İranın Xəzər-Qara dəniz hövzəsi və Cənubi Qafqazın təhlükəsizliyinə yanaşması, Azərbaycanın geostrateji təhlükəsizlik maraqları

13:20 / 19.08.2013

Əli Həsənov

Tarix elmləri doktoru, professor

Avrasiyanın, xüsusən də Xəzər-Qara dəniz hövzəsi, Cənubi Qafqaz və Orta Asiyanın regional təhlükəsizlik və hərbi-geostrateji məsələlərində həmişə özünəməxsus rolu və funksiyası ilə seçilən iri bölgə dövlətlərindən biri də İrandır. SSRİ-nin dağılması və Xəzər ətrafında yeni-yeni müstəqil dövlətlərin  yaranması iki əsrə yaxın müddətdə bu ölkə ilə Rusiya  arasında mövcud olan vahid geosiyasi sərhədləri pozdu və onların tarixi strateji tərəfdaşlıq, eyni zamanda geosiyasi rəqiblik əlaqələrinə müəyyən sədd yaratdı. Azərbaycanın öz müstəqilliyini bərpa etməsi nəticəsində Rusiya ilə İranı birləşdirən birbaşa quru sərhədi aradan qalxdı.  Bu fakt iki böyük region ölkəsinin Cənubi Qafqaz və Avrasiya məkanındakı birgə geosiyasi və hərbi-geostrateji planlarının reallaşmasını xeyli çətinləşdirdi. Üstəlik, Qərbin Azərbaycan vasitəsilə Cənubi Qafqaz və Xəzərin transmilli iqtisadi layihələrinə daxil olması İranla Rusiya arasında nəinki təkcə Azərbaycanın, eyni zamanda "strateji rəqiblər hesab olunan kənar qüvvələrin" də mövcudluğunu şərtləndirdi. Mütəxəssislərin fikrincə, hazırda Tehran ilə Moskvanın Qərbin timsalında regiona getdikcə güclü müdaxilə edən "kənar qüvvələrə" qarşı birgə müqavimət göstərməsinin kökündə də  məhz, bu  amil dayanır.

       İran bölgənin enerji qaynaqladı ilə zəngin, sərt siyasi-ideoloji idarəçiliyə malik, hərbi cəhətdən güclü ölkələrindən biridir. Onun Fars körfəzi və Xəzər dənizində zəngin neft-qaz ehtiyatları mövcutdur və hər iki məkanda İran rejimi ciddi geoiqtisadi aktivlik nümaiiş etdirir. Bu ölkənin ən zəngin neft-qaz yataqları Fars körfəzində yerləşir və buna görə də Xəzər şelfindəki ehtiyatların  istifadəsi İran üçün ikinci dərəcəli məsələdir.  Lakin buna baxmayaraq, İran özünün Xəzər dənizindəki  geoiqtisadi, hərbi-geostrateji və təhlükəsizlik maraqlarına görə ciddiı narahatlıq keçirir və bu maraqları qətiyyətlə  müdafiə etməyə hazırdır. Onun  hövzədəki geosiyasəti yalnız Xəzərin enerji ehtiyatlarından birgə istifadə ilə məhdudlaşmır,  həmçinin regionda öz geoiqtisadi, hərbi-geostrateji mövqelərini gücləndirilməyə xidmət edir.

  Mütəxəssislər İranın Xəzər hövzəsindəki strateji maraqlarını əsasən aşağıdakı kimi təsnif edirlər:

-         Mərkəzi Asiya və Cənubi Qafqazda bütövlükdə sabitliyi, təhlükəsizliyi dəstəkləməklə və islam dinini fəal şəkildə yaymaqla özünün Şimal bölgəsi  və Xəzər dənizi üzrə sərhədlərinin təhlükəsizliyini və dayanıqlılığını təmin etmək;

-         beynəlxalq təcridetmədən  çıxmaq siyasəti çərçivəsində region dövlətləri ilə qarşılıqlı münasibətləri qaydaya salmaq;

-         bölgədən kənar dövlətlərin və hərbi blokların Mərkəzi Asiya və Cənubi Qafqaza, xüsusən də Xəzər hövzəsinə daxil olmasının qarşısını almaq və s.(1)

        İranın Mərkəzi Asiya, Xəzər hövzəsi və Cənubi Qafqazın regional təhlükəsizlik məsələlərinə, bölgənin hərbi-geostrateji problemlərinə və yerli ölkələrlə təhlükəsizlik sahəsində münasibətlərə öz tarixi yanaşması vardır. Bu dövlətin istət keçmiş, istərsə də hazırkı mövqeyində hər hansı ciddi dəyişiklik müşahidə olunmur. Mütəxəssislərin fikrinə görə, İran bütövlükdə bölgədə yerli ölkələr arasında hər hansı kəskin münaqişələrin, bu zəmində yaranan qeyri-sabitliyin mövcudluğunda o qədər də maraqlı görünmür. Çünki bu ölkədə yaxşı bilirlər ki, ən yeni tarixdə, məsələn Balkanlarda və s. regionlarda yaşanan istənilən münaqişə, baş verdiyi məkanlara və ölkələrə, bir qayda olaraq kənar qüvvələrin müdaxiləsi üçün zəmin yaratmışdır. Məlumdur ki, Cənubi Qafqaz, yaxud Xəzər bolgəsində də ciddi münaqişənin mövcudluğu «regiondan kənar» qüvvələrin, ilk növbədə ABŞ, ATƏT, Avropa İttifaqı, NATO, KTT və s. kimi beynəlxalq və regional aktorların hadisələrə müdaxiləsinə və onların bölgədəki hərbi-geostrateji mövqelərinin möhkəmlənməsinə şərait yarada bilər. Buna görə İran dəfələrlə istər Xəzər-Qara dəniz hövzəsi və Orta Asiya ölkələrinə, istərsə də Cənubi Qafqaz respublikalarına "bölgədəki təhlükəsizliyin qorunması və münaqişələrin tənzimlənməsi üçün birgə kompleks tədbirlər" görülməsi məqsədilə öz xidmətlərini təklif etmiş, «regiondan kənar» qüvvələrin proseslərə müdaxiləsini yolverilməz hesab etmişdir.

İranın bölgədəki yerli və regional münaqişələrə yeganə fərqli yanaşması Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ probleminə münasibətdə təzahür etmişdir. Bu problemin həllində İran sözdə özünü "sülh və ədalət" tərəfdarı kimi göstərək, hər iki tərəfə vasitəçilik təklife etsə də, lakin münaqişəsinin qarşısının alınması və işğalçı Ermənistana qarşı təsirli regional təzyiqlərin göstərilməsi istiqamətində o da Rusiya kimi heç bir əməli tədbir görməmişdir. Bəzi beynəlxalq mütəxəssislərin fikrinə görə,   SSRİ dağılandan sonra İran 1990-cı illərdən başlayaraq Cənubi Qafqazda Ermənistan-Azərbaycan münaqişəsi fonunda  Ermənistanla öz münasibətlərini, xüsusən də hərbi-strateji əlaqələrini möhkəmləndirərək, bu ölkəni həm Azərbaycana qarşı istifadə edir, həm də Türkiyə-Azərbaycan-Mərkəzi Asiyanın türk dövlətləri arasında regional  bufer kimi saxlayır, onların birliyinə və əlaqələrinə mane olmağa çalışır. Onların fikrinə görə, Rusiya və İran Ermənistanın əsas sponsorlarıdır, İran onu yanacaqla və digər həyati məhsullarla,  Rusiya isə hərbi silahla təmin edir.(2)

Xəzər hövzəsi və Cənubi Qafqazda ayrı-ayrılıqda vahid təhlükəsizlik sisteminin yaradılması ilə bağlı ilk təşəbbüsü də 1990-cı illərdə məhz İran göstərmişdir. Bunun üçün rəsmi Tehran region ölkələrinə- Xəzəryanı beş ölkəsinin iştirakı ilə, Cənubi Qafqazda isə  "3+2" formulu (3 Cənubi Qafqaz respublikası, Rusiya və İran) əsasında kollektiv təhlükəsizlik münasibətlərinin yaradılmasını təklif etmişdir.

Regional təhlükəsizlik və xarici siyasət sahəsində "kənar qüvvələrin" iştirakı olmadan,  yalnız bölgə ölkələrin səylərinin birləşdirməsi, birgə əməkdaşlığının  yaradılması ideyasını da ilk dəfə İran irəli sürmüşdür. Əlbəttə ki, 3+2 formulunu təklif edərək, İran regiondakı əsas geosiyasi oyunçulardan  olan Türkiyəni bu sistemdən kənarda qoymağı düşünürdü. Bununla o, nəinki yalnız öz "tarixi rəqibi olan Türkiyəni",  proseslərdən kənarda saxlayırdı, həm də açıq-aşkar bu ölkənin üzvü olduğu NATO-nu, hərbi müttəfiqi saydığı  ABŞ-ı proseslərə təsir göstərmək imkanından məhrum etmək niyyətini bildirirdi. Tehranın bu təklifi həmin dövrdə region ölkələri tərəfindən birmənalı qarşılanmadı. Məsələn, rəsmi Bakı öz təhlükəsizlik problemlərini "Dağlıq Qarabağ probleminin həlli və Ermənistanın işğallarına son qoyulması" ilə əlaqələndirərək, "bu işə yardım edəcək hər bir qurumla və blokla" əməkdaşlığa hazır olduğunu bəyan etmişdi. Digər bölgə ölkələri, beynəlxalq, regional və milli təhlükəsizliklə bağlı "sərbəst tərəfdaş seçmək hüququnun saxlanılmasını", ikitərəfli,  çoxtərəfli əlaqələr və beynəlxalq təşkilatlarla əməkdaşlığı daha  üstün tutaraq, İranın  "regional təhlükəsizlik formuluna"  ciddi əhəmiyyət və birbaşa  dəstək vermədilər.

Bundan sonra İran rəhbərliyi Cənubi Qafqazın regional təhlükəsizlik sistemi ilə bağlı başqa bit təşəbbüslə -  "3+3" formulu ilə çıxış etməyə başladı. Burada artıq söhbət üç Cənubi Qafqaz respublikası, Rusiya, İran və Türkiyədən gedirdi.  Mütəxəssislərin fikrincə, İran bu təklifi ilə bir tərəfdən bölgədə Türkiyənin ən yaxın tərəfdaşı olan Azərbaycanın dəstəyini qazanmağa, digər tərəfdənsə  ABŞ-ın regiona gəlişini əngəlləmək üçün "Vaşinqtonun ən güclü müttəfiqi və Tehranın əsrlər boyu regiondakı rəqibi olan" Türkiyənin özünü regional təhlükəsizlik sahəsində birgə əməkdaşlığa qoşmağa can atırdı. Rəsmi Tehran bu sistem daxilində, yenə də Xəzər hövzəsindən beş,  Cənubi Qafqazda isə altı dövlətin Təhlükəsizlik Şuralarının katibləri, parlament sədrləri, həmçinin  iqtisadiyyat və maliyyə nazirləri səviyyəsində ayrı-ayrı görüşlərin keçirilməsini və ümumi baxışların formalaşdırılması yolu ilə "birgə təhlükəsizlik haqqında saziş" imzalanmasını təklif edirdi. Lakin bu təşəbbüs də əksər region dövlətlərinin, xüsusən də Rusiyanın və Türkiyənin  ciddi dəstəyini qazanmadı. Bu bir daha göstərdi ki, İranın regional təhlükəsizlik məsələsinə baxışı digər regional ölkələrin mövqeyi ilə tam üst-üstə düşmür.

İranın regional təhlükəsizlik sisteminə dair daha bir təklifi 2003-cü ilin aprelində gündəmə gəldi. Bu ölkənin xarici işlər naziri Kamal Xərrazinin "regionun birgə təhlükəsizlik qüvvələrinin yaradılması təşəbbüsü" yenə də bölgə dövlətlərinin tam dəstəyini qazanmadı.

İran özünün Cənubi Qafqaz regionundakı geostrateji məqsədlərini gizlətmir. Bu məqsədlər:

  • kənar qüvvələrin (ABŞ, NATO və Avropa İttifaqı və s.) Cənubi Qafqazda iştirakını mümkün qədər məhdudlaşdırmaq, onların İran sərhədlərinə yaxınlaşmasına imkan verməmək;
  • regional problemləri yalnız bölgədəki dövlətlərin birgə səyləri ilə həll etmək;
  • Xəzər hövzəsi və Cənubi Qafqaz ölkələrinin İranın iradəsindən kənar addımlarını maksimum məhdudlaşdırmaq və proseslərdə birgə iştiraka nail olmaq üçün mexanizm tapmaq;
  • Qərbyönümlü siyasət yürüdən region dövlətləri ilə münasibətləri yüksək səviyyədə quraraq onlara təsir mexanizmlərini müəyyənləşdirmək;
  • Hərbi-geostrateji maraqları İranla üst-üstə düşən region ölkələrilə təhlükəsizlik sahəsindəki əməkdaşlığı daha da möhkəmləndirmək və s. ibarətdir.

İranın ayrıca olaraq Cənubi Qafqazda yürütdüyü "region dövlətləri ilə hərtərəfli əlaqələr yaradaraq, öz geosiyasi və hərbi-geostrateji təsiri altında saxlamaq" siyasəti Azərbaycanla münasibətlərinin timsalında açıq-aydın özünü göstərir. Müstəqilliyinin ilk illərindən başlayaraq İranın islam dövləti kimi Azərbaycana, onun  müsəlman əhalisinə, rastlaşdığı problemlərə, o cümlədən Dağlıq Qarabağ məsələsinə yanaşması sözdə "birmənalı  açıq dəstək" üzərində qurulmuşdur. İran bütün beynəlxalq təşkilatlarda Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinə tərəfdar çıxdığını,  bu ölkənin ərazi bütövlüyünü tanıdığını müxtəlif  tribunalardan bəyan edir, qaçqın-köçkünlərə maddi yardım göstərir.  Lakin, bununla yanaşı İran qonşu Ermənistandan işğal olunmuş Azərbaycan ərazilərini azad etmək tələbini də heç zaman səsləndirmir, əksinə bölgədə açıq-açkar işğalçı siyasət yürüdən, Dağlıq Qarabağı, digər  rayonları işğal edən,  bir milyondan artıq müsəlman əhalini iyirmi ildir ki, öz yurdundan didərgin salaraq, dözülməz məhrumiyyətlərə düçar edən bu ölkəyə hərtərəfli, o cümlədən iqrisadi və hərbi-geostrateji yardım göstərir. Bütün dünyada özünü "şiə müsəlmanlarının hüquqlarının əsas müdafiəçisi" kimi təqdim edən, Fələstin torpaqlarını işğal etməsi səbəbindən İsraili "yer üzündən silməklə" hədələyən İran, nədənsə Cənubi Qafqazda ortadoks Ermənistan dövlətinin əksəriyyəti şiə sayılan bir milyon müsəlman Azərbaycanlı əhaliyə divan tutmasına  göz yumur.

Mütəxəssislər İranın Azərbaycan dövlətinə belə fərqli yanaşmasını və  bu ölkə ilə bərabərhüqüqlu  tərəfdaşlıq münasibətlərindən boyun qaçırmasını bir neçə amillə izah etməyə çalışırlar. Onların fikrinə görə, bu siyasət ilk növbədə,  İran rəsmilərinin "Azərbaycan dövlətinin mövcudluğu faktını öz daxili hərbi-geostrateji durumlarına və regional təhlükəsizlik sahəsindəki fəaliyyətlərinə  mənfi təsir göstərən amil kimi dəyərləndirirməsi" ilə bağlıdır. Bu ölkənin, təxminən 70 milyonluq əhalisinin 40% türklərdən (azərbaycanlılardan), 50% farslardan, 9% isə digər xalqlardan ibarətdir. İran hökuməti etnik tərkibdən qaynaqlanan və bu əsasda daxildə yarana biləcək gələcək təhlükələri ilk növbədə Azərbaycan dövlətinin varlığı və inkişafı ilə bağlayır, etnik azərbaycanlıların onun ərazi bütövlüyünü və sabitliyini  nə zamansa poza biləcəyindən qorxur. ABŞ alimi C. Kornel yazır ki, İranın təhlükəsizliyi Azərbaycan dövlətinin və bu ölkədə yaşayan çoxsaylı etnik azərbaycanlıların vəziyyəti ilə birbaşa bağlıdır. Cənubi Azərbaycan məsələsi İranın onsuz da dağılmaqda olan çoxmillətli dövlət strukturuna ciddi təhlükə hesab olunur. Bu ölkə Azərbaycanın  müstəqilliyinə gələcəkdə Cənubi  Azərbaycanla  birləşmək istiqamətində ciddi təhlükə kimi yanaşır. Müəllifin fikrincə, İranın təhlükəsizliyi və ümumiyyətlə, gələcəkdə mövcudluğu, birbaşa Azərbaycan dövləti və İranda yaşayan azərbaycanlıların məsələsi ilə bağlıdır.(3)

Bəzi mütəxəssislər hesab edir ki, İranın rəsmi dairələri Cənubi Qafqazda Azərbaycanın mövcudluğuna, demokratik ölkə kimi inkişaf edərək cəlbedici dövlətə çevrilməsinə nəinki təkcə qısqanclıqla yanaşır, həm də belə təhlükənin baş verəcəyi təqdirdə  Rusiya-Ermənistan çütlüyünün köməyinə arxalanmaq istiqamətində bəzi kombinasiyalar haqqında da düşünür. İran Ermənistan və Rusiyanı öz təhlükəsizliyinin təminatı  kimi Azərbaycanın birbaşa zəiflədilməsi, Şimali və Cənubi Azərbaycan məsəsində rəqib olaraq aradan qaldırılması, Türkiyənin və Qərbinsə sıxışdırılması məqsədilə istifadə edir.(4)

 İranın regional təhlükəsizliyinə birbaşa təsir göstərən ikinci əsas amil mütəxəssislərin fikrinə görə, bu ölkənin  xarici geosiyasi əhatəsi ilə bağlıdır. İranın coğrafi və əhali məskunlaşması xəritəsinə diqqət yetirsək görərik ki, Türkiyənin yerləşdiyi məkan da daxil olmaqla, Cənubi Qafqaz və Xəzər hövzəsində bu ökləni əhatə edən ərazilərin əksəriyyətidə  türk kökənli əhali və xalqlar məskunlaşmışlar. Ölkənin daxili və sərhədboyu əhali strukturu, yerli azərbaycanlıların kompakt yaşaması və sayca çoxluğu, ətrafdakı türk mənşəli xalqların və dövlətlərin mövcudluğu bu ölkəni daim narahat etmiş və  bu gün də etməkdədir.  ABŞ tədqiqatçsısı B. Şaferin fikrinə görə, İranın qeyri-fars əhalisi xarici aləmin təsirinə həddindən artıq həssasdır,  çünki onlar özlərinin etnik qohumluq əlaqələrində olan xalqlar və dövlətlərlə bağlıdırlar. Həmin xalqların və dövlətlərin güclənməsi, bir araya gəlməsi və xüsusən də Türkiyənin onlar üzərində təsirinin artması İranı tarix boyu  narahat etmiş və indi də etməkdədir.(5)

Tədqiqatçılar hesab edirlər ki, İran etnik quruluşundan və türk kökənli etnoslarla əhatə olunmasından gələn  təhlükələri önləmək üçün bir tərəfdən ciddi cəhdlə Azərbaycan və Türkiyəni, bu iki müttəfiq ölkənin bölgədəki hərbi-geostrateji tərəfdaşları hesab olunan ABŞ, NATO və Qərbi təqib edir, onlara qarşı alternativ hərbi-geostrateji bloklar yaratmağa çalışır, yaxud belə bloklarla əməkdaşlıq edir. Digər tərəfdənsə bölgədə şiə-sünnü faktorunu xüsusi qabardaraq türk kökənli və digər ölkələrin əhalisini məzhəblərarası qarşıdurmaya sövq edir, ayrımçılıq siyasəti yürüdür.(6) 

İranın Xəzər hövzəsi və Cənubi Qafqazda yürütdüyü regional təhlükəsizliyik siyasətinə birbaşa təsir göstərən amillərdən üçüncüsü bölgədəki hərbi-geostrateji qüvvələr balansının onun ziyanına dəyişə biləcəyi ehtimalından yaranan təhlükə hesab olunur. Hazırda Cənubi Qafqazda Türkiyə, o cümlədən onların hərbi müttəfiqi olan ABŞ və NATO İranın birbaşa  rəqibi hesab olunur. Bölgədə tərəfsiz və balanslı hərbi-geostrateji siyasət yürüdən Azərbaycan və NATO-ya üzv olmaq istəyini açıq bəyan edən Gürcüstansa Qərbin hərbi-geostrateji tərəfdaşları kimi dəyərləndirilir. İranın ən çox qorxduğu məsələ isə bu qurupun Azərbaycan vasitəsilə nə zamansa Xəzərə daxil olması və onun təhlükəsizliyinə birbaşa təhlükə yaratması ehtimalıdır. Adı çəkilən aktorlara qarşı bu ölkə özünün "Moskva-İrəvan-Tehran" geosiyasi oxu  üzrə özünün ehtiyat hərbi-geostrateji müttəfiqlik fəaliyyətini yaratmağa, bölgənin təhlükəsizlik arxitekturasında iştirakını daha da artırmağa və  Rusiya ilə uzlaşdırmağa çalışır. Mütəxəssislər SSRİ dağılandan sonra İranın Mərkəzi Asiya, Xəzər hövzəsi və Cənubi Qafqazın təhlükəsizlik arxitekturasına həssas yanaşmasını, sərgilədiyi ehtiyyatlı və fərqli mövqeni də məhz bununla izah etməyə çalışırlar.

Bəzi mütəxəssislər hesab edirlər ki, İranın regiondakı geostrateji duruma təsir imkanları  azaldıqca, işğalçı Ermənistanla və onun hərbi müttəfiqi Rusiya ilə müttəfiqlik, "dost və qardaş" Azərbaycan və Türkiyə iləsə rəqiblik münasibətləri güclənəcəkdir. Onlar buna misal kimi, həm İran, həm də Ermənistan və tərəfdaşlarının birləşərək keçən əsrin 90-cı illərinin ortalarında Azərbaycanın təşəbbüsü və Türkiyənin bilavasitə iştirakı ilə Xəzər dənizində həyata keçirilən transmilli enerji layihələrinə, Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz kəmərlərinə, Bakı-Tbilisi-Kars dəmir yoluna, Şərq-Qərb nəqliyyat kommunikasiya dəhlizinə və s.  mane olmaq istədiklərini göstərirlər. Həmin vaxt bu ölkələr Azərbaycana və onun tərəfdaşlarına  Qərbin dəstəyi ilə reallaşdırılan  transmilli enerji, nəqliyyat və ixrac layihələrinə mane olmağa çalışdılar və özlərini həmin layihələrdə iştirakdan məhrum etdilər. Baxmayaraq ki, Azərbaycan həmin dövrdə "bölgədə beynəlxalq hüquq normalarına hörmətlə yanaşacaqları, özgə torpaqlarına iddia etməyəcəkləri, regional sülhə və əməkdaşlığa xidmət edəcəlkəri təqdirdə" hər bir bölgə ölkəsini bu transmilli layihələrdə iştiraka çağırırdı. Lakin o zaman həm İran, həm də Ermənistan öz günahları uçbatından bölgədəki əksər iqtisadi-enerji layihələrindən kənarda qaldılar.

 Azərbaycanın İranla bağlı hərbi-təhlükəsizlik münasibətlərinə gəldikdə, qeyd etmək lazımdır ki, keçən dövrdə bu ölkə  Xəzər hövzəsi və Cənubi Qafqazda   xüsusi hərbi-geostrateji təsiri olan hər üç güc mərkəzi ilə- ABŞ-NATO-Türkiyə, Rusiya-KTT və ayrıca olaraq İranla özünün  mövcud  tarazlaşdırılmış regional təhlükəsizlik siyasətini qorumuş, onların hər biri ilə ayrı-ayrılıqda, qarşılıqlı maraqlar zəminində tərəfdaşlıq münasibətləri yaratmağa, ikitərəfli əlaqələri  tarazlı vəziyyətdə saxlamağa çalışmışdır.   Mütəxəssislərin fikrincə, Azərbaycanın  regiondakı geosiyasi, hərbi-geostrateji maraqları üst-üstə düşməyən ayrı-ayrı dövlət və dövlət  birliklərinin hər biri ilə "təhlükəsizlik sahəsində qarşılıqlı münasibətlər yaratması və eyni zamanda onların hər birini  bəlli məsafədə saxlaması" onun geosiyasi və hərbi-geostrateji mövqeyinin möhkəmlənməsinə mühüm təsir göstərmiş və bu gün də göstərməkdədir.

Müstəqilliyə qovuşduğu ilk gündən, xüsusən 1993-cü ildən Azərbaycan qonşu İranla regional təhlükəsizliyik sahəsindəki  münasibətlərə xüsusi həssaslıqla yanaşmışdır. Bu, bir tərəfdən, bölgənin ən böyük iki islam dövlətindən biri sayılan, Azərbaycanla müştərək tarixi keçmişi, din və mədəniyyət birliyi olan, on milyonlarla azərbaycanlının yaşadığı İranın Cənubi Qafqazın geosiyasi sabitliyinə, regional sülh və tərəfdaşlıq mühitinə göstərə biləcəyi müsbət təsirlə əlaqəli idisə, digər tərəfdən, Ermənistan tərəfindən işğal edilmiş  Azərbaycan torpaqlarının geri qaytarılması,  Dağlıq Qarabağ münaqişəsinin həlli, bir milyondan çox müsəlman qaçqın və köçkünün problemlərinə yardım edilməsi və s. ilə bağlı onun hərtərəfli dəstəyini qazanmaq istəyindən irəli gəlirdi. 

İslam Konfransı Təşkilatı, EKO (İqtisadi Əməkdaşlıq Təşkilatı), Türkdilli Dövlətlər Birliyi və s. kimi  təşkilatlara üzv olması da Azərbaycana bir tərəfdən müstəqillik yolunda əlavə beynəlxalq  təminat mahiyyəti kəsb edirdisə, digər tərəfdən regional təhlükəsizliyin, Dağlıq Qarabağ probleminin və s. milli problemlərin  həllində islam-türk dünyasının köməyini qazanmaq  məqsədi güdülürdü.

Əlbəttə, bütün xristian dünyasının dəstəyinə söykənərək, Cənubi Qafqazda Azərbaycana qarşı açıq-aşkar işğalçılıq siyasəti yürüdən, onun müsəlman əhalisini soyqırımına məruz qoyan Ermənistana qarşı mübarizədə Azərbaycanın islam dünyası və İrandan dəstək ğözləməsi və bunu umması da  təbii idi. Xüsusən, bütün parametrləri ilə bölgədə Azərbaycana ən yaxın iki müsəlman dost ölkəsindən biri hesab edilən, əhalisinin 40%-nin azərbaycanlılardan ibarət olan İrandan özünün haqlı mübarizəsində hərtərəfli dəstək ğözləməyə haqqı da çatırdı.  Lakin, mütəxəssislərin fikrincə, Azərbaycanın regional təhlükəsizliyinin ən əsas problemi hesab olunan Dağlıq Qarabağ münaqişəsinin həllində  İrandan yardım gözləməsi əbəs idi. Çünki, İran da bu və ya digər səbəblərdən bəzi digər region ölkələri kimi Azərbaycanın Ermənistanla münaqişəsinin tezliklə başa çatmasında, Dağlıq Qarabağın və işğal altındakı digər torpaqları geri qaytarılmasında, qoşuluğunda inkişaf etmiş, müstəqil  qərbyönlü siyasət yürüdən, demokratik və dünyəvi ölkə kimi tanınan Azərbaycan dövlətinin mövcudluğunda maraqlı görünmür. Əslində Tehran bu münaqişənin uzanmasını  Azərbaycanın Qərbə meyllənməsi yolunda maneə  yaradan və Qərb ölkələri ilə hərbi-strateji tərəfdaşlığı əngəlləyən amil  kimi də qiymətləndirir.

 Azərbaycan İranla təkcə dostluq və qonşuluq münasibətlərinin qorunub saxlanılmasında maraqlı deyildi, həmçinin Rusiya, Türkiyə, Gürcüstan və b. həmsərhəd ölkələrlə olduğu kimi onunla da regional təhlükəsizlik məsələlərində tərəfdaşlıq münasibətləri yaratmağa çəlışırdı.   Lakin bu ölkə ilə ortaya çıxan bəzi geosiyasi problemlər- işğalçı Ermənistana hərtərəfli yardım etməsi, Xəzərin hüquqi statusu məsələsi,  Azərbaycanın xarici siyasətinə, beynəlxalq aləmlə müstəqil əlaqələrinə, daxili idarəetmə işlərinə və cəmiyyət həyatına arzuolunmaz müdaxilə cəhdləri fonunda neçə illərdir ki, regional təhlükəsizlik sahəsində bu ölkə ilə ciddi tərəfdaşlıq münasibətləri yaratmaq mümkün olmamışdır.

 Yeni əsrin başlanğıcından, xüsusən də körfəzdəki ABŞ-İraq müharibəsindən sonra İran Azərbaycana, onun Xəzər hövzəsi və Cənubi Qafqazda nümayiş etdirdiyi transmilli siyasətə, öz təhlükəsizliyinin təmin edilməsi ilə bağlı həyata keçirdiyi beynəlxalq və regional fəaliyyətə, xüsusən Qərblə, Türkiyə və İsraillə yaratdığı hərbi-geostrateji münasibətlərə, təhlükəsizlik sahəsindəki tərəfdaşlıq meyllərinə ciddi qısqanclıqla yanaşmağa başladı. Həmin dövrdən rəsmi Tehranın Azərbaycanla geosiyasi münasibətlərə, onun xarici aləmlə strateji əlaqələrinə daha çox diqqət yetirməsini ekspertlər ikincinin son illərdə getdikcə güclənməsi,  regionda və dünyada söz sahibinə çevtilməsi, İran əhalisinin bu ölkənin dünyəvi inkişafına rəğbətinin və meylinin artması ilə əlaqələndirirlər. Lakin bəzi mütəzəssislər hesab edirdi ki, İran ətrafında son dövtlərdə sıxlaşan hadisələrin getdikcə  onun daha çöx sıxışdırılması və dünyadan təcrid edilməsi istiqamətində inkişaf edəcəyi, Amerikanın bu ölkəyə hərbi-geostrateji təzyiqlərinin intensivləşəcəyi və real təhlükə kəsb edəcəyi, Azərbaycanın öz neytrallığını  sona qədər qoruyub saxlayacağı və ərazisini antiiran qüvvələrinin ixtiyarına verməyəcəyi təqdirdə, rəsmi Tehran Azərbaycanla münasibətlərini yaxşılaşdırmağa cəhd edəcək, hətta iki ölkə arasında indiyə qədər həllini tapmayan bir çox məsələlər, o cümlədən Xəzərin statusu məsələsi müsbət həll ediləcəkdir. Lakin bu proqnozlar İranın "spesifik davranışı" üzündən və bəzi  digər səbəblərdən nəinki özünü doğrultmadı, əksinə bu ölkədə antiazərbaycan istiqamətli fəaliyyətə bir qədər də rəvac verdi. İranın ətrafındakı hərbi mühasirə daraldıqca, o bütün beynəlxalq hüquq normalarını, suveren dövlət hüquqlarını unudaraq Azərbaycana hansı xarici ölkələrlə hərbi əməkdaşlıq münasibətləri yaratmaq, müdafiə qüdrətini artırmaq məqsədilə kiminlə hərbi-texniki əməkdaşlıq qurmaq, ölkədən gediş-gəlişin hansı normalarını tərbiq etmək və s. kimi- müstəqil dövlərin suveren hüquqlarına aid  edilən məsələlərə  müdaxilə etməyə başladı.

Son illərdə nüvə texnologiyasına yiyələnən və bu faktordan istifadə edərək dünyada öz təsirini artırmağa çalışan İran siyasi sahədə olduğu kimi, hərbi-geostrateji müstəvidə də ABŞ və onun Qərb dünyasındakı müttəfiqləri ilə ciddi qarşıdurma yaşayır. "Nüvə texnologiyasına sahib olmaqla Yaxın və Orta Şərqin, Xəzər hövzəsi və Cənubi Qafqazın super dövlətinə çevrilmək" istəyi, "dünyada islam ölkələrinin lideri, əsas söz və nüfuz sahibi qismində çıxış etmək" və s. taktikası onun dünya təhlükəsizlik sisteminin nüfuzlu Qərb Alyansı ilə qarşıdurmasını  son həddə qədər kəskinləşdirib.  Tehranın ciddi müqavimətinə baxmayaraq, ABŞ və NATO artıq ölkənin sərhədlərinə yaxınlaşmışdır. İranla sərhədyanı ölkələrin əksəriyyətində - Türkiyə, Pakistan, Əfqanıstan, İraq, Qırğızıstan, həmçinin Fars körfəzində və sahilyanı ölkələrində ABŞ-ın hərbi qüvvələri yerləşdirilmiş və gücləndirilmişdir. Birləşmiş Ştatların  hərbi iştirakı olmayan İranla yeganə sərhəd dövlətləri Azərbaycan və Türkmənistandır. Bu amil məntiqə görə Azərbaycanın İran üçün tərəfdaşlıq əhəmiyyətini daha da artıraraq, onlar arasındakı münasibətləri yaxşılaşdırmalıdır. Lakin İran, əksinə ABŞ, Qərb və İsraillə qarşıdurma zəminində, onların əksər regional tərəfdaşlarını, o cümlədən Türkiyə və Azərbaycanı   hərbi müdaxilə ilə ciddi təhdid edərək, yaxınlaşan münaqişəyə öz tərəfindən qatmağa çalışır. Bunu da tədqiqatçılar, ilk növbədə İranın bölgədə   özünü daha "güclü ölkə" hesab edərək, qarşılıqlı faydalı və bərabərhüquqlu regional münasibətləri pozması, kicik qonşularına öz "liderliyini", iradəsini və maraqlarını  zorla qəbul etdirməsi,  qonşu ölkələrin daxili və xarici fəaliyyətlərinə müdaxilə etməsi və s. kimi beynəlxalq hüquqa zidd tələblər irəli sürməsi ilə bağlayırlar.  Məsələn, İran  Azərbaycanın müstəqil bir dövlət olaraq həyata keçirdiyi regional və beynəlxalq siyasətə, öz milli maraqlarına söykənən daxili və xarici fəaliyyətə, qonşularına bəslədiyi və müvafiq olaraq onlardan tələb etdiyi "bir-birinin suveren dövlət idarəçiliyinə, daxili işlərinə qarışmamaq" tələbinə, bərabərhüquqlu əməkdaşlıq istəyinə, Cənubi Qafqaz və Xəzər hövzəsinin indiki və gələcək regional təhlükəsizlik məsələsinə  yanaşmada nümayiş etdirdiyi fərqli baxışa, bəzi məsələlər üzrə mövcud olan prinsipial fikir ayrılığına görə rəsmi Bakının birmənalı tərəfdaşlıq çağırışlarını cavabsız qoyur..      

İranın Qərblə hərbi-geostrateji qarşıdurma fonunda qonşu ölkələri, xüsusən də Azərbaycan və Türkiyəni təhdid etməsi cəhdlərini mütəxəssislər, daha bir  neçə amillə izah edirlər. Onların fikrinə görə, İran əvvəla, öz ətrafında yaranmış çox çətin geosiyasi və hərbi-geostrateji mühasirədən çıxmaq istəyir və bu istiqamətdə "təhdid etmə yolu ilə" qonşularını antiqərb, antiamerika və antiisrail cəbhəsinə sürükləməyə, özünə qoşmağa və onları gələcək hərbi qarşıdurmada "tərəfdaş" etməyə çalışır. Bu ölkə son günlərdə Qərbin əksər beynəlxalq və regional tərəfdaşlarına belə hücumlar həyata keçirir. İkincisi, İran Qərbin Xəzər hövzəsi və Cənubi Qafqazdakı transmilli geoiqtisadi və enerji maraqlarını təhdid etmək, hədələmək məqsədilə onların bölgədəki əsas geoiqtisadi tərəfdaşı qismində Azərbaycanı hədələyir. Üçüncüsü, İran hədə-qorxu yolu ilə Türkiyə və Azərbaycanın bu qarşıdurmada  hər hansı formadasa dəstəyini qazanmaq, ən azından  onların əks düşərgə ilə mümkün ola biləcək əməkdaşlıqdan, antiiran fəaliyyətindən çəkindirmək məqsədi güdür. Rəsmi Tehran gözəl anlayır ki, Türkiyə və Azərbaycan da öz ərazilərindən ABŞ və onun müttəfiqlərinə İrana hücum məqsədilə istifadəyə icazə versələr, o zaman bu ölkənin onsuz da ağır oaln hərbi vəziyyəti bir qədər də pisləşə bilər.

ABŞ-ın Kanzas Universitetinin professoru, Vaşinqton Xarici Əlaqələr Şurasının siyasi şərhçisi  D. Hersprinqin fikrinə görə, İrana qarşı həyata keçirilməsi getdikcə reallığa çevrilən müharibənin ağır nəticələri bütün bölgəyə, ilk növbədə isə Azərbaycana, Türkiyəyə və Cənubi Qafqaza dəyə bilər. İran son günlər Azərbaycanı İsrailin kəşfiyyat strukturlarına guya öz ərazisndə İrana qarşı fəaliyyət üçün şərair yaratmaqda suçlayaraq, hətta onu  hədələməkdən belə çəkinmir. D. Hersprinq  hesab edir ki, "İran özünü kifayət qədər dalaşqan ölkə hesab edərək" düşünür ki, bir bəyanatla Bakını öz iradəsinə tabe etdirə biləcəkdir. (7)

Azərbaycanı, regionu və beynəlxalq aləmi təmsil edən bir çox müşahidəçilər və hərbi mütəxəssislər də hesab edir ki, İrana qarşı reallaşdırılması gözlənilən hərbi əməliyyatlar bölgə ölkələrinə ciddi xətər yetirə bilər. Azərbaycanın rəsmi dairələri  də dəfələrlə bəyan ediblər ki, onlar İranın dinc nüvə texnologiyasına sahib olması hüququnu tanıyır, beynəlxalq aləmin bu sahədə həyata keçirdiyi antiiran kompaniyasında iştirak etmir, bütün bölgədə, o çümlədən Azərbaycanda humanitar fəlakətə yol aça bilən İrana qarşı hər hansı silahlı müdaxiləni dəstəkləmir, öz ərazilərindən bu ölkəyə qarşı hər hansı əməliyyəta və s. heç zaman imkan verməyəcək, bu problemin danışıqlar yolu ilə, dinc vasitələrlə həll edilməsinə tərəfdardır.(8)

 İran-Azərbaycan  münasibətlərində real gerçəkilk ondan ibarətdir ki, rəsmi Bakı heç zaman İranın daxili və xarici siyasətinə qarışmamış, bu qonşu ölkə ilə münasibətləri daim səhmanda saxlamağa cəhd etmiş, amma eyni zamanda İranın da onun milli təhlükəsizliyi və maraqlarına aid olan məsələlərə, daxili və xarici siyasətinə, beynəlxalq aləmlə ikitərəfli və çoxtərəfli münasibətlərə müdaxilə etməsinə  yol verməmişdir. Azərbaycan bəzən Qərb, ABŞ və İsrailin bu istiqamətdəki bütün istək və arzularına, geostrateji təzyiqlərinə sinə gərərək, onların Azərbaycan və onun  ərazisi vasitəsilə İrana təzyiq göstərmək, yaxud təsir etmək istəklərini rədd etmişdir. Lakin, eyni zamanda İranın da antiqərb, antiisrail hərəkərlərinə qoşulmamış və dəstək verməmişdir.  Çünki Azərbaycan gözəl anlayır ki, regional balansı poza biləcək belə hərəkətlər   ya İranı açıq şəkildə Ermənistanla birləşməyə, Azərbaycana qarşı hərbi-geostrateji blok yaratmağa və birgə mübarizə aparmağa söv edə bilər, ya da ki, Qərbi və İsraili Azərbaycanın milli maraqlarına qarşı çevirə bilər.

İran-Azərbaycan münasibətlərin kəskinləşdirilməsi həm də bu ölkədə yaşayan milyonlarla azərbaycanlının vəziyyətinə və həyatına mənfi təsir göstərə bilər. Bundan başqa, İran Azərbaycanın ən böyük qonşularından biridir və bu ölkənin onun milli təhlükəsizliyinə vura biləcəyi ziyanı da gözdən qaçırmaq olmaz. Və nəhayət, İran  Naxçıvana Azərbaycanın  yeganə quru bağlantı yoludur ki, bunun da taleyi iki  ölkə arasındakı münasibətlərdən asılıdır.

 

QEYDLƏR:


1. Жоламанова Г. «Современные геополитические интересы «ключевых» игроков в Каспийском регионе».http://www.analitika.org

2.Bax:Ariel Cohen.Ethnic Conflicts Threaten US Interests in the Caucasus// Herritage Foundation Backgrounder, №1222, September 25, 1998, s.4

 3. Bax: Svante E. Cornell. Small Nations and Great Powers. A. Study of Ethnopolitical Conflikt in the Caucasus // Curzon Press, 2001, p.391

4.Bax: Джаннатхан Эйвазовю. Безопасность Кавказа и стабильность развития Азербайджанской Республики. Баку, 2004. с. 200.

5. Bax:Brenda Shaffer. The Formation of Azerbaijani Collective Identity in Iran, Nationalities Papers , Volume 28,№3, 2000, s.449.

6. Bax: Джаннатхан Эйвазовю. Безопасность Кавказа и стабильность развития Азербайджанской Республики.с. 199

7. Bax:Deyl  Herspringin APA informasiya agentliyinə müsahibəsi //APA bülleeni, 28 fevral 2012. WWW. APA. AZ.

8. Bax: Əli Həsənov. Azərbaycanın milli inkişaf və təhlükəsizlik siyasəti. Bakı, 2011.s. 273


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM