Ənənəvi olaraq, hər ilin sonunda həmin müddət ərzində baş verən xüsusi əhəmiyyətli hadisələr müəyyənləşdirilir. Burada vahid meyar yoxdur. Biz, müstəqil dövlət quruculuğu baxımından ciddi əhəmiyyəti olan hadisələri müəyyənləşdirib, onların üzərində dayanmaq qərarına gəldik. Təhlil göstərdi ki, cari ildə Azərbaycan dövlət olaraq bütün istiqamətlərdə böyük uğurlar əldə edib. Onların sayı çoxdur. Ancaq geosiyasi, iqtisadi, siyasi, enerji, nəqliyyat, logistika və humanitar aspektlərdə daha çox fərqlənən bir sıra hadisələri qeyd etmək olar. Onları şərti olaraq qruplara da ayırmaq mümkündür. Hər bir halda aydın olur ki, Azərbaycan 2018-ci ildə elə hadisələrə şahid olub ki, onlar müstəqil və demokratik dövlət quruculuğunda yeni mərhələnin başladığını göstərir. Həmin kontekstdə bir sıra özəl məqamların təhlil edilməsini vacib saydıq.
Prezident seçkisindən sonra: beynəlxalq əlaqələrin yeni üfüqləri
Hər il olduğu kimi, 2018-ci il də Azərbaycan üçün bir çox hadisələrlə yaddaqalan olub. Ölkə rəhbərliyinin apardığı uğurlu siyasət müxtəlif sahələrdə əhəmiyyətli hadisələrlə daha da zənginləşib. Ekspertlər həmin hadisələri fərqli meyarlar üzrə təsnif edirlər. Nəticədə, onların sayı da bir-birindən fərqlənir. Ancaq əsas olan ondan ibarətdir ki, göstərilən hadisələrin hər biri sözün həqiqi mənasında siyasi, geosiyasi, iqtisadi, energetik və humanitar əhəmiyyətlidir. Çünki Azərbaycan rəhbərliyi apardığı siyasətdə bütün istiqamətlər üzrə səmərəli proqramlar reallaşdırıb ki, onların da hər birinin nəticələri maraq doğurur.
Biz bu yazıda üstünlük verdiyimiz hadisələrdən yalnız 14-ünün üzərində dayanacağıq. Ancaq bu, qətiyyən başqa mövcud faktların arxa plana atılması anlamına gəlmir. Burada, sadəcə, müəyyən meyarlara görə seçim edilib. Həmin hadisələri bir neçə qrupda birləşdirmək olar. Birincisi ölkənin siyasi həyatı ilə birbaşa bağlı olan mühüm hadisələri, ikincisi beynəlxalq geosiyasi dinamika ilə əlaqəli olan hadisələri, üçüncüsü enerji-nəqliyyat sahəsində əməkdaşlıqla bağlı olan hadisələri, dördüncüsü, beynəlxalq hüquq ilə bağlı əhəmiyyətli hadisə və ya sənədləri əhatə edir.
Hər şeydən öncə, növbəti prezident seçkisinin keçirilməsini vurğulamaq gərəkdir. Aprelin 11-də baş tutan bu seçkidə səslərin 86,02 faizini toplayan İlham Əliyev inamlı qələbə qazanaraq yeddiillik müddətə Azərbaycan Respublikasının Prezidenti seçildi. Bu proses bütün dünyaya Azərbaycanda seçki mədəniyyətinin yüksək səviyyədə olduğunu nümayiş etdirdi. Eyni zamanda, Azərbaycan beynəlxalq hüquq normaları çərçivəsində, şəffaf və demokratik seçki keçirən ölkə kimi bir daha özünü təsdiq etdi.
Bu tezisin sübutu prezident seçkisindən sonra dünyanın böyük dövlətlərinin rəhbərlərinin İlham Əliyevə ünvanladıqları məktublarda ifadə edilən fikirlərdə və konkret əməkdaşlıq təkliflərində öz ifadəsini tapdı. Onlardan bir neçəsini xatırladaq. ABŞ Prezidenti D.Tramp İlham Əliyevə birinci dəfə seçkinin nəticələri elan olunandan sonra, ikinci dəfə isə AXC-nin 100 illiyi münasibəti ilə məktub yazaraq həm məmnunluğunu ifadə etdi, həm də Azərbaycanla əməkdaşlığı inkişaf etdirməkdə maraqlı olduğunu açıq yazdı. Rusiya Prezidenti V.Putin Azərbaycan Prezidentini seçkidəki uğuru münasibəti ilə ilk təbrik edənlər sırasında idi. Eyni zamanda, V.Putin Azərbaycanın dövlət başçısı ilə bütün sahələrdə əməkdaşlığı inkişaf etdirməyə hazır olduğunu bəyan etdi.
Türkiyə Prezidenti R.T.Ərdoğan qardaş dövlətin növbəti dəfə Prezidenti seçilən İlham Əliyevi ürəkdən təbrik etdi və Türkiyəyə səfərə dəvət etdi. Bunlarla yanaşı, Fransa, Almaniya, Böyük Britaniya və digər dövlətlərin başçıları Azərbaycanda prezident seçkisinin nəticələrini qəbul etdiklərini bəyanlayıb, ölkə rəhbəri ilə əməkdaşlıqda maraqlı olduqlarını ifadə etdilər. Konkret nəticələr də oldu: Fransa Prezidentinin dəvəti ilə İlham Əliyev Parisə, Böyük Britaniyanın Baş nazirinin dəvəti ilə Londona səfər etdi və İtaliyanın Prezidenti Azərbaycana ilk səfərini reallaşdırdı.
Bütün bunların siyasi və geosiyasi mənası nədən ibarətdir? Aydındır ki, dünyanın bütün dövlətləri Azərbaycanda növbəti prezident seçkisinin demokratik, şəffaf və beynəlxalq hüquq normaları çərçivəsində keçdiyini rəsmən etiraf etdilər. Eyni zamanda, İlham Əliyev iqtidarının legitimliyi nəinki tam qəbul edildi, həm də Azərbaycan Prezidenti sözünə əməl edən, müdrik və etibarlı tərəfdaş olaraq yüksək qiymətləndirildi və onunla əməkdaşlığa maraq ifadə edildi. Bütün bunlar məntiqi olaraq Azərbaycanın müstəqil, suveren və etibarlı tərəfdaş dövlət kimi beynəlxalq aləmdə nüfuzunu daha da yüksəltdi.
İslahatlar ölkəsi: dünya miqyasında etiraf
Həmin kontekstdə digər mühüm hadisə kimi 2018-ci ildə Azərbaycanın dünyada ən çox islahat aparan ölkə elan olunmasını göstərə bilərik. Belə ki, Dünya Bankı tərəfindən yayılan "Doing Business 2019" hesabatında Azərbaycan 10 ən islahatçı dövlət siyahısına daxil edilib və ən çox islahat aparan ölkə kimi elan olunub. Hesabata əsasən, Azərbaycan 2017-ci illə müqayisədə 32 pillə irəliləyərək 190 ölkə arasında 25-ci yerdə qərarlaşıb, dünyanın bir çox ölkələrini geridə qoymaqla Müstəqil Dövlətlər Birliyi ölkələri arasında lider mövqeyə yüksəlib.
Bu hadisənin həm geosiyasi, həm də siyasi əhəmiyyəti böyükdür. Çünki illərdir ki, Azərbaycanı başqa cür tanıtmağa çalışan bəzi dairələr, əsl cavablarını bir daha aldılar. Dünya Bankı çox ciddi təşkilatdır və onun hesabatı real faktlara əsaslanır. Bu faktlar isə göstərir ki, təkcə Cənubi Qafqazda, postsovet məkanında deyil, bütün dünyada belə Azərbaycan səviyyəsində sistemli, düşünülmüş və ardıcıl islahatlar aparan ölkə azdır. Bəs onda bir sıra beynəlxalq reytinq təşkilatlarının, QHT-lərin, beyin mərkəzlərinin və sairlərin Azərbaycan haqqında həqiqətdən uzaq informasiyalar yayması hansı məqsədi daşıyır? Məhz bu kimi suallara ən yaxşı cavab "Doing Business 2019" hesabatında vurğulanıb! Həmin səbəbdən bu hesabat mühüm hadisədir.
Möhtəşəm ordu: hərbi paradlarda ifadə edilən qüdrət
Ölkəmizin siyasi-hərbi həyatı üçün əhəmiyyəti olan və yuxarıda vurğulanan məqamların məntiqi davamı kimi qəbul edilə bilən iki vacib hadisə də 2018-ci ildə baş verib. Onlardan biri Bakıda möhtəşəm hərbi paradların keçirilməsidir. Birinci hərbi parad iyun ayının 26-da Azərbaycan Ordusunun yaradılmasının 100 illiyi ilə bağlı təşkil olundu. Həmin gün Azadlıq meydanında təntənəli hərbi parad keçirildi. Müdafiə, Daxili İşlər, Fövqəladə Hallar nazirliklərinin, Dövlət Təhlükəsizliyi, Dövlət Sərhəd və Xüsusi Dövlət Mühafizə xidmətlərinin, eləcə də Türkiyə Respublikası Silahlı Qüvvələrinin 4 min nəfərədək şəxsi heyətinin iştirak etdiyi möhtəşəm paradda 240-dan çox hərbi texnika, gəmilər, 70-dən artıq təyyarə və helikopter, ən müasir raket və artilleriya qurğuları, hava hücumundan müdafiə sistemləri, pilotsuz uçuş aparatları nümayiş olundu.
Bu hadisə Ermənistan rəhbərliyində böyük şok yaratdı. Azərbaycan Ordusunun nə dərəcədə inkişaf etdiyini hər kəs gördü. Rəsmi İrəvan o dərəcədə narahat idi ki, öz yaxın müttəfiqlərini belə Azərbaycana yardım etməkdə ittihamlara başladı. Rusiya, Belarus və Qazaxıstanı Ermənistan rəhbərliyi sərt şəkildə qınadı. Lakin sözügedən hərbi paradın geosiyasi, siyasi-hərbi və mənəvi zəfəri qərəzli ermənilərdə narahatlıq hissi oyatması ilə məhdudlaşa bilməz. Hərbi parad Azərbaycan dövlətçiliyi kontekstində ilin əhəmiyyətli hadisəərindən biridir.
Bu parad bütün dünyaya nümayiş etdirdi ki, Ulu öndər Heydər Əliyevin əsasını qoyduğu və ordu quruculuğunu da əhatə edən inkişaf kursu son dərəcə səmərəlidir. Keçən əsrin 90-cı illərində öz havadarlarının yardımı ilə bir neçə hərbi əməliyyatı udan Ermənistan qarşısında nizamlı ordu dayanmırdı. Tarixi baxımdan qısa müddətdə Azərbaycan xalqı öz rəhbərlərinin uzaqgörən siyasəti sayəsində Cənubi Qafqazın ən təminatlı və döyüşkən ordusunu yaratdı! Parad ilk növbədə bunu təsdiq etdi! Onun fonunda digər əhəmiyyətli nüans bu tədbirin qardaş Türkiyə ordusu ilə birlikdə keçirilməsi ilə əlaqəlidir. Həmin məqam dünyaya ikinci bir mesajı verdi: Azərbaycan Ordusu Türkiyə Silahlı Qüvvələri ilə iç-içədir! Real olaraq bu iki ordu bir orqanizmdir. Ona görə də Azərbaycana təcavüz etmək istəyən hər kəs bilməlidir ki, qarşısında birləşmiş Azərbaycan-Türkiyə Ordusu var! Bu ordu(lar) yenilməzdirlər. Onun tarixin son mərhələsində ən azından 100 illik bir əməkdaşlıq təcrübəsi var! İkinci paradda bu özəllik daha parlaq şəkildə özünü göstərdi.
Bəli, 2018-ci il sentyabrın 15-də Azadlıq meydanı növbəti hərbi təntənənin məkanı oldu. Daha bir hərbi parad keçirildi. Bakının bolşevik-daşnak işğalından azad olunmasının 100 illiyinə həsr edilmiş paradı Azərbaycan və Türkiyə prezidentləri qəbul etdilər. Bu möhtəşəm parad Türkiyə Silahlı Qüvvələrinin məşhur "Mehtəran" birliyi "Mehtər marşı"nın, Azərbaycan və Türkiyə orduları hərbi qulluqçularının Qafqaz İslam Ordusunun süvari və piyadalarının qiyafəsində, hər iki ölkənin dövlət bayraqları altında tribuna önündən keçməsi ilə yadda qaldı.
Tam əminliklə deyirik: ikinci hərbi parad Ermənistan rəhbərliyi üçün ölümcül hadisə idi! İki qardaş ordunun yanaşı addımlayan əsgərləri, havada ustalıq nümayiş etdirən qırıcıları ox kimi düşmənin gözünə batdı! Ermənilərin havadarları da gördülər ki, regionda sabitlik və sülhü təmin etmək iqtidarında olan möhtəşəm hərbi qüvvə artıq mövcuddur. Bu, tarixi mesajdır. Keçən əsrin 90-cı illərindən müxtəlif istiqamətlərdən hərbi aspektdə sıxışdırılan Azərbaycanın öz ayaqları üzərində möhkəm dayandığının və onunla artıq təcavüz dilində danışmağın mümkün olmadığını göstərən hadisə idi.
Hərbi paradların geosiyasi möhtəşəmliyini savaş meydanında təsdiqləyən hadisə də 2018-ci ildə baş verdi. Biz, Naxçıvanda 11 min hektara yaxın ərazi və Şərurun Günnüt kəndinin işğaldan azad edilməsi ilə nəticələnən hərbi əməliyyatı nəzərdə tuturuq. Şərur rayonunun Günnüt kəndi və ətrafdakı mühüm strateji əhəmiyyətli yüksəkliklər 1992-ci ildə erməni silahlı birləşmələri tərəfindən işğal edilmişdi. Həmin ərazidə işğal edilmiş torpaqların sahəsi 11 min hektara yaxın idi. 26 ildən sonra Əlahiddə Ümumqoşun Ordunun əks-həmlə əməliyyatları ilə bu ərazi erməni işğalından azad edildi. Nəticədə, Azərbaycan Ordusu daha əlverişli mövqelərə yiyələndi. Konkret olaraq, "Xunut" dağı və "Ağbulaq" yüksəkliyi, "Qızılqaya" dağı və "Mehridağ" işğaldan azad olundu. Dərələyəz mahalının Arpa kəndi nəzarətə alındı. "Qızılqaya" yüksəkliyinin azad olunması ordumuza İrəvan-Yexeqnadzor-Gorus-Laçın-Xankəndi avtomobil yoluna nəzarət etmək imkanı yaratdı.
Bununla da 2018-ci ildə Azərbaycan qlobal geosiyasi və siyasi təsiri olan vacib siyasi-hərbi hadisələrin şahidi oldu. Əldə edilən nailiyyətlər bir daha göstərdi ki, ölkə rəhbərliyi son dərəcə aktiv siyasi fəaliyyət göstərir və səmərəli proqramlar həyata keçirir. Bu fikri həm də enerji-nəqliyyat sferasında atılan addımlara da aid etmək olar.
Enerji-hüquq sənədi və xarici siyasət: ilin yaddaqalan hadisələri sırasında
Burada ilk olaraq Azərbaycanın üçüncü peykini – "Azerspace-2"ni kosmik orbitə buraxması yada düşür. Bu hadisə 2018-ci il sentyabrın 26-da baş verib. "Azerspace-2" telekommunikasiya peyki Fransa Qvianasında yerləşən kosmodromdan – Qviana Kosmik Mərkəzindən uğurla orbitə çıxarılıb. ABŞ-ın "Space Systems/Loral" (SSL) şirkəti tərəfindən yüksək etibarlı "SSL 1300" peyk platforması əsasında istehsal olunan "Azerspace-2" peyki Avropa, Mərkəzi və Cənub-Qərbi Asiya, Yaxın Şərq və Tropik Afrika ölkələrini əhatə edəcək. Bu peykin dəyəri 190 milyon ABŞ dollarıdır. Onun Azərbaycan iqtisadiyyatına 400 milyon ABŞ dolları gəlir gətirəcəyi proqnozlaşdırılır.
Burada əhəmiyyətli olan həm də Azərbaycanın bir kosmos ölkəsi kimi mövqeyini getdikcə möhkəmlətməsi və fəaliyyət dairəsini genişləndirməsidir. İndi Azərbaycan dünyanın böyük bir məkanını kosmosdan izləyə bilir. İnformasiya mübadiləsi və təhlükəsizlik baxımından bunun nə qədər böyük əhəmiyyət daşıdığını hər kəs bilir. Bununla yanaşı, Azərbaycan Cənubi Qafqazda kosmosda bu cür imkanları olan yeganə dövlətdir.
Əslində, Azərbaycan kosmosda əldə etdiyi nailiyyətlər qədər enerji-nəqliyyat, loqistika və sənaye obyektlərinin inşası istiqamətlərində də uğurlar qazanmış ölkədir. Bu baxımdan 2018-ci ildə TANAP qaz kəmərinin istifadəyə verilməsi ekspertlər tərəfindən tez-tez vurğulanır. Bu ilin iyun ayının 12-də Türkiyənin Əskişəhər şəhərində TANAP qaz kəmərinin istifadəyə verilməsi münasibətilə təntənəli mərasim keçirildi. TANAP-la Türkiyəyə 2019-cu ildə 2 milyard kubmetr, 2020-ci ildə 4 milyard kubmetr və 2021-ci ildə isə 6 milyard kubmetr Azərbaycan təbii qazı nəql ediləcək. Boru kəməri gələn ilin birinci yarısında TAP qaz boru kəmərinə birləşmək üçün hazır olacaq. Layihə üzrə kapital xərcləri 8 milyard dollardır. İndiyədək TANAP layihəsinə 5,7 milyard dollar xərclənib.
Bu rəqəmlər göstərir ki, TANAP iqtisadi baxımdan möhtəşəm layihədir. Bununla yanaşı, onun geosiyasi əhəmiyyəti də çox böyükdür. Çünki daha geniş bir proqramın – Cənub Qaz Dəhlizinin tərkib hissələrindən biridir. Cənub Qaz Dəhlizinin rəsmi açılış mərasimi mayın 29-da Səngəçal terminalında olub. Həmin gün Azərbaycan təbii qazı Cənub Qaz Dəhlizi sisteminə vuruldu. Avropa İttifaqı üçün prioritet enerji layihələrindən olan Cənub Qaz Dəhlizinin seqmentlərini "Şahdəniz-2", Cənubi Qafqaz Boru Kəmərinin genişləndirilməsi, TANAP və TAP layihələri təşkil edir. Bu boru kəmərləri zənciri Xəzər dənizinin Azərbaycan sektorundakı "Şahdəniz-2" yatağından hasil olunan təbii qazı Türkiyəyə və həmin ölkədən də Avropaya çatdıracaq. Uzunluğu 3 min 500 kilometr olan Cənub Qaz Dəhlizi vasitəsilə ilkin mərhələdə Türkiyəyə 6 milyard kubmetr, Avropaya isə 10 milyard kubmetr Azərbaycan qazının nəqli planlaşdırılır.
Qərb siyasi liderləri və ekspertlər vurğulayırlar ki, Cənub Qaz Dəhlizi Avropanın enerji xəritəsini ciddi surətdə dəyişdirəcək. Bu layihə yalnız regional deyil, həm də qlobal əhəmiyyətə malikdir. Bu kimi layihələrin reallaşdırılması üçün nəqliyyat-logistik xidmətin də böyük rolu vardır.
Həmin kontekstdə ilin mühüm hadisələri sırasına Bakı Beynəlxalq Dəniz Ticarət Limanı Kompleksinin açılışını da daxil etmək olar. 2018-ci il mayın 14-də Bakının Qaradağ rayonunun Ələt qəsəbəsində Bakı Beynəlxalq Dəniz Ticarət Limanı Kompleksinin açılışı oldu. Liman 117 hektar ərazini əhatə edir və 12 yanalma körpüsünə malikdir. Limanın yükaşırma imkanı illik 15 milyon ton yük, o cümlədən 100 min konteyner təşkil edir. Limanda Ro-Ro tipli gəmilər üçün iki körpü, yeddi körpüdən ibarət universal quru yük və konteyner terminalı, iki bərə körpüsü, həmçinin xidməti donanma gəmiləri üçün bir körpü tikilib. Bu liman Asiya-Avropa xəttində logistik xidmətin mühüm hissəsini təşkil edir. Onun "Bir Qurşaq, Bir Yol" proqramının reallaşmasında vacib rol oynayacağı haqqında yüksək səviyyədə fikirlər səslənir.
Logistik xidmətin inkişafı fonunda sənaye müəssisələrinin tikilməsi də çox əhəmiyyətli görünür. Çünki iqtisadi infrastrukturun yüksək inkişaf səviyyəsi ölkədə istehsal olunan məhsulların dünya bazarına çevik və keyfiyyətli çıxarılmasına birbaşa yardım göstərir. Bu baxımdan SOCAR-ın fəaliyyətinin iki məqamı 2018-ci ilin mühüm hadisələri sırasına daxil edilməlidir.
2018-ci ildə "SOCAR Polymer"in polipropilen zavodu açıldı. Bu, iyulun 18-də Prezident İlham Əliyev və İtaliya Prezidenti Sercio Mattarellanın iştirakı ilə Sumqayıt Kimya Sənaye Parkının ərazisində baş verib. "SOCAR Polymer"in polipropilen zavodunda bazar araşdırmasına əsasən, 3 növdə – homopolimer, zərbəyə davamlı so-polimer, statistiki so-polimer polipropilen məhsulları istehsal olunur. Azərbaycanın neft-kimya sənayesində dövlət-özəl sektor tərəfdaşlığı üzrə yaradılan ilk şirkət olan "SOCAR Polymer" zavodlarının fəaliyyəti Azərbaycanın qeyri-neft sektorunun ixrac gəlirlərini 19 faiz artıracaq.
Digər hadisə İzmirdə SOCAR-ın "Star" neft emalı zavodunun açılışının olmasıdır. Zavodun açılışı oktyabrın 19-da Azərbaycan və Türkiyə prezidentlərinin iştirakı ilə baş tutub. SOCAR-ın 6,3 milyard dollar investisiyası hesabına tikilən "Star” zavodu Türkiyənin ilk Xüsusi Sənaye Zonası elan olunub. 2019-cu ildən etibarən tam gücü ilə işləyəcək zavodda ildə 5 milyon ton dizel yanacağı, 1,6 milyon ton nafta, 1,6 milyon ton təyyarə yanacağı, 1 milyon ton qarışıq ksilen/reformat, mayeləşdirilmiş neft-qazı (LPG), neft koksu və kükürd istehsal ediləcək, 10 milyon ton xam neft emal olunacaq.
Bütün bunlar 2018-ci ildə Azərbaycanın siyasi, geosiyasi, sosial, iqtisadi, enerji, logistika, hərbi və digər sahələrdə uğurlara imza atdığını təsdiqləyir. Bu siyahıya humanitar-mədəniyyət və hüquqi sferalarda atılan addımları da daxil etmək vacibdir. İlk növbədə Bakıda VI Beynəlxalq Humanitar Forumun keçirilməsini vurğulamaq gərəkdir. Forum 2018-ci il oktyabrın 25-26-da Bakıda təşkil edilib. "Yeni dünya və yeni insan formalaşdıraq: yaradıcılıq və insan inkişafı" mövzusunda keçirilən Forumda 86 ölkə və 24 beynəlxalq təşkilatdan 581 nümayəndə iştirak edib. Bu formatı mütəxəssislər sivilizasiyalar, mədəniyyətlər və dinlər arasında real dialoq mexanizmi qismində çox səmərəli hesab edirlər.
Ötən il beynəlxalq miqyasda vacib hüquqi sənəd kimi qəbul edilən sazişin bağlanması baxımından da əhəmiyyətli olub. Biz, "Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiya"nın imzalanmasını nəzərdə tuturuq. Bu hadisə 2018-ci il avqustun 12-də Qazaxıstanın Aktau şəhərində Xəzəryanı dövlətlərin başçılarının V zirvə toplantısında baş verdi. Toplantı çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyev, Qazaxıstan Prezidenti Nursultan Nazarbayev, Rusiya Prezidenti Vladimir Putin, İran Prezidenti Həsən Ruhani və Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov tərəfindən Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiya imzalandı. Həmin sənəd Xəzəryanı bölgədə hüququn təminatı və sabitliyin saxlanması aspektində ciddi rol oynayır. O, ölkələrin beynəlxalq hüquq normaları çərçivəsində fəaliyyət göstərmələrinə əsas verir.
Nəhayət, xarici siyasət sahəsində də 2018-ci ildə əhəmiyyətli proseslərin getdiyini ifadə etmək lazımdır. 2018-ci ilin iyul ayında Avropa İttifaqı ilə Azərbaycan arasında qəbul olunmuş "Tərəfdaşlıq prioritetləri" sənədində Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və sərhədlərinin toxunulmazlığı ilə bağlı Avropa İttifaqından Azərbaycana önəmli dəstək ifadə olunub. Bununla yanaşı, 2018-ci il dekabrın 12-də Avropa Parlamentinin qəbul etdiyi "Vahid Xarici və Təhlükəsizlik Siyasətinin həyata keçirilməsi üzrə illik plan" adlı qətnamədə Avropa İttifaqının Şərq Tərəfdaşlığı ölkələri, o cümlədən Azərbaycanın suverenliyi və ərazi bütövlüyünü dəstəkləməsi bir daha təsdiqlənib. Eyni zamanda, 2018-ci il iyulun 11-12-də Brüsseldə keçirilmiş NATO zirvə görüşünün yekun bəyannaməsində alyans üzvləri Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə davamlı dəstək ifadə edib və regiondakı mövcud münaqişələrin məhz bu prinsiplər əsasında həll olunması xeyrinə çıxışlar ediblər.
Yuxarıda vurğulanan bütün hadisələr yekun halında Azərbaycan üçün 2018-ci ilin uğurlu olduğunu göstərir. Müstəqil dövlət quruculuğu istiqamətində Prezident İlham Əliyevin rəhbərliyi ilə çox uğurlu siyasət həyata keçirilir və 2019-cu ildə bu prosesin davam edəcəyini proqnozlaşdırmaq olar.
Newtimes.az
Strategiya.az
Heydər Əliyev uzaqgörənliyinin və İlham Əliyev dühasının təntənəsi
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM