Tarix üzrə fəlsəfə doktoru
1920-ci ilin əvvəllərindən başlayaraq xroniki xarakter daşıyan və Sovet Azərbaycanını idarə edən hakim-siyasi qrup daxilində baş verən çəkişmələr 1929-cu ilin birinci yarısında da davam edirdi. Respublikada, artıq son aylarını yaşayan mirzəyançı rejimin əsas əleyhdarları sırasında ZÖK rəhbərliyinin bir qismi və M.C.Bağırov xüsusi rol oynayırdı. Bu, səbəbsiz deyildi.
M.C.Bağırovun Cənubi Qafqaza qayıdışından narazı qalan rəqibləri ona qarşı hücumlarını daha da kəskinləşdirdilər. Bu dəfə o, 1924-cü ildə qaçaqların qətli epizodu ilə yanaşı digər cinayətlər törətməkdə – iki fəhlənin öldürülməsində ittiham edilirdi. M.C.Bağırov 1929-cu ildə R.Axundova yazdığı bir məktubunda deyirdi: «… Əvvəlki kimi Tiflisdə otururam – Zaqafqaziya Kənd Təsərrüfatı İdarəsində işləyirəm… eyni zamanda, Bakını izləyirəm, bizim «vojdlar»ın bütün bunlara münasibəti ondan görünür ki, mən yol. Stalinə öz arvadımın və daha iki vətəndaşın qatili kimi təqdim olunmuşam… Serqonu məlumatlandırmaqda davam edirlər ki, mən mütləq Xalq Komissarları Şurasının sədri olmaq istəyirəm…» (9, v.2).
Beləliklə, qısa fasilədən sonra, 1929-cu ilin əvvəllərində M.C.Bağırov mirzəyançılara qarşı aparılan mübarizənin ön sıralarında yer aldı. Mirzəyançıların Bakı qələbəsini qeyd etdiyi günlərdə, 1929-cu ilin fevralında, Zaq.DSİ-nın sədri Redens ZÖK Rəyasət heyətinin iclasında 1927-ci ildə Az.DSİ işçiləri S.Qorobçenko və Y.Morozun törətdikləri cinayət haqqında məruzə ilə çıxış etdi. Onun bu çıxışı mirzəyançılara qarşı həlledici savaşa atılan mərkəzin birbaşa sifarişi idi. Həmin iclasda iştirak edən M.C.Bağırov Redensin məruzəsini özünün reabilitasiyası kimi qarşılayaraq Az.DSİ-də buna bənzər digər qanun pozuntularının olduğunu qeyd etmiş, ərizələrini geri götürdüyündən peşimançılıq hiss etdiyini söyləmişdi. ZÖK Rəyasət heyəti isə, öz növbəsində, 1929-cu ilin 22 martında, gizli qərarı ilə ona həmin qanunsuzluqlar haqqında sənəd hazırlayaraq Zaq.DSİ aparatına təqdim etməyi tapşırmışdı. M.C.Bağırov tez bir zamanda həmin tapşırığı yerinə yetirsə də onun tərtib etdiyi sənəddə yer alan yeni faktlar aidiyyəti orqanlar tərəfindən ciddi şəkildə yoxlanılmadı. Buna səbəb Az.DSİ-yə havadarlıq edənlərin həmin orqanın, demək olaraq ki, başdan ayağa cinayətkarlıq yuvası olduğunu göstərməkdə maraqlı olmaması idi. M.C.Bağırovun yeni ərizəsində göstərilən pozuntu faktlarının yoxlanılması üçün həmin sənədin qanunsuz əməllərin törədiciləri kimi ittiham edilən şəxslərin özlərinə göndərilməsi bunu deməyə əsas verir. M.C.Bağırov, ilk baxışdan qəribə görünən bu halı öz qeydlərində belə təsvir edirdi: «… bu ərizənin surəti, həmçinin, təqsirkar kimi adı çəkilən Rızayevə göndərilmişdi, hansı ki, öz növbəsində, bu işin istintaqını günahlandırılan əməkdaşlara həvalə etmişdi» (4, v.49).
M.C.Bağırovun ərizələrini bu yolla baykot edən mirzəyançılar AK(b)P MK rəhbərliyini devirməkdə mərkəzə yardım edən digər qüvvələrə: ZÖK rəhbərliyinin (M.Oraxelaşvilidən başqa) əksəriyyətinə, Gürcüstan və Ermənistanın 1928-ci ildə təyin edilmiş yeni rəhbərliklərinə, (N.Nazaretyan, Ruben,
Redens, M.D.Hüseynov və b.) qarşı da kəskin mövqe nümayiş etdirirdilər. 1929-cu ilin fevralında ZÖK Rəyasət heyətinin S.Qorobçenko və Y.Morozun işinin müzakirə edildiyi iclasında onlar əleyhdarlarına (xüsusilə M.C.Bağırova) qarşı özlərini həddən artıq aqressiv aparmışdılar. Elə həmin iclasda L.Mirzəyan Az.DSİ işçilərinin törətdikləri cinayət faktının ZÖK Rəyasət heyətində müzakirəsinin, əslində, AK(b)P MK və BK rəhbərliyinin devrilməsi üçün bir vasitə olduğuna işarə edərək deyirdi: «… siz nə fikirləşirsiniz, bizim rəhbərliyi qovmağı?! Siz buna nail ola bilməzsiniz.
Yaroslavski cəhd etdi, biz ona şiş göstərdik…» (4, v.16).
L.Mirzəyan, Ermənistan və Gürcüstanın partiya rəhbərliyinin də antimirzəyançı qüvvələrə yardım etməsinə işarə edərək öz çıxışlarının birində «… Yerevan və Tiflis küçələrinin Bakı üzərinə hücum hazırladığını» (4, v.58) qeyd edərək, tərəfdarlarını səfərbər olmağa, rəqiblərinə qarşı əks həmlələr endirməyə çağırırdı.
L.Mirzəyan Cənub Qafqaz respublikalarının, xüsusilə, antimirzəyançı mövqeyi ilə daha çox seçilən Gürcüstan rəhbərliyinə qarşı mübarizədə müxtəlif yollardan istifadə edirdi. Bu yollardan biri də Gürcüstan rəhbərliyini millətçi-şovinist siyasət aparmaqda ittiham etməkdən ibarət idi.
1928-ci ilin payızında Azərbaycanın, o cümlədən, Cənub Qafqazın digər respublikalarının ictimai-siyasi dairələrində böyük əks-səda doğuran qədirovçuluq L.Mirzəyan tərəfindən Gürcüstanın partiya rəhbərliyi əleyhinə yönəlmiş bir təxribatçı addım idi. Qədirovçuluğu təşkil etməkdə L.Mirzəyanın məqsədi, heç də, Gürcüstanda, həqiqətən də, mövcud olan milli ayrı-seçkiliklərin aradan qaldırılması deyil, yalnız respublika rəhbərliyini gözdən salmaqdan ibarət idi.
1928-ci ilin sentyabrında BK-nın plenumunda çıxış edən Əli Kərim adlı bir şəxs millətçilikdən və onun sosialist cəmiyyəti üçün doğurduğu təhlükədən danışmışdı. Əli Kərim öz çıxışında millətçiliyin ən parlaq təzahürlərinin məhz Gürcüstanda meydana gəldiyini deyərək «Poylu körpüsündən o yanda başdan-ağaya menşevizmin» hökm sürdüyünü vurğulamışdı (4, v.65).
AK(b)P BK-nın həmin plenumunda çıxış edən Səid Qədirov Tiflis və Moskvanın Azərbaycanın partiya rəhbərliyinin əleyhinə yönəlmiş fəaliyyətlə məşğul olduğunu söyləmişdi.
L.Mirzəyanın yetirmələrindən olan S.Qədirov, əvvəlcə, Suraxanı və Zavağzal RK Təşkilat şöbələrinin müdiri, sonra isə, AK(b)P MK-nın strateji şöbələrindən biri olan Təşkilat şöbəsinin müdir müavini vəzifəsinə yüksəlmişdi.
S.Qədirov 1928-ci ildə, AK(b)P MK tərəfindən, respublikalararası qarşılıqlı yoxlama tədbirləri ilə əlaqədar olaraq Abxaziyaya göndərilmişdi. O, öz hesabatlarında və çıxışlarında Gürcüstan SSR-də gürcü millətçiliyinin tuğyan etdiyini göstərmişdi. O yazırdı ki, «… Gürcüstanda gürcü dilində olmayan afişanı və ya lövhəni görmək mümkün deyil…» (10).
Kifayət qədər siyasi təcrübəyə malik olan, AK(b)P-nın hakimiyyət piramidasında yüksək vəzifəyə sahib olan S.Qədirovun, birbaşa, Moskva və Tiflis əleyhinə yönəlmiş ittihamlarının, heç də, təsadüfi olmadığı, onların arxasında mirzəyançıların durduğu hələ o zaman bir çoxlarına bəlli idi. Bu səbəbdən də, 1929-cu ilin yayında olmuş Bakı partiya fəallarının məlum iclasında çıxış edənlər S.Qədirovu «Mirzəyanın quyruğu» adlandırmışdılar.
Həmin iclasda mirzəyançıları və qədirovçuluğu kəskin tənqid edən M.C.Bağırovun yuxarıda qeyd edilən ərizələrinə və müraciətlərinə, ZÖK Rəyasət heyətinin məlum iclasında Redensin məruzəsinə məhəl qoymaq istəməyən mirzəyançılar S.Qorobçenko, Y.Moroz və digər Az.DSİ işçilərini törətdikləri cinayətlərə görə cəzalandırmaq əvəzinə, onları hər vasitə ilə müdafiə edirdilər. Redensin Az.DSİ işçilərinin məlum cinayət əməli barədə ZÖK Rəyasət heyətində etdiyi məruzədən (fevral 1929-cu il) dərhal sonra, AK(b)P MK və MNK-nın 23 fevral 1929-cu il tarixli birgə iclasında S.Qorobçenko, Y.Moroz və digərlərinin cinayət məsuliyyətindən azad edilmələri barədə bədnam qərar qəbul edildi. Əleyhdarlarının artan təzyiqləri şəraitində çevik və yekdil qərarlar qəbul etdirmək, bir çox vacib siyasi məsələlərin dar çərçivədə müzakirələrini təmin etmək məqsədi ilə mirzəyançılar AK(b)P MK-nın Rəyasət heyətinin iclaslarında MK üzvlərindən yalnız 9 nəfərin iştirakına icazə verən daha bir mürtəce qərarın qəbul edilməsinə nail oldular. Bakıda olan Redens S.Qorobçenko və Y.Morozun dərhal işdən azad edilməsi haqqında əmr vermək fikrini bildirərkən L.Mirzəyan, Q.Musabəyov, Y.Qasımov, M.Pleşakov və N.Rızayev ona qəti etirazların bildirmiş, məsələnin MK-nın sanksiyası olmadan həll edilməsinin qeyri-mümkünlüyünü vurğulamışdılar. Onlar dərhal MK Rəyasət heyətinin iclasını çağırmağı, burada Redensin məruzəsini dinləməyi və müzakirə etməyi təklif etmişdilər. AK(b)P MK və BK rəhbərliyinin bu yolla Redensi təkləyərək onun Az.DSİ ilə əlaqədar tutduğu mövqeyin yanlış olduğunu Zaq.DSİ sədrinə «sübut etməyə» cəhd edirdilər. Lakin onların məqsədlərini yaxşı başa düşən Redens Az.DSİ işçiləri ilə bağlı məsələnin AK(b)P MK Rəyasət heyətində müzakirəsində iştirak etməkdən qətiyyətlə boyun qaçırmışdı. Redens tərəfindən rədd cavabı alan mirzəyançılar S.Qorobçenko və Y.Morozun işdən kənarlaşdırılması məsələsinə dair Zaq.DSİ sədrinin əmr vermək istəyinin ZÖK Rəyasət heyətində müzakirə edilməsini təklif etmişdilər. Opponentlərinə cavab olaraq Redens DSİ aparatında sərəncam verməkdə azad olduğunu, ZÖK Rəyasət heyətində artıq müzakirələrə ehtiyac olmadığını mirzəyançıların nəzərinə çatdırmışdı. Buna baxmayaraq AK(b)P MK katibi Y.Qasımov M.Oraxelaşviliyə zəng edərək Az.DSİ işçiləri ilə bağlı olan məsələnin bakılıların iştirakı ilə ZÖK Rəyasət heyətində yenidən müzakirə edilməsini xahiş etmişdi.
ÜK(b)P MK-nın təlimatçısı K.Pşenitsın AK(b)P MK rəhbərliyinin həmin fəaliyyətinə toxunaraq deyirdi: «…AK(b)P MK-nın ZÖK qarşısında Qorobçenko, Morozun və digərlərinin şərti cəza almaları və onların azadlıqda saxlanılmasının təkidli tələbi dostbazlıq və elliklə zəmanətin ən parlaq nümunəsidir» (6, v.44).
M.Oraxelaşvili tərəfindən qənaətbəxş cavab almayan mirzəyançılar 1929-cu ilin martında, AK(b)P MK Rəyasət heyətinin iclasında AzDSİ sədri N.Rızayevin məruzəsini dinləyərək S.Qorobçenko və Y.Morozun işdən azad edilməsi haqqında qərar qəbul etdilər.
Bu qərarın qəbul edilməsində Redensin ÜDSİ rəhbərliyinə (R.Menjinsikiyə) göndərdiyi teleqram xüsusi rol oynamışdı. Həmin teleqramda Redens, AzDSİ işçilərinin cinayətkar əməllərinin yoxlanılması və günahkarların cəzalandırılması istiqamətində Zaq.DSİ rəhbərliyinin apardığı işə AK(b)P MK katibləri L.Mirzəyanın və Y.Qasımovun mane olduqlarını göstərmişdi.
Redensin məlum fəaliyyətindən ciddi şəkildə narazı qalan L.Mirzəyan, Y.Qasımov və Q.Musabəyov 16 mart 1929-cu il tarixli ərizə ilə mərkəzə müraciət edərək Zaq.DSİ sədrinin «özfəaliyyətinə» son qoymağı xahiş edirdilər: «…MK Rəyasət heyəti yol. Redensin AK(b)P MK-ya məhəl qoymamaqla və «bakılılar»ın ünvanına yönəlmiş hücumlarla ifadə olunmuş hərəkətini yolverilməz hesab edir və bu barədə Zaqafqaziya Ölkə Komitəsinin, ÜK(b)P MK, MNK və ÜDSİ-nın nəzərinə çatdırır» (3, v.57).
Mərkəzin Redens və bir sıra digər şəxslərin simasında həyata keçirilən antimirzəyançı tədbirlərinin intensivliyini
azaltmaq və bu yolla manevr etmək üçün vaxt qazanmaq və özünü təmizə çıxarmağa çalışan AK(b)P MK və BK rəhbərliyi qocaman bolşeviklərin xidmətindən də faydalanmağa çalışırdı. 1929-cu ilin martında Bakı partiya təşkilatının üzvü olan 33 nəfər qocaman bolşevikin imzaladığı və ÜK(b)P MK, ÜK(b)P MNK, İ.Stalinə, Q.Orconikidzeyə, A.Rıkova, M.Kalininə, R.Menjinskiyə, A.Mikoyana, S.Kirova və M.Oraxelaşviliyə ünvanlanmış müraciət buna ən parlaq misaldır: «… Az.DSİ işçiləri tərəfindən yol verilmiş səhv (daha doğrusu cinayət), sözsüz hər cür qınağa və ən ciddi cəzaya layiqdir… hər halda, onlar 12 il ərzində oktyabr inqilabının nailiyyətlərinin keşiyində durmuşlar.
Yol. Qorbçenko – fəhlədir, 1900-cu ildən partiyanın üzvüdür, Bakı təşkilatının yaradıcılarından biridir, MK-nın daimi üzvüdür. Bakı təşkilatı üzrə partiyanın təmizlənməsi komissiyasının sədri, AK(b)P MNK-nın məsul katibi, XƏ komissarının müavini, DSİ sədrinin müavini;
Yol. Moroz – 1918-ci ildən partiyanın üzvü, qocaman çekist,
… Nazarov, Jukov, Dikiy və s. həmçinin. Biz, Bakı təşkilatının qocaman bolşevikləri hesab edirik ki, partiya bağışlamağı bacarar…» (2, vv.13-14).
Bütün bunlarla kifayətlənməyən mirzəyançılar həmin ərəfədə Moskvaya gedərək İ.Stalinlə görüşmüş, yaranmış vəziyyəti ona «izah etməyə» cəhd göstərmişdilər. Həmin görüş zamanı İ.Stalin mirzəyançıların «səhvlərini» onlara başa salmış, AK(b)P MK rəhbərliyinin opponentlərinin mövqelərini dəstəkləmişdi. Baş Katibin bu fikirləri AK(b)P MK rəhbərliyini Az.DSİ-nin rəhbər kadrlarının məlum cinayət əməlinə münasibətlərində «düzəlişlər» etməyə məcbur etmişdi. 1929-cu ilin yayında BK plenumunda həmin məsələ müzakirə edilmiş, lakin növbəti dəfə onun mahiyyəti təhrif olunmuşdu. AK(b)P MK rəhbərliyi, bu dəfə, törədilmiş cinayəti pisləsə də bu işlərdən xəbərsiz olduğunu və demək olar ki, heç bir məsuliyyət daşımadığını təlqin etməyə cəhd göstərirdi. Mirzəyançıların yarımetirafları ZÖK-nın tapşırığı ilə tərtib edilmiş AK(b)P MK-nın 25 may 1929-cu il tarixli qapalı məlumat məktubunda da öz əksini tapmışdı. Məktubda Az.DSİ rəhbər qrupunun (S.Qorobçenko, Y.Moroz, Nazarov, Jukov, Matveyev, Dikiy, Sattarov) 1927-ci ilin yayında, həqiqətən də, cinayət törətdikləri qeyd edilsə də AK(b)P rəhbərliyinin, sadəcə olaraq, həmin şəxslər tərəfindən aldadıldığı deyilirdi. Hər vəchlə AK(b)P MK və BK rəhbərliyinin müdafiə edildiyi həmin məktubda qeyd edilirdi ki, «DSİ-nın işi, sözsüz ki, partiya təşkilatının ayrıca, kiçicik bir hüceyrəsinin çürüməsindən başqa bir şey deyil» (5, v.2).
Mirzəyançıların bu və ya digər yarımetirafları ilə kifayətlənməyən mərkəz onları tamamilə ifşa etmək istiqamətində daha intensiv addımlar atmaqda idi. ZÖK Rəyasət heyətinin 6 iyun 1929-cu il iclasının qəbul etdiyi qətnamə belə addımlardan idi. Həmin iclasda, artıq həbs edilmiş S.Qorobçenko, Y.Moroz və Az.DSİ-nın digər rəhbər işçilərinin ZÖK-nə ünvanlanmış ərizələri müzakirə obyektinə çevrildilər. Onlar öz ərizələrində törətdikləri cinayətdən peşiman olduqlarını qeyd etməklə yanaşı baş vermiş hadisə barədə dərhal respublikanın partiya rəhbərliyini xəbərdar etdiklərini vurğulayırdılar. Y.Morozoun ərizəsində AK(b)P MK – BK rəhbərliyi daha kəskin şəkildə ittiham edilmişdi və bu qarşı tərəfdən hiddətlə qarşılanmışdı.
Məhbus həyatı yaşayan şəxslər tərəfindən imzalanan həmin ərizənin meydana çıxmasında antimirzəyançı qüvvələrin də xüsusi rolu olmuşdu.
ZÖK Rəyasət heyətinin həmin iclasında mirzəyançıların qatı əleyhdarı olan ZÖK sədri A.Nazaretyan Az.DSİ işçilərinin ərizələri üzrə xüsusi məruzə ilə çıxış etmişdi. Ərizələrdə və A.Nazaretyanın məruzəsində qeyd olunan bir sıra ittihamlara qəti etirazlarını bildirən mirzəyançılar 1927-ci ildə baş vermiş cinayətdən uzun müddət xəbərsiz olduqlarını və yalnız iki səhvə yol verdiklərini qeyd etmişdilər: birincisi, MK hələ 1927-ci ildə, hadisə baş verən zaman Moroz və Qorobçenkonun quldur və residivisti güllələdikləri barədə məruzələrinin dərhal yoxlanılmasını və xüsusi təhqiqatını təşkil etməmiş, Az.DSİ-nın həbs edilmiş keçmiş əməkdaşlarına inanmışdı; ikincisi, «MK hal-hazırda, 7-8 ilə yaxın həbs cəzası almış bu keçmiş işçilərin keyfiyyətini həddən artıq yüksək qiymətləndirmişdi..» (5, v.3).
Elə həmin iclasında ZÖK Rəyasət heyəti Az.DSİ-nin işi və bu məsələdə AK(b)P MK-nın tutduğu mövqe üzrə qətnamə hazırlamaq üçün komissiya yaratdı.
Qəbul edilmiş qətnamədə Az.DSİ işçilərinin yolverilməz cinayət törətdikləri bir daha qeyd edilir, onlardan bəzilərinin, xüsusilə Y.Morozun ərizəsinin «təxribatçı və böhtan xarakterli» olması, 1927-ci ildə törədilmiş məlum cinayət əməlinə münasibətdə AK(b)P MK rəhbərliyinin siyasi səhvə yol verdiyi göstərilirdi.
ZÖK Rəyasət heyətinin bu qətnaməsi mirzəyançıların ifşa edilməsi yolunda atılmış ciddi bir addım olsa da həmin sənəd AK(b)P MK-BK rəhbərliyinin məlum cinayət hadisəsinə münasibətinin əsl mahiyyətini tam şəkildə açıb göstərmədi. ZÖK katibi M.Oraxelaşvilinin diktəsi ilə yazılmış qətnamədə AK(b)P MK-BK rəhbərliyinin siyasi səhvinin baş vermiş cinayət faktının məqsədli şəkildə ört-basdır edilməsi ilə deyil, yalnız onun «diqqətsizliyi və səhlənkarlığı» ilə əlaqədar olduğu nəticəsinə gəlinirdi.
Mirzəyançılar və onların əleyhdarları arasında kəskin diskusiyalar şəraitində keçən, 22-25 iyun 1929-cu ildə toplaşan AK(b)P MK və MNK-nın birgə plenumu Az.DSİ əməkdaşlarının məlum cinayəti üzrə qəbul etdiyi qətnamə, demək olar ki, ZÖK Rəyasət heyətinin qeyd olunan qətnaməsində irəli sürülən müddəaların mexaniki təkrarından ibarət idi: «a) AK(b)P MK və MNK plenumu ZÖK Rəyasət heyətinin ASSR DSİ məsul işçilərinin cinayətkar qrupunu aşkara çıxarmasını razılıqla qeyd edərək və Az.DSİ-nın işi üzrə ZÖK-nın qərarı ilə tanış olaraq onları tam şəkildə bəyənir. b) Plenum hesab edir ki, MK və MNK keçmiş DSİ işçilərinə həddən artıq etibar etməklə ifadə olunan kobud siyasi səhvə yol vermişlər…» (1, vv.131-132).
ZÖK katibi Ruben və ZÖMNK sədri A.Nazaretyan tərəfindən dəstəklənən antimirzəyançı qüvvələrin bütün cəhdlərinə baxmayaraq plenum tərəfindən belə bir qətnamənin qəbul edilməsi AK(b)P MK-BK rəhbərliyinin əleyhdarları tərəfindən narazılıqla qarşılandı. Təsadüfi deyildi ki, həmin qətnamənin qəbul edildiyi günün səhərisi, 26 iyun 1929-cu il tarixdə ZÖK-nın mərkəzi mətbu orqanı olan «Zarya Vostoka» qəzeti «Sosializm qurmağa mane olmayın» adlı baş məqalə ilə çıxış etdi. Məqalədə, dolayısı ilə, AK(b)MK BK rəhbərliyinin son tədbir və qərarları «qızıla tutulmuş çürük qoz» kimi dəyərləndirilmişdi (8, v.26).
Bundan başqa, Ruben və A.Nazaretyan bir sıra rəsmi və qeyri-rəsmi iclaslarda Azərbaycanın partiya
rəhbərliyini kəskin şəkildə tənqid etmişdilər (1929-cu ilin yayında Cənub Qafqaz nəqliyyat müsavirəsində ZÖK katibi Rubenin çıxışı, A.Narazertyanın rəhbər işçilərin təmizlənməsi günlərində Bakıda etdiyi çıxışlar və s.).
Əleyhdarlarının get-gedə artan təzyiqləri nəticəsində çətin vəziyyətə düşən mirzəyançılar 1929-cu ilin iyununda sonuncu dəfə Moskvaya müraciət edərək mərkəzlə barışığa cəhd etdilər. L.Mirzəyan, Ə.Qarayev, Y.Qasımov, Q.Musabəyov, İ.Paruşin, K.Rumyantsevin imzaladığı həmin müraciət şəxsən İ.Stalinə ünvanlanmışdı. Mirzəyançılar öz müraciətlərində Az.DSİ rəhbər işçilərinin törətdikləri cinayət faktı ilə əlaqədar yol verdikləri «səhvləri» aradan qaldırdıqlarını, həmin məsələ üzrə MK və BK-nın iclaslarında «obyektiv» müzakirələrin təşkil olunduğunu və «ədalətli» qərarların qəbul edildiyini göstərirdilər. Məktub-müraciətdə xüsusilə vurğulanırdı ki, AK(b)P MK-BK rəhbərliyinin bu «mütərəqqi» fəaliyyəti Ruben və A.Nazaretyanın rəhbərlik etdiyi destruktiv qüvvələr tərəfindən boykot edilir. Onlar Ruben və A.Nazaretyanın M.C.Bağırov və digər bu kimi şəxslərlə birgə hərəkət etdiklərinə işarə edərək yazırdılar: «İndi Nazartyan və Rubenlə, hal-hazırkı rəhbərliyin 1924-cü ilə qədər açıq mübarizə apardığı təmayülçü qrup arasında blok yaranmaqdadır» (7, v.4).
Ruben və A.Nazaretyanı Zaqafqaziya Federasiyasını dağıtmağa yönələn fəaliyyətdə ittiham edən mirzəyançılar onları yalnız Azərbaycanın deyil, eyni zamanda, ZÖK rəhbərliyinə qarşı qərəzli mövqe tutmaqda günahlandırırdılar: «… Nazaretyanın bəzi tərəfdarları (Nikolas) birbaşa və açıq şəkildə bəyan edirlər ki, bütün bunlar Tiflis tərəfindən təşkil olunur və söhbət yalnız bakılılardan deyil, həm də, Oraxelaşvilinin vəzifədən kənarlaşdırılmasından gedir. Bu yoldaşların qərəzli və fraksiyaçı iş metodları bunlardır» (9, v.26).
Moskvanın mirzəyançılara cavabı özünü çox gözlətmədi.
Mirzəyançıların bütün vasitələrlə özünümüdafiə cəhdlərinə baxmayaraq Moskva onların müqavimətini qırmağa nail oldu. ÜK(b)P MK 1 iyul 1929-cu ildə Azərbaycanın partiya rəhbərliyinin dəyişdirilməsi haqqında qərar qəbul etdi.
İstİfadə edİlmİş ədəbİyyat
1. Azərbaycan Respublikası Prezidentinin İİSSA: f.1, siy.74, iş 63
2. Azərbaycan Respublikası Prezidentinin İİSSA: f.1, siy.74, iş 287
3. Azərbaycan Respublikası Prezidentinin İİSSA: f.1, siy.74, iş 288
4. Azərbaycan Respublikası Prezidentinin İİSSA: f.1, siy.88, iş 14
5. Azərbaycan Respublikası Prezidentinin İİSSA: f.1, siy.88, iş 22
6. Azərbaycan Respublikası Prezidentinin İİSSA: f.1, siy.88, iş 23
7. Azərbaycan Respublikası Prezidentinin İİSSA: f.1, siy.88, iş 36
8. Azərbaycan Respublikası Prezidentinin İİSSA: f.1, siy.88, iş 198
9. Azərbaycan Respublikası Prezidentinin İİSSA: f.1, siy.122, iş 91/2
10. Эфендиев С.М. Оппозиция и национальный вопрос. Газ. «Бакинский рабочий», Баку, 1927, 14 ноября.
Geostrategiya" jurnalı № 05 (29) SENTYABR-OKTYABR 2015
Strategiya.az
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM