İRADƏ NURİYEVA
Siyasi elmlər üzrə elmlər doktoru, professor
Rusiya imperiyasının dağılması nəticəsində başqa respublikalarla yanaşı Gürcüstan və Azərbaycan adlı respublikaların da yaranması gözlənilməz bir hadisə idi. Cənubi Qafqazda “qəflətən” meydana çıxan bu respublikalar haqqında, nəinki Avropa dövlətlərinin, ABŞ prezidentinin və siyasi dairələrinin, eləcə də Amerika ictimaiyyətinin məlumatı çox az idi. Bunu nəzərə alaraq Ə.M.Topçubaşov Azərbaycan və Gürcüstan dövlətlərini Birləşmiş Ştatlarda təbliğ etməyi, onları siyasi cəhətdən tanıtmağı öz öhdəsinə götürən, Nyu-York şəhərindən ABŞ Konqresinin nümayəndələr palatasının üzvü olan vəkil Valter Çandler vasitəsi ilə sentyabrın 26-da prezident V.Vilsona məktub və bir sıra materiallar göndərdi. Ə.M.Topçubaşov Azərbaycan Xalq Cümhuriyyətinin istiqlaliyyəti haqqında memorandumu, dövlətin sərhədləri göstərilən iqtisadi xəritəni, Azərbaycan dövlətinin iqtisadi və maliyyə vəziyyəti haqqında diaqramları, etnoqrafik xəritə ilə birlikdə Azərbaycan əhalisinin milli-etnik tərkibi haqqında memorandumu prezident V.Vilsona göndərdi [1, v.56].
Erməni nümayəndələri təkcə Ermənistanın müstəqilliyini tanıtmaq deyil, həm də Azərbaycan və Gürcüstan dövlətlərini Birləşmiş Ştatların siyasi dairələrinin, ictimaiyyətinin gözündə nüfuzdan salmaq istiqamətində güclü iş aparırdılar. Buna görə də, ABŞ-da Azərbaycan dövləti haqqında həqiqətin yayılmasına, Amerika siyasi dairələrində Azərbaycan Xalq Cümhuriyyəti haqqında düzgün təsəvvür formalaşmasına böyük zərurət duyulurdu. Bu məqsədlə Baltik ölkələri, Azərbaycan və Gürcüstan nümayəndələri vəkil V.Çandlerlə müqavilə bağladılar [17, p.39]. Amerikalı Valter M.Çandler Azərbaycan nümayəndə heyətinin tərkibinə təbliğati məsələlərlə əlaqədar hüquq məsləhətçisi kimi qəbul edilirdi və 3 ay müddətinə Azərbaycan Xalq Cümhuriyyətinin mənafeyini və dövlət müstəqilliyini müdafiə etməyi öhdəsinə götürürdü [12, v.131-132]. ABŞ ilə iqtisadi əlaqələr yaratmaq üçün Azərbaycan nümayəndəliyinin maliyyə işləri üzrə məsləhətçi vəzifəsinə təyin olunmuş Amerika vətəndaşı Maks Rabinov Azərbaycan Respublikasından dünya qiymətlərinə uyğun neftin alınmasını, ABŞ maliyyə orqanlarının Azərbaycan dövlətinə kredit verilməsini və Azərbaycan üçün Amerika manufakturalarında istehsal olunan malların alınmasını təşkil etməli idi [11, v.116-117]. 1920-ci il yanvarın 31-ə qədər “Standard oyl” kompaniyasına hər tonu 34 dollardan 6 milyon pud kerosin verilməli idi [5]. Bu kompaniyanın vasitəsi ilə Azərbaycan dövləti ABŞ-dan hər pudu 2,5 dollara 40 min ton taxıl aldı [6]. M.Rabinov az bir vaxtda Birləşmiş Ştatlarda Amerika-Qafqaz kommersiya palatasını təşkil etdi. Bu palata Azərbaycan dövləti ilə ticarət-iqtisadi əlaqələrinin yaradılmasında həlledici rol oynaya bilərdi. Oktyabrın ortalarında Fransa hərbi missiyası ilə birlikdə Fransa Respublikasının Ticarət və Sənaye Nazirliyinin nümayəndəsi də Bakıya gəldi [18, folio 95.]. Bir az sonra İ.Enriko başçılığı ilə İtaliya missiyası Azərbaycan Respublikasına gəldi. İngiltərənin “Kosmos” kompaniyası ilə Azərbaycan nümayəndə heyəti arasında imzalanmış sazişə əsasən, kompaniya Qara dəniz limanlarından Azərbaycan dövlətinin ərazisində olan artıq xammalın daşınıb Avropa ölkələrində satışını təşkil etməyi öz öhdəsinə götürürdü [21, v.128-130]. Fransa dövlətinin teleqraf və telefon kompaniyası Azərbaycan dövlətinin poçt-teleqraf sistemini ümumdünya standartlarına uyğunlaşdırmaq və Gəncə radiostansiyasını Eyfel qülləsindəki Avropa radiostansiyasına qoşmaq üçün Parisdəki Azərbaycan nümayəndə heyəti ilə ikitərəfli razılaşmaya görə, Fransa dövləti Azərbaycan Respublikasına xeyli avadanlıq göndərdi və öz mühəndislərini ezam etdi [2, v.109]. Fransa dövləti ilə poçt-teleqraf işləri üzrə imzalanmış sazişdən az sonra Ə.M.Topçubaşov İsveçrənin Bern şəhərində yerləşən Ümumdünya poçt ittifaqına üzv olmaq üçün Beynəlxalq Büroya ərizə ilə müraciət etdi. Gürcüstan və Azərbaycan nümayəndə heyətləri 1919-cu ilin payızında Sülh konfransında Qafqaz məsələsinin həll edilməsi məqsədi ilə Qafqaz işləri üzrə xüsusi komissiyanın yaradılması üçün sentyabr ayının 17-də konfransın sədrinə, sentyabr ayının 20-də isə Antanta dövlətlərinin konfransında olan nümayəndə heyətlərinə ərizə ilə müraciət etdilər [15, folio 107-108].
Belorusiya və Ermənistan nümayəndələrindən başqa Azərbaycan, Estoniya, Latviya, Litva, Ukrayna, Kuban, Şimali Qafqaz və Gürcüstan nümayəndələrinin imzaladıqları nota oktyabrın 8-də Sülh konfransına təqdim edildi. Notada Rusiya imperiyasının dağılması nəticəsində yaranmış respublikaların istiqlaliyyətinin tanınması, onların beynəlxalq maliyyə sisteminə və iqtisadi münasibətlərə cəlb edilməsinin zəruriliyi Sülh konfransının, Antanta ölkələrinin Xarici İşlər Nazirlərinin daxil olduğu və Fransa dövlətinin Xarici İşlər Naziri Stefan Jan Mari Pişonun sədrlik etdiyi Ali Şuranın nəzərinə çatdırılırdı [14]. Oktyabrın 29-da, Fransa müstəmləkə liqasının xarici siyasət bölməsində Azərbaycan və Gürcüstan nümayəndə heyətlərinin müraciətinə əsaslanaraq Cənubi Qafqaz məsələsi müzakirə edildi. Liqanın direktoru Pol Burdari Azərbaycan diplomatiya heyətinin sədrinə göndərdiyi məktubda qeyd edirdi: “Azərbaycan və Gürcüstan respublikalarının mövcud hökumətlərinin de-fakto və de yure tanınması haqqında xahişləri Fransa müstəmləkə liqasının iclasında müdafiə edilmişdir” [19, p.3]. Fransa müstəmləkə liqası Azərbaycan və Gürcüstan respublikalarına təcili diplomatik nümayəndəlik göndərilməsini Klemanso hökumətindən xahiş etdi. Parisdə olan Azərbaycan nümayəndə heyəti 1919-cu ilin oktyabrında daha 2 mühüm məsələni həll etdilər: 1) Hindistan müsəlmanlarının və ismayililərin başçısı, 1886-cı ildə yaradılan Mərkəzi Müsəlman Cəmiyyətinin liderlərindən biri Ağa Xanla [13, p.3]; 2) İran şahının Londona səfərini müşayiət edərkən yolüstü sentyabr ayının 30-da Parisə gəlmiş İranın Xarici İşlər Naziri Firuz Mirzə ilə keçirilən görüşlər olmuşdu. Oktyabrın 25-də İran nümayəndə heyətinin iştirakı ilə Hind-Azərbaycan nümayəndə heyətlərinin birgə müşavirəsi oldu [3, v.21]. Onlar Cənubi Qafqazda müstəqil Azərbaycan dövlətinin mövcudluğunun və ona kömək göstərilməsinin zəruriliyini qeyd etdilər. Parisdə yaradılan Azərbaycan-İran birgə komissiyasının noyabrın 1-də 4 maddədən ibarət İran-Azərbaycan İttifaqı haqqında hazırladıqları sazişdə qeyd edilirdi: 1. Rusiyada hansı dövlət forması və quruluşu yaranırsa yaransın, Qafqaz Azərbaycanı, Azərbaycan nümayəndələrinin Sülh konfransına təqdim etdiyi tələblərdə və xəritələrdə göstərilən sərhədlərdə qəti olaraq birdəfəlik Rusiyadan ayrılır; 2. Qafqazın göstərilən dairəsində mövcud olan Azərbaycan Respublikası 1918-ci il mayın 29-dan etibarən Azərbaycan hökuməti tərəfindən ümumi seçki yolu ilə yaradılmış, Azərbaycan Müəssislər Məclisində təsdiq edilmiş qanun əsasında seçilən prezidenti və parlamenti ilə, paytaxtı Bakı şəhəri olmaqla, müstəqil, asılı olmayan, demokratik respublika kimi tanınır; 3. Xarici işlər sahəsində Azərbaycan Demokratik Respublikası Azərbaycan və İran hökumətlərinin qarşılıqlı razılıq əsasında işləyib müəyyən etdiyi əlaqələr formasında qonşu İran dövləti ilə siyasi-iqtisadi münasibətlər yaradır. Yuxarıda bir və ikinci maddələrdə göstərilən məqsədə nail olmaq üçün Azərbaycan Respublikası özünün müstəqilliyinin tanınmasında, hər cür qəsddən qorunmasında, təhlükəsizliyinin təmin olunmasında, siyasi, iqtisadi və mədəni inkişafında, hərbi gücündə İranın etdiyi kömək şəklində, İngiltərənin də həqiqi köməyinə ehtiyac duyur; 4. Bütün bu dörd maddə bir-birilə bağlıdır və Azərbaycan nümayəndəliyinin özü tərəfindən elan edilməlidir [7, с. 94-95].
Azərbaycan nümayəndə heyəti 1919-cu il avqust ayının 9-da İngiltərə ilə İran dövlətləri arasında imzalanmış sazişə “dolayısı yolla Britaniya qalxanının altında müdafiə imkanı kimi baxırdılar” [16, p.157]. İranla ittifaq bağlamaqla Azərbaycan nümayəndə heyəti nəzərdə tuturdu ki, “Azərbaycan da İran kimi Britaniyadan eyni dərəcədə kömək alacaqdır” [16, p.158]. Bu ittifaq Azərbaycanın istiqlaliyyətini Denikin və Sovet Rusiyası təhlükəsindən qoruya biləcək ən real vasitə idi. 1920-ci ilin mart-aprel aylarında Azərbaycanla İran arasında siyasi, iqtisadi, ticarət, poçt-teleqraf, gömrük, konsulluq mübadiləsi və digər məsələlərlə bağlı ikitərəfli müqavilələr imzalandı. İran dövləti Azərbaycan Xalq Cümhuriyyətinin istiqlaliyyətini de yure tanıyan ilk dövlətlərdən biri oldu [9].
Azərbaycan nümayəndə heyəti Parisdə həm siyasi və iqtisadi məsələlərlə, həm də geniş təbliğat işləri ilə məşğul olurdu. İstiqlaliyyətin tanınması ərəfəsində atılan ilk addımlardan biri Versalda olan Azərbaycan nümayəndələrinin əzmkarlığı sayəsində Azərbaycan dövlətinin tarixi, əhalisi, iqtisadiyyatı, təbii sərvətləri və siyasi vəziyyəti haqqında ingilis və fransız dillərində kitabçaların çap edirilməsi oldu. “İctimai fikri öz tərəfimizə çəkmək üçün Qərbi Avropanın böyük mərkəzlərində intensiv təbliğat işlərini təşkil etmək zəruri idi”. Erməni “təbliğatçıları” hər vasitə ilə Azərbaycanın müstəqil dövlət kimi tanınmasının əleyhinə çalışırdılar. Ona görə Azərbaycan Xarici İşlər Nazirliyi Qərbi Avropada iki mühüm vəzifəni - Azərbaycan dövləti haqqında yayılan saxta materialları təkzib etmək və Azərbaycanı populyarlaşdırmaq vəzifəsini yerinə yetirmək üçün təbliğat mərkəzi yaratmağı vacib bilirdi [20, v.7]. Bunun üçün nəzərdə tutulurdu ki, Avropa ölkələrinin mərkəzlərindən birində, neytral ölkə olan İsveçrədə illüstrasiyalı əlavə ilə birlikdə bir qəzet buraxılsın, bu dövlətlərdə Azərbaycan Respublikasının tarixi, ədəbiyyatı, incəsənəti, sosial-siyasi vəziyyəti haqqında broşurlar çap edilib yayılsın, təbliğat məqsədi ilə Qərbi Avropa dövlətlərində bir çox siyasi partiyaların mətbuat orqanlarından istifadə edilsin, açıq mühazirələr keçirilsin və mitinqlərdə çıxışlar edilsin [20, v.8-10].
Millətlər Cəmiyyəti Cenevrədə fəaliyyət göstərdiyinə görə, Azərbaycan nümayəndə heyəti ilk addım olaraq orada ingilis və fransız dillərində nəşr olunan “L”Eyrope Orientale” jurnalının rəhbərliyi ilə əməkdaşlıq edərək, 20 min nüsxə jurnala abunə yazılmaq qarşılığında “L”Eyrope Orientale”də Azərbaycan Xalq Cümhuriyyəti haqqında tez-tez yazılar çap olunmasına nail oldular. Bütün çətinliklərə baxmayaraq, 1919-cu ilin yayında və payızında Avropa ölkələrində müxtəlif dillərdə nəşr olunan “L”Eyrope Orientale”, “Limaçe”, “Les Paubles Libres” jurnallarında, “Le Temps”, “Revus du Monde musulman”, “Revus Kon Temporaine”, “Humanite”, “Le Dieçe Kolonial”, “Le Derniçes Nouvelles”, “Le Kroix” və digər qəzetlərdə Azərbaycan dövləti haqqında bir sıra məqalələr çap olundu. Fransız professoru Q.Borşe Azərbaycanı tanıtmaq üçün “Journal de Geneve” jurnalında çap etdirdiyi “Öz müqəddəratını təyinetmə hüququ və Azərbaycan Respublikası” adlı məqaləsində yazırdı: “ Mən indiyə qədər təyini müqəddərat hüququnun tanınmasına etiraz edilən bir millətin müdafiəsi üçün səsimi qaldırıram və onların tələbinin ədalətli olduğuna dərindən inanıram” [10, v.137]. Q.Borşe qeyd edirdi ki, “öz müstəqilliyini arzulayan hər bir xalq azad olmaq hüququna malikdir. Azərbaycan artıq sübut etmişdir ki, о müstəqil olmaq istəyir və öz müstəqilliyini qorumaq və ondan istifadə etmək bacarığına malikdir. Ona görə də Azərbaycan müstəqil Demokratik Respublika kimi Sülh konfransı tərəfindən tanınmalıdır” [10, v.138].
1919-cu il oktyabrın 23-də Azərbaycan və Gürcüstan respubikalarında olan italiyalı kommersant Korsinin “Korrena della sera” qəzetində müsahibəsində də Azərbaycan Xalq Cümhuriyyətinin müstəqillik uğrunda əzmlə apardığı mübarizəsi, hər iki dövlətin istiqlaliyyətinin ən qısa vaxtda Sülh konfransı tərəfindən tanınmasının zəruriliyi və hər iki dövlətin bu tanınmaya layiq olması qeyd edilirdi [4]. Avropa mətbuatında aparılan təbliğat işlərindən başqa, Versalda da olan Azərbaycan nümayəndə heyəti Paris Sülh konfransında iştirak edən digər nümayəndələri, Fransa, Böyük Britaniya, ABŞ və digər dövlətlərin ictimaiyyətini məlumatlandırmaq üçün sentyabrdan etibarən “Azərbaycan haqqında İnformasiya bülleteni” nəşr etməyə başladı [8, s. 47-62]. İngilis və fransız dillərində çap olunmuş “Qafqaz Azərbaycan Respublikasının Paris Sülh konfransına memorandumu” kitabçaları, 1919-cu ildə Parisdə C.Hacıbəylinin hazırladığı “İlk müsəlman respublikası Azərbaycan” adlı kitabı, onun “Revue du Monde musulman” qəzetində çap olunan məqalələri, nümayəndə heyətinin üzvü olan Ə.Şeyxülislamovun Azərbaycan əhalisinin etnik tərkibi (Azərbaycan əhalisinin 75,41 %-nin türklər təşkil etdiyi bildirilirdi) haqqında fransız dilində nəşr olunan kitabçası, M.Hacınskinin hazırladığı “Qafqaz Azərbaycanının iqtisadi və maliyyə vəziyyəti” adlı kitabçası, Azərbaycan nümayəndələrinin respublikanın dövlət büdcəsi, onun mədaxili və məxarici, ölkənin iqtisadi zənginliyi haqqında hazırlayıb Parisdə çap etdirdikləri “Azərbaycan rəqəmlərdə” kitabçası və s. nəşrlər Qərbin siyasi dairələrinə, ictimai xadimlərinə, geniş oxucu kütləsinə Azərbaycan haqqında geniş məlumat verirdi. Nəşrlərin materiallarının hazırlanmasında və onun faktlarla əsaslandırılmasında Azərbaycan Xarici İşlər Nazirliyinin Parisə göndərdiyi sənədlər, arayışlar, statistik məlumatlar və fotogörüntülər böyük əhəmiyyət kəsb edirdi. Bu nəşrlərin sayəsində Avropanın geniş dairələrinə Azərbaycan əhalisinin milli tərkibi, qədim keçmişi və tarixi, müstəqil dövlətin yaranması və gələcək arzuları haqqında müfəssəl məlumatlar çatdırılırdı.
Azərbaycan hökuməti və Xarici İşlər Nazirliyi tərəfindən dekabr ayının 28-də Paris sülh konfransına parlamentin sədri Əlimərdan bəy Topçubaşovun rəhbərliyi ilə göndəriləcək nümayəndə heyətinin gərgin və səmərəli fəaliyyəti nəticəsində Azərbaycan Xalq Cümhuriyyəti 1920 il yanvarın 11-də Paris sülh konfransının (1919-20) iştirakçı dövlətləri tərəfındən de-fakto tanındı. Belçika, İsveçrə, Hollandiya, Çexiya və Slovakiya, Finlandiya və digər dövlətlər Bakıda öz konsulluqlarını açdılar. ABŞ, İngiltərə, Fransa və İtaliya ölkələri Azərbaycan Respublikası ilə iqtisadi əlaqələr yaratmağa başladılar.
Azərbaycan nümayəndə heyətinin şücaəti sayəsində müstəqilliyi böyük dünya dövlətləri tərəfindən tanınan Azərbaycan Xalq Cümhuriyyətinin beynəlxalq münasibətlər sistemində iştirakı 28 Aprel işğalı ilə sona çatdı. Azərbaycan Xalq Cümhuriyyəti sovet qoşunları tərəfindən işğal edildi və Rusiyaya birləşdirildi. SSRİ dağıldıqdan sonra Azərbaycan xalqı 1991-ci il 18 oktyabr tarixində Azərbaycanda dövlət müstəqilliyini yenidən bərpa etdi. Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin varisidir.
ƏDƏBİYYAT:
1. Azərbaycanın Paris Sülh konfransındakı nümayəndə heyətinin sədri Ə.M.Topçubaşovun ABŞ prezidenti V.Vilsona məktubu. 26.09.1919.//ARDA, f.970, s.l, i.146, v.56
2. Azərbaycan Respublikasının Paris Sülh konfransındakı nümayəndəliyinin başçısı Ə.M.Topçubaşovun Eyfel qülləsindəki radiostansiya vasitəsi ilə Nazirlər Şurasının sədrinə teleqramı. Noyabr, 1919.//ARDA, f.970, s.l, i.145, v.109.
3. Azərbaycan Respublikasının Paris Sülh konfransındakı nümayəndəliyinin başçısı Ə.M.Topçubaşovun Nazirlər Şurasının sədrinə məktubu. 06-10.11.1919.//ARDA, f.894, s.10, i.94, v.21
4. Азербайджан, 1919, 5 ноября
5. Азербайджан, 1919, 6 июля
6. Азербайджан, 1919, 9 декабря
7. А.М.Топчибашeв. Письма из Парижа. Баку, 1998, с.40.
8. Xarici ölkələrdə Azərbaycan Xalq Cümhuriyyəti haqqında nəşr işləri ilə bağlı məlumat üçün bax: V.Quliyev. Azərbaycan Demokratik Respublikası xarici mənbələrdə. //Azərbaycan Demokratik Respublikası. Bakı, 1992, s.47-62
9. Qafqaz fövqəladə heyəti: Seyyid Ziya-əddin Təbatəbainin rəhbərliyi altında Qafqaza ezam olunmuş heyətin müzakirə və müqavilələrinə dair sənədlər (1919-1920). Tehran, Siyasi və beynəlxalq tədqiqatlar mərkəzi, 1379 (2000).
10. Q.Borşe. Öz müqəddəratını təyinetmə hüququ və Azərbaycan Respublikası. //ARDA, f.970, s.1. i.142, v.137.
11. Maks Rabinovun Paris Sülh konfransındakı Azərbaycan nümayəndəliyinin sədri Ə.M.Topçubaşova məktubu. 22.09.1919.//ARDA, f.970, s.l, i.142, v.116-117
12. Contract № 1. September 1919. // ARDA, f.970, s.l, i.142, v.131-132
13. L'Azerbaidjan et l'Aga Khan.//Bulletin d'Information de L'Azerbaidjan. Paris, 1920, 17 Janvier, №7, p.3
14. Le Temps, 1919, 12 octobre
15. Président de la Délégation de Paix de la République d'Azerbaïdjan Аli Mardan Toptchibacheff - Son Excellence, Monsieur le Président de la Conférence de la Paix. Lle 17 septembre 1919.// Ministère des Affaires Etrangère de France, Archives Diplomatique, vol.832, folio 107-108.
16. T.Swietochowski. Russian Azerbaijan, p. 137
17. The Armenian Question Before the Peace Conference, p.5.
18. Télégramme Le Ministre des Affaires EtrangèresA Mission Militaire Française Tiflis. // Ministère des Affaires Etrangère de France, Archives Diplomatique,vol.638, folio 95.
19. Une letter De M.Bourdarie.// Bulletin d'Information de L'Azerbaidjan. Paris, 1919, 15 Decembre, №5, p.3
20. ARDA, f.2905, s.l, i.21, v.7.
21. ARDA, f.970, s.l, i.142, v.128-130
Açar sözlər: istiqlaliyyət, xarici siyasət, Paris Sülh Konfransı, Azərbaycan diplomatiyası, təbliğat.
Ключевые слова: независимость, внешняя политика, Парижская мирная конференция, Азербайджанская дипломатия, пропаганда.
Key words: independence, foreign policy, Paris peace conference, Azerbaijani diplomacy, propaganda.
РЕЗЮМЕ
ДЕЯТЕЛЬНОСТЬ АЗЕРБАЙДЖАНСКОЙ ДИПЛОМАТИИ НА ПАРИЖСКОЙ МИРНОЙ КОНФЕРЕНЦИИ
Азербайджанская Республика, провозглашенная в 28 мае 1918 года, изъявила стремление вступить в международное сообщество мировых государств и установить добрососедские отношения со всеми сопредельными государствами и народами. Выдающимся успехом внешней политики Азербайджанского государства было признание ее независимости «де-факто» Союзным Советом великих держав в 11 январе 1920 года, а также – «де-юре» Ираном во 2 марте 1920 года. Признание независимости Азербайджанской Республики со стороны великих держав – это благотворный труд азербайджанской делегации во главе А.А. Топчибашева на Парижской мирной конференции.
SUMMARY
THE ACTIVITY OF THE AZERBAIJANI DIPLOMACY AT THE PARIS PEACE CONFERENCE
The Republic of Azerbaijan, proclaimed on may 28, 1918, expressed its desire to join the international community of world States and establish good-neighborly relations with all neighboring States and nations. The outstanding success of the foreign policy of the Azerbaijani state was the recognition of its independence "de facto" by the Union Council of the great powers in January 11, 1920, and – de jure" by Iran in March 2, 1920. Recognition of the independence of the Republic of Azerbaijan by the great powers is a beneficial work of the Azerbaijani delegation headed by A. A. Topchibashev at the Paris peace conference.
"GEOSTRATEGİYA" jurnalı №02 (50) MART-APREL 2019
Strategiya.az
Heydər Əliyev uzaqgörənliyinin və İlham Əliyev dühasının təntənəsi
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM