Füzuli ərazisində ilk məktəblərin yaranması

08:30 / 01.08.2019

Bayram Niftəliyev
Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası

Min illərin süzgəcindən keçərək yaddaşlarda yaşamaqda olan bir məlum həqiqət var ki, bu da insanları səadətə, xoşbəxtliyə aparan bütün yolların məktəbdən başlanmasıdır. Hər bir xalqın varlığı onun məktəbinin necəliyi, müəlliminin kimliyi ilə müəyyən edilir. O xalq xoşbəxtdir ki, onun yaxşı məktəbləri, müdrik müəllimləri var. Ümumiyyətlə, məktəb hər bir xalqın dirçəlişi, inkişafı və tərəqqisi, millətlər arasında tanınması, layiqli yer tutması üçün əvəzsiz ocaqdır. Hansı millətin tarixinə nəzər salsaq, öncə onun təhsil sisteminin, elminin, intellektual səviyyəsinin necə olması diqqəti cəlb edir. Ümummilli lider Heydər Əliyevin “Hər bir sahədən kəsib təhsilə calayın” kəlamında nə qədər böyük bir həqiqət və uzaqgörənlik vardır. Elə bu yazımızda da Füzuli rayonunun ilk dünyəvi orta məktəbindən söhbət açacağıq.
Əvvəlcə Füzuli rayonunun tarixinə qısa bir nəzər salaq. İndiki Füzuli rayonunun ərazisində tarixi Dizaq mahalı olmuşdur. Dizaq adı VII əsrə aid hadisələrdə çəkilir. Mirzə Yusif Qarabağlıya görə mahalın uzunluğu Əkərə çayı və Gültəpədən başlayaraq Maltəpəyə kimi, eni isə Arazdan Xurat dağına qədər olan ərazini əhatə edirdi. Başqa sözlə, indiki Füzuli və Cəbrayıl rayonlarının ərazilərini özündə birləşdirirdi. (1, s.15). Dizaq adı XVIII əsrdə İrəvan xanlığının Qırxbulaq mahalında Dizək kənd adı ilə mənaca eynidir. Orta fars dilində dizək “qüvvətləndirilmiş yer” sözündəndir. Bu söz Nizami Gəncəvinin “Xosrov və Şirin” poemasında Dizaknak kimi işlədilir. Tarixçi Mirzə Yusif Qarabaği Xəmsə mahallarından danışarkən Dizağı birinci qeyd edir və yazır: “Birinci Dizaq mahalıdır ki, uzunu Həkəri çayı və Kültəpədən başlayaraq, Maltəpəyə kimi, eni isə Araz çayından Xurat (Ziyarət) dağına kimidir” (2, s.15).
Füzuli rayonu inzibati ərazi vahidi kimi 1827-ci ildə yaradılmış və ilkin adı Qarabulaq olmuşdur. 1867-ci ildə isə indiki Füzuli və Cəbrayıl rayonlarının tərkibində Cəbrayıl qəzası yaradılmışdır. Cəbrayıl qəzası 1905-ci ildən I Rus-İrаn sаvаşının iştirакçısı pоlкоvniк Pavel Karyaginin şərəfinə Kаryаgin qəzаsı аdlаndırılmışdır. Azərbaycan Xalq Cümhuriyyəti qurulduqdan az sonra, hökumətin 1918-ci il 30 iyul tarixli qərarı ilə Cəbrayıl qəzası bərpa edilmişdir. Azərbaycan Xalq Cümhuriyyətinin XI qızıl ordu tərəfindən işğal edilməsindən sonra təkrar Qаryаgin qəzаsı adlandırılmışdır.
01 mart 1929-cu ildə Azərbaycan Xalq Komisarları Soveti qarğabazarlı inqilabçı Bünyad Sərdarovun şərəfinə Qaryagin şəhərinə Sərdar adı vermişdir. Lakin SSRİ Xalq Komisarları Sovetinin təzyiqi ilə Azərbaycan SSR XKS 1931-ci ildə öz qərarını ləğv edərək Sərdar adı əvəzinə Qaryagin adını bərpa etdi. Rayon kimi isə 8 avqust 1930-cu ildə təşkil olunmuş qısa müddət Sərdar sonra Qaryagin adlandırılmışdır. 1959-cu ilin aprel ayının 4-də böyük Azərbaycan şairi Məhəmməd Füzulinin anadan olmasının 400 illiyi şərəfinə Füzuli rayonu adlandırılmışdır (3.s. 173). Sahəsi 1390 km2, əhalisi 135000 nəfərdir (01.01.2018). Mərkəzi Füzuli şəhəridir. Füzuli şəhəri və rayonun 56 yaşayış məntəqəsi 23 avqust 1993-cü il tarixindən erməni işğalı altındadır. 1994-cü il yanvarın 5-dən 6-a keçən gecə Ulu öndər Heydər Əliyevin rəhbərliyi altına Azərbaycan ordusunun həyata keçirdiyi uğurlu əməliyyat nəticəsində rayonun 21 kəndi və Horadiz qəsəbəsi işğaldan azad edilmişdir.
Horadiz və işğaldan azad olunmuş digər yaşayış məntəqələri Ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə bərpa olunmağa başlamış, sosial obyektlər, dağıdılmış və yandırılmış infrastruktur bərpa olunmuş, füzulililər tədricən doğma yurdlarına qayıtdılar. Prezident cənab İlham Əliyevin diqqət və qayğısı nəticəsində rayonun işğaldan azad olunmuş ərazisində məcburi köçkünlər üçün 17 qəsəbə salınmış, 2007-ci ildə Horadizə şəhər statusu verilmiş, əhalinin mənzil məişət qayğıları həll edilmişdir. Hazırda rayonun işğaldan azad olunmuş ərazisində 65 minə yaxın əhali yaşayır, 70 minə yaxın füzulili isə məcburi köçkün kimi respublikanın 56 şəhər və rayonunda məskunlaşmışdır.
İşğaldan əvvəl rayonda paleolit dövrünə aid Azıx mağarası, Quruçay mədəniyyəti, Qaraköpəktəpə, Kültəpə, Qarabağ Kurqanları, Əcəmi memarlıq məktəbinin təsiri ilə inşa olunan Əhmədalılar və ya Arğalı türbəsi (XIII əsrin sonu), Şeyx Babı türbəsi (1273-cü il), Aşağı Veysəlli kəndində hamar daşdan tikilən qülləvari Mirəli türbəsi (XV əsr), Qarğabazar kəndində Hacıqiyasəddin məscidi (1682-ci il), Karvansara (1684-cü il), Qoçəhmədli kəndində məscid (XVIII əsr), Füzuli şəhərində Hacı Ələkbər məscidi (XIX əsr), «Məşədi Həbib» hamamı (XIX əsr), Merdinli kəndi yaxınlığında daşdan yonulan at, qoç fiquru qədim abidələri (XVIII-XIX əsrlər) və s. bu kimi tarixi əhəmiyyət daşıyan abidələr mövcud olmuş, mədəniyyət evləri, kitabxana, ictimai iaşə obyektləri, 86 ümumtəhsil məktəbi, 2 texniki peşə məktəbi, 54 uşaq bağçası fəaliyyət göstərmişdir.


Çar Rusiyası dövründə dünyəvi məktəblərin yaradılması
Məlum olduğu kimi, XIX əsrə qədər Azərbaycanda təhsil sistemi əsrlərdən bəri davam edən ənənəvi məktəb və mədrəsə təhsili ilə bağlı olmuşdur. XIX əsrin 30-cu illərində Azərbaycanın bir sıra şəhərlərində, ilk növbədə Şuşada, Nuxada, Bakıda və Gəncədə, sonralar isə Şamaxı və Naxçıvanda qəza məktəbləri adlanan dünyəvi təhsil müəssisələri təşkil edilmişdir.
XIX əsrin 50-ci illərində Azərbaycan ərazisində ibtidai məktəb adı ilə yeni məktəblər açıldı (Quba, Ordubad və Lənkəranda), 1860-cı ildə Zaqatalada ibtidai məktəbin əsası qoyuldu.
Göstərilən məktəblərin təşkili və azərbaycanlı uşaqların cəlb edilməsi böyük mütərəqqi hadisə idi. Azərbaycanın görkəmli yazıçı və mütəfəkkiri, maarifçi-pedaqoq M.F.Axundov, H.Zərdabi və o dövrün bir sıra ziyalıları ilk təhsillərini məhz bu məktəblərdə almışlar.
Azərbaycanın qabaqcıl ziyalılarının böyük bir dəstəsi orta əsr qalıqlarını, cəhaləti və nadanlığı qamçılayaraq, mütərəqqi ideyaları yayır, təkcə şəhərlərdə deyil, kəndlərdə də dünyəvi təhsil verən məktəblər açılmasını tələb edirdilər.
M.F.Axundov yazırdı: “Əgər desək ki, kənd camaatı qalsın, ancaq şəhər əhli elm öyrənsin, o zaman bir gül ilə bahar olmaz, çünki şəhər camaatı kənd camaatının yanında dəniz müqabilində bir qətrə kimidir. Elmin faydası o zaman məlum olur ki, bizim çobanlarımız da Rusiya xalqı kimi oxumaq və yazmaq bilsinlər. Qadınlarımız da oxumağı bacarsınlar” (4, s. 407-408).
Bir və ya iki sinifli, təhsil müddəti üç və beş il olan ilk kənd məktəbləri ilə yanaşı ənənəvi dini məktəblərdən fərqli olaraq bir sıra kənd yerlərində savad məktəbi adlı təhsil ocaqları da meydana gəlməyə başladı. Adından göründüyü kimi, bu məktəblərdə ancaq ilkin savad öyrədirdilər. Savad məktəbləri elementar bilik verməsinə, ilk vaxtlar təhsilin məzmunundakı səthiliyə baxmayaraq, milli məktəblərin rüşeymi kimi əhəmiyyətli idi. Azərbaycan ərazisində ilk savad məktəbləri ən çox Yelizavetpol (Gəncə) quberniyasına daxil olan kəndlərdə açılmışdı. Cəbrayıl qəzasında belə məktəblər Cəbrayılda, Horadiz və Böyük Bəhmənli kəndlərində açılmışdı.
Horadiz savad məktəbinin əsası 1881-ci ildə, Böyük Bəhmənli kəndində isə 1891-ci ildə qoyulmuşdu. Savad məktəblərində təlim hərf-heca üsulu ilə aparılırdı. Təhsil pullu idi (ildə bir manat). (5)

17 oktyabr 1883-cü il
1883-cü ildə təkcə Gəncə quberniyasında 9 kənd məktəbi açılmışdır. Bunlar Ağdam, Ləmbəran, Qarğabazar, Alpout, Bərdə, Kasapet, Xaçmaz, Vandam və Padar məktəbləri idi.
Qarğabazar kənd məktəbi kəndin varlı sakinlərindən olan Allahverdi Ağayevin 5 otaqdan ibarət xüsusi binasında yerləşmişdi. Bu binada dərs otağından əlavə müəllimin yaşayış yeri, həmçinin ətraf kəndlərdən gələn şagirdlər üçün sığınacaq və kitabxana kimi istifadə edilmişdir. Qarğabazar məktəbi də öz fəaliyyətinə Allahverdi Ağayevin binasında başlamışdır.
Cəbrayıl qəza həkimi Q.V.Urazovun “Yelizavetpol quberniyası Cəbrayıl qəzasının tibb topoqrafik oçerki” adlı məqaləsində oxuyuruq: “Qarğabazar birsinifli məktəbində 30 şagird oxuyur. Onların hamısı müsəlmandır. Məktəb ikimərtəbəli evdə yerləşir. Sinif otağının uzunluğu 13 arşın, eni 4,75 arşın, hündürlüyü 3,25 arşın, ümumi sahəsi 200,70 arşındır” (6, s. 27).
Qarğabazar məktəbində şagirdlərin sayına, sinfi və silki tərkibinə gəlincə, qeyd etməliyik ki, ilk dəfə 12 şagird ilə dərsə başlayan məktəbdə şagirdlərin sayı demək olar ki, ildən-ilə artmışdır. “Кавказски календар”da (Qafqaz Təhsil Dairəsinin aylıq “Sərəncamları”nda) çap olunmuş digər rəsmi sənədlərdə və arxiv mənbələrində bu məktəbə aid çoxlu və maraqlı məlumatlar olmuşdur. Həmin sənədlərdən öyrənirik ki, Qarğabazar kənd məktəbi şagirdlərinin sayı əsrin sonuna doğru 4 dəfə artaraq, 48 nəfərə çatmışdır. Məsələn, məktəbdə 1887-ci ildə 28, 1889-cu ildə 30, 1890 və 1894-cü illərdə 37, 1894-1895-ci dərs ilində 46, 1897-1898-ci dərs ilində 38, 1898-1899-cu dərs ilində isə 48 nəfər şagird olmuşdur (7, s. 376).
Şagirdlərin sayının artımı həm də qonşu Qaradağlı, Qarakollu, Saracıq, Qoçəhmədli və s. kəndlərdən gələn şagirdlərin hesabına olmuşdur. XIX əsrin sonunda Qarğabazar məktəbi şagirdlərin sayına görə Qarabağın Ağcabədi, Gülbalı, Ləmbəran, Bərdə, Xankəndi, Qarabulaq və s. kimi kənd məktəblərindən irəlidə idi. Milli tərkibinə görə şagirdlərin hamısını azərbaycanlılar təşkil edirdi. Sinif və silki tərkibinə görə şagirdlərin yenə də böyük əksəriyyəti kəndli uşaqları idi (36 şagirdən 24 nəfəri yoxsul, 12 nəfəri isə varlı uşaqları olmuşdur).
Ümumiyyətlə, çar Rusiyası milli ucqarlarda təhsili inkişaf etdirməklə idarəetmə sistemini möhkəmləndirməyə çalışırdı. Məhz ona görə də XIX əsrin ortalarından başlayaraq milli ucqarlarda ibtidai təhsil verən, rus dilində yazıb-oxumağı bacaran kiçik məmurlar hazırlamaq məqsədilə bir sıra məktəblər açılmasına şərait yaradılmışdı. Qarğabazar birsinifli məktəbi də belə bir şəraitdə fəaliyyətə başlayaraq Cəbrayıl qəzasında əhalinin maarifləndirilməsində müstəsna rol oynamışdır.
Bir sinifdən, hər şöbədə təhsil müddəti bir il olmaqla üç şöbədən ibarət olan Qarğabazar məktəbinin birinci şöbəsində 18, ikinci şöbəsində 8, üçüncü şöbəsində isə 11 nəfər var idi.
Tədris planı şəriət, ana dili, rus dili, hesab və hüsn-xətdən ibarət idi. Hesab və hüsn-xətt rus dilində tədris edilirdi. Məktəbin müəllim heyəti cəmi 2 nəfərdən ibarət olmuşdur. Bir nəfər elm-fənn müəllimi olub, dünyəvi fənləri, digəri isə şəriəti tədris edirdi. Elm-fənn müəllimi vəzifəsinə əsasən müəllimlər seminariyasını bitirənlər, şəriət (bəzən həm də ana dili) müəllimi vəzifəsinə ruhani təhsili görmüş yerli ziyalılardan təyin edilirdi.
Məktəbin ilk müəllimi Əlişbəy Tahirov, digər müəllimi və müdiri H.Kostandov olmuşdur.
Azərbaycanın şəhər və kəndlərində dünyəvi təhsil verən qız məktəblərinin meydana gəlmə tarixi XIX əsrin ortalarına təsadüf edir. Bu vaxta qədər qızların təhsili ayrı-ayrı qadın məktəbdarların evində və ya ailələrdə həyata keçirilirdi, təhsilin məzmunu əsasən dini xarakter daşıyırdı.
Dövrünün məşhur pedaqoqu və maarifçisi H.Zərdabi yazırdı: “Kişilər üçün nə qədər məktəb açsaq da, arzu etdiyimiz məqsədə çata bilməyəcəyik. Qadınlar elmdən və təhsildən kənarda qalırlar, halbuki gənc nəslin tərbiyəsində qadın böyük rol oynayır” (8).
XIX əsrin sonlarına doğru qadın təhsilinin əhəmiyyətini dərk edən mütərəqqi müəllimlər dövrün tələbi üzündən imkanları daxilində mövcud oğlan məktəblərinə qızların da cəlb edilməsinə cəhd göstərmişlər. Belə məktəblərdən biri də Qarğabazar kənd məktəbi olmuşdur.
Arxiv sənədlərində qeyd edilir ki, 1893-1894-cü dərs ilində Cəbrayıl qəzasının kənd məktəbində oğlanlarla bərabər 5 nəfər qız da təhsilə cəlb edilmişdir. Qarğabazar məktəbində oğlanlarla bərabər 17 nəfər qız təhsil alırdı. Onların hamısı müsəlman idi.
Qızların təhsil müvəffəqiyyəti və təhsil almaq istəyənlərin sayının get-gedə artması onunla nəticələndi ki, Qaryagin qəzasında 1911-ci ildə Qarğabazarda ilk dəfə olaraq müstəqil qız məktəbinin əsası qoyulmuşdur. Qız məktəbinin ilk müdiri Azərbaycanın görkəmli pedaqoqu Rəşid bəy Əfəndiyevin (1883-1967) qızı Maral xanım olmuşdur. (9).
1918-ci ildə Azərbaycanda Demokratik Cümhuriyyət qurulduğu zaman əhalinin maarifləndirilməsi və savadsızlığın ləğvi istiqamətində aparılan tədbirlərdə Qaryagin qəzasının tərkibində olan füzulili ziyalılar da fəallıq göstərmiş, dövlət siyasətinin yerlərdə həyata keçirilməsində mühüm rol oynamışlar. Məhz belə insanların fəaliyyətinin nəticəsi idi ki, bir sıra kəndlərimizdə məktəblər açılmış, əhalinin maarifləndirilməsi üçün ilk addımlar atılmışdı. Bu zaman nəinki yerləşdiyi kəndin, eləcə də ətraf kəndlərdəki insanların dünyəvi təhsil almasında tarixi rolu olmuş belə məktəblərdən biri də Qarğabazar məktəbi olmuşdur.
Qarğabazar məktəbi yarandığı vaxtdan etibarən rayonumuzda təhsilin inkişafına töhfələr vermiş, əhali arasında savadsızlığın ləğv edilməsində ciddi rol oynamışdır.
Qarğabazar məktəbinin məzunlarından olan görkəmli elm xadimləri içərisində professor Əlibəy Əlibəyov, Əsgər Eyvazov, akademik İbrahim İbrahimov, professor Bahadur Eyvazov, xalq artisti İslam Rzayev, professor Qalib Qarayev və başqalarının da adlarını qeyd etmək olar.

Qarğabazarsız 26 il
Qarabağ dağ silsiləsinin ətəyində yerləşən Qarğabazar kəndi 26 ildir erməni işğali altındadir. İşağla qədər 110 yaşlı məktəbi, uşaq bağçası, kənd klubu, zəngin kitabxanası, tibb məntəqəsi və rabitə şöbəsi, avtomat telefon stansiyası, neçə-neçə xidmət obyektləri, XVII əsrin yadigarı olan Hacı Qiyasəddin məscidi (el arasında Şah Abbas məscidi), karvansarayı olan Qarğabazar kəndi bu gün sakinlərinin xatirələrində və arzularında yaşayır.
Dağlıq Qarabağ münaqişəsi zamanı (1988-1993-cü illərdə) Qarğabazar məktəbinin onlarca yetirməsi doğma torpaqlarının müdafiəsi uğrunda düşmənə qarşı qəhrəmanlıqla döyüşmüş, sinələrini düşmənə sipər edərək şəhid olmuşlar.
Bu gün ata-baba yurdları düşmən tapdağı altında olan digər füzulililər kimi, rayonun təhsil işçiləri də fəaliyyətlərini “Qələmini işlətməyən millətin qılıncı kəsərsiz olar, qələmsiz qılınc mənasız qurbanlar aparar” müdrik kəlamı əsasında quraraq ölkəmizin sabahı üçün daha savadlı gənclər hazırlamağa çalışırlar.
Bu gün bütün füzulililər kimi Qarğabazar kəndinin sakinləri də inanırlar ki, Prezident cənab İlham Əliyevin ölkəmizin inkişafı və tərəqqisi istiqamətində yorulmadan apardığı siyasət, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı tutduğu qətiyyətli mövqe, yürütdüyü müdrik və uzaqgörən siyasət uğurla nəticələnəcək, ata-baba yurdlarımız tezliklə düşmən tapdağından azad ediləcəkdir. Qarğabazar məktəbinin ziyalıları isə doğma kəndlərində müstəqil Azərbaycanın gələcək qurucularının təlim-tərbiyəsini uğurla davam etdirəcəklər.


Ədəbiyyat


1. Qarabağnamələr .Mirzə Yusif Qarabaği Tarixi-Şərif. Bakı, 2006
2. Mirmehdi Xəzani “Kitabi-tarixi Qarabağ”, Bakı, 2006
3.Nazim Tapdıqoğlu (Vəlişov). Füzuli rayonu, Toponimləri, tarixi abidələri, şəhidləri, görkəmli şəxsiyyətləri, ziyalıları. Bakı-2009, s. 173
4. Nazim Tapdıqoğlu (Vəlişov). Füzuli rayonu və onun toponimiyası. Bakı,2008
5. M.F.Axundov. Əsərləri, 3-cü cild. Bakı, 1962
6. Медицинский сборник. Тбилиси, Tibilisi, 1889
7. Qafqaz Təhsil Dairəsinin aylıq Sərəncamları.Tbilisi, 1896 № 6
8. Əkinçi qəzeti, №11, 1876-cı il
9.Wikipedia.org

Açar sözləri: Füzuli, Qarabulaq, Qarğabazar, Qaryagin, ilk məktəblər, qız məktəbi, savad məktəbi

Резюме
Байрам Нифталиев
Mагистрант Института Повышения Специальности Руководящих Кадров Государственного Управления Академии Государственного Управления при Президенте Азербайджанской Республики
Создание первых школ в Физулинском районе
Физулинский район охватывает пологие равнины и низменные территории от юго-восточного подножия Карабахского горного массива до реки Араз. Территория Физулинского района является одним из самых древних человеческих поселений. Физулинский район известен Гуручайской культурой, Азыхской пещерой. Здесь имеются также такие историко-культурные памятники как Гаракопектепе, Кюльтепе, Карабахские курганы. Одним из самых древних человеческих поселений района является также село Гаргабазар. Село Гаргабазар наряду с мечетью Гаджи Гияседдин (в народе называется «Мечеть Шах Аббас»), относящейся к XVIII веку, Караван-сарай, известен также созданием первых школ в нынешних Джебраильском и Физулинском районах, в том числе в Карабахе. Хотя имеются сведения о том, что в Гаргабазаре была создана и задействована первая светская школа, в том числе открыта школа для девочек, факторы, обусловливающие создание этих школ комплексно не изучены. С этой точки зрения создание первых школ в Физулинском районе актуализирует анализ первой светской школы и школы для девочек в Гаргабазаре. Результаты, полученные из статьи, позволяют анализировать создание и работу первых школ в Физулинском районе, в целом Карабахе.

 

Summary
Bayram Niftaliyev
Master of Institute of Advanced Specialist Management of State Administration Academy under the President of the Republic of Azerbaijan Formation of the first schools in Fizuli
Fuzuli district covers the sloping plains and lowlands from the southern slopes of the Karabakh mountain range to the Araz River. The territory of Fuzuli was one of the oldest human settlements. There are the Guruchay culture, the Azikh cave, Garakopaktepe, Kultepe, Garabagh and other historical monuments. One of the oldest settlements in the district is Kargabazar village. Gargabazar village is famous for its appearance in this village in the early Jabrail and Fuzuli districts, including its first schools in Karabakh, along with the Haji Qiyasaddin Mosque of the XVII century (Shah Abbas Mosque in the hands), along with the caravansary. Despite the fact that the first secular school in Kargabazar, including the establishment of the school and its commencement, factors that led to the establishment of these schools have not been studied. From this point of view, the establishment of the first schools in Fuzuli is relevant for the analysis of the first secular school and the girls’ school in Kargabazar. The results obtained in the article allow analyzing the origin and activity of the first schools in Fizuli, in general.

 

 

"GEOSTRATEGİYA" jurnalı №03 (51) MAY-İYUN 2019



Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM