“SİVİLİZASİYALARIN TOQQUŞMASI” NƏZƏRİYYƏSİ VƏ QƏRB-İSLAM MÜNASİBƏTLƏRİ

11:00 / 04.02.2019

Toğrul Salmanzadə
Bakı Dövlət Universiteti

Dünya tarixinə nəzər saldıqda görünür ki, onun böyük hissəsi müharibələrlə keçmişdir. Mövcud ictimai quruluşdan asılı olaraq baş verən konfliktlərin səbəbləri və miqyası da daim dəyişmişdir. Bu baxımdan, hətta milli dövlətlərin yaranmasına qədər olan müharibələr xalqlar arasında olan deyil, monarxlar arasında olan müharibələr kimi qiymətləndirilir. Milli dövlətlərin yaranması ilə dünya tarixində yeni bir mərhələ başladı. Milli mənafelər, milli maraqlar siyasi və ictimai həyatda hakim olmağa başladı və XX əsrə qədər bu qəbildən olan münaqişələr üstünlük təşkil edirdi. XX əsrdə isə bəşəriyyət bu vaxta qədər baş verənlərdən daha geniş, qlobal miqyaslı müharibələr və daha sonra 50 ilə yaxın bir müddət davam edən “soyuq müharibəyə” şahidlik etdi. Bunun əsasında dünyanı iki qütbdə birləşdirən, ənənəvi milli dövlət anlayışından fərqli olan kapitalizm və kommunizm ideologiyaları dayanırdı.
1991-ci ildə Sovet İttifaqının dağılması nəticəsində mövcud ikiqütblü sistem də süqut etmiş oldu və artıq dünyada bir-biri ilə mübarizə aparacaq iki müxtəlif ideologiya da qalmadı. Qərbin, yəni kapitalist blokunun qələbəsi ilə nəticələnən bu “soyuq müharibə”dən sonra yenidən formalaşacaq olan beynəlxalq münasibətlər sistemi ilə bağlı müxtəlif hipotezlər səslənməyə başladı. Beləliklə, 1992-ci ildə Fransis Fukuyama “Tarixin sonu və sonuncu insan” adlı kitabını, 1993-cü ildə isə Samuel Hantinqton “Sivilizasiyaların toqquşması” adlı məqaləsini “Foreign Affairs”(Xarici İşlər) jurnalında çap etdirdi. 2000-ci ilə qədər hər iki nəzəriyyə ətrafında müəyyən qədər müzakirələr olsa da, 1990-cı illərdə baş verən münaqişələr və 2001-ci il 11 sentyabr tarixində ABŞ-da baş verən terror aktları nəticəsində “sivilizasiyaların toqquşması” nəzəriyyəsi politologiyada əsas müzakirə mənbələrindən biri olmuşdur.
Sivilizasiyaların toqquşması nəzəriyyəsi. Beynəlxalq münasibətlər nəzəriyyəsinə yeni paradiqma kimi daxil olan “Sivilizasiyaların toqquşması” tezisi əsas olaraq realist məktəblə uyğunluq təşkil etsə də, əslində, həm klassik, həm də struktur realizmlə bir sıra oxşar və fərqli cəhətləri var. Hantinqton ümumilikdə realistlərin beynəlxalq münasibətlərə yanaşmasına tənqid edir və qeyd edir ki, soyuq müharibənin bitməsi əslində indiyə qədər olan nəzəriyyələrin beynəlxalq sistemi düzgün izah etmədiyiningöstəricisidir. Belə ki, “bəşər tarixi sivilizasiyaların tarixidir” deməklə Hantinqton iddia edir ki, sivilizasiya amili hər zaman dövlətlərarası münasibətlərdə mühüm amil olmuşdur, lakin soyuq müharibə dövründəki kimi ideoloji və digər daha qabarıq olan faktorlar bu amilin görünməməsinə səbəb olmuşdur. Bundan əlavə, Şərq və Qərb, (kommunist və kapitalist) blokları özləri də müvafiq olaraq Slavyan-Ortodoks və Qərb sivilizasiya üzərində qurulmuş bloklar idi [1, 40].
Klassik realizmi tənqid edərkən Hantinqton göstərir ki, anarxiyaya əsaslanan beynəlxalq münasibətlərdə dövlətlərin əsas və tək aktor olması doğru olsa da, burada dövlətlərin xarici siyasətini müəyyən edən yeganə faktor güc deyil, sivilizasiya amili də onunla bərabər önəm daşıyır. Bu baxımdan, “soyuq müharibə”dən sonrakı dövrdə beynəlxalq münasibətlərin təhlilində, fərdlərin, qrupların və son nəticədə dövlətlərin identifikasiya və qərar verməsində təsiredici gücü daha da artan sivilizasiya amili, xüsusilə onun dini aspekti diqqətə alınmalıdır[1, 33-34]. “Qlobal siyasətin mədəni rekonfiqurasiyası” fəslində o “maraqlar toqquşması”na qarşı “sivilizasiyaların toqquşması” fikrini irəli sürür və qeyd edir ki, dövlətlərarası münasibətlərdə realizmə xas güc və maraq anlayışları öz mövcudluğunu qoruyub saxlasa da, sivilizasiya və mədəni indentiklik daha üstün mövqeyə malikdir [1, 126].
Hantinqton həmçinin neo-realizmə də tənqidi yanaşır və beynəlxalq münasibətlər sistemini sivilizasiyaların toqquşması nöqteyi-nəzərindən izah etməyə çalışır. Beləliklə, neo-realistlərin gücanlayışına qarşılıq olaraq sivilizasiya amilini qoyur və bununla qeyri-dövlət aktorlarının( Avropa Birliyi) sistemdəki fəaliyyətini şərh edir. Hantinqtona görə, dövlətlər artıq öz suverenliyini, funksiyalarını və gücünü itirmək təhlükəsi ilə qarşı-qarşıyadır və bu proses mədəni-identikliklə müəyyən olunan ittifaqlar vasitəsilə baş verir. Buna misal Avropa İttifaqına üzv dövlətlərin öz iqtisadi, hərbi və yurisdiksiya hakimiyyətlərinin bir hissəsini əsas etibarilə mədəni və dini(Xristianlıq) vahidlik üzərində mövcud olan İttifaqın institutlarına həvalə etməsini göstərmək olar [1, 28;35].Bununla da, Hantinqton SSRİ-nin dağılmasından sonra AB-nin niyə hələ də dağılmamasını və əksinə yeni üzvlər qəbul etməsiniizah edir. Eyni zamanda Hantinqtonun bu yanaşması Türkiyənin Birliyə daxil ola bilməməsi ilə bağlı Avropada mövcud olan “Türkiyə Avropa ictimaiyyətinin üzvü deyil” fikrinin də təkrar ifadəsi idi.
S.Hantinqtonun qənaətincə, “soyuq müharibə”dən sonrakı dövrdə beynəlxalq münasibətlərdə daha əvvəlki kimi ideoloji münaqişələr deyil, sivilizasiyalararası münaqişələr, xüsusilə, Qərb və İslam, Qərb və Konfutsi sivilizasiyaları arasında olan münaqişələr hakim olacaq. O qeyd edir ki, sivilizasiyalararası münaqişələr müasir dünyada konfliktlərin son təkamül nöqtəsi olacaq [2, 22-23]. Hantinqtona görəsivilizasiya bir insanın özünü identifikasiya edə bildiyi, dil, tarix, din, adə və ənənələr kimi faktorlar əsasında formalaşan ən geniş qrupdur. Bu baxımdan dünyada hazırda 8 böyük sivilizasiya var: Qərb, Konfutsi, Yapon, İslam, Hindi, Ortodoks-Slavyan, Latın Amerikası və bir qədər tərəddüdlü olaraq Afrika[2, 25].
Göründüyü kimi, Hantinqton sivilizasiyaları müəyyən edərkən vahid bir kateqoriyaya müraciət etmir və ya özünün də sadaladığı kateqoriyaları bütün sivilizasiyalara tamlıqla aid etmək mümkün deyil. İslam sivilizasiyası dini amil nəzərə alınmaqla, Afrika və Latın Amerikası nisbətən tarixi və coğrafi amilə əsasən, Qərb sivilizasiyası soyuq müharibə zamanı formalaşmış olan fikrə və ümumi dəyərlərə əsasən, Slavyan qrupu din və dil faktoruna görə, Yaponiya isə özünəməxsus xüsusiyyətlərinə görə ayrıca bir sivilizasiya hesab olunur.
Hantinqton 1996-cı ildə nəşr olunan kitabında Konfutsi sivilizasiyasın Sinik (Çin) və Buddist olaraq 2 yerə ayırır. Beləliklə o, dünyada 9 sivilizasiyanın klassifikasiyasın verir [1, 45]. Bundan əlavə bir sıra ölkələr müxtəlif səbəblərə görə heç bir əsas sivilizasiya qrupuna daxil edilmir; Efiopiya və Haiti dil və bir neçə sosioloji və mədəni faktorlara görə heç bir sivilizasiya ilə kifayət qədər uyğunluğu olmadığı üçün “tənha ölkə”(1); İsrail əhatə etdiyi ərazi və əhali sayı baxımından kiçik olsa da, uzun zaman sonra sivilizasiya aid bütün xüsusiyyətlərə - din, dil, ənənə, ədəbiyyat, institutlar, teritorial və siyasi quruluşa sahib olduğu üçün xüsusi sivilizasiya hesab oluna bilər(2).Digər bir qrup isə “uçurum ölkələri” adlanır, belə ki, bu ölkələr sivilizasiyaların “qırılma nöqtələri”ndə yerləşən, iki və ya daha çox sivilizasiyaya aid qrupların yaşadığı ölkələrdir(3). Buna misal olaraq, Ukrayna, Çad, Keniya, Nigeriya, Çin, İndoneziya və Sudan kimi ölkələri göstərmək olar ki, 2011-ci ildə keçirilən referendum nəticəsində Sudan iki yerə ayrıldı [1, 48; 136; 137-138].
Müxtəlif sivilizasiyalardan olan insanların siyasi, sosial, iqtisadi və hüquqi proseslərə fərqli baxış, dərk etmə və münasibət sistemi var. Bu fərqlər əsrlər ərzində formalaşmış olan və siyasi ideologiya və rejimlərlə nisbətdə dəyişilməsi daha çətindir və daha uzun zaman tələb edir [2, 25].Bütün bunlara baxmayaraq sivilizasiyalar statik deyil, onlar da tarixi prosesdə tamamilə silinə və ya başqa sivilizasiyalar ilə birləşə yaxud assimilyasiya ola bilər. Bu proses Osvald Spengler “Qərbin Süqutu” adlı kitabında göstərdiyi kimi daxili və ya S.Hantinqtonun qeyd etdiyi kimi xarici təhdidlər səbəbi ilə başa verə bilər.
S.Hantinqton sivilizasiyaların mümkün toqquşmasının aşağıdakı səbəblərini göstərir:
1. Sivilizasiyalar arasında fərqlər çox sadə və ayındır; onlar bir-birindən tarix, dil, mədəniyyət, ənənə və ən asası dini inanclarına görə fərqlənirlər. Fərqlilik hər zaman münaqişə və şiddət demək olmasa da, tarix boyu ən uzun və şiddətli münaqişələr sivilizasiyalararası fərqlərdən yaranmışdır.
2. Qloballaşma nəticəsində dünya artıq daha kiçik bir yer olaraq görünür. Müxtəlif sivilizasiyalardan olan insanlar arasında əlaqələrin artması “sivilizasiya oyanışı”na (civilization-consciousness), yəni, digərləri ilə fərqliliklərin və sivilizasiya daxilindəki oxşarlıqların daha qabarıq formada sezilməsinə verməsinə səbəb olur.
3. İqtisadi modernizasiya və sosial dəyişikliklər bütün dünyada insanların uzun zaman aid olduqları lokal kimliklərini itirməsinə və milli dövlətlərin identifikasiya mənbəyi kimi qüvvədən düşməsinə səbəb olur. Bu zaman, yaranan boşluğu doldurmaq üçün “fundamentalist” adlanan, dini kimliyə əsaslanan hərəkatlar ortaya çıxır ki, buna da bütün dinlərdə rast gəlmək mümkündür.
4. “Sivilizasiya oyanışı” prosesinin böyüməsi Qərbin ikitərəfli rolu ilə bağlıdır. Bir tərəfdə Qərbin pik həddə gücə sahib olması, digər tərəfdə isə buna qarşılıq olaraq “kökə qayıdış”(returntoroots) fenomenin qeyri-Qərb sivilizasiyalarında yüksəlməsi, Qərbi ona qarşı çıxmağa istəyi, iradəsi və resursları olan bu sivilizasiyalarla qarşı-qarşıya qoyur.
5. Mədəni xüsusiyyətlər və fərqlər siyasi və iqtisadi prinsiplərdən daha az dəyişə bilən və buna görə daha çətin kompromisə gediləndir. Nümunə olaraq, Sovet İttifaqı zamanı bütün Sovet əhalisi nə qədər vahid ideologiya ətrafında birləşmiş olsa da vahid xalq və ya bəlkə də sivilizasiya halına gələ bilmədi. Etnik faktordan daha güclü isə din amilidir ki, mədəni fərqləri daha kəskin formada büruzə verir (bir insan iki fərqli millətdən, hətta iki ölkə vətəndaşı ola bilsə də, iki dinin daşıyıcısı ola bilmir).
6. Dünyanın bütün hissələrinə nəzər saldıqda görünür ki, son dövrlərdə iqtisadi regionalizmdurmadan artmaqdadır. Belə ki, həm Avropada, həm Şimali Amerika, həm Şərqi Asiyada eləcə də digər regionlarda region daxili ticarət göstəriciləri 1990-cı illərdə kifayət qədər yüksəlmiş və hətta NAFTA, ASEAN, EFTA kimi regional iqtisadi təşkilatlar yaranmışdır. Bu cür iqtisadi əməkdaşlıq təşkilatlarının fəaliyyəti isə əsas olaraq ortaq tarixi-mədəni dəyərlərə - yəni vahid sivilizasiyayabağlandığı zaman daha uğurlu olur (misal olaraq Avropa İttifaqı)[2, 25-28].
Ümumilikdə, “sivilizasiyaların toqquşması” tezisi realizmə tənqidi yanaşsa da qlobal siyasətə münasibəti və beynəlxalq münasibətlərin gələcəyi ilə bağlı proqnozunda pessimistik yanaşma ilə realizmlə daha çox oxşar mövqeni paylaşır. Yalnız gələcəklə bağlı deyil, beynəlxalq münasibətlərin tarixinin, xüsusilə, İslam və Qərb sivilizasiyalarının tarixi münasibətlərini qarşıdurmalarla şərh edən Hantinqton vahid insan sivilizasiyası və qlobal sülhün mümkünlüyünə skeptik yanaşır. “Biz və onlar”(usversusthem) məntiqinin insanların mədəni identifikasiyasında əsas yer tutduğunu və sivilizasiyaların mövcudluğunu qoruyub saxlamaq üçün bu mövqedən çıxış etməsinin vacibliyini qeyd edir.
Qərb və İslam. Hantinqton sivilizasiyaların toqquşmasından danışarkən əsas olaraq Qərb və İslam sivilizasiyaları arasında tarixi-mədəni fərqliliklərə toxunur və qeyd edir ki, liberal demokratiya ilə Marksist-Leninist ideologiyaları arasında olan qısa-müddətli qarşıdurma ilə müqayisədə bu iki sivilizasiya arasında olan konflikt İslam yarandığı dövrdən etibarən mövcud olmuşdur.Bunun səbəbi, İslam və Xristianlıq arasında olan maddi və mənəvi dünyaya fərqli baxış olduğu kimi, onlar arasındakı oxşarlıqlardan da qaynaqlanır. Hər iki din təkallahlı, universal, missioner fəaliyyəti tələb edən dinlərdir. Həmçinin, Hantington “cihad” və “səlib yürüşləri”ni də paralel konsepsiyalar olaraq tərif edir [1, 209-211].
Hantinqton İslam sivilizasiyasından bəhs edərkən müsəlmanların dünyaya baxışında “biz və onlar” konsepsiyasını önə çəkir; İslamın digər sivilizasiyalara qarşı münasibətdə hərbi və ya işğalçı olduğunu(“Dar-əl Hərb”), son zamanlarda isə müsəlmanlar arasında İslamifundamentalizmin(İslamın kökünə qayıdış) yüksəlişini soyuq müharibədən sonrakı dövrdə Qərbə qarşı əsas təhdid olaraq görür. Lakin, Hantinqtonun İslam dünyası ilə bağlı fikirləri natamamdır və İslam fəlsəfəsində olan “Dar-əl Sülh”(Sülh zonası) anlayışından bəhs etmir [3, 62].
“Biz və onlar” konsepsiyasına əsas olaraq müraciət olunan məqam isə “soyuq müharibə”dən sonrakı dövrdə Qərbin özünü yenidən vahid cəmiyyət kimi realizə etməsi problemidir. Belə ki, “Şərq bloku”nun dağılması isə qloballaşma istiqamətində olan çağırışlar və artıq NATO-nun mövcudluğuna zərurət qalmadığı yönündə olan fikirlər Qərb cəmiyyətinin vahidliyinə olan təhlükə kimi görünür. Belə olan halda, “sivilizasiyaların toqquşması” nəzəriyyəsi faydalı fikir kimi ortaya çıxır. Hantinqton qeyd edir ki, insanlar etnik və dini olaraq özlərini digərlərindən fərqli olan xüsusiyyətlərinə görə identifikasiya edirlər. SSRİ-nin dağılması ilə ideoloji bloklara görə identifikasiya dövrü də sona çatdı və mədəni fərqlər ortaya çıxmağa başladı, hansı ki, sivilizasiyalar daxili əlaqələri güclənməsinin əsas səbəbi sayıla bilər.Bu zaman, dövlətlər də əsas olaraq dini və mədəni cəhətdən daha yaxın olduqları ölkələrdən dəstək almağa çalışır, nəticədə, sivilizasiya amili insan haqlarından iqtisadi əlaqələrə qədər beynəlxalq münasibətlərin bütün sferalarında özünü göstərir. Buna görə, sivilizasiyalararası toqquşmalar da iki mərhələdə(mikro və makro) baş verir. Mikro mərhələyə Hantinqton müxtəlif qruplar və bəzən dövlət arasında sivilizasiyaların “qırılma xətləri”ndə baş verən münaqişələri aid edir. Makro mərhələdə isə müxtəlif sivilizasiyalara aid olan ölkələrin iqtisadi, hərbi sahədə bir-birləri ilə rəqabət aparmasının, beynəlxalq təşkilatlarda nüfuzlarını gücləndirməyə çalışmasını, öz siyasi və dini dəyərlərini təşviq etməsini göstərir [2, 29].
Mikro mərhələdə baş verən münaqişələrdən danışarkən statistik məlumatlara da müraciət edən Hantinqton soyuq müharibədən sonra baş verən 28 münaqişənin 19-nun müsəlmanlar ilə xristianlar arasında olmasına diqqət çəkir. 1996-cə ildə çap olunan kitabın “İslamın qanlı sərhədləri” bölməsində Bosniyada, Kiprdə, Kəşmirdə, Şimali Qafqazda və həmçinin Qarabağda olan münaqişədən bəhs edir [1, 255]. Əslində isə, bu münaqişələrdə zərərçəkən tərəf müsəlmanlar olmuşdur və hətta bir çox münaqişələr dini, mədəni səbəbdən deyil ərazi üzərində olan münaqişələr olmuşdur. Xüsusilə, Ermənistan-Azərbaycan Dağlıq münaqişəsi 1980-ci illərin sonu 90-cı illərin əvvəlində yaranmış vəziyyətdən istifadə edərək ermənilərin Azərbaycan torpaqlarını işğal etməsi faktından başqa bir konteksdə nəzərdən keçirilmir.
11 Sentyabr hadisələrindən sonra. 2001-ci il 11 sentyabrda ABŞ-da baş verən terror aktlarından sonra Hantinqtonun fikirləri yenidən aktuallaşmağa başladı. Belə ki, Qərb-İslam, İslam və demokratiya fikirləri artıq dünya gündəmində duran əsas məsələlər idi. Bundan əlavə, o zamanki ABŞ siyasəti, Corc Buş tərəfindən İran, İraq və Şimali Koreyanın “şər oxu” ölkələri elan edilməsi, Əfqanıstan və İraqa qarşı hərbi əməliyyatların başlanması “sivilizasiyaların toqquşması” nəzəriyyəsinin həm siyasi sahədə, həm də mediada aktiv istifadə olunmasına gətirib çıxardı. Qısa bir zamanda bu mövzuda yazıların, demək olar ki, bütün məşhur jurnallarda məqalələr dərc olunması, hadisələrin kökünün İslamda, mədəniyyətlərarası fərqlərdə axtarılması o qədər geniş hal almışdı ki, baş verənlər Hantinqtonun nəzəriyyəsinin qələbəsi kimi görünməyə başladı [5. 530]. Bütün bunlara baxmayaraq, 11 sentyabr hadisələrindən sonra proseslər fərqli konteksdə inkişaf etməyə başladı; terrora qarşı mübarizədə müsəlman ölkələri qərblə eyni mövqe nümayiş etdirirdi və hətta İranın da dəstəklədiyi qlobal koalisiya yarandı. Bu zaman qlobal miqyasda baş qaldıran anti-Amerikanizm isə təkcə İslam ölkələri və sivilizasiyalar ilə bağlı deyil, ümumilikdə ABŞ-ın Yaxın Şərq siyasətinə olan etiraz idi ki, bir çox hallarda Qərbi Avropa ölkələri də aparılan hərbi əməliyyatları dəstəkləmədiklərini açıq bildirirdilər. Bu xüsusda, Qərb sivilizasiya və sivilizasiyaların toqquşmasından danışmaqsivilizasiyalar daxilində müxtəlif siyasi perspektivləri görməzdən gəlmək olardı [6, 95].
Baş verən hadisələr konteksində, 2001-ci ildə Hantinqton “Həftənin Xəbərləri”(Newsweek) jurnalında “Müsəlman müharibələri əsri”(TheAge of MuslimWars) adlı yeni məqaləsini çap etdirdi. Burada o, artıq sivilizasiyalararası toqquşmanın qaçılmaz yox, mümkün olduğunu qeyd edirdi. Daha sonra, İslam və Qərb sivilizasiyalarının toqquşmasını siyasi faktorları nəzərə almadan yalnız ontoloji, dini fərqlərlə bağlamır. Son olaraq, Qərbə qarşı düşmən münasibətin ABŞ-ın İsrailə olan siyasətində dəyişiklik etməklə yumşadılmasının və beləliklə, gələcəkdə sivilizasiyaların toqquşmasınınqarşısının alınması ideyasını irəli sürür[6, 96].
Pyu Araşdırma Mərkəzinin(PewResearchCentre) bu sahədə apardığı sorğular nəticəsində görünür ki, heç bir sivilizasiya, xüsusilə qərb və islam, böyük əksəriyyət olaraq münaqişə istəyində deyil.11 sentyabr hadisələrindən sonrakı 10 il ərzində aparılan sorğu zamanı“11 sentyabr hadisələri Qərb və Şərq sivilizasiyaları arasında olan yoxsa sadəcə kiçik radikal qrupla olan toqquşma idi?” sualına yalnız 35% insan sivilizasiyalararası toqquşma cavabını vermişdir [7].
Bütün bunlara baxmayaraq, bir çox politoloqlar tərəfindən kommunist blokunun dağılmasından sonra Qərbin yeni “düşmən” olaraq İslam ölkələrini gördüyünü və Hantinqtonun nəzəriyyəsinin bu konteksdə ən bariz nümunə olduğu qeyd edilir. Alparslan Universitetinin dosenti Murat Aktaş “Avropada yüksələn islamofobiya və sivilizasiyaların toqquşması” adlı məqaləsində 1990-cı illərdən etibarən Qərbdə müsəlmanlara qarşı artan ayrıseçkiliyin 2001-ci il 11 sentyabr hadisələrindən sonra daha geniş vüsət aldığını qeyd edir. Əsas İnsan Hüquqları üzrə Avropa Agentliyinin hesabatına görə, Avropada yaşayan və vətəndaşlıq statusu olan müsəlmanların 27%-nin, belə statusu olmayanların isə 41%-nin ayrıseçkiliyə məruz qalmışdır. Təbii ki, islamofobiyanın artmasında təkcə terror aktları deyil, iqtisadi böhranlarla artan sosial, iqtisadi məsələlər də böyük rol oynayır və bu problemlər sağçı, millətçi partiyalar tərəfindən bir alət olaraq istifadə olunur. Nəticədə sosial konfliktlərin əsasında İslam sivilizasiyası durmasa da, digər problemlərlə qızışdırılan hadisələr bu məcrada inkişaf edərək şiddətlənir [8, 3]. Onu da qeyd etmək lazımdır ki, bu kimi etirazlar təkcə müsəlmanlara qarşı deyil, eləcə də Avropa Birliyinin siyasətinə qarşı olur ki (xüsusilə Şərqi Avropa ölkələrində Aİ-nin iqtisadi və miqrasiya siyasətinə olan etirazlar), bu da onu göstərir ki, islamofobiya yalnız ekstremist partiyaların öz populyarlıqlarını artırmaq üçün istifadə etdiyi bir amildir.
11 sentyabr hadisələrindən sonra Hantinqtonun tezisinin artıq daha real olduğu düşünülsə də, həm beynəlxalq təşkilatlar, həm də müsəlmanlar tərəfindən bunun əksini ifadə edən çağırışlar oldu və bunun nəticəsində sivilizasiyalararası dialoqu təşviq etmək məqsədilə yeni institutlar təşkil olundu. Bu baxımdan, 2005-ci ildə keçmiş BMT Baş katibi Kofi Annanın təşəbbüsü, Türkiyə və İspaniyanın dəstəyi ilə Birləşmiş Millətlər Təşkilatı tərəfindən yaradılmış olan BMT-nin Sivilizasiyalar Alyansını qeyd etmək lazımdır. Bundan daha əvvəl isə sivilizasiyalararası dialoqun inkişaf etdirilməsi ilə bağlı, 1998-ci ildə o zaman İranın prezidenti olan Məhəmməd Xatəmi tərəfindən BMT-yə müraciət olmuş və bunun nəticəsində BMT Baş Məclisi tərəfindən 2001-ci il “Sivilizasiyalararası Dialoq ili” elan olunmuş, lakin 11 sentyabr hadisələrindən sonra bu ideya kölgə altında qalmışdır [9, 56].
BMT Sivilizasiyalar Alyansı(SA) əsas məqsəd olaraq millətlər arasında gərginliyin azaldılması və sülhün təşviqini qarşısına qoyur. Beləliklə, “yumşaq güc” olaraq SA ölkələrin, müxtəlif etnik, mədəni qrupların arasında dialoqa nail olmalı və konfliktlər qarşısının alınmasına yardım etməlidir. Bu məqsədlə SA dövlətlər, beynəlxalq hökumət və qeyri-hökumət təşkilatları ilə daimi əlaqədə olur, danışıqlar aparır, “Yüksək nümayəndələr” və digər təşkilat üzvləri vasitəsi ilə çağırışlar edir, 3-cü tərəflərin – dini liderlər, müxtəlif yerli təşkilat rəhbərləri, gənc liderlər və qadın liderlər vasitəsi ilə dini və mədəni gərginlikləri yumşaltmağa çalışır [10].
BMT Sivilizasiyalar Alyansı 2008-ci ildən etibarən ən yüksək səviyyəli tədbir olaraq Qlobal Forumlar təşkil edir və bu forumlar Alyansın üzvü olan ölkələri, görkəmli şəxsləri və təşkilatla əməkdaşlıq digər qurumları bir araya gətirir. Təsadüfi deyil ki, 2016-cı ildə BMT-nin Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumu hər zaman xalqlar, sivilizasiyalar arasında sülhün və dialoqun tərəfdarı olan Azərbaycanda keçirilmişdir. Forumun açılışında Azərbaycan Respublikasının prezidenti İlham Əliyev demişdir: “BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumuna ev sahibliyi etmək bizim üçün böyük fəxrdir. Biz bunu mədəniyyətlərarası dialoq və multikulturalizm dəyərlərinin təşviqi sahəsində fəaliyyətimizin yüksək qiymətləndirilməsi əlaməti kimi qəbul edirik”[11].
Bundan əlavə, Prezident İlham Əliyevinin Sərəncamına uyğun olaraq 2008-ci il dekabrın 2-3-də Bakıda Avropa Şurasına üzv dövlətlərin mədəniyyət nazirlərinin konfransı keçirilmişdir. Bu zaman, İlham Əliyev tərəfindən mədəniyyətlər və sivilizasiyalar arasında səmərəli və effektiv dialoqun qurulmasını nəzərdə tutan "Bakı prosesi"nin əsası qoyulmuşdur. Prosesin davamı olaraq 2011-ci ildən etibarən 2011-ci il 7-9 aprel tarixlərində 102 dövlətin və 10-dan artıq beynəlxalq təşkilatın nümayəndələrinin iştirakı ilə 1-ci Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu Bakıda keçirilmişdir.Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu Azərbaycanın irəli sürdüyü, hər iki ildə bir dəfə olmaqla keçirilən və BMT-nin Sivilizasiyalar Alyansı, YUNESKO, Avropa Şurası, AŞ-nın Şimal-Cənub Mərkəzi və İSESKO-nun dəstəklədiyi təşəbbüsdür[12, 133].
Yekun olaraq qeyd etmək lazımdır ki, nə Qərb-Xristian, nə də İslam dünyası sivilizasiyalararası dialoqu inkişaf etdirmək üçün xüsusi səy göstərməmişdir. Müasir dövrdə isə qloballaşma və beynəlxalq münasibətlərin mövcud inkişafı iki sivilizasiya arasında əlaqələrin qarşılıqlı hörmət və anlaşma şəraitində inkişafına əsas yaradır. 11 sentyabr hadisələrindən sonra proseslərin inkişafı da göstərdi ki, hər iki sivilizasiya və həmçinin beynəlxalq təşkilatlar, müxtəlif hökumət və qeyri-hökumət institutları sivilizasiyalararası dialoqun və dinc yanaşı yaşamanın bəşəriyyətin gələcək inkişafı üçün yeganə yol olduğu fikrindədirlər. Hantinqtonin qeyd etdiyi kimi, yaxın gələcəkdə universal bir sivilizasiya olması mümkün görünməsə də, mövcud sivilizasiyalar dünyanı öz aralarında müxtəlif hissələrə bölməyi deyil, bir-biriləri ilə yanaşı yaşamağı öyrənməlidirlər.

ƏDƏBİYYAT
1. Samuel P. Huntington, The Clash of Civilizations and the Remaking of World Order.Published by Penguin Books India, 1997, 367 pages
2. Samuel P. Huntington, The Clash of Civilizations?. Foreign Affairs, Vol. 72, No. 3 (Summer, 1993). Published by: Council on Foreign Relations, pp. 22-49 (28 pages)
3. Yrd. Doç. Dr. Murat SİLİNİR, Stratejik Bir İnşa Planı Olarak Medeniyetler Çatışması. Batman Üniversitesi Batman University Yaşam Bilimleri Dergisi; Cilt 6 Sayı 1 (2016)pp. 31-56
http://dergipark.gov.tr/buyasambid
4. Ann Black, Hossein Esmaeili, Nadirsyah Hosen, Modern Perspectives on Islamic Law. Published by Edward Elgar Pub, 2015, 320 pages
5. ERVAND ABRAHAMIAN, The US media, Huntington and September 11. Third World Quarterly, Vol 24, No 3,Carfax Publihsing, pp 529–544, 2003
6. Engin I. Erdem, The ‘Clash of Civilizations’: Revisited after September 11. Alternatives: Turkish Journal of International Relations, Vol.1, No.2, Summer 2002, pp. 81-107
http://alternatives.yalova.edu.tr/article/view/5000159398
7. United in Remembrance, Divided over Policies, Ten Years after 9/11, report by Pew Research Center. U.S. Politics & Policy section
http://www.people-press.org/2011/09/01/united-in-remembrance-divided-over-policies/
8. Murat AKTAŞ, Avrupa’da Yükselen İslamofobi ve Medeniyetler Çatışması Tezi. Ankara Avrupa Çalışmaları Dergisi Cilt:13, No:1 (Yıl: 2014), s.31-54.Yayıncı: AvrupaToplulukları Araştırma ve Uygulama Merkezi
9. DavideOrsi, The ‘Clash of Civilizations’ 25 Years On: A MultidisciplinaryAppraisal. E-InternationalRelations, Bristol, England,174 pages.
10. TheUnitedNationsAlliance of Civilizations (UNAOC), AboutUs
https://www.unaoc.org/who-we-are/
11. BMT-nin Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumu, Bakı 2016. http://www.mfa.gov.az/content/967
12. T.R.Salmanzadə, Multikulturalizmin Azərbaycan Modeli: Tarixi Təcrübə Və Mövcud Reallıqlar Konteksində. Bakı Universitetinin Xəbərləri, Humanitar Elmlər Seriyası No:4, 2017, s.129-135. Bakı Universiteti Nəşriyyatı
13. Oswald Spengler, TheDecline of theWest (Abridged). Vintage; Reprintedition, 2006, 480 pages

İSTİNADLAR:
1. Türkiyənin Avropa ölkələri ilə tarixi-mədəni əlaqələrə və Osmanlı dövründə Balkan yarımadasına nəzarət etmiş olsa da, davamlı olaraq avropalı siyasətçilər və akademiklər tərəfindən dini və mədəni baxımdan Avropanın bir hissəsi olaraq görülməyib.Baxmayaraq ki, Türkiyənin üzvlüyü, son yadda qalan tarixi 2 dünya müharibəsindən ibarət olan Avropa üçün Qərb və İslam sivilizasiyaları arasında körpü yarada bilər.
2. Hantinqton həmçinin qeyd edir ki, modernizasiyamütləq qərbləşmə demək deyil. Bir çox ölkələr qərb dəyərlərini, institutlarını və praktikasını tətbiq etsə də öz ənənələrini də qoruyub saxlaya bilir. Hətta qərbləşməyə tamamilə qarşı olan bir çox ölkələr modern texnologiyaları öz adət-ənənələrinin təbliği üçün istifadə edir. Bu baxımdan modernizasiya bu sivilizasiyaları gücləndirərək Qərbin gücünü azaltmış olur [1, 78].
3. İslam fəlsəfəsində(əsasən orta əsrlərdə yayılmış olan və hazırda əksəriyyət müsəlmanlar tərəfindən istinad edilməyən) dünyanın bölgüsü. Dar-əl İslam – İslam hüququnun mövcud olduğu ərazi; Dar-əl Sülh – müsəlman olmayan, lakin müsəlman dövləti ilə sülh şəraitində olan və öz ərazilərində müsəlmanların hüquqlarını qoruyan ölkələr. Dar-əl Hərb isə müsəlmanların öz dini etiqadlarını həyata keçirməyi qadağan edən ölkələrdir ki, onlar işğal zonası adlanır [4, 42;72].
4. Newsweek: Volume 138 - Newsweek, Inc., 2001 - pp. 140-144
5. BMT Baş katibi KofiAnnan tərəfindən yaradılmış, siyasətçilər, akademiklər, vətəndaş cəmiyyəti nümayəndələri, dini liderlər və media nümayəndələrindən ibarət olan 20 nəfərlik görkəmli şəxsləri əhatə edən qrup. 2013-cü ildən NassirAbdulaziz Al-Nasseri ali nümayəndə vəzifəsini həyata keçirir.
6. Samuel P. Huntington, TheClash of Civilizations?. ForeignAffairs, Vol. 72, No. 3 (Summer, 1993). Publishedby: Council on ForeignRelations, p.49

Açar sözlər: sivilizasiya, münaqişə, geosiyasət, Qərb, İslam
Ключевые слова: цивилизация, конфликт, геополитика, Запад, Ислам
Key words: civilization, conflict, geopolitics, West, Islam

«Столкновение цивилизаций» и
Западно-Исламские отношения
T.R.Salmanzade
Резюме
В этой статье была проанализирована теория Самуэля Хантингтона «Столкновение цивилизаций» и ее подход к современным международным отношениям, а также критика в некоторых случаях. Кроме того, исторический контекст отношений Запада и Ислама, который Хантингтон определил в качестве основных противоборствующих сторон, меняет эти отношения после исследованных атак 11 сентября. Наконец, исследованы современные институты развития межцивилизационного диалога и дальнейшие перспективы возможного сотрудничества между упомянутыми цивилизациями.

The ‘Clash of Civilizations’ and West-Islam Relations
T.R.Salmanzade
Summary
In this article Samuel Huntington’s ‘Clash of Civilizations’ theory and its method of approaching contemporary International Relations have been analyzed and also criticized in certain cases. Furthermore, the historical context of West and Islam relations, which was defined as the main confrontation parties by Huntington, changes in this relations after 9/11 attacks researched. Finally, contemporary institutes for developing inter-civilizational dialogue and future perspectives of possible collaboration between the mentioned civilizations investigated.

 

"GEOSTRATEGİYA" jurnalı №06 (48) NOYABR-DEKABR 2018



Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM