Azərbaycanın BMT üzvlüyünə qəbul edilməsinin 27-ci ili tamam olub. 1992-ci il martın 2-dən bu günə qədər tərəflər arasında əlaqələrin xüsusi dinamika ilə inkişaf etdiyi ilə bağlı ekspertlərin yekdil fikri vardır. Keçən müddətdə bütün sahələr üzrə Azərbaycan bu nüfuzlu beynəlxalq təşkilatla əlaqələrini yüksələn xətlə inkişaf etdirib. Lakin müstəqilliyin ilk illərində BMT ilə münasibətlərdə problemlər mövcud idi. O dövrdəki rəhbərliyin siyasi naşılığı və bir sıra dairələrin təxribatçı fəaliyyəti nəticəsində ölkəmiz bu beynəlxalq təşkilatla fəal əməkdaşlıq edə bilmədi. Ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə vəziyyət kökündən dəyişdi. O zamandan bu yana Azərbaycanla BMT arasında əməkdaşlıq həm sistemli xarakter aldı, həm də Azərbaycanın müstəqil dövlətçilik maraqlarına tam cavab verdi. Həmin kontekstdə Azərbaycan-BMT münasibətlərinin geosiyasi aspektinin analizi üzərində bir qədər geniş dayanmağa ehtiyac görürük.
Bretton-Vuds sistemi və BMT: 1945-ci ildən sonrakı ziddiyyət
Birləşmiş Millətlər Təşkilatı (BMT) ən nüfuzlu dövlətlərarası beynəlxalq təşkilatdır. Onun tarixi və məqsədləri haqqında kifayət qədər informasiyalar mövcuddur. BMT-nin Nizamnaməsi 1945-ci ilin aprelində ABŞ-ın San-Fransisko şəhərində SSRİ və Amerika nümayəndələri arasında bir neçə aylıq çalışmalardan sonra razılaşdırılıb. Nizamnamə həmin ilin iyun ayında yenə həmin şəhərdə keçirilən beynəlxalq konfransın təsdiqinə verilib. İştirakçı dövlətlərin sayı 50 olub. Ancaq aparıcı qüvvə kimi SSRİ və ABŞ çıxış edib. 1945-ci ilin oktyabrında BMT-nin Nizamnaməsi qüvvəyə minib. Bu təşkilatı Almaniya üzərində qələbə qazanan böyük dövlətlər dünya siyasətində prosesləri beynəlxalq hüquqa uyğun tənzimləmək üçün yaradıblar. Lakin bir məqamın üzərində nədənsə mütəxəssislər dayanmaq istəmirlər. Bu məqam hazırda BMT ilə bağlı müəyyən ziddiyyətli vəziyyətlərin yaranmasında az rol oynamayıb. İndi BMT-nin üzvləri çoxdur, lakin onun dünya siyasətinə təsirinin səmərəsi heç də keçən əsrdən çox deyil. Səbəblər müxtəlifdir. Biz yalnız BMT yarandığı dövrdə özünü göstərən bir ziddiyyətə diqqət yetirmək istərdik.
Məsələ ondan ibarətdir ki, həmin dövrdə Amerika ilə SSRİ arasında yaradılacaq dünya nizamında hansı faktora üstünlük verməklə bağlı fikir ayrılığı mövcud idi. Vaşinqton dünya iqtisadiyyatında inkişafa və tənzimlənməyə nail olmaq üçün qlobal sülhü və barışı təmin etməyin mümkünlüyünə inanıb. SSRİ isə Amerikanın təklif etdiyi bu yanaşmaya dəstək verməyib, dünya miqyasında siyasəti tənzimləməyin daha perspektivli olduğunu iddia edib. Nəticədə, iki qlobal sistem yaranıb: Bretton-Vuds sistemi və Birləşmiş Millətlər Təşkilatı.
Bretton-Vuds (ABŞ-da şəhərdir) sistemində başlıca olaraq iqtisadi-maliyyə sahəsində dünya dövlətlərini bir araya gətirmək nəzərdə tutulub. Bu təşkilatın yaradılması üçün ilk konfrans 1944-cü ildə Bretton-Vudsda keçirilib. Orada üç əsas institutun yaradılması nəzərdə tutulub – Beynəlxalq Valyuta Fondu (BVF), Beynəlxalq Yenidənqurma və İnkişaf Bankı (BYİB) və Tariflər və Ticarət üzrə Baş Saziş (TTBŞ). Lakin Tariflər və Ticarət üzrə Baş Sazişi SSRİ imzalamaqdan imtina edib. Bütövlükdə sovetlər yuxarıda vurğulanan beynəlxalq qurumlarda iştirakdan imtina edib. TTBŞ yalnız 1947-ci ildə razılaşdırılıb. BVF və BYİB BMT-nin təsisatları sırasına daxil edilib.
Bununla da öncədən Qərblə SSRİ arasında dünyanın siyasi və iqtisadi idarə edilməsi məsələsində fikir ayrılığı olub. Moskva beynəlxalq iqtisadi proseslərə qarışmayıb, buna görə də iqtisadi fəaliyyətdə sərbəstlik əldə edib. Lakin o, dünyanın aparıcı hissəsinin liderlik etdiyi beynəlxalq iqtisadi proseslərdən təcrid olunub. Düşünürük ki, bu ziddiyyət XX əsin ikinci yarısından başlayaraq getdikcə daha da dərinləşib və iki tərəfdən birinin sıradan çıxması ilə nəticələnməli idi. Bu hadisə keçən əsrin 90-cı illərinin əvvəllərində baş verdi – sosialist düşərgəsi əsas olaraq iqtisadi çətinliklərə görə yarışa dayana bilmədi və çökdü.
Bütün bunlar qlobal geosiyasi proseslərə çox ciddi təsir göstərdi. Təbii ki, bir böyük gücün dağılması siyasətə təsirsiz qala bilməzdi. ABŞ başda olmaqla Qərb öz qələbələrini böyük təntənə hesab etdi və beynəlxalq təşkilatların qlobal siyasəti tənzimləməsi məsələsinə elə də səmimi yanaşmadı. Məhz belə bir qarışıq mərhələdə – ötən əsrin 90-cı illərinin əvvəllərində müstəqilliyini əldə etmiş keçmiş sovet respublikaları BMT-yə üzv oldular. Azərbaycan BMT-yə daxil olan 181-ci ölkə idi!
Azərbaycan və BMT: Heydər Əliyevin əsasını qoyduğu əməkdaşlıq yolu
Təbii ki, belə bir dolaşıq mərhələdə gənc müsəlman ölkəsinin ən böyük beynəlxalq təşkilata üzv olması sadə məsələ deyildi. Böyük güclərin illərdir çarpışdığı bir təşkilatda düzgün mövqe tutmaq və milli dövlətçiliyi müdafiə etmək siyasi iradə, ustalıq və diplomatik bacarıq tələb edirdi. Heydər Əliyevdən öncəki siyasi iqtidarların heç biri bu vəzifənin öhdəsindən gələ bilmədi. Azərbaycan nəinki hüquqlarını müdafiə edə bilirdi, hətta dövlət olaraq tarixdən silinməsi təhlükəsi ilə üzləşmişdi.
Bunun əsas səbəbi naşı rəhbərlik və havadarlarının ciddi yardımı və istiqamətləndirmələri ilə Ermənistanın aramsız olaraq Azərbaycan torpaqlarını işğal etməyə çalışması idi. 1993-cü ilin iyun ayına qədər bu istiqamətdə Azərbaycan üçün çox əlverişsiz bir vəziyyət yaranmışdı. Ulu öndər məhz bu cür ağır, məşəqqətli və təhlükəli dövrdə xalqın tələbi ilə ölkəyə rəhbər oldu. Bununla da tədricən bütün istiqamətlərdə dövlətin siyasəti sistemli və səmərəli xarakter almağa başladı. Heydər Əliyev həmin aspektdə beynəlxalq təşkilatlarla, ilk növbədə isə BMT ilə əməkdaşlığa çox böyük önəm verdi.
1994-cü və 1995-ci illərdə BMT tribunasından çıxış edərək Heydər Əliyev gənc Azərbaycan dövlətinin müstəqil xarici siyasətinin və demokratik dövlət quruculuğu konsepsiyasının əsas məqamlarını dünyaya bəyan etdi. Məlum oldu ki, Cənubi Qafqazda yeni demokratik və sülhsevər bir dövlət yaranıb. Bu, Azərbaycan-BMT münasibətlərinin perspektivindən xəbər verirdi. Təcrübə göstərdi ki, rəsmi Bakı bu təşkilatla əməkdaşlığa ciddi diqqət yetirir və onun Nizamnaməsinə tam əməl edir.
Lakin yuxarıda vurğuladığımız kimi, böyük güclər arasında öncədən mövcud olan mövqe fərqliliyi bütün məsələlərdə BMT-nin ədaləti müdafiə etməsinə əngəllər törədirdi. Xüsusilə Ermənistanın Azərbaycana təcavüzü nəticəsində erməni silahlı qüvvələrinin işğalı altında qalan torpaqların azad edilməsi məsələsi dolaşıqlığa salındı. BMT bu məsələ ilə bağlı dörd qətnamə qəbul etsə də, indiyə qədər onlara əməl olunmayıb. Azərbaycanın BMT-yə üzv qəbul olunmasının 27-ci ilində vəziyyətin bu şəkildə qallması, təbii ki, ürəkaçan deyil. Ölkə böyük ümidlərlə daxil olduğu nüfuzlu beynəlxalq təşkilatın Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qəbul etdiyi sənədləri icra edə bilməməsini böyük üzüntü ilə qarşılayır. Bu, birbaşa BMT-nin Nizamnaməsinin pozulması və beynəlxalq hüquq normalarının tapdanmasıdır.
Aydındır ki, vəziyyətin bu cür olmasında BMT Təhlükəsizlik Şurasının üzvlərinin tutduqları mövqe az rol oynamır. Bu səbəbdəndir ki, hələ 1995-ci ildə BMT-nin 50 illik yubileyinə həsr olunmuş tədbirdə çıxış edən Heydər Əliyev təşkilatda ciddi islahatların aparılması zərurətini vurğulamışdı. Nitqində Ulu öndər xüsusi olaraq qeyd etmişdi ki, geosiyasi qaydalar dünyada yeni əsaslara keçməlidir və bu prosesdə BMT ayrıca rol oynamalıdır. Çünki BMT dünyada ən nüfuzlu və ən səlahiyyətli təşkilatdır. Xüsusilə BMT TŞ-nin fəallığı və obyektivliyi yüksəldilməlidir. Çünki Təhlukəsizlik Şurası beynəlxalq huququn əsas prinsiplərinin pozulması faktlarına kollektiv reaksiya prosesinin sistemli olaraq formalaşdırılmasında çox vacib funksiya yerinə yetirməlidir. Həmin normaların pozulması isə beynəlxalq sulhə və təhlukəsizliyə ciddi təhdiddir.
Heydər Əliyevin BMT-yə yüksək əhəmiyyət verməsi və bu əsasda həmin təşkilatla geniş əlaqələr qurmağa başlaması öz müsbət nəticələrini verməkdədir. Hələ 1993-cü ildə BMT keçirdiyi 85-ci plenar iclasında "Azərbaycanda olan qaçqın və məcburi köçkünlərə fövqəladə beynəlxalq yardımın göstərilməsi haqqında" qətnamə qəbul etmişdi. Heydər Əliyevin 1994-cü ilin sentyabrında BMT Baş Assambleyasının 49-cu sessiyasındakı çıxışı beynəlxalq ictimaiyyətin diqqətinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə cəlb edilməsində mühüm əhəmiyyət kəsb etdi. Biz artıq Dağlıq Qarabağ münaqişəsi ilə bağlı BMT TŞ-nin dörd qətnamə qəbul etməsini vurğulamışıq. Heydər Əliyev 2000-ci ilin sentyabr ayında BMT-də minilliyin sammitində çıxış edərək bir daha dünyanın diqqətini bu münaqişənin həllinə yönəltmiş və ölkəmizin ədalətli mövqeyini növbəti dəfə ifadə etmişdi.
Sistemli və çoxşaxəli əlaqələr: reallaşan uğurlu proqramlar
Bununla Azərbaycanın BMT ilə əməkdaşlığı yeni səviyyədə sistemli xarakter aldı. Nəticədə, Azərbaycan BMT-nin müxtəlif orqanları ilə səmərəli əməkdaşlıq əlaqələri qura bildi. Ölkəmiz onun seçkili orqanlarında, alt komitələrində, ixtisaslaşmış və digər qurumlarında kifayət qədər fəaldır.
Azərbaycan 1995-ci ildən başlayaraq BMT-nin çox sayda komissiya və şurasına üzv qəbul edilib və orada kifayət qədər aktiv fəaliyyət göstərir. Həmin komissiyalar sırasında UNESCO-nu, UNICEF-i, ECOSOC-u, habelə Qadınların vəziyyəti haqqında Komissiyanı, İnsan Hüquqları Komissiyasını, Dünya Səhiyyə Təşkilatı İcraedici Şurasını və başqalarını göstərmək olar. Bunlardan başqa, Azərbaycan Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin Heyətinə, BMT-nin Təhlükəsizlik Şurasına və Ümumdünya Turizm Təşkilatının İcra Şurasına üzv seçilib. Azərbaycan BMT-nin Davamlı İnkişaf üzrə Komissiyasının da üzvüdür.
Azərbaycanın BMT-nin ixtisaslaşmış və digər qurumları ilə də yaxın əməkdaşlığı diqqəti çəkir. O sırada BMT-nin İnkişaf Proqramı, Qaçqınlar üzrə Ali Komissarlığı, Uşaq Fondu, Təhsil, Elm və Mədəniyyət Təşkilatı, Sənaye İnkişaf Təşkilatı, Ümumdünya Səhiyyə Təşkilatı ilə daim inkişaf edən əlaqələri göstərə bilərik.
Yuxarıda vurğuladıq ki, Azərbaycan UNESCO ilə də sıx əməkdaşlıq edir. BMT-nin Təhsil, Elm və Mədəniyyət Təşkilatı olan bu qurumla əlaqələr üzərində bir qədər geniş dayanmaq olar. Hələ 1994-cü ildə Prezident Heydər Əliyevin Sərəncamına əsasən, Azərbaycanın UNESCO nəzdində Milli Komissiyası təsis edilib. Elm, təhsil və mədəniyyətin dünya miqyasında əhəmiyyətini nəzərə alaraq Azərbaycan rəhbərliyi bu prosesə xüsusi diqqət yetirib. UNESCO ilə əlaqələrin yüksək sürətlə inkişaf etməsində Azərbaycanın birinci xanımı, birinci vitse-prezident Mehriban Əliyeva xüsusi rol oynayır. Heydər Əliyev Fondu həmin istiqamətdə daim proqramlar həyata keçirir. Onlar cəmiyyətin müxtəlif sferalarını əhatə edirlər. O cümlədən Azərbaycan mədəniyyətinin BMT xətti ilə dünyada tanıdılması istiqamətində çox əhəmiyyətli addımlar atılır.
Hələ 1996-cı ildə dahi Azərbaycan şairi və mütəfəkkiri Məhəmməd Füzulinin anadan olmasının 500 illik yubileyi Parisdə – UNESCO-nun qərargahında təntənə ilə qeyd edilmişdi. 2000-ci ildə isə "Kitabi-Dədə Qorqud" dastanının 1300 illik yubileyi orada təşkil edildi. Bütövlükdə UNESCO-nun Yubileylər Proqramı çərçivəsində onlarca yubiley tədbiri beynəlxalq səviyyədə qeyd edilib. Mehriban Əliyeva ənənəvi musiqinin, ədəbiyyat və poeziyanın inkişafına verdiyi töhfələrə, musiqi təhsili və dünya mədəniyyətlərinin mübadiləsi sahəsindəki xidmətlərinə və UNESCO-nun ideyalarına göstərdiyi sadiqliyə görə 2004-cü ilin sentyabrında onun xoşməramlı səfiri adına layiq görülüb. 2010-cu ildə isə Mehriban xanım Əliyeva UNESCO-nun "Qızıl Motsart" medalı ilə təltif edilib. Məhz Mehriban Əliyevanın fəaliyyəti sayəsində Azərbaycanın maddi-mədəni irs nümunələri – İçərişəhər, Qız qalası və Şirvanşahlar Saray Kompleksi və Qobustan Qaya Sənəti Mədəni Landşaftı UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilib. Bundan başqa, Azərbaycan muğamı, aşıq sənəti, Novruz bayramı, xalçaçılıq sənəti, eləcə də tar və onun ifaçılıq sənəti Qeyri-maddi Mədəni İrsin Reprezentativ Siyahısına salınıb. Çovkən ənənəvi atüstü oyunu da UNESCO-nun Təcili qorunmaya ehtiyacı olan Qeyri-maddi Mədəni İrs Siyahısına daxil edilib. Bunlara bir sıra görkəmli Azərbaycan alim, filosof və mədəniyyət xadimlərinin yubileylərinin təşkil edilməsini də əlavə etmək olar.
Deyilənlər Azərbaycanın elm, təhsil və mədəniyyət sahəsində BMT ilə yüksək səviyyədə əməkdaşlıq etdiyini təsdiqləyən konkret faktlardandır. Keçən müddət ərzində BMT ilə bütün istiqamətlərdə uğurlu əlaqələrin inkişaf etdiyini deyə bilərik. O cümlədən Prezident İlham Əliyevin birbaşa təşəbbüsü və fəallığı ilə Azərbaycan-BMT münasibətləri geosiyasi, siyasi, təhlükəsizlik və digər sferalar üzrə dinamik inkişaf edir.
Yeni mərhələ: İlham Əliyevin siyasi iradəsi və düşünülmüş əməkdaşlıq kursu
2003-cü ildə BMT Baş Assambleyasının 58-ci sessiyasında Azərbaycan Respublikasının Baş naziri kimi çıxış edən İlham Əliyev BMT Təhlükəsizlik Şurasının şəraitə uyğun çevik və adekvat münasibət göstərə bilməməsini qeyd etmişdi. Bunun beynəlxalq aləmdə mürəkkəb proseslərin cərəyan etdiyi dövrdə üzvlər arasında qarşılıqlı anlaşılmazlıqların meydana çıxması fonunda baş verməsini vurğulamışdı. İlham Əliyev məntiqi nəticə olaraq BMT TŞ-də müəyyən islahatların zəruri olduğunu ifadə etmişdi. Konkret olaraq, İlham Əliyev BMT mexanizmlərinin yenidən işlənməsinə olan ehtiyacı açıq ifadə etmişdi. O cümlədən Təhlükəsizlik Şurasının daimi üzvlərinin veto hüququna yenidən baxılması təklifini irəli sürmüşdü.
Bundan bir il sonra isə artıq Prezident kimi İlham Əliyev BMT Baş Assambleyasının 59-cu sessiyasında (2004-cü ilin sentyabrı) çıxış edərkən vurğulamışdı ki, "təkmilləşdirilmiş Təhlükəsizlik Şurası daha geniş tərkibli, daha çox məsuliyyətli və demokratik, onun iş metodları daha şəffaf olmalı, XXI əsrin yeni təhdidləri, riskləri və təhlükələrinə daha operativ cavab verilməlidir".
Dövlət başçısı həmin sessiyada Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Təhlükəsizlik Şurasının qəbul etdiyi dörd qətnamənin yerinə yetirilmədiyini diqqətə çatdırdı. Dövlət başçısı onların həyata keçirilməsinin BMT TŞ üçün vacib olduğunu ifadə etmişdi. Bundan sonra, oktyabrın 29-da BMT Baş Assambleyasının sessiyasında Azərbaycan nümayəndə heyətinin təşəbbüsü ilə "Azərbaycanın işğal olunmuş ərazilərində vəziyyət" adlı məsələ iclasın gündəliyinə salındı.
Bu fəaliyyətin məntiqi nəticəsi olaraq Baş Assambleyanın 2006-cı il sentyabrın 7-də keçirilən 60-cı sessiyasının 98-ci plenar iclası və 2008-ci il martın 14-də keçirilən 62-ci sessiyanın 86-cı plenar iclasında "Azərbaycanın işğal edilmiş ərazilərində vəziyyət" adlı qətnamələr qəbul edildi. Həmin sənədlərdə Təhlükəsizlik Şurasının məlum qətnamələrinə istinad edilir və göstərilir ki, Azərbaycanın işğal olunmuş ərazilərində ermənilərin məskunlaşdırılması qəbuledilməzdir. Bundan əlavə, işğal edilmiş Azərbaycan torpaqlarında ermənilərin təxribatlar törətməsi, dağıntılar yaratması, təbiətə zərər vurması qətiyyətlə pislənilir.
Onu da deyək ki, bu sənədlərdə erməni silahlı qüvvələrinin işğal olunmuş Azərbaycan ərazilərindən dərhal, tamamilə və qeyd-şərtsiz çıxarılması tələb olunur, Azərbaycanın suverenliyi, ərazi bütövlüyünə hörmət ifadə edilir. Bunlar, şübhəsiz ki, Prezident İlham Əliyevin məsələni birbaşa BMT qarşısında qətiyyətlə qaldırması sayəsində mümkün oldu.
Bunlarla yanaşı, Azərbaycan-BMT əməkdaşlığında sülh və təhlükəsizlik məsələləri üzrə əlaqələr də xüsusi yer tutur. Azərbaycan BMT orqanlarında sülh və təhlükəsizlik məsələlərinə dair siyasi müzakirələrdə aktiv iştirak edir. Bakı BMT-nin mandatı ilə həyata keçirilən praktiki fəaliyyətə töhfə verir. Bu baxımdan Azərbaycanın BMT çərçivəsində terrorizmə qarşı aparılan mübarizədə fəal iştirakı ayrıca vurğulanmalıdır. Ölkəmiz BMT TŞ-nın Terrorizmə qarşı Komitəsi ilə yaxından əməkdaşlıq edir və ona Azərbaycanda terrorizmə qarşı mübarizə sahəsində görülən tədbirlər haqqında müvafiq hesabatlar təqdim edir.
Təbii ki, Azərbaycan-BMT münasibətlərindən bəhs edərkən Azərbaycan Respublikasının 2012-2013-cü illər üçün BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvlüyünə keçirilən seçkilərdə Şərqi Avropa dövlətləri qrupundan namizədliyinin irəli sürülməsini unutmaq olmaz. Azərbaycan seçkilərdə 155 səs əldə edərək BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvlüyünə seçildi. İlham Əliyevin sədrliyi ilə 2012-ci ilin may ayında Təhlükəsizlik Şurasının iclasının keçirilməsi Azərbaycanın diplomatiya tarixində əldə edilmiş ən böyük nailiyyətlərdən biridir. Bu, həm də Azərbaycanın beynəlxalq aləmdə çəkisinin artması və ayrılıqda BMT-də böyük etibar qazanmasının əlaməti idi.
Azərbaycan sivil, demokratik və əməkdaşlığa üstünlük verən müstəqil dövlət kimi BMT çərçivəsində siyasi, iqtisadi və mədəni sahələrdə həyata keçirilən proqramların bəşəriyyətin rifahına xidmət etməsi naminə də fəallıq göstərir. Bu məsələdə ölkəmiz geosiyasi, siyasi və təhlükəsizlik aspektləri arasında uyğunluq yaradılmasına çalışır. Məsələn, Azərbaycan BMT-nin davamlı inkişafa aid proqramlarında iştirak edir. Bu baxımdan 2015-ci il BMT sammitində növbəti 15 il ərzində (2030-cu ilə qədər) qlobal inkişafa dair bır sıra konkret hədəflərin (17 Davamlı İnkişaf Məqsədi üzrə 169 hədəf) müəyyən edilməsi xüsusi vurğulanmalıdır. Azərbaycanın bu istiqamətdə BMT ilə əməkdaşlığı iqtisadi artım, yoxsulluğun ləğvi, ərzaq təminatı, təhsil, ətraf mühit, gender bərabərliyi və s. kimi mühüm inkişaf məsələlərini əhatə edir. Şübhə yoxdur ki, həmin kontekstdə Azərbaycan-BMT əməkdaşlığı uzunmüddətli olacaqdır.
Beləliklə, BMT ilə Azərbaycanın əməkdaşlığı 27 ildir ki, yüksələn xətt üzrə inkişaf edir və güclənir. Bu, həm bu nüfuzlu beynəlxalq təşkilat üçün, həm də Azərbaycan üçün faydalıdır. Azərbaycan artıq dünyanın nüfuzlu təşkilatlarında öz yeri, rolu və müstəqil mövqeyi olan ölkə kimi qəbul edilir. Prezident İlham Əliyevin rəhbərliyi ilə bu prosesin daha da sürətlənəcəyinə tam əminlik vardır.
Leyla Məmmədəliyeva,
Azərbaycan Milli Elmlər Akademiyası Fəlsəfə İnstitutunun doktorantı
Strategiya.az
Heydər Əliyev uzaqgörənliyinin və İlham Əliyev dühasının təntənəsi
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM