“Dövlət idarəetmə sistemi” anlayışı: mahiyyəti və strukturu

09:00 / 25.10.2018

Nigar Ağayeva
Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası

Tarixi təcrübə göstərir ki, hər bir cəmiyyətin inkişafı onun optimal idarə edilməsindən, çevik mexanizmlərin və idarəetmə sisteminin hazırlanmasından kifayət qədər asılı olur. Məhz bu baxımdan dövlət idarəetmə sistemi anlayışının məzmun etibarilə təhlili həm elmi-nəzəri, həm də praktiki əhəmiyyət daşıyır.
Dövlət idarəetmə sisteminin məzmunca təhlili bir sıra anlayışlara aydınlıq gətirilməsini tələb edir. Belə anlayışlara “idarəetmə”, “dövlət idarəetməsi”, “sistem” və s. aiddir. İlk növbədə idarəetmə anlayışına diqqət yetirək.
İdarəetmə insanın fəaliyyət növlərindən olub, onun məqsədi idarə olunan obyektdə müəyyən nizamın yaradılmasıdır. Göründüyü kimi bu anlayışın məzmunu kifayət qədər dar, həcmi isə genişdir. Ona görə də idarəetmənin tərifinin verilməsi heç də asan deyil. Elmi ədəbiyyatlarda idarəetmə anlayışına müxtəlif təriflərin verilməsi bununla əlaqədardır. Belə təriflərdən birini rus tədqiqatçısı İ.N.Qluxix vermişdir. Onun fikrincə “idarəetmə deyildikdə hansısa sistemə, bu sistemin vəziyyəti, yaxud davranışında arzu edilən dəyişikliklər məqsədilə təsir başa düşülür”.(1, s.16) Tədqiqatçı M.Tağıyevin fikrincə “idarəetmə (burada birbaşa dövlət idarəetməsi nəzərdə tutulur) dedikdə dövlətin qarşısında duran məqsədlərə nail olunması üçün dövlət hakimiyyəti orqanları tərəfindən həyata keçirilən, insanların davranışını və hərəkətlərini istiqamətləndirən, onların fəaliyyətini təşkil və tənzim edən məqsədyönlü təsiretmə başa düşülür. İdarəetmə sosial sistemin nizama salınması, həyatın bütün sahələrində ictimai münasibətlərin ümumi məqsədlərə nail olunması üçün əlaqələndirilməsi deməkdir”. (2, s.158)
Buradan aydın olur ki, “idarəetmə” anlayışına heç də onun bütün əlamətlərini özündə ehtiva edən tərif verilməsi mümkün deyil. Belə olduqda anlayışa tərif verilməsinin digər üsullarından istifadə etmək məqbuldur. Bu üsullara anlayışın ən ümümi və mühüm əlamətlərinin sadalanması da aiddir. Fikrimizcə, idarəetməyə aşağıdakı qaydada verilmiş tərif daha məqbul hesab edilə bilər:
1)Müəyyən informasiya əsasında çoxsaylı mümkün variantlar içərisindən seçilmiş və obyektin arzulanan hərəkətini (fəaliyyəti, davranışı) təmin edəcək, qarşıya qoyulmuş məqsədə çatdıracaq təsirin formalaşdırılması və gerçəkləşdirilməsi;
2)Obyektə çoxsaylı mümkün təsirlər içərisindən, bunun üçün mövcud informasiya əsasında seçilmiş təsir olub, mövcud obyektin fəaliyyət və yaxud inkişafının yaxşılaşdırılması;
3)Zəruri və kafi üsullar, vasitə və təsirlərin köməyi ilə məqsəd və bu məqsədə yetişmə faktının (nəticənin) müəyyənləşdirilməsi;
4)Məqsədlər və bu məqsədlərə nail olmaq üçün üsulların axtarılması və genişləndirilməsi üsullarının axtarılması və gerçəkləşdirilməsi prosesi;
5)İdarəetmə obyekti adlandırılan mühitin müəyyən hissəsinə elə bir məqsədyönlü təsirin təşkili prosesidir ki, bu təsirin nəticəsində həmin obyektlə qarşılıqlı təsirdə olan subyektin tələbləri ödənir;
6)Səbəb-nəticə münasibətlərinin elə ifadəsidir ki, bu zaman sistemin arzulanan nəticəyə gətirəcək davranışı meydana gəlir (sistem məqsədinə çatır, yaxud problemi həll edir);
7)Müxtəlif təbiətli (bioloji, sosial, texniki) təşkilatlanmış sistemlərin, onların müəyyən strukturunun qorunub saxlanılmasını, fəaliyyət rejiminin dəstəklənmə funksiyası, bu sistemlərin proqram və məqsədlərinin gerşəkləşdirilməsi;
8)İdarəetmə -təşkilatlanmamış kütlənin səmərəli və konkret məqsədlərə malik olan qrupa çevirən xüsusi fəaliyyət növüdür (Piter Draker);
9)Stafford Birin klassik tərifi: idarəetmə sistemin dəyişənlərinə təsir etmək yolu ilə onu yeni vəziyyətə köçürməkdir.(3, s.13)
İdarəetmə anlayışının məzmununun aşkarlanması ilə yanaşı, bu anlayışın həcmini də müəyyənləşdirmək lazımdır. Bu məqsədlə ilk növbədə idarəetmənin obyekti və subyektinın nə olmasına diqqət yetirək. Verilmiş tərifə görə idarəetmənin obyekti dedikdə idarə edilən altsistem (yəni, nə idarə olunur) başa düşülür. İdarəetmənin subyekti dedikdə isə idarə edən altsistem başa düşülür (yəni kim idarə edir).(3, s.14) Yalnız bundan sonra idarəetmə anlayışının həcmini aşkarlamaq olar. Bu məqsədlə, məntiqi qaydalara görə anlayışın təsnifatı, yaxud bölgüsü verilməlidir. Tədqiqatımız üçün əsas maraq doğuran idarəetmənin obyekti üzrə bölgü əhəmiyyət kəsb edir. Bu sahədə mövcud tədqiqatlara əsaslanaraq idarəetmə obyektinə görə belə təsnif edilə bilər:
-Təbii idarəetmə –təbiətdə baş verən proseslərin (bitkilərin inkişafı, su cərəyanlarının hərəkəti, vəhşi heyvanlar aləminə məqsədli müdaxilə və s.) idarəedilməsi;
-Texniki idarəetmə –yaradılmış obyektlərin (avtomobil, müxtəlif təyinatlı cihazlar və s.) idarəedilməsi;
-Sosial idarəetmə –insanların, onların arasında münasibət və davranışların idarəedilməsi.
Burada biz yalnız sosial idarəetmə haqqında danışacağıq. Çünki dövlət idarəetməsi onun xüsusi halı kimi çıxış edir.
İndi isə dövlət idarəetməsi anlayışının məzmununa diqqət yetirək. “Dövlət idarəetməsi inzibati-dövlət aparatının köməyi ilə həyata keçirilən siyasi və inzibati qərarların qəbulu sistemini əks etdirir”.(4, s.84)
Siyasi-hüquqi ədəbiyyatlarda dövlət idarəçiliyinə verilmiş bütün təriflərdə əsas diqqət onun mühüm əlamətinə yönəlir: dövlətin müvafiq sistemin nizamlanması, təşkili və ona tənzimləyici nüfuz edilməsi üçün ictimai münasibətlərə məqsədyönlü praktiki təsiridir. Qeyd etmək zəruridir ki, belə təsir məhz dövlətin gücü ilə, yəni idarəetmə prosesində metod və vasitələrin hakimiyyət səciyyəsi ilə təmin olunur. Dövlət hakimiyyətinin əsas vəzifəsi icra hakimiyətini gerçəkləşdirməkdir. Təşkilati nöqteyi nəzərdən yanaşdıqda dövlət idarəetməsi –idarəetmə subyektinin (yəni, dövlətin və onun xüsusi orqanları, yaxud səlahiyyətli şəxslərinin) idarəetmə obyektinə (cəmiyyət, vətəndaş və s.) amiranə nizamlayıcı təsiridir. Daha konkret deyilərsə dövlət idarəetməsi –müxtəlif sahələr və sosiomədəni, təsərrüfat və inzibati-siyasi quruculuq sferalarında dövlətin idarəetmə funksiyalarını yerinə yetirən dövlət icra hakimiyyəti orqanları sisteminin məqsədyönlü təşkilati, qanuni, icraedici və tənzimləyici fəaliyyətidir.
Yuxarıda deyilənlər nəzərə alınmaqla inzibati hüquq nəzəriyyəsi də dövlət idarəetməsinin tərifinə iki yanaşma təklif edir: Dövlət idarəetməsi ən geniş anlamda dövlətin bütövlükdə tənzimləyici fəaliyyətidir (hakimiyyətin nümayəndəli orqanlarının, prokurorluq, məhkəmə və s. fəaliyyətidir). Dövlət idarəetməsinin funksiyaları (məsələn, kadrların seçilməsi, yerdəyişməsi, attestasiyası, qeydiyyatı və nəzarət, məcburetmə və mükafatlandırma tədbirlərinin görülməsi, proqnozlaşdırma, planlaşdırma, maliyyələşdirmə və s.) bu və ya digər ölçüdə bir sıra dövlət orqanları vasitəsilə gerçəkləşdirilir. Bu orqanlara məhkəmə, prokurorluq hakimiyyətin nümayəndəli orqanları nümunə göstərilə bilər. Dar anlamda dövlət idarəetməsi inzibati fəaliyyətdir, yəni dövlət hakimiyyətinin icra orqanlarının fəaliyyətidir.
Dövlət idarəetməsi mürəkkəb struktura malik olub sistem əmələ gətirir. Belə ki, idarəetmənin digər növlərinin heç də hamısı bu xüsusiyyətə malik olmur. Çünki, onlarda çoxsaylı elementlər, həmçinin bu elementlər arasında çoxobrazlı qarşılıqlı əlaqələr mövcud olmur.
Müasir dövlət idarəetmə nəzəriyyələrində dövlət idarəetmə sisteminə fərqli təriflər verilir. Bu təriflər içərisində aşağıda əksini tapan müasir tədqiqatlarda daha geniş yayılmışdır: “Dövlət idarəetmə sistemi – bir-biri ilə iyerarxik əlaqədə olan hakimiyyət və idarəetmə orqanlarının müəyyən məcmusu olub, qarşılıqlı təsirdə iqtisadiyyatın dövlət sferasının və sosial həyatın idarə olunmasını gerçəkləşdirir və qanunların icrasını, vətəndaşların konstitusiyaya uyğun hüquq və azadlıqlarını təmin edir”.(5) Lakin, bu tərifdə müəyyən çatışmazlıqlar da yox deyil. Belə ki, tərifdə dövlət idarəetmə sisteminin yalnız bir altsistemi – idarəetmə subyekti –üzərinə vurğu qoyulur. Bu da fikrimizcə anlayışın məzmununun tam aşkarlanmasına imkan vermir.
Dövlət idarəetmə sistemi iki mühüm aspektə malikdir. Əvvəla onu qeyd edək ki, dövlət idarəetmə sistemi müəyyən nəzəri ümumiləşdirmə, alət olub, idarəetmə sferasında müxtəlif hadisələrin sistem xüsusiyyətlərini aşkarlamağa və təsvir etməyə kömək göstərir. Bu halda dövlət idarəetmə sistemi kateqoriyası dövlət idarəetməsinin sistem təhlili üçün vasitədir. O, hər bir bütöv siyasi-hüquqi quruma: dövlətə, dövlət hakimiyyətinə, dövlət orqanlarına tətbiq edilə bilər. İkinci aspekt sistemin daha konkret əhəmiyyətini əks etdirir –normalar, təşkilati strukturlar, münasibətlər, kommunikasiya da daxil olmaqla dövlət hakimiyyəti və idarəetməsinin formalaşma və fəaliyyət mexanizmidir.
Dövlət idarəetmə sistemi mürəkkəb qurum olub, müxtəlif altsistemlərdən təşkil olunur, bu altsistemlər özləri də nisbi müstəqilliyə malikdirlər və qarşılıqlı əlaqəli sosial sistem kimi çıxış edirlər. Əsas alt sistemlər kimi aşağıdakılar qeyd oluna bilər:
-idarəedən sistem (subyekt);
-idarəedilən sistem (obyekt);
-kommunikativ sistem –idarəedən və idarəedilən sistemlərin elementləri arasında qarşılıqlı təsir sistemidir: birbaşa və əks, şaquli və üfüqi, tabeedici və dəstəkləyici əlaqələr.
İlk növbədə birinci alt sistemin, idarəedən sistemin strukturunu nəzərdən keçirək. Əgər onu şaquli kəsimində götürsək şərti olaraq A və B olmaqla iki altsistemdə təsvir etmək olar:
-A alt sistemi –cəmiyyətin kütləvi idarə olunması və hakimiyyətin hər üç qolunda dövlət hakimiyyətinin gerçəkləşdirilməsi. Bu altsistemin əsas vəzifəsi cəmiyyətin inkişafının məqsəd və vəzifələrini, inkişaf strategiyasını müəyyənləşdirir, milli suverenliyi təmin edir, beynəlxalq miqyasda milli maraqları qoruyur.
-B altsistemi –bu dövlət-inzibati altsistem olub ictimai həyatın konkret sahələrində gündəlik işlərin idarəedilməsi üzrə funksiyasını yerinə yetirir. Burada əsasən icraedici hakimiyyətdən söhbət gedir.
A altsistemi səviyyəsində icraedici hakimiyyət hökumətlə təmsil olunur. B altsistemi isə müxtəlif səviyyəli mürəkkəb iyerarxik inzibati orqanlar sistemidir. Sonuncu dövlət aparatının ən mürəkkəb və çoxtərəfli hissəsi olub öz əlində dövlət idarəçiliyinin ən mühüm vasitələrini və praktiki olaraq bütün idarəçilik informasiyalarını cəmləyir.
Burada əsas maraq kəsb edən inzibati hakimiyyət orqanlarının fəaliyyətidir. Onların əsas əlamətləri belədir:
1)Hakimiyyətin təşkilatı xarakteri. Məhz inzibati hakimiyyət siyasi hakimiyyətin qəbul etdiyi qərarların icrasını təşkil edir. Bu məqsədlə o, vətəndaşların fəaliyyətini birləşdirir, tənzimləyir, koordinasiya və bütün prosesə nəzarət edir.
2)İdarəedici təsirin universal xarakteri. Bu əlamət onu bildirir ki, harada insan mövcuddursa orada da inzibati hakimiyyət fasiləsiz gerçəkləşdirilir.
3)İnzibati resursların tətbiqi ilə hakimiyyət səlahiyyətlərindən istifadə. İnzibati hakimiyyətin idarəedici təsiri legitim məcburetmədən istifadə imkanlarında və dövlət aparatının gücünə arxalanmaqdır.
4)İnzibati hakimiyyət konkret ərazidə, real resursların cəlbi. Maddi stimullaşdırma və motivasiya alətlərindən istifadə etməklə vətəndaşların konkret kontingentinə münasibətdə gerçəkləşdirilir.
5)İnzibati orqanlar aşağıdan yuxarıya tabeçilik prinsipi əsasında qurulmuş iyerarxiyaya malikdir. Bunun nəticəsində də, inzibati hakimiyyətin hər bir orqanı idarəetmənin iyerarxik piramidasında müəyyən yerə malik olur.
Dövlət idarəetmə sisteminin özünün üfüqi kəsimində aşağıda göstərilmiş altsistemlərə malikdir: institusional altsistem; normativ-hüquqi altsistem; funksional-struktur altsistem; kommunikativ altsistem; peşəkar-kadr altsistemi; peşəkar-mədəni altsistemi; elmi-texnoloji altsistem.
Dövlət idarəetməsinin idarəedilən sistemi (obyekti) –cəmiyyətin, idarəetmə obyekti kimi dövlətin təsirinə məruz qalan bütün komponentləridir. Dövlət idarəetmə obyektləri mürəkkəb struktura malik olub aşağıda əksini tapmış komponentləri ehtiva edir: həyat fəaliyyətinin mühüm sferaları; ictimai proseslər; ərazi qurumları; dövlət və ictimai təşkilatlar; sosial birliklər; istehsal (sənaye, kənd təsərrüfatı, tikinti, energetika, nəqliyyat, rabitə, ticarət, meşə təsərrüfatı və s.); sosial sfera (mənzil-kommunal təsərrüfatı, səhiyyə, təhsil, mədəniyyət, idman, turizm və s.); inzibati-siyasi sfera (xarici siyasət və xarici-iqtisadi fəaliyyət, vətəndaşların konstitusion hüquq və azadlıqlarının müdafiəsi, təsərrüfat subyektləri).
İdarəedilən sistem idarəedən sistemdən bir sıra mühüm əlamətlərinə görə fərqlənir. Əgər idarəedən sistem üçün iyerarxik, subordinasiya, şaquli münasibətlər üstünlük təşkil edirsə, idarəetmənin obyekti üçün çoxobrazlı, çoxsaylı üfüqi, qeyri-hakimiyyət, dispozitiv əlaqələr xasdır. Bu əsasən cəmiyyətin həyat təminatı ilə əlaqəli olan (dil, ailə, əxlaq, bazar, millət və s.) sosiomədəni və siyasi münasibətlərdir.
Dövlət idarəetmə sisteminin üçüncü altsistemi kommunikativ altsistemdir. Səmərəli dövlət idarəetməsini gerçəkləşdirmək üçün idarəetmə subyektinin idarəetmə obyekti ilə qarşılıqlı əlaqə və təsirləri zəruridir. Bu isə onlar arasında birbaşa və əks əlaqə ilə gerçəkləşdirilir. Birbaşa əlaqə subyektin, yəni dövlət orqanı, yaxud səlahiyyətli şəxsin idarəetmə obyektinə təsiri olub onu davranışını yönləndirir. Əks əlaqə isə obyektin idarəetmə qərarları və subyektin hərəkətlərinə reaksiya olub, son nəticədə idarəetmənin keyfiyyətini müəyyənləşdirir.
İdarəetmə sistemində əsas altsistem kimi çıxış edən subyekt idarəetmə prosesinin hərəkətverici qüvvəsi, onun həlledici amilidir. Qeyd etmək zəruridir ki, subyektin strukturu və onun elementləri arasında qarşılıqlı əlaqələr tipi dövlət hakimiyyətinin təşkilini formalaşdırır. Hakimiyyətin ali institutu kimi mərkəzi idarəedici orqan çıxış edir.
Dövlət idarəetmə sistemində əlaqələr müxtəlif səciyyə daşıyır. Birbaşa əlaqələr (subyekt → obyekt) şaquli (tabeçilik, subordinasiya əlaqəsi) və üfüqi ola bilər. Təsiretmə müddətindən asılı olaraq onlar daimi (xidməti subordinasiya), müvəqqəti, yaxud epizodik (məsələn, böhranlı situasiyalarda dövlət başçısının qəbul etdiyi qərarlar və fövqəladə tədbirlər) səciyyə daşıyır. Optimal təşkil edilmiş idarəetmə mexanizmi qurularsa birbaşa əlaqələr yumşaq (“drijor idarəetməsi”), yaxud ümumiyyətlə nəzərəçarpmaz olur və bu bir qayda olaraq ən yaxşı nəticələr verir. Bununla belə böhranlı məqamlarda, zərurət yarandıqda o, güc tətbiqi ilə əvəzlənə bilər.
Üfüqi əlaqələr qanunla müəyyənləşdirilmiş qaydada səlahiyyətlərinə görə bərabərhüquqlu və nisbətən müstəqil idarəetmə orqanlarının qarşılıqlı təsiri ilə səciyyələnir. Onlar konkret orqanlar daxilində, orqanlar arasında, rəhbərlər arasında, əməkdaşlar arsında gerçəkləşir. Bu koordinasiya, qarşılıqlı təsir və əməkdaşlıq əlaqələri olub dövlət idarəetməsinin məqsədlərinin gerçəkləşdirilməsinə yönəlir və tabeçilik elementini də ehtiva edə bilər.
Bir qayda olaraq şaquli əlaqələr üfüqi əlaqələr üzərində dominantlıq edir. Çünki dövlət hakimiyyətinə təmərküzləşmə xasdır. Belə təmayül idarəetmənin ərazi orqanları tərəfindən əks təsirlə qarşılanır. İdarəetmə subyektlərinin qarşılıqlı əlaqələri dinamikdir: onlar konstitusiya normaları çərçivəsində tənzimlənən və həll olunan gerçək ziddiyyətlər şəklində gerçəkləşir.
Dövlət idarəetmə sisteminin, xüsusilə bu sistemdə birinci altsistemin, yəni idarəetmə subyektinin ölkənin inkişafında xüsusi rolu vardır. Belə ki, məhz bu altsistem həlledici qərarları qəbul etmək, onların icrası ilə məşğul olmaq səlahiyyətinə malikdir. Yəni dövlət idarəetmə orqanlarının fəaliyyəti ölkənin inkişafında həlledici rol oynayır. Zəruri olaraq qeyd edək ki, ümumilikdə dövlət idarəetmə sistemi, xüsusi halda isə onun subyekti heç də statik deyil, onun konstitusiya normaları çərçivəsində yenidən təşkili və onda islahatların aparılması, xüsusilə dövlət qulluqçularının peşəkarlıq səviyyəsinin yüksəldilməsi inkişafın əsas tələblərindən biridir. Bu haqda akademik Ramiz Mehdiyev yazır: “Dünya təcrübəsindən göründüyü kimi, iqtisadi islahatların gedişi, demokratikləşmənin irəliləməsi, hüquqi dövlətin təşəkkül tapması, ölkənin və hər bir vətəndaşın inkişafı məmur ordusunun keyfiyyətindən, onların peşəkarlığından, iş qabiliyyətindən, təşəbbüskarlığından və konstitusiyaya sadiqliyindən çox asılıdır. Respublikamızın dövlət idarəetmə sistemində islahatların aparılması üzrə dövlət komissiyasının yaradılması haqqında Azərbaycan Respublikasının Prezidentinin fərmanında göstərilir ki, demokratikləşmə və bazar münasibətləri sahəsində islahatlar dövlət idarəçiliyinin səmərəliliyini artırılmalı, iqtisadi fəaliyyət üçün beynəlxalq standartlara cavab verən hüquqi baza yaradılmasını təmin etməlidir”.(6, s.103) Deyilənlər, yeni inkişaf modellərinin tətbiq zərurəti yarandıqda xüsusilə daha böyük əhəmiyyət kəsb edir.
Yuxarıda deyilənlənlər əsasında bəzi ümumiləşdirmələr aparmaq olar.
Dövlət idarəçilik sistemi kifayət qədər mürəkkəb anlayış olub, hər biri nisbi müstəqilliyə malik altsistemlərdən təşkil olunur. Üç belə altsistem mövcuddur:
-idarəedən sistem (subyekt);
-idarəedilən sistem (obyekt);
-kommunikativ sistem –idarəedən və idarəedilən sistemlərin elementləri arasında qarşılıqlı təsir sistemidir: birbaşa və əks, şaquli və üfüqi, tabeedici və dəstəkləyici əlaqələr.
İdarəetmə sistemində əsas, aparıcı rol idarəedən subyektə məxsus olur. Məhz onun rasional prinsiplərlə təşkili ölkənin səmərəli inkişafı üçün zəmin hazırlayır.

 

Ədəbİyyat
1. Глухих И.Н. Теория систем и системный анализ. Екатеринбург: 2002, 134 с.
2. Tağıyev M. Müasir Azərbaycanın dövlət idarəetməsində hüququn rolu. // Dövlət idarəçiliyi: nəzəriyyə və təcrübə. Elmi nəzəri və praktiki jurnal. 2006, №2 (14), səh.158-168
3. Теория управления: учебное пособие для бакалавров. М.: Издательство Юрайт, 2013, 375 с.
4. Василенко И.А. Государственное и муниципальное управление. М.: Издательство Юрайт, 2013, 485 с.
5. https://studopedia.su/10_160210_sistema-gosudarstvennogo-upravleniya-ee-osnovnie-elementi.html
6. Mehdiyev R.Ə. Heydər Əliyevin dövlət idarəçiliyinin nəzəriyyə və təcrübəsinə töhvəsi./ Dövlət idarəçiliyi: nəzəriyyə və təcrübə. Elmi nəzəri və praktiki jurnal. 2006, №2(14), səh.100-106

Açar sözlər: idarəetmə, dövlət idarəçiliyi, sistem, dövlət.

Key words: administration, public administration, system, state.

Ключевые слова: управление, государственное управление, система, государства.

 

Нигяр Агаева
Понятие «система государственного управление»;
сущность и структура.
Резюме
В статье разъясняется суть системы государственного управления, выявлено его структура и структурные элементы. Показано, что система государственного управления состоит из трех основных подсистем. Они, в свою очередь, создают систему: система управления, управляемая система, коммуникативная система. Для оптимального управления государством подчеркивается необходимость гармонических отношений этих компонентов.

Nigar Agayeva
The concept of “system of public administration”:
essence and structure.

Summary
The article explains the essence of the system of state administration, reveals its structure and structural elements. It is shown that the system of state administration consists of three main subsystems. They, in turn, create a system: a management system, a managed system, a communicative system. For the optimal management of the state, the need for harmonic relations of these components is emphasized

 

"GEOSTRATEGİYA" jurnalı №04 (46) İYUL-AVQUST 2018



Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM