ABŞ-ın "Stratfor" analitik mərkəzi gələn il üçün apardığı təhlillər və verdiyi proqnozlarla narahatlıq yaradıb. Onun qənaətlərinə görə, 2019-cu ildə Cənubi Qafqazda Amerika, İran və Rusiya arasında qarşıdurma daha gərgin səviyyəyə yüksələ, regionda yerləşən Azərbaycan, Ermənistan və Gürcüstan isə bundan müəyyən təsirlər görə bilər. Lakin bu dövlətlərin hər biri ilə bağlı ABŞ-ın fərqli yanaşması vardır. "Stratfor" hesab edir ki, Vaşinqton Ermənistan və Gürcüstandan Rusiyaya qarşı, Azərbaycandan isə İrana qarşı istifadə etməyə çalışacaq. Bu zaman Ermənistana silah satışı, Gürcüstana isə silah satışı ilə yanaşı, birgə hərbi təlimlər keçirmək də təklif ediləcək. Azərbaycanla münasibətə gəlincə, Amerika tərəfindən İranla iqtisadi və enerji sahəsində əlaqələrdən imtina etmək təklif oluna bilər. Bütün bunlar son nəticədə regionun geosiyasi mənzərəsində riskləri artıra bilər. Həmin aspektdə "Stratfor"un proqnozları əsasında Cənubi Qafqazda növbəti ildə geosiyasi dinamikanın dəyişməsinin analizi üzərində dayanmağa ehtiyac görürük.
Öz marağı naminə: ABŞ-ın təhlükəli məqsədləri
"Stratfor"un 2019-cu il üçün hazırladığı analitik hesabatda Cənubi Qafqaz və Mərkəzi Asiya faktorları da ciddi yer tutur. Cənubi Qafqaza analitik mərkəz ABŞ-Rusiya qarşıdurmasının bir fraqmenti kimi baxır. Bu yanaşma hansı məqamlarla bağlı ola bilər? Yəni nəyə görə geosiyasi baxımdan əhəmiyyətli olan bu region böyük güclərin savaş meydanı olmalıdır?
"Stratfor" hesab edir ki, Amerikanın gələn il üçün əsas hədəflərindən biri Rusiyanı geosiyasi məkanda sıxışdırmaqdan ibarət olmalıdır. Bunun üçün Rusiyanın sərhədləri boyu yerləşən keçmiş sovet respublikalarının ərazisindən istifadə edilməlidir. Buraya siyasi, iqtisadi, enerji sferaları ilə yanaşı, hərbi sahə də daxildir. Konkret deyilsə, Vaşinqton Rusiyaya qonşu olan keçmiş sovet respublikaları ilə əlaqələrində silah satışını və hərbi manevrlər etmək variantlarını da nəzərdə tutur.
KİV-də yayılan məlumatlara görə, Amerika rəsmiləri Ermənistana silah satmağı və Gürcüstanda hərbi manevrlər keçirməyi vəd edib. Silah satışı məsələsinə Azərbaycanı da daxil etmək planları haqqında yazılar dərc olunur.
Bütün bunları ABŞ Cənubi Qafqazda Rusiyaya təzyiqləri gücləndirmək məqsədi ilə edəcək (bax: The U.S. Zeroes in on Russia's Borderlands / "Stratfor", 15 noyabr 2018). Eyni zamanda, Vaşinqton Cənubi Qafqaz dövlətləri ilə təhlükəsizlik və hərbi sahələrdə əməkdaşlığı gücləndirməyi nəzərdə tutur. Burada iqtisadi stimullaşdırma da öz yerini tapacaq. Rusiya isə hibrid savaşın özünəməxsus taktikası ilə deyilənlərə cavab verməyə çalışmaqla bütün bunlardan Qərb və ABŞ-a müqavimət vasitəsi olaraq istifadə edəcək. Yuxarıda vurğulanan məqamlardan aydın olur ki, Amerika gələn il Rusiyadan asılı olan və təsir edə bildiyi ölkələri ondan uzaqlaşdırmaq taktikası ilə hərəkət etməyi planlaşdırır. Rusiya isə bunu əngəlləmək üçün əlində olan bütün vasitələrdən yararlanacaq.
Məsələyə daha konkret səviyyədə baxdıqda, daha maraqlı məqamlar üzə çıxır. Çünki Amerika öz geosiyasi məqsədinə nail olmaq üçün Cənubi Qafqaz ölkələrinin hər birinə fərqli yanaşma nümayiş etdirmək fikrindədir. "Stratfor"un analitikləri hesab edirlər ki, Amerika Ermənistana daha çox təsir etməyi düşünür. Vaşinqton Ermənistan hökuməti ilə əlaqələri möhkəmləndirməyə diqqət yetirəcək (bax: əvvəlki mənbəyə). Bunun üçün ABŞ Ermənistanla Rusiya arasında soyuqluq yaratmaq taktikasını davam etdirəcək.
Məhz buna görədir ki, Con Bolton İrəvanda Ermənistana silah satıla biləcəyindən bəhs edib. "Stratfor" bununla bağlı vurğulayır: "Baxmayaraq ki, Ermənistan sona qədər Rusiya ilə strateji yaxınlıqdan imtina etməyəcək, onlar arasındakı siyasi ixtilaflar Birləşmiş Ştatlara Moskvanın əyalətdəki açar müttəfiqini ondan ayıra bilmək imkanı yarada bilər" (bax: əvvəlki mənbəyə).
Belə çıxır ki, Amerika Rusiya ilə Cənubi Qafqazda aparacağı intriqa oyununu başlıca olaraq Ermənistan üzərindən qurmağı planlaşdırır. Burada Gürcüstanın Cənubi Qafqazda ABŞ-ın əsas tərəfdaşı olması faktı yada düşür. Ancaq Vaşinqton öz müttəfiqini bu işin önünə atmaq istəməz. Eyni zamanda, "Stratfor"un hesabatında vurğulanır ki, Gürcüstana silah satışı davam edəcək və onun ərazisində hərbi təlimlər keçirilib Moskvaya bu üsulla müəyyən mesajlar veriləcək.
Görünür, burada Abxaziya və Cənubi Osetiya məsələləri də xeyli aktuallaşa bilər. Məlumdur ki, hər iki regionda Rusiya hərbi kontingenti vardır. Çətin ki, NATO onlara birbaşa müdaxilə etsin, lakin Rusiya hərbçilərinin lap yaxınlığında Şimali Atlantika Alyansı əsgərlərinin manevrlər etməsi Moskvaya xoş gəlməyəcək. Cavabı nə olacaq? "Stratfor" bu barədə konkret fikir bildirmir.
İkili standartlar qalır: təcavüzkara silah, onun qurbanına təzyiq cəhdi
Azərbaycan məsələsi də analitik hesabatda yer alıb. "Stratfor"un analitikləri hesab edirlər ki, Vaşinqton Azərbaycandan Rusiyaya qarşı deyil, İrana qarşı istifadə etməyə çalışacaq (bax: əvvəlki mənbəyə). Analitik mərkəz Azərbaycanı Ermənistanın başlıca düşməni kimi təqdim edir. Ancaq Bakı ABŞ-ın diqqətini çəkəcək. Söhbət İrandan getdikdə, Azərbaycan faktoru xüsusilə aktuallaşır. "Azərbaycanın cənub qonşusu ilə münasibətləri gərgin olacaq, belə ki, hökumət (Azərbaycan hökuməti nəzərdə tutulur – red.) ABŞ-ın İranı durdurmaq strategiyasında iştirak etməklə xarici siyasətdəki balansı saxlamağa can atacaq" (bax: əvvəlki mənbəyə).
Hesab edirik ki, Azərbaycanla bağlı ifadə edilən proqnostik fikirlər reallığa uyğun deyil. Çünki Azərbaycan müstəqil siyasət yeridir və ona kimsə öz maraqlarını diqtə edə bilməz. Bundan başqa, iki ölkə arasında yaxın əlaqələr mövcuddur və Bakının bu istiqamətdə hər hansı dəyişiklik etmək fikrində olduğu barədə informasiya yoxdur. Əksinə, Azərbaycanla İranın "Bir Qurşaq, Bir Yol" layihəsi çərçivəsində "Şimal-Cənub" və "Cənub-Qərb" dəhlizləri boyu əməkdaşlıq etməkdə qərarlı olduqları bildirilir. Deməli, Azərbaycandan İrana qarşı istifadə etmək haqqında söylənən fikirlər daha çox təbliğat xarakteri daşıyır. Bununla yanaşı, deyilənlər ABŞ-ın Cənubi Qafqaz siyasətinin maraqlı bir cəhətini də dərk etməyə imkan verir.
Yuxarıdakı təhlildən aydın olur ki, Amerika öz maraqlarını təmin etmək üçün Ermənistandan Rusiyaya, Azərbaycandan isə İrana qarşı istifadə etmək niyyətindədir. Ermənistandan suverenlik və təhlükəsizliyi təmin etmək, Azərbaycandan isə radikal dini təsirdən qorunmaq və sabitliyi təmin etmək bəhanəsi ilə istifadə edilməyə çalışılacaq. Ermənistanla vəziyyət aydındır: onlar özlərinə yeni, daha güclü ağa axtarışındadırlar. Azərbaycanla isə bu cür hoqqalar keçməz. İstənilən gücün Azərbaycanı İranla pis etmək cəhdi boşa çıxacaq.
Digər tərəfdən, Dağlıq Qarabağ münaqişəsi kontekstində Vaşinqtonun Cənubi Qafqaz siyasətinin ciddi bir qüsuru meydana çıxır (əgər "Stratfor" həqiqəti ifadə edirsə). Çünki Ermənistan təcavüzkar dövlətdir və Azərbaycanın ərazisinin 20 faizini havadarlarının yardımı ilə işğalda saxlayır. Belə bir ölkəni öz qanadı altına çəkib, ona demokratik don geydirməyə çalışmaq həmsədr dövlət kimi Amerikaya nə dərəcədə uyğundur? Bununla Vaşinqton təcavüzkarı daha da gücləndirib, onun aqressivliyinə haqq qazandırmırmı?
Əlbəttə, qazandırır. Üstəlik, regiondakı münaqişələrin həllini daha çətin vəziyyətə salır. Çünki faktiki olaraq regionda yeni bir gərginliyin əsasını qoyur. Belə bir şəraitdə nə Rusiya, nə də İran münaqişələrin həllində maraqlı ola bilməzlər. Onlar öz rəqibləri olan Amerikaya qarşı fəaliyyətlərini gücləndirməyə çalışacaqlar. O cümlədən münaqişə zonalarında təxribatlara getmələri də istisna deyil.
Bunlar onu təsdiq edir ki, "Stratfor"un təqdimatında ABŞ-ın 2019-cu ildə Cənubi Qafqazla bağlı nəzərdə tutduğu siyasi kurs real olaraq regionu yeni gərginlik dalğası üzərinə ata bilər. Vaşinqton öz liderliyini təmin etmək üçün Cənubi Qafqaz ölkələrini növbəti ixtilaflar girdabına sürükləyər. Burada onun başlıca rəqibləri kimi Rusiya və İran çıxış edir. Deməli, regionun iki böyük dövləti faktiki olaraq Cənubi Qafqazda ABŞ-la savaşmalı olacaq. Bu savaş müharibənin bütün üsullarını özündə ehtiva edə bilər.
Amerikanın Cənubi Qafqaz siyasətində müsbətə doğru hansısa real dəyişiklik etmək fikrində olmadığı yuxarıdakı müddəalardan və proqnozlardan aydın görünür. "Stratfor"un analitik hesabatında münaqişələrin həlli perspektivindən qətiyyən söz açılmır. Bu o deməkdir ki, 2019-cu ildə də Qərb regiondakı münaqişələrin həll oluna biləcəyini proqnozlaşdırmır. Onun əsas məqsədi Cənubi Qafqazdan Rusiyanı sıxışdırıb çıxarmaqdır. Bundan sonra Qərb ikili standartlardan imtina edib münaqişələri ədalətli həll etməyə çalışacaqmı?
Heç inandırıcı deyil. Çünki Amerikanın bugünkü fəaliyyət üsulu ədalətli mövqedən çox uzaqdır. Onun sonradan dəyişmək kimi bir qayğısı da yoxdur. Bu qənaət belə bir fikri təsdiqləyir ki, Amerika Cənubi Qafqazda hegemon qüvvə olsa, regionda heç də daha yaxşı geosiyasi mənzərə yaranmayacaq. İraq və Suriyada Vaşinqtonun kimləri dəstəklədiyini xatırlamaq kifayətdir.
Əgər "Stratfor" olacaqları indidən vurğulayırsa, onda Cənubi Qafqazda sadəcə köhnə problemlər yeniləri ilə əvəz ediləcək. Həmin problemlərin geosiyasi və hərbi mahiyyəti indidən qeyri-müəyyən olduğuna görə, vəziyyət daha da qəlizləşəcək. Yəni region dövlətləri üçün yeni bir çətin teorem yaradılır.
Newtimes.az
Strategiya.az
Heydər Əliyev uzaqgörənliyinin və İlham Əliyev dühasının təntənəsi
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM