Vəfa NAĞIYEVA
Psixologiya üzrə fəlsəfə doktoru
Müasir dövrdə emosional tükənmə sindromu (ETS) anlayışı və sindromun öyrənilmə tarixi, formalaşma modelləri, inkişaf mərhələləri və simptomları məsələləri araşdırılır. Xüsusi vurğulanır ki, sindrom dünya psixologiya elmində nisbətən yeni, ən az öyrənilmiş, aktual problemlərdəndir və bu problem Azərbaycanda öyrənilməmişdir. Bizim araşdırmalar ilk təşəbbüsdür (1; 2). Bu məqalədə sidromun pedaqoqlarda və digər sosionomik peşə nümayəndələrində yaranmasına təsir göstərən amillərdən bəhs edilir.
Ümumiyyətlə, peşələr müxtəlif meyarlar əsasında müxtəlif cür də qruplaşdırılır. Əməyin predmeti meyarına, yəni insanın iş fəaliyyəti prosesində nə ilə üzləşməsi, fəaliyyətinin nə ilə əlaqədar olması meyarına uyğun olaraq peşənin beş tipi ayırd edilir: “İNSAN – TƏBİƏT”, “İNSAN – TEXNİKA”, “İNSAN – İNSAN”, “İNSAN – İŞARƏLƏR SİSTEMİ”, “İNSAN – BƏDİİ OBRAZ”. Sosionomik peşə deyəndə əmək predmeti insan olan (məsələn, həkimlik, müəllimlik, psixoloq, hüquqşünas və s.) peşələr nəzərdə tutulur. Heç şübhəsiz, sosionomik peşələrdə peşə sahibləri ilə “əmək predmeti” arasında müəyyən emosional münasibətlər labüddür. Lakin xoşagəlməz hallarda yaranan emosional gərginlik xroniki patoloji hala çevrilə bilir. Bu isə emosional tükənmədir. Onun təzahürləri, bir qayda olaraq, belə təsvir edilir: emosional, əqli və fiziki üzülmə – depressiv hal, yorğunluq və boşalmışlıq hissi, enerji və şövq çatışmazlığı, öz əməyinin pozitiv nəticələrini görmək qabiliyyətini itirmə, işə və bütövlükdə həyata qarşı neqativ köklənmə, müştərilərə (təhsilalanlara, pasiyentlərə) mənfi münasibət və s. (1).
Göstərilən sosionomik peşələrin mütəxəssisləri, o cümlədən ali məktəb müəllimləri, insanlarla həmişə intensiv təmasda olurlar və deməli, yüksək emosional yüklənməyə də məruz qalırlar. Bunun səbəbi aşağıdakı amillərdir: çoxlu sayda yüksək emosional gərginlikli təmaslarla dolu iş günü; ünsiyyətin nəticəsinə görə böyük məsuliyyət, nəticənin isə yalnız işçidən deyil, həm də onun ünsiyyətdə olduğu tərəf-müqabilindən asılı olması (onların xüsusiyyətlərini və qarşılıqlı əlaqəyə motivasiyasını başa düşmək lazımdır); gərgin ünsiyyət situasiyalarının tezliyi (27; 28).
İstehsalat stressi probleminə emosional tükənmə sindromu çərçivəsində tədqiqatçı marağı artmaqdadır. Nəticədə, ETS-in yaranmasına gətirib çıxaran çoxsaylı amillər (stressorlar) aşkar edilmişdir.
ETS-ə həsr edilmiş tədqiqatlarda müxtəlif konsepsiyalardan istifadə olunduğundan, həmin amilləri çoxluğun qəbul etdiyi kateqoriyalaşdırmanın yaradılmasında çətinliklər meydana çıxır. Belə təsnifatlardan daha çox populyar olanları burada göstərməyi məqsədəmüvafiq sayırıq.
Belə ki, V.A.Bodrova görə, ədəbiyyatda amillərin aşağıdakı kateqoriyalarına rast gəlinir:
- həll olunan məsələlərin peşə tələbləri və xarakteristikası;
- rol tələbləri və ya gözləntilər;
- təşkilati tələblər və gözləntilər;
- xarici tələblər və ya şərtlər;
- stress imkanları (arzuolunan nəyinsə olması imkanları);
- nailiyyətlərdə məhdudiyyət stressi;
- arzuolunan nəyəsə nail olmağın tələbləri, hərçənd bu nailiyyətin imkanları qeyri-müəyyəndir və s. (3; 22).
A.Y.Tabaçnikov emosional tükənmənin risk amillərini fərdi amillərə (işçinin özü ilə bağlı olanlar) və situasiya amillərinə (peşə fəaliyyəti şəraitlərilə bağlı olanlar) ayırır (26). Digər müəlliflər daha mürəkkəb təsnifatlar təklif edirlər. Onlar qeyd edilən iki qrupu bir neçə kateqoriyaya bölürlər. Məsələn, B.Perlman və Xartman və başqaları (23; 11) fərdi amilləri oxşar tərzdə ayırd edirlər, lakin situasiya amillərini rol və təşkilati amillərə bölürlər (15). Bir başqaları, əksinə, təşkilatla bağlı bütün amilləri bir qrupa aid edirlər, fərdi amilləri isə psixoloji (onları “fərdi” adlandıraraq) və sosial-demoqrafik amillərə bölürlər (20; 17;).
Müəlliflər işçi ilə bağlı ETS amilləri sırasına aşağıdakıları daxil edirlər:
1. Xarakter cizgiləri. Hazırda şəxsiyyət cizgiləri strukturunun peşə tükənməsi ilə əlaqələri haqqında məlumatların elmi ədəbiyyatda geniş və sistemli şəkildə təqdim edilməsi yetərincə deyil. B.Perlman empatiya səviyyəsi, şəxsiyyətin reaktivliyi, avtoritarizm və ETS-in inkişaf riski arasında əlaqənin mövcudluğunu qeyd edir. Bunun üçün ekstraversiyaya, astenizasiyaya meyillilik, impulsivlik, emosional rigidliklə birgə hissiyatlılıq (belə insanlar öz prestijlərini saxlamaq üçün çox narahat olurlar və həqiqi və yalançı ədalətsizliklə bağlı neqativ hisslərdən uzun müddət canlarını qurtara bilmirlər), neyrotizm (həyəcanlılıq) və onunla assosiasiya yaradan xarakteristikalar (6; 11; 25), aqressivlik (21; 10), aşağı özünüqiymətləndirməyə və dünyaya neqativ münasibətə meyillilik kimi xarakter cizgilərinin vacibliyi bir sıra müəlliflər tərəfindən vurğulanır
T.V.Bolşakovanın hesab edir ki, psixi tükənmənin formalaşmasına təkcə ayrı-ayrı xarakter cizgilərinin inkişaf səviyyəsi deyil, həm də onların struktur təşkilinin spesifikası əhəmiyyətli dərəcədə təsir edir. Arzuolunmayan subyektiv şəraitlərə özünüqiymətləndirmənin emosional və ya koqnitiv komponentləri hiperaktivləşmiş peşə adamları düşürlər.
T.V.Reşetovanın fikrincə, qeyri-emosionallıq da ETS-in inkişafına səbəb ola bilər. İ.İ.Qaletskaya və M.M.Melnik dünyaya müsbət yanaşan və yüksək özünühörmətə malik mütəxəssislərdə tükənmə ehtimalının daha az, tükənmə intensivliyinin daha aşağı olmasına diqqət yetirmişlər. A.Y.Tabaçnikov hesab edir ki, humanist həyat ustanovkasına malik olan, özlərini başqaları ilə eyniləşdirməyə meyilli insanlar ETS-ə daha artıq dərəcədə məruz qalırlar (26).
Bəzi alimlər ETS-in formalaşmasına səbəb olan şəxsiyyət cizgiləri məsələsini sindromun uğurlu profilaktika və korreksiyası üçün vacib sayırlar (4; 7).
Y.A.Leşukovaya görə, ETS-in yaranma riskinə hamıdan çox üç tip insanlar məruz qalır:
– Birinci tip “vasvasılardır”. Bu tipin əsas xarakteristikaları: mütləqliyə qədər qaldırılmış düzlük, həddindən artıq səliqəlilik, hər işdə nümunəvi qaydaya nail olmağa çalışmaq (hətta özünün ziyanına olsa belə).
– İkinci tip “nümayişkaranə” insanlardır. Bu tip insanlar hər şeydə birinciliyə, daima göz qabağında olmağa cəhd edirlər. Bununla belə, onlara nəzərəçarpmaz mühafizəkar işlərin icrası zamanı yüksək dərəcədə əldən düşmə xasdır.
– Üçüncü tip “emotiv” insanlardır. Emotiklər empatiyanın, qayğıkeşliyin yüksək səviyyəsi ilə seçilirlər (16).
2. Həll olunmamış şəxsiyyət münaqişələri. Pedaqoqun keçmiş psixi zədələrlə bağlı olan şəxsiyyət kimi yetişməməzliyi, təmin olunmamış şöhrətpərəstliyi və eqoizmi müəllim işini onun üçün cəlbedici edə bilər, ona görə ki, həmin iş ona diqqət mərkəzində olmaq, başqalarını idarə etmək, özünü başqalarından ağıllı hiss etmək imkanı verir. Bu tələbatlar həyat reallıqları ilə toqquşmada təmin olunmayanda emosional tükənmə sindromu yarana bilər. Ekzistensial psixologiya məktəbi zənn edir ki, tükənmə yaşayan insanlara işlərində ekzistensial məna çatışmır – onlar özlərini gerçəkləşdirmir, işin köməyilə hakimiyyətə, rifaha, şöhrətə və digər məqsədlərə nail olmağa çalışırlar (13).
3. Müəyyən davranış strategiyalarından istifadə. Bir sıra alimlərin fikrincə, tükənmənin səviyyəsi ilə qeyri-effektiv kopinq-strategiyalar, eksternal lokus nəzarət, fərdi xüsusiyyətlər arasında əlaqənin olmasına dəlalət edən məlumatlar mövcuddur (26; 11).
4. Həyatməqsədli (həyatmənalı) oriyentasiyalar. Y.Q. Ojoqova qeyd edir ki, emosional tükənmə sindromunun ifadə olunmadığı və cüzi ifadə olunduğu peşə adamları (onlara “islahatçı” və “harmoniyalaşdırıcı” tipləri uyğundur) üçün həyatmənalı oriyentasiyalar sistemində komponentlərin harmonik nisbəti və “mənəvi məmnunluq”, “yaradıcılıq” və “fəal sosial həyat” kimi terminal dəyərlərin üstünlüyü xarakterikdir. Eyni zamanda, sindroma qismən və ya tam şəkildə məruz qalan işçilərdə (“istifadəçilər” və “istehlakçılar”) həyatmənalı oriyentasiyalar sistemində uzlaşdırılmanın pozulduğu və terminal dəyərlərin dominantlığı – “öz fərdiliyini saxlamaq”, özünü inkişaf etdirmək” və “yüksək maddi vəziyyət” – müşahidə olunur (18).
5. Öz işinə nəzərən müəyyən ustanovkalar. L.S.Çutkonun fikrincə, əməkçilik ETS-in inkişafına səbəb olan vacib amillərdən biridir (29). Onun bu fikri ilə razılaşan V.Kozin qeyd edir ki, bir qayda olaraq, öz işinə əvəvldən laqeyd və etinasız yanaşanlar, peşə fəaliyyətində sosial nailiyyətlər və ya malikolma modusunu kerçəkləşdirənlər deyil, əksinə, əsil peşəkarlar “yanırlar”; bu, o insanlardır ki, onlar üçün fəaliyyət əvvəldən əhəmiyyətli olur, şüurlu şəkildə seçilir, fəaliyyəti məlum emosional münasibəti, başqa insanlara oriyentasiyanı nəzərdə tutur, yəni xidmət modusunu gerçəklşdirirlər.
6. Ailə problemləri. Çutkoya görə, qohumluq əlaqələrinin çatışmazlığı (sosial dayağı təmin edən amil kimi), ailədə psixoloji dəstəyin olmaması, qohumların müəllim peşəsinin spesifikasını yetərincə başa düşməməsi ETS-in formalaşmasında əhəmiyyətli rol oynayır.
7. Fərdin sosial-demoqrafik xarakteristikaları. ETS-in inkişaf riskini təhsil səviyyəsi, iqtisadi rifah, yaş və iş stajı sürəkliliyi ilə bağlayırlar.
Elmi ədəbiyyatda yaş və iş stajının ET-nin inkişaf riski ilə əlaqəsi haqqında ziddiyyətli məlumatlar verilir. Əgər bəzi müəlliflər bu əlaqənin müsbət xarakterə malik olmasını təsdiqləyirsə (9), digərləri gənc mütəxəssislərin, o cümlədən iş stajı bir ilə yaxın olanların ETS-in inkişafına daha artıq dərəcədə məruz qaldıqlarını yazırlar. Onların fikrincə, bu ona görə belədir ki, gənc mütəxəssislərin iş və insanlara kömək haqqında təsəvvürləri ideallaşdırılmış, real situasiya isə onların gözlənti və təsəvvürlərindən uzaq olur. Bundan başqa, gənc işçilərə öz peşə və şəxsiyyət imkanlarını olduğundan yüksək, şişirdilmiş qiymətləndirmək də xasdır. Bu isə tez əldən düşməyə və özlərinin real nailiyyətlərindən narazı qalmalarına gətirib çıxarır. ETS-in yaşlı mütəxəssislərdə yaranma ehtimalının az olmasının lehinə də bəzi dəlillər mövcuddur.
ETS-in meydana gəlməsi ehtimalına cinsin təsir etməsinə dair tədqiqatların nəticələri də ziddiyyətlidir. Tədqiqatçıların bir qismi hesab edir ki, kişilər tükənmə prosesinə qadınlardan daha çox məruz qalırlar, eyni zamanda, başqaları tamamilə əks qənaətə gəlirlər (Daniel, Gibson), üçüncü qisim müəyyənləşdirmişdir ki, kişilərdə depersonalizasiya üzrə daha yüksək göstəricilər müşahidə olunur, qadınlar isə daha artıq dərəcədə emosional əldən düşməyə məruz qalırlar (19). Alimlər bu fərqi, bir tərəfdən, kişilərdə instrumental dəyərlərin üstünlüyü ilə, digər tərəfdən, qadınlarda emosional qayğıkeşliyin daha çox olması və öz müştərilərinə qarşı daha az ifadə olunan özgələşmə ilə əlaqələndirirlər. Nigahda olanlar və uşaqları olanlar ETS-in yaranma riskinə az məruz qalırlar (17).
Bir sıra müəlliflər “emosional əprimə” sindromunun uğurlu profilaktikası və korreksiyası üçün riskin məhz fərdi amillərinin öyrənilməsi və aradan qaldırılmasını prinsipial şəkildə vacib hesab edirlər (4; 7). Bununla yanaşı, alimlərin bir çoxu ETS-in yaranmasında təşkilati amillərin dominant rolunu qeyd edir (11). Onların fikrincə, cəmiyyətdəki sosial-iqtisadi dəyişikliklərlə bağlı olaraq insanların işə münasibətləri də dəyişir: iş yerinin təminatlı olmasına əminlik itir, ixtisaslaşma, mexanikləşdirmə halları artır. Sosial əhəmiyyətli bir sıra peşənin, o cümlədən müəllim peşəsinin reytinqi düşür. Nəticədə psixi, emosional gərginlik artır, iş yerində stresslə əlaqədar olaraq tez-tez həyəcan, depressiya, emosional tükənmə sindromu, psixosomatik və psixovegetativ pozuntular üzə çıxır (24; 25).
Leiter və Kuvayeva ETS-in yaranmasının işlə bağlı risk amilləri sırasına aşağıdakıları daxil edirlər:
1. Fəaliyyətin xroniki gərgin xarakteri. Vəzifənin, rolun münaqişəliliyi, qeyri-müəyyənliyi, habelə yalnız məhsuldarlıq, peşəkarlığın daima yüksəlməsini tələb edən, müvafiq hazırlıq (məşq) istəyən iş və emosional tükənmə arasında əlaqə müəyyən edilmişdir (11). Yeknəsəq, monoton və perspektivsiz fəaliyyət, real emosiyalar və empatiyaya uyğun gəlməyən emosiya və empatiya büruzə vermək zərurəti də ETS-in inkişafına səbəb ola bilər. Nəhayət, istirahət günlərinin, məzuniyyətlərin və işdənkənar maqaqların olmaması (Skuqarevskaya, Maslaç), eləcə də iş prosesinə cəlb edilmənin yüksək səviyyəsi də mütəxəssisi ETS-ə meyilləndirən amillərdir.
Skuqarevskayanın fikrincə, pedaqoqun kommunikativ fəaliyyəti, bir qayda olaraq, yüksək intensivliyi və ünsiyyət gərginliyi, xarici amillərin işə tez-tez qarışması, müxtəlif səviyyədən olan geniş təmas şəbəkəsi, başqa insanlarla bilavasitə danışıq (şifahi) ünsiyyətin üstünlüyü ilə səciyyələnir ki, bu da həddindən artıq yorğunluğa, üzülməyə səbəb olur (25). İşdə psixoloji və ruhi üzülmə də mütəxəssislərdə ETS-in yaranma ehtimalını yüksəldir. Tələblər (daxili və xarici) uzun müddət resurslardan (daxili və xarici) üstün olanda insanda müvazinət halı pozulur, bu isə labüd şəkildə emosional tükənməyə gətirib çıxarır.
2. Fəaliyyətin destabilləşdirici təşkili. Əməkdaşın və iş prosesinin qeyri-müəyyən vəziyyəti, əməkdaşlar arasında məsuliyyətin qarışıq və ya qeyri-bərabər bölgüsü ETS-in formalaşmasına səbəb olur, hansı ki, məsuliyyətin dəqiq bölgüsü situasiyasında iş “emosional əprimə” sindromunun inkişafını məhdudlaşdırır (15). Qeyd edilir ki, peşə hərəkətlərinə görə məsuliyyət qarışıq və ya qeyri-bərabər bölünəndə bu amilin əhəmiyyəti, hətta nisbətən aşağı iş yükü olduqda belə, kəskin şəkildə artır (Maslaç).
Emosional tükənmənin inkişafına peşə situasiyaları da səbəb olur. Bu, birgə səylərin uzlaşdırılmadığı, hərəkətlərin inteqrasiyasının olmadığı situasiyalardır, burada rəqabət var, lakin uğurlu nəticə uzlaşdırılmış, ahəngdar hərəkətlərdən asılıdır. Cordes göstərdiyi kimi, bir sıra alimlər ETS-in peşədə irəliləyiş və peşə avtonomiyası imkanları ilə, iş situasiyasına nəzarətin və vacib qərarlar qəbul etməyin mümkünsüzlüyü ilə, işə qoyulan ikibaşlı tələblərlə, rəhbərliyin məqsədlərini anlamanın yetərli olmaması ilə əlaqələrinə diqqət yetirir
Qeyri-qənaətbəxş əmək şəraiti (ekstremal temperaturlar, səs-küy, passiv siqaret çəkmə, yuxunun deprivasiyası və s.) də ETS-in yaranmasına səbəb ola bilər ( 30).
Ayrıca qeyd etmək lazımdır ki, etik prinsiplərlə, şəxsiyyət prinsipləri və işin tələbləri arasındakı uyğunsuzluq ETS-in yaranma ehtimalını artırır. Məsələn, insana tapşırılır ki, kimisə aldatsın, həqiqətə uyğun olmayan bir şey desin və s. (30). Belə uyğunsuzluğun yaranması nəticəsində pedaqoq xroniki stress situasiyasında olmağa məcburdur, bu isə ETS-in yaranmasına və sonrakı inkişafına səbəb olur (25).
3. Həddən artıq iş həcmi. İş vaxtının çatışmazlığı, artıq iş yükü arasında müştərilərin sayı, eləcə də normalaşdırılmamış işə sərf edilən vaxtın həddən artıq olması və ETS-in inkişafı arasında asılılıq da göstərilmişdir (30; 15; 11).
ETS-in inkişafına iş yükünün təsirini qiymətləndirmə zərurəti ilə rastlaşan S.E.Cekson və həmkarları onu kəmiyyət və keyfiyyət etibarilə yüklənməyə ayırmağı təklif etdilər. Kəmiyyət etibarilə yüklənmə özündə təmasların tezliyini, sürəkliliyini, eləcə də insanlarla ünsiyyətdə keçirilən vaxt faizini ehtiva edir. Sosionomik peşə işçilərində kəmiyyət etibarilə yüklənmənin tədqiqi sinif otağının ölçüləri, fasilələrin (tənəffüs), asudə vaxtın miqdarı, təhsilalanların sayı və pedaqoqların ETS-ə qarşı zəifliyi arasında asılılığın olduğunu gəstərmişdir.
Keyfiyyət etibarilə yüklənmənin ölçülməsi özündə “personallararası distansiyanı” (bilavasitə ünsiyyəti, telefonla ünsiyyəti və s.), müştərinin xarakteristikasını (yaş, davranış üslubu, növü) ehtiva edir. M.J. Fimian və L.P. Blanton həm kəmiyyət, həm də keyfiyyətcə yüklənmə ilə 1-ci il müəllim işləyənlərdə ETS-in inkişaf tezliyi arasında əlaqə tapmışlar. Yüksək keyfiyyət yüklənməsi mütəxəssisi belə bir əminliyə gətirir ki, iş ona ayrılmış müddətə yerinə yetirilə bilməz. Cekson hesab edir ki, əksər təşkilatlarda bu, resurs çatışmazlığı və arasıkəsilməyən ixtisarolunma qorxusu ilə əlaqədar baş verə bilər, nəticədə universitet əməkdaşları say etibarilə tələbələrlə həddən artıq yüklənmiş olarlar. Praktiki olaraq bütün tədqiqatlar oxşar mənzərəni verir. Həmin mənzərə isə ona dəlalət edir ki, fəaliyyətin artıq yüklənməsi, iş vaxtından artıq işləmək “tükənməni” artırır. İş gününün sürəkliliyi ilə “tükənmə” arasında asılılıq aşkar edilmişdir.
İşdə fasilələr müsbət effekt verir və “tükənmə” riskini aşağı salır, lakin bu effekt müvəqqəti xaraktar daşıyır: işə qayıtdıqdan üç gün sonra “tükənmənin” səviyyəsi qismən yüksəlir, üç həftə sonra tamamilə bərpa olunur (31) .
4. Psixoloji çətin kontingent. “Emosional tükənmə sindromu” və insanın kommunikativ sferasının əlaqəsini vurğulayan K.Maslaç bunun əsas səbəblərindən biri kimi “insanlarla uzunmüddətli yaxın təmas”ın, o cümlədən psixoloji çətin kontingentlə ünsiyyətin zəruriliyini göstərir. Tələbələrin təlimlənmə səviyyəsi onların fiziki və psixi sağlamlığında sezilən sapmaların olması müəllimlərdə ETS-in yaranmasına əhəmiyyətli dərəcədə təsir göstərir (30). İş fəaliyyətinin belə xarakteri mütəxəssisə əhəmiyyətli dərəcədə stress təsiri göstərməsilə səciyyələnir. Bir sıra müəlliflər sindromun kliniki təzahürlərinin formalaşması üçün yalnız stressin gücünün yox, həm də onun təsirinin sürəkliliyi vacib olduğunu qeyd edirlər.
5. Peşə fəaliyyətinin əlverişsiz psixoloji mühiti. Kollektivdə gərgin münasibətlər (Sankova), həmkarlar və müdiriyyət tərəfindən dəstəyin olmaması və ya bunun çatışmazlığı ETS-in inkişafına səbəb olur. Bəzi müəlliflərin fikrincə, sosial dəstək mütəxəssislərə iki yolla müsbət təsir göstərə bilər. Birincisi, dəstək işdə stresslə onun neqativ nəticələri (fəsadları) arasında buferdir. Həmkarlarından dəstək alan müəllimlər stress situasiyasına baxışlarına yenidən baxa və özlərinin həmin situasiyanın öhdəsindən gəlmək qabiliyyətlərinə inamlarını gücləndirə bilrələr. Üstəlik, güclü sosial dəstək modeli davranışın adaptiv təqlidini (surəti) nəzərdə tutur. İkincisi, sosial dəstəyin olması və onun stress situasiyalarına birbaşa təsir göstərməsidir. Hazırda sosial dəstəyin müsbət təsirinin birinci və ikinci yolunu təsdiqləyən kifayət qədər məlumat təqdim edilmişdir (30).
Bu amillər qrupuna peşə fəaliyyətindəki səhvlərlə, sənədlərin yanlış doldurulmasıyla bağlı inzibati sanksiyalar və hüquqi təqib riskini də aid etmək olar; rəhbər tərəfindən nəzarətin səviyyəsi, cərimə sanksiyalarının daimi riski (töhmət, işdən azad edilmə, məhkəmə təqibi) emosional tükənmə sindromunun yaranmasına və inkişafına səbəb olur.
6. Rəğbətləndirmə və ictimai qəbuledilmənin gözlənilənlərlə müqayisədə yetərli olmaması. Bu amillər də ETS-in yaranmasına, xüsusilə, onların sosial ədalətin pozulması kimi qavranıldığı hallarda, səbəb ola bilər (15; 30) Bunlara peşədən və peşəkar inkişafdan qeyri-məmnunluğu (7; 11), işə görə maddi və mənəvi rəğbətləndirməni (14), işin məzmunu və şəraitinə nəzərən doğrulmayan gözləntiləri (17) aid edirlər. Mütəxəssisin gözləntiləri işin real məzmunundan nə qədər çox fərqlənirsə, bu effekt bir o qədər böyük olur (30). Maslaçın fikrincə, ETS-in inkişafına təsir göstərən başlıca amillərdən biri işə görə maddi rəğbətləndirmədən subyektiv qeyri-məmnunluqdur (11).
Beləliklə, peşədən, təşkilatdan və öz effektivliyindən gözləntilərin əvvəldən şişirdilmiş səviyyəsi də emosional tükənmə sindromunun formalaşmasına əhəmiyyətli dərəcədə təsir göstərir. Bu gözləntilərin çoxu gələcək əməkdaşın təliminin keçdiyi şəraitlə və ya onu işə qəbul edən şəxzlərlə bağlıdır.
Yuxarıda verilmiş izah və şərhlərə yekun vuraraq qeyd edək ki:
1. İnsanlarda ETS-in yaranması və inkişafına bir sıra amillər təsir edir. Bu amillər barədə elmi ədəbiyyatda müxtəlif fikirlər irəli sürülür, təsnifatlar təklif edilir, peşə fəaliyyəti ilə bağlı ETS-in yaranmasının risk amilləri göstərilir.
2. Sosionomik peşə nümayəndələrində, o cümlədən pedaqoqlarda formalaşan emosional tükənmə, mütləq, neqativ nəticələrə gətirib çıxarır. Neqativ nəticələr arasında fərdi (psixi adaptasiyanın və somatik sağlamlıq vəziyyətinin pozüntuları), peşə (iş effektivliyinin azalması), şəxsiyyətlərarası (başqa insanlarla işdənkənar qarşılıqlı təsirin pozulması), davranış və istiqamətverici fəsadları ayırd etmək olar.
3. Sosionomik peşə işçilərinin əmək fəaliyyəti daimi psixoemosional gərginliklə müşayiət olunur. Bu additiv davranış işdə münaqişə kimi fenomenlərlə sıx bağlı olan emosional tükənmə sindromunun da daxil olduğu ciddi psixoloji problemlərin yaranması ilə nəticələnir. Bütün bunlar isə müxtəlif psixosomatik və nevrotik pozuntuların inkişafı üçün zəmin yaradır.
4. Emosional tükənmə sindromu işçilərin özləri üçün də, onların təşkilatları və bütövlükdə dövlət üçün də bir sıra neqativ nəticələrə malikdir (12; 30).
5. İstənilən halda, məhz ETS-in neqativ nəticələri bu aktual problemin öyrənilməsini və onun effektiv həlli yollarının axtarışını zəruri edir.
ƏDƏBİYYAT
1. Nağıyeva Vəfa. Emosional tükənmə sindromu: anlayışı və öyrənilmə tarixi // Dirçəliş. XXI əsr. 2013, № 176-177, s. 401-408.
2. Nağıyeva Vəfa. Emosional tükənmə sindromunun formalaşma modelləri, inkişaf mərhələləri və simptomları // Dirçəliş. XXI əsr. 2013, № 180, s. 214-224.
3. Бодров В.А. Психологический стресс: развитие и преодоление. – М.: ПЕРСЭ, 2006. – 528 с.
4. Бойко В. В. Энергия эмоций в общении: взгляд на себя и на других. — М.: Филин, 1996. — 472 с
5. Борисова М.В. Психологические детерминанты синдрома выгорания у педагогов // Сборник научных статей. Проблемы исследования синдрома «выгорания» и пути его коррекции у специалистов «помогающих» профессий (в медицинской, психологической и педагогической практике). – Курск, 2007. – с. 24- 27.
6. Буртовая Н. Б. Личностные и профессиональные предпосылки формирования эмоционального выгорания у преподавателей высшей школы // Вестн. Томского гос. пед. ун-та (Tomsk State Pedagogical University Bulletin). 2010. Вып. 12 (102). –С. 141-148.
7. Водопьянова Н.Е. Профессиональное выгорание и ресурсы его преодоления. – СПб.: Питер, 2003. – 264 с.
8. Водопьянова Н. Е., Старченкова Е. С. Синдром выгорания: диагностика и профилактика – 2-е изд. – СПб.: Питер, 2008. – 258 с.
9. Емельяненкова А.В., Сафукова Н.Н. Особенности синдрома «эмоционального выгорания» личности специалистов различных профессий системы «человек-человек»// Интеграция образования и науки на основе научно-образовательного центра: Сб.трудов участников Всероссийской научно-практич.конф.15-16 декабря 2005 г., г.Ульяновск: В 2 ч. Ч.1. – М.–Чебоксары – Ульяновск: УлГУ, 2005. – С. 106-110.
10. Иноземцева О.В. Синдром выгорания и увлеченность работой // Сборник научных статей. Проблемы исследования синдрома «выгорания» и пути его коррекции у специалистов «помогающих» профессий (в медицинской, психологической и педагогической практике). – Курск, 2007. – с. 68- 71
11. Козин В., Агибалова Т. Синдром «эмоционального выгорания»: происхождение, теории, профилактика, перспективы изучения. – Неврологический вестник – 2013. – Т. XLV, вып. 2. –С. 44-52
12. Leiter M.P., Maslach C. Banishing burnout: six strategies for improving your relationship with work – Jossey-Bass, A Wiley Imprint, 2005. – 193 p.
13. Лэнгле А. Эмоциональное выгорание с позиции экзистенциального анализа. - Вопросы психологии. 2008. № 2, c. 3-16.
14. Лесных Е.И. Социально-психологические факторы развития «выгорания» и принципы его коррекции у педагогов // Сборник научных статей. Проблемы исследования синдрома «выгорания» и пути его коррекции у специалистов «помогающих» профессий (в медицинской, психологической и педагогической практике). – Курск, 2007.– с. 94 - 96.
15. Майстренко В.И. Взаимосвязь синдрома эмоционального выгорания и степени удовлетворенности профессиональных потребностей учителей // Психологическая наука и образование. 2010. №1. – C. 21-30
16. Лешукова Е. Синдром сгорания. Защитные механизмы. Меры профилактики // Вестник РАТЭПП. 1995. № 1. С. 36-47.
17. Maslach C. The Professional Burnout // Public welfare. 1978. № 1. P. 34–57.
18. Ожогова Е. Г. Взаимосвязь синдрома «психического выгорания» и особенностей ценностно-смысловой сферы у педагогов общеобразовательных школ: автореферат дис. ... канд. психол. наук. – Саратов, 2008. – 25 с.
19. Ogus E.D., Grenglass E.R., Burke R.J. Gender-Role Differences, Work Stress and Depersonalization // Journal of Social Behavior and Personality.1990. Vol. 5. № 5. P. 387-398
20. Орел В.Е. Исследование феномена психического выгорания в отечественной и зарубежной психологии // Проблемы общей и организационной психологии.– Ярославль: ЯрГУ, 1999. С. 29-40.
21. Орел В.Е. Синдром психического выгорания личности. – М.: Изд-во «Институт психологии РАН», 2005. – 330с.
22. Осипова С.А., Курпатов В.И. Синдром «Эмоционального выгорания» как преморбид депрессии. - Сборник научных статей. Проблемы исследования синдрома «выгорания» и пути его коррекции у специалистов «помогающих» профессий (в медицинской, психологической и педагогической практике). – Курск, 2007. – с. 125- 130.
23. Пряжников Н. С., Ожогова Е. Г. Стратегии преодоления синдрома «эмоционального выгорания» в работе педагога // Психологическая наука и образование. 2008. № 2.
24. Рогинская, Т. И. Синдром выгорания в социальных профессиях / Т. И. Рогинская // Психологический журнал. – 2002. – № 3. – С. 85-87.
25. Скугаревская М.М., Игумнов С.А., Склема В.Н. Синдром эмоционального выгорания и основные этапы его развития // Сборник научных статей. Проблемы исследования синдрома «выгорания» и пути его коррекции у специалистов «помогающих» профессий (в медицинской, психологической и педагогической практике).– Курск, 2007.– с. 146-148.
26. Табачников О.Ю., Абдряхимова Ц.Б., Бабюк І.О., Гашкова Л.А. Основи клінічної психології. – Донецьк: ДонНМУ, ТОВ «ПП „Крила”», 2010. – 304 с.
27. Творогова Н.Д. Психология управления. Лекция: Учеб. пособ. для вузов. – М.: Геотар – мед., 2001.
28. Ушакова Т.А., Никишина В.Б., Савченко А.П. Внешние детерминанты «профессионального выгорания» у специалистов социальной работы // Сборник научных статей. Проблемы исследования синдрома «выгорания» и пути его коррекции у специалистов «помогающих» профессий (в медицинской, психологической и педагогической практике). - Курск, 2007. - с. 160 – 163.
29. Чутко Л.С., Сурушкина И.С. и др. Коррекция клинических проявлений синдрома эмоционального выгорания // Журн. неврол. и психиатр. им. Корсакова. 2009. №2. С. 66-68.
30. Cordes C. L., Dougherty T. W. A Review and an Integration of Research on Job Burnout. - The Academy of Management Review. - Vol. 18, N. 4. – 1993. - P. 621-656
31. Jackson, S. E., Schwab, R. L., & Schuler, R. S. 1986. Toward an understanding of the burnout phenomenon. Journal of Applied Psychology, 71: 630-640.
Резюме
Вафа Нагиева
Факторы, влияющие на формирование СЭВ у
представителей социономических профессий
В настоящей статье раскрывается сущность социономических профессий, подчеркивается, что в современных условиях специалисты социономических профессий (в том числе, педагоги вузов) высоко подверженные эмоциональным нагрузкам. Причиной этого являются такие факторы, как высокая насыщенность рабочего дня с большим количеством эмоционально напряженных контактов; большая ответственность за результат общения, зависящий не только от самого работника, но и от его партнеров по общению (необходимо понимать их индивидуальные особенности и мотивацию к взаимодействию), значительная частота напряженных ситуаций общения.
В статье также подробно рассматриваются факторы риска возникновения и развития синдрома эмоционального выгорания.
SUMMARY
Vafa Nagiyeva
Factors influencing the formation of burnout syndrome in representatives socioeconomic occupations
In the current article the essence of socionomic occupation is opened; it is highlighted that in modern conditions the experts of socionomic occupations (including university professors) are very vulnerable to the emotional stress. The reason of these happenings are such factors as high intensity of the working day with the big quantity of intense contacts, big responsibility for the result of communication that depends not only on the specialist itself but also on his/her partners of communication (it is crucial to understand their individual characteristics and motivation for interaction) the significant frequency of the strained communication situations. The risk factors of emergence and development of the burnout syndrome are also detailed in the article.
"GEOSTRATEGİYA" jurnalı №05 (47) SENTYABR-OKTYABR 2018
Strategiya.az
Heydər Əliyev uzaqgörənliyinin və İlham Əliyev dühasının təntənəsi
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM