Mehdi İsmayılov
Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası
Azərbaycanın Avropa İttifaqı və NATO-ya üzv olan Şərqi Avropa dövlətləri içərisində Polşa ilə münasibətlər xüsusi əhəmiyyət kəsb edir. Azərbaycan – Polşa münasibətlərinin tarixi XV əsrə gedib çıxır. 1472-ci ildə Azərbaycanın Ağqoyunlu və Polşanın Reç Rospolita dövlətləri arasında diplomatik əlaqələr yaradılmışdı.
XIX əsrin əvvəllərində Azərbaycanla yanaşı, Polşa da Rusiya imperiyasının tərkibinə daxil edildi. Həmin dövrdə əsir götürülmüş polyaklar və müxtəlif zamanlarda Polşada baş vermiş üsyanların (1812, 1830, 1860) iştirakçıları Azərbaycana sürgün olundular. Azərbaycanda sürgün olunmuş həmin polyakların hesabına güclü polyak icması formalaşdı. Həmin dövrdə Bakıya gəlmiş polyak ziyalılar şəhərin inkişafında fəal iştirak edirdilər. Bu icmanın üzvləri sayəsində Azərbaycanda “Avropa ədəbiyyatı” kitabxanaları açıldı. O dövr üçün proqressiv olan məktəblərdə, xüsusən də qızlar məktəbində polyak əsilli müəllimlər də dərs deyirdi. Bakı Qubernatorunun Dəftərxanasında 10 nəfər polyak çalışırdı. 1878-1894-cü illərdə icra başçısı polyak əsilli Stanislav İvanoviç Despot-Zenoviçin Bakı şəhərinin quruculuq işlərində xidmətləri olmuşdu. XIX əsrdə bir sıra polyak memarları Bakıda, Gəncədə, Şəkidə, Şuşada, Şamaxıda görkəmli binaların memarları olmuşdu. Bunlardan Azərbaycan Milli Elmlər Akademiyasının, Bakı şəhər İcra hakimiyyətinin, M. Muxtarovun sarayının, M.Nağıyevin mülkünün, Azərbaycan Dövlət Tarix Muzeyinin və Dövlət Kukla Teatrının binalarını göstərmək olar.
Azərbaycan neft sənayesinin inkişafında polyak neftçiləri P. Pototski və V. Zqlenitski mühüm yer tuturdular. V. Zqlenitski dünyada ilk dəfə Xəzər dənizinin şelfində neft çıxarmanın layihəsini vermiş, P. Pototski isə onun həyata keçirilməsində iştirak etmişdi.(12) XIX əsrin ortalarında Azərbaycanın qəhrəmanlıq dastanı olan “Koroğlu” polyak Xodzko tərəfindən tərcümə edilərək ingilis və fransız dillərində nəşr olunmuşdu.
1918-ci ildə Azərbaycan Demokratik Respublikasının ilk milli ordusunun qərargah rəisi milliyətcə polyak olan general Sulkeviç olub. Birinci dünya müharibəsindən sonra polyaklar Polşadan deportasiya olunarkən on minlərlə insan Azərbaycana gəlib.(8)
XIX əsrin sonu XX əsrin əvvəllərində Azərbaycan ilə Polşa arasında əlaqələr yalnız iqtisadi və mədəni baxımdan deyil, həmçinin siyasi sahədə də inkişaf etməyə başladı. 1918-ci ildə Azərbaycan Demokratik Respublikası Polşada səfirlik təsis etdi, Polşa isə ADR-də konsulluq açaraq bu səlahiyyəti S. Rılskiyə həvalə etdi. Polşa hökuməti yüksək səviyyəli diplomatları Bakıya göndərərək Polşa tərəfindən Azərbaycana hər cür dəstək verməyə hazır olduğunu bildirirdi. ADR Milli Ordusunun Baş Qərargah rəisi polyak M.Sulkeviç, artilleriya komandanı isə polkovnik E.Dunin-Martsinkeviç idilər. M.Sulkeviç Azərbaycanda XI ordu tərəfindən həbs edilərək, Bayıl həbsxanasında güllələnmişdi.(12)
1918-1920-ci illərdə mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyəti dövründə iki dövlətin hakimiyyət nümayəndələri arasında görüşlər keçirilmiş, dövlətlərarası əlaqələr qurulmuşdu. 1919-cu ildə Paris sülh konfransında iki dövləti təmsil edən nümayəndə heyətlərinin görüşü keçirildi. Bu görüşdə Azərbaycanı xarici işlər naziri və nümayəndə heyətinin rəhbəri Əlimərdan bəy Topçubaşov, Polşanı isə Nazirlər Şurasının sədri İqnasi Yan Paderevski və bu ölkənin nümayəndə heyətinin rəhbəri Roman Dımovski təmsil edirdi. Həmin dövrdə Polşa Azərbaycanın dövlət müstəqilliyini tanıyan ilk dövlətlərdən oldu.
AXC-nin süqutundan sonra bir çox azərbaycanlı siyasətçiləri və dövlət xadimləri Polşaya mühacirət etdilər. Onların mühacir həyatına Polşanın tanınmış dövlət xadimi Y. Pilsudski himayədarlıq edirdi.(12)
Sonrakı illərdə hər iki ölkənin SSRİ nəzarətində olması Azərbaycan və Polşa arasında müxtəlif sahələr üzrə əlaqələrin mövcud olmasına şərait yaradırdı. Azərbaycan yenidən müstəqillik qazandıqdan sonra da iki ölkə arasında münasibətlər yeni formada təşəkkül taparaq inkişaf etdi.
Polşa 1991-ci il dekabrın 27-də Azərbaycanın dövlət müstəqilliyini tanıdı. Azərbaycan ilə Polşa arasında diplomatik münasibətlər 1992-ci il fevralın 21-də quruldu.(7)
Azərbaycanla Polşa arasında diplomatik-siyasi sahədə münasibətlərin inkişafına ehtiyac var idi. Azərbaycan Respublikasının Polşa ilə münasibətləri inkişaf etdirməsi onun xarici siyasətinin tərkib hissəsi idi. SSRİ dövründə iqtisadi və mədəni sahədə mövcud olan münasibətlər qarşılıqlı əməkdaşlığın yeni sahələrini müəyyənləşdirməyi labüd edirdi.
Polşa da Azərbaycana xüsusi maraq göstərirdi. Azərbaycanın Şərqlə Qərb arasında əlverişli strateji-coğrafi mövqedə yerləşməsi, zəngin karbohidrogen ehtiyatlara malik olması Polşanın maraq dairəsində idi.
Azərbaycan, eyni zamanda Dağlıq Qarabağ münaqişəsinin həllində əsas vasitəçi olan ATƏT-in Minsk Qrupunun səylərinin artırılmasına çalışırdı. Bu kontekstdə Polşanın ATƏT-ə sədrlik etməsi vacib amil idi.(14,II hissə, s. 105)
Münasibətlərin inkişafında Azərbaycan Prezidenti Heydər Əliyevin 1997-ci il avqustun 25-28-də Polşaya rəsmi səfəri mühüm rol oynadı. Bu, Prezident Heydər Əliyevin Polşaya ilk rəsmi səfəri idi. Polşa Prezidenti Aleksandr Kvasnevski ilə keçirilən təkbətək görüşdə Azərbaycan Prezidenti Heydər Əliyev Ermənistanın Azərbaycana qarşı təcavüzü, münaqişənin ATƏT-in Lissabon sammitinin prinsiplərinə uyğun olaraq həllinə tərəfdar olduğunu bildirdi.(10, XII kitab,s.20-21)
Polşa Prezidenti Aleksandr Kvasnevski ölkəsinin ATƏT-də sədrliyi müddətində Dağlıq Qarabağ münaqişəsinin ədalətli həllinə nail olmaq üçün əlindən gələni əsirgəməyəcəyini bəyan etdi. Prezidentlər arasında keçirilən görüşdə Azərbaycanın Polşanın NATO-ya üzvlüyü məsələsində onu dəstəkləməsi ifadə olundu. Danışıqlar zamanı qarşılıqlı olaraq diplomatik nümayəndəliklərin açılması məsələsi də müzakirə edildi. Azərbaycan Prezidenti Heydər Əliyev Polşanın Avroatlantik strukturlara inteqrasiyasını yüksək qiymətləndirdi: “Avropa təhlükəsizliyinin möhkəmlənməsində, Avropa strukturlarında özünü təsdiqləməkdə Polşanın təcrübəsi bizim üçün qiymətlidir. Mən bilirəm ki, Polşa Avropa Birliyinin üzvü olmağa çalışır. Biz bunu da alqışlayırıq. Biz Avropa Birliyi ilə əməkdaşlq haqqında bəyannaməni ancaq imzalamaq imkanına malik olmuşuq. Polşanın oraya daxil olması çox yaxşı hal olacaqdır. Əlbəttə, biz Avropa – Atlantik Tərəfdaşlıq Şurasının üzvüyük və burada fəal əməkdaşlıq edirik. Polşanın bu təcrübəsi də, Avropa – Atlantik Tərəfdaşlıq Şurası çərçivəsində əməkdaşlığımız da bizim üçün faydalıdır”(10, XII kitab,s.25). Səfər zamanı Azərbaycanın NATO-nun “Sülh naminə tərəfdaşlıq Proqramı”nda iştirakı müsbət qarşılandı.
Heydər Əliyev Polşaya səfəri çərçivəsində Polşa seyminin marşalı Yuzef Zıx, Polşa senatının vitse-marşalı xanım Zofiya Kuratovskaya, xarici işlər naziri Darius Rosati, Nazirlər Şurasının sədri Vlodzimey Cimoşeviç ilə keçirdiyi danışıqlarda ölkədə keçirilən islahatlar, Ermənistanın Azərbaycana təcavüzü haqqında fikir mübadiləsi aparıldı.(10, XII kitab,s.25-36)
Prezident Heydər Əliyevin Polşaya rəsmi səfəri zamanı iki ölkə arasında dostluq və əməkdaşlığın inkişaf etdirilməsi haqqında 9 bənddən ibarət bəyannamə və xarici işlər nazirlikləri arasında əməkdaşlıq haqqında müqavilə, iqtisadi sahədə əlaqələri əhatə edən sazişlər imzalandı. (14, II hissə, s.106)
Azərbaycanın dövlət başçısının Polşaya ilk rəsmi səfərinin mühüm nəticələri oldu. Azərbaycanla Polşa arasında diplomatik-siyasi sahədə praktik addımlar atıldı. İki ölkə arasında müqavilə-hüquq bazası yaradıldı. Hər iki dövlətin ərazisində diplomatik nümayəndəliklərin açılması haqqında razılığa gəlindi. Polşa eyni zamanda Azərbaycanın da iştirak etdiyi nəqliyyat layihələrində və Azərbaycan neftinin Avropaya ixrac edilməsində maraqlı tərəf idi.
İki ölkə arasında münasibətlərdə mühüm mərhələni 1999-cu il oktyabrın 27-29-da Polşa Prezidenti Aleksandr Kvasnevskinin Azərbaycana rəsmi səfəri təşkil edirdi. Polşa Prezidentinin Azərbaycana ilk rəsmi səfəri zamanı aparılan danışıqlarda Ermənistanın Azərbaycana təcavüzü, Dağlıq Qarabağ münaqişəsinin dinc yolla nizamlanması məsələləri müzakirə edildi. Baltik dənizi ilə Qara dəniz, Cənubi Qafqaz ilə Mərkəzi Avropa arasında regional əməkdaşlıqda, Azərbaycan neftinin Xəzər dənizindən Qərbi Avropaya nəql edilməsində qarşılıqlı maraq ifadə olundu.
Azərbaycan Prezidenti Heydər Əliyev Avroatlantik strukturlara inteqrasiya baxımından Polşa ilə münasibətlərin böyük önəm kəsb etdiyini bildirdi: “... Çünki Azərbaycan Avropanın bir hissəsidir, özü də Avropa qitəsinin qurtaracağında yerləşir, Azərbaycandan sonra Asiya başlanır. Avropa ilə Asiya arasında yerləşən ölkə kimi, Azərbaycan bütövlükdə ölkələrin, xüsusən Qərb və Şərq ölkələrinin öz aralarında münasibətləri üçün, hesab edirəm, az rol oynamır, odur ki, Polşa ilə əməkdaşlıq bizim üçün böyük əhəmiyyətə malikdir”(10, İyirmi ikinci kitab,s. 158).
Görüş zamanı Polşa xarici işlər nazirinin müavini Pşemıslav Qrudzinski Polşanın təhlükəsizlik məsələləri, eyni zamanda NATO çərçivəsində Azərbaycanla münasibətlərə önəm verdiyini, alyansın Cənubi Qafqazda strategiyasını müəyyənləşdirməyin vacib amil olduğunu bildirdi.Səfər zamanı siyasi əməkdaşlıq sahəsində imzalanan ən mühüm sənəd Azərbaycan və Polşa prezidentlərinin birgə bəyanatı oldu.(10, XXII kitab, s. 155-164)
Bəyanata görə, tərəflər Avroatlantik strukturlara inteqrasiya prosesində qarşılıqlı fəaliyyət göstərəcəkdilər. Sənəddə Azərbaycan və Polşa beynəlxalq münasibətlərdə zor işlətmək və ya zor işlətməklə hədələməyin yol verilməzliyi prinsiplərinin yerinə yetirilməsində və bununla bərabər Birləşmiş Millətlər Təşkilatı, Avropa Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı, habelə digər beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın inkişaf etdirilməsində öz iradələrini təsdiq etdilər. Onlar, münaqişələrin BMT-nın Nizamnaməsinə və ATƏT-nın sənədlərinə uyğun olaraq, dövlətlərin ərazi bütövlüyü və sərhədlərinin toxunulmazlığı əsasında sülh yolu ilə həll edilməsinə tərəfdar olduqlarını bildirdilər. Demokratik dəyərlərin, qanunun aliliyinin, insan hüquqları və əsas azadlıqlarının, o cümlədən milli azlıqların hüquqlarının qorunmasının əhəmiyyəti qeyd olundu.(1)
Polşa prezidentinin Azərbaycana səfərinin mühüm siyasi əhəmiyyəti var idi. Bu səfər ilə iki ölkə arasında münasibətlərin hüquqi əsası yaradıldı. Beynəlxalq təşkilatlarda qarşılıqlı olaraq bir-birinin mövqeyini müdafiə etmək, siyasi dialoq və qanunverici təsisatlar arasında münasibətlərin inkişafı istriqamətində razılıq əldə edildi.
Qarşılıqlı rəsmi səfərlər öz bəhrəsini verirdi. 1998-ci ildə Polşanın Bakıda səfirliyi açıldı. Ona qədər isə Polşanın Ankaradakı səfiri Azərbaycana da akkreditə olunmuşdu.(17)
2000-2001-ci illərdə Polşa ilə Azərbaycan arasında təhlükəsizlik sahəsində münasibətlər genişləndirildi, xarici işlər nazirlikləri arasında məsləhətləşmələr həyata keçirildi. 2004-cü il avqustun 30-da Azərbaycanın Polşada səfirliyi açıldı.(7)
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev də Polşa ilə münasibətlərin inkişafına böyük əhəmiyyət verdi. 2005-ci il martın 30-31-də Azərbaycan Prezidenti İlham Əliyev Polşada rəsmi səfərdə oldu. Bu səfər Azərbaycanla Polşa arasında siyasi, hərbi sahələrdə əməkdaşlığın inkişaf etdirilməsində mühüm əhəmiyyətə malik idi. Səfər zamanı iki ölkə arasında müdafiə sahəsində əməkdaşlıq haqqında saziş imzalandı.(2)
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev müxtəlif vaxtlarda – Varşavada 2005-ci il mayın 17-də Avropa Şurasının III Sammitində, 2007-ci il mayın 11-12-də Krakov Enerji Sammitində iştirak etmək məqsədilə işgüzar səfərlərdə oldu.(7)
Azərbaycan Prezidenti İlham Əliyevin 2008-ci il fevralın 26-27-də Polşaya rəsmi səfəri ikitərəfli müqavilə və sazişlərin imzalanması baxımından əhəmiyyətli oldu. Fevralın 26-da Azərbaycan və Polşa dövlət başçısı arasında Birgə bəyannamə imzalandı. Bəyannaməyə görə, tərəflər strateji tərəfdaşlıq münasibətlərinin gücləndirilməsi sahəsində siyasi dialoq aparacaq, BMT, ATƏT, GUAM və digər beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın səmərəliliyini artırmaq istiqamətində səylərini davam etdirəcəkdilər. Sənəddə Dağlıq Qarabağ münaqişəsinin BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələri və ATƏT-in Lissabon Sammitinin üç prinsipinə uyğun olaraq, Azərbaycan Respublikasının suverenliyi, ərazi bütövlüyü və sərhədlərinin toxunulmazlığına hörmət əsasında sülh yolu ilə həllinin əhəmiyyəti vurğulanır, sülh əməliyyatları, silahlı qüvvələrə demokratik nəzarət və müdafiə və təhlükəsizlik sektorunda islahatlar sahəsində əməkdaşlığı genişləndirmək məqsədilə, Avroatlantika Tərəfdaşlıq Şurası və NATO-nun Sülh Naminə Tərəfdaşlıq Proqramı çərçivəsində sıx əməkdaşlığı dəstəklədiklərini ifadə edirdilər. Azərbaycanın Avropa təsisatlarına inteqrasiyasının inkişafı baxımından Avropa Qonşuluq Siyasətinin həyata keçirilməsinin və Avropa İttifaqı ilə Azərbaycan arasında Fəaliyyət Planının qəbul edilməsinin əhəmiyyətini qeyd etdilər. Bu kontekstdə, 1 mart 2007-ci il tarixində Bakı şəhərində imzalanmış “Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi və Polşa Respublikası Xarici İşlər Nazirliyi arasında Avropaya inteqrasiya üçün 2007-2008-ci illərdə əməkdaşlıq haqqında Memorandum”un, eləcə də Azərbaycan və Vişeqrad qrupu arasında sıx əməkdaşlığın əhəmiyyəti vurğulandı.(3)
Azərbaycan Prezidenti İlham Əliyev iki ölkə arasında imzalanan bəyannaməni qarşılıqlı münasibətlərin bütün aspektlərini əhatə etmək baxımından yüksək dəyərləndirdi: “Polşa bütün dövrlərdə Ermənistan–Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normalarına uyğun şəkildə, ölkələrin ərazi bütövlüyü çərçivəsində həll olunmasının tərəfdarı olmuşdur. Siz bu mövqeyi bu gün də təkrarladınız. Bu, münaqişənin həlli üçün çox əhəmiyyətlidir”.(16) Azərbaycan Prezidenti İlham Əliyev Ermənistanın Azərbaycana qarşı etnik təmizləmə siyasəti, Xocalı soyqırımı haqqında Polşanın dövlət başçısına məlumat verdi.
Polşa Prezidenti Lex Kaçinski Azərbaycanın Polşanın strateji müttəfiqi olduğunu və Polşanın Azərbaycanın Avroatlantik strukturlarla münasibətlərinin inkişaf etdirilməsində yardım göstərməyi vacib saydığını bəyan etdi. Polşanın dövlət başçısı Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ölkəsinin Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini, beynəlxalq hüquqa əsasən Dağlıq Qarabağ ərazisinin Azərbaycanın bir hissəsi olduğunu bəyan etdi.
Azərbaycan Prezidenti İlham Əliyev Polşanın Baş naziri Donald Tusk, Polşa senatının marşalı Boqdan Boruseviç ilə də görüşlər keçirdi. İki ölkə arasında parlament səviyyəsində əməkdaşlığın Avropanın parlament strukturları, eləcə də Avropa Şurası Parlament Assambleyası və digər təşkilatlarla əlaqələrin genişlənməsi işinə xidmət etdiyi bildirildi. (11, XXIX kitab, s. 39-56)
Polşa prezidentləri olmuş Lex Kaçinskinin (30-31 mart 2007-ci ildə rəsmi, 18-19 iyun 2007-ci ildə GUAM sammitində iştirak məqsədilə, 12 avqust 2008-ci ildə Gürcüstana işgüzar səfər edərkən Gəncəyə, 14 noyabr 2008-ci ildə IV Bakı Enerji Sammitində iştirak etmək məqsədilə və 2-3 iyul 2009-cu ildə rəsmi səfər) və Bronislav Komorovskinin (24-26 iyul 2011-ci ildə rəsmi səfər) Azərbaycana səfərləri qarşılıqlı münasibətlərin inkişaf etdirilməsi baxımından mühüm əhəmiyyət daşıyırdı. Bu səfərlər zamanı imzalanan hüquqi sənədlər iki ölkə arasında siyasi, iqtisadi və digər sahələrdə əməkdaşlığın inkişaf etdirilməsinə xidmət edirdi.
Polşa Prezidenti Lex Kaçinskinin 2009-cu ildə Azərbaycana səfəri çərçivəsində Azərbaycan Respublikası Təhlükəsizlik Şurası və Polşa Respublikası Milli Təhlükəsizlik Bürosu arasında 2009-2010-cu illər üçün Əməkdaşlıq Cədvəli imzalandı. Sənədə əsasən, Azərbaycan və Polşanın təhlükəsizliyi üçün ümumi təhdidlər və çağırışlar təfsilatı, bu məsələlərin həlli istiqamətində fəaliyyətlər, regionda “dondurulmuş münaqişələrin” həlli, Avropa Təhlükəsizlik və Müdafiə Siyasəti (ATMS) proqramlarının həyata keçirilməsində Azərbaycanın iştirakının cari vəziyyəti və perspektivləri, Azərbaycan – Avropa İttifaqı və Azərbaycan Avroatlantik əməkdaşlığının mövcud durumu, transmilli cinayətkarlıqla mübarizədə əməkdaşlığın genişləndirilməsi, sərhəd təhlükəsizliyinin təmin olunması, Azərbaycan və Polşada təhlükəsizlik sektorunda islahatların həyata keçirilməsi təcrübəsinin mübadiləsi sahəsində məsləhətləşmələr həyata keçiriləcəkdi.(4)
2011-ci ilin iyul ayında Polşa Prezidenti Bronislav Komorovskinin Azərbaycana rəsmi səfəri zamanı Azərbaycan – Avropa İttifaqı münasibətləri geniş müzakirə edildi. Dövlət başçıları arasında keçirilən görüşdə Xəzər dənizi – Qara dəniz – Baltik dənizi ölkələri arasında əməkdaşlığın daha da intensivləşdirilməsinin Polşa–Azərbaycan əlaqələrinin inkişafında mühüm rol oynadığı bildirildi.(6)
Qeyd edək ki, Polşa Azərbaycanın Avropa İttifaqı ilə assosiativ üzvlük haqqında sazişin imzalanması istiqamətində danışıqların aparılmasını dəstəkləyirdi. Polşa eyni zamanda Avropa İttifaqının təsdiq etdiyi və Azərbaycan neftinin Avropaya nəqlini nəzərdə tutan Odessa-Brodı-Plotsk-Qdansk boru kəmərinə də siyasi baxımdan dəstəyini ifadə edirdi.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2017-ci il iyunun 26-28-də Polşaya rəsmi səfər etdi. Bu, Azərbaycan dövlət başçısının 2008-ci ildən sonra Polşaya ilk rəsmi səfəri idi. Prezident İlham Əliyevin Polşaya səfəri çərçivəsində “Azərbaycan Respublikası ilə Polşa Respublikası arasında Tərəfdaşlıq və İqtisadi Əməkdaşlığa dair Yol Xəritəsi haqqında Birgə Bəyannamə” eləcə də digər 5 sənəd imzalandı.(5)
Azərbaycan Prezidenti İlham Əliyevlə keçirilən görüşdə Polşa Prezidenti Andjey Duda Azərbaycanın Avropa ilə Asiya arasında əhəmiyyətli körpü olduğunu bildirdi. Prezident Andjey Duda Azərbaycanı vacib tərəfdaş, Şərq tərəfdaşlığı proqramında əhəmiyyətli dövlət adlandırdı.(18) Azərbaycan Prezidenti İlham Əliyev imzalanan sənədlərin, xüsusilə də “Azərbaycan Respublikası ilə Polşa Respublikası arasında Strateji Tərəfdaşlıq və İqtisadi Əməkdaşlığa dair Yol Xəritəsi haqqında Birgə Bəyannamə”nin münasibətlərin daha da inkişafı üçün iki ölkənin siyasi iradəsinin göstəricisi olduğunu vurğuladı. Dövlət başçısı siyasi münasibətlərin yüksək səviyyəsinin iqtisadi əlaqələr üçün də yeni perspektivlər açdığını bildirdi.(15)
Azərbaycan Prezidenti İlham Əliyev səfər çərçivəsində Polşa seyminin marşalı Stanislav Karçevski ilə görüşdü. Görüşdə parlamentlərarası əməkdaşlığın böyük önəm daşıdığı vurğulandı, Polşanın BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilməsində Azərbaycanın göstərdiyi dəstəyə görə seymin marşalı Prezident İlham Əliyevə minnətdarlığını ifadə etdi.(13)
Beləliklə, tədqiq edilən illərdə qarşılıqlı rəsmi səfərlərin həyata keçirilməsi siyasi və digər sahələrdə münasibətlərin inkişafına şərait yaradır, yeni əməkdaşlıq istiqamətlərinin müəyyənləşdirilməsinə imkan verirdi.
İki ölkə arasında yüksək səviyyəli görüşlər də keçirilirdi. 2017-ci ilin oktyabr ayında Polşanın xarici işlər naziri Vitold Vaşçikovski Azərbaycanlı həmkarı Elmar Məmmədyarovla görüşdü. Görüş zamanı polşalı nazir Azərbaycan kimi təhlükəsiz ölkənin polşalı turistlər üçün əlverişli olduğunu bildirdi. Polşanın ərazi bütövlüyü, sərhədlərin toxunulmazlığı ilə bağlı birmənalı mövqe nümayiş etdirməsini yüksək qiymətləndirən xarici işlər naziri Elmar Məmmədyarov iki ölkə arasında qədim tarixə malik əlaqələrin olduğunu vurğulayaraq, Polşa, Baltik dənizi, Ukrayna, Gürcüstan və Azərbaycandan Çinə qədər uzanan nəqliyyat dəhlizinin müzakirə olunduğunu, Avropa İttifaqı ilə əməkdaşlığın Azərbaycanın xarici siyasət prioritetlərindən biri olmasını söylədi.(9)
Tədqiq edilən illərdə Azərbaycanla Polşa arasında parlamentlərarası münasibətlər də inkişaf edirdi. Polşa senatının marşalı B.Boruseviçin 2006-cı il noyabrın 8-10-da rəsmi və 2008-ci il iyunun 18-20-də Azərbaycan Respublikası parlamentinin 90 illiyi ilə əlaqədar Bakıda keçirilən təntənəli tədbirlərdə iştirak məqsədilə Azərbaycana səfərləri, 2007-ci il mayın 22-də Milli Məclisin sədri O.Əsədovun rəsmi və 2008-ci il noyabrın 10-12-də Polşa Respublikasının yaranmasının 90 illik yubileyi ilə əlaqədar keçirilən tədbirdə iştirak məqsədilə Polşaya səfərləri qanunvericilik orqanları arasında əməkdaşlığın möhkəmləndirlməsi baxımından əhəmiyyət daşıyırdı.(7)
Ümumiyyətlə, tədqiq edilən illərdə Azərbaycanla Polşa arasında münasibətlərə bir sıra amillər təsir edirdi. Polşanın Avropa İttifaqının və NATO-nun üzvü olması Azərbaycanın Avroatlantik strukturlara inteqrasiyasında əhəmiyyətli rol oynaya bilərdi. Azərbaycanla Polşa arasında münasibətlərdə Ermənistanın Azərbaycana qarşı təcavüzü məsələsi daim müzakirə olunurdu. Polşa Azərbaycanın ərazi bütövlüyünü müdafiə edir, Azərbaycanı Cənubi Qafqazda vacib tərəfdaş hesab edir. Polşa Azərbaycan neftinin Avropaya nəqlində, nəqliyyat layihələrində iştirak etməkdə maraqlıdır.
ƏDƏBİYYAT
1. Azərbaycan Respublikası Prezidenti Heydər Əliyevin və Polşa Respublikası Prezidenti Aleksandr Kvasnevskinin Birgə Bəyanatı // http://www.e-qanun.az/framework/250
2. Azərbaycan Respublikası ilə Polşa Respublikası arasında 2005-ci il martın 30-da Varşava şəhərində imzalanmış sənədlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı // http://www.e-qanun.az/framework/10474
3. Azərbaycan Respublikası Prezidenti və Polşa Respublikası Prezidentinin Birgə Bəyannaməsi // http://www.e-qanun.az/framework/15066
4. Azərbaycan Respublikası Təhlükəsizlik Şurası və Polşa Respublikası Milli Təhlükəsizlik Bürosu arasında 2009-2010-cu illər üçün Əməkdaşlıq Cədvəli // http://www.e-qanun.az/framework/18313
5. Azərbaycan Respublikasının Prezidenti, cənab İlham Əliyevin Polşa Respublikasına rəsmi səfəri // http://www.baku.msz.gov.pl/ az/x_b_rl_r/az _rbaycan_respublikas_n_n_prezidenti__c_nab_ilham__liyevin_polsa_respublikas_na_r_smi_s_f_ri
6. Azərbaycan və Polşa prezidentləri birgə mətbuat konfransı keçirmişlər // https://president.az/articles/2836/print
7. Azərbaycan – Polşa münasibətləri // http://warsaw.mfa.gov.az/content/3
8. Azərbaycan – Polşa münasibətləri // http://lib.aliyev-heritage.org/az/ 7202360. Html
9. Azərbaycan – Polşa münasibətləri müzakirə olunub // http://cbc.az/az/az/v _story/azrbaycan-pola-mnasbtlr-mzakr-olunub
10. Əliyev H. Ə. Müstəqilliyimiz əbədidir: çıxışlar, nitqlər, bəyanatlar, məktublar, müsahibələr (iyun,1993 - may, 1994). 45 cilddə: XII kitab. Bakı: Azərnəşr, 2004, 432 s.; XXII kitab. Bakı: Azərnəşr, 2007, 528 s
11. Əliyev İ. H. İnkişaf – məqsədimizdir: XXIX kitab: fevral 2008-aprel 2008. Bakı: Azərnəşr, 2016, 400 s.
12. Həsənov H. Azərbaycan – Polşa diplomatik əlaqələrinin 540 illik tarixi // http://www.azhistorymuseum.az/index.php?mod=5&id=445
13. İlham Əliyev Polşa Senatının marşalı ilə görüşüb // https://az.president.az/ articles/24452
14. Qasımlı M. C. Azərbaycan Respublikasının xarici siyasəti (1991-2003). 2 hissədə: I hissə, Bakı: Mütərcim, 648 s.; Qasımlı M. C. Azərbaycan Respublikasının xarici siyasəti (1991-2003). 2 hissədə: II hissə, Bakı: Mütərcim, 664 s.
15. Polşa Respublikasının Prezidenti Andjey Dudanın adından İlham Əliyevin şərəfinə rəsmi ziyafət verilib // https://az.president.az/articles/24455
16. Prezident İlham Əliyevin Polşaya rəsmi səfərinə dair birgə mətbuat konfransında dövlət başçılarının bəyanatları, Azərbaycan Prezidenti İlham Əliyevin bəyanatı // http://archive.president.az/articles.php?item_id= 20080227100605816&sec_id=70
17. Bilateral cooperation // http://www.baku.msz.gov.pl/en/wspolpraca_ obustronna/
18. President Duda: Azerbaijan important bridge between Europe and Asia // http://www.president.pl/en/news/art,480,president-duda-azerbaijan-important-bridge-between-europe-and-asia-.html
Açar sözlər: siyasi əlaqələr, təhlükəsizlik əlaqələri, münaqişələrin həlli, transmilli cinayətkarlığa qarşı mübarizə, parlamentlərarası əlaqələr
Ключовые слова: политические отношения, отношения безопасности, разрешение конфликтов, борьба против транснациональной преступности, межпарламентские отношения
Key words: political relations, security relations, conflict resolution, struggle against transnational crime, inter-parliamentary relations
Political relations between Azerbaijan and Poland
Resume
In article the relations with Poland are considered that is one of the important directions of foreign policy of Azerbaijan. In article it is noted that development of the relations with Poland is important from the point of view of development of cooperation with the countries by Eastern Europe and also with the European Union and NATO.
In article are emphasized that the political relations between Azerbaijan and Poland, cover the definition of threat to security and joint activities of the countries for the solution of these problems, settlement of «the frozen conflicts» in the region, current state and the prospects of participation of Azerbaijan in implementation of programs of the European security and military policy, a present condition of the relation Azerbaijan-EU and Euro-Atlantic cooperation of Azerbaijan, expansion of cooperation in fight against transnational crime, ensuring boundary safety, carrying out consultations on exchange of experience in reforming of the sphere of security in Azerbaijan and Poland and other questions.
Политические отношения Азербайджана с Польшей
Резюме
В статье рассматриваются отношения с Польшей, что является одним из важных направлений внешней политики Азербайджана. В статье отмечается, что развитие отношений с Польшей имеет важное значение с точки зрения развития сотрудничества со странами Восточной Европой, а также с Европейским союзом и НАТО.
В статье подчеркиваются что политические отношения между Азербайджаном и Польшей охватывает определение угрозы безопасности и совместная деятельность стран по решению этих проблем, урегулирование «замороженных конфликтов» в регионе, текущее состояние и перспективы участия Азербайджана в реализации программ европейской безопасности и военной политики, нынешнее состояние отношения Азербайджан-ЕС и Евроатлантического сотрудничества Азербайджана, расширение сотрудничества в борьбе с транснациональной преступностью, обеспечение пограничной безопасности, проведение консультаций по обмену опытом в реформировании сферы безопасности в Азербайджане и Польше и другие вопросы.
"GEOSTRATEGİYA" jurnalı №05 (47) SENTYABR-OKTYABR 2018
Strategiya.az
Heydər Əliyev uzaqgörənliyinin və İlham Əliyev dühasının təntənəsi
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM