir hissəsi idi. Bütün bu nəhəng maşın birbaşa Stalinə tabe idi" (9).
Bununla yanaşı, müttəfiq respublikalarda da XDİK yaradıldı. O zaman Azərbaycan SSR ZSFSR tərkibinə daxil olduğundan burada ayrıca XDİK ləğv edildi və Azərbaycan MİK özünün 22 iyul 1934-cü il qərarı ilə ZSFSR XDİK Azərbaycan İdarəsini təsis etdi. Həmin qərara əsasən sonuncu ÜİXDİK əsasnaməsi əsasında fəaliyyət göstərməli idi.
5 noyabr 1934-cü ildə SSRİ XDİK nəzdində Xüsusi Müşavirə adlanan yeni qurum təsis edildi. Xüsusi Müşavirə inzibati qaydada sürgün etmək, SSRİ ərazisindən xaric etmək, 5 il ərzində islah-əmək müəssisələrində həbsə məhkum etmək hüququna malik idi. Kütləvi repressiya illərində məhkəmə yolu ilə "günahlarının" sübut edilməsi qeyri-mümkün olan minlərlə insan, o cümlədən, sovet nomenklatura elitasının bir çox nümayəndələri məhz SSRİ XDİK Xüsusi Müşavirəsi tərəfindən məhkəmə orqanlarından yan keçməklə, ittiham edilmiş və şahidlərin iştirakı olmadan, qiyabi şəkildə mühakimə edərək həbs və ya sürgün olunmuşdular. 30-cu illərin sonuna qədər müttəfiq respublikalarda, ölkə və muxtar vilayətlərdə XDİK Xüsusi Müşavirəsinin funksiyasını yerli Xüsusi Üçlüklər həyata keçirirdilər.
XDİK Azərbaycan İdarəsinin Xüsusi Üçlüyünün (XÜ) özəyini, əsasən, AK(b)P MK və BK-nın birinci katibi, XDİK Azərbaycan İdarəsinin rəisi və Respublika Prokuroru təşkil edirdi.
1936-1938-ci illərdə XDİK tərəfindən təhqiq edilən işlərə ya prokuror nəzarəti tamamilə olmamış, ya da, formal xarakter daşımışdı. Həmin illərdə Respublika Prokurorları olmuş şəxslər (Əbdülhəmid Yaqubov, Bahadur Vəlibəyov, A.Əlihüseynov), nəinki, XDİK-nin qeyri-qanuni əməllərinə qarşı çıxmış, əksinə, sonuncunun əlavəsinə çevrilmişdilər. Əlamətdar haldır ki, müxtəlif vaxtlarda XÜ-yə M.C.Bağırov, Y.Sumbatov, M.Rayev sədrlik etmişdilər. XÜ-un iclaslarında Mir Teymur Yaqubov (XÜ üzvü, respublika komsomolu MK-nın birinci katibi, 1938-ci ilin əvvəlindən AK(b) MK-nın III katibi), Teymur Quliyev (respublika Ali Məhkəməsinin sədri), İ.Lixovidov (XÜ-un üzvü, XDİK qoşunlarının hərbi prokuroru), Ağahüseyn Əlihüseynov (Respublika Prokuroru) və s. aktiv şəkildə iştirak etmişdilər. XÜ-nü fəaliyyəti 1937-ci ilin ikinci yarısından etibarən, xüsusilə, həmin ilin avqustundan daha intensiv xarakter daşımağa başladı. Həmin vaxtdan etibarən repressiyalara məruz qoyulanların işlərinin böyük əksəriyyətinə məhz XÜ baxmışdı. Respublika Prokuroru tərəfindən Azərbaycan KP MK-nın birinci katibi İ.Mustafayevə təqdim edilən arayışda (4 may 1955-ci il) XÜ tərəfindən, yalnız siyasi cinayətlərə görə, 1937-ci ildə, 2846 nəfərin həbs edilməsi, 2215 nəfər haqqında ölüm hökmü çıxarılması haqqında məlumat verilir. "Xüsusi Üçlüyün 1938-ci ildəki işinin hesabatı saxlanılmasa da, qeyri-dəqiq məlumatlara görə onun tərəfindən 10.000-dən artıq adamın işinə baxılmışdı" (5).
1937-ci ilin yayınadan etibarən (avqust) XÜ-nün qeyd olunan bədnam fəaliyyətinə geniş meydan verilməsi təsadüfi deyildi.
Bu həmin ilin iyulundan ÜK(b) P MK-nın "Düşmən siniflərin qalıqlarının aradan götürülməsi qaydası və həcmi barədə" yerli partiya komitələrinə, XDİK və prokurorluq orqanlarına göndərdiyi tam məxfi qrifli təlimatla əlaqədar idi. İ.Stalin, N.Yejov və Vışinski tərəfindən imzalanan həmin təlimatda hər bir respublikada əhalinin ümumi sayının 3-4%-nin repressiyalara məruz qoyulması haqqında birbaşa göstəriş verilirdi. Mərkəz tərəfindən irəli sürülən bu müdhiş planı yerinə yetirmək əzmində olan yeganə orqan XDİK-nin Xüsusi Üçlüyü idi.
Doğrudur, XDİK-nin yeni əsasnaməsinə əsasən onun tərkibinə yeni daxil edilmiş ÜİDSİ məhkəmə kollegiyası ləğv edilir, bundan sonra, vətənə xəyanət, casusluq, terror, partlayışlar, yanğın törədilməsi və təxribatçılığın digər növləri üzrə cinayətlər SSRİ Ali Məhkəməsinin Hərbi Kollegiyası və ya Hərbi Tribunal tərəfindən baxılmalı idi. Lakin XDİK, eyni zamanda, məhkəmə orqanları üzərində də hegemonluq edir, onun tərəfindən irəli sürülən ittihamlar məhkəmələr tərəfindən, demək olar ki, ciddi şəkildə araşdırılmadan, təsdiq edilirdi.
Qeyd etmək lazımdır ki, Azərbaycanda kütləvi repressiyalara məruz qalan insanların yalnız müəyyən bir hissəsinə məhkəmələrdə mühakimə edilmək "xoşbəxtliyi" qismət olmuşdu. Belələri arasında, əsasən respublikanın nomenklatura elitasının nümayəndələri çoxluq təşkil edirdilər. Məhkəmələr Azərbaycan SSR Ali Məhkəməsinin Xüsusi Kollegiyası (sədrlər: T.Quliyev və Hacı Rəhimov), Hərbi Tribunallar və SSRİ Ali Məhkəməsinin Hərbi Kollegiyasının Səyyar Sessiyası tərəfindən həyata keçirilirdi.
Beləliklə, İ.Stalin və onun silahdaşları XDİK simasında fövqəladə səlahiyyətlərə malik olan bir ölüm maşını icad etdi. Həmin illərin XDİK-dan bəhs edən N.Xruşşov belə deyirdi: "Bu, o zamanlar idi ki, partiya öz əvvəlki simasını itirir və Xalq Daxili İşlər Komissarlığına tabe olmağa başlayırdı. Hədd 30-cu illərin ortaları idi" (10).
AK(b)P MK Bürosunun 25 iyul 1934-cü il qərarı ilə Y.Sumbatov-Topuridze ZSFSR XDİK Azərbaycan İdarəsinin rəisi, İ.Purnis isə onun müavini təyin edildilər. Qeyd olunan şəxslər və ZSFSR XDİK Azərbaycan İdarəsinin digər rəhbər işçilərinin böyük əksəriyyəti qaranlıq və ziddiyyətli keçmişə malik olan çekist-karyeristlər idilər.
Onların bir çoxu müxtəlif vaxtlarda Az.DSİ sistemində məsul vəzifələrdə çalışmış və bir sıra cinayət xarakterli aksiyalarda fəal şəkildə iştirak etmişdilər. Məhz bu səbəbdən də, həmin çekist-karyeristlərin bir çoxu, vaxtaşırı olaraq, respublikadan kənarlaşdırılmışdı. Lakin, müəyyən səbəblərdən, həmin şəxslərin "xidmətlərinə" ehtiyac duyulduğu zaman, onlar yenidən Az.DSİ sıralarına qaytarılırdılar. "Şanlı" 1933-cü ildə də məhz belə olmuşdu.
Cinayətkar xidmətlərinə görə sonralar Azərbaycan XKŞ-nın sədr müavini vəzifəsinə yiyələnmiş İ.Purnis 1937-ci ilin oktyabrında yazırdı: "1933-cü ildə... Zaqafqaziya DSİ-nin bir sıra işçiləri Az.DSİ-nin sərəncamına göndərildi (Sumbatov, Gerasimov, Vanesyan, Tsinman, mən və başqaları)" (8).
Kütləvi repressiya dövrünün ən ziddiyyətli ittiham aktlarını məhz həmin şəxslər imzalamışdılar. Sonuncular məhz o zamankı ZÖK rəhbəri L.Beriya və M.C.Bağırov tərəfindən dəstəklənir və Azərbaycanın cəza orqanlarında yerləşdirilirdilər. L.Beriyanın özündən Y.Sumbatov haqqında soruşduqda o, "Sumbatov-Topuridze yaxın adamım olub" - cavabını vermişdi (2).
Y.Sumbatov da, öz növbəsində, L.Beriya ilə yaxşı münasibətdə olduğunu təsdiq edərək deyirdi: "Beriyanın arvadını mən bacı kimi sevirdim. Onların oğlunun toyunda, Beriyanın mənzilində olmuşam, çünki Beriyanın ailəsi ilə çox yaxın münasibətdə idim" (2).
1905-ci ildən menşevik partiyasının üzvü olan Y.Sumbatov məhz Az.FK sədr müavini L.Beriyanın yaxından köməyi ilə 1921-ci ildə Az.FK-da sıravi işə qəbul olunmuş, 1922-ci ilin avqustunda Y.Sumbatov Az.FK-nın Banditizmlə mübarizə şöbəsinin rəisi təyin olunmuş və partiya bileti əldə etmişdi. L.Beriya ilə yaxınlığı Y.Sumbatova M.C.Bağırovun etimadını qazanmağa yardım etmişdi. Məlumdur ki, M.C.Bağırovla Y.Sumbatov 1921-1927-ci illərdə Az.FK-da işləmişdilər. 1927-ci ildə M.C.Bağırov Tiflisə göndərilən zaman Y.Sumbatov da Az.FK sıralarını tərk etmiş və Tiflisə getmişdi. 1929-cu ildə M.C.Bağırov Y.Sumbatovla birlikdə, yenidən Az.FK rəhbərliyinə qayıtmışdı. 1930-cu ildə M.C.Bağırov Az.FK sədri vəzifəsindən azad edilərək Moskvaya göndəriləndən az sonra Y.Sumbatov da Azərbaycanı tərk edərək öz karyerasını Zaq.DSİ-də davam etdirmişdi. 1932-1933-cü illərdə M.C.Bağırov Azərbaycan rəhbərliyinə təyin edildiyi vaxt Y.Sumbatov, yenidən, Azərbaycana dönmüş və hər iki peşəkar çekist respublikada kütləvi repressiyaları birgə həyata keçirmişdilər. 5 may 1933-cü ildə o, Az.DSİ-nin sədr müavini, 5 mart 1934-cü ildə isə Az.DSİ-nin sədri təyin edilmişdi. Bunlar onu deməyə əsas verir ki, M.C.Bağırov və Y.Sumbatov arasında qarşılıqlı inam və işbirliyi olmuşdu. 30-cu illərin ikinci yarısında Azərbaycan SSR-də baş verən kütləvi represiyalar zamanı M.C.Bağırov və Y.Sumbatovun ən yaxın silahdaşlarından biri T.Borşov olmuşdu. O, bir çox cinayətkar aksiyaların, xüsusilə, belə deyilən "Əli Bayramlı işinin" əsas təşkilatçılarından olmuş, repressiyalara məruz qalmış insanlara şəxsən işgəncə vermişdi.
T.Borşov 1933-cü ildə Az.DSİ-nın Gəncə şöbəsinin rəisi, 1937-ci ilin payızına qədər Zaq. XDİK Azərbaycan İdarəsinin rəisinin (Y.Sumbatovun) köməkçisi, 1937-ci ilin oktyabrından 1938-ci ilin iyuluna qədər Y.Sumbatovun müavini olmuşdu.
T.Borşovun 30-cu illərdə və sonrakı dövrdəki başgicəlləndirici karyerasında L.Beriya xüsusi rol oynamışdı. M.C.Bağırov 50-ci illərin ortalarında T.Borşovdan bəhs edərkən onu L.Beriyanın kadrı adlandırmışdı: "Borşov şəxsən Beriya ilə əlaqədə idi. O, onun adamı idi" (4). Lakin T.Borşov M.C.Bağırov tərəfindən də dəstəklənirdi. Bu heç də, səbəbsiz deyildi. M.C.Bağırov və T.Borşov hələ 20-ci illərdə Az.DSİ sistemində birgə çalışmış, bir sıra cinayətlərin törədilməsində və ört-basdır edilməsində əlbir olmuşdular.
M.C.Bağırovun bütün siyasi karyerasına kölgə salan və onu daim təhdid edən 1924-cü il aksiyası zamanı da T.Borşov sabiq Az.FK sədrinin yanında olmuşdu. "Borşov 1924-cü ildə, Az.FK-nın İstintaq Əməliyyat şöbəsinin (İƏŞ) katibi qismində, leqallaşmış qaçaqlar Qazan Papağın və Hüseyn Bəbirovun Az.FK-nın binasında qətlə yetirilməsinin ört-basdır edilməsində iştirak etmişdi. T.Borşov M.C.Bağırovun tapşırığı ilə Qazan Papağın və Hüseyn Bəbirovun qanuni əsaslarla - Az.FK kollegiyasının qərarı ilə güllələndikləri görüntüsü yaratmaq üçün Az.FK kollegiyasının 10№-li protokolunu və digər sənədləri saxtalaşdırmışdı" (3). T.Borşov, bədnam 1924-cü il epizodu ilə M.C.Bağırovla bağlı olan və sonuncu tərəfindən 30-cu illərdə yüksək vəzifələrə irəli çəkilən yeganə şəxs deyildi. Həmin qətl hadisəsinin bir çox iştirakçıları da T.Borşov kimi 30-cu illərdə də M.C.Bağırovla bir sırada addımlayırdılar. Hüseyn Bəbirovun qətlində bilavasitə iştirak etmiş S.Aksyonov-Şerbitski 30-cu illərin kütləvi repressiyaları zamanı xüsusilə fərqlənmişdi. O, 1937-ci ildə Xəzər Gəmiçilik İdarəsinin işçilərinə qarşı istintaq əməliyyatlarına rəhbərlik edən şəxslərdən biri olmuşdu.
Qeyd olunan qaçaqların amansız qətlinin birbaşa iştirakçısı olmuş P.Qavrilov da M.C.Bağırovun Azərbaycan rəhbərliyində olduğu dövrdə artıq XDİK sistemində yüksək vəzifə tutmuş, 1936-1937-ci illərdə 150-dən artıq adamın qətli və həbsi ilə nəticələnən, "Əli Bayramlıda əksinqilabi üsyan təşkilatı" adlı təxribatçı planın əsas təşəbbüskarı olmuşdu.
Belə deyilən "Şamaxı işinin" (1937-ci il) əsas təşkilatçılarından biri olan X.Qriqoryan hələ 20-ci illərin əvvəllərində L.Beriya ilə birlikdə fəaliyyət göstərmişdi. Məhz sonuncu X.Qriqoryanın saxta yolla partiya sıralarına və FK sisteminə keçməsinə yardım etmişdi.
30-cu illərin II yarısı - 40-cı illərin əvvəllərində X.Qriqoryan L.Beriya və M.C.Bağırovun yaxından köməyi ilə XDİK Azərbaycan İdarəsinin Məxfi-Siyasi şöbəsində müxtəlif məsul vəzifələrdə çalışmış, sonra həmin idarənin Su şöbəsinin rəisi, bədnam Üçüncü şöbəsinin rəisi, 1943-cü ildə isə Azərbaycan SSR XDİ komissarının müavini vəzifəsini tutmuşdu.
1937-1938-ci illərdə Azərbaycanın müxtəlif rayonlarında, saxta ittihamlar əsasında, kütləvi həbslər həyata keçirən XDİK-nın yüksək çinli məmurları olan R.Markaryan və A.Atakişiyev, şəxsən, M.C.Bağırovun yetirmələri idilər.
1933-cü ildə Az.DSİ-nin DQMV şöbəsinin rəisi təyin edilən R.Markaryanı özünün "zəncirlənmiş sadiq köpəyi" adlandıran M.C.Bağırov ona, xüsusilə, etibar edirdi. Təsadüfi deyildi ki, Azərbaycan SSR XDİ komissarı M.Rayev, kütləvi repressiyalar zamanı yol verdiyi cinayət əməllərinə görə həbs edilən zaman (1938-ci il) M.C.Bağırovun təşəbbüsü ilə R.Markaryan əvvəlcə, XDİ komissarı əvəzi, 1939-cu ilin fevralında isə XDİ komissarı S.Yemelyanovun müavini təyin edilmişdi.
R.Markaryan kimi A.Atakişiyev də M.C.Bağırovun bütün tapşırıqlarına sözsüz əməl etmiş və əvəzində öz üzərində zəhmli AK(b)P MK və BK birinci katibinin qayğısını hiss etmişdi.
"Şamaxı işinin" əsas təşkilatçılarından biri olan Ağasəlim Atakişiyev FK sisteminə, bədnam 1924-cü ilin mayında, M.C.Bağırov tərəfindən qəbul edilmişdi. M.C.Bağırov 1927-ci ildə AzFK sədri vəzifəsindən azad edilərək Tiflisə göndərilən vaxtdan etibarən onun Azərbaycanda qalan bir çox silahdaşlarına, o cümlədən, A.Atakişiyevə qarşı təzyiqlər başlanmışdı. M.C.Bağırovun əleyhdarları 1929-cu ildə A.Atakişiyevi üç il şərti həbs cəzasına məhkum etməyə belə nail olmuşdular. Lakin 1929-cu ilin sentyabrında, yenidən, Az.FK sədri təyin edilən M.C.Bağırov A.Atakişiyevi həbsdən azad edərək onu əvvəlki işinə bərpa etmişdi. Xeyrxahının bu qayğısını yüksək qiymətləndirən A.Atakişiyev sonralar yazırdı: "Bu MK katibi elə özü məni FK orqanlarında xidmətə qəbul edib, o məni yetişdirib, ... o məni övladlığa götürüb.... Yenidən orqanlara qayıdan Bağırov, elə qayıdışının ikinci günü mənim işimi araşdırdı, böhtana məruz qalan şəxs kimi həbsdən azad etdi" (1). M.C.Bağırovun məhz bu dəstəyi sayəsində A.Atakişiyev kütləvi repressiyalar dövründə XDİK-də müxtəlif vəzifələrdə çalışmış, o cümlədən, həmin komissarlığın Dövlət Təhlükəsizliyi İdarəsinin Dördüncü şöbəsinin rəisi olmuş, sonralar, hətta Azərbaycan SSR Daxili İşlər Naziri postuna yiyələnmişdi.
Y.Sumbatovun xələfləri olan peşəkar çekist M.Rayev - Kaminski və S.Yemelyanov kimi avantürüstlərin, respublikanın XDİK, prokurorluq və məhkəmə orqanlarında cinayətkar əməllərlə məşğul olan yüzlərlə karyeristin məsul vəzifələr tutması, bilavasitə, L.Beriya - M.C.Bağırov cütlüyünün razılığı və göstərişləri ilə mümkün olmuşdu.
Beləliklə, müəyyən ləngimələrlə müşahidə olunsa da, İ.Stalin artıq 30-cu illərin ortalarına yaxın bütün sovet məkanında, o cümlədən Azərbaycanda özünün aşkar və potensial əleyhdarlarını məhv etmək üçün lazımi təşkilati və kadr məsələlərini həll etdi. Artıq kütləvi ölüm maşını - gilyotinası hər an işə düşə bilərdi.
Qeydlər:
1.Azərbaycan Respublikası SPİHMDA: f.1, siy.44,iş 250, v.58.
2.Azərbaycan Respublikası SPİHMDA: f.1, siy.44,iş 250, v.79.
3.Azərbaycan Respublikası SPİHMDA: f.1, siy.44,iş 250, v.100.
4.Azərbaycan Respublikası SPİHMDA: f.1, siy.44,iş 250, v.101
5.Azərbaycan Respublikası SPİHMDA: f.1,siy.44,iş 251,v.4
6.Azərbaycan Respublikası SPİHMDA: f.1, siy.74,iş 21,v.262.
7.Azərbaycan Respublikası SPİHMDA: f.1, siy.74,iş 25,vv.267-268.
8.Azərbaycan Respublikası SPİHMDA: f.1, siy.74,iş 480,v.25.
9.Эндрю К. и Гордиевский О. КГБ. История внешнеполитических операций от Ленина до Горбачева.М.: "Nota Bene", 1992,655 с.
10.Мемуары Никити Сергеевича Хрущева // Вопросы истории,1992,№2-3, c.75-102.
11.О культе личности и его последствиях. Доклад Первого Секретаря ЦК КПСС тов. Хрущева Н.С. ХХ съезду ЦК КПСС,1989, №3, с.128-170.
Strategiya.az
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM