XIX-XX ƏSRİN ƏVVƏLLƏRİNDƏ GƏNCƏBASAR BÖLGƏSİNDƏ MAARİF VƏ ELM

08:30 / 29.07.2019

VÜSALƏ VEYSƏLOVA
Tarix üzrə fəlsəfə doktoru

Bəhs olunan dövrdə Gəncəbasar bölgəsi əhalisinin mənəvi mədəniyyətinin inkişafında maarif və elmin də həlledici rolu olmuşdur. 1804-cü ildə Gəncə qalasının işğalından başlayaraq XIX əsrin sonlarında Azərbaycan bölgələrində “üsuli-cədid” məktəblərinin yaranmasına qədər istər bütün Azərbaycanda, istərsə də Gəncəbasarda xalq maarifi məsələsi olduqca ağrılı məsələlərdən biri olmuş, onun inkişafına çar Rusiyasının müstəmləkəçilik siyasəti çox ağır və sarsıdıcı zərbə vurmuşdur. Bu dövrdə “Azərbaycanda təhsilə dair çar Rusiyasının həyata keçirdiyi siyasət Qafqazda, xüsusilə Güney Qafqazda apardığı siyasətin tərkib hissəsi olmaqla, daha sərt xarakter daşıyırdı. Bu siyasət elə qurulmuşdu ki, təhsilin əsas məqsədi yerlərdə, dövlət idarələrində işləyə biləcək qulluqçular – məmurlar hazırlanmasına xidmətdən irəli getməsin, imperiya daxilində yaşayan xalqların milli-mənəvi dəyərləri, adət və ənənəsi, mədəniyyəti inkişaf etməsin, “çar ata”ya sədaqətli təbəələr tərbiyə edilsin” [9, səh 41]. Buna görə də çar hökuməti ən qədim dövrlərdən üzü bəri bütün orta əsrlər dövrünün tərbiyə və təhsilini, pedoqoji fikir tarixini yaratmış dahilərin qoyub getdiyi irsdən [2,səh. 263-279; 8, səh. 56] bəhrələnən yerli xalqların daha da maariflənməsinə hər addımbaşı əngəllər törədir, məcburiyyət qarşısında qalıb yaratdıqları məktəblərin maddi-texniki bazasının təminatına vəsait ayırmır, milli maarifçi-pedoqoq kadrlarının yetişməsinə imkan vermir, tam olaraq Azərbaycanda, eləcə də Gəncəbasarda ruslaşdırma siyasəti həyata keçirirdi. Bölgədə azərbaycanlı balaların maariflənməsi yolunda əsas təhsil məktəbləri mollaxanalar idi. 1836-cı ildə N.Florovski yazırdı ki, yelizavetpolluların (gəncəlilərin- V.V.) təhsili, başqa bölgələrdə olduqu kimi, tamamən aşağı səviyyədə idi... Şəhərdə tatar (azərbaycanlı – V.V.) məktəbi baş məscidin nəzdində fəaliyyət göstərirdi. Burada dərsləri molla aparırdı. Bu məktəbdə 100-ə qədər uşaq oxuyurdu. Hər bir uşaqdan, hədiyyədən savayı, 1 abbasıdan 3 abbasıya qədər aylıq təhsil haqqı alınırdı [15, səh. 377-378].
Çar hökuməti XIX əsrin 30-cu illərində Rusiyadakı məhəllə məktəbləri tipində qəza məktəbləri yaratmışdı ki, belə məktəblərdən biri də 1833-cü ildə Yelizavetpolda açıldı. “Qəza məktəbləri 3 sinifdən ibarət idi: birinci sinif hazırlıq sinfi hesab olunurdu. İki yuxarı siniflərdə şəriət, rus dilinin qrammatikası, coğrafiya, tarix, hesab və həndəsədən başlanğıc kurs, yerli dillər, hüsnxət, rəsm və rəsmxət tədris olunurdu. Yerli dillər II-III siniflərdə tədris edilirdi. Azərbaycan dili ruslar üçün də məcburi fənn hesab edilirdi... Qəza məktəblərində ənənəvi məktəblərdən (mollaxanalar) fərqli olaraq, yeni üsullar tətbiq olunur, dünyəvi elmlər öyrədilir, əlifba təlimində səs üsulu əsas götürülürdü” [9, səh 41-42].
Çar hökumətinin xalqımıza qarşı bütün hiyləgər siyasətinə rəğmən Azərbaycanda açılan müsəlman məktəbləri maarifin və təhsilin inkişafında irəliyə atılan mütərəqqi addım oldu. 1848-ci ildə Tiflisdə ilk müsəlman məktəbi olan Əliyyə (şiə), 1849-cu ildə isə Öməriyyə (sünni) məktəbləri açıldı ki, bunların ardınca da Azərbaycanın bölgələrində, o cümlədən də Gəncədə bu tipli məktəblər fəaliyyətə başladı. Lakin çarizmin gözlədiyi nəticənin əksinə olaraq müsəlman məktəbləri kütləviləşə bilmədi.
XIX əsrin 50-ci illərindən başlayaraq vətənpərvər xalq ziyalıları xalqın nicat yolunu maariflənməkdə görərək onları nadanlıqdan, cəhalətdən, dini fanatizm xofundan, kütləvi savadsızlıqdan xilas etmək üçün əllərindən gələni etməyə çalışırdılar. Artıq xalqın önündə gedərək dünyəvi məktəbləri milli şüurun oyanışında, etnik-mədəni bağlantıların yaranmasında, maarifçilik ideyalarının aşılanmasında ideal məktəblər hesab edən bu ziyalılar əsil maarifçi-təşkilatçılar kimi fəaliyyətə başlamışdılar. Onlardan biri də Gəncədə fəaliyyət göstərən Mirzə Şəfi Vazeh olmuşdur. Mirzə Şəfi Vazeh 1794-cü ildə Gəncənin Əttarlar məhəlləsində doğulmuşdur. Atası Kərbəlayı Sadıq Gəncə xanı Cavad xanın sarayında bənna-memar kimi çalışmışdır. Atasının arzusu balaca Şəfini ruhani kimi görmək olmuşdur. Bu məqsədlə də onu Gəncə mədrəsəsinə qoymuşdur. Atası öləndən sonra balaca Şəfini himayəsinə alan Hacı Abdulla Gəncənin molla və axundları ilə münaqişələrə girdiyindən (çünki onların təlimini cəfəngiyat hesab edirdi), onlar Şəfini mədrəsədən uzaqlaşdırmışdılar. Az sonra Cavad xanın qızı Püstə xanımın yanında mirzəlik qulluğuna götürülür ki, bundan sonra ona Mirzə Şəfi deyirlər. O, mirzəlik etməklə bərabər, bədii yaradıcılıqla da məşğul olur, klassiklərin əsərləri ilə yaxından tanışlıq onu məşhurlaşdırır. Gəncədə “Divani-hikmət” adlı şairlər məclisi yaradır. Eyni zamanda Gəncə məscidinin hücrələrindən birində yaşayaraq burada ərəb və fars dillərindən dərs deməklə dolanır. Sonralar dövrünün böyük ziyalı-maarifpərvəri, komediyanəvisi olmuş Mirzə Fətəli Axundova nəstəliq yazısını öyrətmiş, bir çox elmlərlə onu tanış etmiş, onun gələcək taleyində müstəsna rol oynamışdır. Bundan sonra M.F.Axundov ruhani olmaqdan birdəfəlik əl götürmüşdür [11, səh 11-12].
1840-cı ildə Gəncədən Tiflisə gələn Mirzə Şəfi həmin ilin noyabrında M.F.Axundovun köməyi ilə Tiflisdə qəza məktəbinə (indiki Tiflisdə 73 nömrəli məktəb) Azərbaycan və fars dilləri müəllimi vəzifəsinə təyin olunur. 1846-cı ilin axırına kimi Tiflisdə yaşayır [12, səh. 4]. Mirzə Şəfi Vazeh 1846-cı ildə Gəncəyə qayıdır və burada dövlət tərəfindən yenicə açılan qəza (ərazi) məktəbinə müəllim təyin olunur. Müəllimliklə yanaşı həm də şeir yaradıcılığı ilə məşğul olur. 1850-ci ilin yanvarında yenidən Tiflisə qayıdır və burada zadəganlar gimnaziyasına Azərbaycan dili müəllimi təyin olunur.Ömrünün sonuna qədər də burada yaşayır. 1852-ci il noyabrın 28-də Tiflisdə vəfat edir və burada da dəfn olunur [12, səh. 5]. Mirzə Şəfi irsinin tədqiqatçıları birmənalı şəkildə təsdiq edirlər ki, onun Azərbaycan maarrifçiliyinə ən böyük töhfələrindən biri, məşhur şərqşünas Mirzə Kazım bəyin tələbəsi, Tiflis gimnaziyasının müəllimi İvan Qriqoryevlə birlikdə “Kitabi-türki”, “Müntəxəbat-türki” və “Müəllim Qriqoryevin və Mirzə Şəfi Sadıq oğlunun tərtib etdiyi Azərbaycan ləhcəsi müntəxəbatı” dərs vəsaitləri olmuşdur. M.Yusifov yazır ki, “bunlardan birincisi gimnaziyanın yuxarı, ikincisi isə aşağı sinifləri və qəza məktəbləri üçün tərtib edilmişdir. İkinci hissə isə lüğətlə birlikdə 1855-ci ildə, Mirzə Şəfinin ölümündən sonra İvan Qriqoryev tərəfindən Tiflisdə nəşr olundu və uzun müddət gimnaziyanın aşağı siniflərində və qəza (ərazi) məktəblərində Azərbaycan dilini öyrətmək üçün dərslik kimi istifadə edildi... Mirzə Şəfi bu müntəxəbat ilə Azərbaycan dilində ilk təlim vəsaiti yaratdı. XIX əsrin ikinci yarısında Mirzə Əbülhəsən Vəzirov Zui, Seyid Əzim Şirvani, Rəşid bəy Əfəndiyev və başqaları tərəfindən bu ənənə davam etdirilmişdir” [12, səh. 9-10].
Göründüyü kimi, ədəbi-poetik yaradıcılıqla yanaşı, maarifçilik fəaliyyəti ilə də ardıcıl məşğul olan Mirzə Şəfi Vazehin təkcə Gəncəbasar əhalisinin deyil, ümumən Azərbaycan türklərinin maarif ziyasına bürünməsində böyük xidmətləri olmuş, maarifçilik ideyalarının təbiğində müstəsna rol oynamışdır.
XIX əsrin 50-ci illərində qız-qadınların təhsilə cəlb olunması yolunda da mühüm addımlar atılmışdı. Bu işin başlıca təşəbbüskarı “Müqəddəs Nina” Qadın Xeyriyyə Cəmiyyəti idi. Məhs bu cəmiyyətin təşəbbüsü ilə yaradılan Bakıda Xırdaxanımın, Şamaxıda Güllübəyimin rəhbərlik etdikləri məktəblər tezliklə bütün Qafqazda məhşurlaşdılar. Gəncədə də bu tipli məktəbin açılmasına təşəbbüslər edildi. Nəticədə 1899-cu ildə Yelizavetpolda “Müqəddəs Nina” qız məktəbi fəaliyyətə başladı. Akademik H.Əhmədovun tərtib etdiyi siyahıda nədənsə, bu məktəbin 1885-ci ildə açıldığı göstərilir. XX əsrin əvvəllərində Gəncəbasarın tanınmış tarixçi-alimi Əsgər ağa Adıgözəlov-Goraninin Gəncənin Tuğçu məhəlləsində öz şəxsi vəsaiti ilə açdırdığı məktəbdə AXC Parlamentinin katibi Həsən bəy Ağayevin həyat yoldaşı Xədicə xanım Ağayeva müdir olmuşdur. Bu xanımın təşəbbüsü ilə hətta 1909-1919-cu illərdə Gəncədə Qadın Xeyriyyə Cəmiyyəti də yardılmışdır. Cəmiyyətin işində Gəncənin tanınmış ziyalı qadınları – Cəvahir xanım Rəfibəyli, Həcər xanım Şeyxzamanlı, Bilqeyis xanım Qazıyeva yaxından iştirak edir, qızların təhsilə cəlb edilməsində əllərindən gələni əsirgəmirdilər. XX əsrin əvvəllərində T.Ağayeva, Yaqut Ağayeva, Fərdmuş Paşayeva kimi vətənpərvər qadınlar Gəncədə xalq maarifinin inkişafında fədakarcasına çalışmışlar [ 5 ]
XIX əsrin 60-cı illərinin məktəb islahatı Gəncəbasar bölgəsinin Gəncə şəhərində 1884-cü ildə şəhər məktəbinin yaradılması ilə əlamətdar oldu. Bu təhsil ocağı qəza məktəbinin bazasında formalaşdırılmışdı. M.Mərdanov yazır ki, “tarixi missiyasını başa vuran qəza məktəbləri öz yerlərini şəhər məktəblərinə verdi. Şəhər məktəblərinin bir, iki, üç və ya dörd sinifli olması nəzərdə tutulurdu. Təhsil müddəti isə 6 il idi. Bu məktəblər quruluşuna görə Rusiyanın şəhər məktəblərinə bənzəyirdi. Sosial vəziyyətindən və milliyyətindən asılı olmayaraq, 7 yaşı tamam olmuş hər bir uşaq şəhər məktəbinə qəbul olunurdu. Şəhər məktəblərində dərs deyən müəllimlərin çoxu Tiflis Aleksandrovski Müəllimlər İnstitutunun (onun fəxri müdiri 1896-cı ildə azərbaycanlı mesenat Şəmsi Əsədullayev olmuşdu) məzunları idi. Bu məktəblərdə təhsil pullu olsa da, kasıbların uşaqları pedoqoji şuranın qərarı ilə təhsil haqqından azad edilirdilər” [9, səh. 48]. Bir qayda olaraq, bütün şəhər məktəblərinin nəzdində yaradılan qısamüddətli kurslarda müəllim kadrları hazırlanırdı ki, bu da Azərbaycanda milli dilli müəllimlər hazırlanması yolunda ilk təşəbbüs oldu. Azərbaycan kəndlərində gələcəkdə yaradılacaq məktəblərin müəllim kadrları ilə daha yaxşı təmin olunmasında isə 1876-cı ildə fəaliyyətə başlayan Zaqafqaziya (Qori) Müəllimlər Seminariyasının və onun 1879-cu il sentyabrın 3-də açılan Azərbaycan şöbəsinin rolu daha böyük olmuşdu. F.Seyidov yazırdı ki, azərbaycanlılar ibtidai məktəblərdə təhsillərini başa çatdırandan sonra Seminariyada təhsillərini davam etdirirdilər və həm də seminarist kimi öz məktəblərində pedoqoji təcrübə keçirdilər [10, səh. 163]. Tədqiqatlar göstərir ki, 40 il ərzində fəaliyyət göstərən Qori seminariyasını 240-dan artıq tələbə birirərək Azərbaycanın ayrı-ayrı bölgələrində, eləcə də Tiflis və İrəvan quberniyalarının Azərbaycan məktəblərində müəllimlik etmişdilər. Akademik H.Əhmədov elm, maarif və mədəniyyətin inkişafına verdiyi töhfəyə görə Qori seminariyasını Rusiyanın Moskva Dövlət Universiteti ilə bir səviyyədə olduğunu qeyd etmişdir [3, səh. 105]. Seminariya tələbələri arasında əslən Gəncədən olan Yaqub Qocayev də olmuşdur. O, 1902-ci ildə bu seminariyaya İsfəndiyar Vəkilov, Məmməd Qarayev və Səlim Əfəndiyevlə birgə daxil olmuşdur.
Onu da xatırladaq ki, Gəncəbasarda dövlət məktəbləri ilə yanaşı, XIX əsrin ikinci yarısında hələ qalmaqda olan ənənəvi məktəb və mədrəsələrin də sayı xeyli artmışdı. Məsələn, 1867-ci ilin məlumatına görə, Yelizavetpol quberniyasında 232 məscid məktəbi fəaliyyət göstərmişdir. 1890-cı il məlumatına görə isə bütün Gəncə quberniyasında 356 müsəlman-ruhani (məscid) məktəbləri olmuşdur ki, orada 3813 müsəlman uşağı oxumuşdur [9, səh. 104]. Bu dövrdə dəmiryolu qulluqçuları və fəhlələrinin uşaqları üçün açılan dəmiryolu məktəbləri Gəncəbasar əhalisinin maariflənməsi yolunda yeni bir təşəbbüs oldu. İlk belə məktəb 1888-ci ildə Gəncədə açıldı.
XIX əsrin ortalarında Azərbaycanda oğlanlar üçün 6 natamam orta və orta təhsil müəssisələrindən bir klassik gimnaziya Gəncədə fəaliyyət göstərmişdi [3, səh 234].
Gəncəbasarda ibtidai təhsilin daha təkmil forması olan orta təhsil müəssisələrinin açılmasına XIX əsrin 70-ci illərindən rəvac verildi. 1870-ci il iyunun 1-də Gəncə qəza məktəbi klassik progimnaziyaya çevrildi.
XIX əsrin 80-ci illərində Yelizavetpolda (Gəncədə) kişi və qadınlar üçün bazar günü məktəbləri, eləcə də axşam savad kursları təşkil edildi. Mahiyyətcə bu məktəblər ibtidai savad məktəbləri hesab olunurdu və yaşlanmış əhali arasında savadsızlığın ləğvi istiqamətində mütərəqqi hadisə idi. Bu məktəblərdə məşğələlər xristian əhali üçün bazar günləri, müsəlman əhali üçün isə cümə günləri keçirilirdi. Gəncədə bu tip məktəblər 1895-ci ildən fəaliyyətə başladı.
XIX əsrin sonlarında sənət-peşə təlimi üzrə məktəblər də açıldı ki, bunlar da bölgədə məktəb-maarif işinin təşkilində irəliyə doğru atılan mühüm addımlardan idi. 8 noyabr 1884-cü ildə Gəncədə metal emalı üzrə təlim verən sənət məktəbi, onun ardınca meyvə emalı və konservləşdirilməsi üzrə ustalar hazırlayan Yelizavetpol Mixaylov məktəbi Cənubi Qafqazda xeyli şöhrət qazandı. Həmin məktəbdə (metal emalı üzrə təlim verən sənət məktəbində) 27 çilingər, 4 dəmirçi və 23 nəfər də kənd təsərrüfatı işlərini öyrənməyə başladı [9, səh. 97].
Azərbaycanın bütün bölgə şəhərlərində olduğu kimi, Gəncədə də ilk dəfə olaraq 1898-ci ildə rus-Azərbaycan məktəbi fəaliyyətə başladı. 1901-ci ildə isə məktəbin nəzdində qız şöbəsi də yaradıldı və 1902-ci ildə qız gimnaziyasına çevrildi. Bunun ardınca isə 1904-cü ildə şəhərdə II Rus-Azərbaycan məktəbi də fəaliyyətə başladı.
Gəncəbasarın hüdudları daxilində yaranan Gəncə qəzasının kəndlərində də XIX əsrin 80-ci illərindən başlayaraq kənd məktəbləri açılmağa başlamışdı. Məsələn, Qaraçinar (1885), Slavyanka (1885), Zəyəm (1885), Çaykənd (1886), Gədəbəy (1892), Zurnabad (1892), Mingəçevir (1899) kənd məktəbləri belələrindən idi [9, səh. 103].
XX əsr elmi-texniki inqilab, inkişaf və tərəqqi əsri olduğu kimi, maarif və təhsilin çiçəklənməsində də yeni uğurlar əsri kimi tarixin yaddaşına köçmüşdür. “XX əsrin başlanğıcında imperiya miqyasında daha çox biliklər verən məktəblərə təlabat kəskin şəkildə artığı üçün çar hakimiyyət orqanları 1912-ci ildən şəhər məktəbləri əsasında ali ibtidai məktəblər təşkil etməyə başladı. Bu yeni məktəblərdə 3-4 illik ibtidai təhsildən sonra 4 il yüksək təhsil verilirdi. Tədris proqramında təbiətşünaslıq, coğrafiya, fizika, cəbr, həndəsə, ümumtarix fənnlərinin keçilməsi nəzərdə tutulurdu. Ali ibtidai məktəbin şagirdləri orta məktəblərin müvafik siniflərinə qəbul oluna bilərdilər. Bu məktəbləri bitirənlər texniki məktəblər və müəllimlər seminariyalarına daxil olmaq hüququna malik idilər. 1915-ci ildə Bakı, Gəncə, Şuşa, Şamaxı, Quba, Lənkəran, Naxçıvan və Şəki şəhərlərində 12 ali ibtidai məktəb fəaliyyət göstərirdi. Bu məktəblərdə 1669 şagird təhsil alırdı ki, onların da 39 faizi azərbaycanlı uşaqlar idi” [2, səh. 282].
Azərbaycan Xalq Cümhuriyyəti dövründə (1918-1920-ci illər) Azərbaycanda, o cümlədən Gəncəbasarda maarifin inkişafı üçün təqdirələyiq işlər görülməyə başladı. Fətəli xan Xoyskinin sədrliyi ilə formalaşan I Nazirlər Kabinetində Nəsib bəy Yusifbəyli başda olmaqla Maliyyə və Xalq Maarifi Nazirliyi yaradıldı [1, səh. 246]. Onun ilk tədbirlərindən biri 1918-ci il 27 iyun tarixli qərarla Azərbaycan-türk dilini dövlət dili elan etməsi və 28 avqust tarixli qərarla bütün ibtidai tədris müəssisələrində tədrisin Azərbaycan dilində aparılması oldu. Təhsil-maarif sahəsində aparılan islahatlar nəticəsində artıq 1919-cu ilin əvvəllərində ölkədə 637 ibtidai məktəb və 23 orta ixtisas təhsili məktəbi fəaliyyətə başladı ki, ibtidai məktəblərdə 48078, orta məktəblərdə isə 9611 şagird oxumağa başladı [12, с. 14].
AXC hökuməti xalq maarifi səhəsində həyata keçirdiyi ən böyük tədbirlərdən biri də Qori Müəllimlər Seminariyasının Azərbaycan bölməsinin Qazaxa köçürülməsi oldu. Qazaxda Müəllimlər Seminariyasının açılmasının təkcə Qazax qəzası üçün deyil, bütün Azərbaycan üçün böyük əhəmiyyəti oldu. Bu Azərbaycanda pedoqoji kadrların hazırlanmasının ilk müjdəçisi idi [12, с. 142]. Bu zaman Gəncədə də Müəllimlər Seminariyası yaradıldı və ona Nəsən bəy Bağırov rəhbər təyin olundu. Müəllim kadrları çatışmazlığını aradan qaldırmaq üçün Türkiyədən Gəncə kişi müəllimləri seminariyasına Müxlis əfəndi, Gəncə kişi gimnaziyasına isə Nazim əfəndi və Abdulla Rəzzaq Haxarizadə dəvət edildilər. Gəncə qadın gimnaziyasında isə Əminə xanım Nuru qızı çalışırdı [12, с. 150-151]. AXC hökuməti qadınların təhsilə cəlb olunmasını da xüsusi olaraq diqqətdə saxlayırdı. Məsələn, əgər 1918-1919-cu tədris ilində Gəncə gimnaziyasında cəmi 4 qız oxuyurdusa, 1919-1920-ci tədris ilində onların sayı 296 nəfərə çatdırılmışdı [13, səh. 127].
AXC-nin mövcudluğu dövründə xalq maarifi sahəsində qazanılmış ən böyük nailiyyətlər ümumi olaraq məktəb sisteminin milliləşdirilməsi, 1919-cu ildə Bakı Dövlət Universitetinin açılması, Azərbaycan dilinin məcburi tədrisi, Azərbaycanda 7 kişi və 1 qadın seminariyasının açılması, ali təhsil almaq üçün Avropanın universitetlərinə dövlət hesabına 100-ə yaxın gənc azərbaycanlıların göndərilməsi və s.-dən ibarərət olmuşdur. Bakı Dövlət Universitetinin ardınca Sovetlər dövründə Gəncədə 1929-cu ildə Kənd Təsərüfaı İnstitutu (indiki: Azərbaycan Dövlət Aqrar Universiteti), 1938-ci ildə Gəncə Dövlət Pedoqoji İnstitutu (indiki: Gəncə Dövlət Universiteti), 1981-ci ildə Azərbaycan Texnologiya İnstitutu və s. də yaradılmışdır.
Bütün bunlardan başqa Gəncənin təhsil-maarif-tədris həyatında mühüm rol oynayan musiqi, sənət-peşə məktəbləri və müxtəlif sənaye və kənd təsərrüfatı sahələri üçün kadrlar hazırlayan texnikum-kolleclər, təmayül məktəbləri, özəl sektorun məktəbləri hazırda əhalinin təhsil, maariflənmə, elmi biliklərə yiyələnmə yolunda aparıcı müəssisələr kimi fəaliyyətlərini davam etdirirlər.
XIX-XX əsrin əvvəllərində Gəncəbasarda ilk təhsillərini alaraq elmin müxtəlif sahələrinə yiyələnmiş və məşhurlaşmış çoxlu ziyalılar ordusu da yetişmişdir. Məsələn, AXC-nin liderlərindən olan İsmayıl xan Ziyadxanov (1867-1920) Moskva Universitetinin hüquq fakültəsini, Adil xan Ziyadxanov (1872-1954) Tiflis Klassik Gimnaziyasını və Moskva Universitetinin hüquq fakültəsini, Xudadat bəy Rəfibəyli (1878-1920) Xarkov Universitetinin tbb fakültəsini, Həsən bəy Ağayev (1875-1920) Moskva Universitetinin tibb fakültəsini, Abdulla Tofiq Sur Məhəmmədzadə (... – 1912), İstambul Universitetini, Musa bəy Rəfiyev Xarkov Universitetinin tibb fakültəsini bitirmişlər. Nəsib bəy Yusifbəyli isə (1871- 1920) Odessa şəhərindəki İmperator Novorossiyski Universitetinin hüquq fakültəsində oxumuş, universitet bağlandığından, onu qurtara bilməmişdir.
Gəncənin ədəbi-poetik həyatında məşhurlaşan, M.Ş.Vazehin yaratdığı “Divani-hikmət” şairlər məclisinin üzvü olan Ağa İsmayıl Zəbih (1781-1868) Gəncənin sənət irsini bütün gerçəkliyi ilə ortaya qoymuşdur. Onun “Gəncə əsnafı” adlı 29 bəndlik şəhrəngizində (şəhrəngiz – klassik şer janrıdır, müxəmməs-müstəzad şəklində yazılır və mövzusu şəhərlərin, eləcə də sənət-peşə sahiblərinin təsvirinə həsr olunur) XIX əsrin əvvəllərində Gəncənin sosial panoramı öz əksini tapır, 85-dən çox sənət və peşə sahibinin adları çəkilir, onların hər birinin türfə əlamətləri, işinin xüsusiyyətləri, müştəri ilə münasibətlərində işləkləri ortalığa qoyulur. Ağa İsmayıl Zəbihin şəhrəngizində tacir, baqqal, bəzzaz, əttar, xəbbaz (çörəkçi), qəssab, dabbaq, aşbaz, culah (toxucu), əllaf, şərbaf, çərtab, həllac, sərrac, ərradəçi (arabaçı), kümçi, belçi, nəccar, xəyyat, külahduz, çarıqçı, qalayçı, kababçı, pitipəz, həccam, dəllək, nalbənd, ahəngər (dəmirçi), paçapəz, halvaçı, sabunçu, bazigər, xanəndə, rəqqas, qəzəlxan, çəngi, faytonçu, bənna, kərpicçi, gəcpəz, möhrəkeş, kankan, təbib, navasaz, çöpçü, kəhhal (göz həkimi), dəllal, rəmmal, buzçu, qələndər, zərgər, hambal, mirab, bağban, dəyirmançı, dulusçu, ipəkçi, qoltuqçu, zurnaçı, kəffaş, bıçaqçı, şamçı, kəndirbaz, palanduz, xərkeş, memar və s. əsnaf elçilərini görürük [4, səh. 332-333;7, səh. 72-74].
Gəncənin XIX əsr sosial-mədəni həyatında mühüm rol oynamış ziyalılardan 1815-ci ildə şəhərin Tuğçu məhəlləsində doğulmuş Şeyx İbrahim Şeyxzamanlı dövrünün məşhur mollası axund Hüseyndən dərs alaraq ərəb və fars dillərinə mükəmməl yiyələnmiş, uzun müddət burada müəllimliklə məşğul olmuş, gənc nəslin təlim-tərbiyəsində can yanğısı ilə çalışmışdır. Hətta belə bir fikir də deyirlər ki, onun dahi şair Şeyx Nizamiyə qohumluğu da çatırmış. Gözəl şeirlər yazan Şeyx İbrahim “Şeyx” və “Naseh” təxəllüsləri ilə ədəbi mühitdə tanınmışdır. Tədqiqatlara görə,“Şeyx İbrahim Tiflisdə Ruhani idarəsində imtahan verən zaman Qafqazın canişini M.S.Voronsov onun dərin və hərtərəfli biliyinə heyran olub, ona qızıl saatını bağışlayır. Vətənə qayıdan Şeyx İbrahim Gəncə gimnaziyasında şəriət və türk dili müəllimi vəzifəsində çalışır. Dindar olan bu şəxs Quranı əzbər bilən hafiz bir şəxs imiş. Onun fars və türk dillərində şeirləri var. Bəzi şeirlərində saxtakar dindarları həcv edirdi. Şeyx İbrahim general Lazarevin xahişi ilə Gəncənin tarixini yazmışdı. 1850-ci illərdə bu əsərin bir hissəsi “Qafqaz” qəzetində çap olunmuşdur. Çox təəssüf ki, əsər tam halda günümüzə çatmayıb. Tiflisdə onunla tanış olan A.A.Bakıxanov onun əxlaqlı, pak dindarlığını və gözəl şeirlər yazdığını görüb, ona öz təxəllüsü – “Qüdsi”ni verir. Pak və nurlu bir şəxs olan Şeyx İbrahim 1865-ci ildə qəflətən vəfat edir. Qəbri Gəncədə - İmamzadə qəbiristanlığındadır” [6, səh. 30-31].
XIX əsrdə Gəncədə fəaliyyət göstərən “Divani-hikmət” ədəbi məslisinin üzvü olan, 1805-ci ildə Gəncənin İmamlı məhəlləsində doğulan Mirzə Mehdi Naci dövrünün tanınmış şairi, təbibi və gözəl memarlıq inciləri yaradan xəttatı olmuşdur. İndiki Goranboy rayonunun Rəhimli kənd qəbiristanlığında uyuyan Mirzə Adıgözəl bəy Goraninin qəbir daşını Mirzə Mehdi Naci öz gözəl bacarığı ilə yaratmış, oraya fars dilində iki rübai də həkk etmişdir. Onun həkkaklığının mükəmməlliyini bu gün də Gəncənin Səbiskar və İmamzadə qəbiristanlıqlarında qalan qabartma üsulu ilə işlənmiş qəbir daşları əyani olaraq təsdiqləyir. 1840-cı ildə M.Ş.Vazeh Tiflisə köçəndən sonra M.M.Naci hətta “Divani-hikmət”ə rəhbərlik də etmişdir. 1882-ci ildə vəfat etmiş M.M.Nacinin sərdabəsi İmamzadədədir. Əslən isfahanlı, lakin ömrünün çoxunu Gəncədə keçirən Molla Abbas Şölə bir çox Şərq ölkələrini səyahət etmiş, klassik üslubda gözəl şeirlər yazmış, “Divani-hikmət”in üzvü olmuşdur.
XIX-XX əsrin əvvəllərində Gəncənin və Gəncəbasarın sosial-mədəni və ədəbi-siyasi həyatında yaxından iştirak etmiş, əhalinin maarifə, təhsilə, elmi biliklərə yiyələnməsində böyük fədakarlıqlar göstərmiş işıqlı maarfpərvər-ziyalılar yüzlərlədir. Hamısının haqqında araşdırmalar aparmaq, fəaliyyətlərini tədqiqata cəlb etmək dissertasiya mövzusuna qoyulan səhifə məhdudiyyətinə görə imkanlarımız xaricində olduğundan, yuxarıda deyilənlərdən çıxış edərək söyləyə bilərik ki, bütün iqtisadi-siyasi-sosial-maddi çətinliklərə, mövcud rejimin qadağalarına baxmayaraq, Gəncəbasarda maarif işi yetərincə olmasa da, əhalini qane edəcək dərəcədə olmuş, bölgənin işıqlı zəka sahibləri öz əməlləri ilə savadsızlıq bataqlıqlarını qurutmağa, xalqı maariflənməyə səsləmiş, elmləri, dünyagörüşləri ilə bu yollarda yorulmadan, usanmadan çalışmışlar. Məhz bu ziyalıların sayəsində bu günki Gəncəbasarda əhalinin elmi-mədəni səviyyəsi yetərincə yüksəkdir.

 

ƏDƏBİYYAT
1.Balayev A.Azərbaycan Demokratik Respublikası. // Azərbaycan tarixi. Bakı, Elm, 1993.
2.Bünyadov T. Elm və təhsil. // Azərbaycan etnoqrafiyası Üç cilddə, III c. Bakı, Şərq-Qərb, 2007.
3.Əhmədov H. XIX əsr Azərbaycan məktəbi. Bakı, Maarif, 2000.
4.Fəzail Vəli İmranoğlu. Azərbaycanın milli-mənəvi və maddi dəyərləri. Bakı, Mütərcim, 2018.
5.Gəncəli S. Azərbaycanı zülmətdən işığa aparan maarifçi qadınlar. // Modern.az saytı. 14.04.2018
6. Həsənov E.L. XIX-XX əsrlərdə Gəncədə sənətkarlıq (tarixi-etnoqrafik tədqiqat). // Tarix üzrə fəlsəfə dok... dissertasiyası. Gəncə, 2018.
7. Hüseynov R. Ağa İsmayıl Zəbihin Gəncə şəhrəngizi. // Azərb SSR. EA Məruzələri. XXXVIII c., № 2, 1982.
8. Hüseynzadə R.L. Qədim və erkən orta əsrlərdə Azərbaycanda tərbiyə, təhsil və pedoqoji fikir. Bakı, Nurlan, 2007.
9. Mərdanov M. Azərbaycan təhsil tarixi. Bakı, Təhsil, 2011
10 Seyidov F. Qori seminariyası və onun məzunları. Bakı, 1988.
11. Vazeh Mirzə Şəfi. Nəğmələr. Bakı, Şərq-Qərb, 2004.
12 Yusifov M. Mirzə Şəfi Vazeh 220. Bakı, “Elm və təhsil”, 2014.
13 Назарли А. Народное образование в Азербайджанской Республике (1918-1920 гг.). Баку, Нурлан, 2008.
14. Назарли А. Деятельность правительства АДР в области среднего образования // Институт Истории АН Азерб. Республики. Труды научной конференции, посвященной Дню восстановления Азербайджанской государственности. Баку, 1991.
15. Флоровский Н. Елисаветпольский округ // ОРВЗК. т. II. Спб, 1836

 

Ключевые слова: Гянджабасар, просвещение, наука, школа, образование, гимназия
Key words: Ganjabasar, enlightenment , science, school, education, gymnasium

 

Резюме
В статье изучается о решающем роле образовании и науки в развитии духовной культуры жителей Гянджабазарского района. С момента оккупации Гянджинской крепости в 1804 году до конца девятнадцатого века в регионах Азербайджана проблема народного образования была одной из самых болезненных проблем во всем Азербайджане и в Гянджабасаре, а развитие колониальной политики России имело очень тяжелый и сокрушительный удар. В то время «политика, проводимая царской Россией в сфере образования в Азербайджане, была более жесткой, будучи частью политики, проводимой на Кавказе, особенно на Южном Кавказе.

Summary
The article investigates the decisive role of education and science in the development of spiritual culture of the inhabitants of Ganjabazar district. Since the occupation of the Ganja fortress in 1804 until the end of the nineteenth century in the regions of Azerbaijan, the problem of public education was one of the most painful problems in all of Azerbaijan and in Ganjabasar, and the development of the colonial policy of Russia had a very heavy and crushing blow. At that time, “the policy pursued by Tsarist Russia in the field of education in Azerbaijan was more rigid, being part of the policy pursued in the Caucasus, especially in the South Caucasus.

 

"GEOSTRATEGİYA" jurnalı №03 (51) MAY-İYUN 2019



Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM